Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bu hekayə sadəcə mənim deyil, hər birimizin öz gələcəyinə yazdığı bir məktubun hekayəsidir. Mən bu məktubu öz gələcək versiyama yazıram, amma eyni zamanda sən də bu yazılarda özünə dair bir şeylər tapacaqsan. Həyatın sirlərini, həyəcanlarını, ümidlərini və mübarizələrini birlikdə yaşayırıq. Mən istəyirəm ki, bu məktub sənin də həyatına bir işıq, bir bələdçi olsun.
Gözəl bir yaz səhəri idi. Günəş yavaş-yavaş üfüqdən boylanır, öz isti nəfəsi ilə həyatı oyadırdı. Təbiət yeni bir günə oyanırdı. Torpaq günəşin isti şüalarını sevgi iləqarşılayır, çiçəklər baş qaldırırdı. Yazın müjdəçisi olan boynubükük bənövşələr günəşin parlaq şüaları altında daha da rəngarəng görünür, xoş qoxusunu ətrafa yayırdı. Günəş yaratdığı bu mənzərə qarşısında qürur duyurdu.
Bu fəsil yeni arzuların, ümidlərin, başlanğıcların fəslidir. Qaranquşların yuvalarına yenidən dönüşü kimi, insanlarda yazın gəlişi ilə yenidən arzularına qayıdır.
Bu yaz səhəri mənə həyatın özünü xatırladır. Hər yeni gün, yeni başlanğıclar üçün bir fürsətdir. Mən də bu gün öz həyatımı yenidən vərəqləmək qərarına gəldim. Bəlkə 25 il sonra bu yaz səhərinin mənim üçün nə qədər dəyərli olduğunu xatırlamaq istərəm. Həyat bəzən xatirələri xatırlayanda daha dərin anlam daşıyır. Pis və ya yaxşı olmağından asılı olmayaraq, xatirələr bizi biz edən və bizi bizə qovuşduran parçalardır.
Bu düşüncələrlə mən də gec olmadan xatirələrimi yada salmaq üçün 25 il sonraki özümə məktub yazmağa qərar verdim. 25 il sonra bu məktubu oxuyanda nə hiss edəcəyimi bilmirəm, ancaq düşünürəm ki, ruhun indiki kimi həyəcanlı və ümid dolu olacaq, gələcəkdəki mən...
Yaz küləyinin gətirdiyi xoş təravəti içimə çəkdim və keçmişdən gələcəyə doğru bir yolçuluğa başladım. Bu yolçuluqda sənə keçmişi və indini xatırladıb, gələcəyin haqqında hiss etdiklərimi bölüşmək istəyirəm...
Salam, gələcəkdəki mən! Ümid varam ki, yaxşısan. Çünki sən hər zaman yaxşı olmağı bacaran biri idin. Hələ də özündə bu gücü hiss edirsənmi? Sənə bu məktubu keçmişdən göndərirəm. Gülməli səslənə bilər... Elədir ki var. Bu məktubu sənə 25 yaşımda, 25 il sonrakı mənə yazıram. Məktubu oxuyanda sən 50 yaşında olmalısan.
Əgər hələ də həyatdasansa... Yazmağı çox sevdiyimi bilirsən. Mövzusundan asılı olmayaraq, mənə toxunan, ilham verən hər şey qələmimin mürəkkəbiylə əbədiyyətə qovuşur. Və ağ vərəqlər də bu ana şahidlik edirlər.
Bir gün yenə yazmaq üçün əyləşəndə düşündüm ki, bu dəfəki hekayənin qəhrəmanı özüm olum. Mənə məndən yazım. Öz həyatıma toxunum. Həyəcanlandığımı hiss etdim. Axı, özüm özümə nə yaza bilərəm – deyə düşünməyə başladım. Mənim hekayəm, mənim həyatım... Bu kimə maraqlı olar, kimin işinə yarayar? Çox düşündüm və ən son qərara gəldim ki, mənim həyatım, mənim hekayəm elə ən çox mənə maraqlı olar. Və gələcəkdəki özümə bir məktub yazaraq, öz hekayəmi, 25 illik keçmişimi və davam edən yaş periodum haqqındakı təsəvvürlərimi sənə xatırlatmaq və bölüşmək istədim. Sən bunlardan xəbərdarsan, ancaq bəlkə də unutmusan, ya da xatırlamaq istəmədiyin xatirələrin var. Bəlkə də gözdən qaçırdığın şeylər də olub. Məsələn: baxıb da görmədiklərimiz. İndi mən sənə hamısını yenidən xatırladacam. Məktubu sona qədər oxu...
İndi sən zamanda yolçuluğa çıxırsan – gələcəkdən keçmişə doğru...
