Super User

Super User

Çərşənbə axşamı, 09 Dekabr 2025 08:29

O, beynəlmiləl ruhlu “Bəxtiyar” filmini milli edə bilib

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sən debütünü elə bir filmlə et ki, bununla da kinoda öz möhürünü vur!

Bu şəxs bu gün anım gününü qeyd etdiyimiz rejissor Lətif Səfərovdur.

 

Lətif Səfərov 1920-ci il sentyabrın 30-da Şuşada doğulub. 7 yaşında ikən rejissor Leo Murun "Gilan qızı" ("Tunc ay") filmində çəkilib. Sonra yaradıcı heyətlə birlikdə Bakıya gələrək studiyada ştata qəbul olunub. 1928–1931-ci illərdə "Sevil", "Lətif", "Şərqə yol", "Qızıl kol" filmlərində uşaq rollarını oynayıb. Ancaq sonradan xəstələndiyi üçün Bərdəyə gəlib. 1931-ci ildə Gəncə Pedaqoji Texnikumuna daxil olub və qiyabi təhsil alıb. Yenə Bakıya qayıdıb, əvvəl studiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb.

1955-ci ildə ona "Sevimli mahnı" ("Bəxtiyar") filmini çəkmək həvalə olunub. Bu lentlə o, böyük kinoda ilk filmini yaradıb. Filmin ssenarisini Boris Laskin və Nikolay Rojkov qələmə almışdı və ssenari nə qədər beynəlmiləl ruhlu idisə, film bir o qədər milli alınıb. O, baş rola Rəşid Behbudovu dəvət etmişdi. Çünki filmin bəstəkarı Tofiq Quliyevin lirik mahnıları məhz belə bir müğənninin rola dəvət olunmasını tələb edib. Rəşid Behbudovun "Arşın mal alan" filmindəki uğuru onun özünü də kinoya bağlayıb. Beləliklə, Rəşid Behbudov bu filmilə özünün yeni bir ekran triumfunu etmiş olub

"Qızmar günəş altında", "Leyli və Məcnun" kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirən Lətif Səfərov ekranın estetik funksiyası ilə bağlı nəzəri görüşlərini müəyyən qədər də olsa reallaşdıra bilib. Lətif Səfərov 1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Sonra "Koroğlu" filmini lentə almağa başlayıb. 1963-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən çıxarılıb. Lətif Səfərov 1963-cü il dekabrın 9-da ov tüfəngi ilə intihar edib. Azərbaycan Dövlət Film Fondunda rejissor Lətif Səfərovun şəxsi arxivi yaradılıb.

 

Mükafatları

1. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960

2. "Şərəf nişanı" ordeni — 9 iyun 1959

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2025)

 

 

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin Türk Mədəniyyəti və İrsi Fonduna ziyarəti, Əməkdaşlıq Memorandumunun imzalanması gözlənilir.

 

 9 dekabr, 2025-ci il saat: 09:00-da Türk Mədəniyyəti və İrsi Fondunun Mənzil qərargahına ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik rəsmi səfər edəcək. Ziyarət çərçivəsində mədəni irsin qorunması, elmi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı institusional dəstəyin inkişafına dair ikitərəfli görüş keçiriləcək.

Görüş zamanı türk-islam mədəni irsinin beynəlxalq səviyyədə təbliğini və tərəflər arasında strateji tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutan Əməkdaşlıq Memorandumu imzalanacaq. Həmçinin, çağdaş qlobal problemlərin mədəni irsə təsirləri, mədəni irsin qorunması üçün effektiv beynəlxalq mexanizmlərin gücləndirilməsi və nominasiya sənədlərinin hazırlanmasının aktuallığı müzakirə olunacaq.

Görüşdə Fond və ICESCO arasında əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də mədəni irsin beynəlxalq platformalarda birgə təşviqi istiqamətində fikir mübadiləsi aparılacaq. Ziyarət proqramı bədii hissə ilə müşayiət olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2025)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Qardaş Qazaxıstanın yeni nəsil şairlərindən Sayat Kamşıgerin “Qarabağ” adlı poeması beynəlxalq səviyyədə yüksək dəyərləndirilib. Əsər Beynəlxalq PEN Klubunun “İlin ən yaxşı kitabı” mükafatına layiq görülüb. Mükafat ötən həftə sonu Avstraliyanın Sidney Opera Evində keçirilən möhtəşəm törəndə təqdim edilib.

 

“Qarabağ” poeması bu ilin martında Azərbaycanda gün üzü görüb (“CN-Poliqraf”; ISBN: 978-9952-013-79-5) və Qazaxıstanda geniş ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) ilə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) ortaq layihəsi olaraq ərsəyə gələn kitab — Xəzərin o tayından gələn poetik səda, Qazax-Azərbaycan ədəbi-mədəni bağlarının daha bir möhkəm halqasına çevrilib.

Poemanın Azərbaycan dilinə uyğunlaşdırılmasını tanınmış şair-publisist Elşən Əzim, redaktəsini Prof. Dr. Rəsmiyyə Sabir həyata keçirib. Layihənin rəhbəri — Uluslararası “Alaş” Ədəbi Mükafatının laureatı Əkbər Qoşalı, önsöz müəllifi RHİMİB sədri Arzu Bağırova, rəyçilər İntiqam Yaşar və Tariyel Əhmədov, koordinatorlar Nilufər Lətif və Etibar Muradxanlı, dizayner isə Cəsarət Qasımovdur.

