Xəyalə Əfəndiyeva, “Ədəbiyyat və incəsənət” üçün
Aktau şəhərinin 2025-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunması münasibətilə Türk dünyasının mədəniyyət təşkilatlarının rəhbərləri Aktauda toplaşdılar. Möhtəşəm mərasim Qazaxıstan Prezidentinin tədbir iştirakçılarına ünvanladığı müraciətlə başladı, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balaeva çıxış edərək Prezident Kasım-Jomart Tokayevin adından ünvanlanmış təbrik məktubunu səsləndirdi. Tədbirin təşkilatçıları qismində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Mədəniyyəti və İrsi Fondu, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi, eləcə də Manqıstau vilayəti və Aktau şəhəri akimliyi çıxış edirdilər.
Qeyd edək ki, Aktau şəhəri 2025-ci il üçün Türk dünyasının mədəniyyət paytaxtı statusunu 2024-cü ilin noyabrında Türkmənistanın Anau şəhərindən təhvil alıb.
"Paytaxtın Şuşa, Anau, Aktau olmasından asılı olmayaraq bizim missiyamız türk xalqlarının mədəni cəhətdən yaxınlaşmasına xidmət etməkdir, - deyən TÜRKSOY-un baş katibi, Qırğızıstanın xalq yazıçısı Sultan Rayev bizlərə açıqlamasında təşkilatın prioritetlərindən, Azərbaycanda həyata keçirdiyi təşəbbüslərdən və planlarından danışdı.
Son 30 ildə TÜRKSOY türk xalqları arasında mədəni əlaqələrin möhkəmləndirilməsində, ortaq tarixi irsin qorunub saxlanılmasında, incəsənətin inkişafında və vahid mədəniyyət məkanının formalaşmasında mühüm rol oynayıb.
Baş katib vurğuladı ki, TÜRKSOY-un əsas missiyalarından biri türk ölkələrinin mədəniyyət sahəsində inteqrasiya, yaxınlaşma və əməkdaşlıq yolu ilə birləşməsidir. TÜRKSOY son 30 ildə bu istiqamətdə fəal iş apararaq həqiqətən də Türk dünyasını birləşdirən, mədəniyyətimizin qorunub saxlanması və təbliği ilə məşğul olan təşkilata çevrilib.
TÜRKSOY-un Azərbaycanla bağlı mədəni təşəbbüslərindən danışan Baş katib bildirdi ki, son üç il ərzində Azərbaycanda bir çox əlamətdar tədbirlər keçiriblər. Bu istiqamətdə mədəni-humanitar forumlar, media forumları və mədəniyyət məsələlərinə həsr olunmuş tədbirlər xüsusi əhəmiyyət kəsb edir.
O qeyd etdi ki, Azərbaycanda həm də bir sıra teatr festivalları təşkil ediblər. “Bizim ilk teatr festivalımız məhz Azərbaycanda baş tutdu, daha sonra isə kino festivalı keçirildi. Ənənəvi Xarıbülbül festivalında hər il Türk dünyasının sənətçiləri fəal iştirak edirlər - bu, bizim sevimli festivalımızdır. Biz mütəmadi olaraq Şuşada keçirilən bütün tədbirlərdə iştirak edirik. Bundan başqa Azərbaycanda Türk dünyasının tanınmış rəssamlarının sərgisi təşkil edirik” –dedi həmsöhbətimiz.
TÜRKSOY-un ədəbi layihələrindən, türk xalqlarının ədəbi irsinin qorunub saxlanılması və təbliği ilə bağlı planlarından danışan Sultan Rayev diqqətə çatdırdı ki, Azərbaycan yazıçılarının əsərlərinin başqa dillərə bədii tərcüməsi ilə fəal məşğul olurlar. “Bu il Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyini qeyd edirik və bu dahi şairin şeirlərini Türk dünyasının bütün dillərinə tərcümə edirik. Onun yaradıcılığı bütün Türk dünyasının sərvətinə çevrilməlidir. Aprel ayında Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək, bu günlər çərçivəsində biz Bəxtiyar Vahabzadənin qırğız dilində kitabını təqdim edəcəyik” –dedi həmsöhbətimiz.
