Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. Bu dəfə rubrikamızda şair Ayaz Səlimxanoğlu debüt edəcək. 

“Qatar gözləyirdik” şeirində nədən bəhs edir şair? 

 

Qatar gözləyirdik yağışlı gündə,

Mən çətirli idim o qız çətirsiz.

Yağışdan islanıb yanıma gəldi,

O, gül ətirliydi, mən də ətirsiz.

 

Gözəl bir sevgi şeiridir. 

Mükəmməl yazıb, deyilmi? 

 

QATAR GÖZLƏYİRDİK

Qatar gözləyirdik yağışlı gündə,

Mən çətirli idim o qız çətirsiz.

Yağışdan islanıb yanıma gəldi,

O, gül ətirliydi, mən də ətirsiz.

 

Çətirdən boylandı nəmli baxışı,

Toxundu üzümə ipək telləri.

Unutdum qatarı, yağan yağışı,

Açıldı önümdə payız gülləri.

 

Gözünün qarası, dodaq boyası,

Qarışıb yağışla gözümə düşdü.

Çətirdən asılan yağış damlası,

Göz-gözə baxanda üzümə düşdü.

 

Bütün xəyallarım qatarla getdi,

İllərdir yolumu ordan salıram,

İstər yağış olsun istərsə günəş,

Hər qatar gələndə çətir alıram.

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2024)

Bazar ertəsi, 18 Noyabr 2024 17:15

Gülüş klubu üzüqızaranlar

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Diqqət etçisinizmi, quşlar daha çox moykadan təzə çıxmış maşınları batırırlar. 

2.

Diqqət!

Çox ağıllı bir it itibdir.

Toplan! Əgər sən bu elanı oxuyursansa, qayıt evimizə!

3.

Xəbər verdiyimiz kimi, Bünyadlı kəndinin sakini yeni doğulmuş oğlunun adını Kopiyirmidoqquz qoyub. 

O, degörəknöqtəkom saytına verdiyi müsahibədə deyib:

-Mənim atam kiçik qardaşıma Lissabonsammiti adını qoyduqdan sonra mən də ailə quranda övladlarıma beynəlxalq adlar qoymağı əhd etmişdim. 2020-də qızım doğuldu, adını Pandemiya qoydum. Budur, indi də Kopiyirmidoqquz dünyaya gəldi. Çox məmnunam ki, multikulturializmə mənim də qatqım var. 

4.

Sabunçu qəsəbəsində leysan yağışından sonra tuneli su basması nəticəsində bədbəxt hadisə baş verməsi səbəbindən Bakı Şəhər İcra Hakimiyyəti ciddi ölçü götürüb. Belə ki, tunel cəzalandırılıb.

5.

Bir vaxtlar insanlarda abır-həya var idi, utanıb qızarma var idi.

İndisə yalnız hipertoniklər və alkoqoliklər qızarırlar. 

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2024)

Nigar Xanəliyeva “Ədəbiyyat və incəsənət”

 

İlahi bir sirr kimi gəlir bəzən həyatın özü. Sanki hər şey öncədən yazılıb, amma sən oxumağı bilmirsən. Bir səhifə çevrilər qarşında naməlum bir cümlə. Sözləri anlaya bilmirsən, amma ürəyində bir ağırlıq, bir titrəmə hiss edirsən. Bilirsən ki, bu cümlə sənindir – sənə aid bir işarədir, ancaq onu dərk etmək üçün doğru bir məqam, doğru bir vasitə lazımdır.

 

Bəzən bu vasitələr təsadüf adlanır. Amma təsadüflərin ilahi bir əl tərəfindən toxunmuş olduğunu dərk etmək üçün dərindən baxmaq lazımdır. Yolunu itirdiyin bir gün heç gözləmədiyin bir küçədə sənə doğru uzanan bir əl… Bu, sıradan bir hadisə kimi görünə bilər. Amma bəlkə də bu əl illərdir səni axtaran başqa bir ruhun cavabıdır.

Eşq də bəzən bir təsadüf kimi gəlir. İki insanın gözləri görüşər, amma bu görüş ilk dəfə deyil, sanki əbədiyyət boyu bir-birinə baxırmışdır. Bu anı yalnız "təsadüf" adlandırmaq azdır. Bu sənin keçmişdə verdiyin hansısa bir qərarın, hansısa bir duanın cavabı ola bilər.

İlahi təsadüflər səni çaşdırar, amma bir o qədər də heyran qoyar. Təsəvvür et: illərlə içində daşıdığın bir həsrət var – adını bilmədiyin, amma hər gecə yuxularında hiss etdiyin bir duyğu. Sonra bir gün tamamilə təsadüfi bir anda biri qarşına çıxar. Sən onu tanımırsan, amma ürəyindəki sükut ona cavab verər. Sanki o sənə çox əvvəldən məlum olan, amma tanımaq üçün bu məqamı gözləyən bir ruhdur.

Bir dəfə biri mənə dedi:

-Heç hiss etmisənmi ki, bəzi insanlar sənin həyatına yalnız səni bir şey öyrətmək üçün gəlir? Onlar sənin nə vaxtsa itirdiyin bir parçanı tapmağa kömək edərlər, amma qalmazlar.

Bu sözlərdə böyük bir həqiqət gizlidir. İlahi təsadüflər yalnız həyatın axışını dəyişdirmək üçün yaranmır, həm də səni özünlə qarşılaşdırmaq üçündür. Hər təsadüfün altında bir məna yatır – bir işarə, bir yol, bəzən də bir xəbərdarlıq.

Həsrət, eşq və təsadüf bir-birini tamamlayır. Həsrət səni axtarmağa məcbur edir, təsadüf səni doğru məqamda doğru yola çıxarır, eşq isə sənə bu yolun mənasını göstərir. Amma onların hər üçü naməlumdan məluma keçidin bir vasitəsidir.

Bəlkə də sən bu yazını oxuyarkən belə həyatında baş verən kiçik bir hadisəni xatırlayırsan. İlk baxışdan əhəmiyyətsiz görünən bir təsadüf… Amma indi fikirləşirsən: "Bəlkə bu təsadüf mənim həyatımda bir işarə idi. Bəlkə də mən onu düzgün oxumadım."

Bütün bunları dərk etmək üçün yalnız bir şey lazımdır – öz ürəyinə qulaq asmaq. Çünki ilahi təsadüflər bəzən səninlə gözlə görünməz dillərdə danışar. Onları yalnız hiss edə bilərsən. Eşq də, həsrət də, təsadüf də budur: hər biri bir işarədir, sənə öz yolunu tapmağı öyrədən ilahi bir ipucu.Çünki bəzən yalnız bir baxış, bir cümlə belə yetər ki, insan öz itkinlərini anlamasın, amma onunla barışsın.

Sükut… Bəzən hər şeyə cavab verən yalnız budur. İnsanlar hər zaman hər şeyi anlamağa çalışır. Ancaq naməlumu dərk etmək asan deyil. Sirr içində bir sirr var, onu açmaq üçün isə məlum olanın açarına ehtiyacımız var.

Mənə elə gəlir ki, həyatın ən dərin məqamları heç vaxt açıq şəkildə qarşıya çıxmaz. Onlar həmişə dolayı yolla, bir başqa şey vasitəsilə hiss etdirilir. Bu, bir baxışın içində ola bilər. İki cüt göz qarşılaşar, amma gözlər yalnız görünəni deyər; onların altında isə hisslər danışar.

Dərin eşq də belədir. Bəzən biz özümüzə belə aydın olmayan bir həsrətin içindəyik. Bilmirik, nəyi istəyirik, amma hər an hiss edirik ki, içimizdə bir boşluq var. Və sonra qəfil bir an gələr. Bir nəfəs, bir səs, bir toxunuş…

Bu, sənin boşluğunu tam doldurmasa da, onun formasını göstərər. Naməlum yavaş-yavaş məlumlaşar.

Eşq bir vasitədir. İnsan başqa birini dərk edərkən əslində özünü anlamağa çalışır. Hər toxunuş, hər söz, hər baxış sənin öz varlığını sorğulamağa səbəb olar. Sevgilinin gözlərində bir naməlum var, amma o gözlərin içində sənin özündən də bir parça var. Məhz bu, insanı cəlb edir – həm özünü tapmaq, həm də başqasını dərk etmək istəyinin qarşıdurması.

