Məgər, “Hicran” unudularmı? SABİT RƏHMAN – UNUDULMAZ DRAMATURQ Featured

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Teatr günüdürsə, ölkəmizin ən görkəmli teatr xadimlərini xatırlamağımız yerinə düşər. O cümlədən də, Sabit Rəhmanı. Elə bir teatr xadimini ki, XX əsr Azərbaycan ədəbiyyatında, mədəniyyət və incəsənətində mühüm yer tutan ən görkəmli sənətkarlardandır.

 

Yazıçı, dramaturq, kinossenarist kimi Sovet dövrünün ictimai-siyasi prosesləri Sabit Rəhmanın əsərlərində öz əksini tapıb. Tamaşaları səhnəmizə yeni nəfəs, yeni mövzu və sağlam gülüş gətirib. 70 ildən çoxdur ki, səhnəmizdən “Toy”, “Xoşbəxtlər”, “Aydınlıq”, “Nişanlı qız”, “Əliqulu evlənir” və xüsusən də“Hicran” əskik olmur. Bütün bunlarsız Azərbaycan səhnəsinin nə qədər kasıb olacağını təsəvvür etdinizmi?

Ötən gün yazıçı, dramaturq, Azərbaycanın Əməkdar incəsənət xadimi Sabit Rəhmanın anadan olmasının 115-ci ildönümü tamam oldu.

Sabir Kərim oğlu Mahmudov (Sabit Rəhman) 1910-cu il martın 26-da Şəkidə dünyaya gəlib. 1926-cı ildə “Molla Nəsrəddin” jurnalında “Şeyx Samit” imzası ilə dərc olunan felyetonu ədəbiyyat aləminə yeni bir istedadın gəlişindən xəbər verirdi. 50-dən çox hekayə, “Vəfasız”, “Son faciə”, “Arzular” povestlərini, “Nina”, “Böyük günlər” romanlarını yazdıqdan sonra o, “Hicran”, “Ulduz” musiqili komediyalarını yazdı, daha çox səhnəmizin gülüşünün yaradıcısı oldu.

Amma Sabit Rəhman həm də rejimin simasızlığını, nöqsanlarını da göstərməkdəydi. Baxın, o, 1938-ci ildə “Toy” komediyasını yazıb. “Toy”un əsl mahiyyətini bilmək üçün böyük bir imperiyanın süqutunu gözləmək lazım gəlib. Ədəbiyyatşünas-tənqidçi Yaşar Qarayev yazırdı: “Mən həmişə heyrət edərdim ki, bu qədər şaqraq, şən və şux bir “Toy” “37”dən dərhal sonra 1938-ci ildə necə meydana çıxa və necə belə ucadan səslənə bilərdi?! Doğrudanmı, bu “Toy” - matəmdə bayram, vəba vaxtı işrət” idi?”

Sabit Rəhman dırnaqarası ideal sayılan sovet cəmiyyətinin nöqsanlarını gülə-gülə göstərməklə necə bir təhlükəli oyuna girdiyini də bilirdi, özü “Toy” komediyasını yazandan sonra demişdi: “Mən qabaqcadan bilirdim ki, yerim 37-ci ildə tutulan yazıçıların arasında olacaq. Lakin yazıçı borcumu yerinə yetirmək mənə üstün gəldi”.

Sabit Rəhmanın tamaşalarında Mirzəağa Əliyev, Sidqi Ruhulla, İsmayıl Osmanlı, Möhsün Sənani, Ağasadıq Gəraybəyli, Hökümə Qurbanova, Barat Şəkinskaya, Süleyman Ələsgərov kimi qüdrətli sənətkarlar iştirak edirdi.

İndi isə Sabit Rəhmanın Azərbaycan incəsənətinə töhfəsinin növbəti parlaq səhifələrinə keçək, çünki bu töhfələr  təkcə  teatrda deyil, o, həm də Azərbaycan kinosunun ən qiymətli inciləri sayılan “Arşın mal alan”, “O olmasın bu olsun”, “Koroğlu”, “Əhməd haradadır” kimi filmlərin ssenarisini də yazıb. Xüsusən qeyd edək ki, vaxtı ilə “Arşın mal alan” filminin kinossenarisini oxuyan Üzeyir bəy Hacıbəyli Sabit Rəhmana deyib: “Başqası mənim gülüşlərimi hoqqabazlığa çevirə bilərdi, amma sən gülüşlərimə ekran üçün can vermisən”.

Sabit Rəhman 1970-ci il sentyabrın 23-də Bakıda vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.