Super User
Müğənni olan “kitabxanaçı qız” - Şərqiyyə Mikayılova
Mehparə Bəkirova, Oğuz Rayon Mərkəzi Kitabxanasının informasiya resursları şöbəsinin müdiri, “Ədəbiyyat və incəsənət” üçün
1955-ci ilin payızında füsunkar təbiət mənzərələrinə, qədim tarixə malik Oğuz rayonunun ( o vaxt Vartaşen adlandırılırdı) Baş Daşağıl kəndində Bayram kişinin evində ikinci qız övladı dünyaya göz açdı. Adını Şərqiyə qoydular.
Bayram dayının o zaman heç ağlına gəlməzdi ki, bu qız gələcəkdə öz ailəsinin, elinin obasının adının daha da tanınması üçün necə bir sənət seçəcək.
Dağlar əhatəsində yerləşən Baş Daşağıl kəndinin özünəməxsus adət-ənənəsi, kənddə yaşayan hər bir ağsaqqalının, ağbirçəyinin sinədəftər olmağı böyüməkdə olan Şərqiyyənin gələcək həyatında mühüm rol oynadı. Hələ kiçik yaşlarında Qafqaz sıra dağlarının “Qonardağ” adlanan zirvəsinə çıxıb kənd camaatı üçün kiçik solo “konsert”lər verən Şərqiyyəni dinləmək üçün bütün kənd toplaşardı.
Orta məktəbi kənddə oxuyub başa vuran Şərqiyyə sənədlərini Bakı Mədəni Maarif Texnikumunun teatr şöbəsinə verir və qəbul olur. Bu xəbəri xeyli müddət atasından gizli saxlayır, ona deməyə cürət etmir. O zamanlar kənd yeri üçün bir qız uşağının səhnəyə çıxmasına, İncəsənət institutunda oxumasına çox pis baxırdılar. Bayram dayı qızının harada oxuduğunu soruşduqda Şərqiyyə kitabxanaçılıq texnikumunda oxuduğunu bildirir. Lakin bu sirr uzun müddət gizli qalmayıb bir gün açılır. Şərqiyyə atasına arzuları, sevdiyi sənət haqqında söhbət açanda Bayram dayı qızının ürəyini qırmamış, ona öz xeyir-duasını vermışdir.
Texnikumu əla qiymətlərlə başa vuran Şərqiyyə sənədlərini ali təhsil almaq üçün Azərbaycan İncəsənət İnstitutuna verir və 1979-cu ildə instituta daxil olur. Qiyabi təhsil alan qız öz doğma kəndində klub müdiri kimi işləməyə başlayır. Ali təhsil aldıqdan sonra Şərqiyyə rayon mədəniyyət evində müğənni kimi işə başlayır. Burada bədii rəhbər, rayon xalq teatrının rejissoru, uzun illər rayon mədəniyyət evinin direktoru vəzifələrində işləyir. Onu ən çox öz elinə-obasına sevdirən zəhmətsevərliyi, tamaşaçılarına sevdirən oynadığı rollar, səhnə fəaliyyəti olur.
Şərqiyyə Mikayılova 40 ildən çox rayon mədəniyyət evi bədii özfəaliyyət kollektivinin üzvləri ilə birlikdə Oğuzda, onun kəndlərində keçirilən müxtəlif tədbirlərdə maraqlı proqramlarla çıxış edib, respublikanın əksər rayonlarında və Bakı şəhərində də çıxışları olub.
Şərqiyyə xanım Oğuz səhnəsində yaddaqalan obrazlar yaradıb, E.Əzizov, V.Səmədov və Ə.Əliyevlə birlikdə bir çox komediyalarda, səhnəciklərdə, kiçik birpərdəli əsərlərdə müxtəlif rollarda çıxış edərək tamaşaçıların rəğbətini qazanıb. O, səhnə fəaliyyəti dövründə S.Rəhmanın “Durna” əsərində Lalə, İ.Əfəndiyevin “Unuda bilmirəm”ində Nərmin,C.Cabbarlının “Solğun çiçəklər”ində Sara, Pəri, Gülnisə rollarında, Ə.Əsgərovun ”Qız atası”nda Pəri, Ə.Əylislinin “Bir çüt bədmüşk ağacı”nda İzzət qarı, Ü.Hacıbəylinin “Arşın mal alan”ında Telli və “Ər arvad” komediyasında arvad rolunda, M.Əlizadənin “Şeyx Rəhmətullah” əsərində Səlbinaz, A.Məmmədovun “Həmyerlilər” əsərində Xanım, Ə.Sadıqovun “Aprel günəşi” əsərində Reyhan, S.Rüstəmin ”Beş manatlıq gəlin” əsərində gəlin, G.Xuqayevin “Arvadımın əri” tamaşasında arvad, obrazlarını yaradıb. S.Rəhmanın “Nişanlı qız” tamaşası Azərbaycan televiziyası ilə göstərilmişdir. 1979-cu ildə C.Cabbarlının “Solğun çiçəklər” tamaşasında yaratdığı Pəri obrazının ifasına görə Mədəniyyət Nazirliyinin Xalq Yaradıcılıq Evi tərəfindən “Ən yaxşı qadın obrazıi façılığına görə” “Fəxri fərman”a və pul mükafatlarına layiq görülüb. Məhz bu tamaşalara baxaraq, Oğuz camaatı ona Oğuz səhnəsinin “Nəsibə”si adını verib. Bu da onun öz el-obasında dəyərli bir yerə sahib olmasının bariz sübutudur.
