Bura zibil atanın… - REPLİKA Featured

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

İndi yazacağım fikir çox qəribə görünsə də, bu, həqiqətən də məndə belədir. Zibilləri zibil qabına atanda çox böyük mənəvi rahatlıq hissi keçirirəm. Sanki üzərimdən ağır bir yük qalxır və dünyanın ən çətin işini görmüşəm.

 

Bayramla əlaqədar ətrafda çox gözəl tədbirlər və konsertlər təşkil edilmişdi. Gəzərkən qarşıdan bir ailənin gəldiyini gördüm. Balaca uşağın əlində yediyi şirniyyatın kağızı qalmışdı və o, elə indicə hazırlaşırdı ki, onu yerə atsın. Bunu görən ana cəld dilləndi:

– Atma yerə! Qabaqda yəqin ki, zibil qabı olacaq, atarsan ora. Həm sən onu yerə atsan, cahildən nə fərqin olacaq?!

Söz kəsərli söz idi. Doğrusu, valideynin belə bir reaksiya verməsi çox sevindirici hal idi. Ətraf mühitə qarşı bu cür emosional yanaşma yüksək təqdirə layiqdir. Düşünsək ki, belə xırda məsələlərə görə narahat olmağa dəyməz, hərçənd ki, “dama-dama göl olar” məsəli də yaddan çıxmamalıdır.

Hər kəs öz ictimai məsuliyyətini dərk etsə, bu cür hallar artıq problem olmaz. Ancaq təəssüf ki, hər kəs eyni səviyyədə düşünmür və biz tez-tez rast gəlirik ki, maşınla gedənlər pəncərədən çölə zibil atır, istifadə olunmuş siqaret kötükləri yerləri “bəzəyir”, parklarda isə tum qabıqları səpələnir. Xarici ölkələrdə küçə divarlarında gözəl rəsm mədəniyyəti formalaşdığı halda, bizdə zibil atanlara qarşı hiddətlənmiş ifadələr divarlara yazılır.

Yadımdadır, tələbəlik illərində beynəlxalq səviyyəli bir tədbir təşkil edilmişdi. Tədbirə dəvət olunan beynəlxalq nümayəndələr və xarici qonaqlar şəhərlə bağlı fikirlərini bildirərkən, şəhəri bəyənmələri ilə yanaşı, xüsusilə onun təmizliyini vurğulayırdılar.

Son zamanlar isə vəziyyət pisliyə doğru dəyişməkdədir, ətraf mühitin mühafizəsi məqsədilə müxtəlif inzibati cəzalar tətbiq edilsə də, yenə də ağac diblərində siqaret kötükləri, tum qabıqları və digər tullantılar gözə dəyir.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.