Əsər Azərbaycanın milli tarixini, Qarabağın qurtuluş yolunu, şəhidləri və Türk dünyasının birliyinə çağıran mənəvi düşüncələri poetik dillə ifadə edir. DGTYB fəxri üzvü Sayat Kamşıgerin Azərbaycana səfərindən sonra verdiyi vədə sadiq qalaraq qələmə aldığı “Qarabağ” bu gün həm Azərbaycan, həm də qazax oxucuları üçün dəyərli bir ədəbi hadisəyə çevrilib.

Beləliklə, Azərbaycan–Qazaxıstan qardaşlığının poetik sədası dünyaya yayılmağa davam edir.

Sözügedən beynəlxalq mükafat “Qarabağ” əsərinin yalnız iki qardaş xalq arasında deyil, bütövlükdə Türk dünyası ədəbiyyatı və mədəniyyətinin qlobal səviyyədə tanınmasına xidmət etdiyini bir daha təsdiqlədi.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2025)

 

Fatimə Məmmədova, BDU-nun tələbəsi, “Ədəbiyyat və incəsənət” üçün

 

Son illər tez-tez eşitdiyimiz bir narazılıq var: Qarabağ Zəfərindən bu qədər vaxt keçsə də, hələ də mövzunu tam əhatə edən, insanı silkələyən, yaddaqalıcı bədii filmlər görə bilmirik. Halbuki bu Qələbə təkcə hərbi üstünlük deyildi – insanların yaşadığı ağrı, qəhrəmanlıq, dönüş nöqtələri, talelər və unudulmaz həyat hekayələri ilə dolu böyük bir milli yaddaşdır.

 

Bir neçə gün öncə müəllimim dərsdə dedi ki, niyə zəfərimizdən sonra zəfərimizi göstərən filmlər çəkilmir? Bu mövzu həm tariximiz, həm də gələcək nəsillərə ötürdüyümüz mesaj baxımından çox vacibdir.

Bəzən düşünürəm ki, Qarabağ kimi möhtəşəm bir mövzunun kino sahəsində bu qədər geridə qalması heç cür izah olunmur. Çünki xalq olaraq bu hekayələri təkcə eşitmək yox, həm də görmək istəyirik – böyük ekranda, güclü ssenari ilə, dolğun obrazlarla. Amma reallıqda görürük ki, ya bu sahədə pərakəndəlik var, ya da rejissorlarımızın diqqəti tamam başqa istiqamətlərə yönəlib.İnsan içindən keçir ki, bu qədər zəngin material, bu qədər insan taleyi, bu qədər qəhrəmanlıq varkən, niyə hələ də təsirli filmlərimiz yoxdur? Niyə hələ də gözləyirik? Axı kino həm də tarixdir, yaddaşdır, gələcəyə bir iz qoymaqdır.

 

Məhz bu suallara cavab tapmaq üçün yazıçı Elxan Elatlının fikirlərinə müraciət etdim. O da hazırkı durumu, səbəbləri və çıxış yollarını açıq şəkildə izah edir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı böyük Qələbədən 5 ilə yaxın vaxt keçsə də, bu mövzuda təsirli və keyfiyyətli bədii filmlərin çəkilməməsi cəmiyyət tərəfindən tez-tez müzakirə olunur. Mövzu həm tarix, həm də milli yaddaş baxımından mühüm əhəmiyyət daşısa da, bu istiqamətdə görülən işlər hələ də gözləntiləri tam qarşılamır.

Mövzu ilə bağlı yazıçı Elxan Elatlı bildirib ki, yaxşı film həm də tarix dərsidir:

 “Ağrılı mövzuya toxunuruq. Yaxşı film həm də tarix dərsidir. SSRİ dağıldı, bu imperiyanın əsl üzünü göstərən filmlər çəkilmədi. Birinci Qarabağ müharibəsi mövzusunda onlarla təsirli film çəkmək olardı, lakin cəmi iki-üç üzağardan filmimiz var. Vətən müharibəsi ilə əlaqədar isə hələ nəsə gözləyirik”.

 

Yazıçı hesab edir ki, Azərbaycanın kino sahəsində pərakəndəlik hökm sürür:

 “Kinomuzda bir pərakəndəlik var. İstedadlı rejissorlarımız ya gündəmi müvəqqəti zəbt edəcək seriallar çəkir, ya da dərhal dünyaya çıxmaq eşqilə kənar mövzulara müraciət edirlər”.

Elxan Elatlının fikrincə, qələbəmizi və qəhrəmanlarımızı əks etdirən uğurlu filmlər çəkmək üçün əlaqədar qurumlar və imkanlı şəxslər bu sahəyə dəstək göstərməlidirlər:

 “Mənim fikrimcə, böyük qələbəmizi əks etdirən uğurlu filmlər çəkmək üçün əlaqədar təşkilatlar və ya imkanlı şəxslər bu işə can yandırmalı, bacarıqlı mütəxəssisləri bir araya gətirərək uğurlu filmlər ərsəyə gətirməlidirlər. Bunun üçün ssenari müsabiqələri də keçirmək olar”.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2025)

 

 

Çərşənbə axşamı, 09 Dekabr 2025 12:00

Biri ikisində Vasif Zöhraboğlunun şeirləri ilə

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır,  sizlərə Vasif Zöhraboğlunun şeirləri təqdim edilir.

