Super User

Super User

 

Ankarada Əhməd Cavad adına İnstitut, Azərbaycanın Türkiyədəki səfirliyi və TÜRKSOY tərəfindən Azərbaycanın Zəfər Günü şərəfinə təşkil olunan tədbirlər çərçivəsində tanınmış dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın sərgisi açılıb.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, ekspozisiyada Qarabağ bölgəsinin milli geyim ənənələrinin əks olunduğu "Qarabağ və Xarıbülbül" kolleksiyası nümayiş olunub. Həmçinin unikal "Qarabağın cizgiləri" layihəsi - qədim Azərbaycan torpağının zəngin irsini və ictimai həyatını, musiqi və ədəbiyyatını əks etdirən ipək üzərində yaradılmış Qarabağın görkəmli şəxsiyyətlərinin portretləri təqdim edilib.

Türk dünyası mədəniyyətinin və incəsənətinin töhfəsinə və inkişafına görə Gülnarə Xəlilova Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illiyi münasibətilə təsis olunmuş “Əhməd Cavad” medalı ilə təltif edilib.

Qeyd edək ki, “Cizgi” brendinin müəllifi Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya, Şimali Kipr Türk Respublikası və digər ölkələrdə moda həftələrində və digər beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.

 

 “Ədəbiyyat və incəsənət”

(15.11.2024)

Bu gün Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” (“Climates and Carpets”) adlı beynəlxalq sərgi açılır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilir.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgidə Azərbaycan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və Rusiyanın tanınmış rəssamlarının bəşəri dəyərə malik Azərbaycan xalça sənətindən, onun ənənəvi naxışlarından ilhamlanaraq yaratdıqları əsərlər nümayiş olunacaq.

Sərgidə Rusiyanın məşhur aktrisası, rejissor, rəssam, müğənni və televiziya aparıcısı Natalya Boçkaryovanın “Alovda doğulmuş” əsəri yer alacaq. Sərgidə, həmçinin North Park Universitetinin professoru Nnenna Okorenin (Çikaqo şəhəri), meksikalı rəssam Pedro Sezar Peraltanın, “YARAT” Müasir İncəsənət Məkanının və “CHELEBI” brendinin təsisçisi rəssam Aida Mahmudovanın, Əməkdar rəssamlar Taryer Bəşirov və Faiq Əhmədin, Əməkdar mədəniyyət işçisi Elmira Abbaslının, rəssamlar Məmməd Rəşidov, Milena Nəbiyeva, Məhər Məhərrəmov və Təranə Əliyevanın, eləcə də Bilgəh qəsəbəsi 11 saylı inteqrasiya təlimli internat məktəbinin şagirdlərinin şüşə, yun, metal, bioplastik, tənzif, lif, talaş və s. kimi materiallardan, müxtəlif tullantılardan hazırladıqları bir-birindən fərqli sənət nümunələri yer alacaq. 

Sərginin açılış mərasimində əsərlərin nümayişi ilə yanaşı, Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunan, Əməkdar rəssam Taryer Bəşirovun COP29-a həsr etdiyi “Yaşıl dünya” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi də baş tutacaq. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin Qadınlar Birliyinin üzvləri toxuculuq üzrə ustad dərsləri keçirəcəklər.

Noyabrın 30-dək davam edəcək sərgiyə biletləri itiket.az saytından əldə etmək mümkündür. 

Qeyd edək ki, ölkəmizin əlverişli iqlim şəraiti, füsunkar təbiəti burada qədim xalq sənəti olan xalçaçılığın yaranmasında və inkişafında mühüm rol oynayıb. Azərbaycanın zəngin naxışlı, orijinal kompozisiyalı, ekoloji təmiz, rəngarəng xalçaları onun əsrarəngiz təbiətinin bütün gözəlliklərini özündə əks etdirir. Sərginin məqsədi müasir sənətkarların qədim ənənələrimizə əsaslanaraq yeni üslubda və texnikada yaratdıqları əsərlər vasitəsilə tamaşaçıların diqqətini iqlim dəyişikliyinə qarşı mübarizənin, sağlam həyat tərzinin əhəmiyyətinə yönəltmək, ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə səsləməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı Neftçalada yaşayıb yaradan ziyalımız Etibar Əbilovun dünyadan nakam köçmüş oğlu Əbil Əbilovun gündəliyindən təqdim etdiyi növbəti hissəni sizin diqqətinizə çatdırır.

 

Əbilin gündəliyindən:

“Lev Tolstoy haqqında ikinci yazı”

 

28 avqust 2006. 

