Super User
Muğamın ruhunu cazın dili ilə danışdıran dahi
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Vaqif Mustafazadə muğamın ruhunu cazın dili ilə danışdıran nadir sənətkarlardan idi.”Fikrət Əmirov, bəstəkar
“Onun ifasında muğam yeni rəng və yeni nəfəs qazanırdı.” Tofiq Quliyev, bəstəkar.
Bu gün fenomenal musiqiçi olan Vaqif Mustafazadənin 86-cı doğum günüdür. O, 16 mart 1940-cı ildə Bakı şəhərində İçərişəhərdə anadan olub. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olub. İlk məşhurluq da elə bu zaman gəlib. Vaqif burada kiçik konsertlər verib, klublarda çıxış eləyib. O, əsasən klassik caz, blyuz və oynaq mahnılar ifa edib.
1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub. 1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilib. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır.
Festival başa çatdıqdan sonra yüzlərlə ad içərisindən Vaqif Mustafazadənin adı qalib kimi çəkilib. O, Monako caz festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdıb. Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir.
O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi caz-muğam adlanır. O, Azərbaycan caz-muğam hərəkatının memarıdır. Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görüb və orijinal bir janr ortaya çıxaran "Muğam" simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb. O, 16 dekabr 1979-cu ildə Daşkənddə konsert zamanı səhnədə "Əzizəni gözləyərkən" kompozisiyanı ifa edərkən ürək tutmasından vəfat edib. Bakıda dəfn olunub.
Yaradıcılığı
- 1965-ci ildə Gürcüstan Dövlət Filarmoniyasında "Qafqaz" adlı trio yaradır.
- 1970-ci ildə "Leyli" vokal kvartetini yaradır.
- 1971-ci ildən 1977-ci ilə kimi "Sevil" vokal-instrumental qrupuna başçılıq edib.
- 1977-ci ildən 1979-cu ilə kimi "Muğam" instrumental qrupuna başçılıq edərək "Tallin-66" və "Tbilisi-78" caz festivallarının laureatı olub.
- 1978-ci ildə Monakoda keçirilən 8-ci Beynəlxalq Caz Festivalında "Əzizəni gözləyirəm" musiqisinə görə birincilik mükafatı alıb.
- 1979-cu ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb.
- 1982-ci ildə Azərbaycan Dövlət Mükafatına layiq görülüb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(16.03.2026)
“Maraqlı söhbətlər”də Allahverdi Bağırov və xocalılılar
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bu dəfə rubrikamda yenidən Xocalı faciəsinə qayıdası oluram. 26 fevral günündən xeyli aralansaq da, həmin günün sözü-söhbəti əsla bitmək bilmir. Əntiqə Rəşid Aslanın “O gün xocalılılar bilirdilər ki, tək ümid yeri Allahverdi Bağırovdur” başlıqlı yazısına diqqətinizi çəkmək istəyirəm. O, Xocalı sakini, jurnalist Mübariz Hacılıdan götürdüyü müsahibəni bu başlıqla təqdim edib. Məncə burada, bir çox gizli məqamlara aydınlıq gətirilibdir.
34 il əvvəl xəyanət etmək, cinayət törətmək, adam öldürmək, torpaq işğal etmək, təcavüzkarlıq, bədxahlıq kimi xislətli erməni və rus hərbi birlikləri silahsız, dinc xalqımıza qarşı bağışlanılmaz xəyanət etdi.
Həmin günü həyatınınn ən acı faciəsi və sağalmaz yarası kimi yaşayan Xocalı sakini, jurnalist Mübariz Hacılı fikirlərini Oxu24.com-a danışıb.
M.Hacılı bildirib ki, bir həftə Ağdamda qalmağıma baxmayaraq, Xocalıya keçə bilmədim:” Quru yol bağlı olduğuna görə Xocalıya yalnız helikopterlə getmək mümkün idi. Buna görə hər gün Ağdam hava limanına gedib Xocalıya uçmaq üçün helikopter gözləsək də, nəticə dəyişmirdi. Hər gün eyni sözü eşidirdik: “Bu gün də uçuş olmayacaq”.
Əmim institutdan qovulacağımdan çox narahat idi. Ona görə israr edirdi ki, Bakıya - universitetə qayıdım. Sonda bir neçə günlük Bakıya qayıtmağa razı oldum.
Səhər saat 8 radələrində bir nömrəli tramvaya minib Dövlət Neft Akademiyasına dərsə gedirdim. Yanımda dayanan iki nəfərdən biri əlində tutduğu qəzeti mənim də eşidə biləcəyim şəkildə yanındakı şəxsə oxuyurdu: “Ermənilər bu gecə Xocalıya hücum edib, hazırda döyüş gedir, artıq Xocalı üç şəhid verib”. Əvvəl inanmadım. Bunu məni tanıyan birinin yersiz zarafatı kimi qəbul etdim. Qeyri-ixtiyari qəzeti kobud şəkildə həmin adamın əlindən alıb ucadan oxudum: “Ermənilər Xocalıya hücum edib…” Bu cümlədən sonra nitqim tutuldu. Qəzeti sahibinə qaytarıb, sağollaşmadan tramvayın qapısını döydüm. Dayanacaqdan kənar olsa da, sürücü tramvayı saxlayıb qapını açdı. Tramvaydan düşüb nə edəcəyimi düşünürdüm. Ağlıma heç nə gəlmirdi. Bir anlıq başa düşdüm ki, Ağdama getməliyəm. Ancaq pulum az idi. Piyada universitetə gedib qohumumdan pul aldım və avtovağzala yollandım.
Avtovağzalda Xocalıdan olan tələbələr toplaşmışdı. Onlarla razılaşdıq ki, taksi ilə Ağdama gedək. Lakin heç bir taksi Ağdama getmək istəmirdi. Artıq xəbər yayılmışdı ki, Xocalı işğal olunub, rus-erməni hərbi birləşmələri Ağdama doğru irəliləyir. Kənardan bəziləri təsəlli verərək gözləməyi tövsiyə edirdi. Təkcə taksilər deyil, avtobuslar da Ağdama getməkdə maraqlı deyildi. Bu vəziyyəti görən bir “İkarus” sürücüsü (hər dəfə yadıma düşəndə o sürücüyə dua edirəm- M.H.) dedi: “Gəlin, mən sizi Ağdama aparım”. Hamımız sevinclə avtobusa minib Ağdama yola düşdük. Sanki zaman donmuşdu, avtobus getmirdi. Arada qabağa keçib sürücünün görməyəcəyi şəkildə sürətölçənə baxırdım - 90 km/saat. Deməli, avtobus normal sürətlə gedirdi, sadəcə mən hiss etmirdim.