                            

 

ŞEİR VAXTI

 

Vasif ZÖHRABOĞLU 

 

 

NƏ GÖZƏL YARAŞDI AYRILIQ SƏNƏ...

 

Nə var şair üçün qələmdən əziz,

Şeir dəftərimə közərən şamsan.

Mən səni unutsam, acizdən aciz,

Sən məni unutsan, böyük adamsan.

 

Zəriflik, gözəllik, möcüzə dolu,

Günəş qaynar gələr, ay ilıq sənə.

Gedəndə bəzədi gedişin yolu,

Nə gözəl yaraşdı ayrılıq sənə.

 

Nə umsa izindən yol eyləmişəm,

Vəsfinə dünyaca söz işlətmişəm.

Getdiyin yollarda qul eyləmişəm,

Getdiyin yollarda göz işlətmişəm.

 

Şeirim dillərdə oxunub deyə, 

Yanında özümü öyməmişəm heç.

Gülüm, yerişinə toxunub deyə,

Yolun da xətrinə dəyməmişəm heç.

 

Könül ilhamımı yenidən oyat,

Hamıdan əzizim, öz məhəbbətim.

Mənə ayrılığı doyunca yaşat,

Şair məhəbbətim, söz məhəbbətim...

 

 

BALIQ ADAM 

 

Başı üstə mamırlı qayalıqlar

Pullarını yosunlarla əzizlər.

Şəhər-şəhər üzüb gedər balıqlar, 

Öz içindən yetim qalar dənizlər. 

 

Dalğaların səkisinə qısılıb, 

Göz işləməz sonsuzluğa ha baxsaq. 

Boş balıqçı tilovundan asılıb

Kasıb süfrə kənarında darıxsaq. 

 

Ah, bu dəniz neçə baxış-göz yorub 

Üşüyəndə bu kainat qəfəsdə. 

Arzuların yoxuşunda diz yorub, 

Balıq adam, göz yaşında nəfəs dər.

 

Ölüyükmü? Ölməmişik, ölsəydik,

Güzgülənər kölgəsində işıqlar. 

Biz üzməyi bilmədik ki, bilsəydik, 

Ayaq açıb yeriyərdi balıqlar. 

 

Dərd adamım, dərd adında nə var, çək, 

Udum-udum qurtumlayıb duzunu. 

Qollarımla sonsuzluğa avar çək, 

Çırpıb gedək göy suların tozunu… 

 

Başı üstə mamırlı qayalıqlar

Pullarını yosunlarla əzizlər. 

Şəhər-şəhər üzüb gedər balıqlar, 

Öz içindən yetim qalar dənizlər.

 

 

GÜL İNDİ 

 

Özün öz yoluna baxıb gül indi,

Hansı yol bitmədi, haçalanmadı. 

Mənim daş inamım iki bölündü,

Sənin daş inadın parçalanmadı. 

 

Küsmədim könlümün qəm yeməsindən,

Dərd deyil gözümün yuxusuzluğu.

Bu qərib sükutun vahiməsində

Qorxuyla yenmişəm qorxusuzluğu,

 

Bu da quş ömrüdür, payızda qovur,

Üşüdür bir qərib yuvada bizi.

Bizi bu dünyaya bir qadın doğur,

Yüz qadın öldürür dünyada bizi.

 

Neynəsəm mənimki ola bilməyən

Tuş gəlib bu yetim məhəbbətimə.

Bir qadın könlünü ala bilməyən,

Gülmüşəm şairlik məharətimə...

 

Özün öz yoluna baxıb gül indi,

Hansı yol bitmədi, haçalanmadı. 

Mənim daş inamım iki bölündü,

Sənin daş inadın parçalanmadı. 

 

 

AKVARİUM DİVARLARDA DARƏXMAQ 

 

Darıxmazdım bu qədər, 

Darıxmazdım göz işləməz yollar uzunu...

Darıxmazdım bu qədər, 

Darıxmazdım... götürsəydin kirpiyinlə həsrətimin tozunu… 

 

Darıxmazdım bu qədər, 

Darıxmazdım... 

Əgər bilsəydin ki, sevmək Tanrıyla eyni fikirdə olmaqdı. 

Nə var ki sevməkdən gözəl bu fani xarabalıqda?! 

Nə var ki… 

Ürəyim doludur, buludda yatan, 

Ağrıdır sükutda yatan… 

 

Darıxmazdım bu qədər,

Darıxmazdım... 

Okean arzularımla sıxılmış akvarium divarlarda, 

Darıxmazdım şüşə ömrümü sındırıb getməsəydin. 

 

Darıxmazdım bu qədər, 

Darıxmazdım...

Bir bilsəydin ki, 

Həyat bəzən həbsxana pəncərələrinə bənzəyir –

Azadlığı göstərir, ancaq yaşatmır. 

İkimizə bir qandal bilərzik də bəs idi, 

Getməsəydin… 

 

Darıxmazdım bu qədər, 

Darıxmazdım…

 

 

DUR, TƏLƏS BU GÖRÜŞƏ...

 

Közərən bir zərif işıq bəsdir, barmaqlarımızın ucuyla tapaq bir-birimizi.

Bu şəhərin ən gözəl günü bu otaqda axşamlasın. 

Pərdənin sonuncu sancağından boylanan ayı da qovaq getsin. 

Dur, tələs bu görüşə!