Allah sənə rəhmət eləsin, Mirzə Cəlil. "Danabaş kəndinin məktəbi"  keçdi xəyalımdan. Ona görə xatırladım ki, "Danabaş kəndinin məktəbi"ndə kəndə məktəb açmağa gələn dövlət məmurlarından uşaqları gizlədirlər. Səbəb də o olur ki, bizim uşaqları birdən əsgər (soldat) apararlar. 

“Dirilmə"nin qəhrəmanı Nexlyudov öz torpaqlarını rus kəndlilərinə vermək istəyir, amma gəl, kəndlilər buna boyun qoymur və deyirlər ki, əvvəlki qayda-  biyar, köləlik yaxşıdı. Əsas da onu gətirirlər ki, ağa öz torpaqlarından keçməz. Bu oyunlar, sadəcə, bizi aldatmaq üçündü.

İnsan psixologiyasını gözəl bildiyi kimi Tolstoy, elə cəmiyyət sosiologiyasını da gözəl bilir. Tolstoy "Dirilmə"ni ömrünün sonuna doğru yazıb. Tolstoyun da ahıl vaxtlarını yaşadığı illər XIX əsrin sonu, XX əsrin əvvəlinə rastlayır ki, bu dövr Rusiyada kommunizmin yaranıb, təşəkkül tapdığı dövrə təsadüf edir. Yəni bu dövr sosializm anlayışının təşəkkül tapdığı dövrdür.

Bu dövr Rusiya ədəbiyyatında "inqilab"  dövrü olsa da, siyasi cəhətdən sosializm anlayışının hələ formalaşmadığı dövr idi.

Liberallığı ilə dostları arasında şöhrət tapan Nexlyudov torpağı kəndlilərə verəcəyini kəndlilərə bildirəndə doğan narazılıqla elə Tolstoy özü rus kəndlisinin buna hazır olmadlğını açıb göstərmiş olurdu. Baxmayaraq ki, elə Tolstoy özü də bütün sərvətini - torpaqlarını kəndlilərə paylamaq istəmişdi. Nexlyudovun torpaq islahatında Tolstoy özünü yazıb - desək bəlkə də mübaliğəyə yol vermiş olarıq. Amma hər halda bu, həqiqətlə az-çox uyğunlaşır. 

Rus kəndlisi torpağı özəlləşdirməyə hazır olsa da, sosializmə hazır deyil. Çünki "sosializm" özlüyündə bir quruluşdur. Və bu quruluşu insanlar gəririb və yaxud apara bilməzlər. Necə ki, edə bilmədilər. Sosializm yaşayıb-tutuna bilmədi. 

İnsanlar sadəcə avanqard qüvvə kimi bəzi şeyləri sürətləndirib, ləngidə bilərlər .

Bəli, Rusiyada sosializm tam mənimsənilməmiş özü özünü dağıtdı. Çünki sosializm yarananda aydın proqram xətti belə yox idi. Beləliklə, sosializm üçün sosial şərait yetişməmişdi. Bu da özünü onda sübut etdi ki, kəndlilərə verilən torpaqları 1926-cı ildə kolxozlaşma adl ilə əlaqədar geri alanda bu səfər mülkədarlar yox (o dövrdə keçmiş mülkədarlar hamısı ya həbsdə, ya Sibir sürgünündə idilər) elə kəndlilər özü üsyan qaldırıb torpağı vermədilər. Bu da sübut etdi ki, torpaq kəndliyə o sosializmi mənimsəmədiyi formada verilmişdi.

                  (ardı var)

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2024)

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

İnsan ürəyi təbiətin ən incə ahənglərini özü ilə daşıyan bir dünyadır. Bu ürəkdə cərəyan edən duyğuları anlatmaq isə hər zaman asan olmur. Ancaq bəzən dörd söz – sevgi, eşq, məhəbbət, sevda – insan ruhunun ən dərin qatlarına işıq salaraq əslində ayrı-ayrı duyğuların incə çalarlarını əks etdirir. Ədəbiyyatda bu sözlər müxtəlif kontekstlərdə işlənsə də, hər birinin özünəməxsus incə anlamı var və hər biri insan həyatının müxtəlif mərhələlərində öz dərin təsirini göstərir.

 

Sevgi: Həyatın Sadə və Saf Duyğusu

 Ədəbiyyatda "sevgi" kəlməsi bəzən həyatın ən saf, təmiz məqamlarını ifadə edir. Sevgi ailə üzvlərinə, dostlara, təbiətə, hətta həyata olan bir bağlılıqdır. Bu duyğu mürəkkəb ehtiraslardan və qarşılıqlı gözləntilərdən azaddır. Əslində, sevgi həyatın özünə dair bir bağlılıqdır. İnsan sadəcə həyatın dəyərini hiss edir və onu yaşamaq istəyir.

