Super User

Super User

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”



Kop Kopmeyer, daxili intizamdan sonra uğurun başqa bir prinsipi kimi “mütəxəssislərdən öyrənməyi” qeyd etmişdir. “Hər şeyi özünüz öyrənmək üçün ömrünüz çatmayacaq” demişdir.

 

Uğurlu olmaq üçün görəcəyiniz birinci iş, istədiyinizə nail olmaq üçün lazım olanları öyrənmək olmalıdır. Mütəxəssislərdən öyrənin. Onların kitablarını oxuyun, audio proqramlarına qulaq asın, mühazirələrində iştirak edin. Yaxinlaşın ya da yazıb məsləhət istəyin. Bəzən həyatınızı dəyişmək üçün bircə ideya bəs edir.

 

İcazə verin buna misal çəkim:

“Bir neçə il öncə dostumun məsləhət gördüyü peşəkar bir stomatoloqun yanina getmişdim. Sonralar həmin həkimin çox yüksək səviyyəli həkim olduğunu öyrəndim. Ona “Stomatoloqların stomatoloqu” deyirdilər. Digər stomatoloqlar özləri onun yanına gedirdilər. Özü dediyinə görə, bacardığı bütün konfranslara gedirdi. Bütün seminarlarda iştirak edir, ölkənin və dünyanın müxtəlif yerlərindən gəlmiş həmkarları ilə görüşüb fikir mübadiləsi edir və yeniliklər haqda məlumat öyrənirdi. Bir dəfə böyük pul və vaxt sərf edərək Honq Konqda keçirilən konfransa qatılır. Həmin konfransda, yeni kosmetik cərrahiyyə sahəsində, dişlərin daha gözəl görsənməsini təmin edən texnologiya kəşf etmiş Yapon stomatoloqun seminarında iştirak edirdi. O, San Dieqoya qayıdır və dərhal həmin texnologiyanı tətbiq etməyə başlayır. Tezliklə bu sahədə peşəkarlaşır və ad-san qazanır. Cəmisi bir neçə ilin içində o kifayət qədər məşhurlaşır və Amerikanın digər ştatlarından da insanlar bu cərrahiyyə üçün onun yanına axışırlar. Və məntiqi nəticə olaraq o öz xidmətinin qiymətini də qaldırır. Sonun da o qədər varlandı ki, əlli beş yaşında təqaüdə çıxıb vaxtını ailəsinə və gəzintiyə sərf etmək imkanı qazandı”. 

 

Bu rəvayətin məğzi ondan ibarətdir ki, həkim daim yeni ideyalar və fikirlər axtararaq sonunda ona vaxtından daha tez təqaüdə çıxmaq və maliyyə müstəqilliyi əldə etmək imkanı qazandıran texnologiyaya rast gəldi. Eyni hadisə sizin də başınıza gələ bilər, yalnız bir şərtlə ki, ömürlük tələbə olasınız.

 

Brayan Treysi/Bəhanələrə yox (Daxili intizamın gücü)

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2025)

 

 

 

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

Bərəkətli Borçalı torpağının - “Vətənin qıraqda qalan yerləri”nin (üzübəri) mədəniyyət iqliminin unudulmaz yetirmələrindən biri də şair qardaşım Hamlet Kazımoğludur. Gah Ərtəhlə, gah Faxralı balası, daha çox da sadəcə Kazımoğlu deyə çağırdığımız şairin poetik duyğularla yoğrulmuş ruhu taleyin amansız hökmünə uyub, ömrün 31-ci yazında bədəndən ayrıldı…

 

Əfsanəvi sənətkar Barış Manço deyirdi ha - “Can bədəndən çıxmayınca”… - bax, Hamletin könül dostları da, sevdalıları da, onu bilən hər kəs, hər kəs o günədək bir başqaydıq sanki; sanki o bizdən əbədi ayrılınca, biz də qəflətdən ayıldıq: Hamlet ölə bilərmiş!.. Bəs ürəyindən ən son nə keçib, kim keçibmiş, İlahi?..

Yesenin təqribən o səmtlərdə, o yaşlarda - intihardan öncə yazdığı son şeirində nələri vurğulayırdı? –

 

“Əlvida, can dostum, sağ-salamat qal,

Ürəyimdə tək sən varsan, əzizim.

Bu ayrılıq bizdən öncə yazılıb,

Görüşərik yenə, yenə şübhəsiz…

 

Sağ ol, dostum, sağ ol, söz sükutundur…

Nə əl sıxdıq, nə söz dedik - nə bilim…

Kədərlənmə, düyünləmə qaşını;

Bu həyatda ölmək yeni şey deyil,

Amma yaşamaq da, köhnə sayılır”...

 

***

Ötən ay doğumunun 55-ci ildönümü tamam olan şairin vəfatının 24-cü ili bu aya düşür. 

21 mart 1970-ci ildə Faxralıda dünyaya göz açan Hamlet, sözün sehri ilə nəfəs aldı, Bakıda yüksək təhsil aldı, şair kimi ün qazandı və günlərin bir günü, göyüzündən nə ismarıc aldı - bilmirəm - qərar verib çox uzaqlara, uzaqlara üz tutdu. Gedərkən də, dost-qardaş ərkiylə, mənə belə bir şeir ismarlamışdı:

 

“Qollarım gücümdən ağrıyır mənim,

İçimdə bir həsrət çağlıyır mənim;

Bu şəhər baxtımı bağlıyır mənim,

Getsəm bu şəhərdən geri dönmərəm.