 

Tavandan asılan qoşa yarasalar kimi səslə yürüyək, 

Yürüyək İsa çarmıxdan düşənəcən,  

Yürüyək İbrahim odda bişənəcən,

Sındıraq içimizdəki bütün məbədləri.

Dodaqların pıçıldasın nəfəsimin yanında, 

Görüm ki, azadlıq keçir qəfəsimin yanından...

Yatağıma dağılan saçlarını yığım,

Dəstəsi bir öpüşə,

Dur, tələs bu görüşə!

 

Saçını oxşayanda küləklərin gözəli,

Darıxanda səninçün ürəklərin gözəli,

Tanrıların qəşəngi, mələklərin gözəli,

Dur, tələs bu görüşə!

 

Göyə dəyib qayıdar duam keçsə dişinə, 

Bəlkə, dönüb açasan qolumdakı qandalı? 

Gəl bir tanrı yaradaq, duraq sitayişinə

Məndən kabab çəkəndə 

Nəmrudun daş manqalı! 

Dur, tələs bu görüşə!

 

GÜN İŞIĞI SAÇLARINA TƏSBEH ÇƏKƏR

 

Bəxtəvər küləklər, 

Çılğın küləklər,

Gün işığı saçlarına təsbeh çəkər.

Hər telini zikr eləsəm,

Tərifi Tanrını aşar,

Açsam sancağından,

Sinəmin üstündən daşar...

 

Bəxtəvər küləklər,

Çılğın küləklər,

Pay çəkər küçənin tozundan sənə,

Pay çəkər dənizin duzundan sənə.

Öpsə, dodağının boyası gedər,

Mənim ürəyimdə bir işıq sönər,

Bütün leyləklərin yuvası gedər.

Məni qısqandıra,

Oxşar saçlarını bu kür təbiət,

İlahi, mənə də qismət...

 

Bəxtəvər küləklər,

Çılğın küləklər,

Qoymaram yolunu yanından alar,

Uzat əllərini, tut ətəyindən,

Gəlib qisasımı donundan alar.

Unutma, 

Bir şair də sevər səni,

Bir şair də şeir qoşar.

Gülüşlərin səhnə alsa,

Üstünə alqış daraşar...

 

Bəxtəvər küləklər,

Çılğın küləklər,

Dağ kimi durmuşam önündə sənin,

Qalxıb göy üzündə buludları qov,

Görməyim yerlərə enəndə səni.

Görməyim bu qızı pıçıldayanda, 

Görməyim bu qızı dinəndə səni!

 

Bəxtəvər küləklər,

Çılğın küləklər!

 

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2025)

 

Çərşənbə axşamı, 09 Dekabr 2025 15:09

ANAR, “Ən yaxşı şair Aqşinin nənəsidir”

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

HƏMİŞƏ CİDDİ OLMAQ OLMAZ

Yaxud DOST ZARAFATLARI

 

 

Bir gün Vaqiflə İntiqam Qasımzadəylə bizim Vaqif küçəsi 30-da, ovaxtkı mənzilimizdə yarızirzəmi otaqda oturmuşduq. Hardansa bir siçan çıxdı. Bütün qadınlar kimi, siçandan qorxan Zemfira, “tutun, ya qovun o siçanı” deyə çığırdı. Üçümüz də “siçan ovu”na çıxdıq, bir şey alınmadı. Zemfira bizi məzəmmət elədi:

Üç kişi bir siçanı tuta bilmədiniz, – dedi.

 Mən: – Biz kişiyik, pişik deyilik, – dedim.

***

Vaqif “İqtidarla müxalifətin işinə qarışmaq Naxçıvanın daxili işlərinə qarışmaqdır”, – deyirdi.

Vaqifin, heyif ki, çəkilməmiş “Qədim yəhudi mahnısı” adlı çox maraqlı ssenarisində belə bir cümlə var: “Yaman içən adam idi. Davaya getdi, Stalinqradda həlak oldu. Bu da içməyin axırı”.

***

Gənc şair Aqşin “Vaqif Səmədoğlunun şeirlərini mənim nənəm də yazar”, – deyib.

Vaqifdən soruşanda ki, sizcə, indi Azərbaycanda ən yaxşı şair kimdir, dərhal cavab verib: Aqşinin nənəsi.

Göy üzü ləçək-ləçək,

Vaqulya, doldur içək.

Qıl körpüsün keçəndə

Gəl içək, sonra keçək.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2025)

 

 

          

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

 

Ədəbiyyat adamlarının bir dərdi də ədəbiyyatdan danışmağa həmsöhbət tapa bilməmələridir. Bir yaş dövrü gəlir, ədəbiyyat adamları çəkilir küncə, olur hamının “uzağı”.  Çoxluq onun təkliyini min yerə yozur, hətta Adam Smitin “qocalıqdandır” deməsi kimi, “oxumaqdandır” deyirlər hər anlaşılmaz davranışına.