Bu duyğunun incəliyini ədəbiyyatda tez-tez görmək mümkündür. Ramiz Rövşənin şeirlərində, Nazim Hikmətin əsərlərində insan sevgisinin bir ehtiramla işlənməsi, onu yaşadıb dəyərli etməsi qəlbə toxunan bir iz qoyur. Sevgi tək bir insana deyil, bəzən bütün varlıqlara olan bağlılığı əks etdirir.

 

Eşq: Odlu-Alovlu Tutqu

Eşq ədəbiyyatda fərqli bir anlam daşıyır. Eşq yanıb-yaxılmaq, coşmaq, qarşısıalınmaz bir hisslə bağlanmaqdır. Eşqdə ehtirasın və sadiqliyin izləri olur, bu hiss insanı təlatümlərə çəkir. Klassik Şərq ədəbiyyatında eşqin məna və formaları çox zaman dərin fəlsəfi təhlillərlə müşayiət olunur. "Leyli və Məcnun" əsərində Məcnunun Leyliyə olan eşqi onu dəli edir, dünyanı gözündən silir. Bu, elə bir eşqdir ki, insanı ağlından alıb təbiətə, torpağa və səmaya bağlayır.

Həqiqi eşq həm də təmiz və uca sevginin ən yüksək nöqtəsi kimi təsvir olunur. Eşq bəzən insanı məhvə sürükləsə də, onun ruhunu saflaşdırır, onu yeni bir məna ilə doldurur. Əslində, eşq bir az "yanma", bir az "yox olma" deməkdir. Bəlkə də elə bu səbəbdən Füzuli kimi böyük söz ustaları eşqi “aldığı ağrı-acıdan zövq alan bir yanğın” kimi dəyərləndiriblər.

 

Məhəbbət: Dərin Məna və Sükut

Məhəbbət sözü isə çox zaman təntənəli və dərin bir bağlılığı ifadə edir. Məhəbbət sevginin daha ağır, daha dərin və mənalı bir formasıdır. Bu duyğuda anlayış, fədakarlıq, qarşılıqlı hörmət vardır. Məhəbbət bəzən illər ərzində yaranır və kök salır. Elə bir sevgi ki, sönməz, illər keçsə də, gücünü itirməz. Ədəbiyyatın müxtəlif janrlarında – romanda, povestdə, hətta şeirdə də məhəbbət səmimi və ehtiyatlı duyğularla təsvir olunur. Məhəbbət şirinliklə, təmizliklə, yumuşaqlıqla səslənir. Əsərlərdə həyat yoldaşları arasında dərin məhəbbət, ata-ana və uşaqlar arasındakı səmimi məhəbbət təsvir edilir.

Bu xüsusiyyətləri ilə məhəbbət, eyni zamanda, qarşılıqlı əlaqələrdə daha dərin bir mərhələdir. Yazıçı və şairlər məhəbbəti sadəcə bir hiss kimi yox, həm də mənəvi dəyər kimi təqdim ediblər. Məhəbbət cəmiyyətin əxlaqi əsaslarını formalaşdırır, fərdləri qarşılıqlı bağlılığa yönəldir.

 

Sevda: Səbəbsiz Həsrət

Sevda ədəbiyyatda eşqin bir başqa formasıdır. Lakin sevda daha çox gizli, uzaqdan və əldə edilməz bir arzu kimi təzahür edir. Sevdada ümidlərlə dolu həsrət var, bəzən bu həsrət duyğuların qarşılıq tapmadığı məkanlarda daha güclü şəkildə yaşayır. Sevda insanı ümidləndirir, onu yaşamağa davam etməyə sövq edir, ancaq hər zaman içində bir məhrumiyyət hissi daşıyır.

Ədəbiyyatda "sevda" çox zaman uzaqdan-uzağa sevmək, əlçatmaz arzuya bağlanmaq kimi təsvir edilir. Elə buna görə də, Əliağa Vahid kimi şairlər sevdanı çox zaman bir nisgillə anıblar. Onların əsərlərində sevda dərd kimi, şirin acı kimi əks olunur. Bu duyğunun insan ruhunda yaratdığı təsir fərqlidir; bəzən bir insanı həyatdan soyudub öz dünyasına qapanmasına səbəb olur. Sevda bir insanı gözəl həyəcanlarla yaşayarkən, bəzən həyatı boyu bu "əlçatmazlıq" duyğusu ilə yaşadan bir istəkdir.

