
Super User
NEOTÜRK KONFRANSI Türkologiyanın yeni istiqamətlərini müəyyənləşdirdi
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Əl-Farabi adına Qazax Milli Universitetində gənc türkologlar və təhsil alan gənclər üçün «Neotürk: əsrlər və texnologiyaların qovşağında» adlı beynəlxalq elmi konfrans keçirildi.
Qazax Milli Universiteti ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən birgə təşkil olunan tədbir, türk xalqlarının dili, tarixi və mədəniyyətinin tədqiqi sahəsinə gənc alimləri cəlb etməyə yönəlib.
“Ədəbiyyat və incəsənət” portalına Əl-Farabi adına Qazax Milli Universitetinin Mətbuat Xidmətindən verilən məlumata görə, möhtəşəm tədbirdə Əl-Farabi adına Qazax Milli Universitetinin İdarə Heyətinin sədri – Rektor Janseyit Tuymebayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, dövlət və ictimai xadimi Aqtotı Rayımqulova, A.Baytursınlı adına Dilçilik İnstitutunun direktoru Anar Fazılcan, Türkiyə Respublikasının Almatı şəhərindəki Baş Konsulluğunun təhsil üzrə müşaviri Ayhan Korkmaz, xaricdən gəlmiş alim-ekspertlər, elmi-tədqiqat institutlarının rəhbərləri, gənc tədqiqatçılar və tələbələr iştirak etdilər.
Konfrans çərçivəsində Qazax Milli Universitetinin Filologiya fakültəsində akademik, görkəmli alim, Qazaxıstanın Əməkdar xadimi Əbdüəli Qaydarın adını daşıyan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Mərkəzi təntənəli şəkildə açıldı.
Həmin mərkəzdə tələbələr yalnız tədqiqat işləri aparmaqla kifayətlənməyəcək, eyni zamanda beynəlxalq layihələr üzərində işləmək imkanı əldə edəcəklər. Bununla yanaşı, akademik mobillik proqramı çərçivəsində türkolog alimlər mərkəzə gələrək öz təcrübələrini bölüşəcəklər. Bundan əlavə, Qazax Milli Universitetinin tələbələri xarici universitetlərdə təcrübə keçə biləcəklər.
Tədbiri Qazax Milli Universitetinin rəhbəri Janseyit Tuymebayev açaraq, türk xalqları arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində universitetdə görülən işlər barədə məlumat verdi.
“Dövlət başçısı Kasım-Jomart Tokayev Milli Qurultayın dördüncü iclasında çıxışı zamanı belə dedi: ‘Biz elmin inkişafı, o cümlədən tətbiqi tədqiqatların aparılması üçün çox iş görürük. Tariximizin hər bir mərhələsi bizə parçalanmanı deyil – birliyi, dağıtmağı deyil – yaradıcı olmağı öyrədir. Tarixi-mədəni irsimizi XXI əsrə uyğun şəkildə yeniləməli və onu sistemli şəkildə təbliğ etməliyik’, – deyə vurğuladı.”
Rektor qeyd etdi ki, universitet türk dünyasında mənəviyyat, təhsil və elm sahələrinin inkişafında fəal iştirak edir. Hər il türkologların beynəlxalq konqresi keçirilir. Hal-hazırda universitetdə Türkologiya və Dil Nəzəriyyəsi kafedrası uğurla fəaliyyət göstərir. Qazax Milli Universiteti nəzdində Türkologiya və Altayşünaslıq Elmi-Tədqiqat İnstitutu yaradılıb. Elm və mədəniyyətin paralel inkişaf etdiyi müasir dövrdə bizə yeni fikirlər və təzə baxışlar lazımdır. Bu baxımdan, gənc türkolog alimlərin üzərinə böyük məsuliyyət düşür. Türk dünyasının zəngin irsini bu günün prizmasından araşdırmaq – təkcə keçmişimizi tanımaq deyil, eyni zamanda gələcəyə yol göstərməkdir,” – deyə rektor vurğuladı.
Öz növbəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Rayımkulova türk xalqlarının birliyini möhkəmləndirmək məqsədilə mədəni və mənəvi istiqamətdə görülən işləri canlandırmağın vacibliyini vurğuladı.
“Gənc nəslə keyfiyyətli təhsil, şüurlu tərbiyə və layiqli imkanlar yaratmaq – hamımızın ortaq vəzifəsidir. Böyüyən nəslin arzuları gələcəyin istiqamətini müəyyən edir. Bu gün keçirilən beynəlxalq gənc türkologlar konfransı məhz bu vacib mövzu ətrafında dərin fikir mübadiləsi və əhatəli müzakirələrə yol açacaq. XXI əsr – qarşılıqlı əməkdaşlıq və mənəvi yaxınlaşma əsridir. Avrasiya məkanı müxtəlif mədəniyyətlərin qovuşduğu, dərin tarix və zəngin təcrübə ilə formalaşmış bir bölgədir. Türk xalqları isə bu məkanda əsrlər boyu taleyini, dilini və mədəniyyətini paylaşmış xalqlardır. Bu gün türk dünyasının birliyi və əməkdaşlığı hər zamankından daha əhəmiyyətlidir. Bu birlik yalnız ortaq tarix və dil üzərində deyil, həm də ortaq gələcəyə olan inam üzərində qurulmalıdır,” – deyə Aktotı Raimkulova qeyd etdi.