 

Hə, ədəbiyyat adamının dərdidir ədəbiyyatdan danışa bilməmək.  Bir ortamda, bir mühitdə iki ədəbiyyat adamının qısa müddətdə bir-birini tapması möcüzə deyil, onların  danışmaq və eşidilmək ehtiyacının qarşılıqlı cazibəsidir. Bu cazibənin sehrinə qapılıb üz-üzə əyləşdik dəyərli şair, AYB Şəki bölməsinin sədri Vaqif Aslanla. Söhbətimiz tənqidçi, ədəbiyyatşünas Yaşar Qarayevdən düşdü... Vaqif Aslan  düşüncəli-düşüncəli danışmağa başladı:

 

-Böyük adam idi... 1936-cı ildə Şəkidə anadan olub. 10 yaşında ailəsi Bakıya köçüb. Türkiyədən, İraqdan, İrandan, Rusiyadan gələn ədəbiyyatşünaslar ona “div ədəbiyyatşünas” deyirdilər.  Yaşar Qarayevin ədəbiyyatşünaslıqla bağlı fikirləri son dərəcə milli, həm də bəşəri idi.  Ədəbiyyat İnstitutunun direktoru idi.  İnstitutun nəzdində “Folklor sarayı” Elmi Mədəni Mərkəzinin yaradılmasına nail oldu. Sonra o mərkəz oldu Folklor İnstitutu. 2002-ci il avqustun 25-də dünyasını dəyişdi. Dəfn mərasimində prezident tərəfindən göndərilmiş əklili daşıyanlardan biri mən olmuşam... Fəxr edirəm bununla. Yaşar Qarayev böyük adam idi.  Tabutunun qarşısında növbə çəkənlərdən biri professor Nizami Cəfərov idi. O, deyirdi: “Yaşar Qarayev böyük ədəbiyyatşünas və ədəbiyyat filosofu idi”.  Yaşar Qarayevin bu dünyadan gedişi də ehtiramlı idi...

 

-İnsanın öz xalqının mədəniyyətində, ədəbiyyatında iz qoyub getməsi xoşbəxtlikdir.  Yaşar Qarayevə bu mənada həsəd aparmamaq mümkünsüzdür... 

 

-İstəyirdi, Azərbaycan ədəbiyyatını insanlara elə təqdim etsin ki, orada şübhəli yer olmasın.  Onun məşhur əsəri var: “Tarix: yaxından və uzaqdan”.  Yəni Azərbaycan tarixini özünə yaxınlaşdırırsan, ona yaxından baxırsan. Ki, görək, tariximizdə kimlər var, nə şəkildə var. Eyni zamanda, bu günü özündən uzaqlaşdırırsan. Baxır, insan tarixi nə qədər bilir. Adam var, 200  il əvvələ - Azərbaycanın ruslar tərəfindən işğalınadək gedib çıxa bilir. Adam var,  10 min il əvvələdək tarixi özündən uzaqlaşdıra bilir. Yaşar Qarayev mümkün qədər özündən uzaqlaşdırdı və tarixə baxdı. Azərbaycanın siması, mədəniyyəti, folkloru ondan ibarətdir ki, görək, bu xalq necə yaşayıb. Məsələn, bu xalqın toyu, yası, ağrısı,  göz yaşı necə olub... Folklor burada şaxələnir: mahnı, layla, oxşama, bayatı, ağı...

 

-Tariximizin güzgüsüdür folklorumuz. Yaşar Qarayev həmin güzgüdə həqiqəti olduğu kimi görənlərdən idi.

 

-Yaşar Qarayevin Azərbaycan ədəbiyyatına baxışı ədəbiyyatımızı  anlamaq üçün ən gözəl  baxış bucağıdır.  Onun fikrincə, ədəbi əsəri qiymətləndirmək üçün müəyyən nüanslara diqqət edilməlidir. Birincisi, əsər ədəbidirsə, milli olmalıdır. Yəni bu əsərin qəhrəmanı hansı millətin  nümayəndəsidir, bilinməlidir. Tutaq ki, indi yazırıq: “Qavroş yolla gedirdi”. Deyəcəklər: “Azərbaycanda Qavroş adlı adam olmayıb”. Yəni addan tutmuş, düşüncə tərzi, iştirak etdiyi mərasimlər,  hadisələrə münasibəti - hamısı milli olmalıdır. İkincisi, əsər bəşəri olmalıdır. Əgər əsər bəşəridirsə, istər-istəməz ümumbəşərilik qazanır. Yəni dünyanın başqa xalqları üçün də bu əsər əhəmiyyətlidirmi?  Bu məqamda Avropa bizi üstələdi, bax. Biz Azərbaycan ədəbiyyatında Jan Valjan obrazı yarada bilmədik. Müəyyən mənada, Şərqin iqtisadi-siyasi geriliyi ədəbiyyatına da təsir etdi... Azərbaycan ədəbiyyatı uzun müddət klassik stildən uzaqlaşa bilmədi.

 

-Təzyiq də vardı axı...

 

-Sözünüzə qüvvət, bizim başımızın üstündə duranlar vardı. Mən XIX əsr Azərbaycan ədəbiyyatından mühazirələr oxuyanda tələbələrə bunu izah etmək istədim. Ki, insan əsarətə düşəndə nələri itirir. Doğru deyirsiniz, təzyiq vardı... Başımızın üstündə bəy vardı, xan, sultan vardı.  Sonra işğalçılar gəldi, bizim “bəy” dediyimiz oldu işğalçının nökəri, ən yaxşı halda, köməkçisi. Başladı, qələm tutan ələ təzyiqə ki, “işğalçının xoşuna gəlməyəni yazma”. Yəni oldu işğalçının adamı...

           

-Yaltaqlandı ki, əlində olan əlindən çıxmasın...

 

-Ərindim o yaltaqlanmaq sözünü deməyə.  Bu reallıqdır də...

 

-Qınaya da bilmirik...  SSRİ vaxtı qınayırdılar.  Mən çox da qınayammıram. O hala düşməməyə çalışmaq lazım idi.