Həmin gün sanki Allah da Xocalı sakinlərindən üz döndərmişdi…
Axşam saatlarında Ağdama çatdıq. Qar elə yağırdı ki, göz-gözü görmürdü. Bir metr aralıda dayanan adam qarşısındakını tanıya bilmirdi. Çətinliklə də olsa, taksi tapıb Sarıhacılıya - əmimgilə getdim. Həyətdə xeyli adam vardı. Hamı məni qucaqlayıb təsəlli verməyə çalışırdı. Onları duysam da, eşitsəm də, nə baş verdiyini anlamırdım. Ta ki, böyük bacımın “Ay qardaş, atam hardadır?” - deyə qışqıraraq ağlamasından sonra atamdan xəbər olmadığını başa düşdüm. Əmioğlu Tahir, Məhəmmədəli, bibim oğlu İlham və digər qohumlardan da xəbər yox idi. Sonralar İlham və Məhəmmədəli gəldilər. Lakin əmioğlu - Hacıyev Tahir Hacı oğlundan bu günə qədər xəbər yoxdur. Atam - Hacıyev Qənahət Məhəmmədəli oğlu 47 gün əsir qaldıqdan sonra azad edildi.
Ağdamda olan hər kəs kimi qohumlar, dostlar silahlanıb Əsgəran istiqamətindəki sərhəd kəndlərinə gedərək itkin düşənlərlə bağlı məlumat toplamağa çalışırdılar. Ancaq ümidverici heç bir xəbər olmurdu. Ermənilərin əlindən qaçıb Ağdama pənah gətirən xocalıların sayı demək olar ki, artıq yox idi. 72 saat qarda, şaxtada insan sağ qala bilər? Qaçaraq canını qurtaranların isə soyuqdan, aclıqdan taqəti kəsilmişdi. Buna baxmayaraq, imkan daxilində meşədə, dağlarda gördükləri adamlar barədə qohumlarına məlumat verməyə çalışırdılar. Artıq əsirlərin olması ilə bağlı xəbərlər dolaşırdı. O dövr üçün bu, çox böyük ümid idi.
Bir neçə gündən sonra Ağdam Xalq Cəbhəsinin binasında Milli Qəhrəman Allahverdi Bağırovun rəhbərliyi ilə qərargah yaradıldı. İlkin nəticələr bəlli idi. İndi əsas məqsəd əsirləri azad etmək üçün yollar tapmaq idi. Ermənilər mümkün qədər Xocalı sakinlərini — uşaq, qoca, qadın demədən qətlə yetirmişdilər. Xüsusilə əlində silah olanları, gəncləri tərəddüd etmədən güllələmişdilər. Qalanlarını isə Azərbaycan cəzaçəkmə müəssisələrində olan ermənilərlə dəyişmək məqsədilə əsir götürmüşdülər.
Artıq Xocalı sakinlərinin Allahverdi Bağırovun yaratdığı qərargahın qarşısına toplaşaraq məlumat almağa çalışması gündəlik hala çevrilmişdi. Səhər yuxudan oyanan hər kəs özünü bura yetirirdi. Allahverdi Bağırov Xocalı faciəsinin təşkilatçılarından olan Vitali Balasanyanla əlaqə yaradaraq əsirlərin dəyişdirilməsini həyata keçirdiyinə görə xocalıların son ümid yerinə çevrilmişdi.
Çox ağır mənzərə idi. Əsgərandan gələn maşınlar Xocalı sakinlərinin meyitlərini Ağdam Cümə məscidinə gətirirdi. Adamlar maşınlara doğru elə ümidlə qaçırdılar ki, sanki hərbi xidmətini başa vurub evə dönən oğullarını qarşılayacaqdılar. Qışın şaxtasında qalan cəsədlər tanınmaz hala düşmüşdü. Bəziləri paltarına görə, bəziləri xalına, bəziləri isə sifətində və ya boğazında olan çapığa görə doğmasını tanıyırdı. Kişilərdən fərqli olaraq qadınların naləsi göylərə yayılırdı. Həmin gecə olduğu kimi, sonrakı günlərdə də səsimiz Allaha çatmadı. Bəlkə də çatdı, amma O, özünü eşitməməzliyə vurdu…
Xocalı sakinlərinin ən böyük arzusu doğmasının meyitini parçalanmamış halda tapmaq idi. Çünki erməni terrorçuları dağda, dərədə, əkin sahələrində qalan meyitlərə sonradan da işgəncə vermişdilər. Şaxta bir tərəfdən, işgəncə digər tərəfdən cəsədləri tanınmaz hala salmışdı. Hər dəfə məscidə meyit gətiriləndə hamı həyətə axışırdı. Mən orada doğmasının meyitini tapıb Allaha dua edənləri gördüm. Ən çətin an isə doğmasının meyitini tapan insanın sevincini digərlərindən gizlətməsi idi. Axı ətrafdakıların doğmalarından xəbər yox idi. Onların yanında sevinmək olmazdı.
Doğmasının meyitini tapana “gözün aydın” deyildiyini də mən Ağdam Cümə məscidində eşitdim. Ananın balasının meyitini tapdığı üçün havalanıb rəqs etməsini də bu məsciddə gördüm. O zaman bunu çoxları başa düşmürdü…
Məhz bu səbəbdən dedim ki, Ağdam Cümə məscidi Xocalı sakinlərinin həm ümid yeri, həm də ümidlərinin öldüyü məkana çevrilmişdi- deyə vurğuladı.
“Ədəbiyyat və incəsənət”
(16.03.2026)
Azərbaycan Ədəbiyyat Fondu Bakı məktəblisini sevindirdi
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr Şöbəsi
Bir neçə ildir ki, “Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondu Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihə həyata keçirir. Layihənin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Növbəti buraxılışlardan birində layihənin iştirakçısı 287 nömrəli Zəkalar liseyinin şagirdi Natəvan Hacalıyeva olub.
Natəvanın nailiyyətləri diqqətçəkən, yazdığı esse isə original və düşündürücü olduğundan, Azərbaycan Ədəbiyyat Fondu məktəblini stimullaşdırmaq qərarına gəlib. Belə ki, Natəvana Fond öz məhsulu olan 3 kitabı hədiyyə etmək qərarına gəlib:
1.”Azərbaycan ədəbiyyatı antologiyası” – Azərbaycan Ədəbiyyat Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq ərsəyə gətirilən kitabda 50 ən tanınmış çağdaş şair və yazıçımızın özlərinin seçdikləri ən yaxşı əsərləri toplanmışdır.
2.Anar, “2=3+4” - Xalq yazıçısı Anarın Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında dərc edilmiş yeni kitabında Səməd Vurğun və Rəsul Rza ailələrindən çıxmış 3 Xalq yazıçısı və 4 Xalq şairi barədə məlumatlar, onların yaradıcılıq nümunələri yer almışdır.
3.Varis, “İrəvanda xan(l) qalmadı” - Yazıçı Varisin Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında dərc edilmiş, Dövlət sifarişi ilə yazılmış bu romanı 1827-ci ildə 167 gün İrəvan qalasının Çar Rusyası tərəfindən mühasirəsinə, həmyerlilərimizin qəhrəmancasına şər imperiyasının qarşısında duruş gətirmələrinə həsr edilibdir, Qərbi Azərbaycanın gerçək tarixini özündə əks etdirir.
Yəqin ki, Natəvanın şəxsiyyəti və essesi sizdə maraq doğurubdur. Odur ki, təqdim edirəm:
ŞAGİRD:
Mən, Hacalıyeva Natəvan Elnur qızı 09.08.2009-cu ildə Bakı şəhərində anadan olmuşam. İbtidai təhsilimi “Dəniz” uşaq bağçasında almışam. Orta təhsilimə 2015-ci ildə 287 nömrəli Zəkalar liseyində başlamışam. Hal-hazırda həmin liseyin 11-ci sinfində təhsilimi davam etdirirəm.