Şərqiyyə Mikayılovanın rəhbərliyi ilə Oğuz rayon mədəniyyət evinin kollektivi 1993-cü ildə Qarabağ hadisələri ilə bağlı cəbhə bölgələrində Ağdərə, Tərtər, Goranboyda olmuş, rayon mədəniyyət şöbəsi adından düşmənlə üzbəüz dayanmış əsgərlərimizə yardımlar çatdırmış, konsertlər təşkil etmişdir. Rayon mədəniyyət evi bədii özfəaliyyət kollektivinin üzvləri onun iştirakı ilə dəfələrlə Naftalanda, Baş Daşağıl, Fifilli, Xalxal kəndlərindəki sərhəd məntəqələrində maraqlı konsert proqramı ilə sərhədçilərin qonağı olmuşdur.
Şərqiyyə xanımın təşəbbüsü ilə bir çox xeyriyyə tədbirləri də təşkil edilmişdir. Onun rəhbərliyi ilə Mədəniyyət evinin kollektivi 3 dəfə Bakı şəhərinin Bilgəh qəsəbəsindəki qocalar evində, Ramanadakı əlil uşaqlar evində qonaq olmuş, Oğuz sovqatı aparmış, konsertlər vermişlər.
Şərqiyyə xanımın AzTV, “Azad Azərbaycan”, “Xəzər”, İctimai Televiziya kanallarında, Türkiyənin TRT kanalında çıxışları nümayiş olunmuşdur.
O, bu illər ərzində ailə həyatı da qurur. Dörd övlad: bir qız, üç öğul anası olur. Şərqiyyə xanım işində olduğu kimi, evində də qayğıkeş, zəhmətkeş ana, mehriban nənədir.
Onu da qeyd edim ki, Şərqiyyə xanım Mədəniyyət vəTurizm Nazirliyi tərəfindən yubiley münasibəti ilə “Fəxri fərman” və pul mükafatı ilə mükafatlandırılıb.
Şərqiyyə xanım indi ömrünün müdrik çağlarını yaşayır. Sənətə, mədəniyyət sahəsinə olan marağı, məhəbbəti gənclik illərində olduğu kimidir. Oğuz rayon Mədəniyyət və Turizm şöbəsində Şərqiyyə xanımın anadan olmasının 60, səhnə fəaliyyətinin 40 illik yubileyini lazımi səviyyədə qeyd edilib.
Hal hazırda Şərqiyyə xanım təqaüddədir. Səhhəti ilə bağlı tez-tez qardaş ölkə Türkiyəyə müalicə üçün gedir. Allah şəfa versin!
Bu günlərdə Şərqiyyə xanımın 69 yaşı tamam olub. Bu münasibətlə ona möhkəm cansağlığı, sevinc, təbəssüm dolu çöhrə, əzizlərinin əhatəsində gözəl bir ömür sürməyini arzulayırıq.
Arzu edirik ki, həmişə əhatənizdə sənətinizə qiymət verən, dəyər verə bilən dostlarınız, əzizləriniz olsun, Şərqiyyə xanım!
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)
Güneyli şair Məsum Cabbarpur vəfat edib
Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi
Güney Azərbaycanda fəaliyyət göstərən “Ədəbiyyat Evi”nə istinadən “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Güney Azərbaycanlı Məsum Cabbarpur vəfat etmişdir.
O, şeirləri ilə portalımızda da iştirak etmişdi, onun bir şeirini diqqətinizə çatdırır və ruhu şad olsun deyirik.
SƏN
Sən sonsuzluğumun ilk ilişkisi
Əllərimi qanadan budaqların tilişkəsi
Toxunuram sənə, budaq-budaq.
Nəfəs çəkirəm səni yarpaq-yarpaq.
Tamsınıram dodaq-dodaq...
Sən
Əlləri boyalı bir qatil
Ayda boğulan bütün röyalar
Xəyallar
Həyəcanlar...
Sən, var anındakı yoxluq, boşluq
Yoxluq anlarındakı gərəksiz varlıq
Sıxıntı...
Mən gözümün ac qurdu
Mən gözümün tox qurdu
Sən gözlərimin ağı, qarası
Sən gözlərimin heç nəyi...
Sən gözlərə gərəkən
Rəssamların fırçası
Sən,
Gözlərdən uzaq düşüncədən qopan tufan
Sinədə parad marşı çalan darıxmaq,
Döyüntü...
Sən hər gecə yarısı üzümə açılan
Lüks taksilərin qapısı
Sən yaralı bir cənazəni köçürən tabut...
Sən toylarda ikili bir tanqo
Yaslarda göz yaşı.
Sən var ya, sən
Sən mənim ilkim, sonum.
Sən mənim ən paradokslu düşüncəmsən.
Gözlərimə tərsə bax
Şəkilin düzdən düzgün qalacaq
Gözlərimdə,
Beynimdə,
Ürəyimdə...
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)
“Şükriyyə taleyim”in müəllifi Ülviyyə Tahirin doğum gününə
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bu gün müasir Azərbaycan nəsrinin, xüsusi ilə də tarixi roman janrının ən sevilən simalarından biri olan yazıçı, tərcüməçi, tarixçi, araşdırmaçı, psixoloq, naşir Ülviyyə Tahirin doğum günüdür.
