Super User
RƏSM QALEREYASI - Hacıağa Nəzərli, “Cəfərlə Mikayıl”
Xalq rəssamı Hacıağa Nəzərlinin “Cəfər Cabbarlı ilə Mikayıl Müşfiqin portreti” rəsmi onun ən məşhur əsərlərindəndir.
“Ədəbiyyat və incəsənət”
(17.03.2026)
Deyirdi, əsərlərim yaşayarsa, mən də yaşayacağam...
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
‘’Mənim yaratdığım sənət əsərləri bu gün xalq tərəfindən, sənətsevərlərtərəfindən sevilərək yaşarsa, onda bir sənətkar kimi mən də yaşayacağam’’- Hacıağa Nəzərli
Rəssamlar İttifaqının sədri,xalq rəssamı Fərhad Xəlilov Hacıağa Nəzərli barədə deyib: ‘’Hacıağa müəllim xalqımızı dünyaya tanıtdıran sənətkarlardan olmuşdur. Əsərləri müxtəlif xarici ölkələrdə nümayiş etdirilib. O, həm sənətkar, həm də vətəndaş borcunu layiqincə yerinə yetirib. Düzlüyü, prinsipiallığı ilə seçilib. Ürəyindən keçənləri daim heç kimdən heç nədən çəkinmədən deyib’’.
Xalq artisti Polad Bülbüloğlu deyib: ‘’Hacıağa Nəzərlinin təsviri sənətimizin inkişafında və təbliğində göstərdiyi xidmətlər əvəzsizdir. Müxtəlif janrlarda, xüsusən plakat janrında yaratdığı əsərlər bu gün də öz aktuallığını itirməyib’’.
Bu isə SSRİ xalq artisti Zeynəb Xanlarovanın dedikləridir: ‘’Dünyanın çox yerində olmuşam, hər yerdə müxtəlif rənglər görmüşəm. Məncə, dünyada ən gözəl rənglər Azərbaycandadır. Bu rənglərin hamısı Hacıağa Nəzərlinin əsərlərində var. Mənə elə gəlir ki, Hacıağa müəllim təkcə rənglərlə işləmir,o, həm də yeni rənglər yaradır’’.
***
Hacıağa Nəzərli 1923-cü il mart ayının 17-də Bakı şəhərində dövrünün qabaqcıl ziyalarından olan, mətbəə işçisi Məmmədcavad Nəzərlinin ailəsində dünyaya göz açıb. 1930-1937-ci illərdə keçmiş Karyegin rayonunda (indiki Füzuli rayonu) 1937-1940-cu illərdə Bakı şəhəri keçmiş Oktyabr (indiki Yasamal) rayonundakı Cəfər Cabbarlı adına orta məktəbdə təhsil alıb. 1940-ci ildə Bakı rəssamlıq məktəbinə daxil olan H. Nəzərli müharibənin başlaması ilə əlaqədar oradakı təhsilini yarımçıq qoyub.
1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. 1948-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsilini davam etdirib. H.Nəzərlinin rəssamlığa gəlməsinə atasının əmisi, Peterburq təhsilli rəssam Nəcəf Rasimin (Nəcəfqulu Nəzərli) təsiri olub.
Bir müddət Azərbaycan Musiqili Komediya teatrında rəssam kimi çalışıb. Dərin rəng hissiyatına, kompozisya duyumuna malik firça ustası rəssamlığına bütün janrlarında rəngkarlıq, qrafika, illüstrasiya, plakat, reklam və teatr tərtibatı, impressionizm cərəyanı sahəsində sənət nümunələri yaradaraq çağdaş təsviri sənətimizin banilərindən biri olub. O, “Hüseyn Cavid”, “Cəfər Cabbarlı və Mikayıl Müşfiq Xızıda”, “C.Cabbarlıya həsr olunmuş “Hey sən əski dünya təslim ol”, “Mikayıl Müşfiq qayada”, “Ziya Bünyadov”, “M.F.Axundov”, “Səadət”, Ağ şanı, qara şanı” və s. əsərlər yaradıb.
55 il yaradıcılıq yolu keçən Hacıağa Nəzərli nəinki respublikanın ayrı-ayrı rayonlarında, keçmiş SSRİ-nin respublikalarında eləcə də Hindistan, Bolqarıstan, Yuqoslaviya, Avstriya, Malayziya, Sinqapur” və s. yaradıcılıq ezamiyyətlərində olub. Bir çox diplom, mükafatlara layiq görülüb. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü olub.
Hacıağa Nəzərli 1982-ci ildə Azərbaycan SSR-ın əməkdar rəssamı fəxri adına layiq görülüb. Həmçinin Xızı rayonunda fəaliyyət göstərən Uşaq Yaradıcılıq Mərkəzi rəssamın adını daşıyır.
***
AzərbaycanJurnalistlərBirliyinin üzvü, Pedaqogika üzrə fəlsəfə doktoruQafar Əsgərzadə onun barəsində yazdığı məqaləsində maraqlı məqamlara toxunub:
-Klassik ədiblərimizi əsərlərinin baş qəhrəmanı adlandıran rəssam deyirdi: ‘’Siz Azərbaycan ədəbiyyatının daim sönməyən parlaq ulduzlarısınız. Siz öz sənətinizin qüdrəti ilə ölməzlik qazanmısınız. Ölməz, cahanşümul sənətiniz mənim də yaradıcılığıma siraət edib’’.
-Xalq rəssamı Kamil Əliyevin təbirincə desək, Hacıağa müəllim sənəti yaşadan sənətkardır. O, bütün fəxri adlara və mükafatlara layiq şəxsiyyətdir. Həyat yoldaşı Böyükxanım ananın xatirələrində deyilir ki, əməkdar rəssam adını aldığı gün ömrünün ən bəxtəvər anı idi.
-Yetmiş səkkiz illik ömür payının 55-ni səxavətlə sənətinə həsr edən Hacıağa müəllim həyat yollarında çox çətinliklərdən şərəflə, alınaçıq çıxmışdı. Çoxları onu sərt adam kimi tanıyırdı. Lakin bu cəhət düzlükdən, haqsızlıqla barışmazlıqdan irəli gəlirdi.
