Super User

Super User

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Həsrətin araya atdı, dağ, dərə,

Sönən işıq oldun, batan səs oldun.

Qayıt, mənim gülüm, qayıt bu yerə,

Ey mənim istəyim, nə gəlməz oldun? 

 

Ümidlər, arzular pərən-pərəndir,

Qəlbə təsəllidir xatirələrim.

Bir halımı soruş, könlümü dindir,

Axşamlar yadıma düşür səhərim. 

 

Qayıt, mənim gülüm, yerbəyer elə

Dərdli səhərləri, gecələri sən.

Çaşıb başqa yolla keçirəm elə,

Düz öz qaydasınca küçələri sən. 

 

Qayıt, yerinə qoy Ayı, Günəşi,-

Yenə olduğu tək görüm həyatı.

Qayıt, gözüm nuru, könlüm atəşi,

Qayıt, səhmana sal bu kainatı 

 

Bu gün klassik Azərbaycan poeziyasının seçilən simalarından biri olan, "Qaytar ana borcunu:, "Qayıt", "İki sevgi" kimi şeirləri ilə Azərbaycan poeziyası tarixinə öz möhürünü vurmuş şair, nasir, dramaturq, tənqidçi, tərcüməçi Əli Kərimin doğum günüdür. 

Əli Kərim 1931-ci il mart ayının 18-də Göyçayda fəhlə ailəsində anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olsa da, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçib. 3-cü kursdan isə təhsilini Moskvada, Maksim Qorki adına Ədəbiyyat İnstitutunda davam etdib və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib Bakıya qayıdıb.

Bakıya qayıtdıqdan sonra "Azərbaycan" jurnalının redaksiyasında işləyib, şeir şöbəsinə rəhbərlik edib.

İlk mətbu əsəri 1948-ci  ildə “Azərbaycan pioneri” qəzetində dərc olunmuş “Təzə müəllim” şeiri olub.

Fəal ədəbi yaradıcılıqla məşğul olan şairin "İki sevgi”, “Həmişə səfərdə”, “Qızıl qanad”, “Qaytar ana borcunu”, “Uşaqlar və ulduzlar”, “Səfərdən sonra” , “Tənbəl ayı balası” , “Seçilmiş əsərləri. I cild”, “Seçilmiş əsərləri. II cild”, “Pillələr”, “Gül və çörək”, “Qız və kəpənək” , “Qayıt”, “Mavi nəğmənin sahilində”, “Neyləyim, şeirlə dərd söyləyirəm”, “Nə xoşbəxt imişəm bir zaman, Allah!”, “Metronun yaylı qapıları” və s. kitabları nəşr olunub. Sözlərinə “Nə gəlməz oldun”, “Yar gəldi”, “Azərbaycanım mənim”, “Nə xoşbəxt imişəm bir zaman, Allah!” kimi sevilən nəğmələr bəstələnilib. 

1958-ci ildə Elza xanımla ailə həyatı quran Əli Kərimin bu izdivacdan Paşa, Azər və Orxan adlı 3 oğlu dünyaya gəlib.

Qanında başlayan laxtalanma səbəbi ilə ürəyi şairə narahatlıq verib. Lakin o, “kiçik oğlum mənsiz yatmayacaq” deyərək xəstəxanaya getməkdən imtina edib. 1969-cu il iyunun 30-da onu dilə tutub həkimə aparıblar. Və o,  elə həmin gecə xəstəxanada dünyasını dəyişib. Xalq şairi Rəsul Rza çox çalışsa da, onun fəxri xiyabanda dəfn olunması üçün icazə ala bilməyib. Şair doğulduğu Göyçayda torpağa tapışırılıb.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

 

Çərşənbə axşamı, 18 Mart 2025 15:32

Bayram ayı – POETİK LÖVHƏ

İlkin Vəliyev, “Ədəbiyyat və incəsənət”

 

 

Bu ay Zərdüştün atəşi düşür

Martın soyuqluğuna.

Düşür ki,

həftələri bölsün çərşənbələrə.

Çərşənbələr cümələrdən 

daha çox sevilir indi.

Doğum günləri kimi,

ildə bir dəfə səpilir səməni toxumları.