Ədəbiyyatın Yaratdığı Dünya

Ədəbiyyat insan qəlbində baş verən bu duyğuların hər birini müxtəlif obrazlarla, hekayələrlə, səhnələrlə əks etdirir. Hər bir duyğu özündə bir həqiqəti gizlədir, bəzən isə oxucunu yaşatmaq, düşündürmək üçün onun qəlbinin dərinliyinə xitab edir. Bu dörd söz, əslində, insan ruhunun rəngarəngliyini, duyğuların hər şəxsə görə fərqli yaşanmasını əks etdirir.

Sevgi insanı həyatı sevməyə sövq edir; eşq yanmağa, coşmağa vadar edir; məhəbbət sabit və dərin bağlılığa yol açır. Sevda isə insanı daha çox həsrətlə yaşayan, ancaq heç zaman ümidini itirməyən bir xarakterə bürüyür.

Beləcə, bu dörd sözdə sanki bir ömür yaşanır, insan ruhunun bütün təlatümləri, ehtirasları, bağlılığı bir-bir əks olunur. Ədəbiyyat bu duyğuları sözlərə çevirərək, oxucunu həm həyatın, həm də duyğuların gözəlliklərini, dərdlərini hiss etməyə səsləyir.

Bu boz noyabr günlərində sizlərə ən ülvi hisslərinizin təntənəsi arzusu ilə!

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2024)

 

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Qazaxıstanın Şimkənd şəhərində keçirilən Mərkəzi Asiya Ölkələrinin IX Beynəlxalq Teatr Festivalında uğurla iştirak edib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Musiqili Teatra istinad edən AzərTAC məlumat yayıb. 

Əməkdar artist Şövqi Hüseynovun iştirakı ilə gənc rejissor Zaur Əliyevin quruluşunda hazırlanan “Killerdən teleqram” (Pərviz Seyidli) monotamaşası festival iştirakçılarının böyük marağına səbəb olub və müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb. 

Teatrın nümayəndə heyətinin üzvləri – Musiqili Teatrın direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova, Əməkdar artist Şövqi Hüseynov, monotamaşanın quruluşçu rejissoru Zaur Əliyev, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, işıqçısı Nicat Həmidov Qazaxıstanda hörmət, ehtiram və yüksək qonaqpərvərliklə qarşılandıqlarını xüsusi vurğulayaraq əziyyəti olan hər kəsə təşəkkür ediblər. 

İstər festival iştirakçıları, istərsə də yerli media nümayəndələri tərəfindən rəğbətlə qarşılandıqlarını qeyd edən aktyor ölkəmizi belə bir nüfuzlu beynəlxalq layihədə təmsil etdiyinə görə qürur duyduğunu bildirib: “Qazaxıstanın Şimkənd şəhərində ilk dəfə olsam da, gözəl təəssüratlarım tükənməzdir, çünki özümü orada yad kimi hiss etmədim, insanların doğma münasibəti hər birimizi məmnun etdi. Bir-birindən maraqlı görüşlər sadalamaqla bitməyən xoş xatirələrə çevrildi”. 

Tədbirin proqramı çərçivəsində türkdilli ölkələrin teatr xadimləri, incəsənət nümayəndələri ilə işgüzar görüşlərdən danışan Vəfa xanım da səfər təəssüratlarının yüksək olduğunu vurğulayıb: “Düşünürəm ki, bu cür qarşılıqlı mədəni əlaqələr ölkələri bir-birinə daha da yaxınlaşdırır. Əslində, onların bizə olan doğma münasibəti Azərbaycana sevgilərinin təcəssümüdür və biz bunu hər addımda hiss etdik. Ümidvaram ki, bundan sonra da sıx əlaqələrimizi uğurla davam etdirəcəyik".

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2024)

 

 

Noyabrın 14-də Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunmasına çağırış edən MAMA “Ana təbiət” (Mother Nature) beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” (Participate!) sərgisinin açılış mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, sərgilərin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ailə üzvləri iştirak ediblər.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində fəaliyyətə başlayan MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsinin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Layihə çərçivəsində nümayiş olunan ekspozisiya “IDEA” (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə təqdim edilir.

Ətraf mühitin mühafizəsi mövzusunda açılan “Öz töhfəni ver!” sərgisi isə Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya və “IDEA” İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzi və İsveçrə Qadın və Gücləndirmə Assosiasiyası (Association of Swiss Women & Empowerment) tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva nümayiş olunan əsərlərin izləyicilərə müsbət enerji verəcəyinə ümidvar olduğunu bildirib. O, sərginin ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkürlərini çatdırıb.