Həsrət isə heç vaxt bitməz. O, eşqin yanındakı səssiz yol yoldaşıdır. İnsan nə qədər çox sevirsə, o qədər çox həsrət çəkir. Çünki nə qədər çox dərk edirsən, bir o qədər çox dərk edə bilmədiklərin üzə çıxır. Həsrət səni daim ayaqda saxlayar, amma bir az da qəmli edər. Elə bil ki, səhrada su içmək istədiyin yerdə tam doymazsan – bir qurtum səni yaşatmağa bəs edər, amma susuzluq hələ də qalır.

Bütün bu qarışıqlığın içində, bəlkə də, ən sadə həqiqət budur: hər naməlumun bir məlum vasitəsi var. Hər tapılmamış cavabın arxasında bir ipucu gizlənir. Bəzən bir söz, bəzən bir mahnı, bəzən isə sadəcə bir baxış. Biz yalnız bu vasitələrdən istifadə edərək öz yolumuzu tapırıq.

Bu, həyatın ən gözəl paradokslarından biridir. İnsanlar dərk etmək üçün yaşayarlar, amma dərk edə bilmədikləri hər şey onları yaşamağa davam etməyə vadar edər.

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2024)

 

 

Bazar ertəsi, 18 Noyabr 2024 15:07

Cəlil Məmmədquluzadə və teatr

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 

Dram əsərlərinin təsir gücünə, teatrın əyanilik imkanlarına və aktyor sözünün kəsərinə inanan C.Məmmədquluzadə hələ seminariyada oxuduğu illərdə aktyor sifəti ilə tamaşalarda çıxış etmiş, tətil günlərində və Naxçıvanda işlədiyi illərdə “huşyar dostları” ilə birlikdə Naxçıvan şəhərində M.F.Axundzadənin “Hekayəti-molla İbrahimxəlil kimyagər”, “Hekayəti müsyo Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah cadukini-məşhur”, “Sərgüzəşti-vəziri-xani Lənkəran”, N.B.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” Ə.Haqverdiyevin “Dağılan tifaq” və. s əsərləri tamaşaya qoymuşdur. Bu tamaşaların bəzilərinə M.Cəlil özü rejissorluq etmiş və baş rolların ifaçısı olmuşdur.

 

            1916-cı ildə “Ölülər” Bakıda tamaşaya hazırlanarkən baş rolların bölünməsində və məşqlərdə C.Məmmədquluzadənin şəxsən iştirak etməsi, baş rolların (Ş.Nəsrullah və İsgəndər) ifaçıları Ə.Qəmküsara və M.Əliyevə, həmçinin tamaşanın rejissoru H.Ərəblinskiyə verdiyi tövsiyələr, sonralar əsərin Daşkənd, Şuşa,Tiflis və Təbrizdə müəllifin öz iştirakı ilə tamaşaya hazırlanması və nümayiş etdirilməsi, böyük ədibin yerli teatr həvəskarları ilə əlaqələri onun teatra yüksək qiymət verdiyini və teatr işinə dərindən bələd olduğunu göstərir.

       “Böyük demokrat” qeyd edir ki, səhnə üçün yazılmış əsərlər “camaatı öz üstünə güldürüb, eyibini özünə nişan verməli”, məişətimizin eyiblərini göstərməli”, “mərəzlərimizə gülünməli” və insanı düşündürməlidir.Təsadüf deyil ki, “Ölülər”i tamaşaya hazırlayarkən M.Cəlilin tövsiyələrini nəzərə alan H.Ərəblinski aktyorlara demişdi: “Siz tamaşaçıları güldürməkdən çox düşündürməyə çalışmalısınız. Pyesin müəllifinin və biz aktyorların məqsədi donmuş şüurları oyatmaqdır.” Məhz belə əsərlər yüksək bədiiliklə, səhnədə insanların gözü qarşısında nümayiş-təqlid edildikdə onların əxlaqına və tərbiyəsinə ciddi təsir göstərir.

       C.Məmmədquluzadə belə əsərlərə özünün “ustadi-əzizi” saydığı, “təmsilat yazanların ustadı, kamil ədiblərin fəxri”, “səhnəmizin atası” adlandırdığı M.F.Axundovun komediyalarını, dünya ədəbiyyatının Şekspr, Molyer, Qoqol kimi sənətkarlarının əsərlərini nümunə göstərirdi. Qətiyyətlə M.Cəlilin öz əsərlərini də bu sıraya daxil etmək olar.

            C.Məmmədquluzadə məzmunsuz və ideyasız, bayağı “pyes və nümayişləri” kəskin tənqid edir, tamaşalara əyləncə xarakteri vermək və tamaşaçı cəlb etmək üçün dram əsərlərinə yersiz balet dəstəsi və rəqs məclisləri “yapışdırmaq” ənənəsini pisləyirdi. Teatrlarda “ibrətli nümayiş əvəzinə mütribbazlıqlar, şantajlar nümayiş etdirilməsinə” qarşı çıxırdı. “Bihəya nümayişlər”in çavanların və məktəblilərin əxlaqını və tərbiyəsini korladığını, belə şeylərlə  teatrların “lap əbəs yerə zibilləyindiyini” göstərirdi. Müqəddəs sənət məbədlərinin belə şeylərlə “zibilləndiyini” görən ədib fəryad qopararaq deyirdi: “Heyf, teatrlarımıza!”

            M.Cəlil özünün “Eşq mədrəsəsi”, “Teatr konfransı”, “İşçi teatrı” və s. əsərlərində qeyd etdiklərimiz barədə öz qəti mövqeyini ortaya qoyur və yazırdı: “Hər şey dünyada tərəqqi eyləyən kimi, teatrımız da, şəkk yox, tərəqqi edə gərək”.

Təsadüfi deyildir ki, “Molla Nəsrəddin” jurnalı öz səhifələrində yazırdı: «Məlumdur ki, camaatın qabağa getməsi üçün teatr məclisləri ən faydalı bir şeydir. Bəlkə, belə olan surətdə teatr məclislərinin inkişaf tapacağını lazım və vacib bilmək lazımdır”.     

            Səhnəni “pakizə bir yer” hesab edən C.Məmmədquluzadə teatrın inkişafı üçün atılan hər bir addıma sevinir, onun tərəqqisinə mane olan əngəlləri kəskin tənqid edirdi. O, yerlərdə “drama cəmiyyətləri”nin açılmasını alqışlayırdı. Bakıda “Tənqid təbliğ teatrı”nın açılmasına sevinir və buranı “Canlı Molla Nəsrəddin teatrı” adlandırırdı.

            Görkəmli ədib həm imkanlı şəxslər, həm də dövlər orqanları tərəfindən teatr və teatr işçilərinə maddi və mənəvi dəstək göstərilməsini zəruri hesab edirdi. “Oyun-oyuncaq” və “Teatr işlərimiz” başlıqlı yazılarda o, diqqəti bu məsələlərə cəlb edirdi. 1923-cü ildə qələmə alınmış “İki xəbər” adlı yazıda hökumətin teatr üçün verilən məxarici azaltması ciddi tənqid olunurdu. Göstərilirdi ki, hökumət “məxarici o dərəcədə azaldıb ki, teatrın davam gətirməyinə ümid qalmır”.Yazıda daha sonra təəssüflə qeyd edilirdi ki, lazımsız işlərə xərclənən pullara qənaət etmək əvəzinə, teatr-sənət məbədinə xərclənən cüzi pullara qənaət edilir.

Bəzi yazılarında aktyorların maddi durumuna da toxunan görkəmli yazıcı və publisist onların teatr rəhbərliyi tərəfindən lazımi himayə görmədiklərini  nəzərə çatdırırdı. Teatrlarımızın milliyyətcə rus, erməni, gürcü və polyak aktyorlara möhtac qalmasına acıyırdı. “Teatr” felyotununda bu məsələlərdən geniş bəhs edirdi.

            O, öz yazılarında yeri gəldikcə teatra rəhbərlik işlərindən də söz acırdı. Məsələn, “Yadigar” və “Mükafat” başlıqlı yazılarda ədib teatrlarda müdirlik və rejissorluq üstə baş verən intiriqaları və donosçuluğu tənqid edirdi. 1922-ci ildə “Yeni yol” qəzetində çap olunmuş “Teatr işlərimiz” məqaləsində müəllif teatra rəhbərlik işlərinin yarıtmaz qurulduğunu qeyd edir, Bakı kimi bir şəhərdə teatr işlərinin “fəna surətdə olmasının baislərinin” ciddi məzəmmətə layiq olduqlarını göstərirdi.