-Fırçasını təsviri sənətin bütün janrlarında sınayan H.Nəzərli rəssamlığa plakatçılıqdan başlamışdı. Tezliklə də tanınmışdı. Sonralar impressionizm üslubunda yaratdığı əsərlər böyük rezonansa səbəb oldu. Rəngarəng portretlər qallereyası maraq doğurur. ‘’H.Cavid’’, ‘’C.Cabbarlı’’, ‘’M.Müşfiq’’, ‘’M.F. Axundov’’, ‘’Z. Bünyadov’’ əsərlərində qəhrəmanlarının daxili dünyasını, hiss və həyəcanlarını yüksək məharətlə çatdıran Hacıağa müəllim onları özünün duyduğu, gördüyü tərzdə təsvir edib.
-M.Müşfiqin yaradıcılığına dərindən bələd olan rəssam, şairin zəngin poeziyasından səmərəli surətdə faydalanmışdır. ‘’Yenə o bağ olaydı’’ şeiri əsərin məkanını müəyyənləşdirib, rəssam xəyallarını qayalıqlar arasına, Xəzərin qumlu sahilinə, göy sular səltənətinə aparıb; tablonun ruhuna, portretin psixologiyasına, qəlb aləminə, düşüncəsinə gəldikdə isə deməliyik ki, burada, ‘’Yenə o bağ olaydı’’ şeiri ilə yanaşı, rəssama başqa şerlər də qida verib, onun janr xüsusiyyətini dərindən duymağa kömək edib’’.
-Hacıağa Nəzərlinin yaradıcılığında ‘’Cəfər Cabbarlı və Mikayıl Müşfiq Xızıda’’ rəngkarlıq lövhəsinin də xüsusi yeri vardır. Əsərdə mavi dağ fonunda Cəfər Cabbarlı və Mikayıl Müşfiq yanaşı təsvir edilmişdir. Tarixi həqiqət belədir ki, həmyerli sənətkarlar arasında yaxınlıq, ayrılmaz dostluq, yaradıcılıq əlaqəsi olmuşdur. Əsərdən görünür ki, M.Müşfiq görkəmli dramaturqa öz müəllimi kimi baxmış, ondan öyrənmişdir.”
***
Hacıağa müəllimin plakatlarında sülh mövzusu üstünlük təşkil edir. II Dünya Savaşının dəhşətlərini gözləri ilə görmüş, 4 illik döyüş yolu keçmiş bir insan, əlbəttə ki, xalqına sülh, əmin-amanlıq arzulayardı. Lakin tale elə gətirdi ki, ömrünün son illərini də Qarabağ müharibəsinin ağrı-acısı ilə başa vurdu.
H.Nəzərli 2001-ciilmayayının 18-də 78 yaşındavəfatedib. Yasamal rayon qəbiristanlığında dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.03.2026)
“Sözdən o yana mən varam” – Yubiley törəni
İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Poeziyamızın bəlkə də ən qəmli, ən kədərli, ən dərdli şeirlərinin müəllifidir Sabir Sarvan. Şənbə günü vəfatının növbəti ildönümündə Sumqayıtda şeirsevərlər onun şeirlərinin işığına yığışmışdılar... Onun 70 illiyini qeyd edirdilər...
Vaxt varıydı çarpışırdıq fələklə
Gündüz idi, Gecə idi, Mən idim.
Üç dost olub dolaşırdıq göyləri
Arzu idi, Xəyal idi, Mən idim.
Yaz sovuşdu payız girdi araya,
Ruhumuzu düçar etdi sarıya.
Çaşıb qaldıq yol çatanda yarıya
Qorxu idi, Ümid idi, Mən idim.
Nə gəzəsən sönən odda-ocaqda,
Keçən keçdi, qalan qaldı uzaqda.
Bir də gördük üçümüzük otaqda
Həyat idi... Ölüm idi... Mən idim...
Sumqayıtdakı Muğam Mərkəzində Azərbaycan ədəbiyyatına poetik incilər bəxş etmiş şair Sabir Sarvanın 70 illik yubileyinə həsr olunmuş tədbirin adı belə idi - “Sözdən o yana mən varam”.
Öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra şairin “Öldürdüm özümü” şeiri monitorda müəllifin öz səsində təqdim olundu.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbir iştirakçılarını salamlayaraq yubiley tədbirinin məram və məqsədi haqqında məlumat verdi və sözü ədəbiyyatşünas, tənqidçi, araşdırmaçı, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlıya verdi.
Tədbirin moderatoru Nərgiz Cabbarlı çıxışında Sabir Sarvanın həyat və yaradıcılığı haqqında geniş bəhs etdi. Daha sonra şairin həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş etdirildi.
Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, millət vəkili Aydın Hüseynov, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar müəllim Ofelya Babayeva, yazıçı-publisist, ədəbiyyatşünas Məti Osmanoğlu, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, şair-publisist Həmid Ormanlı, şair Zirəddin Qafarlı, Ağsu Ədəbi Birliyinin sədri Raqif Nazimoğlu, Sumqayıt ədəbi cameəsinin nümayəndəsi, şairin dostu Əli Niyazbəyli çıxış edərək şairlə bağlı xatirələrini bölüşdülər və onun yaradıcılığı haqqında fikirlərini söylədilər.
Türkiyənin ünlü isimləri - şair, yazar Fethi Akın, musiqiçi Fərhat Livaneli, rəssam Kemal Uğur, musiqiçi, bədii qiraətçi Mehmet Peker tədbirə onlayn qoşularaq Sabir müəllimlə bağlı düşüncələrini paylaşdılar. Türkiyənin ünlü bəstəkarı Ayzer Büyükerin Sabir Sarvanın sözlərinə bəstələdiyi mahnılar monitorda səsləndirildi.
Tədbirin bədii hissəsində Əməkdar artistlər İzaməddin Bağırov və Cəlal Məmmədov, eləcə də bədii qiraətçi Müşfiqə Baləddinqızı şairin şeirlərini səsləndirərək məclisə xoş ovqat bəxş etdilər.
Əməkdar artist Elnarə Abdullayeva, müğənnilər Daşqın Kürçaylı və Nəzrin Hüseynlinin ifasında səslənən, şairin sözlərinə bəstələnmiş mahnılar isə tədbirə xüsusi ab-hava qatdı.
Vaxtında ölmədim, indi də gecdi,
Hər nədi bu ömrü yaşayam gərək.
Çox da ki gözlərim doyub dünyadan,
Çox da ki soyuyub sinəmdə ürək.
Qarışıb rəngləri, dünyanı daha,
Təkcə ağ-qaraya bölmək çətindi.
Ömrüm uzun çəkdi, düşman qazandım,
Düşman qazandınsa, ölmək çətindi.
Qoymaz gecələri çimir etməyə,
Bəlkə də o məndən sayıqdır ancaq.