Leyla Əliyeva ölkəmizin ev sahibliyi etdiyi COP29-da Azərbaycanda aparılan işlər nəticəsində bir çox müsbət nəticələrin əldə olunacağına inamını ifadə edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti son dövrlərdə planetimizdə iqlim dəyişiklikliyi nəticəsində meydana gələn problemlərdən bəhs edib, hava, torpaq, suyun çirklənməsinin bir sıra mənfi təsirlərindən danışıb. Leyla Əliyeva iqlim dəyişikliyi və çirklənmə məsələsinin, həmçinin Azərbaycanın ekosisteminə ciddi təsir göstərdiyini bildirib, mövcud problemlərin həllinə çox nikbinliklə və kreativ üslubda yanaşıldığını diqqətə çatdırıb. O, 2011-ci ildə təsis edilmiş “IDEA” İctimai Birliyinin fəaliyyətinin məhz ətraf mühit problemlərinin həllinə yönəldiyini də qeyd edib.

Sonra çıxış edən türkiyəli rəssam Seval Özcan möhtəşəm beynəlxalq sərginin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığını bildirib. Diqqətə çatdırılıb ki, təbiətin insanlara deyil, insanların təbiətə ehtiyacı var və dünyamız bu gün böyük təhlükə altındadır. S.Özcan bu cür çətinliklərin olduğu bir dövrdə Bakıda iqlim dəyişikliyi ilə bağlı təşkil edilən tədbirlərin çox əhəmiyyətli olduğunu vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya tədbir iştirakçılarına videomüraciətində iqlim dəyişmələrinin qarşısını almaq və daha yaşıl dünyaya nail olmaq məqsədilə göstərdiyi qlobal səylərə, iki layihənin ərsəyə gəlməsinə görə Leyla Əliyevanın rəhbərliyi ilə “IDEA” İctimai Birliyinə, həmçinin Heydər Əliyev Fonduna və İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasına təşəkkürünü bildirib.

"Bu iki sərgi "Gələcək Naminə Pakt"da əks olunmuş üzv dövlətlərin öhdəliyi, COP29 müzakirələrin əsas mövzusunu təşkil edəcək işlər ilə həmahəngdir. Həmçinin bu sərgilər qəlbimə xüsusən bağlıdır, çünki onlar incəsənət, texnologiya və ətraf mühit öhdəliyinin kəsişən məqamlarını əks etdirir. Bizi düşündürən bu cür işlər laqeydliyin fəsadlarını xatırladır və hər tamaşaçını planetimizdə carçı rolunda düşünməyə vadar edir. Həmin sərgilər bizi hərəkətə səsləyir və hamımızı seçimlərimizin təsiri, eləcə də gələcək nəsillərə hansı mirası qoyacağımız barədə düşündürür", - deyə Tatyana Valovaya videomüraciətində qeyd edib.

Sonra qonaqlar MAMA “Ana təbiət” və “Öz töhfəni ver!” sərgilərinə baxış keçiriblər.

Sərgi ilə tanış olan qonaqlar öz təəssüratlarını AzərTAC-la bölüşüblər. İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) dünyamıza və xüsusilə incəsənətə qayğının mütləq olduğunu bildirib. Onun sözlərinə görə, incəsənətə qayğının ən gözəl ifadəsində sənət, musiqi də istifadə edilməlidir. Əks halda, insanların ruhuna toxuna bilmərik.

Rəssam Kamran Məmmədov sərgidə nümayiş etdirilən əsərində peşəsindən asılı olmayaraq, hər kəsin planetimizə, təbiətimizə qayğı göstərməyin əhəmiyyətinə diqqət cəlb etdiyini deyib.

Heykəltaraş Ömər Heydərov isə sərginin çoxşaxəli olduğunu, bütün növ sənət nümunələrini əhatə etdiyini deyib. O, sərgidə həm təbiətin gözəlliyinin nümayiş olunduğunu, həm də onu qorumaq üçün çağırışların edildiyini diqqətə çatdırıb.

MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi Azərbaycan da daxil olmaqla, 28 ölkədən – ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Gürcüstan, Hindistan, İspaniya, İsrail, Latviya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna və digərlərindən 55 fərqli sənətkarı bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır. Fərqli ölkə və millətlərdən olan müəlliflər əsərləri ilə iqlim dəyişikliyi mövzusunda insanların şüuruna təsir göstərməyə cəhd edirlər.

Ekspozisiyada rəqəmsal instalyasiya, rəsm, qrafika və heykəltaraşlıq nümunələri daxil olmaqla, ümumilikdə 127 əsər təqdim olunur.