 

Neçə payız gəlir, neçə qış qalır,

Yaşımın üstündə neçə yaş qalır;

Hər gedən qatarda yerim boş qalır,

Getsəm bu şəhərdən geri dönmərəm.

 

O qız yoxa çıxıb görüş yerindən,

Qayıtmaz bircə yol öpüm telindən;

Bir gün tuta bilib mən öz əlimdən,

Getsəm bu şəhərdən geri dönmərəm.

 

Gözü bağlı oldum, bəzən də açıq,

Kimiyə xoş gəldim, kimiyə acıq;

Arxamca su atan tapılmayacaq,

Getsəm bu şəhərdən geri dönmərəm”… -

 

Dediyi kimi də etdi - öz əlindən tutub getdi… Qatarla getmədi, Borçalıya getmədi, uçaqla Ərəseyə uçub getdi…

Onun 19 aprel 2001-ci ildə bu dünyaya vida dediyi yer Əreseyin Tver vilayətindəki Torjok şəhəri oldu. Fiziki ömrü qısa sürsə də, bu qısa ömrün içində dərin izlər, yanğılı misralar, saf duyğular qoymağı bacardı... Nə deyim?.. - QABİL demiş, “Alqış təsəlliyə”!..

Hamletin misraları qayğıların, nisgilin, özləmin, ümidin və üsyanın birləşdiyi unikal bir dünyadır. Onun şeirlərində sevda da var, qürbət ağrısı da, ölüm qorxusu da, yaşam sevgisi də. O, məhz bu duyğuları əks etdirən, misraları ilə oxucunun ruhunu titrədən, içindəki boşluğu dolduran bir şair idi.

“Keçmişə elegiya” şeirində Hamlet, ağ çadır rəmzi ilə insan həyatının keçiciliyini, doğum və ölüm arasındakı sözəgəlməz dönəmi ifadə edir. 

“Sən oğul doğa bilməzsən… 

Eh! Heç mən də yoxam…” – bu misralar sanki Hamletin öz taleyini öncədən duyduğunu göstərir. O, ölümü bir son deyil, yeni bir başlanğıc kimi görürdü, amma bu başlanğıc onun üçün bir ağ çadır yox, qara çadırın adamlarına qarışmaq idi… Hamletin yaradıcılığında etno lövhələr, etnoqrafik etüdlər çoxdur.

“Yaman qəribsəmişəm” şeiri isə onun yalnız Borçalıdan uzaqda keçən qürbət yaşamına işarə etmir, həm də dünyadan qəribsəmək fəlsəfəsinə toxunur. 

Şair

“Şeir yazmaqdan bir şey çıxmadı, 

bu şeiri heç kim oxumadı” – deyir. Bu misralar bir etirafdır, bəlkə də bir ümid qırıqlığı… Ancaq indi onun poeziyası oxunur, duyulur, anılır.

 

Hamlet Kazımoğlunun sevgi şeirləri də başqalarına bənzəmir – burada klassik romantik duyğularla yanaşı, qəbulolunmaz eşqin, mümkün olmayan vüsalın yanğısı var. 

“Döyəsən qapımı… açıb görəm ki, 

yüz illər qabaqca gördüyüm sənsən” – deyir şair. Şair deyir ki, 

“Uzağı, uzağı, ay gözəl sənin

Üzündə gözəllik qaymaqlayacaq”…

Bəli, Hamletanə sevgi fiziki yaxınlıqdan çox, ruhların qovuşmasıdır, min illər boyu bir-birini axtaran könüllərin özləmidir.

“Sevgilim anamtək yalvardı mənə” misrası isə sevgi və ana obrazlarını birləşdirir, insanın ən doğma, ən çox sığındığı hissləri birləşdirən bir məqamı ifadə edir. O, sanki sevginin içində anaya olan ehtiyacı, ananın içində isə sevginin ilahi mahiyyətini tapır.

Hamletin ölüm, ayrılıq və torpaqla qovuşmaq motivləri daha qabarıq görünən bir silsilə şeiri var. 

“Orda mənim qəbrim… bunu bir haqq san, 

hamı gəlib-gedir, sən isə yoxsan” – bu misralarda yalnız ölüm yox, həm də sağkən unudulmaq qorxusu duyulur. Şairin əsl qorxusu yaşamaqla deyil, unudulmaqla bağlıydı. Onun poeziyası bu gün də oxunursa, deməli, o, hələ də bizimlədir…

Mübaliğəli çıxmasın, Hamlet Kazımoğlu bir ömürlük deyil, yüz ömürlük şair idi. O, Borçalı torpağının harayını, bir ulusun mədəniyyətini, bir insanın taleyini sözə çevirən qələm adamı idi. Onun təcnislərində, qəzəllərində, az sözə çox anlamlar yükləyən misralarında yaşamın əks-sədasını görmək olur.