Bu münasibətlə Ülviyyə xanımı səmimi qəlbdən təbrik edir ona möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirik.
Mustafayeva Ülviyyə Tahir qızı 15 noyabr 1980-ci ildə Göyçay rayonunun Bəydövül kəndində anadan olub.
Bakı Dövlət Universitetinin Tarix və Azərbaycan Dillər Universitetinin İngilis dili fakültələrini bitirib. Bakı Slavyan Universitetinin psixologiya fakultəsində təhsil almaqla paralel, yaradıcılıqla məşğuldur.
Bir çox hekayə, roman, araşdırma məqalənin və tərcümə kitablarının müəllifidir.
Rəsulzadə “…şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq” deyirdi. Və bu gün o həqiqətlərin parıldamasına öz qələmi ilə xidmət edənlərdən biri də məhz Ülviyyə xanımdır.
O, tarixi roman janrındakı əsərləri ilə tariximizin ən qaranlıq dönəmlərinə xüsusi ilə də 1918-ci il soyqrımlarına və 1937-ci il represiyalarına işıq tutur.
Əminəm ki, bir çoxu bu əsərlərlə tanışdır. İstərdim tanış olmayanlar üçün bir qədər onun əsərləri haqqında danışım.
İlk öncə onu deyim ki, Ülviyyə xanımın qələmi ilə ilk tanışlığım bir neçə il bundan əvvəl "Aljir" romanı ilə olmuşdu.
Və mən tarixi roman janrını məhz Aljirlə sevməyə başladım.
Əsər dırnaqarası vətən xainlərinin, yəni 1937-ci il Stalin represiyası qurbanlarının həyat yoldaşlarının göndərildiyi Akmola əmək-islah düşərgəsindən bəhs edir.
1937-1938-ci illər ərzində Sovet ölkələrindən Qazaxıstanın Akmola düşərgəsinə 18000-dən yuxarı qadın toplanılmışdı. Bu qadınlardan 44 nəfəri də azərbaycanlı idi. Əsasən ziyalı olan bu xanımların içərisində Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadə, Fətəli xan Xoyskinin qızı Tamara xanım, uzun müddət Azərbaycan pedaqoji üniverisitetinin rektoru olmuş Münəvvər xanım da olmuşdur.
Bir günün içərisində ömür-gün yoldaşlarına vətən xaini damağası vurularaq özləri də doğmalarından zorla qoparılıb Akmola göndərilmiş bu xanımlar uzun illər boyunca Qazaxıstanın ucsuz-bucaqsız çöllərində çox çətin şəraitdə, ağır əməyə cəlb olunur, doğmalarının taleyindən xəbər ala bilmirlər və bu da kifayət deyilmiş kimi onlar burada iyrənc cəza və təcavüzlərə məruz qalırlar.
Müəllifin Aljirdən sonra işıq üzü görən “Şükriyyə taleyim” əsəri də olduqca təsirli idi. Əsər Aljirə göndərilən 44 azərbaycanlı xanımdan biri olan Şükriyyə xanım barədədir.
Əhməd Cavad həbs olunandan sonra Şükriyyə xanımın önünə bir məşum kağız qoyub təklif edirlər ki, Əhməd Cavaddan boşanacağı təqdirdə onu Aljirə göndərməyəcəklər.
Şükriyyə xanım "Bəlkə də, bunu imzalayandan sonra məni kameraya basıb, boşanma kağızını Cavada göstərəcəksiniz. Bu da onu mənim əlimlə öldürmək olacaq. İstəyirsiniz, məni öldürün, bu kağızı imzalamayacağam" söyləyir. Və Əhməd Cavaddan boşanmamağın bədəli olaraq Şükriyyə xanım 8 il müddətinə Aljirə göndərilir.
O, Aljirdə keçirdiyi 8 il ərzində heç bir zaman öz məğrur duruşunu pozmamış, özünün və həyat yoldaşının namusunu qorumaq bahasına ən ağır mübarizə yollarını seçmişdir. “Şükriyyə taleyim” əsərinin adı da elə Əhməd Cavadın ona ithaf etdiyi, uzun illər öncə Emin Sabitoğlunun da musiqi bəstələsiyi eyni adlı şeirdən götürülmüşdür.
Kitabın möhtəşəm üz qabığı və əlfəcini haqqında danışmadan keçə bilmərəm. “Parlaq imzalar” nəşriyyatı tərəfindən böyük zövqlə tərtib olunmuş kitabın əlfəcini də məhz üzərinə Şükriyyə xanımın həbs nömrəsi olan 30024 rəqəminin həkk olunduğu bəyaz parçadır.
Bu iki əsərdən sonra məndə Ülviyyə xanımın qələminə böyük bir rəğbət yarandı, onun sadiq oxucularından birinə çevrildim və bütün əsərlərini mütaliə etməyə başladım.
Ülviyyə xanımın əsərlərində ən sevdiyim nüanslardan biri də onun özünəməxsus yazı tərzi, insanın ruhundan xəbər verən mövzu və sujet, obrazlarındakı doğmalıq, lüğət və mütaliə ehtiyatı, təsvirləri və bənzətmələrdir.