            Aktyor sənətinin sirlərinə dərindən bələd olan və altyor sözünün kəsərinə dərin inam bəsləyən M.Cəlil onları “teatr kimi müqəddəs bir maarif və sənət məbədinin xadimləri” adlandırır. Qeyd olunur ki, teatr işçilərinin mənəvi aləmi pak olmalıdır, onlar öz sənətlərinə ürəkdən bağlanmalıdırlar. Aktyorlar arasındaki intriqlara toxunan görkəmli ədib bu cür halların teatrımızın inkişafına mənfi təsir etdiyini bildirirdi. Teatrları belə hallara yol verən aktyorlardan təmizləməyə çağırırdı. O qeyd edirdi ki, aktyorlar “səhnə kimi pakizə bir yerə qədəm qoymağa” mənəvi haqq qazanmalıdırlar.

            Digərləri kimi C.Məmmədquluzadə də tamaşaçının teatra münasibətindən bəhs edərkən deyirdi: doğruluq və inam. Tamaşaçı teatra yalnız emosional təsir almaq üçün gəlir və onun səhnədən təkcə bir istəyi var - inanmaq. Bunu reallaşdırmaq isə aktyorların üzərinə düşür.

            C.Məmmədquluzadə Azərbaycan teatrının inkişafında böyük xidmətləri olmuş A.Mirzə, M.Əliyev, S.Ruhulla, H.Abbasov, H.Sarabski və digərlərini nümunə göstərir və onların əməyini yüksək qiymətləndirir, gənc aktyorları onlardan öyrənməyə çağırırdı.

            Ümumiyyətlə, M.Cəlil gənclərin teatra biganə münasibətindən, onların (xüsusən qadınların) səhnəyə çıxmaq istəməməsindən bərk təəssüflənirdi. Bunun səbəblərinə toxunan teatr təəssübkeşi cəmiyyət üzvləri arasında nəinki qızların, hətta oğlanların da “aktyorluğa qurşanması”nın pis qarşılanmasından, onların ələ salınması, məsxərəyə qoyulması, ölümlə hədələnməsi və qətlə yetirilməsindən, teatr binalarının talan edilməsi və yandırılmasından hiddətlənirdi. “Molla Nəsrəddin”in səhifələrindəki karikaturalarda belə halları çox kəskin tənqid edirdi. Məsələn, 1909-cu ilin fevral ayında Bakı şəhərinin ilk teatrının (Tağıyev Teatrı-12 yanvar 1908-ci ildə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" milli operasının premyerası bu teatrda baş tutmuşdu) yanması ilə əlaqədar “Molla Nəsrddin”in səhifəsində verilmiş bir karikaturada  fanatiklərin və ruhanilərin əl-ələ tutaraq sevinclə rəqs etmələri acı-acı təsvir edilirdi. R.Nəzərova «Molla Nəsrəddin” jurnalı estetik tərbiyə haqqında” məqaləsində yazır ki, “M.Cəlil «Molla Nəsrəddin» jurnalında camaata «teatr haramdır!», «teatra kömək edənlər o dünyaya», «…..şapka qoyan İvan sifətində gələcək», qramafon səsinə «yox, yox haramdır ona qulaq asmaq, oradan cin səsi gəlir», «müsəlman teatrçıları şəriətə xilafdır» deyən din nümayəndələri ilə həmişə mübarizə aparırdı. Jurnal çox kəskin dildə, bəzən gülməli, bəzən kədərli, bəzən felyeton, hekayə, son xəbərlər, bilməli xəbərlər və bəzən də satirik şeirlər vasitəsilə vaizlərin çürük fikirlərini ifşa edirdi…Jurnal şəkillərdən çox məharətlə istifadə edərək xalqı başa salırdı ki, teatrlara gedin, bədii zövqünüzü inkişaf etdirin, boş vaxtlarınızı şən, gümrah və əyləncəli yerlərdə keçirin”.

“…Hər gecə böyüklər üçün verilən teatrlara nəinki məktəb şagirdi, hətta əmcək uşaqlarının da analarının çarşabı altında ağlaşa-ağlaşa gəlmək”lərinə, onların yaşlarına uyğun olmayan tamaşalara baxmalarına qarşı çıxan C.Məmmədquluzadəni düşündürən əsas məsələlərdən biri də ölkəmizdə uşaq teatrlarının olmaması idi. O, bir sıra yazılarında ilk dəfə olaraq bu  məsələni qaldırmışdı. 1923-cü ildə yazılmış “Uşaq teatrı” adlı məqaləsində vaxtı ilə Naxçıvanda M.F.Axundzadənin komediyalarının məktəb uşaqları üçün tamaşaya qoyulmasını xatırlayan ədib yazırdı: “Haman gün elə yadımızdadır: iki yüzdən artıq məktəb şagirdlərinin bir böyük bayramı idi. Necə asan imiş iki-üç saatın içində bi qədər uşağı xoşbəxt etmək!” Uşaqların teatra olan həvəsini və teatrın bir tərbiyə məktəbi olmasını nəzərə alan, “uşaq teatrında nə qədər böyük bir aləm var”, - deyən C.Məmmədquluzadə uşaq teatrı yaratmağın vaxtı çatdığını bildirirdi. O, redaktoru olduğu «Molla Nəsrəddin» jurnalında da bədii zövqü inkişaf etdirmək, uşaq və gəncləri tərbiyə etmək üçün teatr tamaşalarının oynanılmasına yüksək əhəmiyyət verilirdi. Bədii tərbiyədə teatr tamaşalarının roluna böyük qiymət verən jurnal yazırdı ki, adam öz buraxdığı nöqsanları özü görə bilmir, lakin teatr tamaşalarına baxdıqda həmin nöqsanların ümumiləşdirilmiş nümunələrini görür. Jurnal, ümumiyyətlə, teatrların, xüsusilə məktəb teatrlarının olmasına, onun tərbiyəvi əhəmiyyətinə yüksək qiymət verirdi. Çünki uşaqların dərsdən sonra boş vaxtlarını lazım olmayan yerlərdə keçirmələrindənsə, məktəb teatrlarında keçirmələri daha əlverişlidir

O, “Uşaqlarımız” adlı felyetonunda belə yazırdı: “…uşaqlarımız üçün də lazımdır teatr hazırlamaq və bundan ötrü lazımdır teatr yazanlarımıza təklif edək ki, uşaq pyesləri yazsınlar, ta ki, teatr idarələrimizin bəhanəsi kəsilsin…”. O, uşaqlar üçün teatr tamaşalarının olmadığını bəhanə gətirənlərə çıxış yolunu da göstərirdi: 1) böyüklər üçün nəzərdə tutulan bəzi əsərləri uşaqlar üçün də göstərmək olar, 2) xarici dillərdə olan uşaq pyeslərini tərcümə edib nümayiş etdirmək olar, 3) yazarlara uşaq pyesləri sifariş etmək, onları bu işə təşviq etmək lazımdır.

            Ümumiyyətlə, Azərbaycan teatrının mürəkkəb və ziddiyyətli bir şəraitdə təşəkkül tapmasında, üzləşdiyi problemlərin həllində və bu günkü səviyyəyə çatmasında digərləri kimi C.Məmmədquluzadənin də xidmətləri çox olmuşdur. O həm özünün ölməz səhnə əsərləri, həm milli səhnəmizin inkişafı üçün yazdığı publisistik yazıları, həm də əməli fəaliyyəti ilə teatrımızın inkişafında xüsusi rol oynamışdır.

                                                                                              

“Ədəbiyyat və incəsənət”

(18.11.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı Neftçalada yaşayıb yaradan ziyalımız Etibar Əbilovun dünyadan nakam köçmüş oğlu Əbil Əbilovun gündəliyindən təqdim etdiyi növbəti hissəni sizin diqqətinizə çatdırır.

 

Əbilin gündəliyindən:

Lev Tolstoy haqqında üçüncü yazı.

 

1 sentyabr 2006.  