Şair fiziki olaraq bu dünyadan köçsə də, onun səsi, şeiri, fikirləri bu torpağın ruhunda (yadıma dahi sənətkar Səttar Bəhlulzadənin “Torpağın arzusu” əsəri düşdü…), mədəniyyət iqlimində yaşayır. Biz onun misralarını oxuduqca, Hamlet yenidən doğulur, yenidən yaşayır...

Hamletlə ortaq dostumuzun sözü ilə desək, unutsaq, unudularıq…

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2025)

Xəyalə Əfəndiyeva, “Ədəbiyyat və incəsənət” üçün

 

Aktau şəhərinin 2025-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunması münasibətilə Türk dünyasının mədəniyyət təşkilatlarının rəhbərləri Aktauda toplaşdılar. Möhtəşəm mərasim Qazaxıstan Prezidentinin tədbir iştirakçılarına ünvanladığı müraciətlə başladı, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balaeva çıxış edərək Prezident Kasım-Jomart Tokayevin adından ünvanlanmış təbrik məktubunu səsləndirdi. Tədbirin təşkilatçıları qismində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Mədəniyyəti və İrsi Fondu, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi, eləcə də Manqıstau vilayəti və Aktau şəhəri akimliyi çıxış edirdilər.

 

Qeyd edək ki, Aktau şəhəri 2025-ci il üçün Türk dünyasının mədəniyyət paytaxtı statusunu 2024-cü ilin noyabrında Türkmənistanın Anau şəhərindən təhvil alıb.

"Paytaxtın Şuşa, Anau, Aktau olmasından asılı olmayaraq bizim missiyamız türk xalqlarının mədəni cəhətdən yaxınlaşmasına xidmət etməkdir, - deyən TÜRKSOY-un baş katibi, Qırğızıstanın xalq yazıçısı Sultan Rayev bizlərə açıqlamasında təşkilatın prioritetlərindən, Azərbaycanda həyata keçirdiyi təşəbbüslərdən və planlarından danışdı.

Son 30 ildə TÜRKSOY türk xalqları arasında mədəni əlaqələrin möhkəmləndirilməsində, ortaq tarixi irsin qorunub saxlanılmasında, incəsənətin inkişafında və vahid mədəniyyət məkanının formalaşmasında mühüm rol oynayıb.

Baş katib vurğuladı ki, TÜRKSOY-un əsas missiyalarından biri  türk ölkələrinin mədəniyyət sahəsində inteqrasiya, yaxınlaşma və əməkdaşlıq yolu ilə birləşməsidir. TÜRKSOY son 30 ildə bu istiqamətdə fəal iş apararaq həqiqətən də Türk dünyasını birləşdirən, mədəniyyətimizin qorunub saxlanması və təbliği ilə məşğul olan təşkilata çevrilib. 

TÜRKSOY-un Azərbaycanla bağlı  mədəni təşəbbüslərindən danışan Baş katib bildirdi ki, son üç il ərzində Azərbaycanda bir çox əlamətdar tədbirlər keçiriblər. Bu istiqamətdə mədəni-humanitar forumlar, media forumları və mədəniyyət məsələlərinə həsr olunmuş tədbirlər xüsusi əhəmiyyət kəsb edir.

O qeyd etdi ki, Azərbaycanda həm də bir sıra teatr festivalları təşkil ediblər. “Bizim ilk teatr festivalımız məhz Azərbaycanda baş tutdu, daha sonra isə kino festivalı keçirildi. Ənənəvi Xarıbülbül festivalında hər il Türk dünyasının sənətçiləri fəal iştirak edirlər - bu, bizim sevimli festivalımızdır. Biz mütəmadi olaraq Şuşada keçirilən bütün tədbirlərdə iştirak edirik. Bundan başqa Azərbaycanda Türk dünyasının tanınmış rəssamlarının sərgisi təşkil edirik” –dedi həmsöhbətimiz.

TÜRKSOY-un ədəbi layihələrindən, türk xalqlarının ədəbi irsinin qorunub saxlanılması və təbliği ilə bağlı planlarından danışan Sultan Rayev diqqətə çatdırdı ki, Azərbaycan yazıçılarının əsərlərinin başqa dillərə bədii tərcüməsi ilə fəal məşğul olurlar. “Bu il  Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyini qeyd edirik və bu dahi şairin şeirlərini Türk dünyasının bütün dillərinə tərcümə edirik. Onun yaradıcılığı bütün Türk dünyasının sərvətinə çevrilməlidir. Aprel ayında Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək, bu günlər çərçivəsində biz Bəxtiyar Vahabzadənin qırğız dilində kitabını təqdim edəcəyik” –dedi həmsöhbətimiz.

2025-ci ildə Aktau şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı olmasından danışan Baş katib vurğuladı ki, 2026-cı ildə Özbəkistanın şəhərlərindən biri Türk dünyasının növbəti mədəniyyət paytaxtı elan olunacaq. 2023-cü ildə bu status Şuşaya məxsus olub, ondan sonra isə Türkmənistanın Anau şəhərinə verilib.