Təhsil aldığım illərdə həm məktəbdaxili, həm də özəl müəssisələrin bilik yarışları və sınaq imtahanlarında iştirak edib bir çox fəxri fərman və təltifnamələrə layiq görülmüşəm.
İbtidai sinifdə “Qiraətçi” nişanına layiq görülmüşəm.
RFO-da riyaziyyat fənni üzrə dəfələrlə yarımfinal mərhələsinə qədər yüksəlmişəm. 2022- Beynəlxalq SASMO olimpiadasında diplom əldə etmişəm.
2023- Yazıçılığa olan marağımdan BŞTİ tərəfindən keçirilən “Düşünən şagird” hekayə müsabiqəsində iştirak etmiş və birinci yerin qalibi olmuşam. Bu nailiyyətimi diqqətə alıb gənc yazıçı olaraq məni Yazıçılar Birliyindəki mötəbər tədbirə dəvət ediblər.
2024-cü ildə doqquz illik orta təhsilimi qırmızı attestatla tamamlamışam.
2024-2025-ci illər üzrə keçirilən beynəlxalq “Economics olimpiad” yarışmasında sertifikat qazanmışam.
EDU təhsil şirkətinin H.Əliyevin 100 illiyi (2023) və Anım Günü (2025) münasibətilə keçirdiyi intellektual yarışlarda komandam ilə iki dəfə qalib olmuşam.
Çoxşaxəli mütaliə etməyi çox sevirəm. İqtisadi, siyasi mövzulara xüsusi maraq göstərirəm, intellektual yönümlü inkişafıma önəm verirəm. Yaxın gələcəkdə ilk kitabımı çap etmək niyyətindəyəm.
İkinci qrup üzrə hazırlaşıram. Gələcəsinə maaliyyə və ticarət sahəsi üzrə mütəxəssis olmağı arzu edirəm.
ESSE:
Sən hələ məni oxumamısan.
Sahib olduğumuz hər bir əşya dəyər görməyə layiqdir. Xüsusilə də, kitablar. Çünki onlar insan düşüncəsini, təcrübəsini və ümidini öz səhifələrində daşıyan səssiz bilik xəzinəsidir. Bəs nə üçün dövrümüzdə bizə müsbət mənada bir çox şeyin yolunu göstərən kitabları rəflərində tozlanmağa tərk edirik? Əslində, cavab çox sadədir. Çünki insanlar çox vaxt asan əldə olunan məlumatları daha üstün tuturlar. Düşündürərək öyrədən kitabların hikmətinə dəyər vermirlər. Bu isə bizim gələcəyimiz üçün çox məyusedici bir vəziyyətdir. Çünki bu, insanı asana alışdırır. İnformasiyanın sadəcə bir hissəsi ilə kifayətlənməyi normallaşdırır. Və ən əsası, bizə kitabların bəxş etdiyi o çoxşaxəli bilikləri, fikirləri əlimizdən alır.
Kitabların ikinci plana keçməsinin əsas sabəbkarları, təəssüflər olsun ki, dövrümüzdə demək olar, bütün sahələri ələ keçirən internet, süni intellekt kimi yeni icadlardır. İnsanlar sanki kitablarla artıq təqaüdə çıxma vaxtı gəlibmiş kimi davranırlar. Onları işlərindən azad etməyə can atırlar. Amma kitablar buna layiq olmadıqlarını düşünür. Məyus olsalar da, onlar qışqırmır, şikayət etmir, sadəcə rəflərdə tozlanaraq susurlar. Elə bu susqunluq da onların ən güclü etirazıdır. Çünki açılmayan hər səhifə oxunmamış bir düşüncə, yarımçıq qalmış bir təcrübə deməkdir.
“Ədəbiyyat və incəsənət”
(16.03.2026)
Səməd Vurğunun “Səadət düşmənləri” – O dəhşətli dövrdə əsl cəsarət nümunəsi
Fərhad Mədətov,
Azərbaycan Universiteti, filologiya üzrə fəlsəfə doktoru, dosent.
Bu araşdırmada Səməd Vurğunun Hüseyn Cavid həbs olandan sonra yazdığı və ədəbi tənqiddə böyük müzakirələrə meydan açan “Səadət düşmənləri” şerinin dərin qatlarına işıq salınmışdır.
Cavid Əfəndi və onun kimi sovet ideologiyasının amansız təzyiqlərinə boyun əyməyən sənətkarlara görə birbaşa Yazıçılar İttifaqını suçladılar. Sədr həbs olundu, məsul katib Səməd Vurğunun isə “əzrayılın pəncəsindən xilas olmasında” bu şeirin də təsiri oldu. Sovet senzurası yanılmışdı. Çünki şeirin tənqid hədəfi H.Cavid yox, əksinə, ona və xalqın səadətinə düşmən kəsilənlərə ünvanlanmışdır. Belə bir dəhşətli dovrdə bu cür cəsarətli şeir yazmaq böyük sənətkarlıq və qəhrəmanlıq tələb edirdi. S. Vürğun bu şərəfli işi ləyaqətlə və cəsarətlə yerinə yetirə bildi.
Onu da xatırladım ki, Vurğun artıq “26-lar” (“Ölməz qəhrəmanlar”) poemasında bu yolu keçmişdi. Şair simvolik qatlarda Bakı komissarlarını tənqid, Xalq Cümhuriyyətinin qurucuları isə vəsf etməyə nail olmuşdur. (bax: F.Mədətov. “Qalın buludlara soxulmuşdur ay”, “Azərbaycan” jurnalı, 2015, №2).
“Səadət düşmənləri” şeiri H.Cavid həbs olunandan sonra ona xitabən yazılmışdı: “Xalq düşməni H.Cavidə”. Bütün repressiyaya uğrayanların adı qarşısında“xalq düşməni” sözlərini yazmamaq qəti qadağan idi.
Günümüzə qədər şeirə olan soyuq münasibətin yaranmasında yüxarıdakı sözlərin də təsiri az olmamışdır.(H.Cavidin ailəsi S.Vürğunun rəğbətini dərk etmiş və ailəvi dostluğu davam etdirmişdirlər). Əsərin dərin qatlarında yer almış Cavidin nurlu obrazı ilə təzad yaradan “xalq düşməni” sözü “yaradıcı subyekt” olan oxucuya həvalə olunur, mətnin mənası müəllifdən yox, onlardan asılı olur.
.
***
S. Vurğunun tənqid obyekti, əsərin adından da göründüyü kimi, səadət düşmənləridir. H. Cavid isə ömrünü xalqın səadətinə həsr etmişdir. Əsər Xalq Cümhuriyyətinin xalqımıza gətirdiyi səadət və azadlıq baharının vəsfi ilə başlayır. Şair əsərdə başdan-başa postmodernizmin əlamətlərindən olan ikili kodlaşmadan istifadə edərək üzünü həm də ikinci auditoriyaya tutaraq fikirlərini bəyan edir:
Bizim yerdə bəzənmiş günəş yüzlü bir bahar
Səadətin bu yerdə yaşamağa haqqı var.