Onun "Ortaq şəhər" hekayələr kitabında yersiz ailə-məişət qayğıları, psixoloji, intellektual böhran, meqapolis fonunda çağdaş insanın çarəsizlikləri kimi problemlərə toxunduğu bir-birindən gözəl sətiraltı hekayələr yer alır. Onu da qeyd edim ki, hekayə janrında qələmə aldığı bu əsərlərə görə onu bəzən Milli Çexovumuz da adlandırırlar.
Ülviyyə xanımın “Səbat” nəşriyyatında işıq üzü görən 1918-ci il soyqrmlarından bəhs edən "1918-ci il Boz ay" kitabında bədii fonda bir rus polkovnikinin məktubuna istinad edilərək 1918-ci ildə Bakı, İrəvan, Ərzurum və Ərzincanda baş verən soyqrımlara diqqət çəkilir. Bu əsərdə biz sözü gedən dövrdə bir rus polkovnikinin erməni xislətinin, ermənilərin alçaqlığı və vəhşiliyi qarsısında necə tək və aciz qalıdığının, onların vəşiliyini dəf edə bilmədiyinin şahidi oluruq.
Düzü, mən fərdi inkişaf kitablarını sevmirəm və müşahidə etdiyin qədəri ilə də əksər xarici inkişaf kitabları yerli oxucularımızın psixologiyası üzərində heç təsirli olmur.
Lakin, Ülviyyə xanımın qələmini sevdiyim üçün onun "Quyudan işıqlı dünyaya" adlı fərdi inkisaf kitabına da bir şans verdim. Və gördüm ki doğrudan da Ülviyyə Tahir qələmi bu kitabda da öz fərqini ortaya qoyub. Əsərdə müəllif milli motivlər əsasında Məlikməmmədiin nağılının bələdçiliyi ilə
Azərbaycanlı kimliyimiz, onun necə formalaşması, bu yolda keçdiyimiz mərhələlər, motivasiya qaynaqlarımız və xarici inkişaf kitablarının niyə bizim psixologiyamız üzərində işə yaramadığını o qədər gözəl və zəngin bir dillə izah edir ki, mən kitabı bir roman kimi oxudum.
Müəllifin “Səbat” nəşriyyatında işıq üzü görə ən son və yenə represiya qurbanlarının taleyninə həsr olunan "Taxta məktub" tarixi romanını da ən qısa zamanda mütaliə etməyi səbrsizliklə gözləyirəm.
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)
“Azərbaycanda keçirilən COP29 qlobal ekoloji fəlakətdən dönüş nöqtəsidir” - CƏLİL XƏLİLOV
COP29-un gedişatında yeni ekoloji yanaşma və dəyərlər formalaşır. Azərbaycanda keçirilən COP29 qlobal ekoloji fəlakətdən dönüş nöqtəsidir” - bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Polkovnik qeyd edib ki, COP29 bəşəriyyətin diqqətini dünyadakı iqlim problemlərinə çəkməklə yanaşı, həm də həmin problemlərdən xilas yolunu göstərir: “COP29-un bütün bəşəriyyət üçün əsl önəmi artan ekoloji problemlərin müzakirəsi ilə yanaşı, onlardan qurtulmaq üçün xilas yollarının gündəmə gətirilməsi, bu sahədə konkret qərarların qəbuludur. Yəni, Azərbaycanda keçirilən COP29 dünyanı ekoloji fəlakətdən qurtarmaq üçün dönüş nöqtəsidir. Bütün dünya məhz COP29 sayəsində ekoloji fəlakətin nə qədər yaxında olduğunu, planetin gələcəyinin necə böyük təhlükə ilə üz-üzə qaldığını dərk etdi. Dünyanı bu fəlakətdən qurtarmaq üçün ya indi kritik, fundamental addımlar atılmalı, ya da bəşəriyyət öz məhvinə hazır olmalıdır”.
Cəlil Xəlilov vurğulayıb ki, tədbirdə 196 ölkədən on minlərlə nümayəndənin iştirakı dünyanın Azərbaycanın ev sahibliyi etdiyi COP29-a böyük maraq göstərdiyini təsdiqləyir: “Bakıda keçirilən COP29-da 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib ki, onların arasında 80 prezident, vitse-prezident və Baş nazir var. Britaniya, İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya və digər ölkələrin rəhbərlərinin, Avropa İttifaqı Şurasının Prezidentinin nümunəsində liderlərin iştirakı ondan xəbər verir ki, bu günlərdə bütün dünya Bakıya toplaşıb və planetin gələcəyi Azərbaycanda həll edilir”.
O qeyd edib ki, hələ davam edən COP29 artıq bir sıra məqsədlərinə çatıb: “Artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturlarının açıqlamaları var ki, iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracaqlar. Nümunə üçün qeyd edək ki, Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib və bu, kifayət qədər böyük rəqəmdir. Bütün bunlar COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün COP29-da danışıqlar üçün əla atmosfer yaradır, ekoloji mühitin yaxşılaşması, iqlim dəyişikliklərinə qarşı daha effektiv mübarizə üçün zəmin formalaşdırır”.
