Super User

Super User

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Həmişə qapısı qonaqlar üçün açıq olan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşkilatın sədri, polkovnik Cəlil Xəlilovla müsahibə üçün yollanmışdıq. Və deyim ki, çox maraqlı bir müsahibəmiz alındı.

 

-Сəlil müəllim, qədəm qoyduğumuz 2026-cı ilin artıq ilk ayı geridə qaldı. Gəlin biz 2025-ci ilə yekun vuraq. 2025-ci il ölkəmiz üçün hansı hadisələrlə əlamədar oldu?

 

- Bildiyiniz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 28 dekabr  2024-cü il tarixli sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilmişdir. Bu il, 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və Vətən müharibəsində tarixi Zəfərin 5-ci, dövlətimizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyinin tam bərpa edilməsinin 2-ci ildönümü təntənəli qeyd olundu.

2025-ci ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ-ın iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsimətninin paraflanması da bu ilin ən mühüm hadisələrindən biri oldu.

İşğaldan azad edilmiş ərazilərdə abadlıq-quruculuq işləri bu il də tam vüsətlə davam etdirildi, onlarla müəssisənin, yaşayış binasının, yol və körpünün açılışı reallaşdı.

Amnistiya aktı ilə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunan veteranlar istisna olmaqla, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər cəzalarından tam azad edildilər. Elan edilmiş bu amnistiya tərəfimizdən Prezident İlham Əliyevin bütün vətəndaşlara, eləcə də qazilərə olan humanist münasibəti, onlara verdiyi yüksək dəyər kimi xarakterizə edilir və bu hər şeydən öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin humanizminin göstəricisidir. Bu amnistiya bir daha sübut etdi ki, Azərbaycan dövləti öz vətəndaşlarına qarşı son dərəcədə humanistdir və onların rahatlığı, sevinc və xoşbəxtliyi üçün hər bir imkandan istifadə edir.

Bir sözlə, 2025-ci ildə dövlətimizin və xalqımızın maraqları baxımından kifayət qədər uğurlu oldu.

 

-2025-ci ili rəhbəri olduğunuz Təşkilatın fəaliyyəti baxımından nə dərəcədə uğurlu hesab edirsiniz?

 

-2025-ci il Təşkilatımız üçün də uğurlu il olmuşdur. Hesabat ilində Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikası Konstitusiyasını,  beynəlxalq aktları, “Veteranlar haqqında”, “Qeyri-hökumət təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunlarını, qüvvədə olan digər normativ hüquqi aktları və Təşkilatın Nizamnaməsini rəhbər tutaraq müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlarla birgə veteran hərəkatının genişlənməsində, şəhid ailələrinin, Təşkilatımızda təmsil olunan veteranların həyat və məişəti üçün lazımi şəraitin yaradılmasında və onların ölkənin ictimai həyatında fəallığının artırılması istiqamətində işlərini uğurla davam etdirmişdir.

Hesabat ilində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar vaxtilə sovet dövründə və müstəqilliyin bərpasından sonra onunla birgə, bilavasitə rəhbərliyi altında işləmiş rəhbər işçilərin, Birliyin əməkdaşlarının, şəhər (rayon) veteranlar təşkilatı sədrlərinin və müxtəlif kateqoriyadan olan üzvlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilmiş, Fəxri Xiyaban ziyarət edilərək Ulu öndərin xatirəsi ehtiramla yad edilmişdir.

Hər il olduğu kimi cari ilin ötən dövrü ərzində də Təşkilatın inzibati binasında veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə  20 Yanvar - Ümumxalq Hüzn günü, Xocalı soyqırımının ildönümü, 31 Mart - Azərbaycanlıların soyqırımı günü, 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü, 27 sentyabr Anım Günü, 8 Noyabr - Azərbaycan Respublikasında Zəfər Günü və digər dövlət bayramlarına həsr olunmuş tədbirlər keçirilmiş, həmçinin dövlət səviyyəsində keçirilən tədbirlərdə Respublika Veteranlar Təşkilatının nümayəndələri fəal iştirak etmişlər.

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Təşkilatımız tərəfindən xüsusi Tədbirlər Planı hazırlanmış, İctimai Birliyin Rəyasət Heyətinin 2025-ci il 11 mart tarixli iclasında təsdiq edilmişdir. Həmin plan üzrə respublikanın şəhər və rayonlarında Təşkilatımız tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində  bir sıra tədbirlər təşkil edilmişdir. Belə ki, mart ayının 18-də Təşkilatın inzibati binasında “Konstitusiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” mövzusunda, aprel ayının 23-də Şəki şəhərində Təşkilatımızın və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfərdən zəfərə gedən yol”, aprel ayının 24-də Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Təşkilatımızın və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Zəfərdən zəfərə gedən yol”, may ayının 19-da Naxçıvan şəhərində Təşkilatımızın və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, iyun ayının 19-da isə Laçın rayonunda Təşkilatımızın və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzularında konfranslar keçirilmişdir. Naxçıvan səfəri zamanı Muxtar Respublikanın rəhbərliyi ilə görüş keçirilmiş, konfransın mövzusunun mahiyyəti və əhəmiyyəti barədə fikir mübadiləsi aparılmışdır.

 

-Təşkilatınıza yeni üzvlərin qəbulu ilə bağlı vəziyyət necədir?

 

-Ötən dövrdə Təşkilata müraciət etmiş 76 nəfər - Qarabağ müharibəsi veteranı,  40 nəfər - Əmək veteranı, 26 nəfər - 44 günlük Vətən müharibəsi iştirakçısı, 131 nəfər - veteran hərəkatının fəal üzvü, 5 nəfər - Əfqanıstan müharibəsi veteranı, 2 nəfər - şəhid ailəsi üzvü,  6 nəfər - Silahlı Qüvvələr veteranı, 1 nəfər - Çernobl əlili, 1 nəfər – hərbi xidmət əlili olmaqla ümümilikdə 286 nəfər müxtəlif kateqoriyadan olan veteranların sənədləri öyrənildikdən sonra Təşkilatımıza üzvlüyə qəbul edilmiş, məlumat bazasına yerləşdirilmişdir.

Ad günləri və yubileylərlə əlaqədar Təşkilatın sədri adından veteranlara təbrik məktubları, Fəxri Fərmanlar hazırlanmış və ünvanlara göndərilmişdir.

 

-2025-ci ildə gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində hansı işlər görülüb?

 

-Hesabat ilində gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı istiqaməti üzrə işlər davam etdirilmişdir. Belə ki, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənc nəslin Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda hazırlanmaları məqsədi ilə keçirilən tədbirlər ölkənin bütün rayon və şəhərlərini əhatə etmişdir. Bu tədbirlərdə Təşkilatın rəhbərliyi və əməkdaşları, rayon veteranlar təşkilatının sədrləri, tədbirin təşkil oluduğu ərazidə yaşayan fəal veteranlar, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Ümumiyyətlə, tədbirlərimiz mövzu və auditoriya baxımından kifayət qədər zəngin olmuşdur. Bakı şəhəri üzrə Nərimanov, Nəsimi, Yasamal, Nizami, Suraxanı, Səbaıl, Xəzər, Xətai, Binəqədi, Sabunçu və Pirallahı rayonlarında yerləşən orta məktəb, gimnaziya və liseylərdə, Azərbaycan Dillər və Slavyan universitetlərində, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində İkinci Dünya müharibəsində 416, 402, 77, 396, 223-cü  Azərbaycan Diviziyalarının keçdikləri döyüş yolları haqqında, ordu quruculuğuna və 2016-cı ilin aprel döyüşlərinə aid mövzularda, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə, “8 noyabr - Zəfər Günü” və s. mövzulara həsr edilmiş tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərdə başlıca diqqət gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmaları ilə yanaşı, yeniyetmə və gənclərin hərbi xidmətə, vətəni qorumağa daim hazır olmalarına yönəldilmişdir.

 

-Veteranların müalicəsi və istirahətinin təmini istiqamətində necə hansısa addımlar atıldımı?

 

-Şübhəsiz. 2025-ci il ərzində Mərdəkan Veteranlar Xəstəxanasında müxtəlif kateqoriyalardan olan 1520  nəfər veteran və təqaüdçü müalicə kursu keçmişdir. Onlardan 9 nəfərinə Respublika Veteranlar Təşkilatı tərəfindən göndəriş verilmiş, 2 nəfər veteranın sanatoriya-kurort vərəqələri ilə təmin edilməsinə köməklik göstərilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Herontoloji mərkəzi RVT-nin yaşlı veteranlarını təmənnasız tibbi müayinə və müalicə olunmalarını öz himayələrinə götürərək 5 illik müqavilə bağlanmış, il ərzində mərkəzin həkimlər briqadası tərəfindən 62 nəfər veteran tibbi müayinədən keçirilmişdir. Bundan əlavə Bakı səhəri Herontoloji Mərkəzi RVT ilə birgə 50 nəfərdən artıq veteranlarla  “Veteranların Tibbi maarifləndirilməsi” mövzusunda tədbir keçirmişdir. Müalicəyə ehtiyacı olan bir çox veteranla bağlı isə əlaqədar tibbi müəssisələrinə müraciətlər edilmiş, onların müalicəsi istiqamətində konkret addımlar atılmışdır.

Hesabat ili ərzində Təşkilata daxil olmuş müxtəlif məzmunlu 267 sənəd, 158 ərizə, elektron poçt vasitəsi ilə daxil olmuş 276 müraciət müvafiq qaydada cavablandırılmış, digər təşkilatlara 234 sənəd göndərilmişdir. 

 

  -Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının beynəlxalq müstəvidə də aktiv fəaliyyət göstərdiyi məlumdur. Maraqlıdır, Təşkilatınız  beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı ötən il hansı yeniliklərə imza atıb?

 

-2025-ci ildə İctimai Birliyin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilmişdir. Respublika Veteranlar Təşkilatının Türk Dövlətləri Təşkilatı, MDB və Avropa ölkələrinin müvafiq veteranlar təşkilatları ilə ikitərəfli, beynəlxalq veteranlar təşkilatları ilə çoxtərəfli əlaqələrin gücləndirilməsi, onların qabaqcıl təcrübələrinin öyrənilməsi, eyni zamanda II Dünya Müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etmiş 416-cı, 402-ci, 77-ci, 396-cı və 223-cü Azərbaycan diviziyalarının döyüş yolu haqqında əlavə məlumatların əldə edilməsi, həmçinin, Türkiyənın, Qazaxıstanın, Özbəkistanın, Qırğızstanın, Rusiyanın, Belarusun, Gürcüstanın, Tacikistanın, Moldovanın, Almaniyanın, Avstriyanın, Macarıstanın, Serbiyanın, Sloveniyanın, Polşanın, Cexiyanın, Slovakiyanın, İtaliyanın veteranlar təşkilatları haqqında məlumatların toplanması məqsədilə və qarşılıqlı səfərlərin təşkili ilə əlaqədar Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə müvafiq müraciətlər göndərilmişdir.  

II Dünya Müharibəsində qələbənin 80 illik yubileyi ilə əlaqədar "Müstəqil Dövlətlərin veteranlarının (pensiyaçıların) İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurasının cari ilin 30 aprel - 1 may tarixlərində Moskva şəhərində keçirilən növbəti plenumunda və “Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi veteran təşkilatlarının, komitələrin, nəsillərin davamlılığını qoruması veteran şuralarının, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsidir” mövzusunda keçirilən beynəlxalq konfransda, Moskva şəhərində "Müstəqil Dövlətlərin veteranlarının (pensiyaçıların) İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurasının Rəyasət Heyətinin “Müstəqil dövlətlərin Beynəlxalq Veteranlar Birliyinin növbəti IX qurultayına hazırlığının son mərhəsində Birliyin (MDB) veteranlar təşkilatlarının fəaliyyətinin aktivləşdirilməsi üzrə vəzifələri” və “Koordinasiya Şurasının Rəyasət Heyətinin növbəti Plenumu haqqında” iclaslarında Təşkilatımızın iştirakı təmin edilmiş, müzakirələr zamanı aidiyyəti üzrə tərəfimizdən konkret təkliflər irəli sürülmüşdür..

Hesabat ilində  Belarus Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Pineviç Dmitriy Leonidoviçlə Təşkilatımızda görüş keçirilmişdir.  Görüş zamanı ikitərəfli əlaqələrin daha da genişləndirilməsi müzakirə edilmişdir. Bundan əlavə cari ilin mart ayında Rusiya Federasiyası Dağıstan Respublikasının Bakı şəhərindəki Nümayəndəsi Abdullayev Əliyar Tanrıverdi oğlunun xahişi ilə Təşkilatımızda görüş təşkil edilmişdir. Görüşdə Ümumrusiya veteranlar ictimai təşkilatlarının Dağıstan regional bölməsi tərəfindən cari ilin 17 aprel tarixində keçiriləcək II Dünya Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş Dağıstan və Azərbaycan Respublikalarının veteranlarının birgə forumunda iştirakı ilə əlaqədar dəvətnamə təqdim olunmuş və nümayəndə heyətimizin həmin forumda iştirakı təmin edilmişdir.

Ötən dövr ərzində Respublikanın Mərkəzi Arxivindən II Dünya Müharibəsində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Azərbaycanlılar haqqında əlavə məlumatlar toplanaraq Təşkilatın məlumat bazasına daxil edilmişdir. MDB dövlətləri və Avropa ölkələri ərazisində qardaşlıq və hərbi məzarlıqlarda dəfn olunmuş həmvətənlərimizin məzarlarının aşkarlanması və qo­runub saxlanılması istiqamətində işlər həmin şəhərlərdə fəaliyyət göstərən səfirlik və diaspor təşkilatları ilə birgə davam etdirilmişdir. Yeni il ərəfəsində müvafiq səfirliklərə, MDB Veteranlar Şurasına və Dünya Veteranlar Federasiyasına təbrik məktubları göndərilmişdir.