Bir gözüm yuxuya getsə də mənim,
Bir gözüm həmişə oyaq qalacaq.
Qalmışıq göz - gözə, səngər - səngərə,
Belə qalasıyıq son günə kimi.
Düşmanlı adamın çıxır ağzından,
Sonuncu nəfəsi son güllə kimi.
Vaxtında ölmədim, indi də gecdi,
Hər nədi bu ömrü yaşayam gərək.
Çox da ki gözlərim doyub dünyadan,
Çox da ki soyuyub sinəmdə ürək.
Şairlər heç vaxt ölmürlər. Onlar sanki səmalara çəkilib oradan öz şeirlərini pıçıldayırlar. Sabir Sarvan kimi.
“Ədəbiyyat və incəsənət”
(16.03.2026)
Türk Mədəniyyəti və İrsi Fondunda media nümayəndələri ilə görüş keçirilib
13 Mart 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti xanım Aktotı Raimkulovanın Azərbaycan Media nümayəndələri ilə dəyirmi masa görüşü keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüşdə Mədəniyyət və TV1 televiziyalarının, “Olaylar”, “Ədəbiyyat və incəsənət”, “Azernews”, “Türküstan”, “Baku-baku.az” saytlarının, eləcə də digər media qurumlarının nümayəndələri iştirak edirdi.
Görüşün moderatoru olan Fondun əməkdaşı, yazıçı Fərid Hüseyn diqqətə çatdırıb ki, Türk Mədəniyyəti və İrsi Fondu Türk Dövlət Başçılarının təşəbbüsü və dəstəyi ilə yaradılmış beynəlxalq təşkilatdır. Fondun əsas məqsədi türk xalqlarının maddi və qeyri-maddi mədəni irsinin qorunması, tədqiqi və təşviqi, həmçinin türk ölkələri arasında elmi, nəşr fəaliyyəti və humanitar əməkdaşlığın inkişaf etdirilməsidir.
Dəyirmi masa Azərbaycan media orqanlarının Türk Mədəniyyəti və İrsi Fondunun Türk dünyasının zəngin irsinin beynəlxalq müstəvidə təbliği istiqamətində gördüyü işləri illər ərzində işıqlandırmasına görə təşəkkür məqsədi daşıyırdı.
Görüş çərçivəsində Fondun prezidenti Aktoti xanım Raimkulova Fondun ötən illər ərzindəki fəaliyyəti, uğurla icra edilən genişmiqyaslı layihələri və beynəlxalq səviyyəli tədbirləri barədə ətraflı məlumat verib. Toplantıda təşkilatın keçdiyi inkişaf yolu təhlil edilməklə yanaşı, türk dünyasının ortaq mədəniyyətinin qlobal müstəvidə təbliği istiqamətində əldə olunmuş nailiyyətlər diqqətə çatdırılıb.
Eyni zamanda, tədbirdə Fondun gələcək illər üçün müəyyən etdiyi strateji mövqelərə və prioritet hədəflərə toxunularaq, türk dövlətləri arasında mədəni bağların daha da dərinləşdirilməsi üçün nəzərdə tutulan yeni fəaliyyət istiqamətləri barədə media təmsilçiləri məlumatlandırılıb.
Daha sonra qonaqların Fondla tanışlığı baş tutub.
“Ədəbiyyat və incəsənət”
(16.03.2026)
Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli: maarifləndirmə, metodoloji yanaşmalar və yeni alətlərin yaradılması
(Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 17-19 mart tarixlərində keçirəcəyi təlimə həsr olunur)
Rəqsanə Babayeva,
"Ədəbiyyat və İncəsənət" portalının Beyləqan-İmişli təmsilçisi,
Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, "Gənclik" xalq teatrı rəhbəri, "Haberdili.com"un Azərbaycan nümayəndəsi.
XXI əsr qlobal miqyasda sürətlə dəyişən sosial, siyasi və mədəni münasibətlər sistemi ilə xarakterizə olunur. Müxtəlif mədəniyyətlərin, dinlərin və etnik qrupların qarşılıqlı əlaqəsi bu dövrdə yalnız tarixi və coğrafi yaxınlıqla deyil, həm də qloballaşma prosesləri, kommunikasiya texnologiyalarının inkişafı və beynəlxalq əməkdaşlıq platformalarının genişlənməsi ilə müəyyən olunur. Bu şəraitdə mədəniyyətlərarası dialoq anlayışı yalnız nəzəri konsepsiya deyil, həm də sosial sabitliyin, sülhün və qarşılıqlı anlaşmanın mühüm aləti kimi qəbul edilir.
Bu baxımdan Azərbaycan Respublikası uzun illərdir ki, multikulturalizm və tolerantlıq ənənələrinə əsaslanan bir model formalaşdırmışdır. Tarix boyu müxtəlif dinlərin, dillərin və etnik qrupların birgə yaşadığı Azərbaycan cəmiyyətində mədəniyyətlərarası münasibətlər yalnız hüquqi və institusional mexanizmlərlə deyil, həm də gündəlik həyatın sosial praktikaları ilə tənzimlənmişdir.
Son illərdə dövlət qurumları və qeyri-hökumət təşkilatlarının birgə təşəbbüsləri bu modelin daha sistemli şəkildə araşdırılması və inkişaf etdirilməsinə yönəlmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaq tərəfindən həyata keçirilən “Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli: maarifləndirmə və yeni alətlərin yaradılması” layihəsi də bu istiqamətdə mühüm addımlardan biri hesab olunur.
Layihənin əsas məqsədi mədəniyyət sahəsində çalışan mütəxəssislərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və gənclərin mədəniyyətlərarası dialoq, multikulturalizm və beynəlxalq əməkdaşlıq sahəsində bilik və bacarıqlarını artırmaqdır. Bu çərçivədə təşkil olunacaq təlim proqramları nəzəri biliklərin praktiki bacarıqlarla birləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu məqalədə mədəniyyətlərarası dialoq anlayışının nəzəri əsasları, Azərbaycan modelinin formalaşma xüsusiyyətləri, təlim metodologiyası və bu sahədə yeni alətlərin yaradılması istiqamətində mümkün yanaşmalar geniş şəkildə təhlil ediləcəkdir.
Mədəniyyətlərarası dialoq anlayışının nəzəri əsasları
Mədəniyyətlərarası dialoq anlayışı sosial və humanitar elmlərdə geniş istifadə olunan kateqoriyalardan biridir. Bu termin müxtəlif mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı hörmətə əsaslanan ünsiyyət, fikir mübadiləsi və əməkdaşlıq prosesini ifadə edir. Dialoq prosesi yalnız fikir mübadiləsi deyil, həm də qarşı tərəfin dəyərlərini anlamaq və qəbul etmək bacarığını özündə ehtiva edir.