Polkovnik bildirib ki, COP29 sammitindən irəli gələn vəzifələrin təbliği istiqamətində qeyri-hökumət təşkilatları da aktiv iş aparmalıdır: “Xüsusilə media və sosial şəbəkələrdə bu ideyaların yayılması, təbliği istiqamətində ciddi aktivlik sərgiləməlidir. Bununla yanaşı, həm də dövlətimizin COP29 çərçivəsində qlobal ekoloji mühitin yaxşılaşmasına verdiyi dəstəyin təbliğatında da fəal iştirak etməli, eyni zamanda, Ermənistanın ekoloji cinayətlərini ifşa etməliyik. Bütün dünya görməlidir ki, Ermənistanın vaxtilə işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi ekoloji vəhşiliklər bütün planetin təhlükəsizliyi üçün necə böyük təhdiddir və ölkəmiz bu qorxunc siyasətin nəticələrini ortadan qaldırmaq üçün necə böyük əmək sərf edir”.
“Ədəbiyyat və incəsənət”
(14.11.2024)
“Göylərin adamı” kitabı haqqında yerlərin adamının qeydləri - ƏDƏBİ TƏNQİD
“Ədəbiyyat və incəsənət” portalı AYB-nın poeziya seksiyasının rəhbəri, Əli Kərim adına Sumqayıt Poeziya Evinin müdiri, şair İbrahim İlyaslının Aysel Fikrətin “Göylərin adamı” kitabı haqqında qeydlərini təqdim edir.
İmzasına da, özünə də böyük sayqı duyduğum, çağdaş poeziyamızın tanıqlı bir imzası olan şair Aysel Fikrətin yeni nəşr olunan “Göylərin adamı” adlı şeirlər kitabını oxuyuram. Oxuyuram yox, dinləyirəm desəm, daha düzgün olar.
Özünü və səsini tanıdığımdan dolayı, bu şeirləri onun öz səsində dinləyirəm sanki. Yaşanmış hisslərin, özəl və bəşəri duyğuların qəlbdən qələmə gələn yolu səsli olur, zatən. Müəllif qələmə sarılınca öz içində oxuyur bu misraları. Pafoslu, ritorikalı şeirlərdə bu səs dağ çayı misalı bir haraya, dənizdə qopan fırtınanın gurultusuna dönür. Kövrək duyğuların qələmə axışında isə bir çeşmənin həzin şırıltısı duyulur kənardan. Mən şeir oxuyanda bu səslərə diqqət kəsilirəm, adətən. Oxucular özlərindən asılı olmayaraq şeirin harmoniyasını duymağa, duyğuların pıçıltısını eşitməyə can atır, şairin nə yazdığını yox, nə dediyini duymaq istəyir, özünü axtarır bu misraların arasında... Ayselin poeziyasının özəlliyi ondadır ki, bu şeirlərin hər biri kiməsə, nəyəsə üz tutub deyilir. Onun poeziyası bizimlə dərdləşməyi, paylaşmağı, bölüşməyidir, sanki. Gah doğmalarına, dostlarına, onu sevənlərə, gah da sevdiklərinə və ya sözü olan adamlara üz tutub səmimiyyətlə könlündəkiləri ismarlayır. Ümumiyyətlə, şeirlər bir-birindən poetik yükünə görə fərqlənir. Aysel Fikrətin şeirləri duyğu və düşüncələrlə yüklənmiş, eyni zamanda poetikası ilə oxucu qəlbinə yol tapan şeirlərdir. Şeirin missiyası poeziyanın vasitəsi ilə oxucunu ya kədərdən, ya sevincdən heyrətləndirməkdir. Aysel Fikrətin şeirlərini dinləyərkən, onun duyğularını necə dilə gətirməyinə heyran olmaya bilmirsən. “Məhəlli sevgi” şeiri aşağıdakı misralarla başlayır:
Hər yerdə deyirəm sevmirəm səni, Bu mənə sevgidən betər dərd olur...
– bu misraları oxuyub da şeiri sonacan necə oxumayasan, necə duyğulanmayasan?
Gec oldu, bax, saatlar da qocaldı, Çox gec oldu öz canıma dönüşüm...
– payızın bu cür təsvirinə necə heyrətlənməyəsən?
Bu gün göydə buludları dincəldin, Çəmənləri göz yaşlarım suvarsın...
– yağış şeirindən götürülmüş bu misralar adamı özündən alıb aparmazmı?
Məni görən olsa deyin ki, sağam...
– zaman şeirindəki təkcə bu misra nələr demir, nələr söyləmir oxucuya?... Əlbəttə, bu cür heyrətamiz sitatların sayını nə qədər desən artırmaq olardı. Amma oxucuların zövqləri müxtəlif olduğundan buna ehtiyac duymuram. Əminəm ki, Aysel Fikrətin yeni şeirlər kitabını oxuyanların özlərinin də ayrıca və bəlkə bundan da gözəl sıralamaları olacaq. Kitaba daxil edilmiş vətənpərvərlik mövzulu, müharibə ağrılı şeirlər isə ayrıca bir yazının mövzusudur.
Ümidvaram ki, kitab nəşr ediləndən sonra ədəbi tənqidimiz də öz sözünü deyəcək... Aşağıdakı iki bəndi isə fikrimin yekunu olaraq bu yazıya əlavə etmədən ötüşmək mümkünsüzdür:
Anam mənə məktub yazdı bu sabah, Kağız bildi, qələm bildi, mən bildim. Anam mənə məktub yazdı bu sabah, Nə danışdım, nə ağladım, nə dindim.
Mən də indi bu məktubu yazıram, Unutduğum, itirdiyim hər kəsə. Hamı küssün öz bəxtinin payından, Məktubumdan xəbər tuta bilməsə.