Ölüm günü kimi,

yüz dəfə atılır papaqlar.

Bircə içki şüşələri döyüşməyəcək

Ramazana görə.

Bircə heyvanlar canını qurtaracaq

qəssab bıçaqlarından.

Var olsun, pulsuzluq!

Yalnızca nənəm

cücələri qırmızıya boyayacaq.

Mən sadəcə hiss etməyə çalışıram.

Düşünürəm ki,

iki bayramın vəhdəti

hansı Tanrının ironiyasıdır?

Bunları ixtisara salmaq

kimin fobiyasıdır?

Fəqət sən mənim ağrılarımsan…

Necə yamsılayım

tonqaldan tullanan uşaqları.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

 

 

Martın 17-də Mədəniyyət Nazirliyində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Səbuhi Göyüşovla mentorluq proqramı çərçivəsində görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

 

Bildirilir ki¸ nazir Adil Kərimli Səbuhi Göyüşovun timsalında müsabiqənin bütün qaliblərini təbrik edib, karyera uğurları arzulayıb. Nazir layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqənin qalibləri ilə bundan sonra da sıx əməkdaşlıq edərək təcrübəsini bölüşəcəyini və onların potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini bildirib.

 

Yaradılan imkana və səmimi qəbula görə təşəkkür edən Səbuhi Göyüşov və “Yüksəliş”in İnsan resursları şöbəsinin müdiri Elmira Məmmədova müsabiqə qaliblərinin nazirin şəxsi təcrübəsindən faydalanmasının karyera və şəxsi inkişaf baxımından gözəl imkan olduğunu diqqətə çatdırıblar.

 

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

 

“Ədəbiyyqt və incəsənət”

(18.03.2025)

Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, "Şöhrət" ordenli sənətkar, xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Yaqub Məmmədovun xatirə gecəsi keçirilib.

 

BMM-dan AzərTAC-a bildirilib ki, “Unudulmayanlar” layihəsi çərçivəsində təşkil edilən gecə xanəndənin anadan olmasının 95 illiyinə həsr olunub.

 

Gecə ilk olaraq sənətkarın “Qızıl fond”da qorunan ifasının videogörüntüsü ilə başlayıb.

 

Əməkdar mədəniyyət işçisi, yazıçı Mustafa Çəmənlinin aparıcılığı ilə baş tutan gecədə Xalq artisti Vamiq Məmmədəliyev, Əməkdar incəsənət xadimi Arif Əsədullayev və yazıçı-şair Seyran Səxavət çıxış edərək Yaqub Məmmədovla bağlı xatirələrini bölüşüblər.

 

Tədbirdə xanəndənin klassik muğam ifaçılığı sənətində qoyduğu iz və ifa xüsusiyyətlərindən söz açılıb. Bildirilib ki, Yaqub Məmmədov 1930-cu il mayın 5 də Ağcabədidə dünyaya gəlib. Xanəndə Seyid Şuşinskidən muğam dərsləri alıb.

 

Gecədə Əməkdar artistlər Sevinc Sarıyeva, Təyyar Bayramov, İlkin Əhmədov, xanəndələr Mirələm Mirələmov, Nisbət Sədrayeva, Murad Laçın, Xətai Hacıyev görkəmli sənətkarın repertuarından muğam və təsniflər ifa ediblər. Xanəndələri tarzən Rüstəm Müslümovun rəhbərliyi ilə BMM-nin solistlərindən ibarət instrumental heyət müşayiət edib.

 

Tədbir Yaqub Məmmədovun ifasında "Qarabağ Şikəstəsi"nin səsləndirilməsi ilə başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

Çərşənbə axşamı, 18 Mart 2025 10:14

Şimali Kiprdə Türk Dünyası Novruz Festivalı keçirəcək

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) fəaliyyət göstərən Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzi və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin birgə təşəbbüsü ilə martın 19-dan 23-dək Türk Dünyası Novruz Festivalı keçirəcək.

 

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu AzərTAC-a bildirib ki, festivala Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) da təşkilatı dəstək verir.