Bundan əlavə, beynəlxalq tədbirdə Əhməd Baytursınlı adına Dilçilik İnstitutunun direktoru Anar Fazılcan, Türkiyə Respublikasının Almatı şəhərindəki Baş Konsulluğunun təhsil üzrə müşaviri Ayhan Korkmaz, filologiya elmləri doktoru, professor, Türkologiya və Dil Nəzəriyyəsi kafedrasının müdiri Rauşangül Avakova, Qazaxıstan Müsəlmanları Dini İdarəsinin İslam Elmi-Tədqiqat İnstitutunun direktoru Törəli Qıdır və digər alimlər çıxış etdilər.
Elmi konfrans çərçivəsində tanınmış türkoloq alimlərin motivasiyaedici mühazirələri keçirildi. Konfrans iştirakçıları “Türk yazılı abidələri: mətnşünaslıq və tərcümə məsələləri bölməsi”, “Asqar Qurmaş oğlu Egəubaev – orta əsr abidələrinin tədqiqatçısı”, “Türk xalqlarının tarixi-mədəni irsi əsrlər qovşağında”, “Mahmud Kaşğari və türk dünyası”, “Türkiyə və qlobal proseslər: dil, tarix və mədəniyyət” mövzularında keçirilən panel sessiyalarında iştirak etdilər.
Tədbir çərçivəsində həmçinin “Türk irsi: yeni tədqiqatlar” adlı poster təqdimatları sərgisi nümayiş olundu və tədqiqat metodologiyası üzrə ustad dərsləri onlayn formatda təşkil edildi.
Konfransın yekunlarına əsasən, iştirakçıların bütün elmi işləri elektron toplu şəklində nəşr ediləcək və elektron kitabxanaya yerləşdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(08.04.2025)
Tanınmış şair, ədəbiyyat funksioneri, Füzulişünas alim
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Yaradıcı şəxslərin hər biri diqqətdə qalmalıdır, vəfatlarından sonra da ildə 2 dəfə - doğum və anım günlərində xatırlanmalıdır.
Necə ki, biz indi Namiq Babayevi xatırlayacağıq. Onun bu gün doğum günüdür.
Namiq Həsən oğlu Babayev 1945-ci il aprelin 8-də Azərbaycanın Şuşa şəhərində müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1963-cü ildə həmin şəhərdə bitirmişdir. Əmək fəaliyyətinə 1963-1964-cü ildə Bakıdakı 2 nömrəli ayaqqabı fabrikində, 2 nömrəli evtikmə kombinatında fəhlə kimi başlamışdır. Sonra 85 nömrəli Bakı Baş Tikinti idarəsində fəhlə, Azərbaycan SSR EA Zoologiya institutunda laborant, Şuşa rayon xalq məhkəməsində dəftərxana katibi, Şuşa şəhər 4 nömrəli orta məktəbdə kargüzar-hesabdar, Azərbaycan dili və ədəbiyyatı müəllimi, eyni zamanda tədris işləri üzrə direktor müavini və Şuşa rayon xalq maarif şöbəsində məktəblər üzrə inspektor vəzifələrində çalışmışdır. 1973-cü ildə isə Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin qiyabi şöbəsini bitirmişdir. 1987-ci ildə Şuşada 2 nömrəli orta internat məktəbin tədris işləri üzrə direktor müavini olmuşdur.
Namiq Babayev Şuşa “Qönçələr” ədəbi birliyinin təşkilatçılarından biri idi.
Kitabı:
Füzuli şəminin işığında (1996)
Məqalələri:
Hüseyn Cavidin "Şeyx Sənan" pyesində vəzn növləri - Romantik məhəbbət meyarı - Füzulişünaslığa tövfə - Füzuli poetikasına yeni baxış - Füzulinin bir beyti haqqında - Füzuli məsləkli şairimiz - Füzulinin bir arzusu var idi - Füzuli şeirinin musiqisi
O, klassik Azərbaycan ədəbiyyatının tədqiqatçısı kimi tanınmışdır. Bu əsərlə yanaşı bir çox nəşrlərdə çap edilən məqalələri ilə elmi-ədəbi ictimaiyyətin diqqətini cəlb edən Namiq Babayev Füzuli irsinin tədqiq edən alimlərdən biri olmuşdur. Ötən əsrin 70-ci illərin sonu 80-ci illərin əvvəllərində “Azərbaycan” jurnalında işıq üzü görmüş “Füzulinin bir beyti haqqında”, Məhəmməd Hadinin 100 illik yubileyi münasibəti ilə qələmə aldığı “Füzuli məsləkli şairimiz”, “Füzulinin bir arzusu var idi” məqalələri, Füzuli yaradıcılığı ilə yanaşı əruz vəzninin də tədqiqi sahəsində əhəmiyyətli elmi əsərlərdən sayılır.
