Təkcə sən gəlib çıxmadın... – PROFESSOR BABƏK QURBANOVUN XATİRƏSİNƏ Featured

  “Ədəbiyyat və incəsənət” portalının poçtuna bu yazı Türkiyədən ünvanlanıb. Sənətşünaslıq Elmləri Doktoru, Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru, Türk Xalq Musiqisinə Xidmət mükafatcısı İlqar Cəmiloğlu İmamverdiyevdən. Yazı bu gün anım günü qeyd edilən unudulmaz professor Babək Qurbanov barədə bir xatirə yazısıdır - Xalq yazıçısı Osman Sarıvəllinin mərhum yadigarı Babək Qurbanov barədə.

 

  

Təkcə sən gəlib çıxmadın...” Bu misra bir anlıq xəyalən məni 1964-cü ilə, 7 yaşımda olduğum dönəmə götürdü. 3 yaşında bacım Aludə bu mahnını körpə səsi ilə oxuduğu əziz illər xəyalıma gəldi. Atam, anam, 2 qardaşlarım da sağ-salamat idilər arxamda dağ kimi. Cəmil Əkbərlə Firuzə ananın bərəkətli ocağında deyib-gülüb şənlənər, uşaqlıq həyatını yaşayardıq. Bəxtəvərli günlər idi o illər.

 

İlk bahar gələrdi, Novuruz Novruzgülünün mübarək qədəmləri ilə Gəncə torpağında bin-bərəkətli gəlişi ilə bizləri müjdələyərdi. Gələcəyə inamla baxardıq. Elə bilirdik ki, belə olacaq hər zaman. İllər gəldi üstümüzdən xəzan yeli əsməyə başladı nə başladı. İmamverdi ilə Paşa babamı, nənələrim Həcəri, Dilbəri, əmilərim İbrahimi, Həşimi nəhayət sıra gəldi, Cəmil Əkbəri, anam Firuzəni, qardaşım Müzadili, Zakiri, 3 yaşında qızım Şəhlanı, bacımın yoldaşı Azəri Hacıoğlunu, Ənvər Qəmbərovu, Fuad Qələndəroğlunu, 28 mart 2019-cu ildə isə qardaş qədər əziz olan, səmimi insan, böyüyüm, ağsaqqalım, yolgöstərənim professor Babək Osmanoğlu Qurbanovu da qeyb etdik. Çəkilib getdilər hamısı bir-bir. Baxdım ki, tək qaldım, yetim qaldım, tifil qaldım, ətrafım bomboş-qaldı. Arxalı dağlar idim. İndi arxasız, ümidsiz, imdadsız, sayəsiz, kimsəsiz qaldım bu fani dünyada. Səd heyif. Ötən-ötdü bir də gəlməz o əlçatmaz, ünyetməz günlər, o munis illər, bakirə mübarək saf anlar:

 

Köçüm köç edibdir, qalanım yoxdur,

Şənlik məclisimdə çalanım yoxdur,

Həqiqət deyirəm, yalanım yoxdur,

Arxasız qalmışam, arxalı dağlar.

 

Hər bahar gələndə qəm içindəyəm,

Könlüm nalə çəkər, nəm içindəyəm.

Arzum başa çatmır, kəm içindəyəm,

Arxasız qalmışam, arxalı dağlar.

 

Gedənlər getdilər, qalana yazıq,

Dərd-hicran sazıyla çalana yazıq,

Xəyala qapılıb, dalana yazıq,

Arxasız qalmışam, arxalı dağlar.

 

Bir kimsə halımı sormaq istəməz,

Başımdan qəm qalxar, boran tüstümüz,

Əyildi şah-vüqar, sındı şəstimiz,

Arxasız qalmışam, arxalı dağlar.

 

Gözlərim yol çəkir neçə illərdir,

Atam, anam, qardaş, qızım güllərdir,

Ruhumda qara qan axar, sellərdir,

Arxasız qalmışam, arxalı dağlar.

 

Bahar fəsli Novruz gələr, xoş gələr,

Bülbül-gülə  cilvəsiylə müjdələr,

Qəlbimdə məzartək açar lalələr,

Arxasız qalmışam, arxalı dağlar.

 

Pənahıma yetiş, ey Pərvədigar?

Övladın dərd çəkər, ismidir İlqar!

Kömək ol sən ona, cənabi-Haqq, yar,

Arxasız qalmışam, arxalı dağlar.

Ümidsiz, çarəsiz, yırğalı dağlar.