 

Festival proqramı çərçivəsində Şimali Kiprin iki şəhəri və üç bölgəsində Novruz şənliklərinin keçiriləcəyini qeyd edən Həsənoğlu, açılış mərasiminin martın 20-də ŞKTC-nin ən böyük mədəniyyət mərkəzlərindən biri olan Gazimağusa bölgəsindəki Rauf Denktaş adına Mədəniyyət və Konqress Mərkəzində baş tutacağını bildirib.

 

Türk Dünyası Novruz Festivalı ŞKTC-də təhsil alan yerli və əcnəbi tələbələrin çoxluq təşkil etdiyi Girnə şəhərindəki Beynəlxalq Final Universiteti Kampüsündə davam edəcək.

 

Festivalın bağlanış mərasimi isə Lapta bölgəsində yerləşən Heydər Əliyev adına Beynəlxalq Mədəniyyət Mərkəzində baş tutacaq.

 

Onun sözlərinə görə, tədbirlərə Şimali Kipr Prezidenti Ərsin Tatar, Baş nazir Ünal Üstel, ŞKTR Parlamentinin sədri Ziya Öztürklər, hökumət üzvləri, deputatlar, yerli QHT və media mənsubları qatılacaqlar.

 

Tədbirə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkiyədən sənətçilər dəvət olunub.

 

Ölkəmizi səhnədə Əməkdar artist Elnarə Abdullayeva, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti Fəxri Nicat Kazım, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Filarmoniyasının solisti Zülfüqar Mahmudov və Naxçıvan Dövlət Filarmoniyasının solisti Əfsanə Babayeva təmsil edəcəklər.

 

Festivalın keçiriləcəyi bölgələrdə Azərbaycanla bağlı stendlər qurulacaq, milli mətbəximizdə Novruzun simvolu sayılan şirniyyatlar qonaqlara təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

Bazar ertəsi, 17 Mart 2025 21:52

Komitə sədri sayt rəhbərini təbrik etdi

 

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Üçüncü Sektor” İctimai Birliyinin icraçı direktoru, “Veteninfo.az” informasiya agentliyi və eyniadlı saytın qurucu-rəhbəri Nahid Canbaxışlını 50 illik yubileyi münasibətilə təbrik edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, komitə sədrinin məktubunda yubilyarın həyat və fəaliyyətinin ən önəmli məqamlarına toxunulur:

 

“Hörmətli Nahid müəllim,

Sizi 50 illik yubileyiniz münasibətilə təbrik edir, möhkəm cansağlığı, ictimai və jurnalistlik fəaliyyətinizdə yeni uğurlar arzulayıram!

Çox şadam ki, bu əlamətdar yubileyinizi düşmən işğalından azad edilmiş ərazilərimizdə – Sizin hələ ən gənc yaşlarınızda könüllü olaraq döyüşdüyünüz torpaqlarda “Böyük Qayıdış” nəticəsində yaşayışın bərpası fonunda qeyd edirsiniz. 

Siz bir qazi jurnalist olaraq fəal ictimai mövqeyiniz, vətəndaş cəmiyyəti institutlarındakı uzunmüddətli və səmərəli fəaliyyətinizlə seçilirsiniz.

Siz, həmçinin, Milli Məclisdə akkreditasiya olunan mətbuat nümayəndələrindən biri kimi parlamentin, o cümlədən İctimai birliklər və dini qurumlar komitəsinin fəaliyyətini obyektiv şəkildə işıqlandırırsınız.

Sizi yubileyiniz münasibətilə bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2025)

 

Bu il ikincisi keçiriləcək Türk İnteqrasiya Olimpiadası gələn il Türkiyənin Ankara şəhərində keçiriləcək. Türkiyənin ən böyük özəl məktəb şəbəkələrindən biri olan “Nəsibə Aydın” məktəblərinin sahibi və Direktoru Mirkan Aydın bəy heyəti ilə birgə Bakıda səfərdə olub və bu səfər çərçivəsində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiqlə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüşdə Mirkan Aydın və heyəti Hədəf konsepti ilə yaxından tanış olublar. Görüş çərçivəsində tərəflər Hədəf STEAM Liseyi ilə Nəsibə Aydın məktəbləri arasında qardaş məktəblər memorandumu imzalayıblar. Memorandumda Hədəf liseyi ilə “Nəsibə Aydın” məktəblərinin həm müəllim, həm də şagirdləri arasında əməkdaşlıqlarının qurulması, təcrübələrinin bölüşdürülməsi, geniş tərkibli birgə pedaqoji fəaliyyətlər razılaşdırılıb.