Sosiologiya və kulturologiya sahəsində aparılan tədqiqatlar göstərir ki, mədəniyyətlərarası dialoq üç əsas prinsipə əsaslanır:
Bərabərlik prinsipi – müxtəlif mədəniyyətlərin dəyərlərinin bərabər hüquqlu şəkildə tanınması
Hörmət prinsipi – fərqli mədəni identikliklərin qəbul edilməsi
Əməkdaşlıq prinsipi – qarşılıqlı fayda əsasında birgə fəaliyyətin təşkili
Bu prinsiplər yalnız nəzəri səviyyədə deyil, həm də təhsil proqramlarında, ictimai təşəbbüslərdə və dövlət siyasətində öz əksini tapmalıdır.
Mədəniyyətlərarası dialoqun effektiv həyata keçirilməsi üçün aşağıdakı amillər xüsusi əhəmiyyət kəsb edir:
mədəniyyətlərarası kommunikasiya bacarıqları
empatiya və tolerantlıq
müxtəliflik haqqında məlumatlılıq
stereotiplərin aradan qaldırılması
Bu xüsusiyyətlərin formalaşması isə əsasən maarifləndirmə və təhsil proqramları vasitəsilə mümkün olur.
Azərbaycan modelinin tarixi və sosial əsasları
Azərbaycan coğrafi mövqeyinə görə tarix boyu müxtəlif sivilizasiyaların kəsişmə nöqtəsində yerləşmişdir. Qədim İpək Yolunun mühüm mərhələlərindən biri olan bu ərazi Şərq və Qərb mədəniyyətləri arasında qarşılıqlı təsir üçün əlverişli mühit yaratmışdır.
Tarixi mənbələr göstərir ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri uzun müddət sülh və qarşılıqlı hörmət şəraitində yaşamışdır. İslam, xristianlıq və yəhudilik kimi böyük dini ənənələrin nümayəndələri ölkənin müxtəlif bölgələrində öz ibadət məkanlarını qoruyub saxlamış və dini ayinlərini sərbəst şəkildə icra etmişlər.
Bu ənənə müasir dövrdə də davam etdirilir və dövlət siyasətində multikulturalizm prinsipləri xüsusi yer tutur. Azərbaycanda müxtəlif milli azlıqların dil və mədəniyyətinin qorunması istiqamətində həyata keçirilən proqramlar mədəni müxtəlifliyin sosial sərvət kimi qəbul edildiyini göstərir.
Azərbaycan modelinin əsas xüsusiyyətlərini aşağıdakı kimi ümumiləşdirmək mümkündür:
tarixi tolerantlıq ənənələri
hüquqi və institusional dəstək
dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığı
beynəlxalq platformalarda aktiv iştirak
Bu xüsusiyyətlər ölkənin mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq nüfuzunu artırmışdır.
Maarifləndirmə və təlim proqramlarının rolu
Mədəniyyətlərarası dialoq yalnız ideoloji və ya siyasi səviyyədə deyil, həm də praktiki bacarıqların formalaşdırılması yolu ilə inkişaf etdirilməlidir. Bu baxımdan təlim proqramları xüsusi əhəmiyyət daşıyır.
Təlim proqramlarının əsas məqsədləri aşağıdakılardır:
iştirakçıların mədəniyyətlərarası kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi
multikultural dəyərlər haqqında məlumatlılığın artırılması
stereotiplərin və yanlış təsəvvürlərin aradan qaldırılması
beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi
Bu məqsədlərə nail olmaq üçün təlim proqramlarında müxtəlif metodlardan istifadə olunur. Ən effektiv metodlar arasında interaktiv müzakirələr, qrup işi, rol oyunları və praktiki layihə hazırlığı xüsusi yer tutur.
Təcrübə göstərir ki, iştirakçıların aktiv iştirakını təmin edən metodlar daha yüksək nəticə verir. Bu cür metodlar iştirakçıların yalnız nəzəri bilik əldə etməsinə deyil, həm də real sosial situasiyalarda tətbiq oluna bilən bacarıqların formalaşmasına kömək edir.
Təlim metodologiyası və tədris yanaşmaları
Mədəniyyətlərarası dialoq üzrə təlim proqramlarının hazırlanması zamanı metodoloji yanaşmalar xüsusi diqqətlə seçilməlidir. Bu sahədə istifadə olunan metodlar əsasən aşağıdakı prinsiplərə əsaslanır:
1. İnteraktiv tədris
İnteraktiv metodlar iştirakçıların passiv dinləyici deyil, aktiv tərəf kimi prosesə qoşulmasını təmin edir. Bu metodlar çərçivəsində iştirakçılar fikir mübadiləsi aparır, mübahisəli məsələləri müzakirə edir və müxtəlif situasiyaları təhlil edirlər.
2. Təcrübəyə əsaslanan öyrənmə
Bu yanaşma real həyat nümunələrinin və praktiki tapşırıqların istifadəsini nəzərdə tutur. Məsələn, müxtəlif mədəniyyətlərin nümayəndələri arasında baş verən kommunikasiya problemlərinin təhlili və onların həlli yollarının müzakirəsi iştirakçıların analitik düşüncə bacarıqlarını inkişaf etdirir.
3. Multidissiplinar yanaşma
Mədəniyyətlərarası dialoq yalnız kulturologiya və sosiologiya ilə məhdudlaşmır. Bu sahə tarix, psixologiya, kommunikasiya elmləri və beynəlxalq münasibətlər kimi müxtəlif sahələrin biliklərini birləşdirir.
Bu səbəbdən təlim proqramlarının hazırlanması zamanı müxtəlif elmi sahələrin metodoloji yanaşmalarından istifadə edilməsi məqsədəuyğun hesab olunur.
Yeni alətlərin yaradılması və tətbiqi
Müasir dövrdə mədəniyyətlərarası dialoqun inkişafı üçün yeni metod və alətlərin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. İnformasiya texnologiyalarının inkişafı bu sahədə geniş imkanlar yaradır.
Yeni alətlər aşağıdakı istiqamətlərdə tətbiq oluna bilər:
rəqəmsal təhsil platformaları
onlayn seminar və vebinarlar
interaktiv tədris materialları
multimedial təqdimatlar
Rəqəmsal platformalar vasitəsilə müxtəlif ölkələrdən olan iştirakçıların birgə təlim proqramlarında iştirak etməsi mümkündür. Bu isə mədəniyyətlərarası təcrübə mübadiləsinin genişlənməsinə şərait yaradır.
