
Super User
KİTAB BƏLƏDÇİSİ - Heç nəylə başlamaq
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Maraqlı bir fakt: demək olar hamı həyata eyni cür başlayır – heç nəylə, yada çox az bir şeylə. Amerikanın (və bütün dünyanın) demək olar bütün uğurlu adamları birinci nəsildən olanlardır. Bu o deməkdir ki, bəzi adamlar həyata heç nəylə ya da çox az bir şeylə başlamaqlarına rəğmən istədikləri hər şeyə nail olmuşdurlar.
Amerikanın ən varlı insanlarının demək olar hamısı birinci nəsildirlər. Misal üçün Bill Qeyts, Vorren Baffett, Larri Ellison, Mişel Dell, Pol Allen və s. Milyonçuların tam 80 faizi çox az pulla, qəpiksiz və yaxud da borc içində başlamışlar və Sem Voltonda olduğu kimi həyatlarını dəyişərkən 100 milyard dollarlıq sərvətə malik olmuşdurlar.
Bütün hamının orta səviyyədən yuxarı qalxa bilmədiyi halda bu insanlar zirvəyə necə yüksələ bildilər?
Tomas Stenli və Vilyam Danko “Qonşu Milyonçu” kitabında, 25 il ərzində 500 milyonçudan müsahibə götürmüş və 11 000 dən çoxunu müşahidə etmişdirlər.
Onların hamısından, nə üçün onlarla eyni səviyyədə başlayan insanların maliyyə problemləri ilə mübarizə apardıqları bir vaxtda, onlar maliyyə azadlığı əldə edəcəklərinə bu qədər əmindirlər deyə soruşmuşdurlar. Birinci nəsildən olan milyonçuların tam 85 faizinin cavabı təxminən belə olmuşdur:”Mənim nə təhsilim nə də ağlım digərlərindən üstün olmuşdur, sadəcə digərlərindən daha çox zəhmət çəkməyə hazır olmuşam”.
Brayan Treysi / Bəhanələrə yox (Daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(10.04.2025)
İsveçdə Azərbaycan musiqisi konserti keçirilib
İsveç Krallığının paytaxtı Stokholmdakı Müqəddəs Mixail kilsəsində (Mikaelikyrkan) Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyəti təşkilatçılığı ilə Azərbaycan musiqisi konserti keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, konsertə 100-ə yaxın diaspor nümayəndəsi və İsveçin müxtəlif şəhərlərindən xarici qonaqlar qatılıb.
Açılış nitqi ilə çıxış edən “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətinin sədri Səadət Kərimi Qobustanın tarixi haqqında danışıb. Norveç alimi, səyyahı Tur Heyerdalın diqqətini çəkən qədim petroqliflər haqqında ətraflı məlumat verib. O, çıxışında Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələrindən bəhs edib, Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Asəf Zeynallı və Tofiq Quliyevin bəstəkarlıq irsinin əhəmiyyətini diqqətə çatdırıb.
Türkiyəli opera müğənnisi Burcu Kuru Azərbaycan klassik musiqisinin seçilən nümunələrini ifa edib. Tamaşaçılar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Qızlar xoru”, Fikrət Əmirovun “Sevil“ operasından “Sevilin ariyası”, eləcə də Asəf Zeynallının “Ölkəm” romansını böyük maraq və heyranlıqla qarşılayıblar. Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısı isə tədbir iştirakçılarının xahişi ilə təkrar səsləndirilib.
Höteborqdan gələn tarzən Hüseyn Nəsirli isə Səid Rüstəmovun “Oxu tar” və Vasif Adıgözəlovun “Qərənfil” kompozisiyalarını ifa edib. Onu fortepianoda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Frankfurt-Mayn Ali Musiqi və Teatr Məktəbinin (HfMDK) məzunu, İsveçdə yaşayan Aynur Məlikova müşayiət edib.
“Ədəbiyyat və incəsənət”
(10.04.2025)
Bu gün IV Uşaq Kitab Festivalı açılacaq
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu gün Bakı İdman Sarayında artıq ənənəyə çevrilmiş Uşaq Kitab Festivalının açılışı olacaq. Bu, sayca 4-cü belə festivaldır və ayın 13-nə kimi davam edəcək.
Festival barədə bilgi almaq üçün festivalın təşkilat komitəsində təmsil olunan XAN nəşriyyatının direktoru Səbuhi Şahmursoyla əlaqə saxladıq. O, bizə aşağıdakıları bildirdi:
-“Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşəbbüsü ilə keçirilən festivalın təşkilatçıları Mədəniyyət, Gənclər və İdman nazirlikləri, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ANAİB, sponsoru isə Express bankdır. Festivala ANAİB üzvü olan nəşriyyatlarla yanaşı, digər nəşriyyatlar da qoşula, öz kitablarını təqdim edə biləcəklər.
IV Uşaq Kitab Festivalında minlərlə kitab 90 %-dək endirimlə təklif olunacaq.
Tanınmış ədiblərin təqdimat mərasimləri, imza günləri, məşhurlarla görüşlər, şeir saatları, uşaqlar üçün nağıl və əyləncə saatları təşkil ediləcək.
Tədbirə 30-dan çox nəşriyyat öz xüsusi stendi ilə qatılacaq. Bu da onminlərlə kitabın, 100-dən çox ədibin iştirakı deməkdir.
Festivalda uşaqlar üçün intellektual master-klaslar, əyləncəli müsabiqələr, oxu saatları və səhnəciklər təşkil olunacaq.
-Festivalın təqdim edəcəyi yeniliklər barədə də mümkünsə məlumat verərdiniz.