Həyatda elə anlar olur ki, insan dayanıb geriyə baxır. Məsələn: uşaqlıq illərinə. Uşaq olanda hər şey başqa cür görünürdü, elə deyilmi? Dünya daha rəngarəng, insanlar daha səmimi, həyat daha sadə idi. O zamanlar xoşbəxtlik sənə necə də yaxın idi. Bir konfet, rəngli şarlar, isti bir qucaq, xoş nəvaziş, səmanın qucağında yelləndiyini hiss etdirən yelləncək belə yetərdi ki, sən xoşbəxt olasan. Rəngarəng şəkərlərin xoşbəxt etdiyi uşaqlıq – nə zaman böyüyüb xoşbəxtliyi daha çətin bir şey kimi hiss etməyə başladın? Nə zaman bir konfet kifayət etmədi, nə zaman yelləncək səni sevindirmədi, xoş nəvaziş qəlbini titrətmədi? Sadəcə böyümək bizə bu dəyərləri unutdurdu? Bəlkə də böyümək xoşbəxtliyi böyük nailiyyətlərdə axtararkən onu sadəlikdə tapmaqdır.
Böyümək keçmişi unutmaq deyil, əksinə keçmişdən güc almaqdır. Sən hələ də içindəki uşağı xatırlayırsanmı? Böyümüş olsan da, bir konfet səni sevindirə bilərmi?
Yoxsa sən hələ də xoşbəxtliyi daha uzaqlarda axtarırsan?
İndi gözlərimi yumuram və uşaqlığıma qayıdıram. Həmin günlər, yaşadığım anlar, o hisslər təkrarsız bir film kimi gözümün önündən keçir. O filmin baş qəhrəmanı mənəm – dünyaya maraqla baxan, şıltaqlığı ilə hər anın dadını çıxarmağı bacaran balaca bir uşaq. Durmadan qaçıram. Bir səbəb axtarmadan. Sadəcə ruhum qaçmaq istəyir və bu məni xoşbəxt edir. İstədiyim qədər oyun oynayıram. Günəşin isti şüalarından zövq alıram.
Bəzən otların arasında gizlənib səmanın sonsuz gözəlliklərini seyr edərək saatlarla xəyallara dalardım. Məni axtarsalar belə tapa bilmirdilər. Mən hələ uşaq ikən səssizliyə çəkilməyi çox sevərdim. Bu zaman mən özümü tapırdım. Heç bir qayğı duymadan sadəcə öz hisslərimlə hərəkət edirdim. Bəzən də etdiyim yanlışlara görə ən çox cəza alan uşaq olmuşam. Ancaq bu mənim etmək istədiklərimə əngəl olmayıb. İnad olsun deyə yenidən eyni şeyi edirdim. Sanki içimdən bir səs “Sən azadsan, niyə dayanırsan?” deyirdi. Mən də o səsə qulaq asırdım, çünki azad olduğumu hiss etmək mənə hər şeydən önəmli idi.
Yadındadır işıqlar sönəndə hamımız anamın başına yığışardıq. O bizə nağıllar danışardı, biz də bu nağıllara qulaq asıb, özümüzü tapmağa, bir nağıl qəhrəmanı olmağa çalışardıq. Şamın zəif işığında tavanda əllərimizlə heyvanları canlandırardıq. Və biz işıqların yanmasına heç istəməzdik. Çünki xoşbəxt idik. Uşaqlıq qayğısız yaşamağın yeganə dövrüdür. Bəlkə də bunu hiss etdiyim üçün mən hər şeyə inad edərək sadəcə xoşbəxt olmağa çalışırdım. Çünki bu yaşlarda hər şey xoş idi və hər şey mümkünsüz görünmürdü.
İndi uşaqlığıma qayıdanda düşünürəm ki, sən yenə də həmin balaca qızsan. İçindəki şıltaq, azad ruhlu qız hələ də oradadır. Dəyişən sadəcə böyüməyin və azadlığının qayğılar altında gizlənməsidir. Bəs indi o uşağı hələ də xatırlayırsanmı?
Böyüdükcə o qızın səsinə daha az qulaq asmağa başladın. Bəzən isə heç eşitmədin.
Həyatın sənə yüklədiyi qayğılar, yaşadığın çətin anlar səni başqa insana dönüşdürdü. Olmaq istəmədiyin birinə çevrildin.
Həyat sənə qaydalara riayət etməyi tələb edirdi. Bu qaydaları kimin yazdığını, formalaşdırdığını bilmirdim, ancaq sən istəsən də, istəməsən də bu qaydaların təsirinə məruz qalırdın. Və mən ruhumun azad yox, məhkum olduğunu hiss edirdim. Bu isə məndə yad bir xarakter formalaşdırırdı. İndi etdiyim səhvlərimin cəzası bir neçə saatlıq qadağalar deyil, indi hər addımımın nəticəsi var. Bu da məni hər an seçimlərimi düşünməyə vadar edir. Mən böyüdüm, təhsil aldım, evləndim, övlad sahibi oldum.