1985-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyası klassik poetik ənənələrinin araşdırılması və izlənməsi sahəsində elmi araşdırmadır. Burada əsas diqqət Füzuli yaradıcılığının qırmızı xətlə keçən dünya kədərinin açıqlanmasına və bütün romantiklərin yaradıcılığına göstərdiyi təsirin üzə çıxarılmasına yönəlmişdir.
Alim Füzulidəki dünya kədərinin spesifikasını araşdıraraq, xüsusilə onun nəsr əsərlərində əks olunan estetik görüşlərinə əsaslanmaqla mühüm elmi nəticələr əldə etmişdir. Namiq Babayevin bu əsəri “Füzuli şəminin işığında” adı ilə 1996-cı ildə nəşr edilmişdir.
O, 1991-ci il sentyabrın 7-də Şuşada vəfat etmişdir.
Allah rəhmət eləsin! Amin!
“Ədəbiyyat və incəsənət”
(08.04.2025)
Sumqayıt bulvarından acınacaqlı vəziyyət – VANDALİZM
Varis, “Ədəbiyyat və incəsənət”
Sumqayıt bulvarı tək ölkəmizdə deyil, dünyalarca məşhurdur. 2016-cı ildə 106 hektar ərazidə, 4,2 kilometr uzunluğunda salınmış bu unikal məkan hər bir sumqayıtlının qürur yeridir.
Bilməyənlər bilsin ki, bulvarımız 3-cü minillikdə Madriddə və Parisdə iki dəfə dünya brendlərini qiymətləndirmə təsisatı olan “Trade leaders club” tərəfindən “Ən yaxşı istirahət məkanı” nominasiyasında mükafata layiq görülüb.
Burada – cansız bataqlıqda əsl cənnət yaradılıbdır.
Amma bu gördüyünüz foto da bu aprel günlərində Sumqayıt bulvarından çəkilib. Bu qədər vəhşiliklə kimlərsə bulvarın hasarlarında nalayiq yazılar yazır, ətrafı zibilləyirlər, zibilləmək o yana, avadanlığa ziyan vurur, dağıdır, yandırır, bəzi materialları hətta söküb aparırlar da.
Adamın ürəyi ağrıyır. Ermənilər işğal etdikləri ərazilərimizi boşaldanda bu hala salmışdılar. İndi bizim ermənixislətli vətəndaşlarımız görün necə bir alçaqlığa əl atırlar.
Ey nakəs, sən insan cildində heyvansanmı, nəsənmi? Əslində, bəzən heyvan da yaşadığı ərazinin qeydinə qalır, onun təmizliyinə diqqət edir. Səni necə adlandıracağımı belə bilmirəm.
Bəlkə də, kimlərinsə gözləri qabağında baş verib bütün bunlar. Amma o kəslər “nəyimə lazımdır” deyib də yan keçiblər.
Sumqayıt hamımızındır, bizim ümumi evimizdir. Gəlin hamılıqla onu vandallardan qoruyaq. Sözdə deyil, əməldə bunu edək!
“Ədəbiyyat və incəsənət”
(08.04.2025)
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 4-cü konfransında çıxış edib
7 aprel, 2025-ci il tarixində, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Özbəkistanın paytaxtı Daşkənddə keçirilən IV konfransına qatılıb.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, “Bandunq Ruhunun 70 illiyinin qeyd olunması: Bandunq prinsiplərinin dəstəklənməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş tədbirə Azərbaycan Respublikasının Milli Məclisinin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova sədrlik edib.
Konfrans çərçivəsində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fondun mədəni müxtəliflik və sülh dəyərlərinin təşviqinə yönəlmiş fəaliyyəti barədə konfrans iştirakçılarına məlumat verib.
Bu istiqamətdə UNESCO, ICESCO, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TÜRKPA və digər beynəlxalq tərəfdaşlarla həyata keçirilən əməkdaşlıq layihələrini diqqətə çatdırıb.
O, həmçinin Fondun Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığa xüsusi önəm verdiyini və bu istiqamətdə, 6 aprel 2025-ci il tarixində tərəflər arasında Anlaşma Memorandumunun imzalandığını və bunun tərəfdaşlığın yeni mərhələsinə keçidin göstəricisi olduğunu vurğulayıb.
Tədbirin təşkilində əməyi olan şəxslərə təşəkkürünü bildirən Fondun prezidenti belə beynəlxalq platformaların ortaq dəyərlərin təşviqi və bölgədə Türk xalqları başda olmaqla qlobal mədəni əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini bildirib.
Konfrans zamanı Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti və regional mədəni əməkdaşlığa verdiyi töhfə yüksək qiymətləndirilib.
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)
Türk Mədəniyyəti və İrsi Fondu ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında Memorandum imzalanıb
6 Aprel, 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondu ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında Memorandum imzalanıb.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Azərbaycan Respublikası Milli Məclis spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova imzalayıblar.