Yaxın vaxtlarda TÜRKSOY-un təşkilatçılığı ilə Azərbaycanda Türk dünyasının ilk cizgi filmləri festivalını keçirməyi planlaşdırdığını bildirən  Baş katib hazırda bu tədbirə fəal hazırlıq getdiyindən söhbət açdı. Sultan Rayev xüsusi vurğuladı ki, animasiya incəsənətin çox yaradıcı və müasir istiqamətidir və bunu Türk mədəniyyət məkanı çərçivəsində inkişaf etdirməkdən çox şaddırlar.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə müştərək görülən işlərin müsbət nəticələrini diqqətə çatdıran Baş katib ümumilikdə ilin sonuna kimi Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 10-dan çox proqram keçiriləcəyini bildirdi. 

Sultan Rayev mətbuata açıqlamasında hal-hazırda Azərbaycanda Mahmud Kaşqari adına Beynəlxalq Fondla yaxından əməkdaşlıq etdiklərindən  məmnuniyyətini dilə gətirdi. Kaşğarinin ana vətəninin İssık-kul gölünün sahilində Barskan şəhəri olduğunu bildirən Sultan Rayev məhz Kaşğarinin adını daşıyan Fondla əməkdaşlığın onun üçün həm simvolik, həm də mənəvi dəyəri olduğundan söz açdı. O bildirdi ki, məhz bu gün - aprelin 7-də Qazaxıstanın Milli Universitetində Mahmud Kaşğari Barsqaniyə və Əl-Fərabiyə həsr olunmuş beynəlxalq konfrans keçirilir. Kaşğari Fondunun rəhbərliyi də bu konfransda geniş məruzə ilə iştirak edir.

Sultan Rayev: “Kaşğari Fondu rəhbərliyinin TÜRKSOY-un gördüyü işləri yüksək qiymətləndirməsi, AMEA Elmi Şurasında bizim müştərək fəaliyyətimizdə səmərəli tərəfdaşlığı, şəxsimə böyük ehtiramla "fəxri professor" təltifi ilə  bağlı təşəbbüsdə bulunmaları bizləri əlahiddə məmnun edib və bu xeyirxah düşüncələr görəcəyimiz işlərdə bizi daha məhsuldar işləməyə sövq edib” –deyə söylədi.

Baş katib vurğuladı:

- Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin milli təəssübkeşliyi və təşəbbüskar fəaliyyəti, rəhbərlik etdiyi yaradıcı kollektivin məsuliyyətli işbirliyi bizim birgə icra edəcəyimiz mədəniyyət layihələrinin, akademik nəşrlərin həyata keçirilməsi üçün böyük imkanlar yaradır. Fondun oxuculara yenicə təqdim edilən Virtual kitabxanasında görmə imkanları məhdud olan insanların mütaliəsinə dəstək məqsədilə yaradılan "danışan kitab" projesinin, kitabxanada oxuculara səsli təqdim olunan audio kitabların təkcə sosial layihə deyil, insani keyfiyyət üstünlüyü də hədsizdir.

Baş katib bu cür ali vətəndaşlıq borcunu kütləviləşdirməyi digər kitabxana və ictimai birliklərə də tövsiyə etdi, "Müşahidələrimdən çıxış edərək əminliyimi ifadə etmək istəyirəm ki, Cavanşir Feyziyevin başqanlığında Kaşqari Fondu çox yaxın gələcəkdə öz loqosunu Türk mədəniyyəti aləmində brendə çevirəcəkdir", - deyə sözlərinə əlavə etdi.

TÜRKSOY bütün türk dünyasının beynəlxalq səviyyəli ortaq mədəniyyət evidir. Ötən dövrdə böyük inkişaf yolu keçən TÜRKSOY bu günümüzə kimi tarixi nailiyyətlərə imza atdığı kimi hesab edirəm ki, yeni-yeni layihələri reallaşdırmaqla  bütün türk dünyasının ortaq etimadını bundan sonra da doğruldacaqdır" - deyə Sultan Rayev fikirlərini yekunlaşdırdı.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Haqqında söhbət açacağım və bu günə 120 illik yubileyi təsadüf edən Cəfər Rəmzi 1905-ci il aprelin 9-da Bakının Mərdəkan kəndində, əkinçi ailəsində doğulmuşdur. Burada dördsinifli məktəbdə ibtidai təhsil almış, sonra məcburən bir müddət əkinçiliklə məşğul olmuşdur. Amma fikri-zikri təhsildə, kitabların yanında olmuşdur.

 

Sovet hakimiyyəti qurulduqdan sonra Mərdəkan gənclər özəyinin kitabxanasında işləmişdir. Bakı Darülmüəllimində (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) təhsilini davam etdirmişdir. APİ-nin dil və ədəbiyyat fakültəsini bitirmişdir. Bundan sonra uzun illər Bakı, Quba və Qazax orta məktəblərində müəllimlik etmişdir. 

APİ-nin Tarix fakültəsində qiyabi təhsil almış, Azərbaycan EA Şərqşünaslıq İnstitunun İran filologiyası şöbəsində işləmişdir. 1968-ci ildə "Yəğma Cəndaqinin poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

 

Bədii yaradıcılığa 15 yaşından başlamış, şeirlərini "Sufi" təxəllüsü ilə yazıb-yaratmışdır. Bundan sonra öz şeir, elmi əsər və tərcümələrini "Cəfər Rəmzi" təxəllüsü ilə dövri mətbuatda çap etdirmişdir. "Deyilən söz yadigardır" üç cildlik kitabın toplayanı və tərtibçisidir. Klassik Şərq ədəbiyyatından seçmə nümunələri fars və ərəb dilindən çevirib çapa vermişdir. XIX–XX əsrlər poeziyasında satira problemi ilə məşğul olmuşdur.

