Super User

Super User

Çərşənbə, 07 May 2025 14:31

GÖZƏLLİKLƏR - Quel parkı

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə Gözəlliklər rubrikasında Avropanın cənub-qərbinə - İspaniyaya səyahət edirik. Kataloniyanın paytaxtı olan əsararəngiz Barselona şəhərinə. 

 

Əlbəttə ki, bu şəhər dünyada daha çox eyniadlı klubu ilə tanınır, o klubda ki, əfsanəvi Messi də top qovurdu. 

Amma Barselona öz inanılmaz arxitektura şedevrləri ilə daha çox tanınmağa layiqdir.

Şəhərin əsas qürur rəmzlərindən biridir Quel parkı. Onu uzaq 1900-1914-cü illərdə Antonio Qaudi ərsəyə gətirmişdir. Möcüzəvi tikililəri, abidələri ilə göz oxşayan bu sehirli park şəhərin şimal ərazisində, 17 hektar ərazidə qərarlaşıb.

Barselonaya kim gedirsə, mütləq ora baş çəkir.

Qaudi bir əfsanədir, bu ad hələ də ispanlar üçün canlıdır.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2025)

 

 

 

 




 

 

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Yəqin ki, aranızda avtomobil idarə edərkən və ya evdə, işdə olarkən günün müəyyən vaxtlarında radionu FM 90 dalğasına kökləyib, onun aparıcısı olduğu “Can Azərbaycan” verilişinə diqqətlə qulaq asanlar az deyillər. Hər verilişində də bir-birindən maraqlı adamlarlarla müsahibə aparır. Bəli, sizə bu gün səsinə, peşəkarlığına valeh olduğumuz Pərvanə Nadirqızıdan söhbət açmaq istəyirəm...

 

Son dərəcə şən, gülərüz və mehriban xanımdır. Hər hansı bir işə başlayanda qərar verməyə çətinlik çəksə də, fəqət sarsılmaz xarekterə sahibdir. Onun üçün hər bir təcrübə, hər bir insan və ya hər bir fikir öyrəniləsi hədəfdir. Maraq dairəsinin genişliyi ona suallar verib, müzakirələr aparmağa və mövzunu dərindən analiz etməyə imkan yaradır. Elə ona görə də bu yöndə çevikliyi, peşəkarlığı ilə tanınır...

 

Müsahibələrinin birində deyib ki:- “Jurnalistikada etika əsasən peşə fəaliyyəti zamanı ortaya çıxır. Yəni, adi həyatda etika, mədəniyyət, əxlaqi dəyərlər bir insana necə lazımdırsa, peşə fəaliyyətində də etik qaydalara əməl etmək zəruridir. Jurnalist öz işində fakta əsaslanaraq danışırsa, bu, artıq onun etik göstəricisidir. Yəni, onun işi faktlarladır. O, detallarla işləyir. Fakta əsaslanan jurnalist isə artıq peşəkarlığın birinci pilləsini adlamış olur. Vicdanlı olmaq, ədalətli olmaq jurnalist etikasına xidmət edən məsələlərdir. Jurnalist informasiyanı da elə almalıdır ki, gərək onun bu bacarığı kənardan vulqar bir formada yox, professional şəkildə görünsün...”

 

Ətrafına həmişə sevinc saçır. Ağıllı, mədəni və müdrük xnımdır. Maraqlı, məzmunlu, ünsiyyətcildir. Odur ki, xeyli rəfiqələsi, eləcə də xətrini istəyən adamlar var. Yeni insanlarla, maraqlı şəxslərlə tanış olmaqdan zövq alır. Daxili aləmi nurlu olduğu üçün, həmişə cəlbedici, cazibədar görünür. Deyingən, paxıl, və qərəzli  insanlardan uzaq qaçır. Ünsiyyətdə hər zaman anlayış və tolerantlığı gözləyir...

 

“Televiziyada, eləcə də radioda fəaliyyətim boyu hədəflərim həmişə müxtəlif olub. Tutaq ki, hər hansı bir müsahibə götürürəmsə, onun auditoriyasının kimlər ola biləcəyini təxmin edirəm. Çünki müəyyən yaş qruplarından tutmuş, efirə gedən materialın hansı saatda olmasına qədər hər bir nüans peşəkarlıq göstəricisinə təsir edir. Ailəsinin yaşlı üzvləri, övladları üçün narahat olanlar var ki, onlar cəmiyyətin həssas qruplarıdır və bu kimi qrupları da nəzərə almaq vacibdir. Düşünürəm ki, həmsöhbətimdə olan maraqlı informasiyalar hər kəslə bölüşülməməlidir. Eyni zamanda aparıcı həmsöhbətinə elə suallar ünvanlamalıdır ki, onun cavabları tamaşaçılara maraqlı olsun...”- söyləyir.

 

Öz işinə kreativ yanaşma tərzi var, məhsuldarlıq ona ilham verir. İti zəkası, sürətli düşünmə, güclü dərketmə qabiliyyəti, həmçinin analitik təfəkkürü onu çoxlarından fərqləndirir. Maraq dairəsi o qədər genişdir ki, hətta müsahibələrdən öncə həmsöhbətlərinin haqqında araşdırma, tədqiqat aparmaqdan usanmır...

Bəli, onun həyat fəlsəfəsi, hər zaman öyrənməyə və inkişaf etməyə yönəlib. Sanki bunlar olmasa rahat yaşaya bilməz...

 

Deyir ki:- “Bir dəfə Qara Qarayev radioya irad bildirərək deyir ki, efirdə insanların zövqünü korlayan musiqilər gedir. Məktublar şöbəsinin direktoru Qarayevə bir topa məktub göstərir. Qeyd edir ki, insanlar bunları istəyir. Qarayevin cavabı isə bu olur: “İnsanların istəkləri onların zövqünü formalaşdırmır. Zövqü formalaşdıran sizsiniz.” Mən də düşünürəm ki, insanların nə istəməsi onları həm də yalnış yönə apara bilər. Hətta buna bir ad qoyulub: “Kütlə psixologiyası” Bəs kütlə kimdir? Birinci bunu aydınlaşdırmaq lazımdır...”

 

Müsahibələrini dinləyəndə qətiyyətliliyi hiss olunur. Belə qətiyyətli olması isə, onu xarizmatik və bənzərsiz göstərir. Həm də dürüst, şirindil və nəzakətlidir. Bir təcrübəli jurnalist kimi isə, hələlik radio və televiziyalarımızda öndə olan aparıcılardan biridir. Bu sahəyə yeni gələnlərə tövsiyyəsi belədir:

 

“Bütün gənclərə, elm, bilik ardınca gedən hər kəsə bu yolda uğurlar arzu edirəm. Onlara bu rəqabət dolu aləmdə öz mövqelərini tutmağı diləyirəm. Fərqi yoxdur aparıcı və ya müxbir olacaqlar. İlk növbədə etik qaydalara riayət edən əsl jurnalist olsunlar. Mən bu adı onlara arzu edirəm. Çünki bu ad çox şərəflidir.”

 

"Can, Azərbaycan" verilişi..

 Bəli, bu dəfəki söhbətimin qəhrəmanı İctimai Radioda hər gün dinlədiyim bu verilişin müəllifi və aparıcısı Pərvanə Nadirqızı idi...

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2025)

Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”

 

Rejissor Ceyms Kemeronun 1997-ci ildə çəkdiyi “Titanik” filmi barədə danışmaq istəyirəm. Real hadisələr əsasında çəkilmiş əfsanəvi bir  filmdir. Filmdə Titanik kruiz gəmisinin səyahətə başlayıb batmasına qədər davam edən 2 günün təsviri verilib.

 

Film real hadisəyə əsaslansa da burada həmçinin sentimental hisslərə rəvac verən məhəbbət xətti də var. Kasıb ailənin oğlu olan Cek Titanikin yola çıxmasına 5 dəqiqə qalmış qumarda gəmiyə bilet qazanır. Bu səyahətdə isə varlı ailənin qızı olan Rouzla tanış olur. Rouz isə yaşadığı yüksək cəmiyyətin sıxıcı əyləncələrindən bezmişdir. Rouzun atası qısa müddət əvvəl vəfat etmiş və arxasında böyük məbləğdə borc qoymuşdur. Və bu borcun yükü ailəsinin üzərinə düşmüşdür. Buna görə də Rouzun anası həm borclarını ödəmək həm də yüksək təbəqə statusu almaq üçün Rouzu Kellə nişanlamışdır. Rouz isə Keli sevmir, yalnız anasının xahişinə görə evlənməyi qəbul etmişdir. Ancaq Rouz Ceklə tanış olduqdan sonra əsl məhəbbətini tapdığını başa düşmüş və Kellə evlənməyi rədd etmişdir. Cek aşağı təbəqədən olduğu üçün Rouzun anası bunu qəbul etməmişdir. Kel isə hiylə işlədərək Rouza aldığı boyunbağını Cekin cibinə atır. Sonra isə onu Cekin oğurladığını deyir. Rouz buna əvvəl inanmır ancaq sonra boyunbağının Cekin cibindən çıxdığını görür. Ceki gəminin ən alt qatına atıb əllərini qandallayırlar. Ancaq sonra Rouz hər şeyi başa düşür və bütün təhlükələrə baxmayaraq o Ceki xilas etmək üçün arxasınca gedir.

Filmdə həmçinin gəmi sahiblərinin özündən razılığı göstərilmişdir. Onlar daha tez çatmaq üçün gəminin sürətini artırırlar və buna görə də qarşıdan gələn aysberqi gördükdə gəminin istiqamətini dəyişməkdə gecikirlər.

Filmdə məhəbbət xətti ilə yanaşı sinfi fərqləndirmələrin doğurduğu acı nəticələr də göstərilib. Film 11 dəfə Oskar mükafı almış və kino tarixinin ən yadda qalan filmlərindən biri olmuşdur. Titanik (ing. RMS Titanic) — "Vayt Star Layn" (ing. White Star Line) şirkətinə məxsus buxar gəmisi. Transatlantik səyahətlər üçün tikilmiş "Olimpik" tipinə aid olan üç əkiz gəmidən biri. Suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1514 nəfər həlak olmuşdur.

Titanikin batması nəticəsində insan itkisinin bu qədər böyük olmasına illər boyu müxtəlif səbəblər göstərildi. Ancaq ən əsas səbəb kimi gəmidə olan qayıqların sərnişinlərin sayına hesablanmaması idi. Titanikdə sərnişin tutumunun 3547 olmasına baxmayaraq gəmidə 1178 insanı xilas edəcək sayda qayıq vardı. Qəza nəticəsində qadınların və uşaqların qayıqlara öncə mindirilməsi, ölənlər arasında kişilərin böyük bir üstünlük təşkil etməsinə səbəb olmuşdur. Titanikin hazırlanmasında dövrünə görə ən müasir texnologiyadan istifadə edilmişdir.

Bir çoxları Titaniki batmaz gəmi adlandırırdı. Bu səbəbdən gəminin xarici görünüşü pozulmasın deyə qayıqlar sərnişinlərin sayına uyğun qoyulmamışdır. Gəminin batması bütün dünyada rezonans yaratdı. Peşəkar gəmi heyəti, müasir teknika və güclü buxar mühərrikləri ilə təmin olunmuş gəminin batmasını heç kim ehtimal etmirdi. ABŞ dəniz donanmasının istefada olan dənizçisi Robert Balardın 1985-ci ildə Atlantik okeanının 4000 metr dərinliyində gəminin qalıqlarını tapması, uzun illərdən sonra dünya mediasını yenidən hadisə ətrafında cəmlədi.

 

Hazırlanması

 Titanik Vayt Star Layn şirkətinə məxsus Harland və Volf gəmi tərsanəsində hazırlanmağa başlamışdır. Gəmi Vayt Star Laynın ən güclü rəqibi olan Kunard Layn gəmi şirkətinin RMS Lusitania və RMS Mauretania gəmiləri ilə rəqabət aparmalı idi. Titanik olimpik tipinə aid üç gəmidən biri idi. Digər iki gəmi Titanikin əkiz qardaşları hesab olunan RMS Olimpik və RMS Britanik gəmiləri Titanik qədər məşhurluq əldə etməmişdir. Olimpik sinfinə aid olan gəmilərin hazırlanması işi ilə Vayt Star Layn şirkətinin mühəndisləri məşğul olurdu.

Şirkətin rəhbəri Uliyam Piyeri, iş icracısı və dizayn məsələlələri üzrə mütəxəssisi Aleksandr Karlays və baş mühəndis Tomas Andreu şirkətin ən tanınan üzvlərindən idi. Titanik hazırlanmasında bir çox xərcləri Amerikalı sahibkar və biznesmen Con Pierpont Morqan ödəmişdir. RMS Titanik gəmisinin inşası 31 mart 1909-cu ildə Belfast şəhərində yerləşən gəmi tərsanəsində başlamış və inşaat işləri 26 ay davam etmişdir. İnşaat işlərində 11.300 nəfər çalışmışdır. Gəmi 31 may 1911-ci ildə suya salınsada daxili sahədə işlər bitmədiyindən işlər 1 il daha uzanmışdır. 2 aprel 1912-ci ildə gəminin hazırlanması tam yekunlaşmışdır.