 

 -Cəlil müəllim, mümkünsə bir qədər də Təşkilatın media ilə əməkdaşlığı, informasiya təminatındakı fəaliyyəti haqqında məlumat verərdiniz.

 

 -2025-ci ildə İctimai Birliyin “veteran.gov.az” saytının texniki və təhlükəsizlik baxımından funksionallığı təmin edilib, saytın təkmilləşdirilməsi üzrə işlər davam etdirilib.Təşkilatın İnformasiya Təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq dövlət orqanları ilə (Xüsusi Dövlət Mühafizə Xidməti) əlaqələr yaradılmış, sistem və tətbiqi proqram təminatları, texniki avadanlıqların və internet şəbəkəsinin fasiləsiz işlək vəziyyətdə olması təmin edilmişdir. Təbliğati işin qurulmasında Təşkilatın “veteran.gov.az” saytının mühüm yeri var. İl ərzində Təşkilatın keçirdiyi tədbirlər barədə internet saytına ümumilikdə 480-dən artıq məlumat və məqalənin, foto-video qalereya bölməsinə 1549 fotonun, 46 video materialın, facebook və twitter sosial şəbəkələrdəki səhifələrin hər birində 58 məlumatın hazırlanaraq yerləşdirilməsi təmin edilmişdir.

Eləcə də ötən müddət ərzində əməkdaşlarımızın  “ Az TV ”,  “ Real TV ”-də,  “ Yeni TV” youtube kanalında, “ AzərTac ”, “ Moderator.az”,  “ AzadMedia.az ”,  “ İki sahil ”,  “ Trend ”,  “Redaktor.az ” , “ 24 informedia.az ”saytlarında, həmçinin “Xalq qəzeti”, “525-ci qəzet” və s. qəzetlərdə, eləcə də sizin “Ədəbiyyat və incəsənət” portalınızda məqalələrinin, müsahibələrinin dərci təmin edilmişdir.

Birinci ayını başa vurduğumuz bu ildə bütün digər müstəvilərdə olduğu kimi, informasiya sahəsində də fəaliyyətinizimi genişləndirməyi hədəfləyirik.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2026)

Bazar ertəsi, 02 Fevral 2026 13:29

Aşıq yaradıcılığında qımqımalar

 

İlhamə Qəsəbova,

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

“Ədəbiyyat və incəsənət” portalı bu dəfə sizə çoxunuzun ilk dəfə adını eşitdiyi qımqımalar barədə danışacaq. Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova “Aşıq yaradıcılığında qımqımalar” araşdırmasını Qazax aşıq mühiti əsasında ərsəyə gətirmişdir. Bəri başdan deyək ki, oxuyanda əsla peşiman olmayacaq, bu baməzə janrın nümunələrindən hətta həzz alacaqsınız.

 

İllərdi Aşıq yaradıclığında araşdırmalar aparılsa da, aşıqların yaradıcılığı toplanılmasına baxmayaraq yenə də toxunulmamış mövzular qalmaqdadır. Bu baxımdan Qazax aşıq mühitinə mənsub "qımqıma”lar maraq kəsb edəcəkdir. Qımqıma sırf oynaq və ritmik janrdır. Onun əsas mahiyyəti sözlərin deyil, ahəngin və hərəkətin üzərində qurulmasıdır. Qımqıma, bayatı və bədihə formada səslənən janrlarla oxşardır və şifahi xalq ədəbiyyatının üslubudur. Qımqımalarda Folklor obrazları da vardır: ciji, nənə, Göyçək, Aşıq, Məmməd, çoban.  Qımqıma çox vaxt satirik tənqid janrı funksiyasını yerinə yetirir. Burada içkiyə qurşanmış, ailəsində zorakılıq edən, amma cəmiyyətdə “havalı” görünməyə çalışan adamlar yumşaq tərzdə tənqid edilir. Yəni burada həm zarafat, həm də sosial mesaj var. Bu gün bəzi qımqımalar daha çox meyxanalarda olduğu kimi kişi məclislərində, özəlliklə də gənclərin və cavanların yığışdığı məclislərdə söylənilir. Bəzi qımqımalar isə artıq toylarda səslənməkdədir, məclislərdə şənlik yaratmaq, dinləyiciləri güldürməklə yanaşı həm də eyibləri yumorla göstərməkdir.  Qımqımalar təkcə aşıqlar tərəfindən deyil qadınlar tərəfindən də yaradılır.

Qazax mahalının folkloru həm zəngin, həm də özünəməxsusluğu ilə seçilir. Qazax mahalının aşıq mühiti elmi müstəvidə öz əksini tapmağına baxmayaraq bir çox sahələri vardır ki, xalq tərəfindən yaşadılsa da elmi baxımdan araşdırılmamış qalmışdır. Düşünürük ki, bu baxımdan "Söz biliciləri"nin iti yaddaşı və bilicilik yükü, eləcə də  "Qımqıma"lar elmi araşdırılmalı və təhlil edilməlidir. Qımqıma” Azərbaycan aşıq sənətində bəzi bölgələrdə, xüsusilə Qazax‑Ağstafa ərazilərində bədahətən söylənən bədihə üsulunu ifadə edən lokal termindir. ​Bu söz danışıq dilində, əsasən narazı, qaşqabaqlı, dodaq büzən, mızıldanan halı ifadə edir. Rəsmi ədəbi dildə normativ söz sayılmır amma bədii mətnlərdə və canlı danışıqda işlədilir. Uşaq yenə qımqıma edib, heç nəyə razı olmur, Qımqıma-qımqıma danışma kimi ifadələr buna misal ola bilər.  Qımqıma termini bu mühitdə bədahətən, zərif şəkildə ifadə olunan şifahi poeziya janrını işarə edir. Qımqıma bayatı və bədihə formada səslənən janrlarla oxşardır və şifahi xalq ədəbiyyatının üslubudur. Əsasən toylarda, şənliklərdə, saz-söz məclislərində, bəzən də kənd camaatı arasında ritmik, satirik, bir az da lağlağı üslubunda oxunur.

Qımqıma Qazax mühitində məşhur olan komik-improvizə janrıdır desək daha doğru olar. Əsas funksiyası məclisi əyləndirmək, dinləyicini güldürmək və gündəlik həyatdakı kiçik eyibləri, adətləri satirik tərzdə, heç kimin qəlbinə toxunmadan  söyləməkdir.

Qımqıma janrına aid konkret aşıqların ifasında nümunələr, onların sözlü mətnləri və strukturu vardır. ​ Aşıq Avdı Qaymaxlının yaratmış olduğu "İncə Gülü" aşıq  havası vardır ki, bu da qımqımadır. Hər bir havacatın yaranma səbəbi və tarixi olduğu kimi, Aşıq Avdının şəyirdlərinin  dediyinə görə “İncə gülü” havası da 1948-ci ildə belə yaranıb: Aşıq Avdının evinin arxa tərəfi kolxoz bağı olub. Aşıq həmişə bu bağa çəkilər təbiət qoynunda fikrə dalar, təbiətdən ilham alarmış. Deyilənə görə, cavanlığında sevgilisi Mehribanla da burada görüşərmiş. Bir gün yaxın dostu Kəmərli İdris oğlu Məmməd Aşıq Avdıgilə qonaq gəlir, görür ki, aşıq evdə yoxdur. Aşığın həyat yoldaşı Yasəmən xanım görür ki, yenə adəti üzrə aşıq kolxoz bağına çəkilib nəsə yazır. Elə bu vaxt Aşıq Cəlal və Aşıq Yəhya da ustadın yanına şəyirdliyə gəliblər. Bir az keçməmiş görürlər ki, aşıq Qımqıma deyə-deyə evə sarı gəlir. Soruşurlar ki, usta nə oxuyursan? Cavab verir ki, təzə hava yaratmışam, bu da sözləridir. Elə oradaca havanı şəyirdlərinə öyrədir. Havanın yaranmasının ən etibarlı şahidi aşığın oğlu Aşıq Sadıq Avdıoğlu da deyilənləri təsdiqləyirdi (toplama mətni 2007-ci il Aşıq Sadıq).

O gün bu gün “İncə gülü” havası aşıqların dilində məclislərdə ifa olunur. Aşıq Avdının “İncə gülü” havası oynaq şən havadır. Sözləri isə aşağıdakı kimidir:

 

                                   Bir gün durdum çıxdım gülşən seyrinə,

                                   Gördüm ki, bülbüllər gülə yalvarır.

                                   Bənövşə boynunu büküb nərgizə,

                                   Nərgiz özü şirin dilə yalvarır.

 

                                   Bir yanda dayanmış xumar gözlü yar,

                                   Bağda hər çiçəyin bir nəşəsi var.

                                   Bir neçə addım da bulaqdan kənar,

                                   Lilpar batıb dərin lilə yalvarır.

 

                                   Hər otun başında var bir piyalə,

                                   Yasəmən dalğındı batıf xiyalə.

                                   Mehriban çıxanda sorğu-suvala,

                                   Avdı yaşın silə-silə yalvarır.

         

Bir versiyaya görə isə İncə gülü aşıq  havası bir məclisdə Qımqıma şəklində ortaya çıxıb.  Bu  bəndlər həm də bədahətən  şifahi səslənmə nəticəsində əzbərlənərək yadda qalıb və havacata çevrilib.

          Daha bir nümunə: Ələddin adlı bir şəyird Aşıq Avdının yanına gəlirmiş ki, ustaddan aşıqlıq sənətini öyrənsin. Ancaq bu şəyirdin davranışı, ürcöyüşü (Qazax ağzında ürcöyüş oturub-durması, davranışı deməkdir) ustad aşığın xoşuna gəlmir. Bir gün aşıq həyat yoldaşına deyir ki, heyvanı çölə qatanda Ələddinlə get. Qayıdanda soruşur ki, arvad, bu uşaq, gedib gələndə heç qımqıma dedimi? Yasəmən qarı deyir ki, vallah, a kişi, qımqıma nədi, heç ağzını belə qımıldatmadı. Aşıq Avdı deyir ki, arvad, onda bundan aşıq olmaz. O gündən Aşıq Avdı o uşağı aşıqlıqdan uzaqlaşdırır. Çünki aşıqlar ən azından ilk mərhələni Qımqıma ilə başlayırlar.

  “İncəgülü” havasının arxetipində İncə dərəsində məşhur olan “qımqıma” – el havacatı və folklor janrı durur. “Hər bir vəzn ayrı-ayrılıqda müəyyən bir musiqi ahəngi ilə əlaqədar meydana gəldiyi üçün aşıq şeiri öz təbiəti etibarı ilə daha oynaq və rəvan olur”. Qımqıma folklor-nitq janrının ahəngi bu saz havasının melodiyasını müəyyənləşdirmişdir. Qımqımalar daha çox İncəli yörəsində geniş yayılmış folklor janrıdır, onu həm də “nitq janrı” (M.M.Baxtin) kimi səciyyələndirmək olar. Qımqımılar improvizasiya şəklində müəyyən havacatla oxunan yığcam söyləmlərdir, adətən qadınlar tərəfindən də söylənilir.

Oqtay Xaloğlunun “Layla de Layla” qımqıması da dillər əzbərinə çevrilib. Azərbaycan aşıqları ilə yanaşı Türk aşıqlarından Maksut Fəryadi də ifa etmişdir. Məmməd Dəmirçioğlu yazır ki, “Oqtay başını onun dizləri üstünə qoyub, əllərini ovcunun içində tutaraq barmaqlarını sığallayırdı. Nişan üzüyü barmağında laxlayırdı. Xeyli sınıxmışdı Oqtayın dilbər xanımı. Sevgilisinin dizləri üstündə xumarlanan Oqtay, çılğınlığı ilə ətrafını lərzəyə gətirən Oqtay yaman fağırlamışdı. Gözləri məchul bir nöqtəyə zillənmişdi. Dodaqaltı pıçıltıları qımqımıya, sonra isə zümzüməyə çevrildi. Oqtay oxuyur, Vəzzuhənin göz yaşları puçur-puçur olub Oqtayın dən düşmüş saçlarını suvarırdı. Bədahətən, dərdin sinəsinə dağ çəkə-çəkə oxuyurdü Xaloğlu:

 

Ötüb ömrün köçü, çata bilmirəm,

Al məni qoynuna, layla de, layla.

Özgə laylasına yata bilmirəm,

Al məni qoynuna, layla de, layla.

 

Bir layla de, yuxum ərşə calansın,

Bir layla de, yolnan gedən dayansın.

Bir layla de, küskün könlüm oyansın,

Al məni qoynuna, layla de, layla.

 

Xalloğlu dayanıb yoların üstə,

Belə şirin qeylü-qalların üstə.

Qapansin gözlərim qolların üstə,

Al məni qoynuna, layla de, layla.

 

Qımqımaların  Janr xüsusiyyətini aşağıdakı kimi sıralamaq mümkündür:

1) Azərbaycan şifahi xalq ədəbiyyatında satirik-yumoristik janra aiddir.

2) Məişət yönümlülük – gündəlik həyat, ailə münasibətləri, qonşuluq və sosial mühit mövzularını əks etdirir.

3) Satira və yumor – əsas məqsədi tənqid etmək, istehza və zarafat yolu ilə eybəcərlikləri göstərməkdir.

