Super User
“Bir nar çubuğunu basdırdıq yerə” – PRAQA AZƏRBAYCAN EVİNDƏ İLK TƏDBİR
Çexiyanın paytaxtı Praqa şəhərində yeni açılan Azərbaycan Evində ilk tədbir baş tutub. Belə ki, Azərbaycan Evində xalq şairi Nəbi Xəzrinin 100 illiyinə həsr olunan rəsm sərgisinin açılışı olub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, açılış mərasimində Komitənin sədri Fuad Muradov, Azərbaycanın Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov, Çexiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Milan Ekert, Qazaxıstanın Çex Respublikasındakı səfiri Bakit Düsenbayev, ölkədəki Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, “Natəvan Cəmiyyəti”nin təsisçisi və Praqa Azərbaycan Evinin rəhbəri Leyla Begim Cəfərova sərgi barədə ətraflı məlumat verib və nəzərə çatdırıb ki, Nəbi Xəzrinin “Bir nar çubuğunu basdırdıq yerə” misrasından ilham alaraq belə bir sərginin təşkilinə qərar veriblər.
Sərgidə azərbaycanlı rəssamların əsərləri nümayiş olunub və dərin fəlsəfi məna daşıyan əsərlər iştirakçıların böyük marağına səbəb olub.
Qeyd edək ki, Praqada Azərbaycan Evi bu il noyabrın 6-da açılıb.
Artıq 18 ölkədə Azərbaycan Evləri fəaliyyət göstərir. Təhlillər göstərir ki, Azərbaycan Evləri həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəmizlə bağlı dezinformasiyaların qarşısının alınmasında, soydaşlarımızın tarix və mədəniyyətimizi, ana dilimizi öyrənmələrində, eləcə də diasporla yerli cəmiyyətlərin əlaqələrinin intensivləşməsində xüsusi rola malikdir.
Əlbəttə ki, bütün bunlara görə Diasporla İş üzrə Dövlət Komitəsini alqışlamağa dəyər.
“Ədəbiyyat və incəsənət”
(14.11.2024)
“Gərginlikdən çıx və parılda” günü, Diabetlə mübarizə günü və HEGEL
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
14 noyabr. Diabetlə mübarizə günü
ÜST-ün məlumatına görə, 2000-ci ildə dünyada 150 milyon diabet xəstəsi olub. Diabet - dünyanı bürüyən bəladır desək, əsla yanılmarıq. Diabet, xərçəng və ürək xəstəlikləri – inkişaf etmiş ölkələrdə insan ölümlərinin 90 faizi bu səbəblərdəndir. 1991-ci ildən World Diabetes Day qeyd edilir. Bəs niyə 14 noyabrda? Çünki bu gün insulin harmonunu kəşf etmiş kanadalı fizioloq Frederik Bantinqin doğum günüdür. Bantinqin uşaqlıq dostu diabet xəstəliyindən vəfat etmişdi, Bantinq də bu bəlanın dərmanını tapmağı özünə söz vermişdi. 1922-ci ilin yanvarında o, diabetdən əziyyət çəkən 14 yaşlı uşağın bədəninə insulin inyeksiyası yeridib onu xilas edərək tarixdə bir ilkə imza atdı. Bu kəşf sonradan milyonlarla insanın xilasına çevrildi. Bantinq insulinə görə Nobel mükafatına da layiq görüldü.
Diabet – düzgün olmayan həyat tərzinin nişanəsidir, qaçın bunlardan, hərəkətsizlik, qeyri-sağlam qidalanma heç vaxt sizin müşayiətçiniz olmasın.
14 noyabr. Beynəlxalq loqoped günü
Loqoped-defektoloq peşəsi nitqi qüsurlu insanların bu qüsurunu aradan qaldırmağa çalışan insanları əhatə edir. Loqoped ixtisası dar çərçivəyə sığmaz, o təkcə nitqdəki qüsurları yox etmir, eləcə də nitqi pozan bütün defektlərlə mübarizə aparır, səsin batması, tembrinin və tempinin vəziyyəti, sinirlə bağlı nitq pozğunluqlarının aradan qaldırılması, qeyri-səlist danışıq və s. loqopedin müdaxilə dairəsindədir.
Ortofoniya – loqopediya termini 1928-ci ildə Fransada meydana gəlib, Süzanna Borel-Mezoni xanımın sayəsində. O, Fransada nitqin reabilitasiyası xidmətini yaradıb və bu terminlə öz mütəxəssislərini adlandırıb. Nitq korreksiyası çox vacibdir, xüsusən ictimai xadimlər, siyasətçilər, mədəniyyət xadimləri bu cəhətdən tam qüsursuz olmalıdırlar. Gərəkli işlə məşğul olan loqopedləri təbrik edək gəlin.
14 noyabr. “Gərginlikdən çıx və parılda” günü
Buyururlar ki, bu gün gərəkdir ki, bütün problemlərini, dərd-sərini unudub, gərginlikdən çıxıb xoşbəxtlikdən parıldayasan. Məsələn, bağı olan bağa, olmayan parka, bulvara gedə bilər, dincələr, rahatca nəfəs alar. İnsan içindəki qaramatı tökəndə üzü də parıldayır, biləsiniz.
Bir dəfə bir dostum dedi ki, “Metroda, küşədə, marketdə - harda oldumsa insanların simalarına baxıb bircə gülümsəyən insan görə bilmədim, hamının üz-gözündən zəhər yağırdı”. Gündəlik problemlər hamımızı üzür, dünyanın ancaq əzab-əziyyətini, möhnətini görə bilirik. Təqvim yazıq da deyir ki, ay adam, bir ilin bir günündə barı bu problemlərini libas kimi soyunub əynindən at, barı bircə gün xoşbəxt yaşa, sabah yenidən yapışarsan o libasından.
14 noyabr. Böyük Hegel heç bilirsiniz nə deyib?
Cərrahi əməliyyatlar üzrə tibb bacılarının günüdür. Ukraynada üzümçülük və üzümçü günü, Rusiyada sosioloq günü, Hindistanda Bal Divas, yəni uşaqlar günü, Estoniya, Norveç və Finlandiyada atalar günü, Cənubi Sudanda ahıllar günü, Kolumbiyada qadınlar günü, Britaniyada şam yeməyində isti bir şeylər yemək günü, Almaniyada yeni il postu ərəfəsində ənənəvi iki günlük milli matəm günü, ən nəhayət ABŞ-da acılı quakamole günüdür. Amerikasevənlər və mətbəxsevənlərin “bu nə mənədir” sualını eşitdim, cavablandırıram. Quakamole – avakadonu əzib onu qırmızı soğan, bibər, keşniş, laym şirəsi və duzla qarışdırmaqdan alınan bir yeməkdir.
14 noyabr məshəti türklərinin qara tarixidir. 1944-cü ilin həmin günündə Stalin 100 mindən çox məhsəti türkünü Gürcüstandakı doğma torpaqlarından Orta Asiyaya sürgün elətdirib. 1918-ci ilin bu günündə Pavlik Morozov adlı sovet pioneri doğulub, öz atasına qarşı ideologiya naminə satqınlıq edən bu şəxsi sovet təbliğatı uzun illər məktəblilərə örnək kimi sırıyıb.
Uşaqlıqda ən sevdiyim qəhrəman Çirtdanla yanaşı damda yaşayan Karlson olub. Hətta bəzən pəncərə qarşısında durub bu cizgi filmi qəhrəmanının indicə propellerlərini vızıldada-vızıldada uçub gələcəyini də gözləmişəm. 1907-ci ilin bu günündə həmin o Karlson obrazını yaradan isveç yazıçısı, xanım Astrid Lindqren dünyaya gəlib; 1889-cu ildə ən böyük hindistanlı adını almış siyasətçi, Hindistanın ilk baş naziri Cavaharlal Neru doğulub.
Yuxarıda qeyd etmişdik ki, bu gün almanlar matəm gününü qeyd edirlər. Təqvimdə bunu yeni il qabağı postla əlaqələndirirlər. Təqribən, bizim qara çərşənbələrimiz kimi. Amma mənim düşüncəmə görə, alman boşuna matəm eləməz, buna köklü səbəb lazımdır. Bəlkə bu? 1831-ci ilin 14 noyabrında Qeorq Vilhelm Fridrix Hegel – böyük alman filosofu, sistemləşdirilmiş dialoq təliminin banisi, obyektiv idealizmin təkrarsız nümayəndəsi haqq dünyasına qovuşub. 1716-cı ilin 14 noyabrında isə Leybnits – böyük alman filosofu, riyaziyyatçısı, dilçisi, məişətin bölünməz ibtidai elementləri əsasında sülh konsepsiyasının müəllifi dünyadan köç edib.