 

-Sağ olun! Gərək, biz müstəqilliyimizi qoruya biləydik. Torpağını qoruya bilməyən bacısını necə qoruya bilər?  Tarixdə ad salmış Mete Xan deyirdi: “Üstündə bir ot bitməsə belə, torpaq dövlətin təməlidir və heç kimə verilməz”. Qədim türk nəğməsi var: “Torpaqlarımız əldən getdi, Qoyunlarımız çoxalmaz oldu, Qadınlarımızın gözəlliyi itdi...”  Bizim tariximizin bircə səhifəsinə baxaq. 200 il əvvəl ki, Gəncə işğal oldu ha ruslar tərəfindən, nə baş verdi?  Səhər oyandılar və dedilər: “Şəhər adlandırılmalıdır Yelizavetpol!”  Ona görə ki, Yelizaveta I Aleksandrın arvadı idi. Gəncəlilərin qarşısında şərt qoyuldu ki, “Gəncə” deyən 1 manat gümüş pul ödəsin.  Camaatın dili də çönmürdü “Yelizavetpol” deməyə... Bu, bir millətə vurulan zərbə idi, o millətə edilən zülm idi...  Qayıdaq bayaqkı məqama. Mirzə Cəlil kəndxudanı necə görür? Xudayar bəyin burnu əyridir. Klassik ədəbiyyatda əyri burun hiyləgərliyin rəmzidir. Xudayar kəndxuda olmaqçün öz anasını pristava peşkəş çəkir. Dostu ölən kimi, onun əyalını yanlayır. Kəndin böyüyünə bax da! Bu ədəbi nümunəni oxuyaraq demək olarmı ki: “XIX əsrdə kəndxuda qeyrətli idi?” Əlbəttə, yox! Yəni ədəbiyyat dövrün mənzərəsidir, həm də.

 

-Dövrün insan xarakterinə təsiri, yaxud əksi də ədəbiyyatın carçılıq missiyasına daxildir.

 

-Ədəbiyyat bizə yarandığı dövrün necəliyini car çəkir. Əndəlib Qaracadaği deyir: “Ey gözəl, mən sənin xatirinə “Quran”ı yandıraram”. Biri deyir: “Ey dilbər, sənin xatirinə boğazımdan xaç asaram”.

 

-Biri deyir: “Ey tərsa gözəli, dönüb tərsa olaram...”

 

-Ay sağ olun! Şeyx Sənan kimi, donuz otarmağa razı olanlar da var.  Qətiyyətli, əqidədə möhkəm ola bilməyiblər. Bu da işğalın Azərbaycan xalqına, eləcə də, onun mədəniyyətinə, ədəbiyyatına vurduğu bir zərbədir. Gəlin, birgə xatırlayaq. İşğaldan sonrakı dövrdə Azərbaycan qadını Füzulidə, Vaqifdə olduğu kimi, mərkəzi gözəllik rəmzi deyil artıq; xristian gözəlindən sonrakı pillədədir. Qadınlar da məğlub oldu...  Görün, başımıza nələr gəlib, nələri itirmişik biz.

 

-Ədəbi dilimiz də sabit olmayıb.

 

-Məsələni ümumiləşdirək.  Azərbaycan ədəbiyyatı tarixindən danışanda deyirlər: “Mədinə məktəbi”, “ərəbdilli Azərbaycan ədəbiyyatı” və s. Bəs yaxşı, ərəblərin Azərbaycana gəldiyi tarixi biliriksə, ərəbdilli ədəbiyyat ondan sonra yaranmağa başlayıbsa, ədəbiyyatımızın ilkinliyi, özəyi harada idi? Bunu izah etmədilər, “ərəbdilli ədəbiyyat” deyə-deyə öz ədəbiyyatımızı öz ədəbiyyatşünaslarımız şübhə altına aldılar.  Demək lazım idi ki,  o vaxt ərəblər  doğma dildə yazılmış ədəbi nümunələri məhv edirdilər deyə, Azərbaycan ədibləri məcbur qaldılar ərəb dilində yazmağa. XI-XII əsrdən danışarkən deyilir: “Farsdilli ədəbiyyat”. Tələbəyə nə deyəsən? Axı onun ata-babası, uluları farsdilli yox, türkdilli olublar. Məsələnin kökünü izah etməliyik, sonra deməliyik: “Fars dilində yazılmış Azərbaycan ədəbiyyatı nümunələri”.

 

-O dövrdən gəlib çatan əsərlər arasında ana dilimizdə olanlar çox azdır.

 

-10-11 il əvvəl olardı. “Mehri və Vəfa” adlı dastanın bir nüsxəsi Şəkidə, bir nüsxəsi də Qazaxda aşkar edildi.  Tədqiqatlar  göstərdi ki, dastan  1056-cı ildə tamamlanıb.  Qul Əlinin “Qisseyi-Yusif”inin 1212-ci ildə tamamlandığını deyirlər. Yəni XIII əsrdə. Belə çıxır ki, “Mehri və Vəfa” anadilli ədəbiyyat nümunəsi kimi, ondan 2 əsr qabaq qələmə alınıb.   Dastanın dili “Dastani-Əhməd Hərami”dən də, “Qisseyi-Yusif”dən də sadədir, anlaşılandır. Buradan o nəticəyə gəlirik ki, öz ana dilimizdə də əsərlər yaranırmış. Sadəcə, onlar üzə çıxarıla bilmirmiş. Dövr öz sözünü deyirdi... Dövr ərəb istilasının nəticəsi idi. Bir də, tarixi tədqiqat problemləri var.