4) Şifahi ənənə – xalq arasında söz atma, qarşılıqlı dialoq və improvizə formasında yaranır.

5) Sadə quruluş – qısa, yığcam və asan yadda qalan bədii formaya malikdir.

6) Funksiya – həm əyləndirici, həm düşündürücü, həm də sosial tənzimləyici rol oynayır.

7) Mədəni dəyər – xalqın yumor hissini, estetik düşüncəsini və məişət üslubunu qoruyub saxlayır.

Aşıq Qərib İncəlinin ifa etdiyi “Yetərəm ədə” qımqıması Yetər qarının dilindən deyilir:

 

Ədə belə deyir Yetərəm ədə,

Yertərəm  ağrın alem.

Ədə malını qoynunu istəmerəm

Ədə quruca canına betərəm ədə.

 

 Yertərəm  ədə. 

Deyir Leyli kimdi,

Məcnun kimdi Ədə

 vallah mən Leylidən betərəm Alı,

 betərəm Alı.

 

 Ədə soruşollar kimin qızısan.

 Eyib oğlu Usufun qızı Yetərəm ədə

 Yetərəm ədə.

 

Sənnən ötrü maral inəyi sataram Alı,

 sataram Alı.

Yetərəm ədə Yetərəm Alı.

 Ədə Əlim qurud əzer,

 gözüm səni gəzer,

 Yarınam Alı, yarınam Alı,

Səninəm Alı, Yetərəm ədə Yetərəm Alı.

 

Aşıq Qərib İncəlinin də ifasında “Yetərəm Alı” qımqıması ifa edilir. Mövzu  etibariyə eyni olsa da bəzi fərqliliklər də vardır. Qeyd edək ki, qımqımalarda çoxvariantlılıq vardır. İmprovizə vaxtı Aşıq bədahətən məclisə və məclisdəkilərə uyğun sözlərdə dəyişiklik edə bilir.

 

Deyir Qara, Qara, qaşqarlı Qara,

Lilləndi, neynim, lilləndi, neynim.

Əyə, qora-qora saçları külləndi, neynim,

Ədə, Qara, Qara, qaşqarlı selləndi, neynim.

 

Selləndi, neynim, ədə, bə deyirdin:

– Yaz olanda gələjəm, yonca bitəndə gələjəm.

Yaz açıldı, yonca da bitdi,

Bə niyə gəlmədin, ay Qara,

Qara Məmməd, qap qara Məmməd.

 

Deyir: xançalına gülşən,

Bostanına yemşəm,

Ədə, tərsən, tərsən demişəm,

Qara, qap qara Məmməd.

 

Qara balan ağlıyır,

Sana balan ağlıyır.

Dağlara, dağlara, göy dağa göndər,

Çələmə döndər, çiyələməyə döndər.

 

Ayə deyir: Qara balan ağlıyır,

Sana balan ağlıyır, ay Qara Məmməd,

Qara Məmməd, qap qara Məmməd.

 

Ayə deyir: ağ qoynun ağlara qaldı,

Ağ şalın dağlarda qaldı,

Dağlara, dağlara qaldı.

Kələmə döndər, bələ göndər,

Ay Qara Məmməd.

 

Ağ donun ağlara qaldı,

Ağ şalın dağlara qaldı,

Dağlara göndər, gön dağa göndərmə,

Dəli dağa göndər, ay Qara Məmməd,

Ay Qara Məmməd.

 

Qara Məmmədin qımqıması da ritmik oxunuş formasındadır. Ümumiyyətlə Qımqıma sırf oynaq və ritmik janrdır. Onun əsas mahiyyəti sözlərin deyil, ahəngin və hərəkətin üzərində qurulmasıdır. Adətən bir nəfər oxuyur, digərləri isə vurğularla qoşulur, bəzən “ayə”, “ədə” kimi nidalarla müşayiət olunur. Başlayan aşıq və ya ifaçı ilk bəndi oxuyur. Digərləri isə təkrar olunan misraları (“Qara Məmməd, qap qara Məmməd”) oynaq şəkildə cavablaya bilirlər. Ritm 3/4 və ya 6/8-lik oynaq ölçü ilə gedir; oxuma zamanı əllə çalınan ritm -diz, masa və ya qaval üzərində müşayiət edilə bilir. Bəzən rəqs hərəkətləri də paralel icra olunur. Burada rəqs xüsusilə çiyinlər, əl-qol hərəkətləri ilə olur.

“Deyir Qara, Qara, qaşqarlı Qara,

Lilləndi neynim, lilləndi neynim”... bunu birlikdə, xorla da oxumaq mümkündür.

“Qara Məmməd, qap qara Məmməd!” beləcə, hər bənddə oxuyan əsas mətni deyir, kütlə isə təkrar olunan misraları ritmik şəkildə cavablayır. Bu da məclisdə oynaq ab-hava yaradır. Qımqımanın gözəlliyi ondadır ki, hər dəfə ifa zamanı sözlər bir az dəyişə, improvizə oluna bilər – əsas məsələ ritm, ahəng və zarafatlı ab-havadır.

Aşıq Şaiqin yaradıcılığında yer alan "İncə qımqımıları", o cümlədən “Ay bava gödək bava” və “Danaçı İrvam” kimi ifalar repertuarını daha da genişləndirir. Aşağıda Çovan İvraamahəsr olunmuş qımqımanı təqdim edirik.

 

Ayə belə, mənə dərman, ay İvraam,

Çovan İvraam, aya İvraam.

Məni sənnən eyliyən ölsün,

Çovan İvraam, ay İvraam.

 

Çovan İvraam, ay İvraam,

Çovanların çovanıydın, ay İvraam.

Söz vermişdin gələjəm, ay İvraam,

Bə niyəlmədin, ay İvraam.

 

Gözlədim, gəlmədim, ay İvraam,

Ay İvraam, çovan İvraam, aya İvraam.

Söz vermişdin dağa gedək, ay İvraam,

Bə niyəlmədin, ay İvraam.

 

Gəl dağa gedək, ay İvraam,

Qoşa gedək, ay İvraam.

Çovan İvraam, ay İvraam,

Danaçı İvraam, ay İvraam,

Yalançı İvraam, ay İvraam, ay İvraam.

Gəl dağa gedək, ay İvraam…

 

Bu qımqıma da olduqca maraqlı satirik-yumoristik xüsusiyyət daşıyır. Mətnin mərkəzindəki obraz  olaraq  Çovan İvraam dayanır. Çovan İvraam (Çoban İbrahim) vədlərinə əməl etməyən, yalançı bir şəxs kimi təqdim olunur. Burada əsas məqsəd həm zarafat və istehza, həm də sosial tənqid yaratmaqdır. Qaravəllinin srtukturundakı təkrarlar (“Ay İvraam”, “çovan İvraam”) şeirə ritm və melodikliyi gətirir. Qısa misralar, sadə söz seçimi və təkrarlar şifahi ənənəni xatırladır. Bu struktur həm yadda qalan, həm də icra olunanda təbiiliyi qoruyan bir formadır. Bəlkə də elə buna görədir ki, tez yadda qalaraq dildən-dilə keçib.  Obraz olaraq Çovan İvraam həm satirik, həm də yumoristik obraz kimi verilir. “Danaçı İvraam”, “yalançı İvraam” kimi ifadələr məhz istehzalı tənqid vasitəsidir. Obraz vasitəsilə həm də gündəlik həyat və sosial münasibətlər əks olunur. Bu qımqımada  sosial və mədəni aspekt çobanlıq və dağ həyatıdır. Bəllidir ki, Qazax bölgəsi həyat tərzinə görə həm də “Tərəkəmə” həyatı yaşayanlardır. Elə bu Qımqıma çobanlıq və dağ həyatına aid mövzuları ifadə edir. Bu da xalqın həyat tərzi və mədəni ənənələrini əks etdirir. Qımqımalar ictimai münasibətləri yumorla tənzimləyən, həmçinin əyləncə və düşündürücülük funksiyasına malikdir. “Çovan İvraam” qımqımaların klassik xüsusiyyətlərini özündə birləşdirir. Burada daha çox rastlanan sadə dil və gündəlik mövzular, Ritmik və təkrarlanan quruluş, yumor və satira ilə sosial tənqid, Şifahi xalq ədəbiyyatının ritm və melodikliyi  birləşir. Bu nümunəni həm şən və əyləncəli, həm də sosial mesaj daşıyan bir folklor məhsulu kimi dəyərləndirmək olar. Aşıq Əsgərin (Osmanov) “Havalan ədə” qımqıması da bu baxımdan xarakterikdir.

 

Ayə deyir, atmağa qrantamyotun da yoxdu,

Aralan ədə, aralan ədə.

Ayə, cijin də səni mənə vermədi,

Havalan ədə, havalan ədə, havalı Göyçək.

 

Civində bir nizamin də yoxdur,

Aralan ədə, aralan ədə.

Ayə deyir, gedif işdiyif gəlirsən,

Axşam bədəni tərli gəlirsən.

Arxın qırağında yaxalan ədə,

Yaxalan ədə, havalı Göyçək.

 

Gedif içif gəlirsən,

Evdə arvad-uşağı döyörsən.

Gedək mənnən məscidə,

Tovalan ədə, tovalan ədə, tovalan ədə.

 

Savaxdan yeyif içirsən,

Aşığa verməyə

Bir Məmmədin də yoxdur,

Aralan ədə, aralan ədə.

 

 Janr xüsusiyyətinə görə bu nümunə klassik Qımqıma janrına aid olmaqla  həm oynaq havaya, həm də söz oyunu və improvizasiya ilə qurulan məzmununa görə seçilir. Hər bir misrada təkrar elementləri (“aralan ədə”, “havalan ədə”, “tovalan ədə”) ritmi gücləndirir, kollektiv ifa imkanını artırır. Qımqımanın satirik çaları çox olduğundan mətn zarafatla başlayır (“atmağa qrantamyotun da yoxdu”), amma ardınca gündəlik məişət problemlərinə yönəlir. Məsələn “gedif içif gəlersən, evdə arvad uşağı döyörsən” deməklə həm də məişət problemi qabardılır. “Arxın qırağında yaxalan”, “məscidə getmək”, “aşığa verməyə pulun da yoxdur” kimi ifadələrdə xalq həyatının məişət reallıqları əks olunur. Ritmik olaraq “aralan ədə”, “tovalan ədə” kimi təkrarlar həm ritmik, oynaq səs yaradır, həm də məclis iştirakçılarının cavab verməsini təmin edir.

Qımqıma çox vaxt satirik tənqid janrı funksiyasını yerinə yetirir. Burada da içkiyə qurşanmış, ailəsində zorakılıq edən, amma cəmiyyətdə “havalı” görünməyə çalışan adam tənqid edilir. Yəni həm zarafat, həm də sosial mesaj var. Əsas sətirləri bir nəfər oxuyur; Təkrar olunan “aralan ədə”, “havalan ədə”, “tovalan ədə” misralarını isə kütlə birlikdə cavablayır; Bu cür cavablaşma məclis ab-havasını oynaq və gülməli edir. Bu cür qımqımalar daha çox meyxanalarda olduğu kimi kişi məclislərindən, özəlliklə də gənclərin və cavanların yığışdığı məclislərdə söylənilir. Bu bir növ məclislərdə şənlik yaratmaq, dinləyiciləri güldürməklə yanaşı həm də eyibləri yumorla göstərməkdir. 

Son zamanlar Aşıq Ceyhunun  ifasında səslənən daha bir məşhir “qaynanan ölsün” qım-qıması çox geniş yayılıb.

 

Ədə, öylən toyunu görmək istər,

Öylən ay nənən ölsün, öylən ay nənən ölsün.

Öylən ay nənən ölsün, öylən ay nənən ölsün.

 

Ədə, nənə pensiyasınnan kişi olubsan,

O day-day, nənən ölsün,

Öylən ay nənən ölsün.

O day-day, nənən ölsün,

Öylən ay nənən ölsün.

 

Deyir: belə hey qarğar yandığından,

Ədə qarğamar ha qandığından,

Elə verəcək sandığından,

Sənə pay – nənən ölsün,

Öylən ay nənən ölsün,

O day-day, nənən ölsün.

 

Dedim: hey, hər qanunu bir olacaqsa,

Ədə, qızınnan əlbir olacaqsa,

Elə mənim qaynənəm kimi kür olacaqsa,

Onda qaynənən ölsün,

Görüm qaynənən ölsün,

Onda qaynənən ölsün.

 

Öylən ay nənən ölsün,

Vapşe qaynənən ölsün,

Öylənmə – ay nənən ölsün!