-Festivalı digər festival və sərgilərdən fərqləndirən cəhət 3 tematik günün olmasıdır. Belə ki, aprelin 11-i festival çərçivəsində Milli Geyimlər Günü elan edilib. Məqsəd uşaqlara Azərbaycanın milli geyimlərini tanıtmaq, onlara milli dəyərləri aşılamaq və mədəni irsimizi yaşatmaqdır.
Aprelin 12-si Peşələr Günü olacaq. Məqsəd müxtəlif peşələrin önəmini vurğulamaq, uşaqları müxtəlif sahələrlə tanış etmək və bu sahələrə maraq yaratmaqdır.
Aprelin 13-ü Mənim Nağıl Qəhrəmanım Günüdür. Məqsəd uşaqlara müsbət xüsusiyyətlər aşılamaq, onların fantaziyasının genişlənməyinə kömək etməkdir.
Əlbəttə ki, fərqli və maraqlı bir festivala şahidlik edəcəyimiz şübhəsizdir. Əziz valideyinlər, uşaqlarınızı kitab bayramına gətirin!
“Ədəbiyyat və incəsənət”
(10.04.2025)
Sabah yağış yağacaq
Aprelin 10-da gözlənilən hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı ehtimalı var.
Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti, dağlarda gecə 4-9° isti, gündüz 9-14° isti olacaq.
“Ədəbiyyat və incəsənət”
(09.04.2025)
Komitə sədri qazi yazarı təbrik etdi
Millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, tanınmış publisist və tarixçi, Milli Məclisin Redaksiya və nəşr işləri şöbəsinin Mətbu nəşrlərin təminatı sektorunun müdiri Lətif Şükroğlunu 65 illik yubileyi münasibətilə təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli Lətif müəllim,
Sizi – vətənə, xalqa və dövlətə xidmət yolunda anlamlı ömür yaşamış, tariximizi, milli kimliyimizi yaşatmaq üçün qəlbi və qələmi ilə çalışmış aydınımızı 65 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Siz jurnalistika, hərbi xidmət, dövlət qulluğu və elmi araşdırmalarda göstərdiyiniz fədakarlıqlarla xalqımızın milli yaddaşına önəmli töhfələr bəxş etmisiniz. Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik sisteminin öyrənilməsi, sərhəd mühafizəsi tariximizin tədqiqi ilə bağlı əsərlərin müəllifi və Qarabağ müharibəsinin canlı şahidi kimi yazdığınız kitablar bu torpağın sədaqətli söz əsgəri olduğunuzu bir daha sübut edir.
Sizin publisistik və elmi fəaliyyətiniz təkcə keçmişin yaddaşı deyil, həm də gələcəyin mayasıdır. Əminəm ki, bundan sonra da istedadınızı və zəngin təcrübənizi dövlətimizə, xalqımıza, mədəniyyətimizə xidmətə yönəltməkdə davam edəcəksiniz.
Sizə uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram”!
Onu da vurğulayaq ki, ehtiyatda olan polkovnik, fəlsəfə doktoru Lətif Şüküroğlu (Babayev) Azərbaycan Xalq Cümhuriyyəti dövrü, ordu qurucukuğu və sərhəd məsələləri üzrə önəmli araşdırmaları ilə tanınır. O, 200-dən çox publisistik və 30-a yaxın elmi məqalənin, bir sıra dəyərli kitabların müəllifidir. Yubiley ərəfəsində müəllifin Azərbaycanın 1918-1920-ci illər sərhəd məsələləri ilə bağlı yeni kitabı gün üzü görüb.
“Ədəbiyyat və incəsənət”
(09.04.2025)
Türklərin döyüş qaydaları
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə Böyük türklər layihəsindəyik, bu gün türklərin döyüş qaydaları barədə danışacağıq.
Türklərin döyüş taktikaları tarix boyunca müxtəlif dövrlərdə çox fərqli strateji yanaşmalarla inkişaf etmişdir. Türk xalqları, xüsusən, Orta Asiyada yaşayan, köçəri həyat tərzi sürən tayfalar, döyüşlərdə çevik, sürətli və səmərəli olmağa üstünlük verirdilər. Bu taktikalara əsaslanan döyüş strategiyaları onların böyük imperiyalar qurmasına və çoxsaylı düşmənlərlə mübarizə aparmasına imkan yaratmışdır. Türk döyüş taktikaları zamanla dəyişsə də, bir çox əsas prinsip və metodlar ümumiyyətlə qorunmuşdur.
Türk döyüşçüləri əsasən atlı döyüşçülərdən ibarət idi. Onlar atları ilə sürətlə döyüş sahəsinə daxil olur, düşməni sürətli manevr və hiylə ilə təəccübləndirirdilər. Türk atlıları, xüsusilə, Göytürk, Səlcuqlu və Osmanlı imperiyalarının dövründə döyüş meydanında çox çevik və mobil olaraq tanınırdılar.
- Manevr qabiliyyəti: Türk döyüşçüləri döyüş meydanında sürətli dövran etməyi, düşməni çaşdırmaq və mübarizəni öz xeyirlərinə çevirmək üçün mükəmməl idarə edirdilər. Bu taktika "atlı hücumları" adlanırdı və düşmənin hətta ən yaxşı mövqelərində belə onları təzyiq altında saxlamağa imkan verirdi.
- Həmlə və geri çəkilmə: Türk atlıları döyüşə başladıqda sürətli hücumlar edir, düşmənin qüvvələrini dağılmağa vadar edir və sonra dərhal geri çəkilirdilər. Bu da düşmənin öz mövqelərini zəiflətməsinə səbəb olurdu.