Bu gün Tolstoyun "Hacı Murad" povestini oxuyub bitirdim. Dünən isə Tolstoyun "Dirilmə" romanını oxuyub bitirmişdim.

Tolstoy bir dahidir və məni özünə məftun edib. İlk öncə "Dirilmə" haqda bir neçə söz demək istəyirəm.

1899-cu ildə bitirdiyi "Dirilmə" romanı çoxları kimi məni də "Hərb və Sülh", "Anna Karenina"dan daha çox cəlb etdi. Birinci ona görə ki, bu romanda ədib oxucunun qəlbinin ən sirli qatlarına enib, ona buradan səslənir. Və insana özünün belə bu vaxta qədər vaqif olmadlğl sirlərdən söz açır. Əsər "İncil"dən ayələrlə başlanır və elə bu ayələrin mənasına bütün əsər boyu çavab axtarır. Bu suallara cavabı elə yenə "İncil" ayələri verir. "Dirilmə" "İncil" ayələri ilə bitir. Tolstoyun yaradıcılığından bəllidir ki, ədib öz hümanist fikirlərini yaradıcılığının Nexlyudov surərində verib. "Dirimə"nin də baş qəhrəmanı Nexlyudovdur -18 yaşlı Katya Maslovanı aldatdığı üçün Maslova həbs edildikdən sonra onun yolunda sürgünə belə razı olan, öz torpaqlarını təmənnasız kəndlilərə paylayan Nexlyidov...

Tolstoy yaratdlğı bütün obrazların bütün cizdilərini ən incə  məqamlara qədər açdığı kimi, onların dini görüşlərinin mistikasına qədər də nüfuz edir. Və yaxud etməyi bacarır. Bütün bunlar hər bir obrazın dini görüşlərinin çox incəliklə verilməsi ilə öz təsdiqini tapır.

Əgər “Dirilmə"də rus həyatı, cavan ikən etdiyi bir səhvin bağışlanması üçün bütün həyatını dustaq  bir qadına bağlayıb hər şeyindən keçən bir knyazın peşimançılığı - " tövbəsi" verilibsə, “Hacı Murad"da rusların apardığı haqsız müharibə, dağlı xalqlarının öz vətənlərinə olan məhəbbəti tərənnüm olunur.

İnsan, təbiəti özünə boyun əydirmişdir. Meşələri qırır, dağları yonur. Amma eyni zamanda, insan yenə də təbiətdən zəifdi, ona möhtacdı. Təbiət insanı daha güclü sarsıda bilir- zəlzələ, vulkan, sellə.

I kursda oxuyarkən Şeyx Şamil haqqında bir kitab oxumuşdum. Selçuk Kulalı Çeçen dağlarındakı qartallardan danışıb, bu dağların Şamildən sonra qartal yetişdirib səmasında uçurmadığından ürək ağrısı ilə yazırdı. Şamildən incik düşən "Hacı Murad"ın qəhrəmanı Hacı Murad rusların tərəfinə keçsə də, ruslarla döyüşdə öldürülür, ruslara satılmış dostu tərəfindən başı kəsilir. Tolstoy bu səhnədə imperiya siyasətinin eyni millətin dost evladlarını bir-birinə necə düşmən etməsinə toxunur... İnsanlar tərəfindən yetişdirilən bir qartal balası böyüdükcə uçub yenə dağlara, qartalların yanına gedir, amma gümüş buxovlu, boynu dəmir halqalı bu qartalı, köləlik görməmiş qartallar qəbul etmirlər. Amma boynu buxovlu qartal, dağlardakı qartallardan ayrılmır, çünki Allah onu yaradarkən, ona da azadlıq sevdası vermişdi. Buna gümüş buxovlar mane ola bilməz. Cünki Allah onu buxovsız yaratmışdır. Ancaq o getmədikdə azad qartallar onu didib öldürürlər. Bunları da Tolstoy nəql edir. 

Ancaq o gümüş bəzəklu qartal o birilərindən daha azad yaşadı. Çünki o köləlik nədir, onu görmüşdü. Və azadlığın qiymətini onlardan daha çox bilirdi.

Dağların başında hər zaman qartallar uçacaq. Balıq suda olduğu kimi, qartal da səmada olsun gərək. Onlardan daha yüksəkdə didilmış bir qartalın ruhu vüqarla azadlığın sevgisini duyar öz qəlbində.

 

2 sentyabr 2006 

…Tolstoy insanın fiziki gücünə əyilməyən ayıpəncəsi otundan gəlir Hacı Murada. Və öz yazısında bu qəhrəmanı Qafqaz dağlarının "ayıpəncəsi"nə bənzıdir. Meşənin dərin qatlarında bir ayıpəncısini məhv etmək, bütün meşəni məhv etməkdən daha çətindi. Səlcuq Kuleli "Şeyx Şamil" kitabını Qafqazda doğacaq yeni "qartallar"ın imidilə bitirir. Tolstoyun da ayıpəncələri bənzətməsi onu sübüt edir ki, bir insanı buxovlayıb azadlığını əlindən almaq olar, ancaq onun ürəyinə heç cür buxov vurmaq olmaz. Mövlanənin dediyi kimi, insanın ürək azadlığını yalnız ürəyi ona vermiş Allah ala bilər.

                           (ardı var)

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2024)

1892-ci ilin 17 noyabr günündə böyük gürcü şairi Qalaktion Tabidze dünyaya gəlib. Gürcüstanda yaşayan soydaşımız İbrahimxəlil Tamıyev böyük şairə şeir həsr edib. 

“Ədəbiyyat və incəsənət” portalı şeiri oxucularına təqdim edir.

 

Mənim xilasetmə dəstəm şeirdi! – 

Tiflis tifilidir hər həyəcanım.

Necə ki, lirika “lira” sözündə

şehləyər – bax, elə şehləyər canım.

 

Gedər hüzn qarışıq, qüssə qarışıq, – 

siz hələ gedəni geri döndərin.

...Mənim xilasetmə dəstəm şeirdi;

məni xilas edən şeiri göndərin!

 

Südyolunda şeir divanəsini

yaxşı-yaxşı baxın kim qucaqlayır!

Gözləriniz aydın! Mən xilas oldum!..

...bax, dar ağacım da tumurcuqlayır.

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2024)

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi ilə birgə Sumqayıt şəhərinin 75 illiyi münasibətilə həyata keçirdiyi Sumqayıtın tanınmış qələm adamları layihəsinin bugünkü qonağı AYB- də Poeziya seksiyasının rəhbəri, Ə.Kərim adına Poeziya Evinin direktoru, "Tərəqqi" medalçısı, şair- publisist, tərcüməçi İbrahim İlyaslıdır.

Layihəni AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin təqdim edir.

 

-Necəsiz, İbrahim müəllim?

 

-Son zamanlar imzam daha çox “Necəsən” adlı bir şeirimlə yanaşı çəkildiyinə görə, adətən, soruşan olanda, deyirəm ki, “necəsən” mənim sualımdır. Necə varsan, desəydin deyərdim ki, yaxşılıqdı. Şükranlıyam. Yeri gəlmişkən, hamıya “müəllim” deyə müraciət etməkdən də qurtulsaydıq yaxşı olardı. Müəllim müqəddəs bir peşə sahiblərinin adıdır. İnsanlar bunun üçün illərlə can qoyub, təhsil alırlar ki, sonucda müəllim olsunlar. Mən isə ixtisasca mühəndisəm, məsləkcə yazaram. Bəlkə də söhbətimizə elə də dəxli yoxdur, amma cəmiyyətə bir mesajdır, elədim... Bilirsən, Gülnarə xanım, insanlarımız ictimai yerlərdə bir-birinə müraciət etməkdə çətinlik çəkirlər. Bəzən xarici görünüşü yaşı ilə dəng gəlməyən adamlara “əmi, dayı, xala, bibi” kimi və ya qiyafəsinə baxmayaraq statusuca “müəllim” deyə müraciət edilməsi yolverilməz olan adamlar bundan rahatsız olurlar.

 

-Bildiyimiz kimi bu il Sumqayıtımızın 75 yaşı tamam olur.75 illiyə sizin töhfəniz?

