Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Marqlı söhbətlərimiz davam edir.
Bu dəfə xəyal uçağımız bizi 14-cü əsrə aparacaq.
İngiltərə ilə Fransa arasında Yüzillik Müharibəsinin əvvəlində Flamandiyanın dəniz kənarındakı kiçik Sleys kəndi yaxınlığında o dövr üçün böyük dəniz döyüşü baş verir.
1340-cı il iyunun 24-də Sleys körfəzində hər iki tərəfdən təxminən 200 döyüş gəmisi olmaqla iki nəhəng donanma qarşılaşır. Həmin dəniz döyüşü daha çox quruda gedən döyüşü xatırladırdı. Çünki qarşı-qarşıya gələn gəmilər abordaj edərək bir-birinə yaxınlaşır və hər iki tərəfdən döyüşçülər gəmidə amansız əlbəyaxa döyüşü aparırdılar. Həmin döyüşdə ingilis oxatanlarının döyüş hazırlığı böyük rol oynadı - onlar rəqiblərindən daha sürətliydilər və daha dəqiq nişan alıb atırdılar.
Sleys döyüşü bütün gün davam edir və fransızların tam məğlubiyyəti ilə başa çatır. Fransızlar təxminən 20 000 döyüşçü itirirlər. Onların əksəriyyəti isə dənizdə boğularaq ölür. Körfəzdəki su insan qanı ilə qırmızıya çevrilir. Üzərək sahilə çıxmağı bacaran fransızlar isə döyüşü kənardan izləyən flamandiyalılar tərəfindən döyülərək öldürülür və cəsədləri dənizə atılır.
Qalib olan ingilislər bu barədə zarafatla deyirdilər: “Əgər Tanrı balığa danışmaq qabiliyyəti versəydi, onlar o qədər fransızı yediyindən, yəqin ki, fransızca danışardı”.
İngilislərin qəniməti də çox böyük idi: onlar 166 düşmən gəmisini ələ keçirdilər. Fransız donanmasının daha 24 gəmisi isə batırıldı və ya yandırıldı. Fransızlar müasir dövrdə bənzəri olmayan böyük bir dəniz fəlakəti yaşadılar.
Beləliklə, faciəli məğlubiyyət xəbəri Parisdəki kral sarayına çatdıqda, saray əyanlarından heç biri dəhşətli məğlubiyyəti kral VI Filipp de Valuaya bildirməyə cəsarət etməyir. Çünki bu cür bəd xəbəri monarxa çatdırmaq çox riskli iş idi. Buna görə nəinki tutduğu mövqeyi, həm də başlarını da itirə bilərdilər.
Saray xadimləri çox məsləhətləşirlər və axırda müdrik bir qərar verirlər: onlar bu dəhşətli xəbəri krala çatdırmağı saray oyunbazı və təlxəyinə əmr edirlər. Öz işinin ustası olan təlxək kədərli xəbərə zarafat donu geydirərək deyir: “Əlahəzrət, sizcə ingilislər niyə belə qorxaqdırlar?”. Kral VI Filipp cavab verə bilməyəndə, “yumor naziri” qışqıraraq deyir: “Çünki onlar bizim cəsur fransız dənizçilərimiz kimi gəmidən suya tullanmayıblar!”
“Ədəbiyyat və incəsənət”
(30.06.2025)