Mən də deyirəm: Aysel Fikrətin bir növ elə oxuculara məktublardan və ismarıclardan ibarət olan bu şeirlər kitabını oxuya bilməyən öz bəxtindən küssün. Oxuyaq və xəbər tutaq. Xəbər tutaq və zövq alaq. Kitab rəfimizi daha bir kitab zənginləşdirsin!
“Ədəbiyyat və incəsənət”
(14.11.2024)
Şimali Kaliforniyada Zəfər gününə həsr edilmiş intellektual yarış keçirilib
Şimali Kaliforniyada Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ACSNC) təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş 3-cü “Breyn Rinq kuboku” intellektual yarışı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Diaspprla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, cəmiyyətin üzvləri və könüllüləri tərəfindən təşkil olunan yarış həm iştirakçılar, həm də qonaqlar tərəfindən maraqla qarşılanıb.
Cəmiyyətin Tədbirlərin təşkili və proqramlar üzrə meneceri Nurlan Şükürlü çıxış edərək bu cür tədbirlərin icma üzvləri arasında sosiallaşmağa və asudə vaxtın səmərəli təşkilinə müsbət təsir göstərdiyini söyləyib.
Azərbaycan dilində keçirilən yarışda dünya görüşü, Azərbaycanın film və mədəniyyəti ilə yanaşı, tarixi Zəfərimizlə əlaqədar suallar verilib.
Bədii hissədə cəmiyyət üzvləri Cavid Hüseynlinin skripkada çıxışını və Kəmalə Əliyevanın Azərbaycan xalq mahnılarını ifasını iştirakçılar maraqla qarşılayıblar.
Yarışda 6 komanda iştirak edib və sonda qalib komanda “Dəmir Yolları Mühəndisləri” olub. “Synergy” komandası ikinci yeri, “SVAze” komandası isə üçüncü yeri tutub. Qaliblər sertifikat və medallarla təltif olunublar.
Sualları doğru cavalandıran tamaşaçılara isə Zəfər rəmzi olan “Xarıbülbül” döş nişanları və suvenirlər təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(14.11.2024)
BƏƏ-nin Kabinet işləri nazirinin müavini "ASAN xidmət"də
Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri nazirinin müavini Huda Əl Həşimi "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Qonaq 14 noyabr 2024-cü il tarixində Bakıda “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində “ASAN xidmət”in təşkil edəcəyi Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdədir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Görüş zamanı 22 noyabr 2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun implementasiyası istiqamətində həyata keçirilmiş və nəzərdə tutulan tədbirlər müzakirə olunub.
Qonağa həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.
“Ədəbiyyat və incəsənət”
(14.11.2024)
Gülüş klubunda reaktiv direktor
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Dünya ədəbiyyatı dərsi.
Professor:
-Erix, Mariya və Remark öz dövrlərinin ən yaxşı yazıçıları olublar. Həmişə üçü birlikdə romanlar yazıblar.
2.
İnteqrasiya üçün bizlər uçmağı öyrənməliyik, onlarsa sürünməyi.
3.
Guya Bil Qeyt çox varlıdır ki, ona qibtə edilsin? Dünyanın 18 ölkəsi ondan varlıdır.
4.
-Ay ana, bəsdir də hamıya dedin ki, oğlum reaktiv direktor işləyir. Yox bir, oğlum reaktiv təyyarə işləyir. Mən reaktiv direktor deyiləm, kreativ direktoram.
“Ədəbiyyat və incəsənət”
(14.11.2024)
Qurtulmuş Azərbaycanın "pasport"u – Nizami Cəfərov yazır
AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİK TƏFƏKKÜRÜNÜN
FORMALAŞMASINDA HEYDƏR ƏLİYEV FENOMENİ
“Ədəbiyyat və incəsənət” portalı akademik Nizami Cəfərovun “Azərbaycanda milli dövlətçilik təfəkkürünün formalaşmasında Heydər Əliyev fenomeni” adlı məqaləsini diqqətinizə çatdırır. Akademik mövzuya çox həssas, xüsusi seçdirmələrlə və detallarla yanaşıb, bu da yazının olduqca oxunaqlı olmasını şərtləndirib.
Azərbaycan Demokratik Cümhuriyyəti Azərbaycanın nəinki tarixi coğrafiyasına, hətta onun beşdən birinə (Azərbaycan şimalına) nəzarət etmək, müxtəlif etnosları bir cəmiyyət halında birləşdirmək, bütöv bir sosium formalaşdırmaq gücünə malik deyildi. O daha çox milli dövlətçilik təfəkkürünün metaforik təzahürü idi. Azərbaycan SSR də, əslində, həmin metaforanın davamı sayıla bilər. Lakin məsələ burasındadır ki, XX əsrin ortalarında ölkədə milli dövlətçilik təfəkkürünün çiçəklənməsi üçün yenidən tarixi şərait yetişməyə başladı. Heydər Əliyevin respublikada rəhbərliyə gəlməsi ilə Azərbaycan mərkəzin verdiyi imkanlar daxilində hətta müəyyən maneələri də dəf edərək müstəqil düşüncəyə meydan açdı. 70-80-ci illərdə Azərbaycanda gedən milli oyanış, siyasi-ideoloji dirçəliş prosesinin nəticələri özünü 80-ci illərin sonu 90-cı illərin əvvəllərindəki xalq hərəkatında göstərdi. Heydər Əliyev xalqın enerjisinin, milli müstəqillik hissinin təzahürünə çalışır, onu dünyanın inkişaf etmiş xalqlarının səviyyəsinə çatdırmaq istəyirdi. Və bütün bunları böyük bir cəsarətlə, gördüyü işin düzgünlüyünə tarixi bir inamla edirdi. Əgər müqayisə aparsaq, etiraf etməli olarıq ki, Azərbaycanın dövlət rəhbərləri içərisində Heydər Əliyev qədər böyük idarəçilik təcrübəsinə (və istedadına!) malik ikinci bir şəxs olmamışdır. Onun imzasına 60-cı illərin sonu 70-ci illərin əvvəllərindən Azərbaycanın hər yerində, iqtisadi, ictimai-siyasi, mənəvi-ideoloji həyatın, demək olar ki, bütün sahələrində rast gəlmək mümkündür. 70-80-ci illərin Azərbaycanını ən müxtəlif baxımlardan "Heydər Əliyevin Azərbaycanı" adlandırmaq üçün hər cür əsas vardır.