Azərbaycan Respublikası Milli Məclisin sədri Sahibə Qafarova sənədin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, Memorandum Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.
Fondun prezidenti Aktotı Raimkulova bu Memorandumun, Türk dünyasında mədəni əlaqələrin gücləndirilməsi və ortaq irsin qorunması baxımından töhfələr verəcəyinə əminliyini ifadə edib. O, Türk Mədəniyyəti və İrsi Fondu ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında qurulan bu əməkdaşlığın, türk mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına və təşviqinə yeni imkanlar yaradacağını qeyd edib.
Görüş Fond ilə Şəbəkə arasındakı əməkdaşlığın gələcək planları üzərində müzakirələrlə davam edib.
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)
Naxçıvanda Tünzalə Ağayeva rüzgarı əsdi
Xalq artisti Tünzalə Ağayeva Naxçıvanda solo konsert verdi
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Pop star Tünzalə Ağayeva Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və “Autizmli Uşaqlara Dəstək İctimai Birliyi”nin sədri doktor Ayaz Seyidlinin dəvəti ilə Naxçıvan şəhərinə təşrif buyurub. Estrada ulduzunu ilk olaraq Hava limanında jurnalistlər qarşılayıblar.
Xalq artistinin sözlərinə görə konsertin məhz autizmli uşaqlara həsr olunması onu çox sevindirib və həyəcanlandırıb: “Bütün təşkilatçılara böyük təşəkkürüm var. Çünki autizmli uşaqlara dəstək olmaq çox böyük təşəbbüsdür. Bu bizim bütün dünyamızı narahat edən bir problemdir. Sağ olsun Aytən Eynalova, məhz onun sayəsində autizmli uşaqlarımızı tanıdım, onlarla ünsiyyət qurdum. Onu da deyim ki, mən ömrümü autizmə həsr elədim və bundan sonra da onların səfiri kimi hər zaman yanlarında olub dəstək olacağam. Allah onları daim qorusun”.
Sevilən müğənni Naxçıvanda yerləşən Heydər Əliyev Sarayında tamaşaçılarının qarşısısına çıxıb. Konsert proqramını idarə etmək məşhur teleaparıcı Aytəkin Mərdanovaya həvalə olunub. Tünzalə Ağayevanı səhnədə “Tünzalə music band” ansamblı, “Tünzalə dance group” adlı rəqs qrupu və məşhur gitara ifaçısı Rəhman Məmmədli müşayiət edib. Ağayeva konsert boyunca ən unudulmayan, sevilən və dillər əzbərinə çevrilən hitlərini canlı ifa edib. Hər kəs də Tünzalə Ağayeva ilə birlikdə bütün ifaları əzbərə söyləyib. Gecədə sevənlərinə bir sıra sürprizlər təqdim edən müğənni illərdir öz aktuallığını qoruyub saxlayan “Yandım, elə yandım” və “Barı Naxçıvan” əsərlərini səsləndirib.
Konsert boyunca iki geyim dəyişən sənətçi obrazları ilə göz oxşayıb. Xalq artisti çıxışının ilk hissəsində yaşıl kostyum, ikinci hissədə isə qara əlbisə geyinib. Pop starın geyimlərinin müəllifi dizayner Orxan Sultan, styling isə müğənninin şəxsi stilisti Şamxal Ramazanlıya məxsusdur. Səhnə makiyajını stilist Sabir Bağırov, saçlarını isə məşhur stilist Fərid Bağırov edib.
İzdiham və gür alqışlarla qarşılanan Xalq artistinin möhtəşəm konsertində 1000-ə yaxın tamaşaçı bir araya gəlib. Yüksək enerji ilə çıxış edən pop ulduzun konsert proqramı anşlaqla keçib. Konsertdən sonra böyük fanat kütləsi ilə qarşılaşan müğənni sevənləri ilə xatirə fotoları çəkdirib.
O, təəssüratını bölüşüb: “Mənim üçün çox xoşdur ki, bu gün Naxçıvandayam. Buraya hər gəlişim məni xoşbəxt edir. Naxçıvanın insanları, suyu, havası mənə doğmadır. Hər bir naxçıvanlıya dərin təşəkkür edirəm. Özümü şanslı sayıram ki, bir çox layihələrdə, xüsusilə də autizm mövzulu layihələrdə iştirak edirəm. Əgər bir mahnım bir uşağın gülümsəməsinə səbəb olursa, bu mənim üçün ən böyük uğurdur. Bu konsert də bunun sübutudur. İnsanlara sevgi, diqqət və qayğını xatırlatmaq, autizmli uşaqların həyatına kiçik də olsa, işıq saçmaq üçün bir fürsətdir. Əgər musiqim, səsim və simam uşaqların həyatında bir ümidə çevriləcəksə, bu mənim sənət yolumun ən dəyərli anıdır. İnanıram ki, bu konsert hər kəsin diqqətini belə həssas məsələyə yönəltdi. Gəlin birlik olaq. Kiçik bir dəstək böyük dəyişikliklərə səbəb ola bilər. İncəsənət, sevgi və mərhəmət varsa, həyat gözəldir. Autizmli uşaqların cəmiyyətimizdə layiq olduqları yeri tutmaları üçün hamımız bir addım atmalıyıq”.