Türk döyüşçüləri döyüşdə çox çevik və müxtəlif taktikalarla işləyirdilər. Onlar döyüş sahəsini yaxşı öyrənir və düzgün mövqelənmə ilə üstünlük əldə edirdilər.
- Zəif mövqelərin hədəflənməsi: Türk ordusu düşmənin zəif tərəflərinə hücum edərək düşməni çaşdırmağa çalışırdı. Bu, düşmənin müdafiə xəttini sındırmağa və müdafiəsiz hissələri fəth etməyə imkan verirdi.
- Düşməni istismar etmək: Türklər düşmənin psixoloji durumunu da nəzərə alırdılar. Məsələn, düşmənin liderini öldürmək və ya onları sıxışdırmaqla düşmənin əzmini qırmaq taktikasını tətbiq edirdilər.
Türk döyüşçüləri yalnız atlılardan ibarət deyildi, eyni zamanda, yaxşı təchiz olunmuş piyada döyüşçüləri də mövcud idi. Bu piyada qüvvələri döyüşün davamlılıq və müdafiə tələbləri üçün vacib idi.
- Ağır zirehli piyada: Osmanlı İmperiyası dövründə yüngül və ağır zirehli piyada döyüşçüləri, xüsusilə, Yeniçərilər, döyüşlərdə böyük rol oynayırdı. Bu, atlıların çevikliyini tamamlayan bir əlavə qüvvə idi.
Türklər düşməni aldatmaq üçün çox vaxt "geriyə çəkilmə" taktikasını istifadə edirdilər. Burada bir neçə atlı döyüşçü sanki məğlub olub, düşməni irəliləməyə məcbur edirdi. Lakin bu zaman əsas qüvvələr geri çəkilməyi dayandırıb sürətlə hücuma keçir və düşməni heç gözləmədiyi bir anda vururdu. Bu taktika çox vaxt müvəffəqiyyətlə istifadə olunmuşdur.
Türk döyüşçüləri bir çox döyüşdə dağılma taktikası tətbiq edirdilər. Döyüş qrupları fərdi döyüşçülərin çevikliyindən faydalanırdı. Onlar əvvəlcə düşmənin sıralarını pozub, qarışdırır və sonra müəyyən bir mövqedə yenidən toplanırdılar. Bu taktikalar, xüsusilə, Göytürk dövründə geniş istifadə edilirdi.
Türk döyüşçüləri müxtəlif taktikalardan istifadə edərək döyüş sahəsini öz xeyirlərinə çevirmək üçün qarışıq hücumlar həyata keçirirdilər. Bu taktika düşməni məhv etmədən əvvəl çox vaxt onları tələyə salmaq məqsədini daşıyırdı. Bu dövrün ən tanınmış taktikasından biri "atlı quruluşları" idi. Düşmənin mühasirəyə alınması və onları sıxışdırmaq bu döyüş strategiyasının əsasını təşkil edirdi.
Türk xalqları döyüşdə psixoloji üstünlüyə də böyük önəm verirdilər. Düşməni qorxutmaq, onlara psixoloji təzyiq etmək üçün müxtəlif üsullar istifadə edilirdi. Məsələn, düşməni heyrətləndirmək üçün "yəhərli atların" səsləri, qışqırıqlar və digər səs effektlərindən istifadə edirdilər.
Türklərin döyüşdə istifadə etdiyi silahlar və zirehlər də onların döyüş qabiliyyətini artırırdı. Həm atlılar, həm də piyada döyüşçüləri fərqli növ silahlarla təchiz olunurdu. Türk döyüşçüləri, xüsusilə, yay, qılınc və mızraq kimi silahları çox effektiv şəkildə istifadə edirdilər. Bu silahlar həm döyüşdə yaxın döyüşlər üçün, həm də uzaq məsafəli hücumlar üçün çox uyğun idi.
Türklərin döyüş taktikaları onların Orta Asiya steplerindən başlayaraq geniş ərazilərə yayıldığı zamanla inkişaf etmiş və fərqli dövrlərdə müxtəlif dəyişikliklərə uğramışdır. Bununla belə, sürət, çeviklik, manevr qabiliyyəti və psixoloji strategiya daima onların döyüş meydanında ən güclü tərəfləri olmuşdur.
“Ədəbiyyat və incəsənət”
(09.04.2025)
25 yaşındakı Mənin 50 yaşındakı Mənə məktubu - ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bu hekayə sadəcə mənim deyil, hər birimizin öz gələcəyinə yazdığı bir məktubun hekayəsidir. Mən bu məktubu öz gələcək versiyama yazıram, amma eyni zamanda sən də bu yazılarda özünə dair bir şeylər tapacaqsan. Həyatın sirlərini, həyəcanlarını, ümidlərini və mübarizələrini birlikdə yaşayırıq. Mən istəyirəm ki, bu məktub sənin də həyatına bir işıq, bir bələdçi olsun.
Gözəl bir yaz səhəri idi. Günəş yavaş-yavaş üfüqdən boylanır, öz isti nəfəsi ilə həyatı oyadırdı. Təbiət yeni bir günə oyanırdı. Torpaq günəşin isti şüalarını sevgi iləqarşılayır, çiçəklər baş qaldırırdı. Yazın müjdəçisi olan boynubükük bənövşələr günəşin parlaq şüaları altında daha da rəngarəng görünür, xoş qoxusunu ətrafa yayırdı. Günəş yaratdığı bu mənzərə qarşısında qürur duyurdu.
Bu fəsil yeni arzuların, ümidlərin, başlanğıcların fəslidir. Qaranquşların yuvalarına yenidən dönüşü kimi, insanlarda yazın gəlişi ilə yenidən arzularına qayıdır.
