Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Haqsızlığa qarşı hər zaman qarşı çıxan və boynumuzun vurulacağını belə bilsək buna boyun əyməyən bir ölkə, millət olduğumuz hamının məlumudur. Bu gün sizlərə Azərbaycanın, türk dünyasının qəhrəman oğlu, haqlının yanında, haqsızın və haqsızlığın isə qarşısında olan və eyni zamanda haqqında film də çəkilən Koroğlu barədə danışmaq istəyirəm.
Rejissor Hüseyn Seyidzadənin ekranlaşdırdığı film müharibə janrında çəkilmişdir. Öz adı Rövşən olan qəhrəmanımıza atası Alı kişinin gözlərinin çıxarılmasından sonra hamı Koroğlu deyə müraciət etmişdir. Eynən Qaçaq Nəbi, Babək və saysaq belə bitməyəcək qəhrəmanlarımız kimi Koroğlu da haqsızlığa boyun əyməyib, xalqına, insanına zülm edənlərə qarşı mübarizəyə qalxmışdır. Bu gün də Koroğlu hər kəs tərəfindən hörmət və ehtiramla yad edilir. Koroğlu — Altay, Türkiyə, Türkmənistan, Azərbaycan türklərinin əfsanələrində iştirak edən xalq qəhrəmanıdır (təqribən XVI əsrin II yarısı). Türk xalqlarının bir çoxunun folklorunda Koroğlu obrazı mövcuddur.
Koroğlu adlı qəhrəmanın çücaətləri türk xalqlarının folklorlarının ortaq motivlərindən biridir.
Biz bu yazımızda daha çox filmin özündən deyil, ona süjet vermiş motivlərdən söz açacağıq.
Bir çox tarixçi və araşdırmaçılar "Koroğlu" eposunu məhz Azərbaycan mədəniyyətinə aid edirlər. Alman türkoloq Karl Rayxl yazır:
"Koroğlu" eposu çox güman ki, XVI əsrin sonlarında Azərbaycanda yaranıb, oradan şimala, şərqə və qərbə yayılıb. Kunos qeyd edir ki, Koroğlu hekayəsi Türkiyəyə Azərbaycandan yayılıb."
"Hətta müasir ucuz nəşrləri də azərbaycan əsilli insanlar yazırdı. Bunun göstəricisi də bir çox Azərbaycan xüsusiyyətlərini özündə saxlayan məşhur nəşrlərin dilidir. Şimali Azərbaycandan əfsanələr silsiləsi digər Zaqafqaziya xalqlarına, o cümlədən gürcü, kürd, ermənilər kimi qeyri-türk dillərində danışan xalqlara da sirayət etmişdir. Buradan dastan Krım tatarlarına, Tobolsk tatarlarına və karaimlərə keçdi."[1]
Bəzi türk xalqlarının əfsanə və rəvayətlərində onun anasının işıqdan hamilə qaldığı, diri-diri torpağa basdırıldığı söylənilir. Koroğlu da məzarda dünyaya gəlir və ölmüş anasının döşünü əmərək həyatda qalır. Müxtəlif ölkələrdə ayarlanaraq fərqli versiyaları izah edirlər. Korluq anlayışı yalnız görməməyə deyil, görülməmələri də ehtiva edər. Qəhrəmanlar qorunmaq üçün görünməz olurlar. Xıdır zaman-zaman kor olaraq bətimlənir çünki onun gözə ehtiyacı yoxdur. Korluq müdrikliyi işarəliyər. Müxtəlif bölgələrdə bəzən fərqli adlarla xatırlanan Koroğlunun atası Alı (İslamdan sonra Əli), korluq tanrısı həqiqi bir versiyasıdır. Kor sözü işıq demək olduğu kimi yer altı, dağ, torpaq kimi mənaları da vardır. Bütün bunlar bir yerdə baxdıqda Koroğlu adı üç fərqli mənanı ifadə edir.
1. Gözləri kor olan (gözə ehtiyacı olmayan) adamın oğlu.
2. Torpağın, dağın (məcazi məzarın, yəni, ölümün) oğlu.
3. Korun, yəni, atəşin (müqəddəs gücün) oğlu.
Bəzi mənbələrə görə, Koroğlu - Cəlalilər hərəkatının başçılarından biri idi. XVI əsrin ortaları – XVII əsrdə Türkiyə şəhərlərini, Azərbaycan və s. əraziləri kəndli hərəkatı bürümüşdü. Azərbaycandakı cəlali dəstələrindən birinə Koroğlu başçılıq edirdi. Rəvayətə görə Koroğlunun əsl adı Rövşən olmuşdur. Koroğlu və silahdaşları haqqında yazılı mənbələrdə məlumat çox azdır. Tədqiqatçıların bəziləri Koroğlunun Xorasanda, digərləri Anadoluda, əksəriyyəti isə Azərbaycan ərazisində fəaliyyət göstərdiyini qeyd edirlər.
Şifahi xalq ədəbiyyatında Koroğlunun adı ilə bağlı hadisələr əfsanəviləşərək öz əksini "Koroğlu dastanı"nda tapmışdır. Dastanla hadisə və şəxsiyyətlər silsiləsinin tarixilik xətti pozulmamış, Koroğlunun igid döyüşçü, gözəl qoşmalar müəllifi olan istedadlı şair və aşıq olması tarixi həqiqət kimi qorunub saxlanılmışdır.
Dastanda adları çəkilən şəxsiyyətlərin (Giziroğlu Mustafa bəy, Kosa Səfər, Cəfər paşa, Həsən paşa və s.) əksəriyyəti tarixi simalardır. Koroğlunun əsas istinadgahı Çənlibel qalası da tarixən mövcud olmuşdur (müxtəlif ərazilərdə "Çənlibel" adlı çoxlu qalalar mövcuddur). XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi kimi Çənlibelin adı çəkilir.
A.Təbrizlinin "Tarixlər kitabı" əsərində cəlali dəstələrindən 20-dən çox başçısının, o cümlədən Koroğlunun adı xüsusi qeyd edilir. Koroğlunun vuruşmalardakı mərdlik və şücaəti, kasıbların dostu, zülmkarların düşməni xalq qəhrəmanına çevirmişdir.
Azərbaycan Əlyazmalar İnstitutundakı əlyazmalarda aşıq-şair Koroğlunun çoxlu şeirləri qorunub saxlanır.
“Ədəbiyyat və incəsənət”
(08.04.2025)