Mən özümü necə saxlayım ki, böyük Hegeldən bir neçə dillər əzbəri olmuş kəlam səsləndirməyim?
İnsan öz əməllərinin tərənnümüdür;
Xoşbəxtliyin sirri-insanın "MƏN" dairəsindən çıxa bilmə bacarığındadır;
İnsan azadlıq üçün tərbiyə olunur;
Hər xalq öz hökmdarına layiqdir;
Sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər.
“Ədəbiyyat və incəsənət”
(14.11.2024)
BİR SUAL, BİR CAVAB Aysel Nəsirzadə ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Aysel xanım, Ədəbiyyat mücərrəddir. Fəlsəfə və Ədəbiyyatı birləşdirən nələrdir?
CAVAB:
-Ədəbiyyat və Fəlsəfə bir-birini tamamlayır. Ədəbiyyat fəlsəfənin anlayışlarını və fikirlərini vizuallaşdırır. Fəlsəfə isə ədəbiyyatın yaratdığı obrazları daha dərindən dərk etməyimizə kömək edir.
“Ədəbiyyat və incəsənət”
(14.11.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 22.Tarixə rakurs
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
22.
TARİXƏ RAKURS
Azərbaycan xalqı tarixən mütaliə edən xalq kimi tanınıb. Böyük ədiblər yetişdirən, böyük tirajlarla kitablar çap olunan, çoxsaylı kitabxanaları, kitab mağazaları ilə öyünən bu məmləkətdə ötən əsrin 90-cı illərində müstəqillik əldə edilməsindən dərhal sonra bu sahədə ciddi böhran yarandı. Müstəqilliyin ilk illərində respublikanın üzləşdiyi iqtisadi böhran, siyasi xaos, bir ictimai-iqtisadi formasiyanın digəri ilə əvəz olunmasının fəsadları, zorla sürükləndiyimiz müharibənin, milyonlarla insanın qaçqın və didərgin düşməsinin insanların iqtisadi durumuna və əhval-ruhiyyəsinə vurduğu zərbələr kitab mağazalarının kütləvi olaraq baqqal mağazalarına çevrilməsinə, kitabxanaların qapılarından qıfıllar asılmasına, “indi heç kəs heç kəsin kitabını oxumur” kimi məsəllərin yaranmasına səbəb oldu. Bununla belə, siyasi və iqtisadi sabitlik yarandıqdan sonra tədricən kitaba münasibət dəyişdi, kitaba əvvəlki sevgi bərpa olunmağa başladı.
İndi isə gəlin tarixə nəzər yetirək.
Ölkəmizdə kitabçılıq sənətinin inkişaf dövrü eramızın XI əsrinə aid edilsə də, əslində onun tarixi çox-çox qədimlərə gedib çıxır. Yaşadığımız bölgədə ilk kitabxanalar çox uzaq tarixdə dövlət qurumlarının yarandığı dövrlərdə meydana gəlmişdir. Tarixdən bəlli olduğu kimi, V əsrdə Qafqaz Albaniyasında 52 hərfdən ibarət alban əlifbası tərtib edilmişdi. Beləliklə, bir çox kitablar alban dilinə tərcümə edilmiş, kilsə və məktəblərdə kiçik kitabxanalar təşkil olunmuşdur. Azərbaycanda İslam dini yayıldıqdan sonra isə məscid və mədrəsələrdə kitabxanalar meydana gəldi və kitab mədəniyyəti geniş yayılmağa başladı.
Amma bu inkişaf XI əsrdə sözün əsl mənasında dönüş mərhələsinə qədəm qoyub. Bu dövrdən etibarən yaranan nüfuzlu əsərlərin qorunub saxlanılması üçün kitabxanaların sayı da artmağa başlayıb. İlk şəxsi kitabxanalara Bəhmənyarın kitabxanası, Xətib Təbrizinin kitabxanası, Nəsrəddin Tusi və “Seyyidəna” kitabxanası, Rəşidəddin və “Rəşidiyyə” kitabxanasını misal çəkmək olar.
Tarixdə antik dövrdə Yunanıstanı, orta əsrlərdə isə Çini kitabxananın vətəni hesab edirlər. Halbuki, bizim də öyünəsi nailiyyətlərimiz olub. XI-XII əsrlərdə Gəncədə Dar-əl-kitab adlı böyük bir kitabxana olub. Həddad ibn Asim Naxçıvaninin başçılıq etdiyi bu kitabxana öz kitab sayına görə hətta Şərqin ən böyük kitabxanalarından biri kimi müxtəlif yazılı mənbələrə düşüb.
XIII əsrdə öz kitab fondunun zənginliyi ilə Şərqdə birinci olan (hətta Qahirə, Kordoba, Bağdad, Pitaka-tayk kitabxanalarını belə üstələyib – red.), Qərblə yarışa girən Marağa Rəsədxanasının Elmi Kitabxanası isə orta əsrlərdə Azərbaycanda kitabçılıq ənənəsinin möhtəşəmliyinin bariz sübutudur. Nəsirəddin Tusinin təşəbbüsü ilə qurulmuş bu kitabxanada 400000 kitab və əlyazması toplanmışdı.
Sonradan Şah İsmayıl Xətainin Təbrizdəki saray kitabxanasının, Ərdəbildə Şeyx Səfi məqbərəsinin kitabxanasının zəngin kolleksiyasına görə şöhrəti el-el gəzmişdir.
Çox təəssüf ki, Azərbaycanın qədim kitabçılıq ənənələri, məşhur kitabxanalarımız öz tədqiqatçılarımızın belə diqqətindən yayınmışdır, diqqətdənkənar qalmışdır. Bu isə adımızın adlar içində olmamasına səbəb olmuşdur.
Növbəti: 23.Mütaliə ilə bağlı faktlar
“Ədəbiyyat və incəsənət”
(14.11.2024)
Gəncə Dövlət Filarmoniyasında “Təbiətin səsi” adlı sərgi baş tutacaq
18-25 noyabr tarixlərində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan "Təbiətin səsi" adlı sərgi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, Filarmoniyanın Urban Mərkəzində nümayiş etdiriləcək sərginin açılışı 18 noyabr saat 17:00-da baş tutacaq. Həmçinin açılışda Gəncə Dövlət Filarmoniyasının solistlərinin iştirakı ilə konsert proqramı təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(14.11.2024)
“Cavid – sonuncu söz və fikir zadəganlarından biri” – HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Cavid – sonuncu söz və fikir zadəganlarından biri.
Ondan sonra ona oxşar olmayacaq!
2.
Təklik içində bu həyata gəlmək olar, yaşamaq və ölmək olar - bu, fiziki haldır. Bu zaman bilirsən ki, içində bir qul yaşayır.
Tənhalıq məqamını sən qazanırsan. Özünə qalib gələ-gələ, öz içindəki qulla mübarizə apara-apara.
Təkcənəlik isə tamam başqa mərhələdir. Bu mərhələdə sən artıq öz içindəki qula qalib gəlmisən.
3.
O’Henri: “Biz dilənçilərə minnətdar olmalıyıq. Onlar icazə verirlər ki, biz onlara kömək əlimizi uzadaq.”
Alicənablığın yüksək dərəcəsi elə budur!
4.
İkiüzlü Yanus kimi hər şey üzü gələcəyə doğru gedir və hər şey üzü keçmişə doğrudur.
5.
“ Hamı bir-birinə oxşayır necə,
Arzular – eyni, diləklər – eyni.
Hər şey təzədən başlayır necə,
Ruhlar – eyni, ürəklər – eyni...”
6.
Nəhəng, qorxunc devlərin günahı o idi ki, onlar da ulu Allah babaları (dev - qədim yunanca deos - allah deməkdir) kimi sevə bilirdilər. Və canlarını göyərçinlərə etibar eləmişdilər.
7.
İ.Brodski: “Allaha peyzaj kimi qovuşmaq həsrətim var.”
Dəhşətli dərəcədə genişlik və dərinlik!..
“Ədəbiyyat və incəsənət”
(14.11.2024)
“Uygur Türkleri / Doğu Türkistan” - Selahaddin Kaşgarlı
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
“Uygur Türkleri / Doğu Türkistan”
Selahaddin Kaşgarlı
İçine düştüğümüz vaziyeti ne güzel özetliyor Üstat Necip Fazıl Kısakürek:
“Durun, durun, bir dünya iniyor tepemizden,
Çatırdılar geliyor karanlık kubbemizden.