Bundan əlavə, sosial media və kommunikasiya platformaları mədəniyyətlərarası dialoq ideyalarının geniş auditoriyaya çatdırılması üçün effektiv vasitə kimi istifadə edilə bilər.
Gənclərin rolu və perspektivlər
Mədəniyyətlərarası dialoq prosesində gənclərin iştirakı xüsusi əhəmiyyət kəsb edir. Gənclər yeni ideyaların daşıyıcısı olmaqla yanaşı, sosial dəyişikliklərin əsas hərəkətverici qüvvəsi hesab olunur.
Gənclərin bu sahədə fəal iştirakını təmin etmək üçün aşağıdakı istiqamətlərdə fəaliyyət göstərmək vacibdir:
gənclər üçün xüsusi təlim proqramlarının təşkili
beynəlxalq gənclər mübadiləsi layihələri
mədəniyyətlərarası layihələrdə könüllülük proqramları
yaradıcı və innovativ təşəbbüslərin dəstəklənməsi
Bu tədbirlər gənclərin qlobal dünyada müxtəlif mədəniyyətlərlə ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirməyə kömək edir.
Mədəniyyətlərarası dialoq müasir dünyada sülhün, qarşılıqlı anlaşmanın və sosial sabitliyin təmin olunmasında mühüm rol oynayan strateji istiqamətlərdən biridir. Azərbaycan bu sahədə zəngin tarixi ənənələrə və formalaşmış sosial təcrübəyə malikdir.
“Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli: maarifləndirmə və yeni alətlərin yaradılması” layihəsi bu ənənələrin daha sistemli şəkildə inkişaf etdirilməsinə xidmət edir. Layihə çərçivəsində təşkil olunan təlim proqramları mədəniyyət sahəsində çalışan mütəxəssislərin və gənclərin bilik və bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Maarifləndirmə fəaliyyəti, müasir təlim metodologiyası və yeni texnoloji alətlərin tətbiqi mədəniyyətlərarası dialoqun inkişafı üçün geniş imkanlar yaradır. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər yalnız milli səviyyədə deyil, həm də beynəlxalq miqyasda əməkdaşlığın genişlənməsinə töhfə verir.
Nəticə etibarilə, mədəniyyətlərarası dialoqun inkişafı davamlı maarifləndirmə, təhsil və əməkdaşlıq proseslərinin birgə həyata keçirilməsini tələb edir. Azərbaycan modeli bu baxımdan həm regional, həm də qlobal miqyasda nümunə kimi qiymətləndirilə bilər.
“Ədəbiyyat və incəsənət”
(16.03.2026)
Kitablar səltənətinin incisi: “Yeddi gözəl”
(dahi Nizaminin 885 illiyinə)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsində izləyicilərə Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi böyük ədəbi şəxsiyyətlərdən biri olan görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin “Yeddi gözəl” poeması təqdim olunur. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan məlumat verilib.
Nizami Gəncəvinin adı dünya ədəbiyyatının ən görkəmli klassikləri sırasında çəkilir. Dahi Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olub. Şairin adı – İlyas, “Nizami” isə onun təxəllüsü idi – “nizam verən, qaydaya salan” deməkdir.
Bu il böyük şairimizin 885 illik yubileyi tamam olur.
Azərbaycan ədəbiyyatı Nizamiyə qədər mürəkkəb və şərəfli bir yol keçmişdir. Azərbaycanın Məhsəti Gəncəvi, Həmədani, Xaqani, Yaxın Şərqin Firdovsi, Ömər Xəyyam və başqa böyük şairlərin qoyduğu ədəbi irsini Nizami o vaxtadək görünməmiş bir yüksəkliyə çatdırmış, öz yaradıcılığı ilə şeiriyyata yeni ruh, yeni nəfəs vermişdir. Nizaminin “Xəmsə” adlandırılan beş poemasından 4-sü olan “Yeddi gözəl” əsərində “insan necə olmalıdır”, sualına lirik formada cavab vermişdir. İnsanın özünü dərk etməsini, xeyirlə şəri ayırd etməsini, çətin sınaqlar axarında düzgün yol seçməsini bacarmasını dəyərləndirən şair oxucuları həyata, insanlığa, elmə çağırır.
Hər kim öyrənməyi bilməyirsə ar,
Sudan dürr, daşdan da gövhər çıxardar.
Ancaq öyrənməyi ar bilən insan
Məhrumdur dünyada bilik almaqdan.
Çox iti zehinlər yatan oldular,
Axırda saxsı qab satan oldular,
Təlimə həvəskar çox korazehin
İqlimlər qazisi olmadı? Deyin.
Təlimdir düzəldən itləri sap tək,
Olmazmı cəhd etsə bir insan mələk?
“Yeddi gözəl”də əsas surət Bəhram Gurdur. O, ov edən, əylənən, yeddi gözəlin eşqi ilə xəyala dalmağı sevən biri kimi Yəməndə kef içində yaşayır. Xalqın inamını və məhəbbətini qazanan lakin vəzifəsini sadəcə, yeyib-yatmaqda görən Bəhram eyş-işrətdən o zaman ayılır ki, xəzinə boşalıb, ölkə dağılıb, xalq ona düşmən kimi baxır. Çin xaqanı onu müharibə ilə təhdid edir. Şah eyş-işrət və gözəl vaxt keçirmək üçün tikdirdiyi yeddi gümbəzli qəsrdən əl çəkir.
Kitabxananın Fəxri oxucusu, yazıçı Şahzadə İldırım təqdim etdiyi videoçarxda dahi Nizaminin “Yeddi gözəl” poeması haqqında maraqlı məlumat verir. Məzmun və mənaca ecazkar bir əsər olan bu poemanı oxuyun, əziz kitabsevərlər.
Videoçarx kitabxananın YouTube kanalında verilib:
https://www.youtube.com/watch?v=snDCFaPVoUk
“Ədəbiyyat və incəsənət”
(16.03.2026)
Musiqi ilə yazılan bir uğur hekayəsi
Arif Ərşad, yazıçı-publisist. “Ədəbiyyat və incəsənət”
Azərbaycan torpağı tarix boyu musiqi dahiləri yetişdirən müqəddəs bir mədəniyyət ocağı olub. Bu torpaq dünya musiqi xəzinəsinə böyük töhfələr vermiş dahi bəstəkarların və ifaçıların vətənidir. Bu ənənə bu gün də yaşayır, inkişaf edir və yeni nəsil istedadların sayəsində daha da zənginləşir.