İndi bu məktubu bir ana olaraq yazıram. Mən ki dünən uşaq idim, nə zaman ömrümün bu çağına gəldim? Sanki bir yuxudur, bəzən bitməsini istəmirəm, bəzən isə bu yuxudan oyanmaq istəyirəm.
25 il əvvəl, sən gənc, hədəfləri olan, məqsədlərinə çatmaq üçün çalışan biri idin. Hər şeyə tez çatmaq üçün tələsirdin. Sanki hər şeyə gec qalırdın. Yaşıdların uğur qazanaraq öz həyatlarını qurarkən sən hələ də tələsə-tələsə öz hədəflərinə çatmaq üçün çalışırdın. Ancaq uğur qazana bilmirdin. Hər dəfəsində fərqli gerçəklərlə qarşılaşırdın. Və bu, sənin enerjinin tükənməsinə səbəb olurdu. Bəzən düşünürdün: “O qədər çalışıram, niyə hər şey istədiyim kimi olmur?”
Zaman keçdikcə fikirləşdim ki, bəlkə də bunları yaşamaq bir ehtiyac imiş məni daha güclü etmək üçün. Hərdən ətrafdakı insanlara göz gəzdirirdim. Həyatın axarına uyub, onu olduğu kimi qəbul edənlər də vardı, durmadan çalışıb bir şeylər əldə etmək istəyənlər də. Bəzən mən də elə olmaq istəyirdim həyatı ciddiyə almadan yaşamaq, heç bir şey etmədən, üzərimə məsuliyyət yükləmədən yaşamaq. Ancaq bu mənə yad bir xüsusiyyət idi. Hər nə qədər uğursuzluğa düçar olsam da mən durmağı bacarmıram. Ümidsizliyə qapılıb isyan etsəm də mən mübarizə aparıram, başqa yollar axtarıram. Bir qapı bağlandısa, yeni qapını açmaq üçün çalışıram.
Anladım ki, Mənim həyat fəlsəfəmdə durmaq yoxdur. Həyat bir yoldursa, mən bu yolun yolçusuyam. Mən bilirəm ki, dayansam, artıq mən olmayacağam. Çünki mənim ruhum mübarizə aparmaq üçün yaradılıb.
Bəs indi sən hara gedirsən? Hələ də bir yolçusan, yoxsa sən artıq ünvanına çatmısan?
Görəsən, olmaq istədiyim məni yarada bilmisən? Bu məktubu oxuyanda 25 il əvvəlki sənə nə demək istərdin? Sən, olmaq istədiyin məni yarada bildin, deyərdinmi? İndi sən bu sualın cavabını bilirsən, ancaq mən bundan xəbərsiz yoluma davam edirəm.
Bəzən tələsirəm, bəzən də səbirli olmağa çalışıram. 25 yaşımda həm güclüyəm, həm də zəifəm. Həm ümidliyəm, həm də bəzən suallarla doluyam. Bəlkə də 25 yaşın gözəl tərəfi hələ bütün qapıların açıq olmasıdır. Və mən hələ də xəyal qura bilirəm, arzularıma çata bilirəm.
Bu yolun çətinliklərinə baxmayaraq, bu yolçuluqdan vaz keçmək fikrim yoxdur. Çünki bu hekayənin qəhrəmanı mənəm və qəhrəmanlar özlərindən sonra mütləq ki, bir iz buraxırlar. Mən də bir iz buraxmaq üçün bu yoldayam. Qəhrəmanlar heç zaman yarımçıq qalmırlar, onlar hər zaman sona qədər mübarizə aparırlar. Mən də mübarizə apararaq bu hekayəni yazmağa davam edirəm.
25 il sonrakı mənə suallarım çoxdur. Əziz 50 yaşımdakı mən, “Hədəflərinə çata bildinmi?,” “Hələ də mübarizə aparırsanmı?,” “İçindəki o uşağı, gənclik həvəsini qoruyub saxlaya bildinmi?,” “Hələ də yazırsanmı, insanların qəlblərinə toxuna bildinmi?”
Bu sualların cavabını almaq üçün 25 il gözləməliyəm, ancaq sən artıq cavabını bilirsən.
Sənə son olaraq hiss etdiklərimi yazmaq istəyirəm. Bilirəm, həyat dəyişir, sən də dəyişəcəksən, ancaq içindəki o azad ruhu, tərsliyini, inadkarlığını, mübarizə əzmini itirmə, yaxşımı? Və bil ki, bu məktubu sənə inamla, sevgi ilə yazıram. Ümid edirəm, sən də eyni inamla yoluna davam edirsən...
Sevgilərlə, 25 yaşındakı sən!
“Ədəbiyyat və incəsənət”
(09.04.2025)