 

-Məsələn, mən “Dədə Qorqud”un tarixinin daha qədim olduğu fikrindəyəm.

 

-Hə, dastanda hadisələr islamaqədərki dövrlə səsləşir. Amma dastanın əvvəlindəki o cümlə var ha, “rəsulun zamanında...”, o cümlə çaşdırır. Kitabın hazırlanma prosesinə baxaq. Siz kitabı yazırsınız, gətirirsiniz mənə. Mən onu oxuyuram, fikirlərimi müqəddimə kimi yazıram. Yəni bir kitabın müqəddiməsi, əslində, o kitabdakı son yazıdır. Dastanların düzülüşündə də bu məqam nəzərə alınmalıdır. Hansı qolun hansı qoldan, hansı boyun hansı boydan sonra, yaxud öncə gəlməsini bilməkçün onun əhatə etdiyi dövrü öyrənməlisən.   Bizim ədəbiyyatşünasları ilişdirən həmişə müəqddimələr, ilk cümlələr olur.

 

-“Dədə Qorqud”la bağlı elə əfsanələr var ki,  dastanla bütövləşdirilə bilər. Məsələn, “Dədəm qorxdu” əfsanəsi. Bilqamışın ölümsüzlüyü axtarmasının izləri var o əfsanədə. Amma kənarda qalıb.

 

-Sikloplar haqqında məlumat ancaq odur ki, onları Geya doğub. Necə doğulmaları haqqında heç nə öyrənə bilmirik, düzdür? Amma “Dədə Qorqud” dastanında biz Təpəgözün niyə doğulmasını da oxuyuruq. Çoban Pəri qızına əl atdı, Pəri qızı vədə tamamında pərdənin içindəki uşağı gətirib çobanın üstünə atdı ki, “al, məndə əmanətin var”.  Bu uşaq zorakılıqdan doğuldu... Çoban neynədi? Onu dəyənəyiylə, təpiyiylə  qurdaladı ki, görsün nədir pərdənin içindəki? Sevgisizlikdən doğulan, anasından, atasından sevgi görməyən, hələ dünya işığı görməmiş təpiklənən uşaq nə olmalıydı ki?! Elə Təpəgöz oldu. Sosial münasibətlərin, insanın sevgisizlikdən nə hala düşdüyünün izahını görürsənmi?  Üstəlik, dastanda günəşə tapınmanın izləri də var. Basat Təpəgözdən kim olduğunu soruşanda deyir: “Atam aslan”. Aslan günəşin rəmziydi təfəkkürdə.

 

-“Dədə Qorqud”la bağlı tədqiqatlarınız haqqında eşitmişəm, amma oxumaq imkanım olmayıb.

 

-Mən heç vaxt “mən” sözündən istifadə etməmişəm. 2 cilddən ibarət “Kitabi-Dədə Qorqud ensiklopediyası” nəşr olunub.  Ensiklopediyada əsərim haqqında yazılan məqalənin adını çəkiblər, mənim əsərimdən bəhs etməyiblər. Gördüm, heç nə demədim, amma içimdən bir ağrı keçdi... “Oğuz elinə salam” kitabımda dastanın hər boyunu öz düşüncə süzgəcimdən keçirmişəm.  BDU-nun professoru var, Yeganə İsmayılova. Doktorluq işində əsərimi gözəl təhlil edib,  mənə istinad edib. Halal xoşu olsun!  Adam öz əsərinin oxunmasını, kiminsə ondan faydalanmasını görəndə xoşbəxt olur.

 

-Gözəl ədəbi söhbət etdik. Kaş, vaxt ola, bu cür söhbətləri tez-tez edək.

 

-Eh... İki ayda bir dəfə Yaşar Qarayevin yanına gedirdim Bakıya. Söhbətləşirdik. O günləri xatırladım. Burada-Nakam adlı Şəki Mərkəzi Kitabxanasının ikinci mərtəbəsində otağım vardı.  Şəkinin hər yerindən, ətraf rayonlardan gələn qələm adamlarını orada qarşılayırdım, söhbətləşirdik, ədəbi müzakirələr aparırdıq. Kitabxana təmirə bağlandı. Təmir bitəndən sonra mənə “gəl, otağını yenidən verək sənə” deyən olmadı. İndi bax,  başıma yığılanlarla ancaq bu cür-çay evlərində ortururam. Çay da ki, içəndə fikrim qarışır, söhbətin nizamı pozulur deyə, içmirəm. Mən Şəkidə ədəbiyyat adına çox şeylər etməyə cəhd göstərmişəm... Etdiklərimi başqaları danışar sizə. Səməd Vurğunun 100 illiyini keçirmişəm burada. Hamını dəvət etmişəm, gəliblər. Son illərdə yaradıcılığımda da önəmli hadisələr olub. “Vaqif” pyesim Şəki Dövlət Dram Teatrında səhnəyə qoyulub. “Sənin şeirlərin” adlı sevgi şeirlərindən ibarət kitabım işıq üzü görüb. “Mühazirələr: XIX əsr Azərbaycan ədəbiyyatı tarixi üzrə” kitabında isə tələbələrimin elmi işləri cəmlənib. Bu kitabı onlardan xəbərsiz çıxarmışam, əlimə həm kitab, həm də Şəki paxlavası götürüb düz qapılarına getmişəm.  Onların üzündəki minnətdarlıq duyğusu məni xoşbəxt edib.