Bu istedadlı gənclər arasında öz uğurları ilə diqqət çəkən və artıq beynəlxalq səhnələrdə Azərbaycan musiqi məktəbini layiqincə təmsil edən gənc pianoçulardan biri də Buta Maqsudovadır. Onun həyat yolu, qazandığı uğurlar və musiqiyə olan sonsuz sevgisi gənc nəslə ilham verən bir hekayədir.
2026-cı ilin 27 fevral – 2 mart tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Astana Star” Beynəlxalq Musiqi Festivalı müxtəlif ölkələrdən gəlmiş gənc və istedadlı musiqiçiləri bir araya gətirdi. Festivalda Fransa, Almaniya, Rusiya, Azərbaycan, Qazaxıstan, Ermənistan və Gürcüstan kimi ölkələrin nümayəndələri iştirak edirdilər. Bu festival beynəlxalq musiqi mühitində gənc istedadların üzə çıxarılması baxımından böyük əhəmiyyət daşıyır.
Belə mötəbər bir səhnədə Azərbaycanı təmsil edən gənc pianoçu Buta Maqsudova öz parlaq çıxışı ilə münsiflər heyətinin və tamaşaçıların diqqətini cəlb etməyi bacardı. O, Azərbaycan musiqisinin incilərindən biri olan “Arşın mal alan” operettasından hazırlanmış improvizasiya əsərini ifa etdi. Bu əsər tanınmış bəstəkar və pianoçu, respublikanın Əməkdar artisti Emil Əfrasiyab tərəfindən hazırlanmışdır. Buta Maqsudovanın ifasında bu əsər yeni nəfəs qazandı. Onun pianoda yaratdığı emosional rənglər, musiqinin incə çalarlarını ustalıqla ifadə etməsi və səhnədəki inamlı çıxışı münsifləri heyran qoydu. Nəticədə gənc pianoçu festivalın ən ali mükafatı – “Qran-Pri” mükafatına layiq görüldü. Bu qələbə Azərbaycan musiqisinin növbəti beynəlxalq uğurlarından biri kimi yadda qaldı.
Buta Maqsudova 25 avqust 2007-ci ildə Bakı şəhərində anadan olmuşdur. Lakin onun uşaqlıq və yeniyetməlik illəri Sumqayıt şəhərində keçmişdir. Sumqayıt Azərbaycanın gənc şəhərlərindən biri olsa da, burada mədəniyyət və incəsənət sahəsində böyük ənənələr formalaşıb. Məhz bu mühitdə böyüyən Buta hələ kiçik yaşlarından musiqiyə böyük maraq göstərməyə başlayıb. Onun pianoya olan sevgisi ailəsi tərəfindən dəstəklənmiş və beləliklə, Buta musiqi dünyasına ilk addımlarını atmışdır.
Buta Maqsudova musiqi təhsilinə Sumqayıt şəhər 2 nömrəli Bülbül adına Uşaq İncəsənət Məktəbində başlayıb. Bu məktəb Azərbaycan musiqi təhsilində xüsusi yeri olan sənət ocaqlarından biridir. Bir çox istedadlı musiqiçilər məhz bu məktəbdən yetişərək böyük səhnələrə çıxıblar. Buta burada təhsil aldığı illərdə böyük zəhmət və məsuliyyətlə çalışaraq müəllimlərinin diqqətini cəlb etmişdir. Onun musiqini hiss etmə qabiliyyəti, ritm duyumu və texniki bacarıqları qısa müddətdə inkişaf etmişdir. Nəticədə Buta Maqsudova bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.
Hər bir böyük uğurun arxasında zəhmət və fədakarlıq dayanır. Bu zəhmətin bir hissəsi isə müəllimlərin payına düşür. Buta Maqsudovanın musiqi yolunda onun ixtisas müəllimi Tamella Abdullayevanın xüsusi rolu olmuşdur. Tamella müəllim gənc pianoçunun istedadını erkən yaşlarında görmüş və onun inkişafı üçün böyük səylə çalışmışdır. Onun peşəkarlığı, tələbkarlığı və pedaqoji ustalığı Butanın formalaşmasında mühüm rol oynamışdır.
Buta Maqsudovanın ilk böyük uğuru hələ çox erkən yaşlarında əldə olunmuşdur. O, 7 yaşında olarkən Macarıstanda keçirilən beynəlxalq müsabiqədə iştirak edərək birinci yerə layiq görülmüşdür. Bu qələbə onun həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Həmin uğurdan sonra Buta müxtəlif ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə iştirak etməyə başladı və ardıcıl qələbələr qazandı.
Buta Maqsudova musiqi təhsili aldığı illər ərzində müxtəlif respublika və beynəlxalq müsabiqələrdə iştirak etmişdir. Bu müsabiqələr onun üçün böyük təcrübə məktəbi olmuşdur. Bu günə qədər Buta 30-dan çox fəxri fərman və diplom qazanmışdır. O, dəfələrlə keçirilən müsabiqələrdə laureat və diplomant adına layiq görülmüşdür.
2018-ci ildə Buta Maqsudova “İlin ən yaxşı şagirdi” adına layiq görülmüşdür. Həmin ildə o, “Crystal Star Prague” beynəlxalq müsabiqəsində iştirak edərək 1-ci yeri qazanmışdır. Bu qələbə onun beynəlxalq və respublika musiqi aləmində tanınmasına yeni imkanlar yaratmışdır. Belə ki, Buta Maqsudova Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş gənc ifaçıların III Respublika müsabiqəsində uğurla iştirak etmişdir. Bu müsabiqədə o, laureat adına və fəxri fərmana layiq görülmüşdür.
2019-cu il də də Buta Maqsudovanın uğurları davam edir. Buta Maqsudova Soltan və İsmayıl Hacıbəyovların adına keçirilən müsabiqədə də iştirak etmişdir. O, bu müsabiqədə də gənc pianoçu kimi laureat adına layiq görülmüşdür.
Buta Maqsudova gənc pianoçu kimi dünyanın müxtəlif ölkələrində Azərbaycanı şərəflə təmsil edir. O, Amerika, Çexiya, Gürcüstan, İtaliya və bir çox başqa ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə iştirak etmişdir. Bu müsabiqələrdə o, Azərbaycanı layiqincə təmsil etmiş və birinci yerlərə layiq görülmüşdür. Bu uğurlar Azərbaycan musiqisinin dünyada tanıdılmasına böyük töhfə verir.