 

Yuxarıda təqdim etdiyimiz Qımqıma Aşıq Ceyhun tərəfindən yaradılıb. Bu tip nümunələr həm məişət satirası, həm də məclis yumoru üçün çox xarakterikdir.  “Ədə öylən toyunu görməy ister”         11 hecalıdır. “İster” isə  dialekt sözüdür.  “Öylən ay nənən ölsün, öylən ay nənən ölsün” 7  heca ya düşür və təkrar olunaraq ritmik güclənmə yaradır. “Öylən ay nənən ölsün, öylən ay nənən ölsün” misrasının ikinci dəfə təkrar olunması isə  istehza və yumoru daha da gücləndirir. “Ədə nənə pensiyasınnan kişi olufsan” deməklə isə satirik nəticə yaradılır, hətta bu ifadə   məclisi daha da güldürən qüvvətli zarafatdır. Bu qımqımada göründüyü kimi bəzi misralar 11-li, 7-li bəzi misralar isə 14-lü heca işlədilmişdir. Bu isə xalq şeirinin ənənəvi vəznlərindən biri olan qoşma şeir şəklindən kənar çıxmış, daha çox sərbəst vəzndədır. Tez-tez təkrar olunan “öylən ay nənən ölsün” qımqımanın əsasən ritmik texnikasıdır. Qafiyə –sən, –sün, –ster arasında sərbəstdir. Göründüyü kimi sərt qaydalar gözlənməyib. Çünki qımqıma improvizədir. Sərbəst vəzn sayılır. Hətta havacat da sərbəstdir. O da şərtidir deyə bilərik. Qımqımalarda dil və üslub xüsusiyyətləri əsasən Qazax dialektində işlənən sözlərdir. Burada dialekt sözlər olan “ister”, “olufsan” – danışıq dilinə yaxınlaşdırır. “Ədə” isə müraciət formasıdır. Bölgəyə xas çağırış, müraciətdir. Qımqımalarda daha çox diqqəti cəlb edən lağlağı və satiradır. Kişi öz gücünü nənəsinin pensiyası ilə göstərir, bu isə gülüş doğurur. Bəzən isə tam da həqiqətə uyğunlaşdırılır. Gerçək real həyat tərzindən yaranmış qımqımalardır.

Təkrar olunması həm musiqi, həm də ironik vurğu yaradır.  Qımqımalar məzmun və məna baxımından elə də əhəmiyyət kəsb etmir. Əsas məzmun məişət hadisəsidir.  Toy görmək istəyi, amma əslində kişinin gücünü nənəsinin pensiyasına bağlamaq. Burada bir neçə yumor var. Həm toy görmək, həm nənən ölsün deyərək ona “day-dayılıq” edən nənəyə məcazi mənada ölüm diləmək, həm də evlənmək arzusunda olanı qaynanayla qorxutmaq.  “Öylən ay nənən ölsün” – həm istehza, həm də “toy arzun boşdur” mənasında işlənmiş lağlağıdır.  “Nənə pensiyasınnan kişi olufsan” bu isə sosial satira, ironik məzmundur. “Elə mənim qaynənəm kimi kür olajaxsa”, “onda qaynənən ölsün”,  yaxud sonda daha kəskin məsləhətlə “Öylənmə, ay nənən ölsün” deməklə aşıq öz qaynansından da “dad-hoy” çəkir. Məclisdə gülüş yaratmaqla sonda evlənməməyi məsləhət görür. Qımqımalar xalq yumorunu, ironik tənqidi tam əks etdirən nümunədir.

Qımqıma daha çox sərbəst şeir növüdür. Burada həm məişət zarafatı, həm də sosial yumor (pensiya, kasıblıq, “kişi olmaq” iddiası) mövcuddur. Təkrarlar və dialekt sözləri isə qımqımanın tipik üslub elementləridir.

Qımqıma əsasən toy məclislərində, el şənliklərində oxunur, məclisdə insanların darıxmaması, gülməsi, oynaq əhvalın qalxması üçün deyilir. Çox vaxt aşıqların sazla, ya da söz ustalarının improvizə şəkildə söylədiyi şeir olur. Qımqıma xalqın gündəlik həyatındakı kiçik eyibləri satirik tərzdə göstərir. Nümunələrdən də görünür ki, çox içmək, sərxoşluq, kasıblıq, nənə-baba pensiyasına möhtaclıq, bəzən avaraçılıq, evlənmək arzusu və s.  kimi eyibləri acılamadan, lağlağı və yumorla ifadə edir. Qımqıma improvizə janrı olduğundan adətən məclisdə bir nəfər başlayır, digər məclis iştirakçıları cavab verir. Beləcə dialoq formasında gülüş doğuran mübahisə yaranır. Kollektiv şənlik və birləşdirici funksiya daşımaqla əyləncəni gücləndirir, camaatı birləşdirir.

Qazax  bölgəsində Qımqıma bu gün gənc aşıqların yaradıcılığının ayrılmaz hissəsi olaraq yaşamaqdadır. Bu janr xalqın dilini, yumorunu, məişət baxışını qoruyur. Eyni zamanda, xalqın özünütənqid mədəniyyətini də göstərir.  İnsanlar sanki burada öz eyiblərinə özləri də bilmədən aşığın dili ilə gülməyi bacarır. Qımqıma həm əyləndirici (toy şənliyi), həm də tərbiyəedici (eybi yumorla göstərmək) funksiyaya malikdir. Xalqın dilində doğulub, məclislərdə yaşayıb, bu gün də xalq mədəniyyətinin canlı ünsürlərindən biridir. Müasir dövrdə  gənc aşıqlar tərəfindən daha geniş yayılır. Aşıq Şaiq İncəli, Aşıq Qərib İncəli, Aşıq Coşğun Rəhimov, Aşıq Əsgər Osmanov, Aşıq Şahin Qazaxlı, Aşıq Samir Cəlaloğlu, Aşıq Ceyhun, Aşıq Sənan, Aşıq Şahmurad kimi aşıqlar bu gün el məclislərində bədahətən qıqımalar yarada bilirlər.

Aşıq Coşğun Rəhimovun ifa etdiyi Çobanlara aid qımqımalar da maraqla qarşılanır:

 

Ayə deyir o vaxtın çovannarı ölöm

Yaman hörmətdi olub,

Ayə  ən kasıvıda ay dərdin alem yaxşı surfa salef,

Ayə bu vaxta öyün yıxılmasın,

sənin tayınmı qalıf,

Öylən ədə, öylən ədə.

 

Qım-qımaların misraları 7 və 11 olmaqla metrik quruluşu aşağıdakı kimidir:

Araqdan yüz vurufsan (7)

Qavağımda durufsan (7)

Ə yazıxsan, hayıfsan (7)

7-li heca xalq şeirinin ən çox işlənən vəznlərindən biridir. Bu isə qımqımanın asan yadda qalmasına və ritmik oxunuşuna şərait yaradır. Qafiyə sistemi olaraq -ufsan / -ufsan / -ıfsan” misraları daxili qafiyələnmə yaradır. Sonrakı hissədə “məmmə, məmmə, məmmə” təkrarları var. Bu təkrarlar ritmik-ritorik təsir bağışlayır, dinləyicinin diqqətini daha çox cəlb edir. Bu mətn improvizə olunan məzəli qoşmalardan biridir.

Qımqımaların dil və üslub xüsusiyyətləri mətn etibariylə sadə xalq danışıq dilində, Qazax dialektindədir: “qavağımda”, “vurufsan”, “hayifsan” kimi sözlərdə dialekt və şifahi üslubun izləri var. Şifahi üslub, sadəlik, dialekt sözlər qımqımanın əsas xüsusiyyətləridir. Mövzu olaraq “araq içmək, sərxoş olub kiminsə qabağında dayanmaq” isə məişət mövzusu, satirik yanaşmadır. Qımqımanın mətnindən aydın olur ki, şəxs (Məmmə) məclisdə çox içib, özünü qəribə aparır. Müəllif (oxuyan aşıq) isə onun halına  həm gülür, həm də ustalıqla onu tənqid edir:

“Araqdan yüz vurufsan” - çox içmisən.

“Qavağımda durufsan” - mənim qabağımı kəsirsən.

“Ə yazıxsan, hayıfsan” - halına acıyıram.

Son hissədə isə təkrarla və lağlağı ilə məsxərə güclənir:

 

A Məmmə Məmmə

Araqdan yüz vurufsan,

Qavağımda durufsan,

Ə yazıxsan, hayıfsan

A Məmmə, Məmmə, Məmmə

Səni qanına bələnmə.

 

“A məmmə, məmmə, məmmə / Səni qanına bələnmə”  burada həm ritm var, həm də zarafatla bir xəbərdarlıq var. Bu qımqıma 7-li heca üzərində qurulmuş, satirik məzmunlu, improvizə üslubunda yaranmış nümunədir. Mövzusu məişət içkisi, sərxoşluq üzərindən qurulub. Dilində dialekt sözləri, təkrarlar və ritmik oyun qımqımanın əsas üslub xüsusiyyətlərini daşıyır. “A Məmmə Məmmə” qımqıması həm də şirin məzəli, “naz” yaratmaq üçün də deyilmişdir:

 

Məmmə, Məmmə, Məmmə,

Ot basıfdı çəmənnə,

Əyil bir gilə dərem,

Verim canı bədənnə,

A Məmmə, Məmmə, Məmmə,

Səni qanına bələnmə.

 

Qımqımalar Azərbaycan şifahi xalq ədəbiyyatının janr müxtəlifliyi içərisində satirik-yumoristik məzmun daşıyan xüsusi bir qoldur. Onlar gündəlik məişət münasibətlərindən, insanların qarşılıqlı ünsiyyət və davranış formalarından qaynaqlanaraq yaranmışdır. Qımqımalarda əsasən istehza, tənqid və zarafat üslubu üstünlük təşkil edir. Bu janr vasitəsilə xalq bir tərəfdən sosial həyatdakı müəyyən eybəcərlikləri, mənfi xüsusiyyətləri ifşa etmiş, digər tərəfdən isə əyləncə və şənlik məzmunlu ovqat yaratmışdır.Qımqımaların poetik strukturu sadə olsa da, semantik baxımdan zəngindir. Onlarda həm ailədaxili münasibətlər, həm də ictimai münasibətlər öz əksini tapır. Bu xüsusiyyətinə görə qımqımalar həm sosial-mənəvi tənzimləyici rol oynamış, həm də xalq yumorunun daşıyıcısına çevrilmişdir.

Beləliklə, qımqımaları Azərbaycan folklorunun xalq satirasını, məişət yumorunu və şifahi təfəkkürün incəliklərini özündə əxz edən janrı kimi dəyərləndirmək mümkündür. Onlar xalqın həyat tərzinin, dünyagörüşünün, məişət mədəniyyətinin ifadə vasitəsi olmaqla yanaşı, həm də sosial münasibətlərin qorunmasında mühüm funksional əhəmiyyət kəsb edir.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2026)

 

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Bugünkü müsahibimiz dəyərli kitabxanaçı Lalə Hacıyevadır. Sadə peşə sahibləri rubrikasında, düşünürəm ki, kitabxanaçılıq peşəsi xüsusi əhəmiyyət kəsb edir.

 

-Salam Lalə xanım. İlk olaraq özünüz haqqında qısa məlumat verməyinizi xahiş edərdik.

 

Salam. Mən, Hacıyeva Lalə Ucar rayon Əlikənd kənd kitabxanasında kitabxanaçı kimi fəaliyyət göstərirəm.

 

-Niyə məhz kitabxanaçı olmaq istəmisiniz?

 

Kitabxanaçı olmaq istəməyimin əsas səbəbi kitablara və biliyə olan marağımdır. İnsanlara düzgün məlumat tapmaqda kömək etmək, onları oxumağa həvəsləndirmək və biliklərini artırmalarına töhfə vermək qürurverici bir işdir.

 

-Sizcə, müasir dövrdə kitabxanaçı peşəsinin rolu nədir?

 

Kitabxanaçı peşəsinin rolu müasir dövrdə olduqca vacibdir. Kitabxanaçılar daim cəmiyyətlə ünsiyyətdə olduğu üçün uşaqlarda, gənclərdə və yaşlı insanlarda kitaba marağın artırılmasında mühüm rol oynayırlar.

 

-Gələcəkdə kitabxananın inkişafı üçün hansı ideyalarınız var?

 

Gələcəkdə kitabxanada oxu zalının sayının artırılmasını və müəlliflərlə görüşlərin təşkil olunmasını istərdim. Kitabxananın daha əlverişli avadanlıqlarla təchiz olunması, kitab sayının artırılması müxtəlif yaş qruplarına uyğun tədbirlərin çox sayda keçirilməsinə şərait yaradacaq. Düşünürəm ki,bu cür yeniliklər kitabxananı müasir və cəlbedici edəcək.

 

-Oxucu tələbatını necə müəyyən edirsiniz və yaşadığınız məkanda mütaliə səviyyəsi sizi qane edirmi?

 

Oxucu tələbatını müəyyən etmək üçün ilk növbədə oxucuların hansı mövzulara maraq göstərdiyini, hansı janrları oxuduğunu müəyyənləşdirmək lazımdır. Yaşadığım məkanda mütaliə qismən məni qane edir. Oxumağa maraq göstərən insanlar var, lakin ümumilikdə mütaliəyə marağın daha da artırılmasına ehtiyac olduğunu düşünürəm. Xüsusilə gənclər arasında oxu vərdişlərinin formalaşdırılması üçün tədbirlər, kitab müzakirələri və maraqlı layihələr təşkil olunsa, mütaliə səviyyəsi daha da yüksələ bilər.

 

-Kitab itkisi və ya zədələnməsi hallarında hansı tədbirləri görürsünüz?

 

Kitab itkisi və zədələnməsi hallarında kitabın nə zaman, kim tərəfindən götürüldüyünü araşdırıram. Əgər itki oxucu ilə bağlıdırsa, oxucu ilə əlaqə saxlanılır. Zədələnmə hallarında mümkün olduqda kitab bərpa olunur, istifadəyə yararsızdırsa fondan çıxarılması üçün müvafiq tədbirlər görülür.

 

-Ən çox sevdiyiniz klassik yazıçılarımızdan kimlərdir?

 

Ən çox üstünlük verdiyim yazıçılar İlyas Əfəndiyev Bəxtiyar Vahabzadədir.

 

-Gənclərə hansı tövsiyələriniz var?