Ayılmış insan oğlu, səfalət yuxusundan
Onun böyük gücünə baş əymişdir asiman.
Romanovlar sülaləsinin süqutu və müstəqilliyimizin bərqərar olması şairi vəcdə gətirir və onun eşqi ilə yaşayır:
Ağ atını sürərək gözdən itdi qara qış...
Bizdə könül hicranı, çörək dərdi qalmamış.
Budur: mən seyr edirəm bu dağları, düzləri
Şəfəq saçmış yurduma qurtuluş gündüzləri.
Xalqımızın tükənməz maddi və mənəvi sərvətlərinə sahib çıxması, “qurtuluş gündüzləri”nə qovuşması; hər bir insanın qəlbini fərəh hissi ilə doldurur. Xalqın azadlığa qovuşması “səhraları oyadır”, başqa sözlə desək, müstəmləkə zülmü altənda inləyən bütün azadlığını itirmis ölkələr yuxudan ayılaraq bizim seçdiyimiz yoldan yararlanmağa çalışırlar.
Tarix təkrar olunur; bu gün imperialistlərin əsarəti altında inləyən, onların yarım müstəmləkəsinə çevrilmiş ölkələrin zavallı, azadlıqsevər insanları dünyada haqq-ədalətin himayədarı kimi tanınan dünya şöhrətli siyasi xadim cənab İlham Əliyevə sığınmaları şairin arzuları ilə bir asossiasiya yaradır və “insan xəyalı çinar kibi boy atır”:
Asta-asta göz yaşı tökən şamlar qaralmış
Elektrik lampalar gün kibi şölə salmış.
Qüdrətimiz yuxudan səhraları oyadır.
Burda insan xiyalı çinar kibi boy atır.
Xalq Cümhuriyyəti işğala məruz qalması, sovet dönəmindəki repressiyalar xalqı dərd-kədərə qərq edir ki, bunlar da şeirdə verilmiş bir bayatıda belə ümumiləşdirilmişdir:
“Ağlaram ağlar kibi
Dərdim var dağlar kibi
Xəzəl olub töküldüm
Virana bağlar kibi”
Lakin S.Vurğun gələcəyə nikbin gözlə baxır və bu qənaətə gəlirdi ki, indi matəm tutmağa ehtiyac yoxdur. İmperiyanın vəhşiliyi və qəddarlığı H.Cavid kimi saysız-hesabsız qeyrətli oğulların polad iradələri qarşısındakı acizliyinin nəticəsidir:
Söyləməyir analar indi beşik başında,
Şair ölüm duymayır onların göz yaşında.
Bu dil deyib ağlayan bayatını bu gün mən,
Elin sirfarişiylə dəyişirəm kökündən:
Şair şübhə etmirdi ki, xalqı hər cür məhrumiyyətlərə və işgəncələrə məruz qoyanlar onların mübariz ruhunu və azadlıq həsrətini boğa bilməyəcəklər. Bu torpaq xalqın xilaskarlarının meydana çıxmasına böyük imkanlar yaradacaqdır. Polad iradəli insanların istiqlaliyyət mübarizəsi şairə yuxarıdakı bayatını yeni məzmunda təqdim etməyə əsas verdi:
Ağlaram ağlar kibi.
Gücüm var dağlar kibi.
Gündə min gül yetirirəm
Bülbüllü bağlar kibi.
“Bülbüllü bağlar”ın “gündə min gül yetir”məsinin canlı şahidi olan S.Vurğun o mənfur zəmanəni payızla, H.Cavid kimi sənətkarları isə gülə bənzədir:
Gül açmışdır bağların sarı solğun xəzəli
Çadrasını yırtaraq Azərbaycan gözəli
Ağ buludlar qoynuna sürür təyyarəsini,
Mən sevirəm yurdumun qalib çıxan səsini.
Şair heç vaxt ümidini itirmir, Cavidləri “yurdun qalib çıxan səsi” kimi qəbul edir və bu günkü müstəqilliyimizin gecə-gündüz həsrətini çəkir:
Ay belə göy üzündə xumar-xumar axanda,
Yerdəki təntənəyə bir dost kibi baxanda,
Açıram pəncərəmi günəş doğana qədər,
Mənimlə qardaş kibi qucaqlaşır bu səhər.
Sovet dönəmində öz həyatını milli azadlıqdan ayrı təsəvvür edə bilməyən sənətkarlarla bərabər, xalqın müstəqillik ruhunu boğmağ çalışan, “böyük günlərə (AXC-yə) böhtan atan”lar “xalqına xain çıxan”lar S. Vürğun tənqidindən yan keçə bilməzdi:
Sən ey böyük günlərin adına böhtan atan
Vətəninə, xalqına xain çıxan şarlatan!
“Gözəllik aşiqiyəm” deyən deyilmidin sən?
Ömründə bir yaxşılıq gəlməmişdir əlindən?
H. Cavid sözün həqiqi mənasında “gözəllik aşiqi” idi. Vurğunun tənqid hədəfinə çevirdiyi “şarlatan”lar da özlərini “gözəllik aşiqi” hesab etmələrini şair istehza ilə qarşılayır.
Xalq Cümhuriyyətinə qarşı xəyanətkar cəbhəni dəstəkləyən, öz original fikirləri olmadığı üçün “hərədən bir tük çəkib kosaya saqqal edən”, mənfur imperiyaya yaltaqlanaraq, onların “sinisini yalayan” şərəfsiz şairlərə S. Vurğun öldürücü zərbələr vurur. Murdar adı “Azərbaycan şairi” olan bu yurd satqınları təkcə Cavidi yox, onun inkişafında müstəsna rol oynayan “Hamidi” vurub çilməyə getməkdən” (yolundan döndərməkdən) utanıb çəkmirlər. Başqalarının “süfrəsinin qırıntıları ilə” özünü “sənətkar” kimi qələmə verməyə çalışan bu səadət düşmənləri Cavid kimi qüdrətli sənətkarların kölgəsində itib-batmaqdan lərzəyə gəlir, onları ləkələməyi özlərinin ucalmasının yeganə yolu hesab edirdilər:
Adına millətçilər dedi “Böyük sənətkar”
Gəlin düz araşdıraq, sənin sənətinmi var?
Sən gecələr “Hamidi” vurub çilməyə getdin
Hərədən bir tük çəkib kosaya saqqal etdin.
“Azərbaycan şairi” olsa da murdar adın,
Soltanların, şahların sinisini yaladın.
Verilmiş parçadakı altı misralıq şeirin birinci misrasında H. Cavidə xalq məhəbbəti ehtiva olunur, qalanları isə səadət düşmənlərinə ünvanlanmışdır. Birnci misranın əvvəlinə “onun” sözünü əlavə etsək, S.Vurğunun fikirləri məntiqə uyğunluğu görünər. Çünki o biri misralar Cavidin parlaq əməlləri ilə uyuşmur; Cavid heç zaman nə Hamidi yolundan döndərməmiş, nə də sovet ideologiyasına xidmət etmişdir.