Çekiyor tebeşirle yekûn hattını âfet,
Alevler içinde ev, üst katında ziyafet”.
Evet! İslam âlemi kaç asırdır alevler içinde, kubbemiz çatırdıyor adeta! Kardeş ve ümmet bilincimiz yitip gitti sanki. Oysa Sevgili Peygamberimiz (S.A.V) “Müslüman müslümanın kardeşidir, ona zulmetmez. Din kardeşini zalimin eline teslim etmez” buyurmuştu! Ne yazık ki, müslüman ülkeler, son iki asırdır yaşanan zulüm karşısında dilini yutmuş, kör ve sağır vaziyette, gözleri önünde cereyan eden katliamları sadece seyretmektedirler…
Zalimlerin eline terk ettiğimiz mazlumlar, ümmetten bir diriliş beklemektedir. İşte o mazlumların en başında Doğu Türkistan-öksüz bıraktığınız Uygur Türkleri vardır.Son 2 yıldır Doğu Türkistan'da neler oluyor?Kaç annenin yüreği sızlıyor, gözyaşları dinmiyor?Kaç evlat annesiz-babasız kaldı?Kaç hane söndü haberiniz var mı?Merak ediyoruz...
Doğu Türkistan'da yaşayan 25 milyona yakın din ve kan kardeşimizin içinde bulunduğu bu ızdıraba, daha ne kadar sessiz kalınacak? Hür dünyanın bekçileri (!), demokrasi havarileri, insan hakları savunucuları, daha ne kadar bu zulme üç maymunu oynayacak?Duyun artık sesimizi; din adına, millet adına ve dahi insanlık onuru ve şerefi adına…
21. yüzyılın hür dünyasında Doğu Türkistan'daki tüm iletişim vasıtaları erişime kapatılmıştır. Uluslararası sosyal medya uygulamaları yasaktır. Telefonlarında dini ve ya millî ifadeler bulunduranlar tutuklanmakta, hapse atılanlardan bir daha haber almak neredeyse imkânsız hale gelmiştir. Hapse atılmış evlatlarının, eşlerinin naaşlarına ulaşabilenler ise kendilerini şanslı görmekteler. Can Doğu Türkistan’ımız bu gün hür dünyadan tecrit edilmiş, adeta açık hava hapishanesine çevrilmiş durumdadır.
Kadim Türk beldesi Aziz Doğu Türkistan’ımızda, Mart 2017 tarihinden itibaren, “Eğitim Kampı” adı altında 2 milyondan fazla kardeşimiz, süresi belirsiz bir şekilde densizleştirme, millî kimliklerinden uzaklaştırma, beyin yıkama, bir nevi “Nazi kampları” ve 1939 yılındaki “Gulaglar”da insanlık dışı muamelelere maruz kalan, masum insanlar gibi inim-inim inlemektedir.
Çin komünist hakimiyeti Doğu Türkistan'da insan haysiyetini ayaklar altına alan ve Haziran 2017’de zorla yürürlüğe koyduğu “Kardeş Aile Projesi” adı altında havadan-sudan bahanelerle hapse attıkları erkeklerin evlerine Çinli erkekler yerleştirmekte. Onlar ailelerde istedikleri gibi yaşamakta, müslüman bacılarımızın namuslarını kirletmektedirler. Din düşmanı olan Çinlilerle aynı evde yaşamak zorunda bırakılan ailelerimizin özel hayatı delik-deşik edilmektedir.
Daha korkuncu ise son dönemlerde genç kızlarımızın Çinli erkeklerle zorla evlendirilmeye çalışılmasıdır. Evlenmemek için diretenler ya hapse atılmakta, ya da hapisteki aile ve akrabalarına türlü işkenceler yapılmaktadır.
Uygur ailelerinin evlerine yerleştirilen Çinliler aileleri kendi hizmetçileri gibi kullandıkları yetmiyormuş gibi, kadınlara, kızlara tecavüz ediyor. Tecavüze uğrayan kadınlarımız ve genç kızlarımızın utançla yaşamaktansa, intihar etmeyi yeğledikleri haberlerini almaktayız.
Hangi vicdan sahibi insan bu yüzkarası, insanlıktan nasibini almamış ahlaksızların uygulamalarına göz yumabilir? Bunlara göz yumanlar nasıl “insanız” diyerek ortalıkta dolaşabilir?En önemlisi de, Mahşer günü Allah’ın huzuruna nasıl çıkacaklardır?
Hapishanelerde işkenceden hayatını kaybedenlerin sayıları endişe verici boyuta ulaşmış durumdadır. Şehit edilenlerin naaşlarını almaya gidenlere çıkarılan güçlükler ciltler dolusu kitaplar yazılacak boyutlara varmıştır. Naaşlarına ulaşılan kardeşlerimizin birçoğunun ise, iç organlarının boşaltılmış olduğu haberleri bizleri derin endişelere sevk etmektedir.
İkinci anavatan bellediğimiz Türkiye’deki kardeşlerimizin bizlere ensar olduğunun bilincindeyiz ve bunun için de ellerimizi her duaya kaldırdığımızda, Türkiye için dua etmekten bir an bile geri durmadık, zira duadan başka elimizde hiç bir güç kalmamıştır. Türkiye’nin iç ve dış mihraklara karşı verdiği amansız mücadelelerde hem Türkiye Cumhuriyeti devletinin, hem de halkımızın hep yanında olduk ve bundan sonra da yanında olmaya devam edeceğiz.
Lakin bir beka savaşıyla karşı-karşıyayız. Artık bıçak kemiğe dayandı da yüreğe saplandı. Bilinmesini isteriz ki; ayakta duracak mecalimiz, acımızı dindirecek tesellimiz kalmadı.
Bırakın kaynar sularda diri-diri haşladıkları hayvanları, kardeşlerimize yapılan işkence ve zulme bile bütün dünya “görmedim, duymadın, bilmiyorum”u oynamaktadır. Halbuki sadece barış dini olan İslam’da değil, diğer semavi dinlerde ve bütün inançlarda “zulüm” kabul edilemez bir durumdur. Çin’in bunca senedir uygulaya geldiği bu zulmün vebali hiç kuşkusuz, Müslüman-Türk Cumhuriyetlerinindir.
Bilge Aliya İzzetbegoviç’in söylediği, “Ve her şey bittiğinde, hatırlayacağımız tek şey; düşmanlarımızın yaptıkları değil, dostlarımızın sessizliği olacaktır” noktasına gelmemek için, Türk-İslam dünyasından ve dahi kendisini insan hakları savunucusu gören her kesten vicdanının sesini dinlemelerini, Doğu Türkistan için uluslararası kamuoyu oluşturarak, Çin’e baskı yapmalarını istirham ediyoruz.
21. Yüzyılda Uygurlar dünyanın gözleri önünde adım-adım yok ediliyor. Bunu görmezden gelen bütün insanlığı vicdan mahkemesinin adaletine havale ediyor, tüm beşerin Doğu Türkistan'da yaşanan bu insanlık dışı muamelelere karşı üç maymun oynamamasını insanlık adına arz ve talep ediyorum.
“Ədəbiyyat və incəsənət”
(14.11.2024)
Şəkinin Fazıl kəndində yerləşən Azərbaycanın yeganə yeraltı muzeyindən reportaj
TƏƏSSÜF Kİ, MUZEY HƏLƏ DƏ RƏSMİ STATUS ALMAYIB
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
-Muzeyə niyə gedirik?
-Keçmişə baxmağa.
***
“Əbədi sükut dünyası” labirinti haqqında eşitmişdim. “Labirint” sözü məndə elə də maraq oyatmamışdı. Uşaqlar üçün yaradılan süni labirintlərdən biri olduğunu düşünmüşdüm. Və bir gün yenə haradansa eşitdim: “Fazıl kəndindəki labirint-muzey”. Labirint-muzey? Başladım özüm üçün araşdırmağa.
Haqqında oxuduğum təəssüratlardan sonra marağım ikiqat artdı. Qərara aldım ki, ən qısa zamanda Azərbaycanda yeganə yeraltı muzey olan “Əbədi sükut dünyası”na baş çəkməliyəm.
Şəkidə eyni gündə yağışda islanmaq da olur, üşümək də, günəşdə yanmaq da... Bura Şəkidir - təbiət burada bütün rəngləriylə öyünməkçün bircə günü fürsət bilir. Bura Şəkidir - atdığın hər addımda keçmiş qarşına çıxır, gülümsəyir:“Məni tanıyırsan?”
Onun təbəssümündəki qınağı, ironiyanı, küskünlüyü çox az adam görür...