 

 

-Mən 1980-ci ildən Sumqayıtda yaşayıram. Hesablayanda, artıq 4 ildir ki, rəqəmlər arasında xalqımızın ən çox sevdiyi 44 alınır. Yəni, 44 ildir ki, sumqayıtlıyam. 75 illiyə ən böyük töhfəm, ilk növbədə, taleyimin şəhəri olan Sumqayıta olan hədsiz sevgim və vurğunluğumdur. Bu 44 il ərzində həmişə çalışmışam ki, Sumqayıtın təəsübünü layiqincə çəkim, ölkəmizdə, eləcə də ölkə xaricində şəxsiyyət vəsiqəmdə adını qürurla daşıdığım şəhəri ədəbiyyat adına ləyaqətlə təmsil edim.

Şəhərimizin 60 illik yubileyində adını tutub bir şeir yazmışam. “Sumqayıta həsr olunmuş ən yaxşı şeir” müsabiqəsində I yerə layiq görülüb. Sevindirici haldır ki, 70 illik yubileydə isə Ə.Kərim adına Poeziya Klubunun yetişdirməsi olan gənc şair Elvin Əlizadənin şeiri bu nominasiyada I yerə layiq görüldü. 75 illiyə isə Sumqayıtla bağlı ilginc xatirələrimdən ibarət “Sumqayıt: Səkilərdən dolub-daşan xatirələr” adlı publisistik kitabla gəlirəm. Düşünürəm ki, məramım kitabın adından bəllidir.

 

-“Şair”lərə sözünüz?

 

-İmzası söylənəndə şair sözü dırnaq arasında yazılan adamlara mənim heç bir sözüm yoxdur. Amma uzun illərdir ədəbiyyat görəvlisi olmağımdan dolayı, əsəblərim tamam tarıma çəkiləndə bir şeir yazmışam. Mənə elə gəlir, bu sualın cavabı bütünlüklə orda var:

Çox da ki, dinmirəm, insafın olsun,

Bu yalan-yanlışı sırı az mənə.

Mənim də dünyadan qandıqlarım var;

Sirmi var açmasın qara saz mənə?!

 

Mənim də dünyadan qandıqlarım var,

Yaxşı bax gözümün içinə, düz bax.

Sənə bu baxışlar heç nə demirmi?

Demirsə vay mənim halıma – yüz bax.

 

Sənə bu baxışlar heç nə demirmi,

Demirmi sən necə zalım adamsan?

Tutaq ki, mən fağır üzüyumşağam,

Sən niyə bu qədər qalın adamsan?

 

Tutaq ki, mən fağır üzüyumşağam,

Bə sənin mürvətin-zadın yoxdumu?

Qohumun, əqrəban, dostun, tanışın,

Düşmənin, yaxının-yadın yoxdumu?

 

Qohumun, əqrəban, dostun, tanışın,

Varsa bu xislətə necə dözürlər?

Çərləyibmi sənə salam verənlər,

Ya səni almayıb vecə, dözürlər.

 

Çərləyibmi sənə salam verənlər,

Varmı salamını alan – deyirəm.

Bezdirib dilimdən tərif qapırsan,

Ayə, Allah haqqı yalan deyirəm!

 

Bezdirib dilimdən tərif qapırsan,

Əcəb bazarın var – bazar olmasın.

Heç bir məmləkətdə, heç bir millətdə,

Yazıqdı,  sənin tək yazar olmasın.

 

-Bu şəhərdə ədəbiyyatı təbliğ  etmək iqtidarında və səlahiyyətində olan qurumlar var. Amma əli başına çatan bu işlə məşğul olur, lazımlı-lazımsız tədbirlər keçirir, kimlərinsə  kitablarını  təqdim edir və s. və s. Buna münasibətiniz?

 

-İş burasındadır ki, bu məsələyə bizim münasibətimiz heç nəyi həll etmir. İndi dövran başqadır. Süni intellektin musiqi bəstələdiyi, müxtəlif mövzularda mətn yazdığı, hətta ədəbi tənqidlə məşğul olduğu bir zamanda yaşayırıq.  Mühafizəkarlığın fayda verməyəcəyini düşünürəm. Qanunlarımız demokratik prinsipdən çıxış edərək, istənilən vətəndaşın müxtəlif məramlı, o cümlədən ədəbiyyat yönümlü bir Qeyri Hökümət Təşkilatı və ya İctimai Birlik, eləcə də nəşriyyat yaratmağına və fəaliyyətini yürütməyə, müxtəlif layihələr hazırlayıb donor təşkilatların dəstəyi ilə onu həyata keçirməyə imkan verir. Bu təşkilatların başında dayanan insanlar isə ədəbiyyata və ədəbi cameəyə öz prizmasından (və ya prizmasızlığından) baxır və fəaliyyətini istədiyi kimi qurur. Bu qarşısı alınmaz bir prosesdir. İqtisadiyyatı bazar tənzimlədiyi kimi, burada da durumu oxucu tələbatı tənzimləməlidir. Bizim vəzifəmiz əsil ədəbiyyatı təbliğ etmək, istedadlı yazarların yanında olmaqdır. Bu mənada, yeganə dövlət dəstəyi olan ədəbi qurum olaraq Azərbaycan Yazıçılar Birliyi, eləcə də digər aidiyyatlı qurumlar bu cür ”sürpriz”lərə hazır olmalı, ədəbi prosesə təsir gücünü artırmalı və daha çevik fəaliyyət göstərməlidir. Ədəbiyyat tarixini isə bizdən asılı olmayaraq əlahəzrət zaman yazır. Zamandan heç bir qələm adamına aman olmayacaq. Bunu əlinə qələm alan hər kəs bilməlidir.

 

-Şeirlərinizin birində " Haqq deyilən heç nə yoxdur, Amma dəyər axtarmağa,- deyirsiniz. İndiki dünyada Onu axtarmağa dəyər?

 

-Dünya binnət olalı bəşər övladı bu dilemma arasında qalıb həmişə. Mənim qənaətim isə yenə də budur ki, axtarmağa dəyər. İnsan onu bula bilməsə belə, haqq axtarışında olanda daha ədalətli, daha mərhəmətli, daha gözəl olur. Müqəddəsləri müqəddəs, övliyaları övliya, müdrikləri müdrik yapan məhz ömür boyu bu yolun yolçuları olmalarıdır.

 

-Şairliklə məmurluğu bir ömrə sığışdırmaq mümkündürmü? Bunu necə bacarırsınız?

 

-Həyatda mütləq azadlıq olmasa da, şairin azadlıq dərəcəsi nə qədər çox olsa, əlbəttə ki, bir o qədər onun üçün yaxşıdır. Ədəbiyyat məmuru kimi çalışdığımdan dolayı, mənim məmurluq həddim elə də sərt deyil. Bəzi istisnalar olmaqla, yuxarı instansiyaların rəhbərləri də heç vaxt mənimlə başqa məmurlarla davrandıqları kimi davranmayıblar. Həmişə bir qələm adamı, şair kimi sayqı duyublar. Necə deyərlər, güzəştə gediblər. Axı onlar rəhbər olmaqla yanaşı, həm də oxucudurlar.

Mənimlə ünsiyyətdə olanlar bilirlər ki, rəsmi-protokol tədbirlər istisna olmaqla, bütün digər hallarda mən insanlarla məmur kimi davranmıram. Direktoru olduğum Poeziya Evində mənim üçün ayrılmış kabinetdən daha çox ümumi zalda əyləşib çalışıram, gələnləri də elə orda, çay süfrəsi arxasında qəbul edirəm. Kabinetə sənədlərlə işləmək lazım olanda keçirəm. Mənə məmur olaraq ayrılmış masada indiyəcən bir şeir belə yazmamışam, daha doğrusu yaza bilməmişəm. Evdə yığcam bir iş otağım var, orda yazıram...

 

-Kustar üsulla "şair" yetişdirmək olurmu? Ümumiyyətlə istedadı olmayan birini şair etmək mümkündürmü?

 

-Kustar üsulla nəinki şair, heç düzəməlli kələm, balqabaq da yetişdirmək olmur. Bu üsulla uzağı ölçülü, bəzən də bədii mətn yazan insan yetişdirmək olar, şair yox.

 

-Şair olmaq niyə zülümdü?