Xəyanət yolunu tutmuş bu səadət düşmənləri ədəbiyyatımızda orijinal iz buraxmış Füzuli, Vaqif, Sabir kimi sənətkarlar qarşısında nə qədər aciz və miskin görünürlər. “Ay satıram” şeirindən nəticə çıxarmayanların iç üzü şeirdə böyük bir sənətkarlıqla açılır. Bu imperiya nökərlərinin xalqda nifrət oyadan cızma-qaraları sözsüz ki, tarixdə yaşaya bilməzdi:
O murdar arzuların torpaqlara gömüldü.
Sənin yaratdıqların özündən əvvəl öldü.
O dəhşətli illərdə şair sətiraltı mənalardan məharətlə istifadə edərək həm sovet senzurasının təqiblərindən yaxa qurtarmış, həm də şeirin xəlqiliyini qoruya bilmişdir Leninin adını çəkməklə, necə deyərlər, sovet senzurasının “başının altına yasdıq qoymuşdur”, onları əsərdəki əsas mətləblərdən yayındırmağa çalışmışdır. Ən əsası isə AXC-nin yaranması, birmənalı şəkildə, “Leninin bayrağı”ndan, yəni bolşeviklərin qələbəsindən sonra mümkün ola bildi. “Ölüm-qan” üzərində bərqərar olan sovet totalitar rejimindən fərqli olaraq Xalq Cümhuriyyəti beynəlmiləlçilik bəyannaməsini qəbul edən ilk ölkələrdən idi:
Könlüm ilham alır Leninin bayrağından,
Bu qardaş dünyasında nə ölüm var, nə də qan.
Ölüm sizin əməldir, həyat bizim əməldir.
Bizim böyük nəğməmiz, böyük beynəlmiləldir.
Totalitar rejim onun bəd əməllərini ifşa edən sənərkarlara qarşı şiddətli təqiblərlə fəaliyyətə başladı. Onlar incəsənət adamlarına bədbin ruhlu əsərlər yazmağı yasaq etmişdilər. Bunu hamıdan erkən hiss edən H.Cavid “İblis” faciəsinin sonunda buna kəskin etirazını bildirmək üçün “ölülərin rəqs etməsini” səhnələşdirərək kommunist rejiminin gülünc qərarlarını qırmanclamışır. S. Vürğun Cavidin cəsarət və qəhrəmanlığını dəstəkləyir və sənətkarların belə buxovlardan azad olmasını arzulayır:
Qəbirdən baş qaldırıb oynamasın ölülər,
Bu bir məşhur məsəldir: “İt hürər karvan keçər”
Hər günümüz bir böyük gələcəkdir dünyada,
Qarşıya od da çıxsa, atılaraq biz oda
Cəsarət var bu yurdun torpağında, daşında
Patlayacaq bombamız faşistlərin başında.
Uzaqgörən şair inanırdı ki, ümumi mənafe uğrunda özünü oda atan Cavidlər yurdunu məğlub etmək mümkün deyildir. Gec –tez xalqın xilaskarı tapılacaq və sovet faşistləri darmadağın olacaqlar.
“İnsan” pyesində bir ömrün buna yetməyəcəyini hiss edən şair Şahbaz və oğlu Kiçik Şahbaz vasitəsilə xalqımızın müstəqilliyə qovuşacağına böyük ümidlər bəsləyirdi. Bu gün Ata-Oğul birliyi nəticəsində ölkəmizin dünyanın aparıcı dövlətləri sırasında yer alması deyilənləri təsdiq edir:
Əmr olsa paytaxtımız o qızıl Moskvadan,
Düşmənimin başına od yağacaq havadan
O gün mənim də şeirim bir əsgər paltarında,
Özünün hər zamankı bolşevik vüqarında
Çapacaqdır atını döyüşlər meydanında.
Üzümüz ağ çıxacaq Stalinin yanında.
Stalinin yanında “üzümüzün ağ çıxması”ifadəsi postmodernist kodlaşmanın ironik konteksdə əks edilməsidir. Eyni zamanda insan bəzən düşməni də heyran qoya bilir; Birinci dünya müharibəsində igid təyyarəçi Fərrux ağa Qayıbovun, 44 günlük müharibədə Azərbaycan əsgərlərinin misilsiz qəhrəmanlığının düşmənləri mütəəssir etmələri kimi faktları da buraya əlavə etmək olar.
Repressiyanın hər bir kəsi sarsıtdığı, ümidsizliyə sürüklədiyi bir zamanda S.Vurğun gələcəyə olan inamını itirmir:
Ölsün bizim zəfərə inanmayan alçaqlar.
Səadətin bu yerdə yaşamağa haqqı var!
Şair imperiyanın azğınlaşmasını əsarətdə olan xalqların milli azadlıq hərəkatı qarşısındakı acizliyi və gücsüzlüyünun məntiqi nəticəsi kimi dəyələndirə bilmiş və belə qəhrəman övladları olan xalqın gələcəyi ilə fəxr etmişdir.
Ədəbiyyat:
1. “Ədəbiyyat qəzeti” 1937-ci il (11.VI yazılıb) 16 iyun № 326 (111) sayı
“Ədəbiyyat və incəsənət”
(16.03.2026)
Hamının tanıdığı nazir və ya gələcəyə atılan güllə
Kamalə Abiyeva, “Ədəbiyyat və incəsənət”
Müəllim illlərdi müzakirə, tənqid və təhqir obyektinə çevrilib. Və illərdir bunun yaxşı nəticələr verməyəcəyini çıxışlarımda, yazılarımda vurğulayıram. İllərdir müəllim bir şagirdin, bir valideynin sözü, şikayəti ilə cəzalanır, işdən çıxarılır. Açıqca həmin müəllimin, məktəbin, başqa şagirdlərin hüququ pozulur...
İlk dəfə belə xəbərləri eşidəndə diksindim. Qorxdum. Nəhayət, şagird məktəbə silahla gəldi, müəllimə güllə atdı. Müəllim ölmədi. Yaralandı. Gələn dəfə öləcək. Çünki yara üstünə yara aldı. İndi şagird araşdırırlır. Amma bunu elə ilk dəfədən etmək lazım idi. O şikayət edən, hay-həşir salan ailələr, onların övladı araşdırmalı idi. Elə müəllim də. Müəllim həmişə haqlı olmadığı kimi, valideyn də həmişə haqlı ola bilməz. Və ailələr, eləcə də şagirdlər vəzifələri olduğunu anlamalıdır. Məktəb bu işdə günahkardır. Hamının məktəbin vəzifələrindən danışdığı bir vaxtda susur, “sənin də vəzifələrin var” demirdi. Nəyin təsirindən, yəni səbəbindən asılı olmayaraq uşağın məktəbə silahla gəlməsi qorxuncdur. Bu təkcə müəllimə atılan güllə deyil. Bu müəllim peşəsinə, məktəbə, təhsil sisteminə, cəmiyyətə-gələcəyə atılan güllədi. Ara-sıra bir çox problemlərdən söz açırdım, çətin olacağını, yəni xaos olacağını hiss edirdim, amma bu qədərini gözləmirdim.