Bu yaz səhəri mənə həyatın özünü xatırladır. Hər yeni gün, yeni başlanğıclar üçün bir fürsətdir. Mən də bu gün öz həyatımı yenidən vərəqləmək qərarına gəldim. Bəlkə 25 il sonra bu yaz səhərinin mənim üçün nə qədər dəyərli olduğunu xatırlamaq istərəm. Həyat bəzən xatirələri xatırlayanda daha dərin anlam daşıyır. Pis və ya yaxşı olmağından asılı olmayaraq, xatirələr bizi biz edən və bizi bizə qovuşduran parçalardır.
Bu düşüncələrlə mən də gec olmadan xatirələrimi yada salmaq üçün 25 il sonraki özümə məktub yazmağa qərar verdim. 25 il sonra bu məktubu oxuyanda nə hiss edəcəyimi bilmirəm, ancaq düşünürəm ki, ruhun indiki kimi həyəcanlı və ümid dolu olacaq, gələcəkdəki mən...
Yaz küləyinin gətirdiyi xoş təravəti içimə çəkdim və keçmişdən gələcəyə doğru bir yolçuluğa başladım. Bu yolçuluqda sənə keçmişi və indini xatırladıb, gələcəyin haqqında hiss etdiklərimi bölüşmək istəyirəm...
Salam, gələcəkdəki mən! Ümid varam ki, yaxşısan. Çünki sən hər zaman yaxşı olmağı bacaran biri idin. Hələ də özündə bu gücü hiss edirsənmi? Sənə bu məktubu keçmişdən göndərirəm. Gülməli səslənə bilər... Elədir ki var. Bu məktubu sənə 25 yaşımda, 25 il sonrakı mənə yazıram. Məktubu oxuyanda sən 50 yaşında olmalısan.
Əgər hələ də həyatdasansa... Yazmağı çox sevdiyimi bilirsən. Mövzusundan asılı olmayaraq, mənə toxunan, ilham verən hər şey qələmimin mürəkkəbiylə əbədiyyətə qovuşur. Və ağ vərəqlər də bu ana şahidlik edirlər.
Bir gün yenə yazmaq üçün əyləşəndə düşündüm ki, bu dəfəki hekayənin qəhrəmanı özüm olum. Mənə məndən yazım. Öz həyatıma toxunum. Həyəcanlandığımı hiss etdim. Axı, özüm özümə nə yaza bilərəm – deyə düşünməyə başladım. Mənim hekayəm, mənim həyatım... Bu kimə maraqlı olar, kimin işinə yarayar? Çox düşündüm və ən son qərara gəldim ki, mənim həyatım, mənim hekayəm elə ən çox mənə maraqlı olar. Və gələcəkdəki özümə bir məktub yazaraq, öz hekayəmi, 25 illik keçmişimi və davam edən yaş periodum haqqındakı təsəvvürlərimi sənə xatırlatmaq və bölüşmək istədim. Sən bunlardan xəbərdarsan, ancaq bəlkə də unutmusan, ya da xatırlamaq istəmədiyin xatirələrin var. Bəlkə də gözdən qaçırdığın şeylər də olub. Məsələn: baxıb da görmədiklərimiz. İndi mən sənə hamısını yenidən xatırladacam. Məktubu sona qədər oxu...
İndi sən zamanda yolçuluğa çıxırsan – gələcəkdən keçmişə doğru...
Həyatda elə anlar olur ki, insan dayanıb geriyə baxır. Məsələn: uşaqlıq illərinə. Uşaq olanda hər şey başqa cür görünürdü, elə deyilmi? Dünya daha rəngarəng, insanlar daha səmimi, həyat daha sadə idi. O zamanlar xoşbəxtlik sənə necə də yaxın idi. Bir konfet, rəngli şarlar, isti bir qucaq, xoş nəvaziş, səmanın qucağında yelləndiyini hiss etdirən yelləncək belə yetərdi ki, sən xoşbəxt olasan. Rəngarəng şəkərlərin xoşbəxt etdiyi uşaqlıq – nə zaman böyüyüb xoşbəxtliyi daha çətin bir şey kimi hiss etməyə başladın? Nə zaman bir konfet kifayət etmədi, nə zaman yelləncək səni sevindirmədi, xoş nəvaziş qəlbini titrətmədi? Sadəcə böyümək bizə bu dəyərləri unutdurdu? Bəlkə də böyümək xoşbəxtliyi böyük nailiyyətlərdə axtararkən onu sadəlikdə tapmaqdır.
Böyümək keçmişi unutmaq deyil, əksinə keçmişdən güc almaqdır. Sən hələ də içindəki uşağı xatırlayırsanmı? Böyümüş olsan da, bir konfet səni sevindirə bilərmi?
Yoxsa sən hələ də xoşbəxtliyi daha uzaqlarda axtarırsan?
İndi gözlərimi yumuram və uşaqlığıma qayıdıram. Həmin günlər, yaşadığım anlar, o hisslər təkrarsız bir film kimi gözümün önündən keçir. O filmin baş qəhrəmanı mənəm – dünyaya maraqla baxan, şıltaqlığı ilə hər anın dadını çıxarmağı bacaran balaca bir uşaq. Durmadan qaçıram. Bir səbəb axtarmadan. Sadəcə ruhum qaçmaq istəyir və bu məni xoşbəxt edir. İstədiyim qədər oyun oynayıram. Günəşin isti şüalarından zövq alıram.