Həmçinin Hədəf Liseyinin təsisçisi olduğu və bu il ikincisi keçiriləcək Türk İnteqrasiya Olimpiadasında “Nəsibə Aydın” məktəblərinin tərəfdaş kimi iştirakı və 3-cü Olimpiadanın Ankarada “Nəsibə Aydın” məktəblərində keçiriləcəyi ilə bağlı anlaşma imzalanıb.

Onu da nəzərə çatdıraq TİO–II üçün yerli mərhələyə qeydiyyat davam edir.  Üç dildə iştirak mümkün olacaq (Azərbaycan, rus, ingilis); İmtahan onlayn formada təşkil olunacaq, 13 – 16 yaşlı məktəblilər iştirak edəcəklər. Olimpiadada iştirak ÖDƏNİŞSİZDİR.

Biletləri Hədəf Kursları və Hədəf Liseyinin filiallarına yaxınalaşaraq əldə etmək mümkündür. Marqlananlar üçün qeyd edək ki, əlavə məlumat üçün əlaqə nömrəsi: +994 77 220 03 02-dir.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2025)

 

Bazar ertəsi, 17 Mart 2025 17:43

ABAD məhsulları artıq ABŞ bazarına çıxır

 

Ailə Biznesinə Asan Dəstək - "ABAD"ın məhsulları Amerika Birləşmiş Ştatları bazarına ixrac olunub və satışa start verilib.

Əlbəttə ki, qeyri-neft sektorunun inkişafı cəhətdən ABAD modeli mükəmməl bir modeldir və onun ASAN kimi dünyada qabaqcıl təcrübə olaraq qəbul edilməsi Azərbaycan adına bir uğurdur.

 

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, ABŞ bazarına çıxarılan məhsullara bal, mürəbbələr, souslar, çay və fıstıq kimi qida məhsulları daxildir.

Əsas məqsəd Azərbaycan mətbəxinin zəngin dadlarını dünya miqyasında tanıtmaq və yerli brendləri geniş alıcı kütləsinə təqdim etməkdir.

Xatırladaq ki, "ABAD” pilot layihə olaraq fəaliyyətə Masallı rayonunda 7 təsərrüfatçı ailə ilə başlayıb və bu günə kimi 657 ailəyə dəstək tədbirləri həyata keçirilib. Onlardan 493-ü sənətkar, 142-si qida, 22-si isə digər sahələr üzrə fəaliyyət göstərib.

“ABAD”çılarla həyata keçirilmiş kommersiya fəaliyyəti nəticəsində onların minlərlə çeşiddə sənətkarlıq, qida və digər müxtəlif növ məhsulları satışa çıxarılıb. ABŞ bazarı isə növbəti uğurdur.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2025)

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət” 

 

Bu gün 17.03.2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində Vaqif Şadlinskinin babası,  Azərbaycanda el qəhrəmanı, "Qırmızı tabor"un komandiri olan Abbasqulu bəy Şadlinskinin şərəfinə yazılan, müəllifləri Təyyar Salamoğlu və Məhrux Dövlətzadə (hər ikisi Azərbaycan Dövlət Pedaqoji Universitetində ədəbiyyat müəllimdir) olan “Qarlı aşırım”ın tənqid variantları” adlı kitabın  təqdimatı olub.

 

Tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Nağı qızı Hüseynovanın təşkilatçılığı ilə keçirilib, tədbirdə universitetin rektoru Cəfər Cəfərov, əməkdar elm xadimi, Tibb e.d., Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, professor, ATU-da İnsan anatomiyası kafedrasının müdiri Vaqif Şadlinski, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hikmət Baba oğlu Məmmədov,  universitetin idarə heyəti, fakültə dekanları, pedaqoji əməkdaşları, Qərbi Azərbaycan İcmasının üzvləri və ziyalıları, həmçinin portalın əməkdaşı, eyni zamanda Qərbi Azərbaycan İcmasının Nizami rayonu üzrə gənc nümayəndəsi olan bəndəniz Zəhra Allahverdiyeva da iştirak edib. 