Titanik 269 metr uzunluğunda, 28.2 metr enində, 66.000 qros ton ağırlığında olan dövrünə görə ən böyük sərnişin gəmisi idi. Gəminin hərəkətə gəlməsinə 3 böyük pərvanə kömək edirdi. Gəminin qazanxanasında yerləşən 4 ədəd buxar mərkəzi gəminin əsas hərəkət verici qüvvəsi hesab olunurdu. Buxar mərkəzlərində 159 ədəd kömür sobası yerləşirdi. Fəhlələr tərəfindən münətəzəm şəkildə kömür atılan sobalar təzyiqi gəminin alt tərəfində yerləşən pərlərə ötürür və bununla da 43 km/s saat sürəti əldə edilirdi. Dövrünə görə Titanik kimi böyük bir gəmi üçün bu sürət maksimum hesab olunurdu. Titanikdə olan dörd bacadan yalnız üçü işləyirdi. Digər sonuncu baca isə gəmiyə dizayn məqsədilə əlavə olunmuşdu. Gəmi ümumi şəkildə 3.547 sərnişin daşımaq imkanına sahib idi. Titanik təkcə sərnişin daşımaq üçün hazırlanmamışdı. Gəminin fəaliyyət sahələrindən biridə bağlama və məktubların daşınması üzrə idi. Titanikin gövdə hissəsində gəminin adının yazıldığı yerin yaxınlığında (ing. RMS - Royal Mail Steamer) sözləri yazılmışdır.

 

Xüsusiyyətləri

Gəminin hazırlandığı dövrdə lüks gəmilər sırasında ilk yeri Titanik tuturdu. Gəmidə digər lüks gəmilərdə olduğu kimi hovuz, idman salonu, türk hamam, həm birinci həm də ikinci sinif sərnişinlər üçün kitabxana, tennis kortu vardı.[2]. Birinci sinifə məxsus otaqlarda xüsusi mebellər, bahalı divanlar və digər dekorativ əşyalar yerləşdirilmişdi.  Bununla yanaşı Café Parisien adlı kafedə birinci sinifdən olan müştərilərə səhər yeməyi xidməti göstərilirdi. Titanikdə bərbərxana və mərkəzi telefon stanstiyası belə fəaliyyət göstərirdi.

Gəmi dövrünə görə müasir texniki vasitələr ilə təmin olunmuşdu. Buxar maşınlarının yardımı ilə işləyən geniş elektirik şəbəkəsi vardı. Gəmidə olan bütün elektirik lampaları və enerji ilə işləyən bütün cihazlara elektirik vahid mərkəzdən ötürülürdü. Titanikdə dövrünə görə ən yeni radio sistem olan Markoni radio sistemlərindən iki ədəd quraşdırılmışdır. Növbəli şəkildə fəaliyyət göstərən operatorlar 1.500 vat enerjinin sayəsində istənilən məlumatı qısa zamanda digər bir məntəqəyə ötürə bilirdi.

 

Qayıqlar

Titanikin hazırlanması zamanı dizayner Karlisie gəmiyə yerləşdiriləcək qayıqların daha geniş olmasını təklif etmişdir. Belə olan halda, Titanik 48 qayıq daşıyacaq və hər hansısa hadisə zamanı gəmidə olan bütün sərnişinlər olmasa da, sərnişinləri və şəxsi heyətin ən azı 90% xilas ediləcəkdi. Vayt Star Layn şirkəti qayıqların tutumunun artırılması ilə razılaşdı. Ancaq nəzərdə tutulduğu kimi 48 yox, 16 ədəd böyük tutumlu qayıq 4 ədəd isə kiçik tutumlu qayıq yerləşdirdi. Qanunlara əsasən bu rəqəm ən minumum hesab olunurdu və bununla ümumi gəmidə olan sərnişinlərin yarısını xilas etmək mümkün idi.

Ticarət nazirliyindən həmin dövrdə iri həcimli sərnişin gəmilərində 16 qayıq yerləşdirilməsi əmri verilmişdi. Titanikdə qayıqların sayının az olmasının ən böyük səbəbi, qayıqların gəminin xarici görünüşünü korlaması iddası idi. 20 dən çox qayıq kənardan aydın şəkildə müşahidə olunurdu və Vayt Star Layn şirkətinin rəhbərləridə belə olan halda gəminin xarici görünüşünün ciddi şəkildə pozulduğunu iddia edirdilər. Digər tərəfdən 20 ədəd qayıqda gəmiyə məcburi şəkildə yerləşdirilmişdi. Ticarət nazirliyinin bu tələbi olmasa idi, Vayt Star Layn şirkətinin 10 ədəd qayıq yerləşdirmək fikri vardı. İnsanlarda formalaşan fikirlərə əsasən qayıqlar formal xarakter daşıyırdı, gəminin ilk səfərdəcə batmaq ehtimalı olmadığından qayıqlar məsələsi ən az diqqət ayrılan sahə olmuşdur.

Titanik gəmisinin dizaynerlərindən olan və gəmidə olan qayıqların hazırlanması və yerləşdirilməsi ilə məşğul olan Karlisie Vayt Star Layn şirkətinin sahiblərindən Brüs İsmey ilə təhlükəsizlik mövzusunda mübahisə etmişdir. Ehtimala əsasən mübahisə zamanı Karlisie Brüs İsmey ilə qayıqların az olmasına öz etirazını bildirmişdir. Brüs İsmey isə qayıqların artırılmasına şiddətlə qarşı çıxmışdır. Titanikin batmasından sonra təşkil olunmuş məhkəmədə Brüs İsmey Karlisie ilə aralarında belə bir danışığın olmadığını bildirmişdir.

 

Olimpik ilə müqayisəsi

 Titanik əkiz qardaşı olan Olimpikə çox bənzəyirdi. Aralarında olan əsas fərq sərnişin kabinalarının Titanikdə sayca daha çox və böyük olması idi. Titanikin A göyərtəsi Olimpikə nisbətən daha böyük və komfortlu hazırlanmışdı. Olimpikdən fərqli olaraq Titanikdə göyərtənin yarısı açıq havada yerləşirdi. Olimpikdə Titanikdə varlı sərnişinlər üçün nəzərdə tutlmuş Café Parisien kimi kübar cəmiyyət üzvülərinin toplandığı yerlər nəzərdə tutulmamışdır. Britanikdə belə bir kafe yalnız 1913-cü ildə yaradılmışdır. Olimpikdə olan bəzi qüsurlar isə Titanikdə aradan qaldırılmışdır. Titanikdə A göyərtəsində olan elektirik lampaları dairə şəklində idi. Olimpikdə isə bu lampalar oval formasında hazırlanmışdır. Oval lampalar tez qızdığı üçün tezdə partlayırdı. Bu texniki səhv Titanikdə aradan qaldırılmışdır. Titanikin kapitan kabini Olimpikə nisbətən daha geniş idi. Bu və digər dəyişikliklərlə birlikdə Titanik, Olimpikdən daha geniş, daha komfortlu və daha müasir hesab olunurdu. Titanikin ağırlığıda əkiz qardaşından 1.004 qross ton daha ağır olmasının səbəblərindən biridə Titanikə xeyli sayda əlavələrin edilməsi olmuşdur. 1912-ci ildə Titanik suya salınan zaman dövrünün ən böyük gəmisi hesab olunurdu.

 

Şəxsi heyət 

Kapitan Edvard Smit

Edvard Smit İngiltərənin Stok-on-Trent şəhərində 1853-cü il 27 yanvar tarixində, Edvard Con Smit və Katerina Hankokun ailəsində dünyaya gəlmişdir. 13 yaşına qədər Etruria ingilis məktəbində təhsil almışdır. Daha sonra isə təhsilini Liverpul şəhərində yerləşən dənizçilik akademiyasında davam etdirmişdir. Edvard Smitin ilk gəmiçilik təcrübəsi A Qibson şirkətinə məxsus olan Senator Veberdə başlamışdır.

Edvard Smit 1880-ci ilin mart ayında Vayt Star Layn şirkətinin Seltik gəmisində dördüncü ofiseri olaraq işə başladı. O, Avstraliya və Nyu-York arasında fəaliyyət göstərən gəmidə uzun müddət işləmişdir. 1887-ci ildə Edvard Smit Vayt Star Layn şirkətinə məxsus gəmilərin birinə ilk dəfə olaraq kapitan təyin olundu. O, SS Resbulika adlanan gəmidə bir müddət kapitan vəzifəsində işləmişdir.

Edvard Smit Vayt Star Layn şirkətinə məxsus 17 gəmidə kapitanlıq etdikdən sonra Titanik gəmisinə kapitan təyin olundu. Vayt Star Layn ən böyük gəmisinə kapitan təyin edərkən, geniş seçim aparmamışdır. Edvard Smit həmin dövrdə təkcə Vayt Star Layn şirkətinin deyil, həm də bütün İngiltərədə ən məşhur kapitanlardan biri hesab olunurdu.

Titanikin batmasında kapitanın hansısa günahının olub-olmaması bu gündə tam məlum deyil. Müxtəlif iddialara əsasən gəminin aysberqlə toqquşması və toqquşmadan sonra sürətlə batmasında Smit tərəfindən qəbul olunan bəzi yanlış qərarlarında rolu olmuşdur.

Titanik batan zaman Edvard Smit ölmüşdür. Onun hansı şəraitdə ölməsi barədə müxtəlif fikirlər vardır. Robert Balardın fikrinə görə Smit Titanik filmində olduğu kimi, körpü istiqamətində irəliləmiş və burada son əmrlərini vermək üçün gözləmişdir. Gəminin batmasından sonra isə Atlantik okeanının buzlu sularında itkin düşmüşdür.

Digər bir iddia da isə kapitanın şəxsi silahı ilə intihar etdiyi göstərilir. Gəminin batmasından xilas olan şəxslər, sonralar danışdıqları xatirələrində Edvard Smitin valideynlərindən ayrı düşmüş kiçik yaşlı bir qızı qayıqa qədər ötürdüyü görmüşlərdir. Bir çox hadisə şahidləri Smitin son anlarında belə özünü təmkinli və soyuqqanlı apardığını bildirmişdir.

 

İlk səfər

Titanik ilk səfərini İngiltərənin Sauthempton limanından ABŞ-nin Nyu-York şəhərinə doğru gerçəkləşdirməli idi. Səfərin 1912-ci il 10 aprel tarixində başlanması nəzərdə tululmuş və elə həmin tarixdə də səfər başlamışdır. Həmin gün əvvəlcə gəminin şəxsi heyəti gəmiyə daxil olmağa başladı. Yerli vaxtla saat 9:30 isə sərnişinlərin gəmiyə daxil olmasına icazə verildi. Gəmi Sauthempton limanından günorta saatlarda yola düşdü. Yola düşmənin ilk anlarından etibarən gəminin idarəsi kapitan Edvard Smitin əlində idi. Nyu-York istiqamətinə hərəkət etməzdən əvvəl gəminin La Manş boğazı vasitəsilə Fransanın Kerburq limanında lövbər salması və burada yeni sərnişinlər alması nəzərdə tutulmuşdur. Kerburqdan sonra Böyük Britaniyanın Quintoun liman şəhərində lövbər salınmış və buradan əsasən kübar cəmiyyətdən olan sərnişinlər gəmiyə minmişdilər.

Titanik hərəkətə başlayandan bir neçə saat sonra, hərəkətində olduğu cənub yolunun üzərində böyük buz parcalarının olması barədə xəbərdarlıq almağa başladı. Həmin xəbərdarlıq məlumatları əvvəlcə gəmilərin idarə edilməsi mərkəzinə göndərilirdi. Ehtimala görə alınan ilk siqnallar Titanikə göndərilməmişdir. Buz parcaları barədə olan xəbərdarlıqlar gün ərzində gəlməyə davam edirdi. Ancaq belə xəbərdarlıqların alınması ilin bu fəsilində tam normal idi və bir növ formal xarakter daşıyırdı. Səfərin ilk günündə saat 21:30 da Mesaba adlı gəmi Titanikin hərəkət istiqamətində irəliləyirdi. Mesabanın Titanikdə bir neçə yüz kilometr öndə olmasının səbəbi qarşıda yarana biləcək təhlükə barədə öncədən xəbər vermək idi. Mesaba hərəkət yolunun üzərində geniş və hündür buz parcalarının olması barəsində Titanikə bir neçə dəfə siqnal göndərdi. Markoni radio otağında olan Cek Fillips və Harold Brayd siqnalı qəbul etsələlərdə məlum olmayan səbəbdən bu barədə kapitan kabininə məlum verməmişdilər. 

Xəbərdarlıqların alınmasına baxmayaraq, kapitan kabini hərəkət istiqamətini dəyişməyə hec bir ehtiyac görmürdü. Titanik gəmisində müşahidəçi adlanan üç qrup fəaliyyət göstərirdi. Hər bir qrup iki matrosdan təşkil olunmuşdu. Qruplar iki saatdan bir yerlərini dəyişdirirdilər. Müşahidəçilərin işi gəminin göyərtəsində yerləşən hündür qüllədən qarşı tərəfi müşahidə etməkdən ibarət idi. Hadisə baş verdiyi gecədən əvvəl istənilən təhlükə rahat şəkildə müşahidə edilə bilirdi. Ancaq həmin gün bir çox səbəblər görmə məsafəni kəskin şəkildə azaltmışdır. Ayın görünməməsi, küləyin əsməməsi və havanın dumanlı olması aysberqin görünməməsinə səbəb olan əsas amillərdən hesab olunurdu. Gəminin batmasından sonra təşkil olunmuş məhkəmədə şəxsi heyətin üzvülərindən biri bu barədə belə demişdir: Həmin gecə, sanki hər şey bizim əlehimizə idi.

 

Aysberqin görünməsi

 1912-ci ilin 15 aprel tarixində yerli vaxtla saat 00:39 da RMS Titanik Kanadanın Nyufaundlend və Labrador əyalətinin Qrand Banks adlanan cənub sahilləri istiqamətində hərəkət edirdi. Müşahidəçi Fredrix Flet gəminin qarşısında aydın şəkildə müşahidə olunmayan aysberqi gördü. Flet gəminin zəngini üç dəfə çaldı və kapitan kabininə telefon etdi. Telefona altıncı ofiser Ceyms Mudi cavab verdi.