Bura Şəkidir - şəkililərin belə, başdan-ayağa olduğu kimi tanımadığı hikkəli şəhər hər qonağa xüsusi yanaşır - birini şimşəkləriylə qorxutduğu halda, o birinin yoluna su səpir ki, toz olmasın.
Bura Şəkidir - hər kəndində keçmişə açılan “ulduz qapıları” var. O qapıdan keçənlər, həqiqətən, zaman-məkan anlayışını itirir...
Şəki rayonunun Fazıl kəndində yerləşən “Əbədi sükut dünyası” bir arxeoloji muzeydir. “Labirint” adlanmasının səbəbi bir qapıdan girib, qazılmış bütün qəbirlərə baş çəkib, dolanıb, başqa qapıdan çıxılmasıdır. Kənardan baxanda balaca, xudmani bir kənd evinə oxşayır. Həyətindəki güllər qəbirlərlə keçmişə güzgü tutan muzeyi zamanın yolayrıcına çevirir. Dayan və özün seç: keçmişə - içəriyəmi baş vurmaq istəyirsən, yoxsa gələcəyə - bu güllərin ətrinə dalmağamı?
Hələ hava... Gecə Şəkinin o məşhur leysanlarından biri yağıb, səhər ertə buludlar səmada “qaçdı-tutdu” oynayıblar, günortaya yaxın göz qamaşdırır dağların başında tac olan günəş. Bizi Şimal-Qərb bölgəsinin arxeoloqlarından biri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya-folklor qrupunun böyük elmi işçisi İntizar Bədəlova qarşılayır. Baxışlarında sevinc, çöhrəsində təbəssüm var. Və mən onun sevincinin də, təbəssümünün də arxasındakı qüruru görürəm. Yaxşı əməlin, yaxşı işin insan ruhuna qatdığı məğrurluqdan gözəl nə ola bilər ki?!
-Fazıl kəndinin əhalisi bu muzeylə qürur duymalıdırlar. Təsəvvür edirəm, kəndləri haqqında danışanda ilk cümlələri bu olar: “Arxeoloji muzey olan kənddənəm!”
-1984-cü ildən bəri, Fazıl kəndinin sakinləri Təpəbaşını tarixin izi kimi dəyərləndirirlər. O illərdə əhali tütünçülüklə məşğul olurdu. Təpəbaşında - bu təpədə tütünü qurutmaq üçün saray tikmək istəyirdilər. 1984-cü ildə saray üçün dirəklər basdırmaq qərarına gəlirlər. Dirək üçün yer qazarkən qab qırıqları çıxır. 1982-ci ildən Şəki rayon Mədəniyyət şöbəsində tarixi abidələrin baş mühafizi vəzifəsində işləyən Nəsib Muxtarova xəbər verirlər. Nəsib müəllim 1981-ci ildən arxeoloji qazıntılarla da maraqlanırdı. Yevlax-Balakən dəmir yolunun çəkilişi ilə əlaqədar Şəki rayonu ərazisində arxeoloji qazıntılar aparılanda ekspedisiyanın işini yaxından izləmişdi. Müşahidələrindən sonra könlünü arxeologiyaya bağlamışdı. Ona görə də, elə ilk baxışdanca Təpəbaşının qədim dəfn ərazisi olduğunu anlayır.
-Kaş mənim də qarşıma belə kəşf çıxaydı! –Heyrətimə arzularımı qatıram.
İntizar xanım başını yana əyib şəfqətlə üzümə baxır, gülümsəyir:
-Onda mən gənc idim. Nəsib müəllimlə birgə arxeoloji qazıntılarda iştirak edirdim. İndiki texnologiya da yox idi. Əlacımız ona çatdı ki, münasib qurumlara müraciət ünvanlayaq. Təpəbaşı - kəndlilərin mal-qoyunu çobana təhvil verdiyi, axşam da qarşılayıb evlərinə apardığı yer idi.
-Təpəbaşı həm də örüş başıymış ki!
-Hə, örüş başı. İnsanlar daha Təpəbaşına ayaq qoymasalar da, inək, qoyun öyrəşmişdi bu təpəyə. Məcbur olub belə qərara gəldik ki, alçaq, bir metrlik barı çəkək, inəklər tapdamasın. Sonra həmin alçaq barını sökdük. O vaxtdan indiyədək bu ərazidə arxeoloji tapıntılarla rastlaşmaqdayıq. Haranı qazmışıqsa, nəyi tapmışıqsa, annotasiyasını yazıb elmə gətirmişik.
-Arxeoloji qazıntı yerini muzeyə çevirmək ideyası haradan yarandı?
-Nəsib Muxtarovun ideyası idi. 1984-cü ildən 2017-ci ilədək Təpəbaşında aparılan çöl-tədqiqat işlərinə Nəsib müəllim rəhbərlik edib. “Əbədi sükut dünyası” 2005-ci ildə Nəsib müəllimin əməyi, bir növ, şəxsi vəsaiti hesabına yaranıb. Qəbirləri qazdıqca, onların hər birinin özünəməxsus xüsusiyyətləri, tarixi olduğunu gördükcə, Nəsib müəllimlə belə qərara gəldik ki, hər şeyi olduğu kimi saxlamaq, insanlara təqdim etmək mümkündür. Təpəbaşının ümumi ərazisi beş hektara yaxındır. İndən sonra on illər boyunca burada qazıntı aparıla bilər. Xüsusi vurğulamaq istəyirəm ki, nəinki bir qəbir, o qəbirdəki bir əşya belə bir dissertasiya mövzusudur. Nəsib müəllim 2019-cu ilin yanvarında vəfat etdi. “Əbədi sükut dünyası” mənimçün həm Nəsib müəllimin əmanəti, həm də xalqımın, millətimin tarixi mirasıdır. Özümü bu tarix qarşısında borclu sayıram.
-Tapıntılar hansı arxeoloji dövrə aiddir?
-Qafqaz Albaniyasına dair bizim eradan əvvəl III-I əsrlərə aid arxeoloji dövr Yaloylutəpə mədəniyyəti adlanır. Tapdıqlarımızın əksəriyyəti məhz Yaloylutəpə mədəniyyətinə daxildir. Biz bu qəbirlər vasitəsilə islamaqədərki dəfn adət-ənənələrini öyrənirik. Məsələn, bu qəbirlər vasitəsilə bir daha “dünyasını dəyişmək” ifadəsinin izahını görürük. O dövrün insanları üçün ölüm “son” deyildi, “dünyasını dəyişmək” idi. İnanılırdı ki, ölən insandan yeni bir ruh doğulacaq. Bu inancla da, onu bütün əşyaları ilə birlikdə dəfn edirdilər. Qablar, qabların içindəki yeməklər, məişət əşyaları - əksəriyyəti necə qoyulubsa, o cür də tapmışıq.
-Muzeyin labirint formasında olmasının bir hekayəsi varmı? Hekayəsi olan hər şeyi sevirəm!
İkimiz də gülürük. Sevinirəm ki, İntizar xanımın yumor hissi elə mən istəyən kimidir. Labirintin mistik abu-havasında, yarıqaranlığında addımladıqca daxilimdə qaynayan maraq və coşqunu gülüşlə biruzə verməsəm, bəlkə də, səsim çıxdığı qədər bağırardım. Axı mən arxeologiyanı sevirəm... Və sevimli yazıçım Aqata Kristinin ömür-gün yoldaşı Maks Mallovan arxeoloq idi... Aqata Kristi dəfələrlə arxeoloji qazıntıları müşahidə etmişdi. Əsərlərində arxeologiya qəniməti olan əşyalardan bəhs edirdi, hətta bir əsərində qatil arxeoloji ekspedisiyanın üzvü idi.
Mən bu muzeydən hansı əsərimdə necə bəhs edəcəyəm, heç bir fikrim yoxdur. Arxeoloji qazıntıların aparıldığı yerdə, daha doğrusu, yerin altında, nəm torpaq qoxulu bir labirintdə, bizim eradan əvvəl dəfn olunmuş insanların əbədi sükuta daldığı yerdəyəm. “Əbədi sükut dünyası”...
