İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Haqqında söhbət açacağım və bu günə 120 illik yubileyi təsadüf edən Cəfər Rəmzi 1905-ci il aprelin 9-da Bakının Mərdəkan kəndində, əkinçi ailəsində doğulmuşdur. Burada dördsinifli məktəbdə ibtidai təhsil almış, sonra məcburən bir müddət əkinçiliklə məşğul olmuşdur. Amma fikri-zikri təhsildə, kitabların yanında olmuşdur.
Sovet hakimiyyəti qurulduqdan sonra Mərdəkan gənclər özəyinin kitabxanasında işləmişdir. Bakı Darülmüəllimində (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) təhsilini davam etdirmişdir. APİ-nin dil və ədəbiyyat fakültəsini bitirmişdir. Bundan sonra uzun illər Bakı, Quba və Qazax orta məktəblərində müəllimlik etmişdir.
APİ-nin Tarix fakültəsində qiyabi təhsil almış, Azərbaycan EA Şərqşünaslıq İnstitunun İran filologiyası şöbəsində işləmişdir. 1968-ci ildə "Yəğma Cəndaqinin poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Bədii yaradıcılığa 15 yaşından başlamış, şeirlərini "Sufi" təxəllüsü ilə yazıb-yaratmışdır. Bundan sonra öz şeir, elmi əsər və tərcümələrini "Cəfər Rəmzi" təxəllüsü ilə dövri mətbuatda çap etdirmişdir. "Deyilən söz yadigardır" üç cildlik kitabın toplayanı və tərtibçisidir. Klassik Şərq ədəbiyyatından seçmə nümunələri fars və ərəb dilindən çevirib çapa vermişdir. XIX–XX əsrlər poeziyasında satira problemi ilə məşğul olmuşdur.
Kitabları:
- Şeirlər.
- Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb, fars sözləri lüğəti.
- Yəğma Cəndaqinin poeziyası.
- Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lüğəti.
- Günləri sayıram.
- Ürəkdən gələn səslər.
- Deyilən söz yadigardır (üç cilddə).
Tərcümələri
(fars və ərəbcədən)
- Xarici yumor
- Behiştin narları
- Gəlin birlikdə gülək
- Dünya xalqlarının yumoru
Ustad yazar 1996-cı il sentyabrın 11-də Bakıda vəfat etmişdir. Mərdəkan qəbiristanlığında dəfn olunmuşdur.
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(09.04.2025)