Sovet dövləti dağıldıqdan sonra Azərbaycanda ən çox xatırlanan, müstəqil respublikanın dövlətçiliyini formalaşdırmağa dəvət edilən, istedadına istinad olunan şəxs Heydər Əliyev idi.
Xalq hərəkatının, müxtəlif xarakterli münaqişələrin təşkili ilə hakimiyyətə gələn qüvvələrin dövlət idarəçiliyi sahəsində təcrübəsizliyi ortaya çıxanda isə Azərbaycanın məhz "Heydər Əliyevin Azərbaycanı" olduğu bütün aydınlığı ilə təzahür etdi. Bir sıra siyasi tarix mütəxəssisləri, publisistlər 1993-cü ilin iyun "qiyam"ını Heydər Əliyevin hakimiyyətə gəlməsində xüsusi hadisə kimi təqdim edirlər. Lakin bununla razılaşmaq çətindir. Heydər Əliyevin hakimiyyətə gəlişi 90-cı illərin ilk aylarından artıq reallıq idi. Bir-birinin ardınca baş verən hadisələrin inersiyası, get-gedə güclənən xaos "ölkənin sahibi” ni tələb edirdi. Hüdudsuz "demokratiya”nın, müxtəlif mərkəzlərdən idarə olunan hərc-mərcliyin, hakimiyyət uğrunda mübarizənin mahiyyəti, iç üzü ortaya çıxdıqca və nəhayət, Heydər Əliyevin yaratdıqları xalqın gözləri qarşısında dağıldıqca böyük dövlət qurucusuna, ictimai harmoniya ustasına meyil də güclənirdi. O, Azərbaycan xalqına yalnız bilavasitə idarəedici, dövlət qurucusu kimi yox, tarix kimi də lazım idi. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində xalqın fəhmi ilə ənənəvi olaraq istinad edəcəyi, üzərində yüksələcəyi tarixi də axtarıldı. Həmin tarixin xronologiyası Azərbaycan Xalq Cümhuriyyətindən başlasa da, cümhuriyyətin "praktika"dan deyil, "nəzəriyyə"dən ibarət olması ona əsaslanmağa imkan vermirdi.
Azərbaycan SSRİ tarixinin Heydər Əliyev dövrünün milli yüksəliş təcrübəsi isə kifayət qədər zəngindir.
1993-cü ilin ortalarında Azərbaycan cəmiyyəti artıq demokratiyanı hərc-mərclikden xilas etmək uğrunda mübarizə aparmaq üçün özündə qüdrət tapdı. Bu isə birinci növbədə onda təzahür etdi ki, xalq uzun illər ərzində yetirmiş olduğu tarixi liderə inamını sonsuz bir enerji ile ifadə etdi. Və həmin inam xırda "xalq qəhrəmanları"nın, heç bir tarixə söykənməyən siyasət fəallarının "obraz"ını ictimai təfəkkürdən bütünlüklə silib atdı. Ona görə ki, bu "qǝhrəman"ları, bir daha təkrar edirik ki, tarix yox, təsadüflər, mövcud ictimai-siyasi problem ortaya çıxarmışdı. Tarix onları inkar edirdi.
...Azərbaycanı Heydər Əliyev xilas etdi. Onu bir dövlət kimi məhv olmaqdan Heydər Əliyev qurtardı dedikdə bizim nəzərimizdə, nə qədər qüdrətli olursa-olsun, təsadüfi bir xilaskar obrazı canlanmamalıdır; Azərbaycanın qurtuluşu Heydər Əliyevin şəxsində təzahür edən böyük bir milli, ictimai-siyasi enerjinin fəaliyyəti nəticəsində mümkün ola bilərdi. Və belə də oldu... Heydər Əliyevin Azərbaycanın xilası üçün gördüyü işlərin miqyasını müəyyənləşdirmək yox, ancaq təsəvvür etmək mümkündür. Bu, epik bir miqyasdır, bu fəaliyyət xalqın yalnız bu gününü müəyyən etmir, onun gələcəyinə əhəmiyyətli təsir göstərir ki, bu mənada Azərbaycanın qurtuluşu bu günlə məhdudlaşmayan, gələcəyə getdikcə tarixi məzmunu daha yaxşı dəyərləndiriləcək bir hadisədir.