Qeyd edək ki, konsert 2 aprel “Dünya Autizm Məlumatlandırma günü”nə həsr olunub.
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)
Azərbaycanın XVIII əsr mülki memarlığının ən maraqlı nümunələrindən biri: Mehmandarovların evi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Mehmandarovların evi Şuşa şəhərində yerləşən saray tipli tarixi yaşayış kompleksidir. Vaxtilə Mehmandarovlar ailəsinə məxsus olmuş yaşayış kompleksinə Böyük yaşayış binası, Kiçik yaşayış binası və ailə məscidi daxildir.
Kompleks daş divarlarla əhatələnmişdir. Mehmandarovların böyük yaşayış binası sovet dövründə Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərmişdir. İşğaldan sonra böyük bina tamamilə dağıdılıb. Mehmandarovların kiçik yaşayış binası isə işğalçılar tərəfindən Şuşa Tarix Muzeyi kimi istifadə edilib. Kompleks ərazisindəki məscid həm də məhəllə məscidi funksiyasını yerinə yetirmişdir.
Şuşa işğal edildikdən sonra məscid də işğalçılar tərəfindən Geologiya Muzeyi kimi istifadə edilib. 2020-ci ildə Şuşa işğalçılardan azad edildikdən sonra isə Mehmandarovların malikanə kompleksində təmir-bərpa işləri aparılır.
Memarlıq xüsusiyyətləri
Ev, planda kvadrat formaya malikdir. İkinci mərtəbənin dörd otağından üçü evin yan tərəfindəki verandaya, qonaq zalı funksiyasını yerinə yetirən erkerli böyük otaq isə lakonik əsas fasada açılır.
Simmetrikliyin olmamasına baxmayaraq, evin əsas fasadı hissələrin harmonikliyi təəssüratını yaradır, yüngül erker və və girişin yaxşı işlənmiş portalı isə fasadı tamamlayır. Binanın yan fasadında yerləşən pilləkən və taxta veranda onun ümumi görünüşünü ağırlaşdırmır. Binanın memarlığında geniş pəncərələri vasitəsiylə yaxşı işıqlandırılmış və zəngin bəzədilmiş qonaq zalı xüsusi yer tutur.
Böyük yaşayış binası və ailə məscidinin interyerləri Usta Qəmbər tərəfindən çəkilmiş və Şəki xan sarayının divar rəsmlərini xatırladan rəsmlərlə bəzədilmişdir. Kompleksə daxil olan Kiçik yaşayış binasında SSRİ dövründə Şuşa Tarix Muzeyi yerləşirdi.
Mehmandarobların evinin kiçik otağının panellərində Usta Qəmbər özünəməxsus və başqa heç yerdə təkrarlamadığı bir motiv işləmişdir. Şpaler rəsm (təkrarlanan naxış) prinsipinin əsas götürüldüyü bu rəsmdə panelərin sütunlarla ənənəvi sektorlara bölünməsi müşahidə edilmir. Burdakı zəngin kompozisiyada bitki budaqları üzərində oturmuş müxtəlif quşlar təsvir edilmişdir.
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)
İnsan əhvalını, yaxud hisslərini rənglə ifadə edə bilərmi? - ESSE
Xədicə Əliyeva, “Ədəbiyyat və İncəsənət”
İnsan əhvalını rəngləyə bilərmi? Məsələn, mən əhvalımı, yaxud hisslərimi rənglə ifadə edə bilərəm?
Psixologiya nə deyir?
Psixologiyada rənglərlə bağlı bir çox araşdırmalar və yüzlərlə irəli sürülən situasiyalar var. Həmçinin rənglərin psixologiyası, düşüncələrə, həyata-yaşama, fikirlərə, fikir yaranmalarına, qərar alınmasına, dəyişikliyinə, ruh sağlığına yaxından təsir etdiyini görə bilərik. Ən əsası da insanın şüuraltı motivasiyasının təməlinin nə olduğunu soruşsanız, baş sıralarda “rənglərin təsiri” deyə bilərik. Psixologiyada hər rəngin öz mənası var, yəni, hər rəngin daşıdığı və icra etdiyi vəzifəsi var. Fikrimcə, rənglər insan psixologiyasının sağlamlığını qoruyan dərmanlardan biridir.
Rənglərin insan düşüncələrinə təsiri:
Görmə və müşahidə etmək
5 duyğu orqanımız olduğunu desək də, mənə görə duyğulara birbaşa təsir edən gözlərdir, yəni görmək. Bir insan gözlərlə həm danışa, həm anlaya, həm susa, həm ağlaya, qısacası mənfidən müsbətə qədər bütün hiss-düşüncələrini gözlərdə əks edə, həmçinin də müşahidəni gözləri ilə edə bilər. Mənə görə, insan görmədən müşahidə edə bilməz, müşahidə etməsə anlaya, anlamasa da beyninə hər hansısa duyğunu yaşaması üçün əmr kontrolunu göndərə bilməz.