 

Gənclərə tövsiyyəm odur ki, çox kitab oxusunlar və oxumağı vərdiş halına gətirsinlər. Öz maraqlarını inkişaf etdirsinlər və faydalı işlərdə iştirak etsinlər.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2026)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün haqqında söhbət açacağımız şəxs türk və dünya tarixində dərin iz buraxmış hökmdarlardan biri, böyük dövlət qurucusu və sərkərdə Çingiz Xandır. Onun adı yalnız türk xalqları arasında deyil, bütün dünya tarixində bir dönüş nöqtəsi kimi qəbul edilir. Çingiz Xan sarsılmaz iradəsi, mükəmməl strateji düşüncəsi və böyük idarəetmə bacarığı ilə tarixə damğasını vurmuşdur.

 

Çingiz xanın uşaqlığı və yüksəlişi

 Çingiz Xan doğulanda “Timuçin” (“Təmuçin”) adı ilə tanınırdı. 1162-ci ildə Onon çayı yaxınlığında bir türk-monqol ailəsində dünyaya gəlmişdir. Həyatının erkən çağlarından çətinliklərlə üzləşmiş, atasının öldürülməsindən sonra ailəsi ilə birlikdə tənhalığa məhkum olmuşdur. Bu çətinliklər onu daha güclü və inadkar etmiş, liderlik qabiliyyətlərini inkişaf etdirməsinə səbəb olmuşdur.

Dövlət quruculuğu

Timuçin müxtəlif tayfaları bir araya gətirərək 1206-cı ildə böyük bir dövlət qurdu və “Çingiz Xan” titulunu aldı. Bu, “Dünyanın hökmdarı” mənasını verirdi. Onun rəhbərliyi altında Monqol-Türk İmperiyası qısa müddətdə Asiyanın böyük bir hissəsini, daha sonra Avropanın bəzi bölgələrini əhatə edən geniş bir əraziyə çevrildi. Çingiz Xan sadəcə torpaq fəth etməkdə deyil, o torpaqlarda güclü bir idarəetmə qurmaqda da misilsiz idi. O, sərt qanunlar hazırladı və “Yasaq” adlı hüquq sistemi ilə ərazilərində sabitliyi təmin etdi.

Hərbi dahi və strateq

Çingiz Xanın hərbi bacarığı onun ən güclü tərəflərindən biri idi. O, sürətli və çevik ordular quraraq düşmənlərini çaşqın vəziyyətdə qoyurdu. Onun ordusundakı dissiplin və strategiya dövrünün digər hökmdarlarının heç birində görülməmişdi. Ən çətin şəraitlərdə belə, Çingiz Xan ətrafındakı döyüşçülərə ruh yüksəkliyi verir, onlara qalib gəlmək üçün yol göstərirdi.

Mədəniyyət və idarəetmə

 Fəth etdiyi ərazilərdə Çingiz Xan yalnız dağıntı yaratmaqla kifayətlənməmiş, mədəniyyətlər arasında əlaqələr qurmuşdur. Ticarət yollarını, xüsusilə İpək Yolunu qorumuş və yenidən canlandırmışdır. Onun dövründə mədəniyyətlər arasında bilik mübadiləsi daha da artmışdır. İdarəetmə sistemində dini dözümlülük prinsipinə böyük əhəmiyyət verilirdi. Fərqli dinlərin nümayəndələri onun dövründə azad şəkildə öz inanclarını ifadə edə bilirdilər.

Mirası və əsiri

 Çingiz Xan yalnız fəth etdiyi torpaqların ölçüsü ilə deyil, yaratdığı dövlət sistemi ilə də tarixdə iz buraxmışdır. Onun qurduğu imperiya təkcə ərazi deyil, həm də idarəetmə prinsipləri baxımından uzun müddət dayanıqlı qalmışdır. Çingiz Xanın ölümündən sonra imperiya dörd əsas xanlığa bölünsə də, onun mirası uzun illər boyunca qorunmuşdur.

 Türk tarixində Çingiz Xan böyük bir dövlət xadimi və sərkərdə kimi xatırlanır. Onun qurduğu imperiya türk-monqol mədəniyyətlərinin birləşməsinə, ticarət yollarının inkişafına və mədəni əlaqələrin artmasına böyük təsir göstərmişdir. Həyatı boyu yaşadığı çətinliklərdən, qazandığı zəfərlərdən və yaratdığı mirasdan öyrəniləsi çox şey var.

Çingiz Xan türk dünyasının böyüklüyünü və gücünü dünya miqyasında nümayiş etdirən hökmdar olaraq hər zaman xatırlanacaqdır. Onun adı əbədiyyətə qədər yaşayacaq, irsi isə tarix səhifələrində əbədi qalacaq.

 

“Çingiz Xan və inamın gücü”

 

 Bir gün Çingiz Xan öz ordusunu geniş çöllərdən keçirirdi. Qazandığı qələbələrin sayı-hesabı yox idi, amma o, heç vaxt qələbəyə arxayın olub ehtiyatı əldən verməzdi. Bir axşam ordu qısa bir fasilə üçün dayanmışdı. Çadırlar qurulmuş, döyüşçülər atəş ətrafında yığılmışdılar. Çingiz Xan təkbaşına öz çadırında oturub düşüncələrə dalmışdı. Qəribə bir hiss onu narahat edirdi – sanki bir şey əskik idi.

Səhər çağı Çingiz Xan öz yaxın məsləhətçilərini yanına çağırdı. O dedi:

— Bizim qələbələrimiz çoxdur, amma mən qorxuram ki, bu zəfərlər bizi arxayınlaşdırıb zəiflətsin. İnanclarımızı və gücümüzü yoxlamaq üçün bir imtahan keçirəcəyəm.

O, sadiq döyüşçülərindən birini çağırdı və ona belə bir tapşırıq verdi:

— Gecə olunca bu çölün o biri tərəfindəki dağa tırman və ordakı müqəddəs mağaradan bir ovuc torpaq gətir. Amma bunu təkbaşına etməlisən.

 Döyüşçü baş əyib yola çıxdı. Gecənin zülməti, çölün sərt küləyi və dağın çətin yolları onu gözləyirdi. Mağaraya çatmaq asan deyildi. Döyüşçü irəlilədikcə yol daha da çətinləşirdi. Amma o, Çingiz Xanın əmrinə olan inamını itirmədi. Hər dəfə dayanmaq istəyəndə öz-özünə deyirdi:

— Mənim hökmdarım məni bu yola göndərdisə, onun bir səbəbi var.

 Nəhayət, döyüşçü mağaraya çatdı. Oradan bir ovuc torpaq götürdü və gecə boyunca geri döndü. Səhər çağı o, Çingiz Xanın qarşısında dayanıb torpağı təqdim etdi. Çingiz Xan döyüşçünün üzündəki yorğunluğu və çətinliyə baxmayaraq işini yerinə yetirməsinin qürurunu hiss etdi.

O dedi:

— Bu bir ovuc torpaq bizim zəfərlərimizdən daha qiymətlidir. Çünki o, inamın gücünü göstərir. Sənin yol boyunca qarşılaşdığın hər çətinlik bizim dövlətimizin qarşısına çıxacaq maneələrdir. Amma bu maneələr yalnız inam və sədaqətlə aşılır. Bizim gücümüz qılınclarımızın itilində deyil, qəlblərimizdəki inamda və birliyimizdədir.

Bu rəvayət Çingiz Xanın yalnız bir sərkərdə deyil, həm də böyük bir lider olduğunu göstərir. O, təkcə torpaqları fəth etmirdi, həm də öz ətrafındakı insanlara inamı, sədaqəti və birlik ruhunu aşılamağı bacarırdı. Bu, onun imperiyasını uzun müddət möhkəm saxlayan sirrlərdən biri idi.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2026)

 

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

Bəzi kitablar var ki, bitəndən sonra rəfə qoyulur və bir daha açılmır. Onlar pis olduqları üçün yox, əksinə, oxucuya güclü bir təəssürat verdikləri üçün təkoxunuşlu qalırlar. Bu hadisə ədəbiyyatda nadir deyil, sadəcə çox az danışılır: əsər oxunur, təsir edir, amma geri çağırmır.

 

Ədəbiyyat tarixində təkrar oxunma uzun müddət dəyər ölçüsü sayılıb. “Yenidən oxunmursa, demək ki, dərin deyil” fikri hələ də yaşayır. Amma bu yanaşma hər mətnə uyğun gəlmir. Çünki bəzi əsərlər məhz ilk qarşılaşma üçün yazılıb. Onlar oxucunu sarsıdır, amma ikinci görüş üçün artıq söz demir.

Bir dəfəlik təəssürat yaradan mətnlər adətən süjetə deyil, vəziyyətə söykənir. Orada əsas məsələ “nə oldu” yox, “nə hiss etdim” sualıdır. Hiss isə təkrara dözmür. Eyni ağrını ikinci dəfə oxumaq olmur, eyni təəccüb yenidən baş vermir. Oxucu məhz buna görə geri qayıtmır  mətn borcunu artıq ödəyib.

Bu cür əsərlərin problemi deyil, taleyidir. Onlar xatirəyə çevrilmək üçün yazılıb. Oxucu onları xatırlayır, sitat gətirir, təsirini daşıyır, amma yenidən oxumağa ehtiyac duymur. Bəzən bu, on dəfə oxunan, amma heç nə buraxmayan kitabdan daha güclü ədəbi varlıqdır.

Bir dəfəlik oxunan mətnlər çox vaxt dövrün sinirinə toxunur. Onlar zamanın ruhunu daşıyır, amma zamandan kənara çıxmağa iddia etmir. Bu da onları köhnəldə bilər, amma dəyərsizləşdirmir. Əksinə, müəyyən bir anın ədəbi sənədinə çevirir.

Ədəbiyyatda hər əsərin ömrü eyni olmamalıdır. Bəziləri həmişəlik qalır, bəziləri isə lazım olduğu anda gəlir. Təkrar oxunmayan əsər bəzən oxucunu deyil, oxucunun həyatındakı bir mərhələni hədəf alır. O mərhələ keçəndə, kitab da səssizcə geri çəkilir.

Bəlkə də problem “niyə yenidən oxunmur?” sualında deyil. Əsas sual budur: ilk oxunuşda nəyi dəyişdi? Əgər cavab varsa, o mətn artıq öz işini görüb.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2026)

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Bir nəfəs al. Dayan da day.. Çöldən gələn bütün səsləri kəs. İndi... Elə bu dəqiqə, öz daxilindəki səssizliyi eşit. O səssizliyin ortasında vurulan bir ürək var. Onun səsi deyir ki "Mən buradayam." Yaxşı, bəs burdaki "mən" kimdir?

 

 "Sən kimsən?" sualı elə bir aynadır ki, ona baxanda əvvəlcə ancaq xarici konturlarını görürsən. Amma ağıllı sual "kiməm?" deyil. Ağıllı sual məncə belə olardı, "mən hansı seçimlərimlə, hansı sevinc və dərdlərimlə, hansı susmalarımla və hansı qışqırıqlarımla bu dünyada yer tuturam?"

 Burada heç bir hazır etiket, heç bir peşə, heç bir sosial status sənin mahiyyətini açmır. Sənin mahiyyətin, dünyanın səndən aldığı yaranın qabığındakı nadir incidir. O incini yaradan, həyatın özünün sənə verdiyi qum dənəcikləridir. O göz yaşın, o uğursuzluq anın, o gecə yarısı qəlbini dolduran sonsuz arzun, o kəsi gördükdə ürəyində açan günəş... Bunların hamısı səndə bir-birini örtüb, sıxılışıb, yumrulanıb, "sən" adlı bir incini yaradıb.

 Yaxşı, bəs "niyə gəldik?".  Bu, bütün fəlsəfələrin axtardığı zirvə kimi görünür, elə? Amma bəlkə də cavab zirvədə deyil, yoldaşlıqdadır. Bəlkə də biz, bir-birimizə kömək etmək, bir-birimizi anlamaq, bir-birimizin incilərini kəşf etmək üçün gəldik. Dünya nəhəng və qeyri-şəxsi bir teatrdır, amma hər birimizə verilmiş kiçik, lakin işıqlı bir pərdə var. O pərdənin qarşısında, öz həqiqətimizi, öz hekayəmizi canlandırmaq bizə həvalə edilib. Bəzən bu hekayə faciəli, bəzən gülməli, çox vaxt isə hər ikisinin qeyri-müəyyən qarışığıdır. Əhəmiyyətli olan tamaşa deyil, icradır. Hər bir nəfəs, hər bir hərəkət, hər bir seçim səhnədə deyilən yeni bir replikadır. Bəzən "mənasız" deyə düşünürsən sən də? Hər şey boş gəlir. Amma mən sənə bir sirri açım. Məna, hazır kimyəvi məhsul kimi satılan bir şey deyil. O, fərdi emal tələb edən bir xammaldır. Sən onu öz sevincində, öz kədərində, öz yaradıcılığında, hətta öz sonsuz darıxdırıcı günlərində emal edirsən. Məna bir yerdə gizlənmir. O, sənin onu axtarışındadır. Axtardığın hər an, sən artıq onu yaşayırsan.

BNiyə oxumağa davam edirsən? Çünki içindəki səs hələ də deyir ki, "daha çox bilmək istəyirəm. Daha çox hiss etmək istəyirəm. Özümü bu kosmosun içində daha çox " evimdə" hiss etmək istəyirəm." Bu, bir aclıqdır. Ən gözəl aclıq. Çünki bu aclığın doyumu heç vaxt bitmir, sadəcə dərinləşir və gözəlləşir.