Buta Maqsudovanın beynəlxalq uğurları arasında xüsusi yer tutan qələbələrdən biri də Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən “Kruqovorot Talantov” beynəlxalq müsabiqəsində qazandığı Qran-Pri mükafatıdır. Bu qələbə onun artıq beynəlxalq səviyyədə tanınan gənc ifaçılardan biri olduğunu göstərdi.
Hazırda Buta Maqsudova təhsilini Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecində davam etdirir. O, kollecin sonuncu kurs tələbəsidir. Bu illər ərzində o, həm təhsilini davam etdirir, həm də müxtəlif səhnələrdə çıxış edərək musiqi sənətini inkişaf etdirir. Onun qazandığı uğurlar artıq bir çox ölkələrin diqqətini cəlb etmişdir. Buta müxtəlif ölkələrdən təhsilini davam etdirmək üçün dəvətlər almışdır.
Buta Maqsudova öz istedadı və bacarığı ilə musiqi ifaçıları arasında Azərbaycanın gələcək musiqi ulduzu kimi tanınacağına böyük ümid yaradır. Bu gün Buta Maqsudova Azərbaycanın gənc pianoçuları arasında ən perspektivli ifaçılardan biri hesab olunur. Onun səhnə mədəniyyəti, texniki ustalığı və musiqini hiss etmə qabiliyyəti gələcəkdə daha böyük uğurlar qazanacağına inam yaradır.
Azərbaycan musiqi mədəniyyəti həmişə istedadlı gənclərə arxa durub və onları dünya səhnələrinə çıxarıb. Buta Maqsudova da bu ənənənin layiqli davamçılarından biridir.
Azərbaycan musiqisinin banisi sayılan böyük bəstəkar Üzeyir Hacıbəyovun adını daşıyan musiqi ocaqları ölkəmizin mədəni həyatında xüsusi yer tutur. Ümid edirik ki, istedadlı pianoçu Buta Maqsudova gələcəkdə təhsilini Üzeyir Hacıbəyov adına Konservatoriyada davam etdirəcək və Azərbaycan musiqi sənətinin inkişafına öz töhfəsini verəcəkdir. Biz gənc pianoçuya yeni yaradıcılıq uğurları, böyük səhnələr və alqışlarla dolu bir sənət yolu arzulayırıq. İnanırıq ki, Buta Maqsudovanın adı gələcəkdə Azərbaycan musiqi tarixində parlaq sənətkarlar sırasında qürurla çəkiləcək.
“Ədəbiyyat və incəsənət”
(16.03.2026)
Respublika Uşaq Kitabxanasında işarət dili üzrə təlim keçirilib
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və "Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək" İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində “Nitq və eşitmə qabiliyyəti məhdud şəxslər üçün mütaliə və mədəniyyət platforması” adlı layihənin ilk işarət dili təlimi baş tutub.
“Ədəbiyyat və incəsənət” prtalına Kitabxanadan verilən məlumata görə, təlimi tərcüməçi və təlimçilər Şamil Sabirzadə və Könül Quliyeva aparıblar. Təlim zamanı iştirakçılara işarət dilinin yaranma tarixi, inkişaf mərhələləri və cəmiyyət üçün əhəmiyyəti barədə ətraflı məlumat verilib. Təlimdə tələbə - gənclər, eləcə də kitabxana əməkdaşları iştirak ediblər.
Təlimçilər bildiriblər ki, işarət dili eşitmə məhdudiyyətli insanların əsas ünsiyyət vasitələrindən biri olmaqla yanaşı, özünəməxsus qrammatikası və strukturu olan müstəqil bir dildir. Həmçinin, qeyd olunub ki, işarət dili üç əsas hissədən ibarətdir: daktil (barmaq əlifbası), mimika və dodaq oxuma. Bu elementlərin birlikdə istifadəsi ünsiyyəti daha aydın və anlaşıqlı edir.
Təlim zamanı iştirakçılara işarət dilində bəzi əsas söz və ifadələr, gündəlik ünsiyyətdə istifadə olunan jestlər praktiki şəkildə nümayiş etdirilib. İştirakçılar təlimçilərin rəhbərliyi ilə müxtəlif söz və ifadələri işarə dili vasitəsilə ifadə etməyə çalışaraq praktiki məşğələlərdə iştirak ediblər.
Təlimin keçirilməsində məqsəd işarət dili haqqında məlumatlılığı artırmaq, eşitmə məhdudiyyətli şəxslərlə ünsiyyət bacarıqlarını inkişaf etdirmək və cəmiyyətdə inklüziv mühitin formalaşmasına töhfə vermək olub. Təlimdə iştirak edənlərə sertifikatlar təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(16.03.2026)
Amerika prezidenti ilə eyni gündə doğulan AĞALAR İDRİSOĞLU
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu gün – martın 16-da - “Dünyada Etdiyin Doğru Şeylərin Günü” kimi təqvimdə yer alan bir gündə dünyaya bir sıra tanınmış şəxlər gəlib. Ümumiyyətlə, bu tarixdə dünyaya gələn insanların arasında oxşar xüsusiyyətlər çoxdur. Bu gün sizə həmin tarixdə anadan olan iki insan haqqında söhbət açmaq istəyirəm:
Ceyms Medison- 1751-ci il martın 16-da ABŞ-ın Virciniya ştatının Port-Konuey yaşayış məntəqəsində varlı plantator ailəsində anadan olmuşdu. Boyu 1 m. 62 sm olan Ceyms Medison parlaq düşüncəli, dəmir iradəli, kübar bir şəxsiyyət idi. 1809-cu ildən 1817-ci ilədək Amerika Birləşmiş Ştatlarının 4-cü prezidenti olub...
Ağalar İdrisoğlu isə 1950-ci il mart ayının 16-da Masallı rayonunun Digah kəndində dünyaya gəlib. Boyu da ki, Ceymsin boyundan elə də fərqlənmir. Prezident olmasa da Azərbaycan yazıçısı, dramaturqu və rejissorudur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, Əməkdar incəsənət xadimidir...