Duyğuların əhvala təsiri
Bu halda beyin avtomatik olaraq görür, müşahidə edir və nəticə olaraq nə hiss edəcəyinə qərar verir.
Hisslərin qərarlara təsiri
Nəticə olaraq, insan yekun hissi ilə nə qərar verəcəyinə, hansı addımı atacağına qərar verir. Bu proseslər bəzən beyində bir anın içində, bəzən də bunun 10 qatı uzun müddətdə baş verə bilir. Beyin bu prosesləri bircə saniyənin içində də emal edə bilir. Bəli, bəzən insan beyni təhlükəli şəkildə sürətli işləyə bilir. Bu bir nöqtədə insana zərər verə bilir. Bu halda da, yanlış zamanda hisslərə təsir nəticəsində, yanlış qərarlar verə bilir insan.
Nəticə:
Qeyd etdiyimiz kimi, insan görərək müşahidə edib qərar verirsə, bu halda rənglərin insan psixologiyasına, onun ruh və qərar dəyişikliyinə necə yaxından təsir etdiyini görə bilərik.
Əlavə situasiya:
İş həyatında uğurun səbəbi rənglər..
Həmçinin, rənglərin şüuraltı kodlaması olduğu fikrini nəzərə alsaq, bunun iş dünyasında ən çox marketinq hiylələrində istəməsək belə, qarşılaşa bilirik. Rənglərin düzgün ahəngi qurularsa, bu insan beyninin hipnoz olmasına gətirib çıxara bilir. Buna görə də, ən sıx marketinq sahhələrində rənglərin konfransından düzgün istifadə edə bilənlər uğurlu nəticələr əldə edə bilib. Biz bir çox uğurlu işin səbəbini şansa, yaxud çox işləməyə, hətta uğurlu insanların dram hekayələrinin ardından gələn qərarlılıq və s. kimi fikirlərə bağlasaq da, əslində dərinə ensək, bir nöqətə bunun kökündə sadəcə insanların bəsitcə hipnoz oluna bilindiklərini və bu zəif tərəflərinin əsiri olduqlarını görə bilərik. Kimisi sözlərlə, kimisi davranışlarla, kimisi də rənglərlə manipulyasiya ola bilir. Çox insan düzgün marketinq planları və hiylələri haqqında məlumat verirmiş kimi görünsə də, bunlar müəyyən yerə gəlmək üçün “göz boyayır” və bu da bir nöqtədə marketinqin bir parçası olur. Mənə görə, biznesdə ən önəmli yanaşmalarından biri rənglərin təsiri və düzgün yönümlü dizayn edilməsidir. Həmçinin rənglərin insan psixologiyasına ən böyük təsirinin, insan əhval-ruhiyyəsinin kökündə nələr dayandığına nəzər yetirsək, orada ən baş sıralarda rəngləri görə bilərik.
Unutmamalıyıq ki, insanlar görünüş önəmli deyil desələr də, bir nöqtədə gördüklərinə əsasən beyinlərinə sonrakı addım üçün siqnal göndərirlər. Bu dediyimi nəzərə alsaq, rəng ahənginin insan psixologiyasına necə təsir etdiyini görə bilərik.
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)
Nə zəmanə, nə vəzifə onu dəyişə bilib - PORTRET
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Mədəniyyət təkcə buraya daxil olan müxtəlif sənət növlərindən ibarət deyil, cəmiyyətdə mədəni oln, başqalarına hörmətlə yaşayan, etik normalara riayət edən şəxslərin yetişdirilməsi də mədəniyyətin vacib və önəmli sahəsidir. Və mədəni insanlar nə qədər çox olarsa, xalq, dövlət bir o qədər fada götürər.
Allahın varlığını hamı təsdiq edir, amma az adam Yaradanı hər yerdə görə, hiss edə bilir. Qəribədir, nəfs, qəzəb, kin, paxıllıq, təkəbbür, xəbislik bəşər övladını elə bir vəziyyətə salıb ki, yalnız çətin vaxtlarında Allahı yadına salır...
Müəllim ailəsində doğulub, müəllim maaşı ilə böyüyüb ərsəyə çatıb. Bir insan kimi formalaşmasında müəllim tərbiyəsinin və tələbkarlığının rolu böyük olub. Mərdliyin mayasını Laçının bumbuz çeşmələrinin suyundan, dağ havasından götürüb. İlk dəfə dürüstlüyün nə olduğunu dünyaya göz açdığı Güləbird kəndinin adamlarından öyrənib. Haraya gedibsə dağ saflığını qoruyub saxlaya bilib. Aldığı təhsil zehninə işıq saçıb, təfəkkürünü kamilləşdirib. Xeyirlə şəri bir-birindən ayırmağı bacarıb. Və sonra, sonra da Allahı dərk edib, Ona baş əyib, ədalətinə güvənib. Haraya gedirsə, nə iş görürsə Allahı orada görə bilir...