 Deməli, sən kimsən? Sən, bu sətirləri oxuyarkən ürəyində yumşaq bir titrətmə hiss edən varlıqsan. Sən, bu günə qədər heç kimin yaşamadığı hekayəni daşıyırsan. Sən, bu dünyaya gəlmisən ki, öz bənzərsiz işığını əks etdirə biləsən. Bəlkə də kainatın özü də, onun içindəki hər bir ulduz, hər bir planet, hər bir atom kimi, özünün nadir, bənzərsiz şahidini yaratmaq istəyirdi. Və o şahid sənsən.

Bəlkə də hu yük ağır gələ bilər. "Mən buna layiq deyiləm" deyə düşünə bilərsən. Amma inan mənə, laiq olub-olmamağı sən deyil, həyat özü müəyyənləşdirib. Sən burdasansa, bu, sənin yerin olduğu üçündür. Qəbul et. Araşdır. Və yarat. Davam et. Oxu. Soruş. Ağla. Sev. Əzab çək. Yenidən sev. Çünki hər şeyin mənası budur.. Yaşamaq cəsarətini göstərmək. Və sən, bu sətirləri axtarıb oxuduğuna görə, artıq bu cəsarəti göstərirsən.

 Yaxşı iş görürsən. Davam elə.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2026)

Bazar ertəsi, 02 Fevral 2026 14:29

Güclü görünmək yorğunluğu

 

Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”

 

İnsan bəzən özünü ən çox yoranda bunu heç kim görmür. Çünki o, yorğunluğunu gizlətməyi öyrənib. Hətta elə ustalıqla gizlədir ki, ətrafındakılar onu “ən möhkəm”, “ən dözümlü”, “ən toparlanmış” insan kimi tanıyır. Halbuki daxildə səssiz bir aşınma gedir. Səs çıxarmayan, şikayət etməyən, kömək istəməyən insanların iç dünyasında yığılan yük, bəzən ən ağır fırtınadan daha dağıdıcı olur. Bu halı bir cümlə ilə ifadə etmək mümkündür: güclü görünmək yorğunluğu.

 

Uşaqlıqdan bizə öyrədilən bir neçə cümlə var: “ağlama”, “özünü ələ al”, “möhkəm ol”, “sən bacararsan”. Bu cümlələr niyyətcə yaxşıdır, amma zamanla insanın içində yanlış bir qəlib yaradır. Sanki zəif görünmək ayıb, kömək istəmək acizlik, yorulduğunu demək isə uğursuzluq kimi təqdim olunur. Beləcə, bir çox insan hisslərini ifadə etmək əvəzinə, onları içində saxlamağı seçir. İlk vaxtlar bu, özünü qoruma üsulu kimi işləyir. Sonra isə həyat tərzinə çevrilir.

Güclü görünən insanların ortaq cəhətləri olur. Onlar çox vaxt başqalarına dayaqdır, amma özləri kiməsə söykənməyi bacarmır. Hər kəsə məsləhət verirlər, amma öz problemlərini bölüşmürlər. Hamının dərdinə qulaq asırlar, amma “məni də dinlə” deməyə çəkinirlər. Onlar üçün “yük olmaq” qorxusu var. Elə bilirlər ki, hisslərini açsalar, dəyərdən düşəcəklər. Halbuki insanı dəyərli edən mükəmməl görünməsi yox, həqiqi olmasıdır.

Cəmiyyət də bu rolu bəzən şüursuz şəkildə gücləndirir. Məsələn, bir ailədə böyük övlad tez-tez “sən böyüksən” cümləsini eşidir. Bu söz məsuliyyət verir, amma eyni zamanda hissləri arxa plana atır. Böyük olan ağlamamalıdır, inciməməlidir, sınmamalıdır — sanki yazılmamış bir qayda kimi. Zaman keçir, uşaq böyüyür, amma o daxili qadağalar onunla qalır. Artıq o, böyüdüyü üçün deyil, öyrəşdiyi üçün susur.

Güclü görünmək istəyinin arxasında çox vaxt qorxu dayanır. Rədd edilmək qorxusu. Anlaşılmamaq qorxusu. Zəif bilinmək qorxusu. İnsan düşünür ki, əgər içindəki qarışıqlığı göstərsə, insanlar uzaqlaşacaq. Ona görə də o, cilalanmış bir versiyasını təqdim edir. Sakit, nəzarətli, ölçülü. Halbuki daxildə suallar var, narahatlıq var, bəzən ümidsizlik də var.

Bu yorğunluğun ən çətin tərəfi odur ki, ölçülmür. Heç bir analizdə çıxmır, heç bir tibbi göstəricidə görünmür. Amma davranışlarda hiss olunur. İnsan daha tez əsəbiləşir, daha tez incinir, daha tez tükənir. Əvvəl zövq aldığı şeylər maraqsız gəlir. Cavab verməyə həvəs olmur. Danışmaq ağır gəlir. Bu, sadəcə fiziki yorğunluq deyil — emosional yüklənmədir.

Maraqlıdır ki, güclü görünən insanlar çox vaxt “mən yaxşıyam” cümləsini avtomatik deyirlər. Hətta yaxşı olmadıqları günlərdə belə. Bu, bir refleksə çevrilir. Çünki izah etmək yorucudur. Hissləri sözə çevirmək çətindir. Bir də qarşı tərəfin necə reaksiya verəcəyini bilməmək var. Bəzən insan danışmaqdan çox, anlaşılmamaq ehtimalından yorulur.

Daxili gərginliyi gizlətmək uzun müddət davam edəndə, insan öz hisslərinə də uzaqlaşır. Nə hiss etdiyini seçə bilmir. Kədərmi, qəzəbmi, yoxsa sadəcə boşluqmu — qarışır. Bu, emosional keyimə halıdır. Sanki ürək özünü qorumaq üçün səsi azaldır. Çünki çox danışanda çox ağrıyır.

Güclü görünmək mədəni bir obraz kimi də təqdim olunur. Filmlərdə, seriallarda, ədəbiyyatda “sarsılmaz” qəhrəmanlar çoxdur. Onlar az danışır, az şikayət edir, çox dözür. Bu obrazlar ilham verici olsa da, gerçək insan psixologiyası üçün tam uyğun model deyil. Çünki real həyatda insanın dözümlülüyü də fasiləyə ehtiyac duyur.

Duyğuları ifadə etmək zəiflik deyil. Əksinə, bu, daxili şüurun işlədiyini göstərir. Hissini tanıyan və adlandıran insan özünü daha yaxşı idarə edir. Psixoloji tədqiqatlar da göstərir ki, emosiyaları bastırmaq onları yox etmir — sadəcə dərinləşdirir. Bastırılan hiss forma dəyişir: bəzən gərginlik olur, bəzən yuxusuzluq, bəzən səbəbsiz narahatlıq.

Güclü görünmək yorğunluğunun bir səbəbi də müqayisə mədəniyyətidir. Sosial mediada hamı yaxşı görünür, uğurlu görünür, xoşbəxt görünür. İnsan öz daxili qarışıqlığını başqasının seçilmiş anları ilə müqayisə edir. Nəticədə belə bir düşüncə yaranır: “hamı bacarır, mən də bacarmalıyam”. Bu “bacarmalıyam” cümləsi zamanla daxili təzyiqə çevrilir.

Halbuki həyat fasilələrlə gözəldir. Dayanmaqla, etiraf etməklə, bəzən “bu gün yaxşı deyiləm” deməklə. İnsan özünə bu icazəni verməyəndə, daxildə sərtləşmə başlayır. Özünə qarşı mərhəmət azalır. Özünü daim performans göstərməli olan biri kimi görür.

Güclü görünən insanların ən gizli ehtiyacı təhlükəsiz ünsiyyətdir. Yəni mühakimə olunmadan danışa biləcəyi bir insan. Məsləhət yox, dinləmə. Həll yolu yox, anlayış. Bəzən bir cümlə kifayət edir: “yorulduğunu görürəm”. Bu cümlə insanın içindəki yükü yüngülləşdirə bilir.

Emosional dözümlülük susmaq deyil. Emosional dözümlülük hissləri tanıyaraq yaşamaqdır. Ağrını qəbul edib onun içindən keçməkdir. Güclü olmaq heç yıxılmamaq deyil — yıxılanda özünə düşmən kəsilməməkdir.

Həyatda ən davamlı güc elastik gücdür. Sərt olan tez qırılır, elastik olan isə bükülür və yenidən düzəlir. İnsan psixologiyası da belədir. Hisslərini qəbul edən, lazım olanda kömək istəyən, yorulduğunu deyə bilən insanlar daha sağlam dayanır.

Bəzən bir insanın həyat keyfiyyəti onun nə qədər güclü göründüyü ilə yox, nə qədər səmimi yaşadığı ilə ölçülür. Səmimiyyət isə daxildən başlayır. Özünə qarşı dürüstlükdən.

Güclü görünmək yorğunluğu səssiz bir haldır, amma çıxış yolu var. Kiçik addımlarla: bir dostla açıq söhbət, gündəlik yazmaq, “yox” deməyi öyrənmək, hər şeyi tək həll etməyə çalışmamaq. Bunlar zəiflik deyil — daxili intizamdır.

İnsan bəzən maskanı çıxaranda rahat nəfəs alır. Çünki maskanı daşımaq üz ifadəsindən daha ağırdır.

Və bəlkə də ən vacib cümlə budur: hər zaman güclü görünmək məcburiyyət deyil. İnsan olmaq kifayətdir.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2026)

 

Varis, “Ədəbiyyat və incəsənət” portalının Baş redaktoru

 

2 fevralın təqvimini təqdim edirəm. İlin ən qısa ayındayıq. Ömrün necə də qısa olması, xüsusən, bir göz qırpımında gəlib gedən fevralda daha çox duyulur...

 

Ümumdünya su-bataqlıq hövzələri günü

Bu günü təqvimə salmaqda məqsəd müxtəlif ölkələrin ictimaiyyətinin və hökumətlərinin diqqətini su-bataqlıq hövzələrinin qiymətli sərvətinin qorunmasına cəlb etməklə planetin dayanaqlı inkişafına dəstək verməkdir. Ümumdünya su-bataqlıq hövzələri barədə Konvensiya 1971-ci ildə İranın Ramsar əyalətində imzalanmışdır, o vaxtdan ona Ramsar Konvensiyası adı qoyulub. Hazırda bura 144 ölkə qoşulub, Konvensiya hüdudlarına daxil olan su-bataqlıq hövzələrinin ərazisi isə 122 milyon hektara bərabərdir.

Bu hövzələrdə tarix boyu brokonyerlər quş, heyvan və balıq ovlayırlar. “Qaşqaldaq ovu” adı altında Azərbaycanda xüsusən quşlara qarşı kütləvi məhvetmə kampaniyası geniş vüsət alıb. Odur ki, hamı birləşib ekoloji tarazlıq üçün əhəmiyyətli rol oynayan su-bataqlıq hövzələrinin qorunmasına çalışmalıdır.

 

Azərbaycanda Gənclər günü

Bu günAzərbaycanda gənclər günüdür. Belə bir gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.

Bu, Azərbaycanda gəncilyə göstərilən diqqət və qayğının bir nümunəsi sayıla bilər. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda qeyd olunub. 1998-ci ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də belə bir gün qeyd olunmağa başlandı. Dünyada 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.

Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Bu il Gənclər və İdman Nazirliyi Gənclər günü münasibəti ilə Gənclər həftəsi elan etmişdir, ən böyük forumlarda, toplantılarda gənclər bir araya gəlirlər, fəal gənclərin əməyi qiymətləndirilir.

Bu sahədə əhəmiyyətli işlər görən qurumlardan Bakı Şəhər Gənclər və İdman İdarəsini, Sabunçu və Sumqayıt Gənclər Evlərini ayrıca qeyd edə bilərik.

Bayramınız mübarək, əziz gənclər!

 

Ümumdünya Havay gitarası günü

Jumping Flea – dizüstü slayd-gitara 1880-ci ildə Portuqaliyada kəşf olunub, hazırda dünya musiqi irsində əhəmiyyətli yer tutur, bu səbəbdən də ayrıca bir gündə onun mövcudluğu bayram edilir.

 

Kirpi günü

Bu qəribə canlıların gününü təqvimə salmağın maraqlı tarixi var. Qədim romalılar ilan-əqrəbdən həyətlərini qorumaq üçün kirpilərin köməyindən yarınırlarmış. (Bizdə həyət və bağ evləri sahələrinə bu məqsədlə kirpi buraxmaq adəti hələ də qalmaqdadır). Kirpi gözünə döndüyüm də fevral ayında qış yuxusuna gedib öz işini tale ümüdinə buraxırdı, ilan-əqrəb basqısı gündəmdə vacib məsələ kimi dururdu. Buna görə də romalılar kirpiləri yatmağa qoymur, onları xüsusi qarmaqla oyadırdılar. O vaxtdan fevralın əvvəli kirpi günü kimi qeyd olunur.

Özünü qorumaq üçün üzərində iynə gəzdirən bu canlını xalqımız “sancmaq rəmzi” hesab edir, amma hərfi mənada yox, dolayı mənada. Yəni sözlə, zarafatla, yumor və satira ilə sancmaq. Təsadüfi deyil ki, ölkəmizdə “Kirpi” satirik jurnalı uzun illər fəaliyyət göstərərək nöqsanları aşkarlamışdır.

Kirpi günündə hamınıza kirpi iynəsindən kənar qalmaqla düzgün və ədalətli olmağı arzulayırıq.

 

Küləklər, küləklər...