Yazıçı-publisist, jurnalist Rəna Təbəssüm onun haqqında deyir:- “Ömrünun altmış ilini bədii yaradıcılığa, jurnalistikaya, əlli ilini peşəkar teatr sənətinə həsr edən Ağalar İdrisoğlu səhnədə yaratdığı 40-dan artıq rolu və quruluş verdiyi 140 tamaşası, dünya xalqlarının on pyesinin dilimizə tərcüməsi və sairə ilə ədəbiyyat, jurnalistika, incəsənət və mədəniyyət xəzinəsinin sərvətini artırır. Ötən ilin sonlarında Qazax Dövlət Dram Teatrında uğurla səhnəyə qoyulan “İnan mənə” pyesi hələ 1985-ci ildə Ümumittifaq Gənc Dramaturqlar Müsabiqəsinin qalibi olub. Onun 10-dan artıq topluda hekayələri, pyesləri, tərcümə etdiyi əsərləri yer alıb. Quruluş verdiyi Akif Həsənoğlunun “Yanmış evin nağılı” tamaşası Osman Mirzəyev adına mükafata və özünün yazdığı “Şah İsmayıl” tamaşası “Qızıl Dərviş” mükafatına layiq görülüb.”
İti zəka, duyğusallıq, dərin təfəkkür, əzmkarlıq martın 16-da doğulan insanlara məxsus olan xüsusiyyətlərin sırasında olsa da, ən böyük keyfiyyətləri isə daim hərəkətdə olmaq, cəmiyyətə fayda verməkdən ibarətdir...
Nə isə, Ceyms Medison uzaq keçmişdə qalıb. Bu gün bizimlə eyni dünyada qərar tutan, yazıb yaradan Ağalar İdrisoğlunun müsbət cəhətlərini isə sadalamaqla bitməz. Heç sadalamaq istəmirəm də. Çünki dostları bu cəhətləri onda çoxdan kəşf ediblər. Onu məndən də yaxşı tanıyırlar...
Zarafat etmirəm, martın 16-sı gözəl günlərdən biridir. Elə ona görə də, bu tarixdə dünyaya gələnlər gözəl, necə deyərlər, kara gələn, gərəkli insanlar olurlar. İnanmırsınız? Onda buyurub araşdıra bilərsiniz...
Bəli, Ağalar İdrisoğlu bu gün qocalığın ahıllıq dövrünü yaşayır, 76 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, təqaüdünə bərəkət, ağrı-acısız günlər, dava-dərmansız həyat, əsasız hərəkət arzulayırıq…
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(16.03.2026)
Həbsxanada doğan şeirlər: Dörd divar arasındakı azadlıq
Nail Zeyniyev,
“Ədəbiyyat və İncəsənət” portalının Ədəbiyyat şöbəsi
İnsan ruhu elə bir qüdrətdir ki, onu heç bir qıfıl, heç bir dəmir barmaqlıq, heç bir rütubətli zirzəmi zəncirləyə bilməz. Azərbaycan ədəbiyyatı tarixində "Zindan ədəbiyyatı" adlandırdığımız o ağrılı mərhələ, əslində insan iradəsinin zülm üzərindəki ən böyük qələbəsidir. Bu şeirlər rahat, işıqlı otaqlarda, yumşaq kreslolarda yox, soyuq betonların üzərində, siqaret kağızlarının küncündə, bəzən isə sadəcə yaddaşın ən dərin qatlarında yazılıb. Şair həbsə düşəndə onun əlindən hər şeyi ailəsini, vətənini, günəşini ala bilərlər, amma onun tək silahı və son qalası olan sözünü əsla!
Hüseyn Cavidin həbsxana və sürgün həyatı bu mövzunun ən uca və ən sarsıdıcı zirvəsidir. O böyük filosof şairi, o uca ruhlu sənətkarı 1937-ci ilin qanlı repressiya zamanı dörd divar arasına salanda elə bildilər ki, Cavid susacaq. Amma Cavid o dar hücrədə belə öz bəşəri kainatından qopmadı. Həbsxanada yazılan şeirlərdə bir "mütləq daxili azadlıq" və "ilahi dürüstlük" var. Çünki ölümün nəfəsini hər an ensiz pəncərədən gələn soyuq küləkdə hiss edən, hər gecə güllələnmə növbəsini gözləyən adam yalan danışa bilməz. Orada yazılan hər kəlmə şairin dünyaya son vəsiyyəti, son hayqırışıdır. Cavid o qaranlıq hücrələrdə də gözəlliyin və sevginin tanrısını axtarırdı:
Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim Tanrım gözəllikdir, sevgidir.
Zindan şeirlərində bir "daralma" və "genişlənmə" təzadı var. Şairin fiziki məkanı dardır cəmi bir neçə addımlıq hücrə. Amma onun düşüncəsi sonsuzdur. O, o kiçik kamerada bütün dünyanı gəzir, uşaqlığının keçdiyi Naxçıvan dağlarına uçur, İstanbulun mavi sularını xatırlayır, sevdiyi insanların istisini duyur. Bu şeirlərdə təbiət təsvirləri o qədər canlı, o qədər rəngli olur ki, sanki şair pəncərədən yox, birbaşa kainatın ürəyindən baxır. Çünki o, azadlığı fiziki olaraq itirib və itirilmiş o "mənəvi cənnəti" misralarında yenidən, daha möhkəm qurmağa çalışır.
Azərbaycan şairi üçün həbsxana həm də bir saflaşma meydanı olub. Orada bəzəkli, süni, saray ədəbiyyatına xas təşbehlərə yer yoxdur. Sözlər ən çılpaq, ən kəskin və ən səmimi halı ilə üzə çıxır. Hücrənin soyuq divarlarına dırnaqla qazılan, yaxud digər məhbusların yaddaşına əmanət edilən o misralar bir millətin dirəniş simvoluna çevrilir. "Siz mənim bədənimi bu dar otağa həbs edə bilərsiniz, amma mənim fikrim sərhədləri aşır" deyən şair, əslində zindanı özü üçün bir azadlıq məbadına çevirirdi. Bu əsərlər bizim mənəvi tariximizin ən etibarlı sənədləridir. Onlar bizə öyrədir ki, insan hər hansı bir şəraitdə olursa-olsun, öz vicdanının səsini qoruya bilər. Həbsxanada doğan şeir, zülmə qarşı qalxmış ən kəsərli, ən sönməz məşəldir. O divarlar bir gün uçub getdi, o zindanların qapıları paslanıb töküldü, amma o qaranlıq hücrələrdə doğulan işıqlı misralar əbədi qaldı.
Biz bu gün Cavidin və digərlərinin zindan misralarını oxuyanda, dörd divarın necə uçurulduğunu və ruhun necə qanadlandığını iliklərimizə qədər hiss edirik.
“Ədəbiyyat və incəsənət”
(16.03.2026)


