Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Mən övladam...
Öz valideynlərim üçün oğulam. Dünyanın min bir cinayətini işləmiş də olsam, üstündən on illər keçsə, dərim qırışıb, saçlarım ağarsa da, mən yenə də onların gözündə donmuş zamanda qalan bir uşağam. Onların mənəvi borcunu illər ötsə də heç bir maddi ödəmə ilə qaytara bilmərəm.
Mən atayam...
Övlad sahibiyəm. Hər gün gözlərini saatın əqrəbinə dikən, gəliş saatımı səbirsizliklə gözləyən, qapı döyüləndə "atam gəldi" deyib sevinc içində qapıya qaçan bir övladın atasıyam. Adi bir xəstəliyə dözümüm olmasa da, onun gözündə dünyanın ən məğlubedilməz qəhrəmanıyam. Mənim üçün ən üzücü hal bəzən ona məcburiyyətdən danışdığım yalanları həqiqət kimi qəbul etməsidir. Məsələn, mağazada bəyəndiyi bir əşyanı cibimə uyğun olmadığından ala bilmədikdə "o yaxşı deyil, keyfiyyətsizdir, zərərlidir, başqa bir şey seç alaq" deməyimdir.
Hər gün iş saatının bitməsini, yolda işıqforların qırmızı işığının rəqəmlərini saymağım, evə tələsib onu görmək istəyimdən irəli gəlir. Nə qədər dərdli, nə qədər mənəvi yorğun olsam da, onun bir saf gülüşü, bircə sarılması bütün hər şeyi bir andaca unutdurur.
Bəzi zamanlar evə tərəddüdlə getməli oluram. Bilərək zaman gecikdirirəm, çünki gün ərzində onlarla sual cavablandırmağıma rəğmən, "ata, mənə nə almısan?" sualı qarşısında aciz qalmaq məni çox məyus edir.
Mənim üçün ən önəmlisi övladımın gələcəyidir. Onun daim xoşbəxt və uğurlu olmasını istəyirəm. Bunun üçün də əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.
Mən bir həyat yoldaşıyam...
Uzunluğunu bilmədiyim bir ömür yolunda, mənimlə yoldaşlıq edən bir insana layiqli həyat yoldaşı olmağa çalışıram. Daim sevgimizə sadiq qalır, onu əsən küləklərdən, sərt fırtınalardan qoruyan bir keşikçi kimi yanında dayanıram. Bu sevgiyə yeni doğulmuş körpə kimi həssas yanaşıb diqqətli davranıram. Ailə ilə bağlı hər hansı bir məsələdə addım atmadan öncə qarşılıqlı fikir mübadiləsi aparır, sonra qərar verirəm.
Biz bu məsuliyyətli həyat yoluna birgə qədəm qoymuşuq. Ruhumun yorğunluğu yalnız onun bir təbəssümündə, ümid dolu baxışlarında təskinlik tapa bilir.
Mən bir vətəndaşam...
Vətəndaş olaraq öhdəliklərimi, vəzifələrimi, hüquq və azadlıqlarımı gözəl bilirəm. Vətənimin həqiqətən bir parçası olmaq üçün əlimdən gələni əsirgəmirəm. Onun bir dırnağına, bir telinə zərər gəlməsini istəmirəm. Mən onu bölgələrə bölmürəm; mənim üçün onun hər qarışı, bir ovuc torpağı belə doğmadır, əzizdir. Əgər bir gün düşmən bu torpağa göz dikərsə, yatmaq üçün övlada, yoldaşa yastıq olan sinəm düşmən üçün sipər, yıxılana kömək üçün uzadılan əlimsə səngərdə düşmənə tuşlanmış silahın tətikçisinə çevrilər.
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)