Əlbəttə ki, ariflər vəzifəni Allahın insan taleyinə yazdığı gözəl bir fürsət kimi dəyərləndirirlər. Elə bir fürsət ki, onun vasitəsi ilə insanlara daha böyük fayda verə bilirsən.
O da, taleyinə yazılan vəzifənin çətinliklərini, şərəfini yaşayır. Yanına gələnlərin problemlərini həll etməyə çalışır. Bacardığı qədər, səlahiyyətləri daxilində ona pənah gətirənlərə yardımçı olur...
Qürurludur, lakin lovğalıqdan, təkəbbürdən çox uzaqdır. Davranışında o qədər səmimi, mehribandır ki, onunla ünsiyyətdə olanda sıxılmırsan. Kobud söz işlətmir, fikrini ən mükəmməl tərzdə ifadə edir. Heç kimə yuxarıdan aşağı baxmır, hər kəslə öz dilində danışmağı bacarır…
Onunla bir süfrədə əyləşmək, başqa aləmdir. Qonağına o səviyyədə xidmət göstərir ki, sanki bundan bir rahatlıq tapır…
Gözümüzü açandan müxtəlif ictimai-siyasi quruluşlarda yaşamışıq. Hər quruluşda eyni vəzifənin özünəməxsus adları olub. Bir vaxtlar rayon partiya komitəsinin birinci katibi adlanan vəzifə, bu gün rayon icra hakimiyyəti başçısı adlanır…
Hər hansı bir rayona rəhbərlik etmək əlbəttə böyük məsuliyyətdir. Hər gün müxtəlif xarakterli insanlarla ünsiyyətdə olmaq, bitib tükənməyən sosial, iqtisadi problemlərin həllinə çalışmaq, sakinlərin tələb və istəklərini dinləyib, düzgün qərar vermək, çətinlikləri aradan qaldırmaq çox ağırdır.
Haqqında söhbət açdığım Sevindik Hətəmov bütün bu sadaladıqlarımın öhdəsindən ləyaqətlə gəlir. Elə ona görə də harada, hansı rayonda çalışırsa insanların rəğbətini qazanır...
Onun Yardımlını tərk edərkən, necə yüksək səviyyədə yola salındığının çox adam şahidi olub. İnsanlar iki saat yol qət edib bu görüşə tələsirdilər...
Bəli, yaxşı insanlara dəyər vermək, onları nümunə göstərməyə tələsmək insanlıq borcumuzdur. Sevindik Hacıağa oğlu Hətəmov on ilə yaxındır ki, Yardımlıdan gedib, amma adı gələndə ehtiramla yad edilir, ünvanına xoş sözlər söylənilir. Yardımlı camaatı onu özünə hələ də doğma, əziz adam bilir...
Mən onu qırx yeddi yaşından tanıyıram. Nə zəmanə, nə vəzifə onu dəyişə bilməyib. Ötən bu müddətdə saflığını, mərdliyini, insanpərvərliyini qoruyub saxlamağı bacarıb…
Aprelin 7-si Sevindik Hətəmovun 64 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)
Qədim türklərdə tibb sahəsi
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
“Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portal ilə birgə həyata keçirdiyi Türklərin tarixi layihəsindəyik. Bu dəfə sizlərə qədim türklərin tibb sahəsi barədə danışaçağıq.
Türk tarixinin çox zəngin və dərin bir mirası olduğu şübhəsizdir, lakin bəzi sahələrdə hələ də çox araşdırılmamış, kəşf edilməmiş mövzular var. Bu yazıda Türk tarixində geniş araşdırılmayan bir mövzuya- Türk xalqlarının qədim dövrlərdəki tibb və səhiyyə bilikləri və onların bu sahədəki inkişaflarına toxunmaq istəyirəm.
Qədim Türk xalqlarında tibb və səhiyyə
Türk xalqlarının qədim dövrlərdəki həyat tərzi və dünyagörüşü, onların təbiətə və ətraf aləmə olan dərin münasibətini ortaya qoyur. Orta Asiyada qədim Türk dövrlərində tibbi biliklərin çox vaxt təbii müalicə üsullarına, bitkilərə, heyvanlara və təbiət hadisələrinə əsaslanması diqqət çəkir. Bu, yalnız şəfa tapmağın bir yolu olmaqla qalmamış, eyni zamanda cəmiyyətin mədəniyyətini və təbiətə olan bağlılığını simvollaşdıran bir anlayış idi.
Şamanizm və tibb
Türk xalqlarının ən qədim inanc sistemi olan Şamanizm, tibbin və müalicənin bir hissəsi olaraq çox mühüm rol oynamışdır. Şamanlar yalnız dini liderlər deyil, eyni zamanda müalicəvi bacarıqlara sahib olan şəxsiyyətlər idi. Onlar, xəstəlikləri yalnız fiziki olaraq deyil, ruhani səviyyədə də müalicə etməyə çalışırdılar. Şamanların, xəstələrə müalicə edərkən bəzən ritüel və dualardan istifadə etdikləri, həmçinin bitkilər və təbiətin digər vasitələrini müalicəvi məqsədlərlə tətbiq etdikləri məlumdur.