“Öz töhfəni ver!” sərgisi isə ətraf mühitin mühafizəsi, ekoloji maarifləndirmə və ekomədəniyyətin təbliğinə həsr olunub. Layihə insanların ekoloji maarifləndirilməsini artırmağa, uşaq və yeniyetmələri ekoloji gündəliyə cəlb etməyə, onların ekoaktivliyini populyar formatlarda dəstəkləməyə hədəflənib.

Sərgi üç hissədən ibarətdir. “Əvvəllər belə idi. Bundan sonra nə olacaq?” adlı birinci hissədə XIX-XX əsrlərin bir sıra görkəmli rəssamlarının müxtəlif qitələrin mənzərələrini əks etdirən əsərləri və süni intellekt texnologiyasının imkanları ilə həmin mənzərələrin qlobal istiləşmə nəticəsində necə dəyişəcəyi göstərilir. Burada Klod Monenin “Su zanbağı gölməçəsi”, Pol Sezanın “Sent-Viktuar dağı”, Albert Birştadın “Syerra-Nevada arasında, Kaliforniya” və digər müəlliflərin əsərlərindəki mənzərənin ətraf mühitə mənfi təsirlərin nəticəsində hansı dəyişikliklərə uğrayacağı təsvir edilir. Tamaşaçıya “Qlobal istiləşmənin qarşısı alınmazsa, həmin mənzərələr nə hala düşəcək? Növbəti nəsillər onları görə biləcəkmi?” sualları ünvanlanır.

Sərginin ikinci hissəsi “17 dayanıqlı inkişaf məqsədi” adlanır. Burada 2015-ci il sentyabrın 25-də 193 ölkənin iştirakı ilə BMT Baş Assambleyası tərəfindən qəbul edilən və “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” adlı sənədə daxil olan davamlı inkişafın hər üç komponenti - iqtisadi, sosial və ekoloji tarazlığın təmini nümayiş etdirilir.

Ekspozisiyanın “Öz töhfəni ver!” adlı üçüncü hissəsi isə insanları səyləri birləşdirərək təbiətin qorunmasında iştiraka səsləyir. Ziyarətçilər ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində maraqlı, qeyri-standart, yaradıcı ideya və təşəbbüslərini bədii şəkildə, əlvan boyalarla təsvir etmək imkanı qazanır. Layihə təşkilatçıları insanları tərəddüd etmədən ətraf mühitin qorunması, planetimizin xilası naminə hərəkətə keçməyə çağırır.

Xatırladaq ki, sərgi Azərbaycan ilə BMT arasında əməkdaşlıq çərçivəsində reallaşdırılan ilk layihə deyil. 2022-ci ilin iyununda BMT-nin Cenevrədəki bölməsində “Mənim dənizlərim, mənim okeanlarım”(My Seas, My Oceans) fotosərgisi, 2022-ci ilin oktyabrında Bakıda Heydər Əliyev Mərkəzində “Çağırışın 17 siması” (“17 Faces of Action”) fotosərgisi təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2024)

Niderlandın paytaxtı Amsterdamda onuncu beynəlxalq “Cello Biennale Amsterdam” festivalında Firəngiz Əlizadənin “ŞÖVQ” adlı yeni əsərinin premyerası olub. Amsterdamın Sinfonietta orkestrinin sifarişi ilə xüsusi olaraq “Х Cello Biennale Amsterdam” üçün yazılmış violonçel konserti Vyanadan olan gənc virtuoz Kian Soltani tərəfindən ifa edilib.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Firəngiz Əlizadənin əsərinin premyerası böyük uğurla keçib. Müəllif və solist tamaşaçıların alqışları ilə dəfələrlə səhnəyə çıxıb. Konsertdə həmçinin Amsterdam Sinfonietta musiqiçiləri Firəngiz Əlizadənin Amerikanın “Kronos” kvarteti üçün yazdığı məşhur “Dance” əsərini möhtəşəm şəkildə ifa ediblər.

“Cello Biennale Amsterdam” festivalı haqqında məlumat verən çoxsaylı nəşrlər və musiqi jurnallarında Firəngiz Əlizadənin həyat və yaradıcılığına dair materiallar dərc olunub. Onu “müasir akademik musiqinin canlı klassiki” adlandırıblar. “De Nieuwe Muze” jurnalına müsahibəsində Firəngiz Əlizadə Azərbaycanın zəngin musiqi ənənələrindən, peşəkar musiqinin banisi Üzeyir Hacıbəylidən və onun bənzərsiz “Leyli və Məcnun” operasından danışır.