Bu gün eston xalqı Tartu müqaviləsinin ildönümünü, çexlər Xromnitsa adlı dini bayramı, ispanlar Kandelyariyalı Müqəddəs Ana gününü, filippinlilər Konstitusiya gününü, latışlar Külək gününü qeyd edəcəklər. Öz aramızdır, Latviyada külək çox əsir, yoxsa bizim Bakıda? Bir ilin azı 300 günündə Bakıda gah Xəzri əsir, gah Gilavar, gah da ikisi birləşir. Bakımıza küləklər şəhəri adını da biz qoymuşuq. Haçansa xalq olaraq xoşbəxt olsaq, normal güzəranımız qurulsa, onda xahiş edirəm ki, biz də küləklər gününü bayram edək. Özü də, rüzgarlar əsən oktyabr ayında.

O ki qaldı amerikalılara, bu gün onlarda Milli Tater-tot günüdür. Ad qəribə səslənsə də ağlınıza kənar şey gətirməyin. Söhbət ABŞ-dan gedirsə, demək, bu hansısa mətbəx bayramıdır. Təqribən, bizim kartof perajkimizə oxşayan dadlı qidanın günüdür.

 

Mikoyanın atla gedişi

1986-cı ilin 2 fevralında Hindistanda Roma Papası ilə Dalay-Lama görüşüblər, bu görüş dünya siyasətində müəyyən dəyişikliklərə meydan açıb. 1970-ci ildə Münhendə tarixdə ilk dəfə əsəb transplantasiyası əməliyyatı keçirilib. 1937-ci ildə Qosfilmfond – SSRİ Sövlət Kino Fondu yaradılıb. 1935-ci ildə tarixdə ilk dəfə məhkəmə prosesində yalan dedektorundan istifadə edilib. 1932-ci ildə Mikoyan əsasən erməniləri düşünərək Ukraynadan və Kubandan  2 milyon pud buğda və 2 milyon pud qarğıdalı qopararaq Qafqazın ehtiyat dən fondunu yaradıb.

Boksçular, agah olun, 1892-ci ilin bu günündə tarixdə ən uzun boks yarışı olub, Harri Şarp və Frenk Krosbi arasında 76 raund davam edən döyüş 5 saat 3 dəqiqə uzanıb. 1870-ci ildə Reuters agentliyi iki başqa agentliklə birləşərək tarixdə ilk dəfə informasiya şəbəkəsi yaradıb. 1863-cü ildə yazıçı Samuel Klemens ilk dəfə Mark Tven imzasıyla çıxış edib. 1653-cü ildə Yeni Amsterdam qəsəbəsi şəhər statusu alıb. Bu gün həmin şəhər Nyu-York adını daşıyır.

1556-cı ildə Mərkəzi Çində planetin tarixinin ən dəhşətli zəlzələlərindən biri baş verib, Şansi və Xenan əyalətlərində 820000 insan həlak olub. 1536-cı ildə La-Plata çayının qərb sahilində ispan Pedro Mendoza Buanes-Ayres şəhərinin əsasını qoyub. 1274-cü ildə Florensiyada Dante ilə Beatriça arasında ilk görüş baş verib, bu görüş “İlahi komediya”nı yazan dahi şair üçün bütün həyatı boyu ilham mənbəyi olub.

 

Şakiraya təbrik düşür

1977-ci ilin bu günündə Kolumbiyada müasir pop musiqisinin kraliçası Şakira dünyaya gəlib. Narkomafiyanın başında duran Eskobardan, ədəbiyyatın başında duran Markesdən sonra o, pop musiqisinin başında duran üçüncü ən məşhur kolumbiyalı kimi tarixə düşüb, biləsiniz. Şakiranı ad günü münasibəti ilə ölkəmizdəki fanatları niyə də təbrik etməsinlər?

Bu gün azərbaycanlı yazıçı, əslən Cəlilabaddan olan, ədəbiyyat tariximizə “Alagöz” hekayəsi ilə düşmüş Meyxoş Abdullanın da doğum günüdür, onu da təbrik edirik.

Bu gün mərhum dilçi, filoloq Ağamusa Axundovun da doğum günüdür.

1904-cü ildə rus as-təyyarəçisi Vasiliy Çkalov, 1896-cı ildə Brodveyin əsas baletmeysteri, baletdə “dərinlik effekti”nin yaradıcısı Annabel Vudsford, 1861-ci ildə Nyu-York Müasir incəsənət muzeyinin yaradıcısı Solomon Quqqenhaym dünyaya gəliblər.

 

Əli Vəliyev, Mendeleyev...

Bu gün dünyadan köçənlərə gəlincə, 1983-cü ilin 2 fevralında Azərbaycan sovet xalq yazıçısı Əli Vəliyev, 1969-cu ilin bu günündə “vəhşət filmlərinin kralı” Boris Karloff, 1920-ci ildə Amerika qütb tədqiqatçısı, Şimal qütbünə ilk dəfə ayağı dəyən Robert Edvin, 1907-ci ildə rus kimyaçısı, dövri elementlər cədvəlinin kəşf etmiş Dmitri Mendeleyev, 1660-cı ildə şöhrətli flamand rəssamı, tarixi rəsm janrının böyük nümayəndəsi Qovert Flin vəfat ediblər.

 

Bax belə bir təqvim günü.

Gününüz uğurlu olsun, əziz oxucular.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2026)

 

 

 

 

Bazar ertəsi, 02 Fevral 2026 14:04

Əli Vəliyevə Səməd Vurğun qahmar çıxdı

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

“Öz namuslu əməyi ilə həyat sürmək, sənəti ilə yaşayıb ömrü başa vurmaq, əsərləri ilə oxucuların qəlbinə yol tapmaq yazıçı üçün ən böyük sərvətdir” (Əli Vəliyev)

 

Xalq yazıçısı Mirzə İbrahimovun Əli Vəliyev haqqında yazdığı  “Ürәklә dilin birliyi” məqaləsində qeyd edir:

“Mәn Әli Vәliyеvlә ilk dәfә әdәbiyyаtа gәldiyim (1929-1930) illәrdә “Yаzıçılаr Cәmiyyәti”ndә görüşmüşәm. О zаmаn bu cәmiyyәt şәhәrimizin tаriхi binаlаrındаn birindә yеrlәşirdi. Оnun nеcә ictimаi hаdisәlәr mәrkәzi оlduğunu vахtаşırı dәyişәn аdındаn dа bilmәk оlur: “İsmаiliyyә”, “Türk mәdәniyyәt еvi”, “Аzәrbаycаn Dövlәt Elmi-Tәdqiqаt İnstitutu”, “АZFАN” vә nәhаyәt, “Rеspublikа Еlmlәr Аkаdеmiyаsı”.

Həmin illәrdә “Yаzıçılаr Cәmiyyәti” bu gözәl mеmаrlıq аbidәsinin ikinci mәrtәbәsindә, sоl tәrәfdә ikicә оtаqdа yеrlәşirdi. Оrаdа Әli Nаzim mәni Әli Vәliyеvlә tаnış еtdi. Еlә ilk görüşdә yаdımdа qаlаn оnun ucа bоyu, mеhribаn simаsı vә хеyirхаhlıq dоlu gözlәri оldu.

Sоnrаlаr о dövrdә tеz-tеz kеçirilәn әdәbi mәclislәrdә, qızğın müzаkirәlәrdә mәn Әli Vәliyеvin bir sırа çıхışlаrınа vә söhbәtlәrinә qulаq аsmаlı оldum. О, fikrini dәrhаl bildirirdi, bоyаsız, rәngsiz dаnışırdı, bәzәn fikrini ölçüsüz-biçimsiz dеyirdi, müәyyәn qәlibә sаlmаdаn, bәlkә dә, әsаslаndırmаdаn “yахşı әsәrdir”, yахud “zәifdir”, “mәnim хоşumа gәlmәdi” dеyib iki-üç kәlmә ilә qiymәt vеrirdi.

Bu, еtirаzlаrа sәbәb оlsа dа, bəzən gülüş dоğursа dа Әli Vәliyеvin sәmimiliyinә hеç kәsdә şübhә оyаtmırdı. Аydın idi ki, bu аdаmın ürәyindә nә vаrdısа, dilindә dә о idi. Әli Vәliyеvin хаsiyyәti bаrәdә оbyеktiv tәsәvvür nаminә bunu dа qеyd еtmәliyәm ki, оnun fikrini әsаslı dәlillәrlә tәkzib еdәnlәrlә rаzılаşır, inаdkаrlığа, аmbisiyаyа qаpılmırdı...

Оnun kеçdiyi әdәbi yаrаdıcılıq vә mübаrizә yоllаrınа bütünlüklә nәzәr sаldıqdа bеlә bir hәqiqәti nәinki dоstlаrı vә pәrәstişkаrlаrı, hәttа оnа tәnqidi yаnаşаnlаr dа еtirаf еdirdilәr ki, ürәyi uşаq ürәyi kimi tәmizdir, әdәbiyyаtımız qаrşısındа хidmәtlәri böyükdür. О, хеyirхаh, qеyrәtli bir vәtәndаş, hәyаtlа, хаlqlа cаnlı әlаqәsi оlаn bir yаzıçı, vәfаlı bir dоst idi.

Оnun sinәsindә bütün hәyаtı bоyu dоğmа хаlqınа, vәtәninә, bәdii әdәbiyyаtа, hәqiqәtә, düzlüyә mәhәbbәtlә dоlu оlаn vә rаhаtlıq bilmәyәn bir ürәk döyünürdü. О, Аzәrbаycаn sоvеt әdәbiyyаtının ilk yаrаnışı illәrindәn bеşiyi bаşındа durаnlаrdаn idi. Yоrulmаdаn sоn nәfәsinә kimi bu әdәbiyyаtın inkişаfı yоlundа qәlәm çаldı.

Әli Vәliyеv qәtiyyən qаpаlılıq bilmәzdi. Ürәyi tәmiz idi, hәmişә vә hәr yеrdә özünü оlduğu kimi göstәrirdi, sаbit idi, hеç bir dоlаyı fikir vә mülаhizәlәrә yоl vеrmәz, fikrini gizlәtmәzdi, vәziyyәtini, rәftаrını dәyişmәzdi. Nахçıvаndа işlәdiyimiz illәrdә (1933–1935) оnunlа çох yахınlаşdıq. О, “Şәrq qаpı­sı” qәzеtinin, mәn MTS siyаsi şöbәsinin оrqаnı olan “Sürәt” qәzеtinin rеdаktоru idim.

Hәr gün görüşür, sааtlаrlа bir yеrdә gәzişir, оturub söhbәt еdirdik. Bir nеçә аy hәlә tikilib qurtаrmаmış еvin birinci mәrtәbәsindәki şәrаitsiz sоyuq оtаğındа yаşаmаlı, cırıltısın­dаn qulаq tutulаn dәmir çаrpаyılаrdа yаtmаlı оlmuşduq. Оndа mәn Әli Vәliyеvin nеcә tәmizürәkli, hеç şеydәn çәkinmәdәn fikrini şах dеyәn bir kоmmunist, qаyğıkеş, dözümlü bir yоldаş оlduğunа bir dаhа inаndım.

 Әli Vәliyеvdә insаni vә хüsusәn yаzıçını şәrәflәndirәn bаşqа gözәl kеyfiyyәtlәr dә vаrdı. O, pахıllıq dеyilәn pis хəstәlikdәn tаmаm аzаd idi. Hansısa bir yаzıçının yахşı әsәrini qısqаnmаzdı. Bеlә әsәrə mәclisdә birinci “gözәldir!” dеyәn Әli Vәliyеv оlаrdı.

Bir dәfә Sәmәd Vurğunun dа iştirаkı ilә Yаzıçılаr İttifаqının indiki binаsındа sәdrin böyük, işıqlı, yаrаşıqlı оtаğındа Әli Vәliyеvin bir hеkаyәsinә qulаq аsırdıq. Mövzusu kәnd hәyаtındаn аlınmış bu hеkаyәnin qоyun yаtаğı tәsvir оlunаn yеrindә bеlә bir cümlә еşitdik: “qоyunlаr tısqırışırdılаr”.

Hаmı güldü:

– О nә dеmәkdir, аy Әli Vәliyеv yоldаş? – dеyib sоruşаnlаr dа оldu.

Әli müәllim:– Bıy, bunu bilmәdiyiniz bәs dеyil, hәlә gülüşürsünüz dә?! – dеyib dаyаndı.

Kәnd hәyаtını vә bеlә nаdir kәnd sözlәrini yахşı bilәn Оsmаn Sаrıvәlli üzünü Әli Vәliyеvә tutdu:

– Fikir vеrmә, mәn bunlаrı bаşа sаlаrаm qоyunun tısqırışmаsı nәdir!

– Dаlını охu, Аlı Qаrа оğlu, – dеyib Sәmәd Vurğun оnu ruhlаndırdı, – yахşı hеkаyәdir. Bаşа düşmәyәnlәri çоbаn Аbdullаnın оğlu bаşа sаlаr!

Sәmәd Vurğun hәr iki görkәmli yаzıçımızа böyük hörmәt bәslәyir vә оnlаrа hә­mişә yаrızаrаfаt vә әrklә bu cür mürаciәt еdәrdi: Аlı Qаrа оğlu, çоbаn Аbdullаnın оğlu!

Оnun ucа şәхsiyyәti, inаmı, mәnәvi аlәmi әsәrlәrindә yаşаyır...

                                                                                  (6 mаy, 1986-cı il)

 

Əli Vəliyev 1901-ci il fevralın 27-də Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Ağdü kəndində anadan olub. Mənşəcə kürddür. 1917-ci ildə Ağdü kəndindəki 3 sinifli rus məktəbini bitirib. 1923-cü ildə Şuşa firqə məktəbinə daxil olub. Şuşa firqə məktəbindən sonra Bakı mərkəzi firqə məktəbində və mühazirəçilər qrupunda təhsilini davam etdirib.