Türk şamanizmi, tibb və səhiyyə sahəsində xüsusi biliklərə sahibdi. Məsələn, "Kama" adlı şaman mütəxəssisləri xəstəliyi müalicə etmək üçün bitkilər, heyvanın bəzi hissələri və müxtəlif təbiət güclərini istifadə edirdilər. Bəzi tarixi mənbələrə görə, qədim Türk şamanları, çoxsaylı bitkiləri və təbiət maddələrini dərman olaraq istifadə etməyi bilirdilər.
Türk xalqlarının bitki təbabəti
Qədim Türk xalqlarının təbii müalicə üsullarına olan maraqları, onları bitki təbabətində də mütəxəssis etmişdir. Orta Asiya və Altay dağları ətrafında, Türk boylarının uzun müddət bitkilərlə əlaqəli müalicə üsullarını inkişaf etdirdiyi ehtimal edilir. Məsələn, qədim Türk otaçıları şüyüt, lavanda, ginseng kimi bitkiləri dərman olaraq istifadə edirdilər. Türk xalqları təbiətə böyük hörmətlə yanaşmış və dərman bitkilərinin yığılmasında çox diqqətli olmuşlar. Bu bitkilərin dərman və sağalma xüsusiyyətləri ilə bağlı müstəqil araşdırmaların olmadığı bir dövrdə belə, çoxsaylı bitkilərin şifa verici xüsusiyyətlərinə inanılırdı.
Bu biliklər yalnız şamanların yox, həm də yerli mütəxəssislərin, tibb işçilərinin və xalq həkimlərinin əlində qorunmuşdu. Məsələn, Uyğurların tibbi bilikləri və bu biliklərin həmin dövrdə İslam dünyasına və Çinə necə təsir etdiyi barədə çox az məlumat var. Ancaq məlumdur ki, Uyğur tibbi məktəbi də çox təbii üsullara və təbiətə dayalı müalicəyə əsaslanmışdır.
Türk dövləti və səhiyyə qurumları
Türk dövlətlərinin müxtəlif dövrlərində, səhiyyə sahəsindəki biliklərin təşkili və inkişafı mühüm yer tuturdu. Orta əsrlərdə, xüsusilə Səlcuqlu və Osmanlı dövlətlərində, tibb və səhiyyə sahəsində mühüm addımlar atılmışdır. Osmanlı İmperiyasında darüşşifa və bimarxanə adlanan xəstəxanalar yaradılmış, burada həm müalicə, həm də təhsil sahəsində geniş fəaliyyətlər həyata keçirilmişdir. Bu səhiyyə qurumları, yalnız xəstələrə müalicə etməklə qalmır, eyni zamanda tibbi biliklərin təbliği və inkişafı üçün mühüm mərkəzlər olmuşdur.
Ancaq Türk dünyasının ən qədim səhiyyə qurumları, Səlcuqlu dövrünə aiddir. Məsələn, Konyadakı Karatay Mədrəsəsi tibb təhsili verən ilk təhsil müəssisələrindən biri olaraq, həm dövrün tibb işçilərinə, həm də tibb təhsili almağa gələn tələbələrə təməl biliklər vermişdir. Bu cür məktəblərin açılması, Türk xalqlarının tibb sahəsindəki biliklərinin nə qədər yüksək səviyyəyə çatdığını göstərir.
Türk İslam xəstəxanaları və tibb mərkəzləri
Türk İslam dünyasında xəstəxanalar və tibb mərkəzləri inkişaf etmiş və bu mərkəzlər, həm müalicə üsullarını təkmilləşdirmək, həm də tibbi bilikləri paylaşmaq məqsədilə fəaliyyət göstərmişdir. İbn Sina (Avicenna), Ali bin al-‘Abbas al-Majusi və digər məşhur təbiblər bu dövrlərdə Türk və İslam dünyasında geniş şəkildə tanınmış və əsərləri çoxsaylı tibb məktəblərində tədris olunmuşdur. Osmanlı İmperiyasının sonunda Türk dünyasında hələ də müasir tibb və dərman üsulları ilə əlaqəli bir çox ənənəvi müalicə üsulları vardı.
Türk xalqlarının qədim dövrlərdəki tibb və səhiyyə bilikləri çox maraqlı və geniş bir mövzudur, amma hələ də bu sahədə çox az araşdırmalar mövcuddur. Qədim Türk şamanizmi, bitki təbabəti, şifalı maddələrin istifadəsi və tibb sahəsindəki ənənələr, bu xalqların təbiətə olan dərin hörmətinin və onun gücünü anlamalarının göstəricisidir. Bu biliklərin günümüzə necə çatdığı və onlardan nə qədər istifadə edildiyi, Türk tarixinin hələ kəşf olunmamış zəngin bir sahəsi olaraq qalır.
Bu sahədəki araşdırmalar qədim Türk mədəniyyətinin nə qədər inkişaf etmiş və zəngin olduğunu bir daha göstərir.
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)