-Burada hər qəbirin, hər əşyanın öz hekayəsi var, -deyir İntizar xanım:-Elə həmin hekayələrə görə Nəsib müəllim buradakı bütün qəbirləri söküb fonda vermək istəmədi. Hekayəni yurdundan ayırsan, olur quru söz. Nəsib müəllim öz əmək haqqını bura xərclədi. Bir də, burada Şəki yaylası deyilən ərazi var. 20 tay şəkər tozu götürüb getdik, Govurqalanın ətəyində çadır qurduq. Dağ moruğu yığdıq, mürəbbə bişirdik. Yeyinti sənaye kombinatı mürəbbələrin satışını təşkil etdi. Qazıntı üçün dövlət bizə maliyyə ayırırdı. Amma burada muzey etməkçün vəsait lazım idi. Mürəbbədən gələn pulla qazıntı zamanı çıxarılan torpağın Aşağı Karvansarayın həyətinə daşınmasını təmin etdik. Orada soba qurulmuşdu. Buranın öz torpağından kərpic bişirilirdi. Sobadakı odunlar belə, Nəsib müəllimin öz vəsaiti, mənim maaşım və mürəbbədən əldə olunan gəlirlə alınırdı. İstəyirdik ki, yaradacağımız muzeyin daşı da, torpağı da özündən olsun. Gələk, labirint formasına... Qəbirlər yan-yana, yaxud ard-arda deyil. Hərəsi ayrı dövrə aiddir. Sanki harada boş yer tapıblarsa, orada da doğmalarını dəfn ediblər ulularımız. Biz - muzeyin qurucuları olan iki nəfər arxeoloq istədik ki, qəbirlər elə öz yerlərində qalsın, cığırı onların arasından salaq. Təbii ki, bu cığır da burula-burula irəliləyir. Beləcə, muzey labirint formasında alındı.
-Fazıl kəndə hədiyyə vermisiniz bu gözəllikdə muzeyi!
-Təkcə bu muzey deyil Fazıl kəndə hədiyyəmiz. 5 qədim yaşayış yeri, 1 qala yeri, 1 məbəd yeri də aşkarlamışıq. Bir də, bu kəndə asfalt yol vermişik (gülür). Muzeyə görə, düz buradək asfalt çəkilib. Maraqlı bir nüansı da qeyd edim ki, bu ərazidə tapılan 5 qədim yaşayış yerinin hərəsi bir ayrı dövrə aiddir. Elə məzarlar kimi... Baxın, burada bir-birinə yaxın 3 qəbir var. Biri e.ə. I əsrə aiddir, biri VII-VI əsrlərə, biri də IV-III əsrlərə... Deyirlər ki, səmadakı Süd yoluna haradan baxanda onu buta formasında görürsənsə, demək, bəşəriyyətin beşiyi oradadır. Uşaq ana bətnində buta formasında dayanır. Buradakı qəbirlərdə aydın görünür ki, insanları da buta formasında dəfn ediblər. Qəbirlərdən birində buta formasında sinə bəzək əşyası tapmışıq. Biz tapanda həmin əşya skeletin dizinin yanında idi. Demək, mərhumu buta formasında dəfn ediblər, zamanla sinə bəzək əşyasının boyundan asılan sapı çürüyüb, amulet dizin üstündə qalıb. Arxeoloqların vəzifəsi təkcə bu qabları, bu qəbirləri nümayiş etdirmək deyil, onların etnoqrafiyasını üzə çıxarmaqdır. Bəzi qabların içini heç qazmamışıq. Çünki çatlayıblar. Əl vuran kimi, ovxalanacaqlar, param-parça olacaqlar. İstəyir, içində var-dövlət olsun, mənim ona əla vurmaq, ona toxunub sınmasına vəsilə olmaq niyyətim yoxdur.
-Dövrləri qablar vasitəsilə müəyyən edirsiniz, hə?
-Əlbəttə! Dəmir dövrünün sonunda zoomorf qabların inkişafı başlayıb. Misal üçün, qabların ağzını quşa bənzədirdilər. İndi də deyirlər ey, “ördəkburun qablar”, baxın, eynilə o cür hazırlanan qablar var burada. Bəzi qabların içində yeməkləri olduğu kimi saxlamışıq. Qazıntı prosesində qazırıq, qazırıq, müəyyən hissəyə çatandan sonra başlayırıq qabların içinə spirt tökməyə. Qabları spirtlə doyurmağın məqsədi mikrobları məhv etməkdir. Elə eksponat olub ki, 300 litrə yaxın spirt işlətmişik. Bu arada, məlumat üçün deyim ki, həmin texniki spirti Arxeologiya İnstitutu verirdi arxeoloqlara... Bəzi qəbirlər rəmzi qəbirlərdir. Tutaq ki, insan qürbətdə ölüb, onu gətirib doğma torpağında dəfn edə bilməyiblər. O zaman rəmzi qəbir hazırlayıblar ki, adını tutub ziyarətə gəlsinlər.
-Yerli əhali də bu ətrafdan qab-qacaq kimi nəsə tapıbmı?
-Tapan olur. Gətirib bizə verirlər. Taxçadakı qabların çoxunu yerli camaat gətirib verib. Bura arxeoloji nöqteyi-nəzərdən zəngin ərazidir. Hara əl atsan, kiçik həcmli qazıntı işi aparsan, mütləq qarşına bir şey çıxasıdır. Bu iri küp e.ə. I minilliyin I yarısına aiddir. Üstündə astral təsvirlər var. Bu su qabı isə, gördüyünüz kimi, tısbağa formasındadır. Üstündəki cızıqlar günəş rəmzidir. Qədim insana görə, bütün canlılar həyatı simvolizə edirdi. Günəş isə həyatın qaynağı sayılırdı. Günəşlə tısbağa burada iki simvolun birləşməsidir - həyatın qaynağı və davam edən həyat...
-Qazıntıya başladınız, bir az qazdınız, necə əmin olursunuz ki, davam etdirsəniz, mütləq nəyəsə rast gələcəksiniz?
-Arxeoloqlar üçün torpaq qatı iki cürdür: “lal təbəqə”, “danışan təbəqə”. Tutaq ki, yer səthindən kvadrat ölçüdə qazmağa başladıq. Bir az qazırıq, torpağın tərkibini analiz edirik. Elə ki, insan fəaliyyətinin izlərini görürük, qaza-qaza aşağı düşürük. Deməli, həmin təbəqə “danışır”.
Qəbirlərdən birində ocaq yeri var. Həmin yerdə torpaq qırmızımtıldır. Ətrafında da qab qırıqları, quş sümükləri tapdıq. Bir az irəlilədik, gördük, insan qəbri də var. Həmin insanı bardağı, boşqabı, duz qabı, xəncəri və digər əşyaları ilə birgə dəfn ediblər. Qəbirin üstündə ocaq qalanması qədim rituallardandır. Başqa bir qəbirdə balaca nehrə tapmışıq. Bu kiçik nehrədə əmələ gələn yağ və ayran ilə bütün ailə doya bilməz. Buradan onu anlayırıq ki, dəfn olunan əkinçiliklə və maldarlıqla məşğul olub. İndi bunu izah edim. Əkinçi evdən çıxanda qatığı tökürdü bu kiçik nehrənin içinə, bağlayırdı atının yəhərinə. Kilometrlərlə yol gəlirdi ki, gəlib əkin sahəsinə çatsın. O buraya çatanadək nehrə çalxalanırdı. Səhər kərə yağını yeyirdi, günorta ayranını içirdi. Yəni nehrə bir nəfərə aid idi. Və elə sahibinin qəbrinə də qoyulub.
-Heyf ki, bu muzey hələ rəsmi status almayıb. Mən burada möcüzələrlə rastlaşdım...
-Ümidvaram ki, muzeyimizin rəsmi status alacağı gün yaxındadır. Çünki burada, bayaq dediyim kimi, hər bir nəsnə dissertasiya mövzusudur. Baxın, burada təsərrüfat quyusu var. Başqa sözlə, o vaxtın “zibilliyi”. İçindən tapdıqlarımızdan e.ə. I minilliyə aid olanı da var, bizim əsrin XII əsrinə aid olanı da. Bu da sübut edir ki, ərazidə daim yaşayış olub. Bir qəbirdə dəmirdən boyunbağı, xoruzun mahmızından amulet var. Bu cür bəzək əşyaları ta qədimdən iki məqsədlə istifadə olunub: nəzərcəlbedici və nəzərqaytarıcı. Xoruzun mahmızından hazırlanan amulet nəzərqaytarıcıdır. Tapdığımız əşyalar arasında totemlərə ithafən hazırlanmış qablar da var: qıvrılmış ilan şəklindəki bardaq, keçi buynuzu işarəsi, qaban sümüyündən talisman... Gün və ay işarələri daha tez-tez rast gəlinir. Bir qəbir də var ki, içərisində iki mədəniyyətin nümunələrinə rast gəlmişik. Buradakı qablardan 6-sı yunan mədəniyyətinə aiddir. Deməli, bu qəbirdə dəfn olunan insan nüfuz sahibi olub ki, ona uzaq yerlərdən bu cür qiymətli hədiyyələr gəlib.