 

-Özün şair olmaqla indiyəcən nə çəkdiklərini gözlərinin qabağına gətir. Konu bitsin. Mənim üçün şairlik təkcə sənət, peşə deyil, həyat tərzidir – fərqli bir ömür yaşamaqdır. Şairliyi şərtləndirən zalım kriterilər var: ədalət, halallıq, azadlıq, cəsarət, dürüstlük… Cəmiyyət bu cür adamları asanlıqla həzm etmir. Ədəbiyyat tariximizə anidən bir göz atmaq yetər ki, şair olmağın zülüm olduğunu anlayasan. M.Hadi nə deyirdi: “Dağa dersən eşidir, sonra verir əks-səda /Daşa dönmüşlərə əks eləmədi fəryadım.”Şair olmaq, bax bu fəryadı duyub yaşamaqdı…

 

 

-Vaxt var idi dünyanın ən ağır yükü şairlərin, qələm adamlarının çiynində idi. İndi elə bil bir az  alayı cür olub?

 

-Alayı zamanda işlər də alayı cür olur. Çiynini bu müqəddəs yükün altına vermək istəyənlər yenə də öz yüklərini daşıyırlar. Sadəcə, indilərdə heç kim çiynini yağır eləmək istəmir. H.Cavidin məlum pyesində deyildiyi kimi: “Nəmə lazım? Mən bilmərəm, Orxan bilər!” İndi bütün yüklər “Orxan”ın çiynindədi…

 

-Dünya anlamaq iqtidarında olsaydı, ona nə deyərdiniz?

 

-Heç nə deməzdim. Baxıb da susardım. Axı dünyanın hansı dildə anlayacağını bilmirəm. O, məni baxışlarımdan daha yaxşı oxuyardı yəqin ki…

 

-İbrahim İlyaslı hardan gəlib hara gedir? Onun dünəni ilə bugününü necə müqayisə edərdiniz?

 

-Dastanlarda deyirlər ki; “Kandan gəlib, məkana gedirəm.” İbrahim İlyaslının dünəni məsum bir uşaq, bu günü isə həyatı daha dərindən anlamaq üçün çaba yapan birisi… Mürşidini bula bilməmiş çarəsiz bir mürid…

 

-Bugünkü dünyada Nəsimi ola biləcək şair varmı sizcə?

 

-Bugünkü dünyada o cəzalara layiq şeir yaza bilən şair yoxdur. Olsaydı, onun da aqibəti eyni olacaqdı. Bir şeirimdə yazmışdım:

Cənnətdə cənnətlik qalmaqdan ötrü,

Adəm də, Həvva da qovulmalıydı.

Nəsimi NƏSİMİ olmaqdan ötrü,

Bircə yol varıydı – soyulmalıydı!

 

-Siz həm Ə.Kərim adına Poeziya Evinin direktoru, həm də AYB-nin Poeziya seksiyasının rəhbərisiniz. Poeziyamızın bu günkü durumundan razısınızmı?

 

-Problem ondadır ki, bugünkü durumu incələmək mümkünsüz olub. Ədəbi tənqid bir janr kimi sıradan çıxmaqdadır, ədəbiyyatşünaslıq elmi böhran yaşayır. Ədəbiyyat  ayrı-ayrı zövqlərin döyüş meydanını xatırladır. Poeziyamız bir xaos içindədir. Amma ədəbiyyat yaranmaqda davam edir. Ədəbi nəsillər bir-birini əvəz edir.

Yenə də ənənəçilər yenilikçiləri qəbul etmir, yenilikçilər də ənənəçiləri. Kosmopolit düşüncə ilə milli düşüncə vuruşur. Halbuki, hansı cərəyana mənsub olmağından asılı olmayaraq poeziyanın bir adı var. Düşünürəm ki, sonucda yenə də istedad qalib gələcək. Bunun başqa yolu yoxdur.

 

-Söz adamlarıyla işləmək çətin deyil ki?

 

-Yox. Mən bu mənada çətinlik çəkmirəm. Ciddi söz adamları ilə ciddi ədəbiyyat söhbətləri edirəm, polemikada oluram. Öz münasibətimi sərgiləyirəm, münasibət alıram. Bildiklərimi öyrədirəm, bilmədiklərimi öyrənirəm. Özünü söz adamı kimi təqdim edənləri isə yola verirəm. Bunun başqa çarası yoxdur. İnsanların xətrinə dəyməklə aram yoxdur.

 

-Dünyaya hansı tərəfdən baxanda daha maraqlı görünür?

 

-Dünyaya ancaq durduğun yerdən baxmaq mümkündür. İnsan gərək durduğu yeri maraqlı eləsin. Dünya nəhəng anlayışdır. Ona bütöv baxmaq bizim gözümüz üçün deyil.

 

-Sizcə dünya yumrudu, yoxsa düz?

 

-Mənə görə, ümumiyyətlə, düz deyilən bir şey yoxdur. Düz dediyimiz nisbi anlayışdır. Bütün düzlər yumrunun bir halıdır. Həyatda düzxətli hərəkət də mövcud deyil. Bütün düzxətli hərəkətlər fırlanma hərəkətinin nəticəsidir. Təkcə dünya yox, kainat, yaradılışın özü yumrudur. Düzün sonu var. Dövrənin isə sonu yoxdur. Dünya sonsuzdur.

 

-Haqlı olduğunuzu bilə-bilə susduğunuz məqamlar olub?

 

-O qədər olub ki… Haqqını müdafiə etməyə gücün çatmayanda gərək susasan. Amma bunu heç vaxt unutmayasan gərək. Güc toplayıb, məqamı çatanda haqqını savunasan. Buna, bir növ, təmkinli olmaq deyirlər.

 

-Al- yaşıl geyinmiş uca dağların / Qartallı qoynundan uzaqlaşmışam;.. İncə dərəsinin saflığıyla Sumqayıta üz tutan İbrahim İlyaslı  nə qazandı və nəyi itirdi?

 

-İnsan doğulduğu, ilk dəfə yalın ayaqla qədəm basdığı, havasını udduğu, suyu, çörəyi ilə böyüdüyü torpağa məhz elə bu səbəblərdən bağlı olur həmişə. Bu, bioloji və fiziki hadisədir. Ancaq uzun müddət yaşadığı yer də bir coğrafiyadır və onun da öz cazibəsi var. Mən, bu mənada, özümü tarazlıqda hiss edirəm. Əlbəttə, bir köy çocuğunun şəhər həyatına adaptasiyası elə də asan olmur. Amma bir müddətdən sonra hər şey öz yerini bəlləyir. Həyatda tale deyilən qaçılmaz bir anlayış var. Bütün itki və qazancıyla bu mənim taleyimdir və taleyimdən razıyam. Qazağa, İncə Dərəsinə, dogma Aslanbəyli kəndinə də, Sumqayıta da könül verib yazdığım şeirlərim var. Bu yaşda isə düşünürəm ki, hər iki məkan mənə məmləkətimin özəl bir obası kimi əzizdir. İncə Dərəsi ulularımın uyuduğu, xatirələrimin dipdiri qaldığı bir oba, Sumqayıt isə ailə qurduğum, övladlarımın dünyaya göz açdığı, onlara da, mənə də olan uğurları qazandıran bir şəhərdir. Sumqayıt həm də başqa şəhərlərdən fərqli olaraq cazibədar bir şəhərdir. Onun üçün darıxmamaq mümkünsüzdür.

 

-Aşıq Ələsgər deyir: "Əyri ol əyriylə, düz ol düz ilə". Dədə Ələsgərin düsturu həyatda karınıza gəlibmi?

 

-Yox. Bu məndə alınmır. Düzdür, bəzən boğaza yığılanda bu cür cəhdlər eləməyə çalışmışam, amma sonda alınmayıb. Kin saxlaya bilmirəm. Mənim əyri olduğum kəslər, ancaq mənim məmləkətimin və millətimin düşmənləridir. Bax onlarla bir ömür əyri olaraq qalacam.

 

-O vaxtlar "Dəniz" ədəbi birliyi vardı və o birlik Azərbaycan ədəbiyyatına xeyli imzalar verdi. O imzalardan daha çox hansılarıyla qürur duyursunuz?

