İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Yəqin ki, bir zamanlar çox məşhur olan “Dilbərim” mahnısı çoxunuzun yadındadır. Bax, bu gün həmin o mahnı ilə gündəmə gəlmiş Azərbaycanın Xalq artisti Zaur Rzayevin doğum günüdür.
Zaur Rzayev 28 yanvar 1952-ci ildə Kürdəmir rayonunun Karrar qəsəbəsində dəmiryolçu Əlihüseyn Rzayevin ailəsində anadan olub. Kiçik yaşlarında ailəsi ilə Hacıqabula köçmüş, burada yerləşən 5 nömrəli orta məktəbdə təhsilinə başlamışdır. 8-ci sinfə qədər burada oxuduqdan sonra Bakıya gələrək təhsilini əvvəlcə Bakı Kitabxanaçılıq Texnikumunda, sonra isə Asəf Zeynallı adına Musiqi Texnikumunda davam etdirmişdir.
Bir müddət sonra Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblına solist götürülmüşdür.
Ötən əsrin 70-ci illərinin əvvəllərində xalq mahnıları, təsniflər, bəstəkar
mahnıları ilə şirin avazı, bənzərsiz ifası ilə Azərbaycanın hər yerinə səs salan sevimli müğənnimiz Zaur Rzayevin sənət aləminə gəlişi musiqi mədəniyyətimizdə böyük hadisə kimi qiymətləndirilmişdi.
Zaur Rzayev 1976-cı ildə Bakı Zabitlər Evində hərbi xidmətə başlamış, elə həmin ildən də buranın solisti, Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olmuşdur. Sonradan Azərbaycan Dövlət Mahnı Teatrında solist kimi fəaliyyət göstərmişdir.
1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsinə daxil olaraq təhsilini davam etdirmişdir.
Müğənni 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələri Mahnı və Rəqs Ansamblının rəhbəri kimi çalışmağa başlamışdır.
Zaur Rzayev geniş repertuarı ilə tanınmışdır. O, “Dibərim”, “İl nə gözəldir”, “Könlüm səndən ayrılanda”, “Getdi yar”, “Cavanlığım” və “Axtarma məni” kimi mahnıları ifa etmişdir. Repertuarında həmçinin “Durna qatarı”, “Qara gözlər”, “Əziz dostum” və “Segah təsnifi”, “Xatirəsən yar”, “Gülə-gülə”, “Sənli günlərim”, “Payız gəldi”, “Küsəndə səndən”, “Bayatılar” və s. kimi klassik əsərlər də yer alır.
Zaur Rzayevə 24 iyun 1998-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2000-ci ildə "Dağıstan Respublikasının əməkdar incəsənət xadimi", 25 iyun 2003-cü ildə "Azərbaycan Respublikasının xalq artisti", 22 aprel 2008-ci ildə isə "Dağıstan Respublikasının xalq artisti" fəxri adları verilmişdir.
2019-cu ildə Heydər Əliyev Sarayında Xalq artisti Zaur Rzayevin səhnə fəaliyyətinin 50 illiyinə həsr olunmuş gecə keçirilmişdir.
Tanınmış müğənnimizə sağlıq və yeni sənət uğurları diləyirik.
“Ədəbiyyat və incəsənət”
(28.01.2026)
\