 

Kitabları:

- Şeirlər. 

- Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb, fars sözləri lüğəti. 

- Yəğma Cəndaqinin poeziyası. 

- Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lüğəti. 

- Günləri sayıram. 

- Ürəkdən gələn səslər. 

- Deyilən söz yadigardır (üç cilddə).

 

Tərcümələri

(fars və ərəbcədən)

 

- Xarici yumor

- Behiştin narları

- Gəlin birlikdə gülək

- Dünya xalqlarının yumoru

 

Ustad yazar 1996-cı il sentyabrın 11-də Bakıda vəfat etmişdir. Mərdəkan qəbiristanlığında dəfn olunmuşdur.

Allah rəhmət eləsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2025)

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

8 Aprel 2025-ci il tarixdə  Qəbələ rayon Tarix -Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə "Mirzə Qədim İrəvani -Həyat rənglərin ahəngində" adlı tədbir  keçirilib. 

 

Çıxış edənlər Azərbaycan rəngkarlığının  təşəkkülündə əhəmiyyətli rolu olan, yaradıcılığında  klassik  Şərq  miniatürünü, o cümlədən milli ənənələri orijinallığı ilə rənglərin ahəngində birləşdirən  böyük sənətkar Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığı haqqında məlumat verib.

Qeyd edilib ki, XlX əsr  portret janrı, dekorasiya, ornamentalist, şüşə və panel rəssamlığı ilə Azərbaycan mədəniyyətinə, incəsənətinə və bu günki rəssamlıq sənətinə böyük töhfələr bəxş edən Mirzə Qədim İrəvaninin əsərləri bu gün Azərbaycan eyni zamanda, dünya muzeylərində sərgilənir.

Tədbirin sonunda muzeyin fondunda mühafizə olunan boyakarlıq nümunələri və məktəblilərin əl işləri nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2025)

“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Hazırda təqdimatda 12 nömrəli tam orta məktəbdir. 

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

 

DİREKTOR:

Kamran Buludxan oğlu İsalı - 4 noyabr 1989-cu ildə Yardımlı rayonunun Gavran kəndində anadan olub. 2007-ci ildə fizika, riyaziyyat və informatika təmayüllü liseyi bitirib.

2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini Təhsilin təşkili və idarə olunması ixtisası üzrə başa vurub. Həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetində Riyaziyyat və informatika fakültəsinin riyaziyyat müəllimliyi ixtisası üzrə təhsil alıb. 2012-2017-ci illərdə Bakı şəhər R.Baxışov adına 218 nömrəli tam orta məktəbində Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 2014-2015-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universiteti və Təhsil Nazirliyinin birgə təşkil etdiyi məktəb direktorlarının hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək "Uğur sertifikatı"na layiq görülüb. 2017 -ci ilin sentyabr ayında Avropa Birliyinin "TAİEX workshop and school management" seminarı və müxtəlif beynəlxalq təcrübə proqramlarının iştirakçısı olub.

2019-cu ildə STEAM layihəsinin səmərəli tətbiq edilməsi üzrə İsrail Respublikasında, 2021-ci ildə "Məktəb idarəçiliyinin təkmilləşdirilməsi" üzrə Türkiyə Cümhuriyyətinin İzmir şəhərində təcrübə proqlramlarında fəal iştirak etmiş, müvafiq sertifikatla təltif olunmuşdur.

2017-2022-ci illərdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıb. 15.09.2022- ci il tarixindən Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri, Nizami rayonu K.Əyyubov adına 12 nömrəli tam orta məktəbin direktoru vəzifəsində fəaliyyət göstərir.

 

ŞAGİRD:

Mən, Süleymanlı Dilbər Elşən qızı 2011-ci ildə Naxçıvanda anadan olmuşam. 2012-ci ildə ailəmizlə birlikdə Bakıya köçmüşük. 2018-ci ildə Bakı şəhəri, Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam. Hazırda 12№-li məktəbin 7-ci sinfində təhsil alıram. 

Ailəmiz beş nəfərdən ibarətdir. 

Atam- Elşən Rəşid oğlu Süleymanov, 1985-ci ildə anadan olub. Mühəndisdir.

Anam- Günay Canan qızı Süleymanova evdar xanımdır. 

Qardaşım- Əbülfəz Elşən oğlu Süleymanzadə 12 nömrəli məktəbin 3-cü sinfində təhsil alır.

Bacım- Fatimə Elşən qızı Süleymanlı 12 nömrəli məktəbin 5-ci sinfində təhsil alır.

 

ESSE

Ana dilim varlığımdır

 

Hər insan üçün öz dili əzizdir, müqəddəsdir, toxunulmazdır!  

Dil insanın  varlığıdır, mənliyidir, kimliyidir!

Mən aşiq dilim-ilim,

Qovun kəs dilim-dilim.