• Flet — Orada kimsə varmı?

• Mudey — Var. Nə gördün?

• Flet — Düz qarşımızda iri bir aysberq var!!

• Mudey — Təşəkkür edirəm.

Uilyam Merdok tərəfindən verilən əmrlər

 

Kapitan Edvard Smit kimi baş köməkçi Uilyam Merdok tərəfindən qəbul olunan qərarlardan uzun müddət müzakirə olunmuşdur. Toqquşmadan bir neçə dəqiqə əvvəl Uilyam Merdok istiqmətin tam dəyişdirilməsi əmri veridiyi bildirilir. Bununla gəminin gözlənilən toqquşmadan xilas etmək mümkün idi. Hadisə anında kapitan kabininə daxil olan dördüncü ofiser Cozef Boksholl Merdokun qazanxana ilə ələqə saxladığını və hərəkət istiqmətinin təcili dəyişdirilməsini əmr etdiyini bildirmişdir.

Titanikin mövcud təhlükədən xilas olmaq üçün iki əsas yolu vardı. Bunlardan birincisi gəminin hərəkəti istiqmətini dəyişmək və bununla da mövcud toqquşmadan xilas olmaq, digər yol isə gəminin tam şəkildə dayandırmaq idi. İkinci yol daha mürəkkəb görünürdü. Gəminin qısa zamanda dayanması üçün qazanxanada bir neçə prosesin eyni anda yerinə yetirilməsi tələb olunurdu. Bu səbəbdən Merdok aysberqdən yayınmağın daha real olduğnu düşünürdü. Şəxsi heyətin üzvülərindən olan Alfred Oliver toqquşma anında Merdokun istiqmətin tam dəyişdirilməsi əmrini verdiyini eşitmişdir.

Əsas məqsəd hərəkətin sol istiqmətə çəkilməsi və ən əsası arxa tərəfin ən az zədə almasına nail olmaq idi. Hadisə anında kabində olan dördüncü ofiser Robert Hikens və digər bir dördüncü ofiser Boksel öz ifadələrində Merdok tərəfindən qəbul olunan son əmrin istiqmətin tam dəyişdirilməsi olduğunu bildirmişdilər.

 

23:40 — Toqquşma

Tomas Andreu dövrünün tanınmış gəmi mühəndislərindən hesab olunurdu. Gəminin batması nəticəsində Tomas Andreu həlak olmuşdur.

Müşahidəçi Fletin aysberqi qarşıda dayanması haqqında kapitan kabininə xəbər verdikdən sonra toqquşmaya 37 saniyə qaldığı ehtimal olunur. Gəminin sağ tərəfi aysberqin zərbəsindən deşilmişdir. Gəmini saxlayan əsas dayaqlar zərbə nəticəsində əyilmişdir. Alt hissədən suyun daxil olması gəminin sağ tərəfinin deşilməsi səbəbindən sürətlənmişdir. Ümümi hesablamalara əsasən aysberqin Titanikə vurduğu təsir 10 saniyə davam etmişdir. Qazanxanada yerləşən su nasosları zirzəmilərə sürətlə daxil olan yüksək təzyiqli suyu geri vura biliridi. Qazanxana dairəsinin suyla dolması nasosların işini mümkünsüz edirdi. Qısa müddətdə digər zirzəmilərədə su daxil olmağa başladı. Zirzəmilər arasında olan qapıların bağlanmasına baxmayaraq, suyun qarşısını almaq mümkün olmurdu.

Kapitan Edvard Smit toqquşma anında kapitan kabinində olmamışdır. Toqquşma anında bir neçə dəqiqə sonra kabinə daxil olan Smit gəmidə bütün hərəkətin dayanmasını əmr etdi. Toqquşmadan 10 dəqiqə sonra 4 metr hündürlüyündə olan bütün zirzəmilər su ilə dolmuşdu. Titanikin texniklərindən olan Hutkinson və Tomas Andreu B göyərtəsində yerləşən teleqraf otağında gəminin vəziyyəti barədə birlikdə araşdırma apardılar. Aparılan araşdırma tez bir zamanda yekunlaşdı və ümumi qərar qəbul olundu. Titanik yaxın 2 saat ərzində bataçaqdı. Titanik aysberqlə saat 23:40 da toqquşmuşdur.

Gecə yarısından əvvəl üçüncü sinif sərnişinlərin kabinləri suyla dolmağa başladı. Toqquşmadan 25 dəqiqə sonra saat 01:05 də Kapitan Edvard Smit sərnişinlərə xilas edici jiletlərin paylanmasını və qayıqların üzərində olan örtüklərin açılmasını əmr etdi. Saat 01:10 da Edvard Smit qayıqların yerlərindən çıxardılmasını, saat 01:25 də isə qadın və uşaqların qayıqlara mindirilməsinə göstəriş verdi. Saat 01:50 də dördüncü zabit Yozef Boksel ilk kömək fişəngini yandırdı. Fişəng ağ rəngində işıq saçırdı. Həmin dövrdə gəmilərdə yardım fişəngləri qırmızı rəngdə olurdu. Qırmızı rəng dənizçilikdə təhlükə rəngi olduğundan bu rəngdə olan fişənglərə ətrafda yerləşən gəmilər tez reaksiya verdilər.

Ancaq Titanikə əyləncə şənliklərində istifadə olunan ağ rəngli fişənglər verilmişdi. Bunun səbəb kimi Titanikin batmasını hec kimin ehtimal etməməsi və bu fişənglərində gəmini hazırlayan üçün bir növ formal xarakter daşıması idi. Ağ rəngli fişənglər ətrafda olan bir neçə gəmi tərəfindən müşahidə olundu. Təhlükə rəngi olmayan ağ rəngdən fişəng atılmasını tam olaraq anlamayan digər gəmilər bununun əyləncə məqsədilə olduğunu düşündülər. Digər gəmilərin ağ rəngli fişənglərə ciddi əhəmiyyət verməməsi Titanikdə baş verən itkilərin daha böyük olmasına səbəb olmuşdur. Titanikin batmazdan əvvəl sol tərəfinin şaxə qalxaraq, iki yerə parcalanması barədə olan fikirlər sübut olunmuşdur. Gəminin iki yerə parcalanmasının səbəbi sağ tərəfə yüksək həcmli suyun toplanması və gəmini birləşdirən dayaqların möhkəm olmaması idi.

 

00:45 — İlk qayığın suya salınması 

Çarlz Laytor ölümündən bir müddət əvvəl, Titanik barədə olan xatirələrində, gəminin batmasını belə təsvir etmişdir:

  Qayıqların örtükləri qaldırılmış, təmizlənmişdi. Bir müddət sonra qayıqlar yerlərindən qaldırılmağa başlandı. Artıq qayıqlar sənrişinləri qəbul etməyə tam hazır vəziyyətə gətirilmişdi. Bu an kapitan Edvard Smitlə qarşılaşdım. Kapitana yüksək səslə, ilk öncə qadın və uşaqları qayıqlara mindirməliyəm! bu sözümə, kapitan razılıq əlaməti olaraq başını salladı. Dərhal ilk qayığı qadın və uşaqlarla doldurub, suya endirdim.  

65 nəfərlik yeddi nörməli ilk qayıq saat 00:27 də qaldıcı kranın vasitəsilə cəmi 28 nəfərlə suya salındı. Titanik sərnişinləri və şəxsi heyəti ilə birlikdə 2.228 nəfər olmasına baxmayaraq, 1.178 nəfərə hesablanmış 20 qayığı vardı. Nömrələnmiş 16 qayıq A və B göyərtəsində yerləşdirdi. Bunların daşınması mümkün deyildi və yalnız qaldırıcı kran vasitəsilə suya salınırdı. Digər 4 qayıq isə şəxsi heyətin qaldığı bölmənin damında yerləşirdi. Əgər qayıqlardan tam və düzgün şəkildə istifadə olunsaydı gəmidə olan sərnişinlərin yarısını xilas etmək mümkün idi.

 

Yüksək və orta sinifdən olan sərnişinlərin qayıqlara minməsi daha tez və rahat idi. Aşağı sinifdən olanlar üçün isə şans digərlərinə nisbətən çox az olmuşdur. Gəminin alt hissələrini su basdığından, aşağı təbəqdən olan sərnişinlərin qayıqlara tərəf hərəkət etməsi, daha da çətinləşmişdi. Digər tərəfdən aşağı təbəqənin kabinalarının əsas giriş qapıları bağlanmışdı. Göyərtədə sıxlığın yaranmaması üçün qazanxanada işləyən şəxsi heyətin və aşağı təbəqəyə məxsus kabinlərin qapısı bilərəkdən bağlanmışdır. Xilas etmə prosesində, qadınların və uşaqların öncədən xilas edilməsinə diqqət edilsədə, aşağı təbəqdən olan qadın və uşaqların yarsından çoxu həlak olmuşdur.

Mövcud xilas etmə planına əsasən A və B göyərtəsində toplanmış qadın və uşaqlar sıra ilə qayıqlara mindirilməli, daha sonra isə F və G göyərtəsində gözləyən qadın və uşaqlar keçid vasitəsilə əsas göyərtəyə ötürülməli idilər. Xilas etmə zamanı kütləvi qarışıqlığın yaşanması, bəzi kişilərin qadın və uşaqların yerinə zorla keçmək istəməsi, qayıqların tam doldurulmadan tələsik şəkildə suya endirilməsi, gəmidə olan bütün qadın və uşaqları xilas etməsini mümkünsüz etmişdir. Birinci təbəqədən 1 uşaq, 4 qadın, ikinci təbəqədən 13 qadın və üçüncü təbəqədən isə 53 uşaq və 89 qadın həlak olmuşdur.

Titanikdə çıxılmaz vəziyyət gecə saat 00:15 də yarandı. Həmin anda gəminin qazanxana, zirzəmi və aşağı mərtəbələri su altında qalmışdı. Bu ana qədər okean suyu yalnız aysberqlə toqquşma nəticəsində yaranmış dəlikdən daxil olurdu. Suyun böyük sürətlə gəmiyə daxil olması, onun çəkisini artırıdı və bu amildə gəminin batmasını sürətləndirirdi. Saat 01:10 65 nəfərlik 8 nömrəli qayıq cəmi 28 nəfərlə birlikdə suya salındı. Təxminən 10 dəqiqə sonra isə 9 nömrəli qayıq 56 nəfərlə birlikdə suya salındı.

 

Göyərtədə vəziyyət zamanla daha xaotik hala gəlirdi. Saat 01:25 də 11 nömrəli qayıq 70 nəfər sərnişin və bir neçə nəfər şəxsi heyətlə birlikdə suya salındı. Ancaq 11 nömrəli qayıq suya salınarkən su boşaltma nasoslarının birinə zərbə ilə dəymişdi. Bu səbəbdən bu qayıq suya salınarkən batmağa başlamışdır.

Saat 01:30 da 13 və 15 nömrəli qayıqlar suya salındı. Su nasoslarının işləməsi qayıqların suya salınmasını çətinləşdirirdi. 15 nömrəli qayığın altında dayanmış 13 nömrəli qayıq nasosdan vurulan suyun təzyiqi nəticəsində suya salınması xeyli çətinləşmişdi. Bir müddət sonra 14 nömrəli qayıq ofiser Harold Lou tərəfindən suya salındı. Qayıq suya salınan zaman bir çoxları qayığa icazəsiz minmək istəmişdilər. İcazəsiz qayqılara minilməsi onların suya salınan zaman batmasına səbəb ola bilərdi. Bu səbəbdən Harold Lou havaya bir neçə dəfə xəbərdarlıq atəşi açmışdır. Saat 01:35 də 15 və 16 saylı qayıqlar Titanikdən uzaqlaşmağa başladı. İkinci təbəqədən olan sərnişinlərə məxsus göyərtədə yerləşən bütün qayıqlar suya salınmışdı. Geridə yalnız birinci təbəqədən olan sərnişinlərə məxsus göyərtədə yerləşən 6 qayıq qalırdı.

 

6 qayıqdan düzgün şəkildə istifadə edilsəydi 293 nəfəri xilas etmək mümkün idi. Belə olan halda gəmidə 1.800 nəfər sərnişin qalırdı. 2 və 4 nömrəli qayıqlar gəmidən ən son ayrılan qayıqlar olmuşdur. 2 nömrəli qayıq Titanikdən saat 01:45 də ayrıldı. 01:55 də isə sonuncu qayıq 4 nömrəli qayıq suya salındı. 4 nömrəli qayıq suya salınmazdan əvvəl Titanikin yarısı batmış vəziyyətdə idi. Bu səbəbdən 4 nömrəli qayıq bir çox suya düşmüş sərnişini xilas etmişdir.

Saat 01:45 də gəminin əsas göyərtəsi su altında qaldı. Radio ötürüçülər vasitəsilə ətrafda olan bütün gəmilərə SOS siqnalı göndərilirdi. Siqnalların göndərilməsi ilə operatorlar Cek Filips və Harold Sidney məşğul olurdu. Onlar bütün gəmilərə CQD-MGY sinqalı göndərirdilər. Bu siqnal növündən nadir hallarda istifadə olunurdu və batırıq, bizə təcili kömək edin! mənasını daşıyırdı. Titanik tərəfindən göndərilən siqnallara bir çox gəmidən cavab gəldi. Maunt Templ, Frankfurt və Titanikin əkiz qardaşı olan Olimpik Titanikə ilk cavab verən gəmilər olmuşdular. Ancaq hər üç gəmi həmin an Titanikdən uzaq məsafədə yerləşirdi.