 

-“Dəniz” bizim həm də ədəbi taleyimizin və tariximizin bir parçası oldu. Dünyalarını dəyişən əziz şair dostlarımız Gülbala Mehdini, Şaiq Vəlini, Sabir Yusifoğlunu, Zülfəli Zülfəliyevi, Arif Həsənoğlunu, Xaliq Oğuzu, Akif Afşanı, Əli-Ağa Aslanı, Fərhad Meteni, Elçin Elgünü, Bəxtiyar Hüseynlini, Şəfanı sevgi, sayqı  və rəhmətlə anır, ölkə çapında, eləcə də xarici ölkələrdə tanınan Rauf Qaraişığın, Əyyub Qiyasın, Varisin, Nadir Məmmədlinin, Nadir Azayoğlunun, Füzuli Sabiroğlunun, Mehdi Calalın, Məryəm Aslanqızının, Gülnarə Cəmaləddinin, Asif Asimanın, Namiq Dəlidağlının, Mənsurə Eldarqızının imzalarına sayqı duyuram, əlbəttə. 

“Dəniz”in davamçıları kimi isə yeni nəsil sumqayıtlı yazarlardan Feyziyyənin, Aygün Yaşarın, Emin Pirinin, Hikmət Fərzəlinin, Elvin Əlizadənin, Xaqani Əmininin, Vüqar Rahinin, Elvin İntiqamoğlunun, Ümid Abbasın, Günel Balakişinin, Aypara Ayxanın, Vüsal Ağanın, Elşad Xaqanın, İlkin Xaliqoğlunun, Amin Namazlının imzalarını xüsusi qeyd etmək istərdim.

Bir daha xatırladaq ki, burada söhbət “Dəniz” Ədəbi Birliyinin üzvlərindən və onların davamçılarından gedir.

 

-Bir vaxtlar Sumqayıt ədəbi mühitinə istedadlı gənclərin axını vardı. İndi də var. Amma daha çox şeir yazanların deyil, şeyir yazanların axını. Onlar ədəbiyyatdan nə istəyirlər sizcə?

 

-Hər şeydən öncə onu deyim ki, ədəbi mühitə istedadlı gənclərin axını zamanında bu mühiti yaradan, ədəbi camiənin başında duran, ona dəstək olan, istedada dəyər verən insanlara görə olub. Bu mənada, ünlü şairlərimiz Xasay Cahangirovu, Vaqif İbrahimi, Qulam Feyzullayevi, Sabir Sarvanı rəhmətlə anır, Əşrəf Veysəlliyə, Ofelya Babayevaya Uca Tanrıdan uzun ömür və möhkəm cansağlığı diləyirəm.

Ümumiyyətlə, istedadlı adamlar ədəbiyyata nəsə verirlər, istedadsızlar isə ədəbiyyatdan nəsə, xüsusən də şan-şöhrət umurlar. Elə bilirlər ki, kitabları çap olunsa, tədbirləri keçirilsə şöhrətlənəcəklər. Bu da bir azardı. Daha bilmirlər ki, beləliklə daha da özlərini gözdən salırlar. Yazmasalar, cəmiyyət içində, bəlkə də daha urvatlı insanlar olarlar.

Yaxşı ki, yenə də ədəbi mühitə gələn istedadlı gənclər var. Sumqayıtda ədəbi ənənə davam edir. Sadəcə, dövrə uyğun olaraq forma və formatlar dəyişib. Gənclər birbaşa ünsiyyətdən çox, social şəbəkədə, virtual aləmdə görünməyə üstünlük verirlər. Mən bunu faydalı tendensiya hesab eləmirəm. Üzbəsurət görüşüb, paylaşmağın ayrı yeri var.

 

-Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı?

 

-Öncəliklə onu deyim ki, ölkəmizdə ədəbiyyata diqqət və qayğı Ulu Öndər Heydər Əliyevin ideyalarından qaynaqlanır, Heydər Əliyevin ədəbiyyatımıza və ədiblərimizə göstərdiyi böyük diqqət və qayğı misilsiz bir örnəkdir. Ölkəmizin prezidenti İlham Əliyevin yürütdüyü mədəniyyət siyasəti, onun mədəni dəyərlərimizin qorunmasını daim diqqət mərkəzində saxlaması Azərbaycan cəmiyyətinə ciddi bir mesajdır.

Sumqayıt Poeziya Evinə daxil olan hər kəs sağ tərəfdə Ümummilli liderimiz Heydər Əliyevin: “Hər bir şair Azərbaycan üçün dəyərli şəxsiyyətdir”, sol tərəfdə isə Prezident İlham Əliyevin “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz və ənənlərimizdir!” kəlamları ilə üz-üzə qalır. Şəhərimizdə ədəbiyyata diqqət və qayğı isə məhz bu cür münasibətin davamıdır.

Nəinki şəhər, respublika, eləcə də beynəlxalq miqyaslı, uluslararası ədəbiyyat tədbirlərinə evsahibliyi etmək gücündə olan Sumqayıt Poeziya Evinin rəhbərinə bu cür sual qəribə görünər, əlbəttə. Şair dostumuz Əkbər Qoşalının çətin məqamlarda təkrar elədiyi bir ifadə var: “Gör neynirsən. Mümkünsüzü mümkün elə!” Sumqayıtda belə bir Poeziya Evinin yaradılması ilə bağlı düşünəndə Əkbərin bu sözü yadıma düşür. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sumqayıtlı yazarların bir vaxt məhz mümkünsüz deyə düşündüklərini mümkün elədi. Bir də ki, bu cür addımı ancaq ədəbiyyatı yetərincə bilən, onu dərindən duyan  və ona yüksək dəyər verən bir rəhbər edə bilərdi. Bunu xarici ölkələrdən gələn qonaqlarımız da heyrətlə qarşılayıb, etiraf edirlər. Dünya şöhrətli qazax şairi və alimi, Türk dünyasının qürur duyduğu Oljas Süleymenov Avrasiya materikinin  Ədəbiyyat üzrə 4-cü “LiFFt” festivallar festivalının iştirakçısı kimi şəhərimizdə, o cümlədən Poeziya Evində olandan sonra Bakı Kitab Evində çıxış edərkən Zakir Fərəcovu müqayisəsiz şəhər rəhbəri kimi tərif etdi. Mənə elə gəlir, ədəbiyyata şəhər rəhbərliyinin diqqəti deyincə təkcə bu faktı söyləmək yetərlidir ki, hər şey hər kəsə aydın olsun. Böyük diqqət və qayğı üçün cənab başçımıza sumqayıtlı yazarlar adından bir daha dərin təşəkkür və minətdarlığımı bildirirəm.

 

-İllərdir ədəbi mühitə rəhbərlik edirsiniz. İstedadlı insanların baş yaran iddiaları ilə qarşılaşdınızmı heç?

 

-İstedadlı adamın həm də iddialı olmağı heç də pis hal deyil. Bu onların haqlarıdır. Ancaq istedadlı adamlar təvazökar olurlar axı. Özlərini gözə soxmurlar, mənəm-mənəmlik eləmirlər, eqoist olmurlar. Onların haqlarını qorumaq bizim borcumuzdur. Mən şəxsən buna çalışıram. Nə dərəcədə nail ola bilirəm, deyə bilmərəm. Bu elə də asan məsələ deyil. Bunu sən də bilirsən. Adamın qarşısına maneələr, çətinliklər çıxır.

 

-AYB Sumqayıt bölməsinin işi sizi qane edirmi?

 

-AYB Sumqayıt bölməsi yaranandan ədəbi mühit üçün çalışır. Bu yerdə, bölmənin yaradıcısı və ilk rəhbəri, görkəmli şairimiz Sabir Sarvanı rəhmət və sayqı ilə anmalıyıq. Zamanında davamlı olaraq ədəbi toplular nəşr etdirdi, ədəbi mühitin qalxınması üçün böyük işlər gördü. Bölmə indi də bu ənənəni davam etdirir, ədəbi camiəmiz üçün çalışır. Ancaq düşünürəm ki, sürətlə dəyişən zamanla ayaqlaşmaq üçün daha çox çalışmalıyıq, imkan daxilində daha kreativ layihələr həyata keçirməliyik. Dediklərim Ə.Kərim adına Poeziya Klubuna da aiddir. Həm bölgələrimizlə, həm də xarici ədəbi qurumlarla ədəbi əlaqələri daha da genişləndirməliyik. Gənc ədəbi qüvvələri müxtəlif layihələrə cəlb eləməklə onların imkanlarından daha geniş istifadə etməliyik.