Öz dilimdən dönmərəm,

Doğrasan dilim-dilim.

Mənim üçün dilim hər şeydir. Bəxtiyar Vahabzadənin öz şeirində dediyi kimi: 

“Dil açanda ilk dəfə “ana”  söyləyirik biz,

Ana dili adlanır bizim ilk dərsliyimiz”.

Bu dil mənim ruhumdur, eşqimdir, canımdır, ilk məhəbbətimdir. Bundan da əsas anam qədər əziz ana dilimdir. Öz dilini bilməyən adamın şəxsiyyəti də bilinməz. Belə bir söz də var ki, “Babalarımızdan bizə üç şey miras qalmışdır”. Bunların içində bizim ana dilimiz də var. Bəziləri bu sözün mənasını anlamır. Buna görə də onun üçün bu şeylər adi şeydir. O adam həm də öz dilinin qiymətini də başa düşə bilməz. 

Bəzi insanlar isə dilinə o qədər bağlıdır ki, öz dili üçün özünü fəda edə bilər. İnsan öz dilində mükəmməl danışmağı bacarmalıdır. Bizim dilimiz varlığımızdır. Bu dil insanı bu dünyaya tanıtdırandır. Bu dil insanın başqaları ilə ünsiyyət qurmağa kömək edəndir. Bu dil insanın qürurudur. Bu dil mənim Respublikamın  dövlət dilidir. Ulu Öndər, dahi liderimiz  Heydər  Əliyevin  dediyi  kimi:

“Mən fəxr edirəm ki, azərbaycanlıyam”

Mən  öz dilimi çox sevirəm və onu qoruyacağıma söz verirəm . Mən öz dilimlə fəxr edirəm və heç bir dillə öz dilimi dəyişmərəm! Hər zaman Allahıma mənə belə gözəl dil hədiyyə etdiyinə görə şükür edirəm. Mən öz dilimi nə qədər sevdiyimi bir parça şeirlə göstərə bilərəm. 

Doğma dilim sən ki varsan dünyada!

“Mən də varam!”söyləməyə haqlıyam.

     Anam! Ana dilim! Ana Vətənim!

Mən bütün qəlbimlə sənə bağlıyam!

Bunu da bilin ki, “Öz ana dilini bilməyən şikəst adamdır!” (Heydər Əliyev)

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Onun həyat yolu elə də hamar olmayıb. Ömür-gün yoldaşı Zahid şəhid olanda hətta intihar etmək də istəyib. Amma anlayıb ki, bir ana kimi yaşamağa borcludur- beşikdə qırx günlük övladı var. Oğlu Rüfəti özünün talismanı hesab edir. Düşünür ki, həyatda onu çox şeylərdən məhz, o qoruyub. Ən çətin anlarında, ən kədərli günlərində yeganə oğlunu güvənc yeri bilib, ona sığınıb, onunla təsəlli tapıb...

 

Deyir ki:- “Güclü qadınlar ilham yerimdir. Belə qadınlara həsəd aparır, qibtə edirəm. Onlardan - İngiltərənin və Türkiyənin keçmiş baş nazirləri Marqaret Tetçer və Tansu Çilləri, habelə Almaniyanın sabiq kansleri Angela Merkeli və Amerikanın dövlət katibi olmuş Hillari Klintonu göstərə bilərəm. Onlar zərif çiyinlərində böyük dövlətlərin yükünü çəkiblər, ölkəni idarə ediblər. Mən belə xanımlara xüsusi rəğbət bəsləyirəm. Ruhu şad olsun, ağlım kəsəndən Rübabə Muradovaya pərəstiş edirdim, sənətinin heyranıydım. Nəzakət Məmmədovanı çox sevirdim. Həm sənətçi, həm də ictimai-siyasi xadim kimi Zeynəb Xanlarovanın xətrini dünyalar qədər çox istəyirəm. Mən bu gün də onlardan öyrənirəm...”

 

Bəli, sizə opera müğənnisi, əməkdar artist Gülüstan Əliyeva haqqında danışıram. O, 8 aprel 1967-ci ildə Yevlaxda dünyaya gəlib. Kiçik yaşlarından musiqi ilə məşğul olduğundan, atası onu Yevlax Pionerlər evindəki dərnəyə yazdırıb. Sonra o, musiqi təhsilini musiqi məktəbində davam etdirib. On beş yaşında olarkən Gənc İstedadların Respublika Müsabiqəsinin qalibi olub və Bakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul edilib. Burada Xalq artisti İslam Rzayevin sinfində muğamın sirlərini öyrənib. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirərək elə həmin il Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının muğam sinfinin tələbəsi olub və 1990-cı ildə həmən sinifi bitirib. Müəllimi Xalq artisti, professor Arif Babayevdir... 

Qəlbi çox təmizdir. Açıq danışmağı xoşlayan xanımdır. Dostluqda sədaqətli, yoldşlıqda mehribandır. Dostluq onun üçün o qədər dəyərlidir ki, dostu üçün canını qurban verməyə hazırdır... 