Titanik tərəfindən birinci siqnal göndərilən zaman Olimpik 930 km məsafədə yerləşirdi. SOS sinqalların cavab verən gəmilərdən biridə Karpatia gəmisi idi. Bu gəmi siqnal gələn zaman Titanikin ən yaxınında yerləşən gəmi olduğu hesab güman olunur. Hər iki gəmi arasında olan məsafə cəmi 93 km idi[7]. Karpatia gəmisinin Titanikin batdığı yerə catmaq üçün 4 saat vaxta ehtiyacı vardı, ancaq Titanikin batmasına cəmi bir saatdan bir qədər çox vaxt qalmışdı.

Titanikin SOS siqnallarına ABŞ-də yerləşən iki mərkəzdəndə cavab gəlmişdir. Birinci cavabı Keyp Reysdə yerləşən radio stansiyası vermişdir. İkinci cavab isə Nyu-York şəhərində yerləşən Vanamaker mağazasının yuxarı hissəsində yerləşən Markoni teleqraf mərkəzindən gəlmişdir. SOS siqnallarının verilməsindən bir neçə dəqiqə sonra məlumat gəmilər vasitəsilə Kanadanın Xalfik şəhərində yerləşən gəmiçilik mərkəzinə, oradan isə Nyu-York şəhərinə göndərilmişdir. Hadisənin səhərisi günü xəbər bütün Amerika Birləşmiş Ştatlarına yayıldı. İnsanlar Vayt Star Layn şirkətinin Nyu-Yorkda yerləşən mərkəzi ofisinin qarşısında toplanmağa və məlumat almağa çalışırdı.

 

Maunt Templ gəmisinin xilas cəhdi

 Titanikin SOS siqnallarına daha tez cavab verən və ehtimallara görə ən yaxınlığda yerləşən gəmi Maunt Templ gəmisi olmuşdur. Bu gəmi Titanikdən 79 dəniz mili məsafəsində yerləşirdi. Maunt Templ saat 00:30 da ilk SOS siqnalını aldı. Gəminin kapitanı More 11.5 knot sürətlə siqnal gələn tərəfə istiqamətləndi. Saat 04:30 aralığında Maunt Templ verilən koordinatlara gəldiyində, heç bir gəmi və ya qalıqlarla rastlaşmadı. Hadisədən bir müddət sonra aparılan araşdırmalarda məlum olmuşdur ki, Titanikdən Maunt Templə verilən koordinatlar 12 km şimal məsafəsində verilmişdir. Maunt Templ hadisə yerinə vardıqda gəmi batsa da, bir çox insanlar hələ də kömək gözləyirdi, ancaq koordinatlar düzgün göstərilmədiyindən Maunt Templ Titanikə kömək edə bilməmişdir. Əgər Titanik koordinatları düzgün versəydi, Maunt Templ gəmisinin Karpatia gəmisindən daha tez çatacağı ehtimal olunurdu.

 

SOS siqnallarına cavab verməyən gəmilər

Titanikin kapitan kabinindən şimal tərəfdə bir gəminin işıqları görürdü. Gəminin Titaniklə olan məsafəsi 16 – 24 km arasında idi. Bu gəmi nə radiodan gələn siqnallara nədə, 15 dəqiqədən bir atılan fişənglərə cavab verirdi. Həmin gəmidən cavab gəlmədiyi üçün Cozef Boksholl və texnik Corc Rou qarşı gəmiyə Morze siqnalları göndərməyə başladı, ancaq yenə də cavab gəlmədi.

Bu gəmi ilə bağlı aparılan araşdırmalarda, yaxınlıqda olan iki gəminin Mount Templ gəmisinin kapitanı More və Karpatia gəmisinin kapitanı Roston ifadələr vermişdilər. Hər iki kapitan Titaniki tərəfindən görülən gəmini görmədiklərini bildirmişdilər. Ancaq hadisəsinin səhərisi 15 aprel tarixində More və Roston tək bacası olan gəmini müşahidə etdiklərini bildirmişdilər. Bu gəminin SS Kaliforniya gəmisi olub — olmaması uzun müddət araşdırılmışdır. SS Kaliforniya gəmisinin şəxsi heyəti, hadisədən sonra aparılan araşdırmalarda daim şübhəli və günahkar vəziyyətində qalmışdır. Bunun səbəbi SS Kalifornia gəmisinin Titanikin toqquşduğu aysberqin Titanikin yolunun üzərində yerləşdiyi barədə öncədən xəbərdar olması, gəmi batarkən, ona ən yaxınlıqda yerləşən gəmilərdən biri olmasına baxmayaraq, SOS siqnalların heç birisinə cavab verməməsi idi.

Hadisə gecəsi SS Kaliforniya görüş məsafəsinin azladığı və qarşıda aysberqlərin olduğu üçün dayanmış vəziyyətdə idi. SS Kaliforniyanın operatoru gəmidə olan radio sistemi söndürmüş, özü isə yatmağa getmişdi. 14 aprel tarixində Titanikin radio sistemində müəyyən problemlər yaranmışdı və texniklər gün boyu yaranan problemi aradan qaldırmağa calışırdılar. Markoni radio sisteminin bir müddət işləməməsi, göndəriləcək məktubların toplanmasınsa səbəb olurdu. Filipsin Xalfik şəhərində yerləşən radio stansiyasından güclü bir siqnal qəbul etməsi, xarab olan radio sistemin fəaliyyətini bərpa etdi. SS Kaliforniya gəmisinin operatoru Kris İvans saat 23:00 də yatmazdan əvvəl Titanikə yollarının üstündə böyük bir aysberqin olması barədə məlumat göndərdi. Ancaq göndərilən məktub səhv yazılmışdı. Həmin dövrdə gəmilərin bir-birinə göndərdikləri səhv yazılmış məktublar etibarsız sayılır, bir növ qarşı tərəfi aldatmaq cəhdi hesab olunurdu. Məktub səhv yazıldığından kapitan kabininə göndərilmədi. Titanikdən bir neçə dəfə göndərilən məktuba qısa bir cavab gəldi. Səsini kəs, indi əlimdə çox iş var!

 

Saat 22:10 da SS Kaliforniya cənubdan gələn bir gəminin işıqlarını görmüşdü. Kapitan Lord və üçüncü ofiser Qrovs bu işıqların səyahət gəmilərindən birinə məxsus olduğunu yəqin etdidilər. SS Kaliforniya Titanikə xəbərdarlıq siqnalları göndərsədə, Titanik buna əhəmiyyət verməmişdir. SS Kaliforniyanın üçüncü ofiseri Qrova saat 23:50 də 1 saat əvvəl kapitanla birlikdə müşahidə etdikləri gəminin ışıqlarının yanıb söndüyünü və hərəkət etmədiyini gördü. Kapitan Lordun əmri ilə saat 23:30 və saat 01:00 də morze kodları müşahidə edilən gəmiyə göndərildi. Sonralar aparılan araşdırmada məlum olmuşdur ki, morz lampalarından göndərilən siqnallar 6 km məsafədən görünür. Bu səbəbdən Titanik gəmisindən heç kim SS Kaliforniya tərəfindən göndərilən siqnalları görməmişdir.

Kapitan Lord saat 23:30 da öz kabininə getdi. Kapitan istirahətdə olduğu müddətdə gəminin idarəsinin ikinci ofiser Ston həyata keçirirdi. Saat 01:15 də Ston kapitan Lorda Titanikdən fişənglərin atıldığı barədə məlumat verdi. Lord yenidən kapitan kabininə qayıtdı, SS Kaliforniyanın şəxsi heyəti Titanikdən atılan fişənglərin əyləncə yoxsa kömək məqsədilə atıldığını dəqiq müəyyən etməkdə çətinlik cəkirdilər. Titanik tərəfindən atılan kömək fişəngləri ağ rəngində olduğundan bir çox gəmilərin çaşqınlığına səbəb olmuşdur. Kapitan Lordun fişənglərin atılma səbəbini bilmədiyindən, Titanikə morz lampaları vasitəsilə siqnalların gönədrilməsini əmr etdi. Saat 01:50 də Ston 3 fişəng daha müşahidə etdi.

Saat 02:15 də Ston kapitan Lorda gəminin artıq görünmədiyni barədə raport verdi. Lord Stondan fişənglərin rəngi barədə soruşdu və cavabından müşahidə edilən bütün fişənglərin ağ rəngində olduğunu bildirdi. SS Kaliforniya gəmisinin ofiseri Corc Sivard saat 05:30 da gəmi operatoru Kris İvans ilə görüşdü. O, İvansın hər hansısa kömək siqnalı qəbul edib — etməməsi etməsi barədə məlumat aldı və sonda İvansa ətrafda olan bütün gəmilərə Titanikin yerinin müəyyən edilməsi üçün əlaqə yaratmasını əmr etdi. Frankfurt gəmisi Titanikin operatorunun itkin düşməsi barədə digər gəmilərə məlumat verdi. Yalnız bu xəbərdən sonra SS Kaliforniya Titanikin axtarışına başladı.

Aparılan araşdırmalarda isə məlum olmuşdur ki, hadisə anında Kaliforniya Titanikdən 31 km məsafədə yerləşdirdi. Kapitan Lord fişəngləri gördükdən sonra operator Kris İvansa ətrafda olan digər gəmilərə Titanikin naməlum vəziyyəti haqqında məlumat göndərə bilərdi. Məhkəmənin yekun qərarına əsasən SS Kaliforniya gəmisinin kapitanı Stenli Lord Titanik gəmisinə bilərəkdən lazımi köməkliyi göstərməmişdir.

 

Xilas edilənlərin və həlak olanların ümumi sayı

Titanikdə olan 2.224 nəfərdən (sərnişinlər və şəxsi heyət daxil olmaqla) sadəcə 705 nəfəri xilas oldu. Digər 1.514 nəfər isə həlak olmuşdur.

İnsanların çoxu −2 °C dərəcə suda hipotermiya səbəbindən həlak olmuşdular. Suya düşmüş sərnişinlərin suda yaşamaq müddətləri cəmi 15 dəqiqə olmuşdur. 

 

Titanik orkestrı

 Titanikin batması ilə bağlı olan hadisələrdən biridə məşhur Titanik orkestrasına aiddir. Uels Hardlinin rəhbərlik etdiyi səkkiz nəfərlik orkestr, gəminin batmağa başladığı andan etibarən sərnişinləri sakitləşdirmək və müsbət ovqat yaratmaq üçün gəmi batan ana qədər musiqi ifa etməyə davam etmişdir. Hardli digər yeddi nəfərə qaçmaları üçün icazə vermişdir. Ancaq onlar öz qrup rəhbərlərinin yanlarında qalmağı üstün tutmuşdular. Əvvəlcə birinci sinifə məxsus göyərtədə musiqi çalan orkestr, birinci sinifə aid göyərtənin su altına qalmağa başlamsından sonra, əsas göyərtəyə keçmişdir. Bir çox şahidlərin dediklərinə əsasən Titanik orkestrı gəmi batan ana qədər, musiqi çalmağa ara verməmişdir. Titanikin batması nəticəsində orkestrın bütün üzvüləri həlak olmuşdur.

Orkestr tərəfindən çalınan son musiqinin hansı olması ilə bağlı müxtəlif fikirlər vardır. Kanadadan olan Vera Dik adlı qadın orkestrın Nearer, my God, to thee mahnısını çaldığını iddia etmişdir. İddialar görə Hartli bir gün öz dostuna batan gəmidə olarsa, bu mahnını ifa edəcəyini bildirmişdi. Ancaq Volter Lord tərəfindən yazılan A Night to Remember əsərində Harold Braydın gəmi batmazdan az əvvəl orkestr tərəfindən çalınan mahnının Autumn və ya Songe d'Automne mahnılarından biri olduğunu bildirmişdir. Harold Brayd eyni zamanda gəmi batarkən Titanik orkestrının ən yaxınında dayanmış şəxs olduğunu iddia etmişdir. Bir çox mənbələrdə Vera adlı qadın gəminin batmasına 1 saat 20 dəqiqə qalmış, qayıqlar vasitəsilə gəmidən ayrıldığı göstərilir. Bu səbəbdən Titanik orkestrı tərəfindən çalınan son musiqini eşitməsi mümkün deyildir.

 

Qalıqların aşkarlanması

 Titanikin batması bütün dünyada şok effekti yaratdı. Siravi insanlar Titanik kimi müasir bir gəminin bir neçə saat ərzində batmasına inanmırdılar. Titanik batdığdan sonra onun batdığı yer uzun müddət məlum olmamışdır. Gəminin qalıqlar hadisədən 73 il sonra ABŞ dəniz donanmasının istehfada olan dənizçisi Robert Balard tərəfindən 1985-ci ildə 4.000 metr dərinlikdə aşkarlanmışdır. Titanik 3.657 metr dərinliyə düşmüşdü. Belə bir dərinliyə sualtı qayıqların düşməsi mümkün deyil, 3.000 metrdən çox olan dərinliklərdə təzyiq ən yüksək səviyyədə olur və belə bir şəraitdə fəaliyyət göstərmək mümkünsüzdür. Bu gün həmin dərinliyə insansız xüsusi sualtı aparatlarla 2.5 saat müddətində enilir.