2025-ci ildə Aktau şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı olmasından danışan Baş katib vurğuladı ki, 2026-cı ildə Özbəkistanın şəhərlərindən biri Türk dünyasının növbəti mədəniyyət paytaxtı elan olunacaq. 2023-cü ildə bu status Şuşaya məxsus olub, ondan sonra isə Türkmənistanın Anau şəhərinə verilib.
Yaxın vaxtlarda TÜRKSOY-un təşkilatçılığı ilə Azərbaycanda Türk dünyasının ilk cizgi filmləri festivalını keçirməyi planlaşdırdığını bildirən Baş katib hazırda bu tədbirə fəal hazırlıq getdiyindən söhbət açdı. Sultan Rayev xüsusi vurğuladı ki, animasiya incəsənətin çox yaradıcı və müasir istiqamətidir və bunu Türk mədəniyyət məkanı çərçivəsində inkişaf etdirməkdən çox şaddırlar.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə müştərək görülən işlərin müsbət nəticələrini diqqətə çatdıran Baş katib ümumilikdə ilin sonuna kimi Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 10-dan çox proqram keçiriləcəyini bildirdi.
Sultan Rayev mətbuata açıqlamasında hal-hazırda Azərbaycanda Mahmud Kaşqari adına Beynəlxalq Fondla yaxından əməkdaşlıq etdiklərindən məmnuniyyətini dilə gətirdi. Kaşğarinin ana vətəninin İssık-kul gölünün sahilində Barskan şəhəri olduğunu bildirən Sultan Rayev məhz Kaşğarinin adını daşıyan Fondla əməkdaşlığın onun üçün həm simvolik, həm də mənəvi dəyəri olduğundan söz açdı. O bildirdi ki, məhz bu gün - aprelin 7-də Qazaxıstanın Milli Universitetində Mahmud Kaşğari Barsqaniyə və Əl-Fərabiyə həsr olunmuş beynəlxalq konfrans keçirilir. Kaşğari Fondunun rəhbərliyi də bu konfransda geniş məruzə ilə iştirak edir.
Sultan Rayev: “Kaşğari Fondu rəhbərliyinin TÜRKSOY-un gördüyü işləri yüksək qiymətləndirməsi, AMEA Elmi Şurasında bizim müştərək fəaliyyətimizdə səmərəli tərəfdaşlığı, şəxsimə böyük ehtiramla "fəxri professor" təltifi ilə bağlı təşəbbüsdə bulunmaları bizləri əlahiddə məmnun edib və bu xeyirxah düşüncələr görəcəyimiz işlərdə bizi daha məhsuldar işləməyə sövq edib” –deyə söylədi.
Baş katib vurğuladı:
- Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin milli təəssübkeşliyi və təşəbbüskar fəaliyyəti, rəhbərlik etdiyi yaradıcı kollektivin məsuliyyətli işbirliyi bizim birgə icra edəcəyimiz mədəniyyət layihələrinin, akademik nəşrlərin həyata keçirilməsi üçün böyük imkanlar yaradır. Fondun oxuculara yenicə təqdim edilən Virtual kitabxanasında görmə imkanları məhdud olan insanların mütaliəsinə dəstək məqsədilə yaradılan "danışan kitab" projesinin, kitabxanada oxuculara səsli təqdim olunan audio kitabların təkcə sosial layihə deyil, insani keyfiyyət üstünlüyü də hədsizdir.
Baş katib bu cür ali vətəndaşlıq borcunu kütləviləşdirməyi digər kitabxana və ictimai birliklərə də tövsiyə etdi, "Müşahidələrimdən çıxış edərək əminliyimi ifadə etmək istəyirəm ki, Cavanşir Feyziyevin başqanlığında Kaşqari Fondu çox yaxın gələcəkdə öz loqosunu Türk mədəniyyəti aləmində brendə çevirəcəkdir", - deyə sözlərinə əlavə etdi.
TÜRKSOY bütün türk dünyasının beynəlxalq səviyyəli ortaq mədəniyyət evidir. Ötən dövrdə böyük inkişaf yolu keçən TÜRKSOY bu günümüzə kimi tarixi nailiyyətlərə imza atdığı kimi hesab edirəm ki, yeni-yeni layihələri reallaşdırmaqla bütün türk dünyasının ortaq etimadını bundan sonra da doğruldacaqdır" - deyə Sultan Rayev fikirlərini yekunlaşdırdı.
“Ədəbiyyat və incəsənət”
(09.04.2025)