 

 

-Biz nə edə bilərik ki, ədəbiyyatın əvvəlki təsir gücünü özünə qaytara bilək?

 

-Nəinki ədəbiyyatın, ümumiyyətlə heç nəyin əvvəlki təsir gücü özünə qayıtmayacaq. Çünki, dünyada yeni təsir gücləri yaranır. Biz məhz o yeni təsir gücünü təqib etməliyik. Və orada ədəbiyyatın müəyyən olunmuş yerini tutmalıyıq. Yəqin ki, bilirsiniz, hal-hazırda Azərbaycanda xarici ədəbiyyat daha çox oxunur, nəinki öz ədəbiyyatımız. Kitab dükanlarının satış reytinqi belədir. Biz bunun nədənini müəyyən etməli və oxucunu qazanmalıyıq.

 

-Şəhərimizin 75 illik yubileyi ərəfəsində arzunuz, istək və təklifləriniz?

 

-Azərbaycanımızın çox möhtəşəm olan himnində bir misra, bir arzu var:

“Üçrəngli bayrağınla məsud yaşa!”

Simvolu sülh göyərçini olan şəhərimizdə daim əmin-amanlıq olsun, insanlarımız qurub-yaratmaq eşqi ilə yaşasınlar, sumqayıtlıların çöhrəsindən təbəssüm əskik olmasın. Qədim-qayım Türk törəsinə sadiq olaq, milli olaq, bəşəri olaq, artaq, arınaq, aydınlanaq, aydınladaq, sevək, sevilək!!!

O gün olsun, davamlı olaraq yenilənən xoşbəxt nəsillər Sumqayıt şəhərinin 750 illik yubileyini qeyd etsinlər!

 

-Ürəyinizdən xəbər verən bir şeir?

 

-Düzü, ürəyimdən xəbər verməyən bir şeir yazmadım indiyəcən. Tam səmimiyyətimlə deyirəm, bilgisayarı açıb, əlimə keçən ilk şeiri yerləşdirirəm bura. Budur, 44 günlük Vətən müharibəsinin şəhid və qazilərinə ünvanlılığım bir şeir imiş. Məqamı behişt şəhidlərimizin ruhu şad, qazilərimizin sağlıq durumu gümrah, oxuyanların gözləri nurlu olsun həmişə.

 

Qarşınızda bir ömür sayqı duruşundayız

 

Vətən müharibəsinin şəhid və qazilərinə

 

Vətən sizə can dedi, Vətənə can verdiniz,

Damarları təpimiş torpağa qan verdiniz.

Otuz il otuz yerdən yaraları çatlayan,

Millətə qırx dörd gündə şəfayla şan verdiniz!

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayqı duruşundayız!

 

Bir çağrışı bəs etdi ali baş komandanın,

Yüz illərə tən oldu – hökmünə bax bir anın?!

Vahimədən yağılar pərən-pərən oldular,

Haləsi böyüdükcə çəkdiyiniz hilalın.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayqı duruşundayız!

 

Belə cəng, belə savaş yer üzü görməmişdi,

Nə dağı, nə dərəsi, nə düzü görməmişdi...

Bu xalq on min doqquz yüz əlli gecə yaşayıb,

On min doqquz yüz əlli gündüzü görməmişdi.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayqı duruşundayız!

 

Xan Araz Sizi görcək qəhərlənib ağladı,

Köhlən Xudafərinin şahə qalxdı tağları.

O taydan bir ün qopdu, yer-göy lərzəyə gəldi,

Bu tayda ucalınca sənin zəfər bayrağın!

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayqı duruşundayız!

 

Azğın düşmənlərinə çoxları çıxdı yiyə,

Avropa diş qıcadı, Asiya getdi küyə...

Ancaq birə-beş artdı gücünüz, qüdrətiniz,

“Hər zaman yanındayız!”- haykırınca Türkiyə.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayqı duruşundayız!

 

Nərənizdən Şuşada qaya qopdu, daş yandı,

O gün qaş qaralmadı, qaralacaq qaş yandı.

DƏMİR YUMRUĞunuzun zərbindən yer titrədi,

Odlu nəfəsinizdən düşmən başa-baş yandı!

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayqı duruşundayız!

 

Ruhlar səltənətində ucalıqlar sizindi,

Uca başlar sizindi - uca dağlar sizindi.

Başqa yerdə gəzməsin haqqı haqq arayanlar,

Məmləkətdə haqq olan bütün haqlar sizindi.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayqı duruşundayız!

 

Ürəyim pasrçalansın, üzüm ağ olsun!- dedi

Heç nəyimiz olmasın, Qarabağ olsun!- dedi.

Bundan böyük ibadət görünməyib cahanda -

Şəhid doğan analar: “Vətən sağ olsun!”- dedi.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayqı duruşundayız!

 

Azərbaycan adını sinənizdən asdınız,

Yeni tarix yaradıb, yeni dastan yazdınız.

Qazi hüzurlarıdır daha səcdə yerimiz,

Şəhid məzarlarıdır ən müqəddəs andımız.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayqı duruşundayız!

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Norveçdə yaşayan soydaşımız Hadi Qaraçaydır.

 

 

Hadi Qaraçay

Norveç

 

 

XALI ÜSTÜNDƏ YAZI

 

Günəşin ayıma

Suyun suyuma

Gecəm ulduzuna qarışıq ikən

Gözlərin qanıma

Odun canıma

Əllərin oduma alışıq ikən

Külümü yellərə necə verərsən?

 

İtburnu kolları bənək bənəkkən

Baramam odlanıb çal kəpənəkkən

Ürəyim ürəyim ələk-vələkkən

Sən məni ellərə necə verərsən?

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2024)

 

 

Nyu-Yorkda Linkoln Mərkəzinin Bruno Valter zalında IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin xüsusi konserti keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, konserti giriş sözü ilə açan təşkilat komitəsinin rəhbəri Nərgiz Əliyarova Diasporla İş üzrə Dövlət Komitəsinə müsabiqənin keçirilməsində göstərdiyi dəstək üçün təşəkkürünü bildirib.

Münsiflər heyətinin sədri, Juilyar məktəbinin bəstəkarlıq şöbəsinin müdiri, tanınmış bəstəkar Melinda Vaqner çıxış edərək öz fikirlərini bölüşüb.

Konsert proqramında Azərbaycan bəstəkarlarının əsərləri, həmçinin xalq mahnıları “Sarı gəlin”, “Ağacda alma”, “Aman, ovçu” və s. səsləndirilib.

Gecədə pianoçu, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqə laureatı, fəlsəfə elmləri doktoru, professor Nərgiz Əliyarova, ABŞ-da yaşayan gənc azərbaycanlı müğənni Aqil Süleymanov və Manhetten Musiqi Məktəbinin Kamera Musiqisi Ansamblı da iştirak edib.

Müsabiqənin keçirilməsində məqsəd oğurlanmış, plagiata məruz qalmış xalq mahnılarımızın Azərbaycan mədəniyyətinə aid olduğunu dünya musiqi ictimaiyyətinə çatdırmaq və onları geniş təbliğ etməkdir. Hər il keçirilən müsabiqəyə Diasporla İş üzrə Dövlət Komitəsi dəstək göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2024)

 

 

Şotlandiyanın Edinburq şəhərinin simvollarından biri kimi tanınan, qədim vulkan mənşəli “Arthur’s Seat” (“Arturun taxtı”) zirvəsində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan bayrağı dalğalandırılıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bayrağımızı Qlazqo, Aberdin və Edinburq universitetlərinin tələbələrinin təşəbbüsü ilə yaradılan Azərbaycan cəmiyyətlərinin üzvləri ucaldıb.

Qeyd edək ki, Qlazqo Azərbaycan Cəmiyyəti 2022-ci, Aberdin Azərbaycan Cəmiyyəti 2023-cü və Edinburq Azərbaycan Cəmiyyəti isə 2024-cü ildə azərbaycanlı tələbələr tərəfindən yaradılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bir çox layihəni uğurla həyata keçirən hər üç cəmiyyət Azərbaycanı beynəlxalq səviyyədə tanıtmaq, ölkəmizin mədəniyyətini, tarixini və milli dəyərlərini dünyaya çatdırmaq işində fəallıq göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2024)

14 -dən səhifə 1841

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.