Aparılan ilk araşdırmalarda gəminin qalıqları iki ayrı-ayrı hissələrdə aşkarlanmışdır. Bu fakt gəmi batmazdan az əvvəl ikiyə bölünməsini sübut edir. Hadisə şahidləri iki bölünən sol hissəsinin yenidən parcalanmasını iddia etmişdilər. Ancaq okeanın dibində gəminin sol hissəsi bütöv şəkildə tapılmışdır. Robert Balard gəminin batmasından sonra ilk şəklini çəkməyə nail oldu. Araşdırmalarda əsas hədəflərdən biri kompüter vasitəsilə idarə olunan robotun Titanikin məşhur əsas zalına daxil olması idi. Bir neçə cəhtdən sonra sualtı robot, zalın yuxarı hissəsində yaranmış dəlikdən zala daxil oldu. Əsas zal taamilə çökmüş vəziyyətdə idi. Robert Balard hadisə nəticəsində həlak olan 1.514 nəfərin xatirəsini əziz tutmaq üçün gəmidə sərnişinlərə məxsus heç bir şəxsi əşyanı çıxartmamağa qərar verdi. İlk araşdırmalar zamanı gəmidən Titanikin hazırlanmasında istifadə olunmuş dəmir pərcimlərdən nümünələr götürüldü. Həmin nümunələr əsasında aparılan araşdırmalarda məlum oldu ki, pərcimlər gəminin ağırlığına hesablanmayıb.

Gəminin kabinlərində olan bir çox əşya dəyişilməmiş vəziyyətdə qalmışdı. Heç bir əşyanın çıxarılmaması barədə qərar qəbul olunsada, Titanikə olan marağın yenidən artması, tapılan bir çox şəxsi əşyanın çıxarılmasına səbəb olmuşdur. Titanik aşkarlanandan sonra bir neçə dəfə yüksək təzyiqə davamlı sualtı qayıqlarla, gəminin yaxınlığına enmişdilər. Belə enişlərin sayı günü-gündən artırdı. Bəzi hallarda Titanik ilə sualtı qayıqların toqquşması, yararsız vəziyyətdə olan gəmini daha tez dağılmasına səbəb olurdu. Robert Balardın gəminin mövcud vəziyyətinin qorunması barədə tələblər irəli sürməsindən sonra, Böyük Britaniya və ABŞ arasında ümumi razılıq əldə olundu. Razılığa əsasən Titanikin yerləşdiyi dərinliyə enməzdən əvvəl, hər iki dövlətdən icazə alınmalı idi.

Son illərdə aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, Titanikin qalıqları sürətli şəkildə çürüyür. Suyun 4 km dərinliyində yaşayan və Halomonas titanike adı verilən bakteriyalarda Titanikin çürüməsinin əsas səbəblərindəndir. Bu bakteriyalar yalnız pas ilə qidalanır. Halomonas titanike bakteriyasının 80 il ərzində Titanikdə olan 50 min ton dəmiri yediyi məlum olmuşdur. Prosesin bu şəkildə davam edəcəyi halda yaxın 20 il ərzində Titanikə məxsus olan qalıqların tamamilə yox olacaq. Sevilya Universitetində aparılan araşdırmalar zamanı Titanikin gövdə hissəsində 27 növ bakteriya aşkarlanmışdır. Gəminin cürüməsinə bu bakteriyalardan yalnız Halomonas titanike bakteriyası səbəb olur.

Titanikin qalıqlarının çıxarılmasına dair bir neçə dəfə cəhtlər ediləsədə, müasir texnologiya ilə belə bunu etmək mümkün deyil. Gəminin arxa hissəsi suyun dərinliklərində batmış vəziyyətdədir. Hal-hazırda olan qalıqların çəkisi isə 44.000 ton təşkil edir. Titanikin qalıqları bügun bütün dünya okeanlarında yerləşən ən böyük və ən dərində yerləşən gəmi qalığıdır. Yaxın 20 il ərzində sürətli çürümə və bakteriyalar səbəbindən qalıqların tam formasını dəyişərək, gəmiyə bənzəməyəcəyi ehtimal olunur.

 

İncəsənətdə əks etdirilməsi

 Gəminin batması bəşər tarixinin ən tanınmış qəzalarından biri olmuşdur. "Titanik"in məhvi insan sivilizasiyasının təbiət qüvvələri qarşısındakı acizliyinin simvolu kimi qəbul edilmişdi. Qəza kütləvi incəsənətdə çoxsaylı nümunələrlə əks edilmişdi. Titanikin obrazı aşağıdakı incəsənət nümunələrində təsvir edilmişdir:

• Qəzaya həsr edilmiş ilk film olan Titanikdən xilas olmuş filmi artıq 1912-ci ilin may ayında lentə alınmışdır.

• Qəzanın baş verməsindən qısa müddət əvvəl yazıçı Morqan Robersonun "Nahaq yerə, Titanın qəzası (roman)" (ing. Futility, or the Wreck of the Titan) əsəri çapdan çıxmışdı. Bu əsərdə qəzaya uğrayan gəmi böyüklüyünə və su tutumuna görə "Titanik"ə bənzəyirdi. Əsər 1898-ci ildə qələmə alınsa da, 1912-ci ildə nəşr edilmişdi.

• 1997-ci ildə çəkilmiş Titanik filmi 13 il ərzində ən çox gəlir gətirən film ünvanını qorumuşdu. ($1 845 034 188, ondan $600 788 188 — ABŞ-da)

• 2010-cu ildə çəkilmiş Titanik 2 filmi ən çox uğursuzluğa uğramış filmlərdən biridir. İMDB reytinqi 2.0 təşkil etmişdir.

• Dünyadakı ən böyük gəmilər "Titanik"in modelini əsas almışdılar. Belə ki, S. O. S. Titanik filminin çəkilişləri üçün gəminin 16 metrlik modeli hazırlanmışdı. Bu rekord yalnız Ceyms Kameronun Titanik filmi üçün 4 ədəd 19 metrlik model hazırlandıqda keçildi. Maraqlıdır ki, modellərin batırılacağı hovuzların dərinliyi cəmi 8 metr idi.

• 1976-cı ildə yazıçı Klayv Kasslerin "Titanikin qaldırılması" kitabı çapdan çıxmışdı.

• Fövqəltəbii teleserialında (6-cı mövsümün 17-ci bölümü, "My Heart Will Go On") mələk Baltazar keçmişə səyahət edir və xilas edilmiş sərnişinlərlə onların nəsillərinin ruhlarının əldə edilməsi məqsədilə gəmini xilas edir, lakin o, Vinçester qardaşlarına öz məqsədini izah edərkən Titanik filmindən və Selin Dionun qulaqbatırıcı səsindən zəhləsi getdiyinə görə bu addımı atdığını deyir.

• 1995-ci ildə fantasat Cek Funneyin son (ölümündən sonra nəşr edilib) "Üç zaman arasında" kitabı nəşr edilib. Bu romanın baş qəhrəmanı (zaman səyyahı, dövrümüzdə doğulmuşsa da, kitabın əvvəlində XIX əsrdə yaşayan və orada ailə qurmuş) təkcə humanizm deyil, həm də öz şəxsi məqsədlərinə görə I Dünya müharibəsinin qarşısını almağa çalışır. XX əsrin əvvəlində fəaliyyət göstərən qəhrəmanlar aydınlaşdırırıar ki, Titanikin qəzasında həlak olmuş Arçibald Battın ölümü böyük dünya dövlətləri arasında olan gizli diplomatik məktublaşmanın kəsilməsinə şərait yaradıb.

• Britaniya istehsalı olan Doktor Kim teleserialının Milad gününə həsr edilmiş bölümündə (Lənətlənmişlərin səyahəti) "Titanik" kosmik gəmisi var.

Titanikin qəzasına çoxsaylı mahnılar həsr edilmişdir. Avstriyalı müğənii Yohan Hölsölün eyniadlı mahnısında gəmi dünyanın sonunun, rus Nautilus Pompilius qrupunun Titanik albomunda (1994) isə məhkumluğun simvolu kimi çıxış edir.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə istedadlı gənc şair Aqşin Evrənin özüylə söhbəti və şeirləri təqdim edilir.

 

 

Aqşin EVRƏN

 

özüylə söhbəti...

 

Bu mənim ikinci “Özüylə söhbət”imdir.

Birinci neçə il əvvəl olub – 9, ya 10 – xatırlamıram.

O vaxt özümə nələri danışdığım da, açığı, sözün düzü, doğrusu, vallahi, billahi, yadımda deyil.

Olsun. Məncə, beləsi daha düzgün: bəzi şeylər yaddaşımızda boz-bulanıq qalmalı. Fraqmental. Bir neçə hissəsi itmiş pazl kimi.

Elə bil sözü sətirdən sətrə keçirərkən defis (-) işarəsi qoyursan, növbəti sətirdən yazacağın hecanı xatırlamırsan.

Amma bir şeyi deyim: bu defis (-) ki var, gərək olmayaydı. Sözlər niyə belə yad cisimlərə məruz qaldı? Bu defis (-) sözlərin arasında əməliyyat zamanı xəstənin qarnında unudulmuş cərrah bıçağı kimi görünür.

Biz qədim daş kitabələrin soyuq səthinə də bu sözləri cərrah bıçağı kimi itiuclu alətlərlə yazmışıq.

Əsrlərdir sözü bıçaqlayırıq, lakin o hələ də canlı, qüdrətli və əbədidir.

Burada reklam fasiləsinə ayrılıb tarixin, ədəbiyyatın, fəlsəfənin müxtəlif askpetlərdən çözməyə çalışdığı “daş, silah, söz” fenomeninə nəzər salmaq istəyirəm.

Niyə “daş” sözünün ağlımızdakı ilkin təəssüratı silahdır? Hansı səbəbdən “daş” deyəndə ağlımıza ev tikmək, saray ucaltmaq yox, baş yarmaq gəlir? Cavab çoxşaxəlidir, ancaq bir o qədər də sadə: çünki daş bizim dini-mifoloji yaddaşımızda Qabilin qardaşı Habili öldürdüyü silah olaraq qalıb.

Əlahəzrət sözün, mətnin gücü burada növbəti dəfə ortaya çıxır. Sən milyonlarla ehram tik, xeyri yoxdur! Sənə sözlə göndərilmiş mətn deyirsə ki daş silah olub, vəssalam! O ehramlar, sərdabələr mətnin, sözün diktəsinin yanında firon mumiyası kimi gücsüz görünəcək.

Bir də onu deyim ki...

Ya da qalsın. Bayaq dedik: bəzi şeylər yarım qalmalı. Fraqmental. Onu nələrsə tamamlamalı.

 

...və şeirləri

 

                                                        

HERBARİ

 

Herbari dəftərinə yarpaq tikir məktəbli
Bir az ümidli, bir az həvəsli
Yarpaqlar səhifələrə yapışırlar:
gəldikləri yerə qovuşurlar.

 

 

ANTİK İSTEHZA

 

Tarix yalan danışır,
Muzeylərdə gizlədir qədim, qanlı keçmişi,
Yer kürəsi gülür bizə – torpaq altdan ağarır mamont dişi.

 

 

GÖLMƏÇƏ

 

Asfaltdakı çuxurun yanına balıq şəkli çəkir uşaq,
Qoca ümidsizcə baxır səmaya:
“Bir azdan yağış yağacaq”
Uşaq xoşbəxtdir amma.
Qəribə bir təzad,
Qəribə bir müəmma!

 

 

QAR KÜRƏSİ

­

Qarışdı axşamla səhərin yeri,
Mənim gecəm itdi, gündüzüm itdi.
Ayrıldıq, qayıtdı hər şey əvvələ:
Yer üzü dağıldı, göy üzü itdi.

Sükutdur... bu ömrü lal sürəsiyəm,
Oxunu tərk etmiş boş Yer kürəsiyəm
Bəlkə də, suvenir bir qar kürəsiyəm,
İçim tufan-boran, üstüm sakitdi.

Üşümək gözəldir – qucaqlaramsa.
Sən mənim müqəddəs uzaqlarımsan...
İndi mən boş qalmış otaqlaramsa,
Başım yağış döyən gil kirəmitdi.

 

 

REİNKARNASİON ŞEİR

 

Qitənin ortasından dəvə karvanı keçir:
kəhrəba boyunbağısı ilə zikr edir səhra.
Dəvələr daşıyır gətirdikləri kölgə izini,
Tuluqlarındakı suyun yaddaşında balıqlar var
– Dəvələr birtəhər üzüb keçəcəklər bu qum dənizini.

Sənin getdiyin yerdən başlayır Mədain xarabaları,
Bu viranədə Kufə qurmaq istəyirəm, fəqət gələ bilmirəm:
Könlünün şikəstəliyi ayaqlarıma yoluxub,
Sürülmədən qəzaya uğrayıb əlil arabaları.

Ən ağrılı pəhrizdir insanın sevdiyini itirməsi,
Doğrayır bədəni ayrılığın cəlladı.
Sarayı-hümayundasan bu edam vaxtı
Gözləyirəm, gəlmirsən,
Çünki yarananda kişini qabırğa şəklində tərk etmişdi qadın.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2025)

 

 

Çərşənbə, 07 May 2025 12:32

İçimizdəki adam - ESSE

 

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Sözlər nərdivandır… Bizi ya ucalığa ya da üzüaşağı daşıyar. Bəzən qəlb qırar, gildir-gildir göz yaşı tökdürər, bəzən də qaranlıq bir otağa salıb özümüzə sual verib cavab ala bilməz söz. 

 

İnsan elə düşünür ki, özü-özünə ən yaxşı dostdur. Əslində heç də elə deyil. İnsanın özündən belə gizlətdiyi məhrəmləri var ürəyində. Düşünmək, ağlına və dilinə gətirmək istəmədiyi fikirlər, sözlər var hər kəsin qəlbində. Hər kəsin içində cəmiyyətə “yox” dediyi halda özünüzə təkrar-təkrar “hə” dediyi sözlər var. Düşünün ki sonuncu qatar qarşınızda və bütün sevdikləriniz o qatarda amma içinizdəki adam sizi o qatara minməyə qoymur və sonuncu fit verilib qatar yola düşdükdən sonra sizdən min dəfə üzr istiyir, o qatara minmədiyiniz üçün. 