Azərbaycanın qurtuluşunun yekunu, yaxud nəticəsi qurtuluşun Azərbaycanıdır. O Azərbaycan ki, müxtəlif nəsillərdən olan azərbaycanlılar onu arzulamış, onun qurulması uğrunda mübarizə aparmışlar. Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 15 iyun tarixli iclasındakı çıxışında Heydər Əliyev həmin mübarizənin tarixi mahiyyətini ifadə edərək demişdir: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrünün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etmasina həsr edəcəyəm". Bu sözlərin deyilməsindən o qədər də böyük zaman keçməyib, dahi mütəfəkkir, dövlət qurucusu, həqiqətən, müstəqil Azərbaycan dövlətinin əsaslarını yaratmış, onun demokratik inkişaf yolunu istiqamətləndirmişdir. Heydər Əliyevin zəkası öz nuru ilə yalnız bu gün deyil, sabah da müstəqil respublikanın gələcəyini işıqlandıracaq, ona müasir dünyanın üzvi tərkib hissəsi olmaq üçün hər cür stimul verəcəkdir. Çünki Heydər Əliyev müdrikliyi yalnız bir insanın fərdi qabiliyyətinin nəticəsi deyil, bütövlükdə mənsub olduğumuz xalqın tarixi iradəsinin ifadəsidir. Həmin iradə idi ki, milli dəyərlərin böyük daşıyıcısına 1993-cü il 15 iyun tarixli (va tarixi!) iclasda aşağıdakıları dedirtmişdi: "... Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir". Bununla belə, Heydər Əliyev bildirdi ki, Azərbaycanın müstəqilliyini sadəcə elan etmək nə qədər sevindirici hal olsa da, xalqın milli "izzəti-nəfs”ini nə qədər oxşasa da, həlledici bir şey deyil. Müstəqillik uğrunda illər boyu, tədricən, həm tələsmədən, həm də gecikmədən mübarizə aparmaq, millətin daxilindəki "kimdənsə asılı olmaq hissini, inersiyasını öldürmək lazımdır. Çünki xalq bəzən müstəqillik uğrunda "mübarizə" prosesində məhz müstəqilliyini itirir. Odur ki, qurtuluşun Azərbaycanı taleyin ixtiyarına buraxılmış bir dövlət təsəvvürü deyil. Dünyanın böyük dövlət qurucusunun, dahi mütəfəkkirin düşünüb müəyyənləşdirdiyi "ritm" üzrə hərəkət edən, get-gedə möhkəmlənən elə bir sosial-siyasi reallıqdır ki, bizim hər birimizin azərbaycanlı kimi vətəndaş xoşbəxtliyi ondan asılıdır. Və ona görə də biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin.
Heydər Əliyev yaxşı bilirdi ki, "Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların vətəni olub, bundan sonra da vətəni olmalıdır. Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq eyni hüquqa malik olmalıdır".
Bir illik hakimiyyəti dövründə milləti yüz yerə bölənlər düşünmürdülər ki, müxtəlif etnosların, etnik maraqların önündə "reverans" edən dövlət uzun zaman yaşamaz. Və sonrakı proseslər də göstərdi ki, etnik münasibətlər sahəsində 1991-1992-ci illərdə, 1993-cü ilin birinci yarısında buraxılmış səhvlər özünü büruzə verir. Azərbaycan dövlətinin qurucusu bir neçə il məhz keçmiş səhvlərin düzəldilməsi ilə məşğul oldu. Qurtuluşun Azərbaycanı yalnız 1995-ci ildən sonra normal inkişaf yoluna düşməyə başladı ki, bunun da ilk rəsmi ifadəsi Azərbaycan Respublikasının Konstitusiyası oldu. Azərbaycan Prezidentinin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya məhv olmaqdan xilas edilmiş, qurtulmuş Azərbaycanın "pasport"u idi.
“Ədəbiyyat və incəsənət”
(14.11.2024)
Hər gün kitablar haqqında 5 qeyri-adi fakt
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portal insanlarda mütaliəyə maraq oyatmaq üçün ən müxtəlif yollara əl atır. Effekt doğuran bir yol da mütaliə barədə maraqlı faktların dərc edilməsidir. LitRes ədəbiyyat dərgisindən kitablar barədə maraqlı faktları sizinlə bölüşürəm. Üç gün ərzində hər gün 5 maraqlı fakt.
1. "Alisa möcüzələr ölkəsində" kitabı orada danışan heyvanlardan bəhs edilməsi olması səbəbindən Çində qadağan edilib. Sən demə bu, Çində kommunistin əxlaq kodeksinə, hakim ideologiyaya ziddir.
2. R. R. Tolkin "Üzüklərin hökmdarı" trilogiyasının bütün mətnini kompüterdə ikicə barmaqla yığıb.
3. “1001 gecə" nağıllarında sehirli çırağı olan Ələddin əvvəlcə çinli olub, sonradan onun vətəndaşlığını dəyişiblər.
4. "Hamlet" in rus dilinə ilk tərcüməsini yazıçı Aleksandr Sumarokov yerinə yetirib və əsəri "Hamlet - Danimarka şahzadəsi" adlandırıb.
5. Harvard Universitetinin kitabxanasında 4 qeyri-adi kitab qorunub saxlanılır. Bu hüquqi kitablar insan dərisində yazılıbdır.
“Ədəbiyyat və incəsənət”
(13.11.2024)