 

Bəli, əziz oxucum mart ayı gələndə sevinərlər, gülərlər. Mən də qəmlə “fərəhlənib”, kədərlə “sevinməyə” alışmışam neçə illərdir. Bahar gələr, Novruz müjdələr 21 martda. Mən isə 2 martda əmimoğlu Məhərəm Əkbərovu, 12 martla atam Cəmil Əkbəri, 18 martda qardaşım Zakiri, 28 martda isə Babək Osmanoğlunu, el-obamızın fəxri oğlu, gözəl ziyalı-filosof, musiqişünas alimimizi rəhmətlə müjdələrəm. Mənim də mart ayına “gözaydınlığım” bu itirdiyim dəyərlər olar nəyazıq ki.

18 il bir qurumda qabaq-qənşər çalışdıq, tövsiyələrini verdi, yol göstərdi elmlər doktoru olmağıma. Akademik Rasim Əfəndiyə bir rəyi çatdırmaq üçün məndən rica etdi. Dediyini canla-başla yerinə yetirdim. Beləcə bu xeyir-dua tanışlığı məni doktorluq dissertasiyamın başlaması üçün vəsilə olmuşdu. Çünki Babək Qurbanovun xeyir duası ilə bu xoş, təmənnasız ülvi məram gerçəkləşmiş oldu. 3 il ərzində rəylərini verdi, elmi kitablarıma ön söz yazaraq sayını 35 çıxartdı. Aşıqşünaslığa, ifaçılıq məsələlərinə, tar sənətinə, rəqs, muğam dəramədlərinə, rənglərinə, klassik saz havalarına dair neçə neçə elmi dəyəri aktual olan samballı əsərlərini mənim yaradıcılığıma təmənnasız, səxavətlə ərmağan etdi.

 

Gözü-könlü tox bir insan idi Babək Osmanoğlu. Çünki əsilzadə övlad idi Azərbaycanımız üçün. Onu tanıyanlar pərvanə olub Babək adlı şəmin başına dolanardılar. Tövsiyələr alardılar, məsləhətləri ilə hərəkət edib uğurlara nail olardılar. Hər bir elm adamına mənəvi borcu olduğunu düşünərdi. Bu amalla yaşayardı Babək müəllim. Elmi əsərləri gah sovetlər hətta xarici ölkələrdə yayınlanardı. Xalqımız müstəqillik əldə edəndən sonra Türkiyə ellərində bütün yaradıcılığı ilə 700 məqalə yayınlanmasına nail oldu bu bəxtəvər insan. 53 elmi kitabının yayınlanması isə ömrünün son akordu oldu, finalı oldu, sonuncu oldu. Haqqın rəhmətinə gedən bir ilin tamamında Azərbaycan Bəstəkarlar İttifaqı xatirəsinə həsr olunmuş elmi konfrans da keçirilməsinə qərar verdilər. Çünki Babək müəllim 48 yaşında ilkən Postsovet məkanında SSRİ Bəstəkarlar İttifaqının, bir müddətdən sonra isə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olmağa layiq görülmüşdü. Fəqət uzun illər musiqi-elmi ictimaiyyəti bilmirdilər ki, Babək müəllim tələbəlik illərində güclü bəstəkarlıq təhsili almışdı keçən əsrin 60-cı illərində tələbə ikən.

Bəstəkarlıq fənnindən ustadı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət konservatoriyasının rektoru SSRİ xalq artisti Cövdət Hacıyev idi. Bununla belə palifoniya elmini dərindən öyrənməsinə yardım edən Zakir Bağırov da Babək Osmanoğlunun fitri istedadına heyran qalmışdı. Çünki mükəmməl musiqi hafizəsinə malik idi. Azərbaycanda “absolyut slux” deyirdilər Babək müəllim haqda. Tələbəlik dönəminin saralmış kağızlarda notlarda qeyd olunan yaradıcılığının silinməsini önləmək üçün qərara gəldimki əlyazmalarını “Final” proqramında səliqəli yazım nəşr etdirəm. Bu işimi gerçəkləşdirməyə inanmırdı Babək müəllim. Fəqət israrım qarşısında çarəsizcə razı oldu. Və bu minvalla “Bəstələr məcmuəsi”, “Əsərlər məcmuəsi”, ömrünün son aylarında isə Professor Əfqan Zəki Salehin xeyir duası ilə ikimizin ortaq işbirliyində “İ.S.Baxın xatirəsinə 5 fuqa” adlı əsərinin yayınlanmasına son kəs şahid ola bildi Babək müəllimim.

Sağlığında özünə heç inamı, güvəni yox idi. Gecə-gündüz təbliğatım və ümidverməm  sayəsində əsərlərini fərqli konsert səhnələrində Prof.Gülər Dəmirova, Tamilla Qasımova və Prof. Əfqan Zəki Salehin, ən nəhayət özünün müşayiəti ilə səsləndirə bilməyimiz, Babək müəllimi canı-könüldən sevindirmişdi. 18 yaş kiçik olsam da bu fəaliyyətim sayəsində də mənə həm “Üzeyir”, həm də  “dayı” deyə müraciət edərdi.