 

Hər söz içində ya nur daşıyır, ya da zülmət. Yuxarı qalxdıqca içimizdəki işıq ruhumuzla birləşərək bizi ilahi bir sükuta qərq edir. Aşağı endikcə isə, hərf-hərf söndürərək qaranlıqlar içində itirib-batırar.

 

İnsan yaşadıqca, ruhuna toxunan münasibətlər qurmağa çalışır. Bəziləri ötəri yel kimi keçib gedir, bəziləri isə səssizcə içimizdə bir çıraq yandırıb yolumuza işıq salır. O çıraq ki, mayası bir ömrə bərabər hislərdən, baxışlardan və sözlərdən yoğrulub. O çırağın yandığı otaqda hər gün zaman dayanır, həyat nəfəs alır.

 

Əslində çıraq da pərvanəni yandıran şam kimidir - gözəlliyi qədər yandırıcı, istiliyi qədər ağrılı olur. Çünki yaxınlaşdıqca daha çox hiss edir, hiss etdikcə daha çox yanırıq. Və hər dəfə o nərdivanın pillələrində qalxanda, qəlbimizdəki çıraq bir az daha parlayır - qürurla, sevgiylə, inamla. Amma düşəndə… elə bil sönür hər şey - nə söz qalır, nə səs, nə də baxışların istiliyi.

 

İnsanlar səni anlamadıqca sən daha çox var olursan. Başqaları üçün yox, öz doğruların, öz düşüncələrin, öz varlığın üçün. Və sən başa düşülməməyə, susmağa davam etdikcə əslində hər şeyi deyirsən. Amma və lakin sən artıq gözləmirsən. Sən sadəcə yoluna davam edirsən. Sonuncu avtobusun gəlməyəcəyini bilə-bilə dayanacaqda ümidlə gözləyən son sərnişin kimi. Hər kəs səni son avtobusa çata bilmədiyini düşündüyü halda sən artıq xəyalən o avtobusda çoxdan yol almısan. 

 

Biz işığa meyilli olsaq da ən dərin hisslərimizi qaranlıqda tapırıq. Zülmətdə çıraq yandıran hər qəlbə eşq olsun.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2025)

 

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Camal Əliyevə həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

CAMAL XALİQ OĞLU ƏLİYEV

(11.08.1993.-03.11.2020.)

 

Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində doğulmuş, əslən Tovuz rayonundan olan, 74 nömrəli  tam orta məktəbin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsi şəhidi

Şəhid olduğu yer: Xocavənd

Dəfn yeri: Bakı, Bakıxanov qəsəbəsi  Şəhidlər Xiyabanı

 

      VƏTƏNƏ LAYİQ OĞUL

 

Bizi qalib xalq edən,

Bizə yaşadan zəfər,

Torpaq-namus uğrunda

Göstərən mərdlik, hünər,

İgidlər nə qədərmiş,

Hərəsi bir qəhrəman,

Onlar sənin övladın,

Xoşbəxtsən,  Azərbaycan.

 

İgidlərdən birini

Tanıdıram, Camaldı,

Onu elə sevdirən

Saf əməldi, amaldı.

Əslən Tovuzdandılar,

Sabunçuda doğulub,

Mayası halallıqdan,

Təmizlikdən yoğrulub.

 

Məktəbdə dərslərindən

Yalnız alırdı əla,

Əsil insan odur ki,

Halallıqla ucala.

Energetik olmaqçın

Camal verdi imtahan,

Necə də bəxtiyardı

Tələbə olan zaman.

 

Məşhur ali məktəbdə

Oxudu, aldı təhsil,

Bu sehirli aləmdə

Mənalı keçdi dörd il.

 

Məzun oldu, sevindi,

“Azərsun”da çalışdı,

İşçilərlə dost oldu,

Tez qaynayıb-qarışdı.

 

Vətən dərdli olanda

Qəlbən gülməz övladı,

Vaxtdır torpağımızdan

Qovmalıyıq biz yadı.

 

Payız yenicə gəlib

Çatıb qisas məqamı,

Düşməndən almalıyıq

Biryolluq intiqamı.                      

 

Camal da öz adını

Yazdırdı ordumuza

İnşallah, zəfər gələr

Tezliklə yurdumuza.

 

Sevincdən quştək uçdu

Döyüşə yollananda,

Ayaq izləri qalıb

İndi neçə ünvanda.

 

Budur üz-üzə gəlir,

Bir bax, mələk şeytanla,

Düşmənləri məhv edir

Camal minaatanla.

 

Bir od parçası imiş,

Özü dönüb atəşə,

Yalançı “qəhrəmanlar”

Bir-bir dönürlər leşə.

 

Onun  hünərin görüb

Dostları sevinirdi,

Deyirdilər ki, Camal

Cəsarətdə bir şirdi.

 

Döyüşdü Xocavənddə

Qırpmadan gözlərini,

Şəhid olan zamanı

Dedi son sözlərini:

 

-Anam-atam, var olun,

Qəm yeməyin, şəhidəm,

Vətənimin adına

Layiq oğul, igidəm.

Düşmənin ürəyinə

Çəkdim sağalmaz dağı,

Yurdum nur saçacaqdır,

Söndü düşmən çırağı.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2025)

 

 

Enver Aykol, “Ədəbiyyat və incəsənət” portalının Türkiyə təmsilçisi

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə Türk dünyası mədəniyyətini Azərbaycanda tanıdaq layihəsində növbəti görüşdəyik. Türkiyənin reytinqli ədəbiyyatşünası, tədqiqatçısı Necib Tosundur müsahibimiz.

 

-"Hekayəni Sənət Edənlər"də dünya ədəbiyyatında iz qoymuş çoxlu hekayə yazıçılarını təhlil etmisiniz. Kitabınızı qurarkən hansı meyarları əsas götürmüsünüz?

 

-Bu işin ən mühüm xüsusiyyəti seçilmiş yazıçıların bir kitabına, hekayəsinə deyil, bütün hekayələri, bütün hekayə səfəri üzərinə olmasıdır. Buna görə də bu kitabdakı yazılar hekayəçilrin tək-tək kitabları üzərinə deyil, bu yazıçıların hekayələrinin tamamının qiymətləndirilməsini əhatə edir və nəticədə ümumi bir baxışı, tamamlı bir fotoşəklin ortaya çıxarılmasını hədəfləyir. Bu həm uzun bir zaman, həm də sıx bir səy tələb edirdi. Müəyyən edilən adların seçimində diqqətlə duruldu. Kitablar tamamlıq içində oxundu və bitirildi. Buna görə də kitabın tamamlanması müxtəlif fasilələrlə uzun bir zamana yayıldı. Modern hekayənin səfəri, bəlkə də ən yaxşı bu növün öncül birikimləri izlənərək açıqlana bilər, somutlaşdırıla bilərdi. Çünki hekayə bu adlar öncülüyündə ədəbi bir növ olaraq varlığını qəbul etdirmişdir. Bu işdə dünya ədəbiyyatındakı qırx hekayəçinin yazı üslubları, hekayə anlayışları, üsulları, temaları və hekayə sənətindəki yerləri araşdırılarkən; yaratdıqları hekayə mirasının qapısı aralanır, hekayə növünə qatdıqları müxtəliflik, zənginlik müəyyən edilməyə çalışılır. Kitabı yazmağa başladığımda qırx adla məhdudlaşdırmağı qərara almışdım. Əvvəlcədən bu siyahıya qəti daxil olacağını təxmin etdiyim yazıçılarda yanılmadım. Amma bəzi yazıçıları tamamlıqla oxuduqda məcburən elemələr etməyə başladım. Beləliklə, bəzi hekayəçilər kənarda qaldı. Şübhəsiz, modern hekayənin quruluş, inkişaf və keyfiyyətli bir şəxsiyyətə çevrilmə prosesini nöqsansız ortaya qoymaq üçün bu prosesə çoxlu yazıçıların daxil edilməsi lazım idi. Lakin bunun qeyri-mümkün olduğunu demək hətta artıqdır. Bir sayıya sabitləmək lazım idi. Buna görə də yalnız növün əhəmiyyətli dayanacaqları, hekayə sənətinə şəxsiyyət və aydın ton qazandıranlar kitaba daxil oldular. Şübhəsiz, seçim etmək həmişə narahatlıq və müzakirəli olur. Bir seçimin edən üçün əsasları və səbəbləri olsa da hər halda subyektiv bir tərəfi və "özünə görə"si var. Çünki nəticədə hər hökm, hər seçim subyektivdir və bir təklifi, iddianı əhatə edir. Seçim bir zövqü əks etdirir, bir obyekti kənarda buraxır, bir obyekti daxil edir. Lakin bu subyektivliyin içinə sevgi, dəyər, ədalət, birikim, səy qatıldığında ixtiyarilikdən uzaqlaşır və ədalətə yaxınlaşır. Bu isə haqqqanilik, ədalət, vicdan, əxlaq yanında bitərəf, ardıcıl, prinsipial bir münasibət tələb edir. Bunu təmin etməyə çalışdım.

 

-Kitabda Qoqolun "Palto" hekayəsindəki Akaki Akakiyeviç personajı üçün "Hekayə sənətinin əhəmiyyətli bir prototipidir." deyirsiniz. Bu prototipin xüsusiyyətləri nələrdir və kimləri doğurmuşdur, öyrənmək istərdik?

 

-Bu prototipin ən böyük xüsusiyyəti kiçik insan olmasıdır. Buna görə də modern hekayənin köklərini / doğuşunu Qoqolla başlayanların irəli sürdükləri ən mühüm səbəb, onun kiçik / adi insanları hekayə sənətinə ilk dəfə daxil etməsidir. Həqiqətən də kiçik insanın tarixi proses içərisində hekayədəki əhəmiyyəti nəzərə alındıqda, Qoqolün qurucu şəxsiyyətə layiq görülməsi üçün bu səbəbin tək başına kifayət edən sayılması lazımdır. Çünki o dövrədək yalnız üstün insan, qəhrəman xarakteri danışılmaya dəyər görülərkən bu dəfə aciz, solğun, adi bir insan ədəbiyyatın əsas fiquru olurdu. Bu elə dərəcədə əhəmiyyətli idi ki, "kiçik insan" getdikcə hekayə növü ilə demək olar ki, eyniləşəcəkdi. Bu kontekstdə Qoqolü modern hekayənin çıxış nöqtəsi olaraq görmək, hekayənin gəldiyi yer nəzərə alındıqda daha bir haqlılıq qazanır. Qoqol müxtəlif temalarda çoxlu keyfiyyətli hekayələr yazsa da xüsusilə dövrün məmur dünyasını, sistemin əzdiyi kiçik insanları, bürokratik işləyişin çıxılmazlarını mövzu etdiyi hekayələrdə olduqca uğurlu olur. Həqiqətən, Puşkin "kiçik insan" tipini daha əvvəl gündəmə gətirmişdi; amma bu tipi bütün ölçüləri ilə hekayəyə daşıyan Qoqol olmuşdur. Hekayələrdə bu insanlar üçün heç bir çıxış yolu yoxdur; onların taleyi, pozulmuş sistem içində yox olmaqdır. Elə Qoqolün demək olar ki, adı ilə eyniləşən "Palto" hekayəsində, bürokratik sistemin şəxsiyyətsizləşdirib əzdiyi, maşının əhəmiyyətsiz bir hissəsi etdiyi məmur Akaki Akakiyeviçin faciəvi həyatı danışılır. Akaki Akakiyeviç; vəzifəsini yerinə yetirməkdən başqa həyatda heç bir məqsədi olmayan, öz içərisinə qapalı, həyatın xaricinə düşmüş, cəmiyyətdən kənar, passiv və acınacaqlı bir şəxsdir. Akaki Akakiyeviç bir gün min bir çətinliklə yeni bir palto alır. Bu yeni palto onun həyatını dəyişdirmişdir. Ətrafına gülüşlər səpməkdə, illər sonra gəzmək üçün küçələrə çıxmaqdadır. Hətta qadınları belə kəşf etmişdir. Bir gecə küçədə gəzərkən, meydanda bir neçə sərsəri tərəfindən paltosu alınır. Təhlükəsizliyə, müxtəlif yerlərə müraciət etsə də paltosunu tapa bilmir. Polis demək olar ki, onu günahkar vəziyyətə salır. Son bir ümidlə getdiyi "əhəmiyyətli şəxs" tərəfindən sərt şəkildə danlanıb evə qayıdır və bir daha ayağa qalxa bilmir. Yolda soyuqqatma olur və qızması çıxır. Nəticədə xəstələnib ölür. Şübhəsiz, onu öldürən soyuq deyil, ümidlərinin, arzularının yox olmasıdır. Həyatdakı tək dəyəri, ümidi və dayağı olan yeni paltosunu itirdikdə Akaki Akakiyeviçin ölməsi şübhəsiz simvolikdir və həyatın mənasını itirməsini simvollaşdırır. Həyatının tək rəngi, yaşama həvəsi yol yoldaşını itirdikdə həyat mənasını itirir. İdarədəki yoldaşları ölümünü dörd gün sonra eşidirlər. "Palto"da bəlkə yüksək səviyyəli bir texniki ustalıq yoxdur, amma Akaki Akakiyeviç fiquru daha sonra çeşidlənərək, dəyişərək, çevrilərək Dublin’də, Paris’də, Praqa’da, Burqaz’da qarşımıza çıxacaq hekayə sənətinin əhəmiyyətli bir prototipidir. Qoqol beləliklə Akaki Akakiyeviçlə hekayə sənətinin ən vacib personajlarından birini yaratmışdır.

 

-Məsələ Akaki Akakiyeviçdən açıldı, Qoqolün yumor anlayışı haqqında fikirlərinizi də öyrənmək istərdik?