-Arxeologiyada dövrlər ayrıdır bildiyimə görə...
-Bəli, ayrıdır. Amma mən bütün dövrlərə aid qazıntılarda iştirak etmişəm deyə, bu eksponatların izahını rahatlıqla verə bilirəm. Məsələn; buradakı nehrədə məməcik var. Dəmir dövrünə aid olan nehrədə, gördüyünüz kimi, məməcik soldadır. Buradan baxırdılar ki, görsünlər, yağ hazırdır, ya yox. Antik dövrdə isə avtomatik olaraq məməcik sağa keçir. İnsanlar sağ əlin önəmini anlayır, yükü, gücü sağ ələ salmağa çalışırlar ki, sol əl də ona baxıb işləsin.
Tariximizin dəfn adətlərinin izi qarğışlarda da var. “Səni görüm təpələnəsən!” Yəni öləsən, dəfn olunasan, üstündə təpə yaransın. “Torpağın bol olsun!” isə alqışdır. Eyni dəfn prosesinə işarədir. O vaxt insanlar öləndə bütün qohum-əqrəba, kənd əhli onun məzarına torpaq tökürdü. Nüfuz sahibi insan öləndə isə torpaq tökməyə daha çox adam gəlirdi. Beləcə, nüfuz sahibinin qəbrinin üstündə əməlli-başlı təpə yaranırdı. Kurqanlar belə yaranıb.
-Muzey haqqında eşitdiyim maraqlı nüanslardan biri də budur ki, burada əsl piti qabı var. O, haradadır?
-Labirintin sonuncu qəbrindədir piti qabı. İndi Şəkidə geniş yayılmış piti qabı var ha, balaca, bardaq formasında. O, əslində, maya qabıdır. Əvvəllər onda xəmirin mayasını saxlayırdılar. Maya qabı dəfn olunanın üzünün qarşısına qoyulurdu. Bunun da simvolikası odur ki, həyat xəmir mayası kimi dövr edir, ömürdən-ömürə ötürülür. Əsl piti qabının lüləyi olub. Pitinin suyu o lüləkdən süzülüb, içinə çörək doğranılaraq yeyilib. Sonra da qatısı yeyilib. Buradan da görürük ki, piti, həqiqətən də, qədim tarixə malik yeməkdir. Şəki lap qədimdən ticarət mərkəzi olub. Gələn malları yerbəyer etmək, daşımaq, yükləmək, belə deyim, fəhlələrin işi idi. Onlara gün ərzində neçə saat vaxt verilmirdi ki, oturub rahat-rahat yeyə bilsinlər. Bir oturumda elə yeməliydilər ki, axşamadək yük daşımağa gücləri olsun. Piti məhz bu məqsədlə bişirilən yeməkdir.
-“İkinci dəfn”... Bu nə anlama gəlir?
-O vaxtın dəfn adətlərindən biri də belə idi ki, insan öləndə onun nəşini hündür bir daşın üzərinə qoyurdular. Ət sümükdən ayrılana kimi, nəş qalırdı o daşın üstündə. Ətini qurd-quş yeyirdi. O müddətdə onun əşyaları, heyvanları, baxın, burada var, atı, qoyunu dəfn olunurdu. Sonda da insanın sümükləri toplanıb gətirilir, qəbir açılır, sümüklər qoyulandan sonra təkrar üstü bağlanırdı. Bu da “ikinci dəfn” sayılır.
Muzeyimizdə qurbangah da var. Qəbiristanlıqdakı qurbangahda ölən adamın nəslindən qalan ən qədim qab öz yerini alırdı. Burada qablar müxtəlif ölçüdədir. Uşaq öləndə kiçik qab, qadın öləndə yumru qab, nüfuz sahibi öləndə böyük qab qoyurdular. Sonuncu qəbirdə bütlər də var. Bütlərin birinin yaxasında bozqurd var. Ulularımızın bozqurd toteminə ehtiramının göstəricisidir.
...Labirinti bir dəfə İntizar xanımla, bir dəfə də tək gəzirəm. Və anlayıram ki, bu muzeyə yenə, yenə, yenə gəlməliyəm. Hər bir qab ayrı tarix, ayrı hekayə danışırsa, bir günə bu qədər hekayəni “dinləmək” mümkün deyil. Burada əbədi sükuta dalanlardan hansınınsa nəvəsi ola bilərəm. Ya da hansınınsa bacısının nəvəsi... Nəvə... Minilliyi ortalama insan ömrünə bölsəm, ən azı, 200-cü nəsiləm yəqin...
Keçmişə baxıram. Bayaqkı düşüncə yenə ağlımdan keçir: “Bir günə “dinləmək” olmaz “tarixdən danışanları”
...Bəlkə heç bir ömür də yetməz?”
REDAKSİYADAN:
Fürsətdən istifadə edib üzümüzü Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə tutur, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya-folklor qrupunun böyük elmi işçisi İntizar Bədəlova kimi, haqq dünyasına qovuşmuş Nəsib Muxtarov kimi insanların bu cür fədakarlığı nəticəsində Şəki rayonunun Fazıl kəndində fəaliyyət göstərən unikal “Əbədi sükut dünyası” arxeoloji muzeyinə rəsmi status verilməsinin vacibliyini diqqətə çatdırırıq.
Hər bir xalq üçün yaşadığı ərazinin qədim izləri bir ululuq simvolu sayılır. Turistik baxımından qonaqlı-qaralı Şəki rayonu üçün, ümumən Azərbaycan üçün Fazıl kəndindəki bu muzeyin böyük önəmi ola bilər. Yetər ki, əlaqədar təşkilatlar məsuliyyətlərini duyub məsələyə barmaqarası yanaşmasınlar.
Ümid edirik ki, müraciətimizə cavab veriləcək.
“Ədəbiyyat və incəsənət”
(14.11.2024)
“Gecə yarısı dönüş” – HEKAYƏ
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ bölməsi
Ata bu gecə də yata bilmədi. Artıq neçə müddətdir ki, gözünə yuxu getmirdi. Bir yandan oğul həsrəti, bir yandan qəlbindəki nisgil və bitib-tükənməyən dərd, kədər gecə olanda onu boğurdu.
Üzünü tavana tutub pıçıldamağa başladı:
-İlahi, bu nə zülmdür? Hanı mənim balam? İki ildir ki, onun yolunu gözləyirəm. Nə olar, heç olmasa, balamın nəşi tapılsın. And olsun ki, onun toyu üçün saxladığım dananı qurban kəsəcəm. Ay oğul, hardasan? Heç olmasa yuxuma gəl, səsimə səs ver, sənin izini harada axtarım?
Otağın dərin, lal sükutu sanki onu qulaqlarını kar eləmişdi. Həyat əlaməti olmayan bu səssizliyin içində ürəyinin çırpıntılarını belə eşidilirdi.
Nəhayət, qərarını verdi: bu gecə neçə vaxtdır ki, beynində dolaşan o planı həyata keçirəcəkdi. Ağır-ağır yataqdan qalxdı, gözləri həyat yoldaşında ilişib qaldı, dərindən ah çəkdi və sakitcə dəhlizə çıxdı. Oğlunun otağına yaxınlaşdı, qapını asta açdı. İçəri daxil olan kimi oğlunun şəkilləri gözlərinə sataşdı, sanki ilk dəfə idi görürdü bu şəkilləri. Şəkillər divarlardan ona sevgi və iftixarla gülümsəyirdilər. Ata o şəkillərin qarşısında dayandı, hər birini sığallayaraq, öpə-öpə, həsrətlə için-için ağladı, göz yaşları sükutun içində səssizcə axdı. Bir müddət sonra dəhlizə qayıtdı, aralı qalmış qapıdan yenə həyat yoldaşına baxdı. Qəlbini bürüyən ağır yükü bir cümləyə sığdırdı: “Bağışla məni, Güləş, artıq dözə bilmirəm, suallarına cavab tapa bilmirəm…”
Evin qapısını asta açdı. Təəccübləndi, hər dəfə səs-küy salan, cırıldayan qapı bu dəfə sanki yağlanmışdı – qətiyyən səs çıxmadı.
