“Yuxu mənim gəncliyim imiş” – ƏDƏBİ ETÜD Featured

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

İmran müəllimin dərsi idi. Tələbələr bu dərsə xüsusilə hazırlaşardılar. Hələ ilk gündən özünü gənclərə sevdirməyi bacarmışdı. Onun dərsləri sadəcə nəzəriyyədən ibarət deyildi. Düşündürürdü, suallar yaradırdı. Və tələbələr dərsin necə bitdiyini duymazdılar.

 

Yenicə dərsə başlamışdı ki, birdən qapı açıldı. Dekan içəri daxil oldu. Tələbələrlə salamlaşdıqdan sonra onlara müraciətlə dedi:

- Bu gün dərsə başlamazdan əvvəl sizinlə kiçik bir ekspress sorğu keçirmək istəyirəm. Bildiyiniz kimi, bu gün Ümumdünya yuxu gümüdür. Sizcə, yuxu nədir? Zəhmət olmasa, hər kəs qısa şəkildə öz fikrini bildirsin.

Sinifdə bir anlıq səssizlik oldu. Sonra tələbələrdən biri dedi:

- Yuxu ruhumuzun bizi tərk edib başqa aləmə səyahət etməsidir.

Başqa bir tələbə fikri davam etdirdi:

- Məncə, yuxu bir filmdir. O, bizə həm istədiyimiz, həm də istəmədiyimiz rolları oynadır. Bəzən baş qəhrəmanı oluruq, bəzən də özümüzü tapa bilmirik...

Digər bir tələbə isə belə dedi:

- Bəlkə də yaşadığımız həyatın özü yuxudan ibarətdir.

Növbə ilə hər kəs öz fikrini müxtəlif şəkildə bildirdi. Sonda isə mən danışdım:

- Yuxu bəzən olmasını istədiyimiz, bəzən də olmasını istəmədiyimiz şeyləri bizə göstərir. Yuxu, sanki ruhumuzun gecə yatarkən yazdığı hekayədir. Bu hekayə bəzən bir nağıl kimi xoşbəxt hiss etdirər, bəzən də bir kabus kimi qorxu və narahatlıq gətirər. O, bizə həm keçmişin izlərini xatırladar, həm də gələcəkdən xəbər gətirər.

Dekan bizim fikirlərimizə diqqətlə qulaq asdı. Gülümsəyərək dedi:

- Hər biriniz maraqlı fikirlər səsləndirdiniz. Hər kəsin öz şəxsi təcrübəsinə görə fikir səsləndirə bilməsi məni çox sevindirdi. Təşəkkür edirəm.

Qeyd dəftərçəsini götürüb sinifi tərk etdi. Biz isə hələ də sualın sehrindən çıxa bilmirdik. Həmin an nəzərlərim yenidən dərsə başlamağa hazırlaşan İmran müəllimə sataşdı. Ağlımdan keçən ilk sualı vermək istədim:

- Bəs sizcə, müəllim, yuxu nədir? Hansı mənanı daşıyır?

Sinifdə hər kəs çevrilib mənə baxdı. İmran müəllim də üzünü mən tərəfə çevirib təəccüblə gözlərini üzümə zillədi. Bir anlıq sükut oldu. İndi hər kəs İmran müəllimə baxaraq nə cavab verəcəyini gözləyirdi.

İmran müəllim bir qədər səssiz qaldıqdan sonra gülümsəyərək dedi:

- Yuxu mənim gəncliyim imiş...

Hamı çaşqınlıqla bir-birinə baxdı. Kimsə belə bir cavab gözləmirdi. Bu cümlənin arxasında dərin mənalar gizlənirdi. Ancaq biz bunu anlaya bilmirdik. Bu sözlərin yükü onun dərin baxışlarında, illərin iz saldığı alnının qırışlarında gizlənmişdi. Heç kim bir söz deməyə cəsarət etmədi. İmran müəllim səssizliyin uzun müddət davam edəcəyini düşünərək xəfif bir gülümsəmə ilə dərsə davam etdi.

Məni isə dərs boyu yalnız bir sual düşündürürdü: “Görəsən, bizim gəncliyimiz də bir gün yuxuya çevriləcəkmi?!

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2025)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.