Bəzən otların arasında gizlənib səmanın sonsuz gözəlliklərini seyr edərək saatlarla xəyallara dalardım. Məni axtarsalar belə tapa bilmirdilər. Mən hələ uşaq ikən səssizliyə çəkilməyi çox sevərdim. Bu zaman mən özümü tapırdım. Heç bir qayğı duymadan sadəcə öz hisslərimlə hərəkət edirdim. Bəzən də etdiyim yanlışlara görə ən çox cəza alan uşaq olmuşam. Ancaq bu mənim etmək istədiklərimə əngəl olmayıb. İnad olsun deyə yenidən eyni şeyi edirdim. Sanki içimdən bir səs “Sən azadsan, niyə dayanırsan?” deyirdi. Mən də o səsə qulaq asırdım, çünki azad olduğumu hiss etmək mənə hər şeydən önəmli idi.
Yadındadır işıqlar sönəndə hamımız anamın başına yığışardıq. O bizə nağıllar danışardı, biz də bu nağıllara qulaq asıb, özümüzü tapmağa, bir nağıl qəhrəmanı olmağa çalışardıq. Şamın zəif işığında tavanda əllərimizlə heyvanları canlandırardıq. Və biz işıqların yanmasına heç istəməzdik. Çünki xoşbəxt idik. Uşaqlıq qayğısız yaşamağın yeganə dövrüdür. Bəlkə də bunu hiss etdiyim üçün mən hər şeyə inad edərək sadəcə xoşbəxt olmağa çalışırdım. Çünki bu yaşlarda hər şey xoş idi və hər şey mümkünsüz görünmürdü.
İndi uşaqlığıma qayıdanda düşünürəm ki, sən yenə də həmin balaca qızsan. İçindəki şıltaq, azad ruhlu qız hələ də oradadır. Dəyişən sadəcə böyüməyin və azadlığının qayğılar altında gizlənməsidir. Bəs indi o uşağı hələ də xatırlayırsanmı?
Böyüdükcə o qızın səsinə daha az qulaq asmağa başladın. Bəzən isə heç eşitmədin.
Həyatın sənə yüklədiyi qayğılar, yaşadığın çətin anlar səni başqa insana dönüşdürdü. Olmaq istəmədiyin birinə çevrildin.
Həyat sənə qaydalara riayət etməyi tələb edirdi. Bu qaydaları kimin yazdığını, formalaşdırdığını bilmirdim, ancaq sən istəsən də, istəməsən də bu qaydaların təsirinə məruz qalırdın. Və mən ruhumun azad yox, məhkum olduğunu hiss edirdim. Bu isə məndə yad bir xarakter formalaşdırırdı. İndi etdiyim səhvlərimin cəzası bir neçə saatlıq qadağalar deyil, indi hər addımımın nəticəsi var. Bu da məni hər an seçimlərimi düşünməyə vadar edir. Mən böyüdüm, təhsil aldım, evləndim, övlad sahibi oldum.
İndi bu məktubu bir ana olaraq yazıram. Mən ki dünən uşaq idim, nə zaman ömrümün bu çağına gəldim? Sanki bir yuxudur, bəzən bitməsini istəmirəm, bəzən isə bu yuxudan oyanmaq istəyirəm.
25 il əvvəl, sən gənc, hədəfləri olan, məqsədlərinə çatmaq üçün çalışan biri idin. Hər şeyə tez çatmaq üçün tələsirdin. Sanki hər şeyə gec qalırdın. Yaşıdların uğur qazanaraq öz həyatlarını qurarkən sən hələ də tələsə-tələsə öz hədəflərinə çatmaq üçün çalışırdın. Ancaq uğur qazana bilmirdin. Hər dəfəsində fərqli gerçəklərlə qarşılaşırdın. Və bu, sənin enerjinin tükənməsinə səbəb olurdu. Bəzən düşünürdün: “O qədər çalışıram, niyə hər şey istədiyim kimi olmur?”
Zaman keçdikcə fikirləşdim ki, bəlkə də bunları yaşamaq bir ehtiyac imiş məni daha güclü etmək üçün. Hərdən ətrafdakı insanlara göz gəzdirirdim. Həyatın axarına uyub, onu olduğu kimi qəbul edənlər də vardı, durmadan çalışıb bir şeylər əldə etmək istəyənlər də. Bəzən mən də elə olmaq istəyirdim həyatı ciddiyə almadan yaşamaq, heç bir şey etmədən, üzərimə məsuliyyət yükləmədən yaşamaq. Ancaq bu mənə yad bir xüsusiyyət idi. Hər nə qədər uğursuzluğa düçar olsam da mən durmağı bacarmıram. Ümidsizliyə qapılıb isyan etsəm də mən mübarizə aparıram, başqa yollar axtarıram. Bir qapı bağlandısa, yeni qapını açmaq üçün çalışıram.
Anladım ki, Mənim həyat fəlsəfəmdə durmaq yoxdur. Həyat bir yoldursa, mən bu yolun yolçusuyam. Mən bilirəm ki, dayansam, artıq mən olmayacağam. Çünki mənim ruhum mübarizə aparmaq üçün yaradılıb.
Bəs indi sən hara gedirsən? Hələ də bir yolçusan, yoxsa sən artıq ünvanına çatmısan?
Görəsən, olmaq istədiyim məni yarada bilmisən? Bu məktubu oxuyanda 25 il əvvəlki sənə nə demək istərdin? Sən, olmaq istədiyin məni yarada bildin, deyərdinmi? İndi sən bu sualın cavabını bilirsən, ancaq mən bundan xəbərsiz yoluma davam edirəm.
Bəzən tələsirəm, bəzən də səbirli olmağa çalışıram. 25 yaşımda həm güclüyəm, həm də zəifəm. Həm ümidliyəm, həm də bəzən suallarla doluyam. Bəlkə də 25 yaşın gözəl tərəfi hələ bütün qapıların açıq olmasıdır. Və mən hələ də xəyal qura bilirəm, arzularıma çata bilirəm.