 

“Dostluq etməyi sevən və bacaran bir insanam. Əlbəttə, elə olub ki, dəfələrlə yanılmışam, illərlə dost bildiklərimdən zərbələr almışam. Sən demə, düşündüyüm kimi insanlar deyilmişlər. Mənim adımdan, maddi vəziyyətimdən, şan-şöhrətimdən istifadə etmək üçün özlərini dost kimi göstəriblər. İndi bir-iki dostum qalıb, onlar da sənət həmkarlarım deyil. Bilirsiniz, insan yaşa dolduqca və kamilləşdikcə düşünür ki, adamın əsl dostu Allahdır və özünlə də dost olmağa çalışmalısan. Tək-tənha oturub düşünməyi, hansısa restorana gedib tək yemək yeməyi, tək başına kofe içməyi, tək başına hanısa ölkədən ölkəyə səyahət etməyi, özünü sevməyi bacarmalısan. Düşünürəm ki, o zaman sənə kimsə lazım olmayacaq. “Dostsuz insan qanadsız quşdur”, “təklik zülümdür”- bütün bunların hamısı cəfəngiyyat imiş.”- söyləyir.

 

Həyat yoldaşı, Əhmədov Zahid Fərrux oğlu sağlığında Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Təyinatını DİN zabiti olaraq, Cəbrayıl rayon RDŞ-ya alıb. 1991-ci ildə Cəbrayıl rayonunda xidməti vəzifəsini yerinə yetirərkən Zanzur kəndində şəhid olub...  

 

Deyir ki:- “Tələbəydim və Zahidlə münasibətlərimizi artıq rəsmiləşdirmək ərəfəsində idik. Yevlaxa getmişdim. Bir gün yaşı ötmüş bir qohum qız dedi ki, gəl mənimlə molla yanına gedək, kitab açdırmaq istəyirəm. Mən çox cavan idim və belə şeylərə qətiyyən inanmırdım. Nə isə getdik. O, qız üçün kitab açdı, baxdı və s. Sonra mənə qayıtdı ki, ay yolu uzaq, bəxti yarımçıq qız, gəl sənə də kitab açım. Dedi ki, belə bir oğlana ərə getmək istəyirsən, amma fikrindən daşın, ona getmə. O vaxt Zahidin ürəyində müəyyən problemlər vardı. Ağlıma gəldi ki, yəqin ona görə belə deyir. Qapıdan çıxanda bərk-bərk tapşırdı ki, növbəti dəfə mütləq ananla gəl. Xala xətrin qalmasın, növbəti dəfə anamı da götürüb getdim yanına. Evə qayıdanda qiyamət başladı. Anam daş atıb başını tutur, özünü yeyib tökürdü ki, bala, getmə o oğlana. Amma mən heç kimə və heç nəyə baxmadım, dediyimin üstündə qaldım. Bizə dörd gün toy çalındı. Sonra? Sonrası da belə...”

 

Əmək fəaliyyətinə 1992-ci ildə Beylaqan royonu Günəşli qəsəbə məktəbində musiqi müəllimi kimi başlayıb. 1993-cü ildə Cəbrayıl rayonu işğal olunduqdan sonra məcburi köçkün kimi Bakiya qəlib. Əvvəlcə Sabunçu rayonunun 170 saylı orta məktəbində müəllimlik edib. Eyni zamanda Muğam Teatrında işləyib. 1995-ci ildən isə opera müğənnisi kimi Opera və Balet Teatrında işə başlayıb və bu günə qədər Opera və Balet Teatrında yüksək dərəcəli solist kimi çalışır. 2003-cü ildən Azərbaycan Milli Konservatoriyanın muğam kafedrasının müəllimi, 2015-ci ildən baş müəllimi, 2017-ci ildən isə kafedranın dosentidir. 2022-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib...

 

“İyirmi iki ildir ki, Milli Konservatoriyanın müəllimiyəm. Artıq səkkiz ildən çoxdur ki, orda dosentəm. Bilirsiniz, insanlar peşə seçəndə yerlərində olmalıdırlar. Yerində olanları da var, olmayanları da var. Ola bilər ki, birinin çox böyük səsi yoxdur, məşhur müğənni olmayacaq, amma o qədər gözəl bir insandır ki. Belələrini biz böyük səs tembrləri olmadığı üçün heç vaxt kənara qoymuruq. Biz ali təhsil müəssisələrində cəmiyyət üçün dəyərli insanlar yetişdiririk. O gənclərin elə müsbət xüsusiyyətləri gözümüz önünə sərilir ki, düşünürsən, heç də vacib deyil, o məşhur müğənni olsun. Qoy gözəl bir müəllim olsun, gözəl bir ailə başçısı, ailədə gözəl bir tərbiyəçi, ana, ata, yaxud gözəl bir mədəniyyət işçisi olsun. Bilirsiniz, bütün belələri cəmiyyətin xeyrinədir, cəmiyyətə lazım olan insanlardır. Bax bu cür yanaşmaq lazımdır gənclərə. Onlarla dost olmaq lazımdır. Mən belə düşünürəm. Əgər tələbə müəllimi sevirsə o, dərsdə özünü təsdiqləmək üçün edə bilməyəcəyi şeyləri də edəcək. Mənim belə tələbələrim az deyil. Mən onları çox sevirəm. Olduqları kimi qəbul edirəm və bildiklərimi onlarla paylaşıram. Dərsdən əlavə, mən onlara həyat dərsi keçirəm, söhbətlər edirəm. Qəzəllərlə, musiqi ilə, tam başqa bir sahə haqqında ayrca danışıram. Bütün bunlar gənclərin formalaşmasında çox müsbət təsirlərə malikdir, çox böyük dəyərli işlərdir. Həmişə bunları etməyə çalışıram.”- söyləyir.