Tədbirdə Fərman Kərimzadə haqqında videoçarx izlənib, sonra kitab müəlliflərinə söz verilib. 

Sonra kitabla bağlı müzakirə aparılıb. 

 

Abbasqulu bəy Şadlinski haqqında məlumat: Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski - (24 fevral 1886, İrəvan quberniyası, Böyük Vedi  – fevral 1930) - Uşaq ikən atasını itirən Abbasqulu bəy Şadlinski ikisinifli rus-tatar məktəbini bitirmişdir. O, bir müddət mirab işləmişdir.

Abbasqulu bəy Şadlinski 1902-ci ildə atadanqalma kiçik torpaq sahəsini əkib-becərməklə məşğul olmuşdur. Rusiyada 1905-1907, İranda 1905-1911-ci illər inqilabları ictimai-siyasi dünyagörüşünün formalaşmasına mühüm təsir göstərmişdir. Fevral inqilabından (1907) sonra Şadlinski həyatını xalq işi uğrunda mübarizəyə həsr etmiş, kommunistlərə rəğbət bəsləmişdir.

1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi – gələcək "Qırmızı tabor"u təşkil etmişdi.

O, 1918-1920-ci illərdə Vedibasarda daşnaklara qarşı döyüşən könüllü birliklərin komandanı olmuşdur. 1920-ci ilin iyulunda Şadlinskinin əmri ilə Vedibasar və Zəngibasar əhalisinin əksər hissəsi ilə İran ərazisinə keçərək, əvvəlcə Xoy şəhəri yaxınlığında, sonra isə Mərənd şəhəri ətrafında mövqe tutmuşdular.

28 iyul 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Hərbi İnqilab Komitəsinin və Nəriman Nərimanovun dəvətini qəbul edərək, sentyabrın 17-də 200 nəfərlik dəstəsi ilə Naxçıvana gəlmişdi. Buradakı qırmızı qvardiya döyüşçüləri də onun dəstəsi ilə birləşmişdi. Şadlinski ilk vaxtlar Naxçıvan sərhədlərinin qorunmasına, sonra Zəngəzur istiqamətində öz dəstəsinin daşnak hissələri ilə fəal döyüş əməliyyatlarına başçılıq etmişdir. Onlar cəllad Dronun daşnak qüvvələrini darmadağın edərək Naxçıvanda Sovet Hakimiyyətini qurmuş, burada ingilis-daşnak işğalına son qoymuşdur. O, bu xidmətləri müqabilində Nəriman Nərimanov tərəfindən "Qızıl Ulduz" medalı ilə təltif edilmişdir.

Onun başçılıq etdiyi “Qırmızı tabor” dəstəsi 1921-ci ilin fevralından aprelin əvvəllərinə kimi İrəvanda daşnak qiyamının yatırılmasında qəhrəmanlıq göstərmişdi. Daşnaklarla döyüşlərdə göstərdikləri şücaətə görə, Şadlinski başda olmaqla, "Qırmızı tabor"un 19 nəfər üzvü Ermənistan SSR-nın "Qırmızı bayraq" ordeni ilə təltif olunmuşdur.

1921-ci ilin yayında Şadlinskinin döyüşçüləri Dərələyəz və Zəngəzurda daşnak quldurlarının darmadağın edilməsində qəhrəmanlıq göstərmişdilər.

Ermənistanda və Zəngəzurda daşnak fitnəkarlıqlarına son qoyulduqdan sonra Şadlinski 1922-ci ilin sonunadək Naxçıvanda qalmış və buranın sərhədlərinin qorunmasına rəhbərlik etmişdi.

Bundan sonra Vediyə qayıdan Şadlinski 1922-1928-ci illərdə Ermənistanda bir sıra məsul təsərrüfat vəzifələrində çalışmış, sonra isə burada yaradılan Dəvəli sement zavodu tikintisinin rəhbəri təyin olunmuşdur.

Düşmənləri tərəfindən 1930-cu ilin fevral ayında öldürülmüşdür.