ARTE Avropa televiziya proqramında da Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin yeni əsərinin premyerasına böyük diqqət yetirildiyi bildirilib, “Х Cello Biennale Amsterdam” haqqında süjet nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2024)

“Mən erməni lobbi təşkilatı ANCA tərəfindən dəstəklənən ABŞ Konqresindəki Erməni Qrupunun təsisçisi və həmsədri, konqresmen Frank Pallone və senator EdMarkinin rəhbərliyi ilə 60 nəfər Konqres üzvünü dövlət katibi Entoni Blinkendən Azərbaycanı qınamaq üçün COP29 Konfransından yararlanmağı xahiş etdiklərinə görə qınayıram”.

 

Bu barədə tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi  və baş direktoru Reyçel Avraham baş qərargahı Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş “COP29 siyasiləşdirilməməlidir” başlıqlı məqaləsində yazıb. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Məqalədə qeyd olunur ki, dünyanın iqlimlə bağlı ciddi təhlükələrlə üzləşdiyi şəraitdə beynəlxalq ictimaiyyət COP29-da diqqətini məhz bu məsələlərə yönəltməli, başqa məsələlərlə diqqətini yayındırmamalıdır. Konqresmenlər və senatorlar belə etməklə dövlət katibini 11 sentyabr terrorundan sonra Əfqanıstana hərbi kontingent yeridən ABŞ-nin Cənubi Qafqazdakı ən etibarlı müttəfiqlərindənbirini qınamağa çağırırlar.

Diqqətə çatdırılıb ki, Azərbaycanın keçmişdə Ermənistanla hərbi münaqişədə olması indiki vəziyyətə təsir etməməlidir. Vacib olan odur ki, hazırda iki ölkə arasında münaqişənin yekun həlli üçün sülh prosesi gedir.Azərbaycan öz qonşuları ilə sülh şəraitində ümumi rifah naminə yaşıl gələcək qurmağa qərarlıdır. Bildirilib ki, hazırda Azərbaycana təzyiq etmək sözügedən sülh prosesini irəlilətmir və eyni zamanda ABŞ-nin regiondakı maraqlarına ziddir, çünki iqlim dəyişikliyi kimi kritikəhəmiyyətli məsələlərdə Azərbaycan və ABŞ arasındakı strateji əməkdaşlığa xələl gətirir. 

Yazıda həmçinin qeyd olunub ki, sözügedən davranışla ABŞ konqresmenləri beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyinin həll yollarını axtaracağı mühüm konfransı siyasiləşdirirlər. Azərbaycanın belə bir qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsi ona siyasi təzyiq üçün istifadə olunmamalıdır.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: 

https://foreignpolicyblogs.com/2024/11/05/cop29-should-not-be-politicized/

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portal insanlarda mütaliəyə maraq oyatmaq üçün ən müxtəlif yollara əl atır. Effekt doğuran bir yol da mütaliə barədə maraqlı faktların dərc edilməsidir. LitRes ədəbiyyat dərgisindən kitablar barədə maraqlı faktları sizinlə bölüşürəm. Üç gün ərzində hər gün 5 maraqlı fakt.

 

 

6. Qulliverin səyahəti " kitabı 100 il əvvəl astronomlar tərəfindən hazırlanmadan əvvəl Mars Moon — peyklərinin ölçüsünü və fırlanma sürətini təsvir etmişdir.

 

7. Böyük Britaniyada bütün zamanların ən çox satılan kitabı "Bozun 50 çaları"dır.

 

8. "Robinzon Kruzo" ilk ingilis romanı sayılır.

 

9. İlk əlyazma müqəddəsliyi (çap maşınının ixtirasından) 12 il ərzində yazılmışdır və indi 8 milyon dollar dəyərindədir.

 

10. Quran-i Kərimdə çoxlu sayda elmi və tarixi fakt vardır. 

 

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə -  İntiqam Yaşarındır.

 

 

 

İntiqam YAŞAR

 

 

***

 

Hamıdan ömrünü gizlədən adam,

Açdı qollarını taybatay günəşə tərəf.

İçində bütün yoxlara varımsan, – dedi,

Ruhunu doğrayan iti səslərə yenildi.

Bilmədi gözündəki edam ipi kimin hörükləridir.

Küləklər yenə yem axtaran sərçələri aldadır,

Suya danışılan yuxular buludlara qovuşdu,

Arzuların mənzili uzaq, arzular hələ də yoldadır.

Hə, o adam, o adam!

Hardadır, görəsən?

Görən oldumu?

Dedilər yetişib keçmişinə.

Sərçələr ovuclarındakı dənə yığışıb...