 

Yuxarıda qeyd etdiyim kimi, Gülüstan xanım həm də 1995-ci ildən Akademik Opera və Balet teatrının solistidir. İlk dəfə "Leyli və Məcnun" operasında Məcnunun anası rolunu oynayıb. Sonra da "Leyli və Məcnun"da Leyli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Sənəm, "Arşın mal alan"da Cahan, "O olmasın, bu olsun"da Sənəm, "Natəvan"da xanəndə qız obrazlarını yaradıb...

Dünən - aprelin 8-i opera müğənnisi, əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülüstan Əliyevanın növbəti ad günüydü. Ona xoşbəxt ad günlərinin sıralanması arzusu ilə!

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2025)

Çərşənbə axşamı, 08 Aprel 2025 16:46

Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək

 

Aprelin 10-dan 13-dək Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək.

Bu barədə AzərTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, aprelin 10-da saat 15:00-dan etibarən paytaxtımızın sakinləri və qonaqları Dənizkənarı Milli Parkda, müxtəlif təyinatlı pavilyonlarda Qətərin milli geyimləri, mətbəxi, musiqi, toxuculuq və kalliqrafiya sənəti nümunələri ilə tanış olacaqlar. Həmçinin sözügedən günlər ərzində həmin ərazidə Qətərdən təşrif buyurmuş musiqiçilərin iştirakı ilə konsertlər keçiriləcəkdir.

Eyni zamanda, aprelin 10-da Heydər Əliyev Mərkəzində Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçiriləcək. Gecədə Qətərin incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq.

Xatırladaq ki, bundan əvvəl ölkəmizdə Qətər Mədəniyyəti Günləri 2009-cu ilin iyun ayında keçirilib.

Qeyd edək ki, 2024-cü ilin fevral ayında Qətərin paytaxtı Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri dost ölkədə mədəniyyətimizin təntənəli təqdimatı ilə yadda qalıb.

Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında əlaqələr iki ölkə rəhbərlərinin qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri zəminində bütün sahələrdə inkişaf edir.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

UNESCO-nun İcraiyyə Şurasının 221-ci sessiyası işini davam etdirir. Sessiya çərçivəsində qurumun yeni Baş direktoru vəzifəsinə namizəd təklif olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, UNESCO-nun Baş direktoru vəzifəsinə 3 nəfər - UNESCO Baş direktorunun Afrika departamenti üzrə müavini, konqolu Firmin Eduard Matoko, UNESCO Baş direktorunun Sosial və Humanitar Elmlər üzrə köməkçisi, meksikalı Gabriela Ramos və Misirin turizm naziri Xalid əl-Anani namizədliyini irəli sürüb.

 

Qeyd edək ki, UNESCO-nun Baş direktoru İcraiyyə Şurası tərəfindən təklif edilir və konfransın təsdiq edəcəyi şərtlərlə Baş Konfrans tərəfindən dörd il müddətinə təyin edilir. Baş direktor 2 dəfə dördillik müddətə təyin oluna bilər, bundan sonra yenidən seçilmək hüququ yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

 

7 aprel 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondu və əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin birgə əməkdaşlığı çərçivəsində Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki, görkəmli türkoloq, alim A.T. Kaydar adına Beynəlxalq Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, mərkəzin açılış mərasimində çıxış edən əl-Farabi Universitetinin rektoru Janseyit Tümebayev bildirdi ki, Universitetin prioritet məsələlərindən biri Türk xalqları arasında körpü yaratmaq və güclü əlaqələr formalaşdırmaqdır. O, Universitetin Filologiya fakültəsi nəzdində açılan Mərkəzin bu mənada uğurlu işlər görəcəyinə olan inamından söz açıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti AktotıRaimkulova, Türk dünyası arasında dostluq və birliyin yaradılması üçün təkcə mədəni deyil eyni zamanda mənəvi sferanın inkişafına da önəm verilməli olduğunu qeyd edib. O, bildirib ki, Türk dünyasının işıqlı gələcəyi üçün “parlaq” gənclərin yetişdirilməsi missiyası bizim üzərimizə düşür.

Tələbələr mərkəzdə nəinki Türk dünyasının tükənməz mədəni irsi və çoxəsrlik tarixi barəsində tədqiqat apara, həm də beynəlxalq layihələrdə iştirak edə biləcəklər. Həmçinin, akademik mobillik proqramı vasitəsilə dünyanın hər yerindən alimlər mərkəzə gələrək öz bilik və təcrübələrini bölüşəcəklər. Bundan əlavə, KazNU (al-Farabi Kazakh National University) tələbələri xarici universitetlərdə təcrübə imkanları qazanacaq və zəngin kitabxana ilə təmin olunacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

21 -dən səhifə 2127

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.