Soyuq noyabr axşamı idi, payız olsa da, havadan qışın nəfəsi duyulurdu. 2 il əvvəl, məhz bu gecə oğlunun son döyüşü olmuşdu. O gündən bu yana oğlundan bir xəbər yox idi…
Səmadakı aypara soyuq və kədərli baxışlarla atanı tövləyə kimi ötürdü. Tövləyə girdi. İnəklər qapının səsinə qulaqlarını şəkləyib ona baxdılar. Yetim buzov onu görən kimi mələməyə başladı. Ata tövlənin məhəccərinə bağladığı çatılardan birini götürüb həyəcanla özünü asmaq üçün hazırladı. Əl-ayağı əsirdi, çox həyəcanlı idi, sanki öz tövləsinə oğurluğa girmişdi.
Gördü ki, ayaqları əsir, qapının ağzına qoyduğu ot bağlamasının üstündə əyləşdi, kürəyini divara söykəyib dərindən nəfəs aldı, amma ciyərində sanki hava qalmamışdı, ağzından od çıxırdı.
Bir müddət belə qaldı. Handan-hana özünə gəldi. Kəndiri bir ucunu halqa düzəldərək, düyünlədi, digər tərəfini halqadan keçirib başına keçirmək üçün hazırlayıb çıxış edirmiş kimi son sözlərini dedi:
-Bu əzablardan qurtulmaq, sənə qovuşmaq üçün başqa yol qalmadı, ay oğul…
Üzünü əlləri arasına alıb hönkürtü ilə ağladı. Bu zaman qəfildən tövlənin qapısı açıldı. Ata hövlnak əlindəki kəndiri axasında gizlədib qapıya baxdı, gözləri bərələ qaldı. Qapını açan əsgər dedi:
- Ata, nə edirsən burda?
Ata tərpənmirdi, donub qalmışdı. Heç nəfəsi də gəlmirdi, gözünü də qırpmırdı. Əsgər atasının çiynindən tutub sirkələdi:
-Ata!Ata! Qadan alım, özünə gəl. Bax gəlmişəm
Atasının əlini özünün üz-gözünə sürtdü:
-Bax, yuxu görmürsən, bu mənəm, oğlun.
Ata bir anda özünə gəldi. Oğlunun boynuna sarılıb onu duz kimi yalamağa başladı. Hər ikisi bir-birindən ayrıla bilmirdi. Bir müddət bu cür qaldılar, bir-birinin üzünə baxıb bir daha bir-birinə sarıldılar. Sonra ata oğlunun əlindən tutdu, hər ikisi ot bağlmasının üstündə əyləşdilər.
-Bəs hardaydın, ay oğul? Niyə iki ildir ki, səndən bir xəbər yoxdur? Niyə bizə bir xəbər vermirdin? Axı biz bu iki ildə hər gün ölüb-dirilmişik. Mən cəhənnəm, anan yazıq deyil?
Ata bunları deyib oğlunu bərk sinəsinə sıxıb yenə öpdü, qoxusunu içinə çəkdi.
-Ata, imkan olmadı, xüsusi tapşırıq yerinə yetirirdik, ona görə heç kim bilməməli idi, iki ildir ki, qarlı bir yerdə idim, heç çölə də çıxmırdım, tapışırıq belə idi.
-Ay oğul, axı dedilər ki, sən yaralanmısan, qanın axa-axa düşmənə hücum etmisən, sonra isə səndən bir xəbər çıxmadı. Ermənilər təslim oldu, müharibə qurtardı, şəhid olanlar dəfn edildi. Yaralılar xəstəxanaya yerləşdirildi. Amma səni gördüm deyən olmadı. Gəzmədiyimiz xəstəxana, hərbi hissə, morq qalmadı. Səni axtarmaqdan taqətdən düşdük, məhv olduq. Şəhid məzarlarına gedən ana və atalara həsədlə baxırıq, ay oğul…Nəsə çox şükür gəldin. Qoy anana xəbər verim, amma qorxuram, sevincdən ürəyi dayana.
- Səbr elə, ata. Gecədir, yatıb, narahat eləmə. Səbirli ol, hər şey yaxşı olacaq. Mənim iki günlük işim qalıb, həmişəlik gələcəm. Ona kimi anama heç nə demə.
-Nə? Yenə hara gedirsən? Yox qoymaram gedəsən, məni öldür, sonra get…
-Ata, əlindəki o kəndir nədir? Gecə vaxtı bura niyə gəlmisən?
Ata əlindəki kəndirə baxıb ilan görmüş adam kimi diksindi.
-Heç nə, buzovu bağlayacaqdım, boş şeydir.
Oğlu qətiyyətlə söylədi:
-Ata, özünə nəsə etsən, bir də görüşə bilməyəcəyik ha, bunu unutma!
Və atasının gözlərinin içinə sevgi və şəfqətlə baxdı.
Ata bu baxışları hardasa, görmüşdü. Axı hərbçi olan övladı ilə neçə dəfə bu cür göz-gözə gəlməyə vaxtları olmuşdu ki? Çox qarışıq hisslər keçirirdi. Xatırlamaq istəyirdi bu baxışları harda gördüyünü…Birdən otaqdakı şəkilləri xatırladı, bəli, bayaq evdən çıxanda divardakı şəkillər ona eynən bu cür baxmışdı.
Oğlunun səsi yenə onu ayıltdı:
- Ata, anam səni çağırır, get evə, mənim barəmdə danışma, iki günə özüm birdəfəlik gələcəyəm, oldu? Narahat olma. Özünüzdən muğayət olun!
Bunu deyib oğul əvvəlcə atasının əllərindən, sonra başını əllərinə alıb alınından öpdü…
Yoldaşının səsi yavaş-yavaş yaxınlaşdırdı, o, tövləyə sarı gəlirdi.
-Kamil, ay Kamil, hardasan?
Gülşən tövlənin qapısını açıb Kamili ot bağlamasının üstündə divara söykənib bayılmış, əlində kəndir görəndə çox qorxdu, onu tutub silkələdi:
-Ay Kamil, qadan alım yox, yox…!!!
Ata yuxudan dəli kimi ayıldı.
-Nə olub, ay Güləş, niyə belə edirsən, sakitləş, de görüm nə olub?
Ata yoldaşını sakitləşdirmək istəsə də, özü ondan da betər təlaş içində idi. Axı oğlu gəlmişdi, burda idi. Göz qırpımında hara getdi?
Gah qapıya, gah da tövlənin o baş-bu başına baxdı. Bir azdan yuxu gördüyünü anlayıb özünə gəldi, yoldaşını sakitləşdirdi:
-Narahat olma, yaxşıyam, niyə belə təlaş keçirdin, ay Güləş?
-Niyə olacaq, gecə vaxtı yerində yoxsan, neçə gündür ki narahatsan, gəlib səni tövlədə əlində kəndir görürəm, nətər olum, ay evi tikilmiş? -dedi yoldaşı.
Bu zaman Ata əlndəki kəndirə baxdı, bir anlıq fikirə getdi. Hər şey aydın idi…
-Narahat olma, Güləş, mən heç vaxt intihar etmərəm. Allah öz kitabında necə deyir?
Yoldaşı onun əlindən tutub söylədi:
- Nisa surəsi, iyirmi doqquzuncu ayə. ”Özünüzü ölüdürməyin.” Özünü öldürmək haramdır.
Ata yoldaşının əllərindən bərk-bərk tutub: -Bəli, mən cənnətdə oğlumla görüşəcəm, özümü öldürsəm, görüşə bilmərik, -deyib onu sinəsinə sıxdı, iki ildə ilk dəfə idi ki bu cür ümid və inamla bir-birinə təsəlli verdilər.
-Gülşən, dur gedək evə, artıq saat altıya qalıbdır, sən nə yaxşı oyandın?
-Kamil, sənin telefonuna zəng gəlirdi, səni görüb unutdum deməyi. Gör kimdir?
Ata zəng gələn nömrəni yığa-yığa: -Xeyir ola, gecə vaxtı, bilmədin kimdir? -deyə soruşdu.
-Yox, açmadım, tanmadığım nömrə idi.
Bu vaxt zəng edilən adam telefona cavab verdi:
-Alo, Kamil qardaş, sizsiniz?
-Bəli, kimdir?
-Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məsləhətçi Kamranovdur.
-Bəli, buyurun.
-Bilmirəm, necə deyim. Oğlunuz şəhid olub, Kəlbəcər istiqamətində qar altından tapılıb…
Telefonda olan şəxs başqa sözlər də dedi, amma ata artıq heç nə eşitmirdi. Telefonu keçirib, əlinin əsməsini yoldaşından gizlətdi. Oğlunun bayaq yuxusunda dediyi ”İki günə birdəfəlik evə gələcəm, intihar etsən, bir də görüşə bilməyəcəyik” sözləri qulağında səsləndi. Qəhər onu boğdu. Gözlərindən yaş gəldi.