Müəllimin nüfuzunun qorunduğu, müqəddəs olduğunu aşılayan bir ideoloji cəmiyyətimiz vardı. Birdən- birə müəllim tam hüquqsuz biri kimi təqdim olunduğu cəmiyyətə düşdü. Bircə şagirdin, valideynin sözü ilə cəzalandı, işdən qovuldu. Hələ də heyrətdəyəm ki, bir valideynin şikayəti ilə müəllimi necə cəzalandırmaq olar. “Müəllimin nə ixtiyarı var uşağıma söz desin, əl qaldırsın? Gedib başına bir oyun açaram ki” kimi ifadələr yarışa çıxdı. Müəllimi müzakirəyə çıxarmaq olmazdı.
Mənim dibçəkdə gül böyütmək bacarığım yoxdur. Xatirə adlı bir qohumun var, evdə elə gözəl güllər bəsləyir ki. Kimsə dibçəkgülü yetişdirmək istəsə, məndən yox, ondan məsləhət alar. Yəni burda da təcrübə, praktik bilik əsasdı. Biz nə etdik? MM-də, müxtəlif vəzifələrdə yaşı 75-dən çox olanlar arxayınca oturduğu halda 65 yaşı olar-olmaz müəllimi işdən çıxardıq. Bunu bilən müəllim elə hesab edin ki, son illərini elə-belə başa vurur. Demirəm ki, 65 yaşa çatanların hamısı yaxşıdı.Yox! Qətiyyən belə deyil. Amma aralarında bütün məktəbi ayaqda saxlaya bilənlər var. Onlar qalmalıdır. Bu, direktorun vicdan məsələsidir. Belə müəllimlərin qalmasında israrlı olmalıdırlar. Amma TN direktorlara inanmır. Bilir ki, direktora səlahiyyət versə, rüşvət alacaq kimisə saxlamaq üçün.
Yaşlı nəsil getdikcə məktəblərdə vəziyyət yaxşılaşmadı ki... Cavan ol, istəyirsən sinifdə oynaya-oynaya, oxuya-oxuya, nə bilim başqa necəsə dərs keç, bu əsas deyil. Sözünün, hətta baxışının kəsəri olmalıdır müəllimin. O isə yoxdur. Aşağı sinifləri yola vemək olur, 9-11-ci siniflərdə iş müşgülə dönür. Şagirdin “Mən”i formalaşan çətin dövrdür. Hər müəllim, hər valideyn o Məni görə bilmir. Nəticə göz önündədir.
Məsələ bəlkə bütün dəhşəti ilə aydın deyil. Amma bir məktəbdə bir şagirdin əlində silah, məktəbə getməsi həlli mümkünsüz olan bir məsələdir. Nə qədər qınasaq da, kimi qınasaq da bu hadisə 12-13 yaşdan yuxarı bütün yeniyetmələrin yaddaşına iz saldı. Bu izi silmək çətin olacaq. Məsələ burdadı ki, dələduzluqda ittiham olunan, dərsliklərdə düşmən mövqeyinə görə, çox ciddi etik olmayan davranışlarına görə təhsil sistemindən kənarlaşdırılanlar, müəllim işləməyənlər, kənardan seyrçi olanlar, valideynlər, məktəbi yalnız şagird kimi tanıyanlar, təhsil prosesindən ciddi xəbərləri olmayanlar, bir sözlə hamı münasibət bildirir. Sual olunur: təhsili, məktəbin, müəllimin işini hamı belə bilirsə, niyə bu qədər nöqsan var? Deyəcəksiz TN günahkardı. Amma yox, təhsilə, məktəbə münasibət hər kəsin özündən başlayır. Bir, iki, üç uşağının tərbiyəsinə, dərsinə nəzarət edə bilməyənlər daim gileylənir, şikayət edir, günahkar axtarır. Və təhqiredici münasibət sərgiləyir sosial şəbəkədə.
Normal, yəni intizamlı, dərs oxuyan, məsuliyyətli şagirdin valideynləri məktəbi, müəllimi qınamır, dava-dalaş salmır. Hətta nizam-intizamlı, məsuliyyətli, çalışqan, amma zəif oxuyan şagirdlərin valideynləri də anlayışlıdır, uşaqlarının zəif oxuduğunu bilirlər, müəllimi qınamırlar. Belə şagirdlərin, ailələrin çox nadir hallarda müəllimlə problemi olur. Hətta müəllimlər belə şagirdlərə daim güzəştə gedirlər. İlk növbədə hər bir ailə, hər bir vətəndaş özünün məktəb, müəllim, təhsil sistemi qarşısında vəzifəsini başa düşməlidir. Axı, hər kəsin ağlı, düşüncəsi, tərbiyəsi və s. qarşı tərəfdən asılı deyil.. bu öz içdünyandı, öz ağlındı.
Ən gözardı etdiyimiz məsələlərdən biri valideynlərin münasibətidir. Hər valideyn məktəbə-müəllimə öz ağlından, uşağının psixolojisindən, ona olan münasibətdən baxır: Mənim uşağım zəif oxuyursa müəllim günahkardır. Dərsə getmirsə müəllim günahkardır. Müəllim şagirdə irad bildirdisə, günahkardır və s... Niyə? Hər məktəbdə yüzlərlə şagird oxuyur. Bir müəllim bir-neçə şagirdin xoşuna gəlməyə bilər. Təbiidir. Bu müəllimin dəyər ölçüsü olmamalıdır. “Mənim uşağım bəyənmirsə, pis müəllimdir” deyə bir dəyər vahidi yoxdur. Övladına dərs deyən müəllimlər haqda məlumatın olmalıdır. Məlumatın olmalıdır ki, övladınla müəllimləri arasındakı münasibətə düzgün, obyektiv yanaşa biləsən. Müəllimin iradına diqqət yetirəsən, xahiş edəsən ki, uşağımın nöqsanlarını ört-basdır eləmə...
TN-nin də səhvi onda oldu ki, hər vidosu yayılan, bir valideynin narazı olduğu müəllimi cəzalandırdı. Təhsil nazirinin son günlərdəki çıxışına baxdım. Jurnalistlərə irad bildirir. Düzgün də edir. Amma mən illərdi bunu deyirəm, yazılarımda vurğulayıram. Yəqin səsimi eşitdilər. İndi mən deyəni deyir. Düşünürəm ki, nazir hətta bir az sərt olmalıdır. Məktəblərdə olan hadisələri icazəsiz paylaşmaq olmaz-deməlidir. Şişirdilmiş, doğru olmayan, tanışlıqla hansı məktəbi gözdən salmaq istəyən valideynlərin verdiyi xəbərləri yayımlayan jurnalistlərdən, saytlardan, heç olmasa MŞ-na şikayət verməlidir. Son günlərdə nazir müavini Kərim Kərimzadənin də müəllimi dəyərləndirən çıxışına rast oldum.
P.S. Mən TN Emin Əmrullayevin müəllimi deyiləm, təqaüddəyəm. Onun haqqında deyilən mənfi fikirlərin çoxuna qatılmıram. Çünki kiminsə haqqında xoşagəlməz fikir söyləməyi ilk növbədə öz ağlıma, düşüncəmə yaraşdırmıram. Siz də bir düşünün. Amma bəyənsək də, bəyənməsək də hadisələrə münasibət bildirir. Nələrsə etməyə çalışır. Gördüyüm o ki, cəmiyyətə daha açıqdır, daha şəffafdır. Hamımızın görən kimi tanıdığı yeganə nazirdir. Biz heç nazirlərin çoxunu tanımırıq.