 

Fərman Kərimzadənin "Qarlı aşırım" romanı və onun süjeti əsasında "Azərbaycanfilm" kinostudiyasında rejissor Kamil Rüstəmbəyov tərəfindən çəkilən "Axırıncı aşırım" bədii filmi Şadlinskinin həyat və fəaliyyətindən bəhs edir.

Bakı, Abşeron, Naxçıvan, Yevlax, Xaçmaz, Göygöl şəhərlərində Abbasqulu bəy Şadlinskinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə küçə və prospektlər xalq qəhrəmanının adı ilə adlandırılmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2025)

 

Türk Mədəniyyəti və İrsi Fondu M.O. Auezov adına ədəbiyyat və incəsənət institutunun, Azərbaycan Respublikası UNESCO və ISESCO məsələləri üzrə Milli Komissiyasının iştirakı ilə 12-13 mart 2025-ci il tarixində Almatı şəhərində (Qazaxıstan) “Dünya xalqlarının mədəni irsi: etnomusiqi, etnofor, etnoqraf” mövzusunda Beynəlxalq elmi-praktik simpozium keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, bu tədbir qazaxıstanlı etnoqraf alim A.V. Zatayevicin "Qazax xalqının 1000 mahnısı" adlı toplusunun 100 illiyinə həsr olunmuşdur.

Simpozium zamanı Fondun Prezidenti, xanım Aktoty Raymqulova təbrik nitqində təşkilatçılara təşəkkür edib və iştirakçılara faydalı və uğurlu iş arzulayıb. O, A.V. Zatayevicin yalnız Qazaxıstanda deyil, bütün dünyada xalq mahnıları sənətinin inkişafındakı mühüm rolunu vurğulayıb və onun işinin bir çox bəstəkar məktəblərinin formalaşmasında əhəmiyyətini qeyd edib.
Simpozium çərçivəsində “A.V. Zatayevicin irsi XX-XXI əsrlər fəlsəfi-mənəvi məkanında: elm – mədəniyyət – cəmiyyət” kitabının təqdimatı da keçirilib və «Alpamıs batır» dastanının çoxmillətli nominasiya üzrə ekspertlərinin yekun görüşü təşkil olunub. Bu görüş M.O. Auezov adına ədəbiyyat və incəsənət institutunun direktoru, cənab Kenjehan Matıjanovun sədrliyi ilə baş tutub. Xatırladaq ki, Fond 2024-cü ildən etibarən ümumtürk qeyri-maddi mədəni irsinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi istiqamətində fəal fəaliyyətə başlayıb. Belə ki, Fond ötən il “Alpamıs batır” ümumtürk dastanını UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etmək üçün çoxmillətli nominasiya layihəsini başlatmışdır və bu gün qrəsmi müraciətin təqdim olunmasına hazırlıq mərhələsindədir.
Simpozium çərçivəsində Fondun təşkil etdiyi əsas hadisə Türk Dövlətləri Təşkilatının XI sammitində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə yaradılacaq multidilli çoxcildli Türk xalqlarının folklorunun toplandığı kitabın beynəlxalq məsləhətçi komitəsinin ilk onlayn iclası olub. Bu tədbir 2025-ci il noyabrın 6-da Bişkek şəhərində (Qırğızıstan) keçiriləcək.
Layihənin məqsədi Türk xalqlarının qeyri-maddi mədəni irsini bütöv bir transkultural fenomen kimi təqdim etməkdir ki, bu da Türk dünyasında qarşılıqlı anlayışın və birliyin möhkəmlənməsinə kömək edəcək.
Çoxcildli nəşrdə nağıllar, mərasim mahnıları, əfsanələr, atalar sözləri, deyimlər, tapmacalar və digər folklor janrları yer alacaq, həmçinin bu nəşr multimediya dəstəyi ilə audio və video formatlarında təqdim olunacaq.
Onlayn iclasda Azərbaycandan, Qazaxıstandan, Qırğızıstandan, Türkiyədən, Türkmənistandan, Özbəkistandan və Macarıstandan olan nümayəndə heyətləri iştirak edib. Bu heyətə Türk xalqlarının folkloru üzrə ixtisaslaşmış aparıcı alimlər və folklorşünaslıq sahəsində fəaliyyət göstərən elmi institutların nümayəndələri daxil idi.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2025)

90 -dən səhifə 2160

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.