Bu yolun çətinliklərinə baxmayaraq, bu yolçuluqdan vaz keçmək fikrim yoxdur. Çünki bu hekayənin qəhrəmanı mənəm və qəhrəmanlar özlərindən sonra mütləq ki, bir iz buraxırlar. Mən də bir iz buraxmaq üçün bu yoldayam. Qəhrəmanlar heç zaman yarımçıq qalmırlar, onlar hər zaman sona qədər mübarizə aparırlar. Mən də mübarizə apararaq bu hekayəni yazmağa davam edirəm.
25 il sonrakı mənə suallarım çoxdur. Əziz 50 yaşımdakı mən, “Hədəflərinə çata bildinmi?,” “Hələ də mübarizə aparırsanmı?,” “İçindəki o uşağı, gənclik həvəsini qoruyub saxlaya bildinmi?,” “Hələ də yazırsanmı, insanların qəlblərinə toxuna bildinmi?”
Bu sualların cavabını almaq üçün 25 il gözləməliyəm, ancaq sən artıq cavabını bilirsən.
Sənə son olaraq hiss etdiklərimi yazmaq istəyirəm. Bilirəm, həyat dəyişir, sən də dəyişəcəksən, ancaq içindəki o azad ruhu, tərsliyini, inadkarlığını, mübarizə əzmini itirmə, yaxşımı? Və bil ki, bu məktubu sənə inamla, sevgi ilə yazıram. Ümid edirəm, sən də eyni inamla yoluna davam edirsən...
Sevgilərlə, 25 yaşındakı sən!
“Ədəbiyyat və incəsənət”
(09.04.2025)
Yaşlılar Evi: qocalığın cəzası, yoxsa həyatın yeni başlanğıcı? -AKTUAL
Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Elə məsələlər var ki, onlar bizim cəmiyyətin mentaliteti ilə heç cür uzlaşmır. Məsələn, yaşlılar evinə münasibət.
Bizdə bir adam yaşlananda onu yaşlılar evinə yerləşdirmək adətən qınanılır. Sanki bu, ailənin dağılması, övladların nankor olması, yaşlının isə tənha və sahibsiz biri olması kimi qiymətləndirilir.
Yaşlılar evindəki şərait də çox vaxt bu münasibətə “əl qatır”. Bizdə yaşlılar evi adətən kasıblar üçün nəzərdə tutulmuş, darıxdırıcı, soyuq və köhnə binalarla assosiasiya olunur. Belə olanda da insan könüllü şəkildə ora getməz, bu addımı yalnız məcbur qaldıqda atar.
Xaricdə isə mənzərə tamam fərqlidir. Bir çox inkişaf etmiş ölkələrdə yaşlı insanlar ömürlərinin son illərini daha rahat, sosial və baxımlı şəraitdə keçirmək üçün könüllü şəkildə yaşlılar evinə üz tuturlar. Bu yerlər bəzən qocalar üçün "second youth" – ikinci gənclik kimi qiymətləndirilir. Onlar burada öz yaşıdları ilə söhbət edir, oyunlar oynayır, hətta yeni münasibətlər qurur və aktiv həyat tərzi yaşayırlar. Üstəlik, bu qərar ailəyə yük olmaq istəməməklə də əlaqəlidir – bir çox insan bilir ki, yaşlandıqca fiziki və psixoloji baxımdan başqasının köməyinə ehtiyac artacaq və bu məsuliyyəti övladlara yükləmək düzgün deyil.
Bizdə isə ailə quruluşu və mentalitet fərqlidir. Valideyn övladını çox zaman gələcəyə yatırım kimi görür – yəni, “Mən bu uşağı böyüdürəm ki, sabah o da mənə baxsın.” Bu isə çox köhnə, zəncirvari bir mexanizmdir. Halbuki uşaqlar bu dünyaya bu məsuliyyəti könüllü şəkildə götürərək gəlmirlər. Əksinə, bir çox hallarda valideynin övladına bu cür yük yükləməsi, onun da azadlığını, gələcəyini məhdudlaşdırır.
Əlbəttə, bu yazı “valideynlərinizi tutub yaşlılar evinə verin” mesajı vermir. Amma məsələni daha sağlam bir şəkildə müzakirə etməyə çağırır. Əgər yaşlılar evində elə bir şərait yaradılsa ki, insan ora məcbur yox, sevinə-sevinə gedə bilsin – bu artıq bir cəza yox, seçim olar. Yəni adam desin: “Hə, yaşlandım, indi bir az da özüm üçün yaşayım.”
Bizdə isə hələ də yaşlılar evi dedikdə ağıla ilk gələn fikir bu olur: “Oğlum-qızım məni atıb bura.”
Əslində, yaşlılar evləri cəmiyyətin yaşa və yaşlılara münasibətinin bir güzgüsüdür. Çünki insan üçün ən böyük ehtiyac təkcə baxılmaq deyil, həm də özünü dəyərli hiss etməkdir.
Artıq bəzi ailələrdə övladlar gizlində valideynin ölümünü gözləyir. Qocalmış, yatağa möhtac ata-ana onlar üçün sevgi yox, yükə çevrilib. Bu yükdən azad olmaq üçün dua edən, içindən “nə vaxt qurtaracağıq bu əzabdan” deyə düşünən insanlar var. Və bu reallıq çox vaxt göz yaşının, fəryadın, “ana-can, ata-can” sözlərinin arxasında gizlənir. Amma hər kəs bilir ki, bu ikiüzlü sevginin alt qatında nə dayanır: bezginlik, narazılıq və bir az da miras ümidi.