 

-Qoqol gülməli, şişirdilmiş və komik hadisələrə meyl edir. Amma o sadəcə zarafatçı, kobud bir yumor hekayəçisi deyil; insan xarakterini, zəif və keyfiyyətlərini ortaya çıxaracaq fəlsəfi dərinliyi olan gülməliyi tutur. Onun hekayələrindəki yumorda məqsəd insanı güldürmək deyil, acınacaqlı vəziyyətin altını çəkmək və təəccübləndirməkdir. Bütün zəifliklərinə baxmayaraq bu insanlara mərhəmətlə, şəfqətlə baxır və ictimai quruluşun yaratdığı bir tip kimi təqdim edir. Qoqolün ilk dövr hekayələri bəlkə yumor / satira növü şeylərdir, amma son dövrdə yazdıqlarında bir gülməli vəziyyət olsa da bizi güldürmür, təəccübləndirir və bir həqiqəti işarə edir.

 

-Hekayənin tarixi inkişafında Mopassanın və Çexovun yeri haqqında nə düşünürsünüz?

 

-Modern hekayənin ilk ciddi dayanacaqlarından biri "hadisə hekayəsi" oldu. Mopassan adı ilə simvollaşan bu yönəlimlə hekayənin müstəqilliyinin əsasları qoyuldu. Gənc ədəbi növ olan hekayənin sevilməsində, oxucu qarşısında məna qazanmasında "hadisə hekayəsi" anlayışının töhfəsi böyük oldu. Çexovla birlikdə hadisədən, mövzudan çox insanı ön plana çıxaran, onun psixologiyasını əks etdirən hekayələr yazılmağa başlandı. Bu növ hekayələrlə klassik süjet, düyün, həll quruluşu tərk edilərkən hekayələr; insan ruhuna, onun ifadə etdiyi, edə bilmədiyi sahələrə yönəldi. Artıq hekayədə mütləq hadisə danışmaq yerinə, bir anın, görüntünün, ruhi vəziyyətin hekayələşdirilməsi əsas anlayış oldu. Bu, hekayədə məzmun yanında estetik elementin də gündəmə gəlməsi demək idi. Elə ədəbiyyat aləmində hekayənin ciddi qəbul edilməsi, nüfuz qazanması bir qədər də Çexov yanaşması ilə baş verdi.

 

-Oxucunun proqnozunu qırıb hər hekayədə təəccübləndirmək şübhəsiz çətindir. Amerikalı hekayəçi O. Henri üçün uydurmanın ustası deyə bilərikmi?

 

-O. Henri xüsusilə yazdığı hekayələrin təəccübləndirici sonları ilə məşhurdur. Tarixi səfəri içərisində "son"ların, finalın hekayədə həmişə əhəmiyyətli bir funksiyası olmuşdur. Buna görə də hekayənin "sona yönəlmiş bir sənət" olduğu tez-tez deyilmişdir. Hekayə tarixinə baxdıqda bu hökmün heç də yanlış olmadığı görüləcək. Çünki süjet / düyün / həll intizamının sərgiləndiyi ənənəvi hekayələrdə həqiqətən də hər şeyin finalda həll edildiyini, zirvəyə çatdırılan daxili gərginliyin son sözlə bitdiyini görürük. Bu növ hekayələrdə "son"lar əhəmiyyətli olduğu kimi, hekayənin digər hissələri də "son"lara uyğun təşkil edilirdi. Beləliklə, "son"lar hekayənin bütününü əhatə edən bir funksiyaya sahib idi. O. Henri həyatın sürprizli, möcüzəvi və gözlənilməz tərəflərini danışmağı sevir. Hekayələrdə elə möcüzəvi hadisələr olur ki, bəzən nə danışan, nə də qəhrəman başa düşə bilər. Olub keçmişdir. Bunun səbəbini, yollarını, əsaslandırmasını izah etmək mümkün deyil. Bu şübhəsiz "qədər əli"dir və bunun izahı tamamilə mümkünsüzdür. Həm Amerikada, həm də dünyada hekayənin ədəbi bir növ kimi sevilməsinin ən mühüm nümayəndələrindən biri O. Henridir.

 

-V. Vulfun romanla şeir arasında qalan yeni bir forma axtarışını necə qiymətləndirirsiniz?

 

-Çox əhəmiyyətli. Virciniya Vulfun nəzərdə tutduğu bir qədər də şeirli hekayələrdir. Şeirli hekayələrdə mücərrəd, imajlı bir ifadə üstünlük verilir. Bu hekayələrdə dil işçiliyi incəlməyib, fəlsəfi ölçü dərinləşmiş, məna mücərrədləşdirmələrlə zənginləşdirilmiş bir vəziyyətdədir və oxucudan diqqət / səy tələb edən formal bir quruluş yaradılmışdır. Bəli, forma ağırlıq qazanmışdır, amma hekayələrdə həndəsi bir quruqluq, süni bir səy hiss edilmir. Mənanı siləcək bir axtarış yoxdur. Əksinə, sıxlıq və şeiriliklə məna parladılmışdır. Axıcılıq, şeirilik və sıxlıqla qurulan hekayələrdə məna blokları simvolik ifadələrlə izah edilir. Şübhəsiz bu da yazıçının mənanı çoxqatlı bir səviyyəyə çatdırmaq məqsədindən qaynaqlanır. Deyilmək istənilənlər düz, geniş və ilk mənalarından çox, fərqli, çoxqatlı bir formaya çevrilərək deyilir. Bu da mətnə həm fəlsəfi dərinlik, həm də məzmun sıxlığı qazandırır. Sıxlıq, məna zənginliyi, təsirli ifadə, aydınlıq axtarışları mücərrədləşdirmələrə, simvollara, istinadlara, şüuraltı çoxalmalarına ehtiyac duyur. Tamamilə xarici reallığı təmsil edən bir dünya çəkilmir. Xarici və daxili reallığın orta nöqtəsi mətnə əks olunur. Burada məqsəd mənanı örtmək deyil, çağırışı çox olan vasitələrə istinad edərək mənanı zənginləşdirməkdir. Bu vasitələrlə oxucunun təxəyyülü və diqqəti köməyə çağırılır, paylaşım artırılmağa çalışılır.

 

-F. Kafkanın, hekayədə uğurlu olanların pis romanlar yazmasını tənqid etdiyinə də toxunmusunuz kitabınızda. Sizin bu mövzuda şəxsi fikriniz nədir?

 

-Şübhəsiz, hər yazıçı özünü, hisslərini ən yaxşı ifadə etdiyi növdə yazır. Başqa cür yaza bilmədiyi üçün bu növləri seçir. Bəzi yazıçılar yalnız bir növdə yazarkən, bəziləri fərqli növlərdə də yazır. Bu mənada çoxlu yazıçı ədəbiyyatın müxtəlif növlərində əsərlər ortaya qoymuş, növlər arasında keçidlər etmiş, bəzən də bir növdə ağırlıqla yazmışdır. Bir yazıçının portreti yazdıqlarının cəmi ilə ortaya çıxır. Amma birdən çox növdə yazan yazıçıların əsərləri keyfiyyət baxımından fərqli ola bilər. Növün öz tələbləri, meyarları ilə əsərlərə baxıldıqda, bəzi yazıçılar yalnız bir növdə uğurlu olarkən, yazdığı hər növdə uğurlu olan yazıçılara da rast gəlinir. Başqa sözlə, yaxşı bir romançı pis hekayələrə, pis şeirlərə; yaxşı bir şair də pis romanlara, pis hekayələrə imza ata bilər. Əsas olan hansı növdə yazılırsa yazılsın, o növün haqqını vermək, keyfiyyətli əsərlər ortaya qoya bilməkdir. Lakin bəzi yazıçıların dəhaları, istedadları müəyyən bir növdə daha aydın ortaya çıxıb müəyyənləşərkən, bəzi növlər isə onların istedadlarını tam əks etdirmir. Məsələn, Dostoyevski hekayələr də yazmışdır, amma romanları daha çox əhəmiyyətli sayılmış, qalıcı olmuşdur. Hekayələri də əlbəttə böyük bir yazıçının əlindən çıxdığı üçün qiymətlidir, amma ümumi mənada baxıldıqda onun hekayələri sənət səfərində ağırlıq təşkil etmir. Bu mənada Dostoyevski hekayə yazmasaydı, nə hekayə növü üçün, nə də özü üçün bir çatışmazlıq olardı. Yenə də nümunələrə baxılsa, Anton Çexovun roman yazmaması bir çatışmazlıq deyil, çünki o da hekayə növünün şahəsərlərini vermişdir. Lakin Çexov eyni zamanda "Qağayı", "Vanya Dayı", "Albalı Bağı" kimi olduqca keyfiyyətli pyeslər də yazmışdır. Çexov bu pyesləri yazmasaydı, bunlar növ üçün bir çatışmazlıq olardı. Buna görə də nəticələrdən çıxış etsək, Çexovun roman yazmayıb hekayə yazması, Dostoyevskinin də romanda israrlı olması düzgün olmuşdur deyə bilərik. Çünki bu yazıçılar yazdıqları növlə demək olar ki, eyniləşmişlər. Buna qarşılıq iki növdə də yazmaqla birlikdə həm hekayədə, həm də romanda uğurlu yazıçılar da mövcuddur. Bu kontekstdə Rayner Mariya Rilke, Ceyms Coys, Vilyam Folkner, Frans Kafka, Ernest Heminquey, Qabriel Qarsiya Markes xatırlana bilər. Bizdən isə Halit Ziya Uşaklıgil, Əhməd Həmdi Tanpınar, Oğuz Atay, Bilqə Qarasu və Adalət Ağaoğlu romanları ilə əhəmiyyətli yazıçılar olsalar da modern hekayənin də yaxşı nümunələrini vermişlər.

 

-Çingiz Aytmatovun hekayələrində təbiətin ön planda olmasını, hətta hekayə personajlarının önünə keçməsini siz necə şərh edirsiniz?

 

-Bunda Manas Dastanının sıx təsiri olduğunu düşünürəm. Onun hekayələrində nağıl, yuxu, miflər iç-içə keçir. Bir şəkildə Manas danışanı olduğunu bildirir. Yazdığı hər şeydə Manasdan sızıntılar, rənglər, tonlar var. Əsasən hekayələrində insan təbiətindəki pislikləri, yaxşılıqları və sevgiyi ortaya çıxarmağı hədəfləyərkən bunu təbiət-insan uyğunluq və toqquşmaları ilə nümunələndirməyi seçir. Kənd insanından seçdiyi qəhrəmanlar vasitəsilə sevgi, müharibə, təbiət temalarını; lirik, şeirli bir dillə hekayə edir. Və təbiət onun hekayələrinin bir uvertürası, yan elementi olmaqdan çox, əsas elementi, subyekti, qəhrəmanıdır. Çünki insan və təbiət bir-birini tamamlayan iki dostdur. Və təbiət ürəyini hesabsız, kitabsız insana açır. İnsan təbiətdən uzaqlaşdıqca, onu yox saydıqca özündən də uzaqlaşır. Təbiətdə müqəddəs bir düzən və hikmətlər var. Bəzən fərqinə vardığımız, bəzən varmadığımız bir uyğunluq, ritm və təmizlik. Və əlbəttə sakitlik və sükut. Buna görə də insanın yaradılış məqsədinə uyğun bir həyat tərzi üçün təbiətdən ayrılmaması lazımdır. Bu mənada təbiət sadəcə təsvir, fon kimi istifadə edilmir. Onun hekayələrində göy qübbə altında yaşadığımızın, torpağa basdığımızın, nəfəs aldığımızın, qısaca ətrafımızda bizdən başqa canlıların da yaşadığının fərqinə varırıq. Bütün bunlar da Manas Dastanının izləridir.

 

-Bir az da "kamera-göz yanaşması"nı izah edə bilərsiniz bizə?

 

-Məlum olduğu kimi, görüntüləmə texnikasını / yanaşmasını istifadə edən hekayəçilər üçün müxtəlif imkanlar, vasitələr mövcuddur. Bunları təsvir, səhnələşdirmə, fotoqraf, rəsmkarlıq, portret hekayə kimi sıralamaq mümkündür. Bunlardan ən çox istifadə ediləni şübhəsiz təsvir elementidir: Təsvirin ən geniş istifadəsi təbiət, mühit, məkan göstəriciləridir. Yəni hekayənin keçdiyi yer, fon və ya statik vəziyyətlərdir. Təsvir şübhəsiz göstərmənin ən vacib vasitələrindən biridir, amma görüntüləmə texnikası yalnız təsvir deyil. Göstərmə / görüntüləmə texnikasında istifadə edilən başqa bir vasitə də səhnələşdirmədir. Bundan əlavə, hekayəçi təbiət və mühit göstəriciləri ilə rəsmkarlıq (tablo funksiyası); çərçivəli vəziyyət təyinatı ilə fotoqraf; şəxsin (tip, xarakter) xarici vəziyyəti ilə (sevinci, qəzəbi və s.) portret şeir vasitələrindən istifadə edərək "göstərir". Bütün bunların hərəkətli ifadəsi ilə əlbəttə kamera-göz yanaşması əldə edilir.

 

-Qoqol, Mopassan, Kafka, Aytmatov kimi çoxlu əhəmiyyətli yazıçıların hekayələrində fantastik elementlər görünərkən, müasir dövrdə Fantastik ədəbiyyata üveyvlad münasibətinin göstərilməsi haqqında nə düşünürsünüz?