 

 

***

 

Sən ömrün uzağından,

Nə vaxt gələrsən bizə?

Nə vaxtsa gələrikmi

Bu ünvanda üz-üzə?

 

Nəfəs-nəfəs saçında

Gəzişməyim olarmı?

Yorulmağım olarmı,

Ya düşməyim olarmı?

 

Bu dünyanı bir anlıq

Unuda bilərəmmi?

Unutsam, nə olar ki,

Unutsam, ölərəmmi?

 

Saxla yadında, saxla,

Adımı yaxşı saxla.

Səni heç unutmayan,

Adamı yaxşı saxla.

 

 

***

 

İçimdə bir dərin havasızlıq,

Gözlərim önündə yenə sən.

Əlbəttə, yuxudur...

Öyrəşmişəm aldanmağa.

Hərdən həqiqətə tərəf addım atmaq keçir ruhumdan...

Yox, qorxuram...

İtirmək qorxusu...

Payızdır, payızda doğulanlar  payızda böyüyür daha çox.

Səni də bu günlərdə tapdım, saçları küləklər sevdalısı,

Gözləri intizar...

Payızdır, darıxıram... Payızdır, darıxma!

 

 

***

 

Dünən özün boyda həqiqət idin,

Bu gün özün boyda yalansan mənə.

İndi nə dəyişər, nə fərqi var ki,

İnanmasan mənə, inansan mənə.

 

Gözüm günəşi yox, səni axtarıb,

Zamanın dumanlı, sual çağları.

Səndə itirdiyim, səndən əzizdir,

Daha çox uzaqdır xəyal çağları.

 

Əlimdə  buz kimi əriyir əlin,

Nəfəsim od tutur adından sənin.

Hər nəfəs aldıqca bir az közərir,

Göz-qulaq oluram odundan sənin.

 

Səndən nə gəlibsə, mənə xoş gəlib,

Yorğun yaddaşımda adın işıqdır.

Uzaq xəyalınla nəfəssənsə sən,

Qadın möcüzədir, qadın işıqdır.

 

 

***

 

Müqəddəs şəhərlərdə yaşayan insanların

Dərdini düşünürəm,

Onların da, görəsən, soyuq divarlardakı

Nəfəsləri ölürmü?!

Tanrı o şəhərlərə bizdən daha yaxındı,

Görəsən, çağıranda köməyə tez gəlirmi?

 

Susurmu qaranlıqlar ağ kabuslar içində,

Yuxular qarışırmı, bulanıq sular kimi?

Düyünlənmiş qaşları, alınlarda kim açır,

Tanrı çoxmu yorulur bunca iş-güc içində,

Görəsən, bircə dəfə barı üzü gülürmü?

 

Küləklərə baş qoşub getmək havası varmı,

Oralar tərk edilib getməyə yarayırmı?

Yoxsa o şəhərlər də qəbir ağuşu kimi

Udur bir ayağını qaçaq qoyan kəsləri.

O şəhərlər necədi, Tanrı çox gözəl bilir,

Bu şəhərlər necədi, ora qədər bilirmi?

 

 

***

 

Heçmi xatirələr oyatmır səni,

Heçmi daşa dönmür balınc gecələr?

Heçmi nəfəsində düyünlənməyir

Bu tanış axşamlar, tanış gecələr?

 

Üzülən əlinə təsəllin nədir,

Şirin yalanların zəhərmi dadır?

Səni özün qədər inandıran yox,

Səni özün qədər bəs kim aldadır?

 

Başın çiynin üstə  şişirmi səsdən,

Beynində ucalan fəryad səsimi?

Kimə yas saxlayır göz qapaqların,

Kim səni itirib, yaxud sən kimi?

 

Ömrüm qucağında kətil gəzdirir,

Hər addım başında nəfəs dərəcək.

Dərdiyi sonuncu gül nəfəsini

Sənin saçlarına çələng hörəcək.

 

 

***

 

Sənə bir sevgi var köksümün altda,

Gözləri düz sənin gözünə bənzər.

Hələ mən bir ayaq izi görmədim

Ruhumdan saldığın izinə bənzər.

 

Bu dəli baxışlar, bu dəli gözlər

Alır aldığını can yiyəsindən.

Bir nida yüksəlir, bir ah ucalır

Ömrün ən sonuncu saniyəsindən.

 

Qona saçlarıma bir yaz səhəri

O ağ kəpənəklə əkiz əllərin,

Oxşaya ruhumu, hey oxşadıqca

O doğma əllərin, əziz əllərin.

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2024)

 

 

15 -dən səhifə 1838

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.