Xüsusi qeyd: TN-nə tanışlıqla, xahişlə kimisə işə götürmək olmaz. (Əslində heç yerə olmaz!). Ən azı 12-15 il müəllim təcrübəsi olanlar işləməlidir TN-də. Bu ciddi məsələdir.
P. S. Və müəllim öldürüldü İstanbulda. Nə fərqi harda?
“Ədəbiyyat və incəsənət”
(16.03.2026)
Milli Məclisin Komitə sədri Fazil Mustafa “İrəvanda xan qalmadı” romanı barədə
Azərbaycan Respublikası Milli Məclisinin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa yazıçı Varisə məktub ünvanlayaraq, yenicə işıq üzü görmüş “İrəvanda xan qalmadı” romanı barədə fikirlərini bölüşmüşdür.
Komitə sədri yazır:
“Tarixi yaddaşın bədii söz vasitəsilə yenidən dirçəldilməsi vətəndaş məsuliyyətinin önəmli ifadələrindən biridir. Sizin bu əsəriniz XIX yüzilin əvvəllərində baş verən mürəkkəb siyasi prosesləri, İrəvan xanlığının taleyini və həmin dönəmdə Azərbaycan torpaqlarında yaşanan dramatik hadisələri həm bədii təxəyyül, həm də tarixi faktların birgəliyində təqdim etməklə oxucuda tarixi düşüncə və milli yaddaş duyğusunu gücləndirir.
Özəlliklə vurğulamaq istərdim ki, belə əsərlər toplumun tarix şüurunun möhkəmlənməsinə, milli yaddaşın qorunmasına və vətəndaş cəmiyyətinin mənəvi dayaqlarının güclənməsinə xidmət edir. Tarixi ədalətin bədii söz vasitəsilə ifadə olunması ictimai fikrin formalaşmasında, milli kimlik şüurunun möhkəmlənməsində özünəxas rol oynayır.
İnanıram ki, “İrəvanda xan qalmadı” kimi əsərlər oxucular arasında tariximizə marağın artmasına, milli yaddaşın qorunmasına və Azərbaycan ədəbiyyatının yeni nəsillər üçün daha da cəlbedici olmasına mühüm töhfə verəcəkdir.”
“Ədəbiyyat və incəsənət”
(16.03.2026)
Ölçü tanımayanlara ismarıc
Aytən Ağasıyeva, “Ədəbiyyat və incəsənət”
Çayın soyumağını gözləyirdim. İsti qaz kütləsi soyuq qaz kütləsinə çevrilib maye halına qayıtdıqca gözlərim divardakı saata baxırdı. Saniyə əqrəbi hərəkət edir, böyük əqrəb balaca əqrəbdən uzaqlaşırdı. Gözlərimi qırpmadan böyük əqrəbin hərəkət trayektoriyasını izləyirdim. Düşüncələrim bulanıqlaşanda saniyə əqrəbinin səsi ilə oyanırdım və böyük əqrəb daha da uzaqlarda olurdu. Əqrəb on ikinin üstündə idi, indi isə ikiyə yaxınlaşmağına bir cızıq qalırdı.
Otaq yoldaşım telefon ilə danışırdı: “Allah utandırmasın”
Necə də tanış sözdü.. İllər öncə o da mənə belə demişdi:
- Məni xoşbəxt edən, həyata bağlayan tək səbəb sənsən. Allah utandırmasın
İndi üzümdəki kiçik gülümsəmənin səbəbi olan bu sözlər keçmişin ölçüsü olaraq geri dönmüşdü.
Unutmaq
İnsan keçmişi ilə hara qədər gedə bilər görəsən? Bəzən ara qarışır, yaddan çıxır keçmişin özü də..
Yaddan çıxmasa da bilə-bilə unutmaq istəyirsən. Bildiklərinə dərindən aşinasan, ama təkrarı yoxdursa unudursan. Həkimə getmədən öncə özünə diaqnoz qoyan xəstə kimi ən incə detayına qədər araşdırıb, həkimin cavabına sakitliklə cavab vermək kimidir unutmaq!
İtirmək
İtirmək.... Şablon söz ola bilər bəlkə də. Ama unutmaq qədər o da “sakitlik”dən bir parçadır. Ölçüsüzlüyün qövsünü çək desələr, ən böyük yeri itirmək və unutmaq tutar bəlkə də.
Ölçüsüzlük
“itirmək” və “unutmaq”la bəslənən ölçüsüzlük həyatımızın qəssabı olur bəzən.
Bir alıcıya daha çox ət qoyanda digərinin sümüyünü çox eləyir. Dəlilik və dahilik kimi.
Dəliliyi dahilikdən fərqləndirən ölçüsüzlükdür. Yoxsa ölçü deməliydim?
Soyuyan çayımın üzərinə düşən kölgəm qışın çiskinli vaxtında yolun kənarındakı ağaclara ötürülmüş suyun donaraq özündə səmanın sonsuz maviliyini ayna kimi aydınladan ölçüsüzlüyü xatırlatdı mənə..
Ya da ölçü deməliydim bəlkə?
Ölçüyə gəlməyən söbhətlər daha maraqlı və cazibəsi daha güclü olur. Gəlin bu yazı da ağızdolusu bir ismarıc olsun ölçü tanımayanlara...
“Ədəbiyyat və incəsənət”
(16.03.2026)
Lənkəranda "Dedim ki, sözüm qala" adlı tədbir
Könül, “Ədəbiyyat və incəsənət”
Soruşsalar, AYB-nin regional bölmələri içində ən fəalları hansılardır, mütləq bir neçəsinin içərisində Lənkəran bölməsinin də adı çəkilər. Bölmə daim fəaliyyətdədir, işlək mexanizm qurulubdur, bölgə yazarları daim tədbirlərə qatılır, müzakirələr aparır, dərc edilirlər.
Budur, növbəti tədbir:14 mart 2026-cı il tarixdə AYB Lənkəran Bölməsinin "Söz" ədəbi məclisində Bölmə və AMEA Lənkəran Regional Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, şair, tədqiqatçı Mirhaşım Talışlının 100 illik yubileyi münasibətilə "Dedim ki, sözüm qala" adlı yubiley tədbiri keçirildi.
Tədbirdə bölgə yazarları, bMərkəzin əməkdaşları, LDU-nun professor və müəllim heyəti, ziyalılar, yubilyarın tələbələri, qələm dostları, mədəniyyət xadimləri və Bakıdan gələn qonaqlar iştirak etdilər.
AYB Lənkəran Bölməsinin sədri, yazıçı dramaturq Qafar Cəfərli tədbiri giriş sözü ilə açaraq M.Talışlının ədəbiyyatşünas alim, şair və tədqiqatçı kimi xidmətləri barədə qısa məlumat verdi. "Fövcül Füsahə" ədəbi məclisini yenidən bərpa etməklə Azərbaycan ədəbiyyatına böyük xidmət göstərdiyini bildirdi.
LDU-nun professoru, əməkdar müəllim Yadulla Agazada yubilyarın həyat və yaradıcılığı barədə geniş məruzə etdi.