Mənim üçün bu fəxri adlar “Nobel” mükafatı dəyərində idi möhtərəm oxucularım. Dərdikəndə, özünəbab tərəfmüqabil, həmsöhbət tapa bilməyəndə isə şeirlər yazıb poetk mistralarla nigarançılığını izhar edirdi internet vasitəsilə. Keçən il 85 illik münasibəti ilə “Babək Qurbanov -85” adlı kitabı yubiley münasibəti ilə gecə-gündüz demədən üzərində çalışdığım zaman Professor Rövşən Xasayoğlu Babək Qurbanovla hər ikisi arasında olan gizli söhbəti nəhayət mənə də anladıb məramını açıqladı. “Babək müəllim deyirdi ki, İlqar müəllim tez-tez kitablar yazır fəqət texiniki-alfabetik səhvləri də çoxdur”. Bu məramı duyduğum zaman çalışma sürətimi azaldıb “Presto”dan “Larqo”ya keçdim. Bu tövsiyəni; son xahişini yerinə gətirməyə çalışdım. Nəhayət  nəzərimdən qaçan bir çox səhvlərimi Əli İmamverdinin dəqiq müşahidələri əsasında düzəldərək 6 ay zamanımı alan 691-səhifəlik kitabı “İksad Yayınevi”nin xeyir duası ilə işıq üzü görməsi ilə bir vəfa borcumu yerinə gətirə bildim şükürlər olsun ki.

 

Azərbaycanımızın fəxri-iftixarı Osman Sarıvəli ocağının alim övladı, professor Babək Qurbanovun 28 mart 2025 ilində aramızdan ayrılalı 6 il tamam olur, möhtərəm oxucularım. Bütün külliyatı ilə yaxından tanış olan bir şəxs kimi əlaqədar təşkilatlara üz tutub, deyirəm. Sağlığında ikən Azərbaycanımıza-Qazax elinə göndərə bildiyim 50 bağlama kitablarını, yayınlanmış, yayınlanmamış elmi məqalələrini, gənc alimlərimizə rəva bildiyi çox sayda elmi rəylərini ortaya çıxara bilmək üçün, gələcək nəsillərin faydalanması xatirinə 2-ci Şıxlı kəndində “Sarıvəllilər muzeyi”nin açılması üçün əlaqədar qurumların xeyir-duasını vermələrini təmənna edirəm. Çünki, Qazax elindən Səməd Vurğun kimi xalq şairimizin könül-əqidə dostu olan Azərbaycanın Xalq Şairi Osman Sarıvəlli, Lomonosov Universitetində uzun illər fizika-fəlsəfə professoru olaraq çalışmış Rafiq Qurbanov və estetika üzrə fəlsəfə elmləri doktoru, SSRİ və Azərbaycan SSRİ bəstəkarlar ittifaqının üzvü olmuş Babək Osmanoğlu - 3 böyük ziyalı alimlərimizin Azərbaycanımız üçün geniş şaxəli yaradıcılığı və örnək fəaliyyətləri ilə Türkiyə cümhuriyyətləri də daxil olmaqla Türk Dünyası üçün zəngin bir ərmağandır.  Ümidvaramkı bu arzum  ən yaxın zamanda yerinə gətiriləcək.

 Bu mübarək Ramazan bayramı ilə Novruz bayramının qovuşduğu 2025-ci ilin mart ayında, bir zamanlar bacım Aludənin oxuduğu; sözləri Ənvər Əlibəliyə, bəstəsi  Cahangir Cahangirova aid olan kövrək şeiri, nisgilli-qəmli ruhuma səpərək  deyirəm: “Novruz gəldi sən gəlmədin”, “Bahar gəldi sən gəlmədin”. “Ramazan da gəldi gedər”. “Harda qalmısan?”

 

Sevə sevə gəzdim bu elləri

Telə telə düzdüm mən gülləri. 

 

Baxa baxa yollara, Axtarıram səni mən.

Şirin sözüm gəlmədin, İki gözüm gəlmədin.

 

Könül verib sevdiyim

Harda qaldın gəlmədin?

 

İlk bahar gəldi, Durnalar gəldi

Təkcə sən gəlib çıxmadın,

Harda qalmısan?.

                                                                 

Şəkildə: Əli İmamverdi, Babək Qurbanov və İlqar İmamverdiyev. “Evrənsəl” incəsənət mərkəzinin Babək Qurbanov üçün düzənlədiyi  mərasimdən xatirə, Qaziantep, “Onat Kutlar Kültür səhnəsi” 25.12 – 2017

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.