 

-Fantastik, ədəbiyyatçıya ədəbi istedadlarını, sezgilərini, arzularını sərgiləyə biləcəyi geniş bir azadlıq imkanı verir. Yazıçı demək olar ki, heç bir məhdudiyyəti olmadan, dəhşət, qorxu, həyəcan, maraq elementlərindən istifadə edərək mətnini qurur. Fantastik əsərlər çılpaq reallığı təqlid etmədiyi üçün tamamilə yaradıcı qüvvəyə, təcrübəyə söykənir. Uydurmanın bir addım irəlisidir. Ağlın, məntiqin mexanizmi tərk edilmiş, demək olar ki, hər şey yazıçı tərəfindən təyin edilmişdir və müəyyən bir məntiqi işləyişə malik, yalnız öz reallığına cavabdeh yeni bir kainatdır. Hərçənd içində olduğu müasir reallıqlardan kənar olsa da qaçınılmaz olaraq yazıldığı dövrün anlayışını, təbiətini, arzularını əks etdirir. Çünki arzular da yaşanılan çağın, yaşananların yenidən qurulmasıdır. Sənət-ədəbiyyat artıq çılpaq reallığı aşma cəhdi, yeni bir dünya yaradımıdır. Bu mənada bunu həyata keçirmək üçün istifadə etdiyi materialların adının, keyfiyyətinin bir mənası yoxdur. Yazıçı hisslərini, düşüncələrini, həqiqətlərini hansı dünyada qurursa qursun, əhəmiyyətli olan bütün bunları estetik bir mükəmməlliklə formalaşdıra bilməsidir. Hətta bir mənada fiqurların və obyektlərin də əhəmiyyəti yoxdur, hadisənin hansı kainatda keçdiyinin də. Buna görə də təyyarənin uçması ilə xalçanın uçması arasında yalnız zaman fərqi var. Əhəmiyyətli olan bütün bunlarla yaradılan dünyadan yazıçının bizə çatdırdıqlarıdır. Fantastikanın səfərinə baxdığımızda, inanc, təxəyyül və elmi inkişaflar mərkəzində bir varlıq sərgilədiyini görürük. Dini inancların ictimai həyatı əhatə etdiyi, metafizik hadisələrin sorğulanmadığı zaman dilimində, cinlər, pərilər, xəyalətlər, fövqəladə güclərlə təchiz edilmiş insanlar, o biri dünya qurğuları rahatlıqla hekayələrdə yer ala bilirdi. Mifflər, əfsanələr, dastanlar, nağıllar bunlarla doludu idi. Lakin pozitivizmlə birlikdə bu cür hekayələr gözdən düşdü. Çünki artıq hər şeyə elmin pəncərəsindən baxılır, faktların, vəziyyətlərin reallığı sorğulanır. 19-cu əsrdə pozitivizmin kainatın quruluşundan insanlıq vəziyyətlərinə qədər hər şeyə açıq və qəti qərarlar gətirərək, yaşanan hər şeyi əhatə edən bir qüvvə ilə təkələ aldığı zaman, sənətçilər əvvəlcə bu ağılcı/təcrübəçi yeni tanrı qarşısında dərin bir çaşqınlıq yaşadılar. Hər şeyin sayılması, tənlik və düsturlarla izah ediləcəyini, bütün problemlərin həll olunacağını vəd edən pozitivizmin hakimiyyəti elə bir nöqtəyə çatdı ki, Eliotun dediyi kimi, "insanlar qonşuları ilə münasibətlərinin cəbr tənlikləri ilə həll edilə biləcəyinə" inanmağa başladı. Elmin mütləq hakimiyyəti yaşanırdı. Ədəbiyyatçılar, sənətçilər əlbəttə bu yeni qüvvədən təsirlənirdilər. Məsələn, elmi roman nəzəriyyəsinə görə, artıq ədəbi əsərlər elmin rəhbərliyi altında və elmi üsullarla, təcrübə metodları ilə yaradılmalı idi. Ağıla, məntiqə zidd olan yanaşmaların ədəbiyyatda yeri ola bilməzdi. Amma zamanla elmin əlindəki imkanların məhdud olduğu aydın oldu. Əslində elmi qərarların mövcud məlumatlarla əldə edilmiş "son məlumatlar" olduğu və qəti bir dəqiqlik daşımadığı anlaşıldı. Xüsusilə insan təbiətinə aid çoxlu vəziyyətlərin, hisslərin qaranlıqda qaldığı üzə çıxdı. Sənət tam da burada yenidən özünü bərpa etdi. Yazıçı və şairlərin şahidliyi, sezgisi və daxili görüşləri (və hətta dəhaları) ilə əldə etdikləri həqiqətlərə elm, bəzən düsturlarla, bəzən isə yorucu təcrübələrlə illər sonra çata bildi. Elm insan təbiəti haqqında, xüsusilə onun bioloji quruluşu mövzusunda uğurlu olsa da, daxili dönüş, zehin, şüur, şəxsiyyət, xarakterə gəldikdə sənətçi kəşfləri daha çox əhəmiyyət kəsb etdi. Buna görə də sənət və elmi bir yerdə görməyə çalışan Freydin ən vacib istinad mənbəyi sənət əsərləri oldu. Çünki insan təbiətinin o çox mürəkkəb xarakteristik xüsusiyyətləri yalnız sənət əsərlərində məna sahəsi tapdı. İndilərdə uydurmanın elmin əksi olmadığı, hətta insan təbiətinə aid çoxlu kəşflərin, ixtiraların və müəyyənləşdirmələrin elmi tədqiqatlardan əvvəl istedadlı yazıçıların əsərlərində ortaya çıxdığı məlumdur. Bu mənada fantastik 19-cu əsrdə yenidən canlanarkən elmlə hesablaşır və bir qədər də onun boş buraxıdığı sahələrdə, boşluqlarda mövcudluq sahəsi tapır. Xüsusilə Mopassanın fantastik hekayələri elmlə hesablaşmağa bənzəyir. Daha sonra fantaziya getdikcə elmi də özünə sintez edərək özünə yeni bir sahə açmağı bacardı.

 

-Son sualımız mükafatlar haqqında olsun. Bir yazıçı olaraq çoxlu əhəmiyyətli mükafatlara layiq görülmüsünüz. Bu bəhanə ilə sizi təbrik edərkən mükafatların sizin üçün nə ifadə etdiyini öyrənmək istərdik?

 

-Mükafatlar tək başlarına əsərin dəyərinə aid ölçü ola bilməzlər. Başqa sözlə, bir ədəbi əsərə mükafat vermək həmin ədəbi əsərə dəyər əlavə etmədiyi kimi, mükafat verilməyən əsərlərin də dəyərini azaltmır. Mükafat, ən çoxu, əsərin oxucuya çatmasına kömək edir, yazıçına ruh və məmnunluq hissi verir. Çünki mükafat əsərin xaricində baş verən bir vəziyyətdir və əsər tarixi səfərində öz taleyini yaşayır. Mükafat verən qurumun ciddiyyəti, mükafatın davamlılığı və mükafat jurisinin tərkibi mükafatın institusionallaşmasında həlledici rol oynayır.

 

TƏRCÜMEYİ-HALI

Necip Tosun 1960-cı ildə Kırıkkalədə anadan olub. İlk və orta təhsilini Kırıkkalədə tamamlayıb. Qazi Universitetinin İqtisadiyyat və İdarəetmə Elmləri Fakültəsini bitirib. 1988-ci ildən etibarən bir dövlət qurumunda çalışır. Ankarada yaşayır, evlidir və iki uşaq atasıdır. İlk hekayəsi "Yanğın" 1983-cü ildə Aylıq Dərgidə dərc edilib. Hekayə, tənqid və kino yazıları Mavera, Dərgah, Eşik Cini, Həcə, Həcəhekayə, Karagöz, Kitab-lıq, Dünyanın Hekayəsi, Post Hekayə, İtibar, Mühit kimi jurnallarda çap olunub. Otuz Üçüncü Peron adlı hekayə kitabı ilə 2005-ci ildə Türkiya Yazıçılar Birliyinin "povest" mükafatını, Modern Hekayə Nəzəriyyəsi kitabı ilə 2011-ci ildə "ədəbi tənqid", Birdən-birə Həyat kitabı ilə 2014-cü ildə Ömər Seyfəddin Hekayə Mükafatını, Hekayəmizin Sərhəd Daşları kitabı ilə 2016-cı ildə ESKADER-in "tədqiqat" mükafatını, 2017-ci ildə Nəcip Fazıl Hekayə-Roman Mükafatını, 2022-ci ildə Ankara Ədəbiyyat Festivalının Hekayə üzrə Böyük Mükafatını və Qəhrəmanmaraş Ədəbiyyat Festivalının Hekayə Mükafatını qazanıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2025)

 

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi metodika şöbəsi tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli simaları – Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik və böyük sənətkar Mirzə Qədim İrəvaninin 200 illik yubileyləri münasibətilə kütləvi oxucular üçün metodik vəsaitlər hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, “Parlaq istedada malik nasir Maqsud İbrahimbəyov” adlı vəsait görkəmli nasirin zəngin yaradıcılığına, dramaturgiya və kino sahəsindəki xidmətlərinə işıq salır. Sənətkarın milli-mənəvi dəyərlərə əsaslanan yaradıcılığı və ədəbi irsi geniş oxucu auditoriyasına təqdim olunur. “İncə duyğular, dərin mənalar şairi” adlı digər vəsait isə Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardan olan Bəxtiyar Vahabzadənin yubileyinə həsr olunub. Burada şairin Vətənə, dilə və milli kimliyə bağlı poetik-fəlsəfi düşüncələri, elmi-pedaqoji fəaliyyəti və ictimai mövqeyi ətraflı şəkildə təhlil edilib. “Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyan böyük sənətkar - Mirzə Qədim İrəvani” adlı metodik vəsaitdə isə sənətkarın həyatı və erkən yaradıcılıq dövrü haqqında məlumat, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan, o cümlədən sənət incisi sayılan əsərləri və digər məlumatlar yer alıb.

Metodik vəsaitlərlə aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/elmi-metodika/metodik-vesaitler/2025/parlaq-istedada-malik-nasir-maqsud-i-brahimb-yov

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/elmi-metodika/metodik-vesaitler/2025/i-nc-duygular-d-rin-m-nalar-sairi

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/elmi-metodika/metodik-vesaitler/2025/az-rbaycan-t-sviri-s-n-ti-tarixind-yeni-m-rh-l-nin-baslangicini-qoyan-boyuk-s-n-tkar-mirz-q-dim-i-r-vani 

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Payız durnam uçub getdin,

Bir də dönüb gələrsənmi?

Sən dönəndə mən olmasam,

Ruhum ilə gülərsənmi?

 

Bu gün Azərbaycan xalq şairi Musa Yaqubun anım günüdür. Şeirləri dillər əzbəri olan, unudulmaz şairimiz özü dünyadan köçsə də misraları daim yaşamaqdadır.

 

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olmuşdur.

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlamışdır. M.F.Axundov adına mükafata layiq görülmüşdür.

 

24 may 2019-cu ildə ona "Azərbaycan Respublikasının xalq şairi" fəxri adı verilmişdir.

 

Kitabları:

Yarpaqlar oxuyur (şerlər)

Bu məhəbbət yaşadır məni (şerlər)

Bu məhəbbət yaşadır məni (şerlər)

Mənim kainatım (şerlər)

Üzü bəri baxan dağlar (şerlər və poema)

Yaxşı ki, sən varsan (şerlər və poemalar)

Bir sim üstə (şerlər və poema)

İki qəlbin işığı (şerlər və poemalar). 

Mənim sevgi taleyim

Ürəyimdə yerin qaldı (şerlər, poemalar)

Nanə yarpağı (şerlər, poemalar). 

Payızdan yaza yol varmı (şerlər). 

Ruhumla söhbət (şerlər).

Bu dünyanın qara daşı göyərməz (şerlər)

Dövrün dəyirmanı

 

Şair Parkinson xəstəliyindən əziyyət çəkirdi.

 

7 may 2021-ci ildə 84 yaşında vəfat etmişdir. Doğulduğu Buynuz kəndində - həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2025)

 

Bu ay Azərbaycan Milli əruzşünaslıq məktəbinin banisi, ədəbiyyatşünas, şərqşünas, filologiya elmləri doktoru, professor Əkrəm Cəfərin 125 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alimin Azərbaycan ədəbi dilinin tədqiqi sahəsinə verdiyi töhfələrdən, zəngin irsindən, çoxşaxəli elmi fəaliyyətindən bəhs edən “Əruzşünaslıq elminin banisi – Əkrəm Cəfər” adlı məlumat bülleteni hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, materialda filologiya elmləri doktoru Vaqif Yusiflinin “Unuda bilmədiyim Əkrəm Cəfər”, Məhəmməd Nərimanoğlunun “Elmdə Əkrəm Cəfər zirvəsi” adlı məqalələrin tam mətni, professor Əkrəm Cəfərin  Azərbaycan ədəbiyyatı tarixi, şərqşünaslıq və dilçilik elminin tədqiqi sahəsində qələmə aldığı bir sıra əsərləri haqqında məlumat təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Əkrəm Cəfərin müəllifi, redaktoru, tərcüməçisi, ön söz yazarı olduğu  “Yandım avazeyi eşqinlə sənin”, “Mirzə Ələkbər Sabir şerinin qafiyə lüğəti”, “Məhsəti Gəncəvi - özü, sözü, izi”, “Bustan.Gülüstan”, “Əruzun nəzəri əsasları və Azərbaycan əruzu” kimi 20-dən çox kitabının biblioqrafik təsviri ilə yanaşı qısa annotasiyası və dövrü mətbuatda çıxan əsərlərinin siyahısı yer alır.

Kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/melumat-b%C3%BClleteni yerləşdirilən materialda görkəmli alimin müəllifi olduğu və ona yazılan məktubların arxivi və onun haqqında 2006-2024 - cü illərdə dövrü mətbuatda dərc edilən məqalələrin siyahısı sərgilənir. 

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2025)

94 -dən səhifə 2262

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.