“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün şeir vaxtıdır. Sizlərə Fərqanə Səfərlinin şeirləri təqdim edilir.
GƏLİRƏM
Yerin pis əməlindən
Üşüyürəm, İlahi -
Göydə bir ocaq qala,
Qızınmağa gəlirəm.
Çiynimdəki hörüklər
Mələklərə yol açıb -
Dəftərimi bilməkçün
Arınmağa gəlirəm.
Qaranlıq peşimandı,
Qardaş bilib işığı -
Kəfənin iç üzünə
Sarınmağa gəlirəm.
Biz uçmaq vərdişini
Doğuluşdan itirdik -
Bir kəpənək belində
Barınmağa gəlirəm.
YENƏ
Yenə durna qatarı,
Yenə sazaq bir hava.
Yenə könlüm yön alır
O isti uzaqlara...
Yenə gün batımını
gözləyir qamış səsi,
Bir də həsrət qoxuyan
Kədərimin naləsi...
Yenə günəş gedəcək
Öz doğma ocağına.
Yenə düşər qaranlıq
Yerin kor bucağına.
Yenə...
Yenə burda mən,
Bir də azğın ümidlər -
Həm məni, həm özünü
Xəyallara kilidlər.
SEVGİ VALSI
Gəl, rəqs edək səninlə,
Mələklər savab yazsın
Çiynimizdə ritmlə...
Gəl, üzümüz ölümə
Dözək hər bir zülmə.
Zaman şərə qarışsın,
Gecənin işıqları
Gözümüzdən alışsın...
Tərləsin əllərimiz
Valsın şən notlarında.
Büdrəsin ayağımız
Zər qırçınlı donumda.
Cismim ağırlıq etsin,
Sol qoluna əksimi -
Oynayaq sənin ilə
Ölümsüzlük rəqsini.
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)