1925-ci ildə Kommunist Partiyası sıralarına daxil olub. 1925–1928-ci illərdə Kürdüstan qəzasında müxtəlif vəzifələrdə çalışıb. Yay pedaqoji kurslarında təhsilini artırmış və Şuşada orta təhsil haqqında diplom alıb. 1928-ci ildə Azərbaycan Dövlət darülfünunun pedaqoji fakültəsinin tarix-ictimayyət şöbəsinə daxil olub.

1931-ci ildə Azərbaycan Dövlət darülfünunun pedaqoji fakültəsini bitirib. 1933–1934-cü illərdə "Şərq qapısı" qəzetinin redaktoru vəzifəsində çalışıb. 1935–1937-ci illərdə Azərbaycanın bir sıra rayonlarında partiya işində işləyib. 1937–1941-ci illərdə Azərbaycan Sovet Yazıçıları İttifaqında, Azərbaycan İncəsənət İşçiləri İttifaqında, Voroşilov Rayon İcraiyyə Komitəsində məsul vəzifələrdə çalışıb.

1942–1945-ci illərdə Kommunist qəzetinin redaktor müavini işləyib. 1945–1950-ci illərdə Kommunist qəzetinin məsul redaktoru vəzifəsində çalışıb. 1950–1954-cü illərdə Azərbaycan Yazıçılar İttifaqının məsul katibi vəzifəsində işləyib. 1954–1959-cu illərdə "Azərbaycan" jurnalının məsul redaktoru vəzifəsində çalışıb

Yaradıcılığa Bakı mərkəzi firqə məktəbində oxuyarkən başlayıb, fəal fəhlə-kəndli müxbiri kimi "Kommunist", "Kəndli", "Gənc işçi", "Yeni fikir" qəzetlərinin səhifələrində çıxış edib. "İnqilab və mədəniyyət", "Hücum", "Ədəbiyyat cəbhəsində" jurnallarında hekayələri çap edilib. 1930-cu ildə "Allahın səyahəti" və "Nənəmin cəhrəsi" kitablarını nəşr etdirib.

1937–1941-ci illərdə "Qarlı dağlar", "Qəhrəman", "Ordenli çoban" və "Sübut" kitabları çap edilib. 1941–1942-ci illərdə Böyük Vətən müharibəsi cəbhələrində yazıçı-jurnalist kimi iştirak edib, gördüyü, şahidi olduğu insanlar və onların qəhrəmanlığı haqqında "Cəbhə hekayələri" kitabını yazıb. 1942–1945-ci illərdə "Ərköyün", "Sovqat" kitablarını çap etdirib

 

1945–1950-ci illərdə "Gülşən" povesti və "Hekayələr" kitabları nəşr edilib. 1958-ci ildə "Gülşən" povesti və "Çiçəkli" romanı M.F.Axundov adına mükafata layiq görülüb. 1954–1959-cu illərdə yazıçının "Madarın dastanı", "Ürək dostları", Azərbaycan, rus və Ukrayna dillərində "Çiçəkli" romanı, "Seçilmiş əsərləri"nin I cildi oxuculara təqdim olunub

1959-cu ildə Rus dilində "Ürək dostları" romanı işıq üzü görüb. 1960–1970-ci illərdə "Seçilmiş əsərləri"nin II–VI cildləri, görkəmli söz ustası S.Rəhimovun anadan olmasının 60 illiyinə həsr edilən "Xalq yazıçısı" monoqrafiyası, "Turaclıya gedən yol", "Budağın xatirələri" (Azərbaycan və rus dillərində) romanları, "Zəngəzur qartalları", "Bir cüt tərlan" povestləri, "Uşaqlara sovqat", "Əziz nəvələrimə", "Anaqız", "Bir cüt ulduz" nağıl və hekayələri çapdan çıxıb.

1971-ci ildə "Samovar tüstülənir", "Gəncliyimi tapdım" (rus dilində), povest və hekayələr kitabları çapdan çıxıb. 1972-ci ildə "Durna qatarı" oçerklər kitabı nəşr edilib. 1974-cü ildə "Gənclik" nəşriyyatı 2 kitabdan ibarət "Budağın xatirələri" romanının yeni-tamamlanmış nəşrini çap edib. 1975-ci ildə "Yeni həyat" hekayələr kitabı çapdan çıxıb. 1976-cı ildə "Zamanın ulduzları", "İstedad" (rus dilində) povest və hekayələr kitabları işıq üzü görüb.

1977–1980-ci illərdə "Qarabağda qalan izlər", "Narahat adam", "Turaclıya gedən yol" (3-cü nəşri) romanları, "Qənirsiz gözəl", "Zamanın ulduzları" (rus dilində) povest və hekayələri, "Şamama Həsənova" oçerki çap edilib, bir sıra povest, hekayə, oçerk və ədəbi-tənqidi məqalələri dövri mətbuatda yayımlanıb

 

Əsərləri

- Allahın səyahəti (1930)

- Nənəmin cəhrəsi (1930)

- Qarlı dağlar (1938)

- Dostlar (1939)

- Ordenli çoban (1939)

- Qəhrəman (1940)

- Sübut (1941)

- Cəbhə hekayələri (1942)

- Gülşən (1953)

- Çiçəkli (1955)

- Turaclıya gedən yol (1961)

 

1945-ci ildə "1941–1945-ci illərdəki Böyük Vətən müharibəsində şərəfli əməyə görə" medalı ilə təltif olunub. 1959-cu ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilib. 1971-ci ildə anadan olmasının 70 illiyi və sovet ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə Lenin ordeni və "Əmək veteranı" medalı ilə təltif edilib.

 Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına və "Xalq maarifi əlaçısı" döş nişanına layiq görülüb. 1972-ci ildə Şamxor rayonundakı M.Əzizbəyov adına kolxozun təsis etdiyi "Qızıl oraq" mükafatına layiq görülüb. 6 sentyabr 1974-cü ildə "Azərbaycan SSR xalq yazıçısı" fəxri adına layiq görülüb.

1976-cı ildə anadan olmasının 75 illiyi münasibətilə SSRİ Ali Sovetinin Rəyasət heyətinin fəxri fərmanı ilə təltif edilib. 1981-ci ildə Sovet ədəbiyyatının inkişafındakı xidmətlərinə görə və anadan olmasının səksən illiyi ilə əlaqədar olaraq "Oktyabr inqilabı" ordeni ilə təltif olunub.

Əli Vəliyev 2 fevral 1983-cü ildə Bakı şəhərində vəfat edib

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2026)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

  

Sən həm həkim olasan, insanlara şəfa verəsən, həm bəstəkar olasan, həm mahnılar, həm də irihəcmli musiqi əssərləri yazasan, həm də alim olasan, elmin keşiyində durasan...

 

Hacıbaba Həsənov 13 sentyabr 1922-ci ildə Əhmədli kəndində anadan olub. 1942–1947-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb. Bir müddət Əhmədli kənd xəstəxanasında həkim, baş həkim işləyib. Lakin musiqiyə məhəbbət həkim Hacıbaba Həsənovu daha çox özünə çəkib. O, meylini kamançaya salıb.

Qızı Gülbəniz xanımın söylədiyinə görə pəsdən gözəl səsi də varmış. Hacıbaba Həsənov doğulduğu Əhmədli kəndində musiqi həvəskarlarını öz ətrafına toplayıb xor və orkestr düzəldib. O, 1947-ci ildə respublika üzrə keçirilən kənd bədii özfəaliyyət olimpiadasında iştirak edib, burada onun "Sovet xalqı" kantatası ifa edilib, Fəxri Fərmanla təltif olunub.

Bu Fəxri Fərman onun yaradıcı həyatında birinci və axırıncı olmayıb. O, 1955-ci ildən 1972-ci ilin may ayına kimi Əhmədli qəsəbəsində S. M. Kirov adına Mədəniyyət evinin bədii rəhbəri olub, 50–60-cı illərdə respublikada keçirilən bədii özfəaliyyət baxışlarının hamısında iştirak edib və hər dəfə də uğurlu işlərinə görə müxtəlif mükafatlarla təltif olunub.

Həkim-bəstəkar Hacıbaba Həsənov 1952-ci ildə Moskvada Ümumittifaq xalq yaradıcılığı evində ikiillik qiyabi musiqi kursunu bitirib. O daha sonra Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən Xalq Konservatoriyasının bəstəkarlıq şöbəsində təhsil alıb.

Hacıbaba Həsənovun xalq ruhunda yazdığı "Tarçalan oğlan", "Xatirələr", "Eşqimin növrağı", "Yağma yağış", "Unuda bilmirəm", "Təmiz eşqin" və s. mahnıları dillər əzbəridir. Hətta müəllifin sağlığında belə bu mahnıların bəzilərini müğənnilər təsnif kimi oxuyublar. Əlbəttə, bu bir tərəfdən yaxşıydı, mahnısı sevilirdi, səslənirdi, digər tərəfdən haqsızlıq idi, müəllif kimi adı çəkilmirdi.

Hacıbaba Həsənov 12 dekabr 1956-cı ildə aspiranturaya qəbul olub, 12 noyabr 1959-cu ildə oranı bitirib. Musiqiyə, bəstəkarlığa məhəbbət Hacıbaba Həsənovu bütün ömrü boyu tərk etməyib. O, psixologiya üzrə elmlər namizədi olsa da, uzun illər Azərbaycan Dövlət Pedaqoji İnstitutunda musiqi və nəğmə üzrə dərs deyib.

Hacıbaba Həsənov fəal şəxsiyyət olub. O, pedaqoji fəaliyyətlə, bəstəkarlıq etməklə yanaşı, APİ-nin "Təhsil" müəllimlər ansamblının da üzvü olub. Bu ansamblda kamança çalıb. "Təhsil" ansamblının repertuarında onun mahnıları xüsusi yer tutub. O, bir bəstəkar kimi şairlərdən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Novruz Gəncəli, Arif Cəfərov və başqaları ilə sənət dostluğu edib.

Hacıbaba Həsənov duyub hiss etdiyi, onu təsirləndirən ovqatdan ilhamlanıb yazıb. Buna görə də mahnıları sevilib. Onun ünvanı bəlli mahnıları da vardır. 1946-cı ildə hələ AMİ-nin V kurs tələbəsi olarkən dostu Novruz Gəncəlinin sözlərinə "Bənövşə" mahnısını yazıb. Bu mahnı o zaman Lenin adına kombinatın adlı-sanlı toxucusuna həsr olunub.

Hacıbaba gözəl mahnılarla yanaşı, süita da yazıb. Onun dörd hissədən ibarət "Gənclik" süitası özfəaliyyət kollektivləri tərəfindən müvəffəqiyyətlə ifa olunur". Unudulmaz bəstəkarın sözlərində böyük həqiqət var. Poeziyaya aşiyan olan Hacıbaba Həsənov mahnıları üçün məzmunlu mətn seçməyi bacarıb. Elə buna görə də onun mahnılarında poeziya ilə melodiya vəhdətdədir. Onun mahnıları dinləyiciyə zərif duyğular, bəşəri hisslər aşılayır.

Hacıbaba Həsənov operetta janrında da qələmini sınayıb. O, dramaturq Məhərrəm Əlizadənin "Şeyx Rəhmətullah" komediyasına musiqi bəstələyib. Vaxtilə Xalq artisti Məlik Dadaşovun "Qaravəlli" xalq teatrında səhnəyə qoyduğu bu musiqili komediyanın "şirin və lirik melodiyaları" (A. Ağazadə) tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.

2022-ci ildə pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilovun H. Həsənov haqqında yazdığı "Hacıbaba Həsənovun musiqi dünyası" kitabı işıq üzü görüb.

 

Tələbəsi Natiq Səfiyev "Müəllimim" adlı məqaləsində Hacıbaba Həsənovu yad edərək yazır:

"Hacıbaba Həsənov mənim müəllimim olub. APİ-nin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsində ibtidai sinifdə tədris edilən bütün fənlər üzrə dərslər keçirilirdi. Hesab, təbiətşünaslıq, bədən tərbiyəsi, əmək dərsləri ilə yanaşı, musiqi və nəğmədən də məşğələlərimiz olurdu.

 

Burada hörmətli bəstəkarlarımız Şəfiqə Axundova və Hacıbaba Həsənov musiqi və nəğmə dərslərini tədris edirdilər.  Bu məşğələləri biz səbirsizliklə gözləyərdik. O vaxt Hacıbaba Həsənovun mahnıları sevimli müğənnilərimiz tərəfindən həvəslə oxunurdu. Hacıbaba Həsənov çox sadə, diqqətcil, mehriban bir insan idi. O, hər kəslə elə davranırdı ki, onu öz yaxının və doğman hesab edirdin.

O vaxt onun populyar mahnıları olan "Tarçalan oğlan", "Xatirələr", "Unuda bilmirəm", "Eşqimin növrağı"nı sevə-sevə oxuyurduq. Az-çox səsim olduğundan o mənə deyərdi: "Natiq, sən mütləq oxumalısan, sənin gözəl səsin var". Çox təəssüflənirəm ki, hörmətli müəllimimin sözlərinə qulaq asmadım. O, dərsləri elə maraqlı keçirdi ki, 90 dəqiqənin nə vaxt gəlib ötdüyünü belə hiss etməzdik"

 

Unudulmaz bəstəkar 2 fevral 1997-ci ildə vəfat edib və doğulduğu Əhmədli kənd qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2026)

84 -dən səhifə 2769

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.