Kirpi günü, Mikoyanın atla gedişi, 8000 dollara qəzet və əlbəttə ki Gənclər Günü Featured

 

Varis, “Ədəbiyyat və incəsənət” portalının Baş redaktoru

 

2 fevralın təqvimini təqdim edirəm. İlin ən qısa ayındayıq. Ömrün necə də qısa olması, xüsusən, bir göz qırpımında gəlib gedən fevralda daha çox duyulur...

 

Ümumdünya su-bataqlıq hövzələri günü

Bu günü təqvimə salmaqda məqsəd müxtəlif ölkələrin ictimaiyyətinin və hökumətlərinin diqqətini su-bataqlıq hövzələrinin qiymətli sərvətinin qorunmasına cəlb etməklə planetin dayanaqlı inkişafına dəstək verməkdir. Ümumdünya su-bataqlıq hövzələri barədə Konvensiya 1971-ci ildə İranın Ramsar əyalətində imzalanmışdır, o vaxtdan ona Ramsar Konvensiyası adı qoyulub. Hazırda bura 144 ölkə qoşulub, Konvensiya hüdudlarına daxil olan su-bataqlıq hövzələrinin ərazisi isə 122 milyon hektara bərabərdir.

Bu hövzələrdə tarix boyu brokonyerlər quş, heyvan və balıq ovlayırlar. “Qaşqaldaq ovu” adı altında Azərbaycanda xüsusən quşlara qarşı kütləvi məhvetmə kampaniyası geniş vüsət alıb. Odur ki, hamı birləşib ekoloji tarazlıq üçün əhəmiyyətli rol oynayan su-bataqlıq hövzələrinin qorunmasına çalışmalıdır.

 

Azərbaycanda Gənclər günü

Bu günAzərbaycanda gənclər günüdür. Belə bir gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.

Bu, Azərbaycanda gəncilyə göstərilən diqqət və qayğının bir nümunəsi sayıla bilər. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda qeyd olunub. 1998-ci ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də belə bir gün qeyd olunmağa başlandı. Dünyada 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.

Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Bu il Gənclər və İdman Nazirliyi Gənclər günü münasibəti ilə Gənclər həftəsi elan etmişdir, ən böyük forumlarda, toplantılarda gənclər bir araya gəlirlər, fəal gənclərin əməyi qiymətləndirilir.

Bu sahədə əhəmiyyətli işlər görən qurumlardan Bakı Şəhər Gənclər və İdman İdarəsini, Sabunçu və Sumqayıt Gənclər Evlərini ayrıca qeyd edə bilərik.

Bayramınız mübarək, əziz gənclər!

 

Ümumdünya Havay gitarası günü

Jumping Flea – dizüstü slayd-gitara 1880-ci ildə Portuqaliyada kəşf olunub, hazırda dünya musiqi irsində əhəmiyyətli yer tutur, bu səbəbdən də ayrıca bir gündə onun mövcudluğu bayram edilir.

 

Kirpi günü

Bu qəribə canlıların gününü təqvimə salmağın maraqlı tarixi var. Qədim romalılar ilan-əqrəbdən həyətlərini qorumaq üçün kirpilərin köməyindən yarınırlarmış. (Bizdə həyət və bağ evləri sahələrinə bu məqsədlə kirpi buraxmaq adəti hələ də qalmaqdadır). Kirpi gözünə döndüyüm də fevral ayında qış yuxusuna gedib öz işini tale ümüdinə buraxırdı, ilan-əqrəb basqısı gündəmdə vacib məsələ kimi dururdu. Buna görə də romalılar kirpiləri yatmağa qoymur, onları xüsusi qarmaqla oyadırdılar. O vaxtdan fevralın əvvəli kirpi günü kimi qeyd olunur.

Özünü qorumaq üçün üzərində iynə gəzdirən bu canlını xalqımız “sancmaq rəmzi” hesab edir, amma hərfi mənada yox, dolayı mənada. Yəni sözlə, zarafatla, yumor və satira ilə sancmaq. Təsadüfi deyil ki, ölkəmizdə “Kirpi” satirik jurnalı uzun illər fəaliyyət göstərərək nöqsanları aşkarlamışdır.

Kirpi günündə hamınıza kirpi iynəsindən kənar qalmaqla düzgün və ədalətli olmağı arzulayırıq.

 

Küləklər, küləklər...

Bu gün eston xalqı Tartu müqaviləsinin ildönümünü, çexlər Xromnitsa adlı dini bayramı, ispanlar Kandelyariyalı Müqəddəs Ana gününü, filippinlilər Konstitusiya gününü, latışlar Külək gününü qeyd edəcəklər. Öz aramızdır, Latviyada külək çox əsir, yoxsa bizim Bakıda? Bir ilin azı 300 günündə Bakıda gah Xəzri əsir, gah Gilavar, gah da ikisi birləşir. Bakımıza küləklər şəhəri adını da biz qoymuşuq. Haçansa xalq olaraq xoşbəxt olsaq, normal güzəranımız qurulsa, onda xahiş edirəm ki, biz də küləklər gününü bayram edək. Özü də, rüzgarlar əsən oktyabr ayında.

