Bu gün IV Uşaq Kitab Festivalı açılacaq Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Bakı İdman Sarayında artıq ənənəyə çevrilmiş Uşaq Kitab Festivalının açılışı olacaq. Bu, sayca 4-cü belə festivaldır və ayın 13-nə kimi davam edəcək.

Festival barədə bilgi almaq üçün festivalın təşkilat komitəsində təmsil olunan XAN nəşriyyatının direktoru Səbuhi Şahmursoyla əlaqə saxladıq. O, bizə aşağıdakıları bildirdi:

 

-“Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşəbbüsü ilə keçirilən festivalın təşkilatçıları Mədəniyyət, Gənclər və İdman nazirlikləri, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ANAİB, sponsoru isə Express bankdır. Festivala ANAİB üzvü olan nəşriyyatlarla yanaşı, digər nəşriyyatlar da qoşula, öz kitablarını təqdim edə biləcəklər.

IV Uşaq Kitab Festivalında minlərlə kitab 90 %-dək endirimlə təklif olunacaq.

Tanınmış ədiblərin təqdimat mərasimləri, imza günləri, məşhurlarla görüşlər, şeir saatları, uşaqlar üçün nağıl və əyləncə saatları təşkil ediləcək.

Tədbirə 30-dan çox nəşriyyat öz xüsusi stendi ilə qatılacaq. Bu da onminlərlə kitabın, 100-dən çox ədibin iştirakı deməkdir.

Festivalda uşaqlar üçün intellektual master-klaslar, əyləncəli müsabiqələr, oxu saatları və səhnəciklər təşkil olunacaq.

 

-Festivalın təqdim edəcəyi yeniliklər barədə də mümkünsə məlumat verərdiniz.

 

-Festivalı digər festival və sərgilərdən fərqləndirən cəhət 3 tematik günün olmasıdır. Belə ki, aprelin 11-i festival çərçivəsində Milli Geyimlər Günü elan edilib. Məqsəd uşaqlara Azərbaycanın milli geyimlərini tanıtmaq, onlara milli dəyərləri aşılamaq və mədəni irsimizi yaşatmaqdır.

Aprelin 12-si Peşələr Günü olacaq. Məqsəd müxtəlif peşələrin önəmini vurğulamaq, uşaqları müxtəlif sahələrlə tanış etmək və bu sahələrə maraq yaratmaqdır.

Aprelin 13-ü Mənim Nağıl Qəhrəmanım Günüdür. Məqsəd uşaqlara müsbət xüsusiyyətlər aşılamaq, onların fantaziyasının genişlənməyinə kömək etməkdir.

 

Əlbəttə ki, fərqli və maraqlı bir festivala şahidlik edəcəyimiz şübhəsizdir. Əziz valideyinlər, uşaqlarınızı kitab bayramına gətirin!

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.