Amma gəlin bu insanları dərhal qınamayın. Bu, onların əclaf olması ilə deyil, insan təbiətinin rahatçılıq axtaran mahiyyəti ilə bağlıdır. Hər bir insan çətinlikdən qaçmağa meyllidir, bu da həyatın sərt həqiqətidir.
Əgər həqiqətə baxırıqsa, bizlər elə yaradılmışıq ki, sevgimizi və qayğımızı gələcək nəsillərə ötürmək istəyirik. Valideyn uşağını sevir, sonra həmin uşaq da öz övladına eyni sevgini yönəldir. Bu bir zəncirdir və həmin zəncirin içində heç bir övlad valideynin onu sevdiyi qədər geri qaytara bilmir. Valideynə qulluq çox zaman bir sevgi deyil, bir mənəvi borc, bir vicdan səsi olur.
“Ədəbiyyat və incəsənət”
(09.04.2025)
“Ədəbi yaradıcılığı dayanan xalqın düşüncəsi də dayanır” - Tomas Eliotun aforizmlərindən seçmələr
“Ədəbiyyat və incəsənət” portalı bu gün sizlərə ƏDƏBİYYAT ÜZRƏ NOBEL MÜKAFATI LAUREATI Tomas Eliotun aforizmlərindən seçmələri təqdim edir. Tərtibçi İlham Abbasovdur.
– Yanız çox uzağa getməyi bacaran adamlar nəyə qadir olduqlarını bilirlər.
– Həmişə qara gözlük taxan adamlar dünyanın nə vaxtsa işıqlı olacağını gözləyə bilməzlər.
– Çox yerlər gəzəndən sonra öz evinə qayıdanda sanki onu ilk dəfə görürsən.
– Öz əlyazması üzərində işləyən müəllif yazıçıdan çox tənqidçiyə bənzəyir, çünki onun gördüyü işlərin hamısı tənqidçi işidir.
– Bilmirəm, tamam ziyansız kitablar varmı, amma bilirəm, o qədər təsirsiz kitablar var ki, heç bir ziyan vura bilməzlər.
– Çox zaman ümidsizlik saydığımız vəziyyət həyata keçməyən arzular üçün məyusluq hissidir.
– Ədəbi yaradıcılığı dayanan xalqın düşüncəsi də dayanır.
– Xalqı məhv etmədən dili məhv etmək olmaz.
– Ehtiyacı olanda dost tapan adam xoşbəxt adamdır.
– Yaxşı şairin pis şairdən fərqi odur ki, onun şeirlərində şəxsiyyətinin möhürü var.
–Gənc şairlər kimisə təqlid etməklə, yetkinlər isə plagiatla məşğul olurlar.
– Böyük poeziya eyni zamanda həm sənət, həm də əyləncədir.
– Əsl poeziya anlamaq üçün deyil, duymaq üçündür.
– Şairin vəzifəsi yeni duyğular yaratmaq deyil, köhnələrə yeni məna verməkdir.
– Yazıçılar iki cür olur – uğurlular oxucu ilə danışır, uğursuzlar özləri ilə.
– Bir-birimizin həyatını asanlaşdırmırıqsa, niyə yaşayırıq?
– Demokratiya şəraitində şəxsiyyət olmaq daha çətindir.
– Poeziyanın məqsədi şairin öz qəlbindəki duyğuları oxucunun qəlbində oyatması deyilsə, bəs nədir?!
– Poeziya sairin damarlarında axan qanın mürəkkəbə çevrilməsidir.
– Ənənələri irsən almaq olmaz, onları qazanmaq lazımdır.
– Danışmaq düşünməyə kömək edir.
– Kişilər unutduqlarının, qadınlar xatırladıqlarının hesabına yaşayırlar.
– Bilik qazanmaq xatirinə müdrikliyimizi, məlumat qazanmaq xatirinə biliyimizi itiririk.
– Naşirlərin çoxu uğursuz yazıçılardır, elə yazıçıların da çoxu elədir.
– Müasir sivilizasiyada şair olmaq əvvəlkilərdən çətindir.
– Əsl ədəbi əsərin yaranması müəlliflə qəhrəmanın şəxsiyyətinin qovuşması hesabına mümkündür.
– Radio elə bir əyləncə vasitəsidir ki, milyonlarla insanı birləşdirərək onların tənha qalmalarına imkan yaradır.
– Poeziya dilin yalnız dəyişməsinə deyil, həm də dəyişməməsinə xidmət etməlidir.
“Ədəbiyyat və incəsənət”
(09.04.2025)
DİNİMİZ- Kəbənin mühafizəçisi: Əbadil quşu
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Bu gün fərqli bir mövzu haqqında danışmaq qərarına gəldim. Əbabil quşu İslam tarixində və Quranda əhəmiyyətli bir mövqe tutan və Allahın qüdrətini simvolizə edən hadisələrlə əlaqələndirilən möcüzəvi bir varlıqdır. Quranda Əbabil quşlarının adı Əl-Fil surəsində çəkilir və onların Məkkəni qorumaq üçün Allah tərəfindən göndərilməsi ilə bağlı bir hadisə təsvir edilir.
Bu məqalədə Əbabil quşunun tarixi, onun İslam mədəniyyətindəki yeri və Qurandakı rolu haqqında ətraflı məlumat veriləcəkdir.