-Güləş, oğlumuzun nəşi tapılıbdır, oğlumuz gəlir, -deyə yavaşca söylədi.
Bir-birnini qucaqlayıb dizi üstə çökdülər.
Səmadakı ay isə göz yaşlarını gizlətmək üçün dağların arxasına keçirdi…
“Ədəbiyyat və incəsənət”
(14.11.2024)
“Mələklər qaldırıb cənəzənizi” - Ədalət Salmanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Ədalət SALMANın şeirləri təqdim edilir.
Bayrağım
Çox məşəqqətlər çəkdi
Elimiz Qarabağda.
Ucaltmağa çatmadı
Əlimiz Qarabağda.
Səni öyə bilmədi
Dilimiz Qarabağda.
Gör neçə il yaşadıq
Bu həsrətlə, Bayrağım.
Dalğalan başım üstə
Əzəmətlə, Bayrağım!
İgidlərin zərbindən
Tülkü tək qaçdı yağı.
Zirvələrə sancıldı
Qalibiyyət bayrağı.
Dosta Zəfər müjdəsi,
Düşmənə sən göz dağı.
Bədxahlarım boylansın
Qoy həsədlə, Bayrağım.
Dalğalan başım üstə
Əzəmətlə, Bayrağım!
Varlığınla tanıtdın
Dünyaya bu Vətəni,
Öpüb gözümüz üstə
Qoymuşuq hər vaxt səni.
Neçə şəhidin oldun
Sən müqəddəs kəfəni.
Anırıq ehtiramla,
Fəxarətlə, Bayrağım.
Dalğalan başım üstə
Əzəmətlə, Bayrağım!
Sən sülhün keşikçisi,
Səadət nişanəsi,
Haqq-ədalət carçısı,
Həqiqət nişanəsi.
Bu torpağın, bu xalqın
Sən qeyrət nişanəsi,
Durdun düşmən önündə
Mətanətlə, Bayrağım.
Dalğalan başım üstə
Əzəmətlə, Bayrağım!
Vətənimin adıyla
Adın çəkilir qoşa.
Hər dəfə yüksələndə
Qəlbimiz gəlir cuşa.
Günəştək ucal göyə,
Ucalarda hey yaşa!
Seyr etsin Türk dünyası
Məhəbbətlə, Bayrağım.
Dalğalan başım üstə
Əzəmətlə, Bayrağım!
Şəhidlər xiyabanı
Ayaq saxla, asta keç
Şəhidlərin yanından.
Onlar Vətən yolunda
Keçiblər öz canından.
Bayrağım da rəng alıb
Şəhidlərin qanından.
Burda uyuyur neçə
Müharibə qurbanı.
Ziyarət et buranı,
Ziyarətgahın olsun
Şəhidlər xiyabanı.
Hər şəhidə qoyulan
Bir heykəldi başdaşı.
Burda daşları yuyur
Anaların göz yaşı.
Şəhidlərin müqəddəs
Ruhu burda dolaşır.
Ehtiramla yad elə,
Əziz tut bu məkanı.
Xalqımın qan yaddaşı,
Bir ölməzlik dastanı, -
Şəhidlər xiyabanı.
İgid oğullarıyla
Vətən hər vaxt öyünür.
Şəhidlərin ürəyi
O məşəldə döyünür.
Qürur hissi keçirir,
Qəlbimiz dağa dönür.
Bu yurdun yaxasında
Bir fəxarət nişanı.
Müqəddəs and yerimiz,
Əbədiyyət ünvanı, -
Şəhidlər xiyabanı,
Şəhidlər xiyabanı!
Şəhid anası gəlir
Bu yurdun igidləri
Sipər etdi özünü,
Vətənə qurban getdi
Heç qırpmadan gözünü.
Öz qanıyla tarixə
Yazdı Zəfər sözünü.
Qarabağda Bayrağım
Əzəmətlə yüksəlir.
Ehtiramla baş əyin,
"Vətən sağ olsun!"- deyən
Şəhid anası gəlir,
Şəhid atası gəlir!
Qarabağım məkrlə
Əlimdən alınmışdı.
Neçə yüz min soydaşım
Doğma yurd-yuvasından
Didərgin salınmışdı.
Malı, mülkü, sərvəti
Talanıb çalınmışdı.
Farsa, rusa güvənib
Ağnayırdı yurdumda
Erməni ulaqları.
Otuz ildi kar idi
Dünyanın qulaqları.
Eşitmirdi səsimi
Haqq-ədalət adından
Danışan o ölkələr.
Otuz ildi yurdumun
Başı üstə gəzirdi
Qara-qara kölgələr.
Daha bizi üzmüşdü
Boş vədələr, "bəlkə"lər.
Fəqət, Haqqın Günəşi
Dağıdaraq buludu
Doğdu Qarabağımda!
Cəngavər igidlərim
Erməni faşistləri
Qovdu itiqovantək,
Boğdu Qarabağımda!
Əsarətdən qurtuldu
Neçə kəndim, şəhərim.
Yenə güldü üzümə
Qarabağda səhərim.
Qəhrəman şəhidlərim
Əyilməyə qoymadı
Millətimin qürurun.
Yaradan da onlara
Pay vermişdi öz nurun.
Qarşısında diz çökün,
Dağlar, salama durun!
Şəhidləri xalqımın
Hamı baş tacı bilir.
Şəhidlər qanı hopmuş
Al Bayrağa bürünüb
Şəhid anası gəlir,
Şəhid atası gəlir!
Mübariz
Milli Qəhrəmanımız
Mübariz İbrahimova
O mənfur düşmənin başının üstə,
O gecə şimşək tək çaxdı Mübariz!
O gün daş qoymadı daşının üstə,
Düşməni odlara yaxdı Mübariz!
"Biz şəhid olsaq da, sağ olsun Vətən!" -
Deyib irəliyə şığıdı birdən.
Düşmənin üstünə gör neçə yerdən,
Güllətək, mərmitək yağdı Mübariz!
Göz aça bilmədi o gecə yağı,
Gördü qisasımı intiqam çağı.
Şəhidlər qanına batan bayrağı
Əsir torpaqlara taxdı Mübariz!
Türk oğlu dünyanı saldı heyrətə,
Vicdanı yatmışlar gəldi qeyrətə.
Vətən səmasından əbədiyyətə
Parlaq ulduz kimi axdı Mübariz!
Yaralı torpağı anası sandı,
Səməndər quşutək Vətənçün yandı.
Düşmən qarşısında mətin dayandı,
Yenə səngərdədi, sağdı Mübariz!
Qəlbimizdə yaşayırsınız
Qarabağ döyüşlərində itkin düşmüş Mübariz İsayevə və bütün şəhidlərimizə
Can fəda etdiniz bu yurd uğrunda,
Siz şəhid adını daşıyırsınız.
İtkin düşsəniz də Vətən yolunda,
Elin yaddaşında yaşayırsınız!
Düşmən endirəndə bayrağımızı
Silaha sarılıb öndə getdiniz.
Aldıq səngərlərdən sorağınızı,
Əsir torpaqları azad etdiniz.
Qalmadı düşmənin daşı daş üstdə,
Yenə dalğalandı məğrur bayrağım.
Özünüz geriyə dönməsəniz də,
Geriyə qayıtdı öz Qarabağım.
Vətən öz qoynunda dəfn edib sizi,
Hamı yad eləyir xeyir-şərində.
Mələklər qaldırıb cənazənizi
Tanrı dərgahına çiyinlərində.
Can fəda etdiniz bu yurd uğrunda,
Siz şəhid adını daşıyırsınız.
İtkin düşsəniz də Vətən yolunda,
Bizim qəlbimizdə yaşayırsınız!
Şəhidim
Nur üzlü şəhidimiz Mirəli Mirfəttah
oğlu Təhməzovun əziz xatirəsinə
Tanrının ən sevimli bəndəsi, nurdu şəhidim,
Bizə başucalığı, daim qürurdu şəhidim.
Vətənin çağrışına əldə silah getdi həmən,
Düşmənin qarşısında dağ kimi durdu şəhidim.
Qəhrəman oğullartək öz dəmir yumruğunu
Yurdumu zəbt edənin başına vurdu şəhidim.
Şəhidlik zirvəsinə ucalsa da haqq yolunda,
Bizim üçün həmişə sağdı, məğrurdu şəhidim.
Ey Ədalət, şəhidə nə qədər yazsan da, azdı,
Qəlbimizdə əbədi abidə qurdu şəhidim.
“Ədəbiyyat və incəsənət”
(14.11.2024)