İsveç Krallığının paytaxtı Stokholmdakı Müqəddəs Mixail kilsəsində (Mikaelikyrkan) Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyəti təşkilatçılığı ilə Azərbaycan musiqisi konserti keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, konsertə 100-ə yaxın diaspor nümayəndəsi və İsveçin müxtəlif şəhərlərindən xarici qonaqlar qatılıb.
Açılış nitqi ilə çıxış edən “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətinin sədri Səadət Kərimi Qobustanın tarixi haqqında danışıb. Norveç alimi, səyyahı Tur Heyerdalın diqqətini çəkən qədim petroqliflər haqqında ətraflı məlumat verib. O, çıxışında Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələrindən bəhs edib, Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Asəf Zeynallı və Tofiq Quliyevin bəstəkarlıq irsinin əhəmiyyətini diqqətə çatdırıb.
Türkiyəli opera müğənnisi Burcu Kuru Azərbaycan klassik musiqisinin seçilən nümunələrini ifa edib. Tamaşaçılar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Qızlar xoru”, Fikrət Əmirovun “Sevil“ operasından “Sevilin ariyası”, eləcə də Asəf Zeynallının “Ölkəm” romansını böyük maraq və heyranlıqla qarşılayıblar. Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısı isə tədbir iştirakçılarının xahişi ilə təkrar səsləndirilib.
Höteborqdan gələn tarzən Hüseyn Nəsirli isə Səid Rüstəmovun “Oxu tar” və Vasif Adıgözəlovun “Qərənfil” kompozisiyalarını ifa edib. Onu fortepianoda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Frankfurt-Mayn Ali Musiqi və Teatr Məktəbinin (HfMDK) məzunu, İsveçdə yaşayan Aynur Məlikova müşayiət edib.
“Ədəbiyyat və incəsənət”
(10.04.2025)