Əbabil Quşunun Tarixi
Əbabil quşu ilə bağlı ən məşhur hadisə, Efiopiya (Həbəşistan) hökmdarı Əbrəhənin Kəbəni dağıtmaq üçün Məkkəyə doğru hərəkət etdiyi zaman baş vermişdir. Əbrəhə, Yəmən hakimi olaraq, öz ölkəsində böyük bir kilsə inşa etdirmiş və ərəb yarımadasının dini mərkəzini bu kilsəyə çevirməyi hədəfləmişdi. O, Məkkədə yerləşən Kəbəni məhv edərək bu məqsədini həyata keçirmək istəmişdir. Bunun üçün Əbrəhə, böyük bir fil ordusu toplayaraq Məkkəyə hücum etmək qərarına gəlmişdi. Bu hadisə İslam tarixində “Fil İli” kimi tanınır və bu ilin, peyğəmbər Məhəmmədin doğum ili ilə üst-üstə düşdüyü hesab olunur.
Əbrəhənin Məkkəyə hücumu zamanı Allahın müdaxiləsi baş verdi. Əbrəhənin ordusu Məkkəyə yaxınlaşdığı zaman, Allahın iradəsi ilə səma üzərindən böyük dəstə halında gələn Əbabil quşları göndərildi. Bu quşlar düşmən ordusunun üzərinə gildən biçilmiş daşlar ataraq onları məhv etdilər. Bu hadisə, İslam mədəniyyətində Allahın öz müqəddəs evini qorumaq üçün etdiyi möcüzəvi müdaxilə kimi qəbul edilir.
Quranda Əbabil Quşunun Yeri
Quranda Əl-Fil surəsində Əbabil quşlarının hadisəsi geniş şəkildə təsvir edilir. Surə, Allahın Əbrəhənin fil ordusunu məhv etmək üçün göndərdiyi Əbabil quşlarının hərəkətlərini təsvir edir. Quranda bu barədə belə deyilir:
“Məgər Rəbbin fil sahiblərinə nə etdiyini görmədinmi? Məgər onların hiylələrini boşa çıxarmadımı? Onların üzərinə dəstə-dəstə quşlar göndərdi. O quşlar onlara biçilmiş gildən daşlar atırdı və beləliklə, onları yeyilmiş əkin yarpaqları kimi etdi.” (Quran, 105:1-5)
Bu ayələrdən aydın olur ki, Əbabil quşları Allahın iradəsini yerinə yetirən xüsusi bir qüvvədir. Quranda onların hansı quş növü olduğu və ya onların necə göründüyü barədə dəqiq məlumat verilmir. Ancaq İslam alimləri arasında bu quşların möcüzəvi və xüsusi bir növ olduğuna dair inam geniş yayılmışdır. Bəzi alimlərə görə, bu quşlar kiçik və sürətli uçuş qabiliyyətinə malik bir quş növü ola bilərdi. Onların daş yağdırma qabiliyyəti isə Allahın möcüzəvi gücünün bir təzahürü kimi qəbul edilir.
Əbabil Quşunun İslam Mədəniyyətindəki Rolu
Əbabil quşları, İslamda Allahın qüdrətinin və mərhəmətinin simvolu olaraq qəbul edilir. Bu hadisə, Allahın öz müqəddəs evini və inananlarını qorumaq üçün hər zaman müdaxilə edəcəyinə dair dərin bir inamı təmsil edir. Əbabil hadisəsi, İslam mədəniyyətində imanlı insanların Allahın iradəsinə tabe olmasının və ona güvənməsinin əhəmiyyətini vurğulayan bir simvol olaraq qalır.
Müsəlmanlar arasında bu hadisə, Allahın istədiyi zaman möcüzəvi yollarla kömək göndərə biləcəyinə dair güclü bir inam yaratmışdır. Əbabil quşları, həmçinin Allahın ədalətini və düşmənləri məğlub etmək üçün möcüzəvi qüdrətini təcəssüm etdirir. İslam tarixində, bu hadisə Məkkənin və Kəbənin müqəddəsliyini təsdiqləyən bir sübut kimi qəbul edilir. Bu hadisə, eyni zamanda, İslamın ilk illərində Allahın müdafiəsini təmin edən mühüm bir hadisə kimi qəbul olunur.
Əbabil Quşunun Ədəbi və Mədəni Təsiri
Əbabil quşlarının hekayəsi yalnız İslam dini ədəbiyyatında deyil, həm də İslam dünyasında geniş yayılmış ədəbiyyat və sənətdə öz əksini tapmışdır. Bu hadisə, İslam incəsənətində və xalq ədəbiyyatında Allahın qüdrətinin təsdiqi olaraq təsvir edilir. Xüsusilə İslam miniatür sənətində Əbabil quşlarının fil ordusuna qarşı mübarizəsini təsvir edən əsərlər mövcuddur. Həmçinin, bu hadisə İslam şeirində və mənəvi yazılarında da geniş yer almışdır.
Əbabil quşlarının hadisəsi, müsəlmanlar arasında Allahın qüdrətinin və müdafiə qüvvəsinin simvolu olaraq qalır. Bu hadisə, Allahın bəndələrini və müqəddəs yerlərini qorumaq üçün hər zaman möcüzəvi yollarla müdaxilə edə biləcəyinə dair bir inamı gücləndirir.
Əbabil quşları İslam tarixində və Quranda Allahın iradəsini yerinə yetirən və müqəddəsliyi qoruyan bir möcüzəvi qüvvə kimi qəbul edilir. Quranda yer alan bu hadisə, Allahın istənilən şəraitdə öz bəndələrini və müqəddəs yerlərini qorumaq üçün müdaxilə edəcəyinə dair dərin bir inamı təmsil edir. Əbabil quşları, İslam mədəniyyətində Allahın qüdrətini və qoruyuculuğunu xatırladan mühüm bir simvol olaraq qalır.
“Ədəbiyyat və incəsənət”
(09.04.2025)