O ki qaldı amerikalılara, bu gün onlarda Milli Tater-tot günüdür. Ad qəribə səslənsə də ağlınıza kənar şey gətirməyin. Söhbət ABŞ-dan gedirsə, demək, bu hansısa mətbəx bayramıdır. Təqribən, bizim kartof perajkimizə oxşayan dadlı qidanın günüdür.

 

Mikoyanın atla gedişi

1986-cı ilin 2 fevralında Hindistanda Roma Papası ilə Dalay-Lama görüşüblər, bu görüş dünya siyasətində müəyyən dəyişikliklərə meydan açıb. 1970-ci ildə Münhendə tarixdə ilk dəfə əsəb transplantasiyası əməliyyatı keçirilib. 1937-ci ildə Qosfilmfond – SSRİ Sövlət Kino Fondu yaradılıb. 1935-ci ildə tarixdə ilk dəfə məhkəmə prosesində yalan dedektorundan istifadə edilib. 1932-ci ildə Mikoyan əsasən erməniləri düşünərək Ukraynadan və Kubandan  2 milyon pud buğda və 2 milyon pud qarğıdalı qopararaq Qafqazın ehtiyat dən fondunu yaradıb.

Boksçular, agah olun, 1892-ci ilin bu günündə tarixdə ən uzun boks yarışı olub, Harri Şarp və Frenk Krosbi arasında 76 raund davam edən döyüş 5 saat 3 dəqiqə uzanıb. 1870-ci ildə Reuters agentliyi iki başqa agentliklə birləşərək tarixdə ilk dəfə informasiya şəbəkəsi yaradıb. 1863-cü ildə yazıçı Samuel Klemens ilk dəfə Mark Tven imzasıyla çıxış edib. 1653-cü ildə Yeni Amsterdam qəsəbəsi şəhər statusu alıb. Bu gün həmin şəhər Nyu-York adını daşıyır.

1556-cı ildə Mərkəzi Çində planetin tarixinin ən dəhşətli zəlzələlərindən biri baş verib, Şansi və Xenan əyalətlərində 820000 insan həlak olub. 1536-cı ildə La-Plata çayının qərb sahilində ispan Pedro Mendoza Buanes-Ayres şəhərinin əsasını qoyub. 1274-cü ildə Florensiyada Dante ilə Beatriça arasında ilk görüş baş verib, bu görüş “İlahi komediya”nı yazan dahi şair üçün bütün həyatı boyu ilham mənbəyi olub.

 

Şakiraya təbrik düşür

1977-ci ilin bu günündə Kolumbiyada müasir pop musiqisinin kraliçası Şakira dünyaya gəlib. Narkomafiyanın başında duran Eskobardan, ədəbiyyatın başında duran Markesdən sonra o, pop musiqisinin başında duran üçüncü ən məşhur kolumbiyalı kimi tarixə düşüb, biləsiniz. Şakiranı ad günü münasibəti ilə ölkəmizdəki fanatları niyə də təbrik etməsinlər?

Bu gün azərbaycanlı yazıçı, əslən Cəlilabaddan olan, ədəbiyyat tariximizə “Alagöz” hekayəsi ilə düşmüş Meyxoş Abdullanın da doğum günüdür, onu da təbrik edirik.

Bu gün mərhum dilçi, filoloq Ağamusa Axundovun da doğum günüdür.

1904-cü ildə rus as-təyyarəçisi Vasiliy Çkalov, 1896-cı ildə Brodveyin əsas baletmeysteri, baletdə “dərinlik effekti”nin yaradıcısı Annabel Vudsford, 1861-ci ildə Nyu-York Müasir incəsənət muzeyinin yaradıcısı Solomon Quqqenhaym dünyaya gəliblər.

 

Əli Vəliyev, Mendeleyev...

Bu gün dünyadan köçənlərə gəlincə, 1983-cü ilin 2 fevralında Azərbaycan sovet xalq yazıçısı Əli Vəliyev, 1969-cu ilin bu günündə “vəhşət filmlərinin kralı” Boris Karloff, 1920-ci ildə Amerika qütb tədqiqatçısı, Şimal qütbünə ilk dəfə ayağı dəyən Robert Edvin, 1907-ci ildə rus kimyaçısı, dövri elementlər cədvəlinin kəşf etmiş Dmitri Mendeleyev, 1660-cı ildə şöhrətli flamand rəssamı, tarixi rəsm janrının böyük nümayəndəsi Qovert Flin vəfat ediblər.

 

Bax belə bir təqvim günü.

Gününüz uğurlu olsun, əziz oxucular.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.