LDU-nun professoru, filologiya elmləri doktoru Kamran Kazımov, LDU- nun dosenti, Lənkəran Tarix və Diyarşünaslıq Muzeyinin direktoru Leyla Macidova, Regional Elm Mərkəzinin elmi işlər üzrə direktor müavini Samir Kərimov, pedaqogika elmləri namizədi Tükəzban Cahangirova, yubilyarın yaxın dostu, əksər kitablarının redaktoru, tanınmış jurnalist, tədqiqatçı, yazıçı Hacı Etibar Əhədov, yubilyarın "Lənkəran" adlı monumental kitabının həmmüəllifi Böyukağa Hüseynbala oğlunun Bakıdan qonaq gəlmiş qızı Sevinc Məmmədova və qardaşı Mahmud Həsənov, ağsaqqal ziyalı Fəxrəddin Canıyev, yubilyarın dostu Cavanşir Həsənzadə, tarixçı tədqiqatçı İldırım Şükürzadə, yubilyarın tələbəsi pedaqoq Mehman Aliyev, şair və yazıçılardan Ağamir Cavad, Xatirə Xatun, Səyavuş Süleymanlı, Allahverdi Bayrami, Hacı Allahverən Nəzərov, Ziyafət Yəhya, Xudaverdi Cavad, Əhməd Haqsevər, Sərraf Talıb çıxıs edərək yubilyarla bağlı xatirələrini; alim,şair və tədqiqatçı kimi onun yaradıcılığı və şəxsiyyəti haqqında düşüncələrini bölüşdülər.
Lənkəran şəhərindəki C.Cabbarlı adına musiqi məktəbinin müəllimiləri: Əlirza müəllimin tar və Təranə xanımın kamançada müşayiəti ilə peşəkar muğam ifaçısı İmanverdi Ağayevin yubilyarın qəzəlini muğam üstə ifası tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Tədbirin sonunda Qafar Cəfərlinin yekun sözündən sonra xatirə şəkilləri çəkildi.
Və hamı tədbir məkanından xoş ovqatla ayrıldı.
“Ədəbiyyat və incəsənət”
(16.03.2026)
Simfonik Orkestrin bədii rəhbəri və dirijoru
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
O, 2002-ciildə Makedoniyayadəvətolunaraq 2008-ciilədəkMakedoniyaMilliSimfonikOrkestrinə baş dirijorkimifəaliyyətgöstərib. 2018-ci il — Caspi Art Beynəlxalq müsabiqəsinin Qran-pri qalibi olub. Üzeyir Hacıbəyovun bir çox əsərlərinə, o cümlədən operalarından parçalara dirijorluq edib. O, Moskva, Sankt-Peterburq və London Kral Simfonik Orkestrlərini idarə etmiş, Aberdin, Bethoven, Babil, Oxrid və bir sıra başqa festivallarda iştirak edib.
Mən Ramiz Məlik-Aslanov barədə danışıram.
Ramiz Məlik-Aslanov 14 mart 1942-ci ildə Bakıda anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir. Uşaqlıqdan musiqi ilə məşğul olmağa başlayıb, altı yaşından İsaak Mixayloviç Turiçin sinfində təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) təhsil alaraq 1959-cu ildə buranı bitirib.
1959–1965-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) violonçel sinfi üzrə, 1966-cı ildən isə N. A. Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasında (indiki N. A. Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası) opera-simfonik dirijorluq ixtisası üzrə aspiranturada təhsilini davam etdirib.
Musiqi məktəbində oxuduğu illər ərzində SSRİ xalq artisti Müslüm Maqomayevla parta yoldaşı olmuş, musiqi məktəbini bitirdikdən sonra dost qalıblar. Ramiz Məlik-Aslanov aspiranturanın 5-ci kursunda oxuyarkən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dirijor assistenti vəzifəsində çalışmağa başlayıb, həmin il "Qırmızı papaq" uşaq operasını tamaşaya hazırlayıb.
Leninqradda təhsilimi başa vurduqdan sonra isə Azərbaycan SSR Dövlət Televiziya və Radiosunun Simfonik Orkestrinin baş dirijoru təyin edilib. Həmin orkestrlə bir çox ölkədə qastrol səfərində olub. 1977–1979-cu illərdə Qahirə Konservatoriyasının orkestrində çalışıb, 1980–1987-ci illərdə yenidən Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Simfonik Orkestri ilə çalışaraq orkestrin bədii rəhbəri və dirijoru olub.
1988-ci ildə İraqa dəvər edilərək buradakı milli simfonik orkestrinin baş dirijoru vəzifəsində, Azərbaycana qayıtdıqdan sonra isə Bakı Musiqi Akademiyasında Opera hazırlığı kafedrasının müdiri vəzifəsində çalışıb. Bir müddət sonra isə Qara Qarayev adına Dövlət Kamera Orkestrinin baş dirijoru təyin olunub. Sonra isə Türkiyədə çalışmağa başlayıb. 1995–2022-ci illərdə İstanbul Universitetinin Dövlət Konservatoriyası orkestrinin baş dirijoru işləyib.
Mükafatları:
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi"
- "Azərbaycan Respublikasının xalq artisti"
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
“Ədəbiyyat və incəsənət”
(14.03.2026)
QISA FİKİRLƏR XƏZİNƏSİ - Robin Şarmanın uğura yönəldən kəlamları
Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün Robin Şarmanın kitablarından bəyənib seçdiyim bəzi fikirləri əziz oxucularıma təqdim etmək istəyirəm.
1. Ağıl – gözəl qulluqçu, ancaq bərbad ağadır.
2. Bizim ömrümüzdə istənilən insan o zaman peyda olur ki, biz onun özüylə gətirəcəyi dərsə böyük ehtiyac duyuruq.
3. Heç vaxt şikayətlənməyin. Qoy sizi müsbət, güclü, enerjili, entuziazmla dolu şəxsiyyət kimi tanısınlar. Şikayət edən hər şeydə neqativ axtarandır. Beləsi təmasda olduğu insanları qorxudur və çox az halda uğur qazana bilir.
4. Psixoloji nöqteyi nəzərdən hər şey iki dəfə yaranır: öncə fikirdə, sonra realda. Çalışın, müsbət şeylərə konsentrə olasınız. Mənəvi olaraq möhkəm olun ki, heç nə sizi uğura gedən yoldan döndərə bilməsin.
5. Kütlənin ardınca getməyə tələsməyin. Ola bilər, bu, dəfn mərasiminə yollanan kütlə olsun.
6. Nə istədiyinizi təsəvvürünüzə gətirin və möhkəmcə onun baş verəcəyinə inanın. O, mütləq baş verəcək!
7. İnsanlar onlarda xoş əhval-ruhiyyə yaradan insanlarla iş görməyi xoşlayırlar. Çünki, insan – emossional varlıqdır. Biz, həmişə bizə xoşbəxtlik duyğusu bəxş edən insanlarla bir yerdə olmaq istəyirik.
8. Hər günün yeniliklərindən həzz duy və düşün ki, bu gün sənin sahib olduğun yeganə şey məhz bu günündür.
9. Ən varlı adam hamıdan çox varidatı olan adam yox, ən az ehtiyacı olan adamdır.
10.Səndən arxada olan şey də səndən öndə olan şey də, sənin içində olan şeylə müqayisədə heç nədir.
“Ədəbiyyat və incəsənət”
(14.03.2026)