 

-Mənim hansısa müəllimim bunu etsə, xoşbəxtliyi qatbaqat yaşayaram...

 

-Qələm adamının xoşbəxtliyi də ayrı cür olur...  Təki, bütün qələm adamları xoşbəxt olsunlar!

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2025)

 

Bazar ertəsi, 08 Dekabr 2025 12:16

GÜNÜN FOTOSU: Tramp FİFA-nın mükafatını aldı

 

ABŞ prezidenti Donald Tramp Nobel Sülh Mükafatını almasa da, FİFA-nın yeni təsis olunmuş mükafatının sahibi oldu.

Tramp futbol üzrə 2026-cı il dünya çempionatının püşkatması zamanı FİFA-nın yeni sülh mükafatının laureatı oldu. 

Bu isə turnirin oyunlarını müəyyən edən futbol tədbirinə daha çox tamaşaçılıq və hətta siyasi mülahizələr qatdı.

 

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2025)

 

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) postprodakşn mərhələsində dəstəklədiyi “Boşluğa xütbə” filminin yerli premyerası “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”, “Baku Cinema Breeze” beynəlxalq kino proqramı çərçivəsində baş tutub.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirin açılışında filmin rejissoru Hilal Baydarov ekran əsərinin ideya xətti, yaradıcı konsepsiyası, çəkiliş prosesi və beynəlxalq festival təcrübəsi barədə ətraflı məlumat verib. O, “Boşluğa xütbə” filminin Venesiya, Tokio və Qahirə kimi nüfuzlu beynəlxalq kino festivallarında nümayiş olunmasının Azərbaycan kinosunun qlobal miqyasda tanınmasına mühüm töhfə verdiyini vurğulayıb. Rejissor, eyni zamanda, filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Kino Agentliyinə (ARKA) təşəkkürünü ifadə edib.

Bakıdakı premyera nümayişində filmin yaradıcı heyəti, dövlət qurumlarının nümayəndələri, yerli və beynəlxalq kino mütəxəssisləri, media təmsilçiləri və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, “Boşluğa xütbə” filmi daha əvvəl 82-ci Venesiya Beynəlxalq Film Festivalının “Müsabiqədənkənar proqram” bölməsində, Tokio Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında və Qahirə Beynəlxalq Film Festivalında uğurla nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2025)

 

Fazil Cəfərov, psixoloq, “Ədəbiyyat və incəsənət” üçün

1. Giriş: Məhsəti Poeziyasının Zənginliyi və Təhlilin Məqsədi

Məhsəti Gəncəvi Azərbaycan poeziyasının zirvəsində dayanan, sözün dərin qatlarına fəlsəfi məna yükləməyi bacaran nadir sənətkarlardandır. Onun yaradıcılığında xüsusi yer tutan rübailər lakonik formada böyük həyat həqiqətlərini, insan taleyinin mürəkkəbliyini və varlığın sirlərini əks etdirən misilsiz sənət nümunələridir. Bu təhlilin əsas məqsədi, Məhsətinin dörd misradan ibarət kiçik bir rübaisində gizlənmiş dərin fəlsəfi və psixoloji qatları açmaq, adi bir hadisənin pərdəsi arxasında insan varlığının universal dramını necə təsvir etdiyini göstərməkdir.

Təhlilə cəlb edəcəyimiz məşhur rübainin mətni aşağıdakı kimidir:

Dün kaşi kuzəmi daşlara çaldım

Sərxoşdum, bilmədim, əlimdən saldım.

Kuzə dilə gəlib dedi ki, mən də

Sənin kimi idim bu günə qaldım.

Bu analitik təhlil rübaidəki zəngin simvolizmi, tale və zamanın dövranı konsepsiyasını və insan psixologiyasının incəliklərini araşdıraraq, əsərin zaman və məkandan asılı olmayan dəyərini ortaya qoymağa çalışacaqdır.

 

2. Rübainin Zahiri Süjeti və Daxili Dramatizmi

Əsərin fəlsəfi dərinliyinə varmadan öncə, onun zahiri hadisə ardıcıllığını və bu hadisədəki daxili gərginliyi anlamaq vacibdir. Rübai ilk baxışda çox sadə, demək olar ki, məişət səviyyəsində bir hadisəni təsvir edir: lirik qəhrəman dünən sərxoş vəziyyətdə olarkən kuzəsini (səhəngini) əlindən salaraq daşlara çırpıb sındırır. Bu, hər kəsin həyatında baş verə biləcək adi bir ehtiyatsızlıq kimi görünür. Lakin rübainin son iki misrası bu sadə məişət səhnəsini tamamilə fərqli bir müstəviyə daşıyaraq onu dərin bir dramla zənginləşdirir.

Şairin peşmançılığı ilk misradakı “kaşi” nidası ilə ifadə olunur. Bu söz hadisənin baş verməsindən duyulan dərin təəssüfü və geri dönməzliyi vurğulayır. Peşmançılığın ardınca isə səbəb gəlir: “Sərxosdum, bilmədim”. Bu ifadə həm bir bəhanə, həm də bir etirafdır. O, hadisənin təsadüfi, qeyri-iradi, lakin eyni zamanda qaçılmaz olduğunu göstərir və lirik qəhrəmanın psixoloji vəziyyətini – öz hərəkətlərinə nəzarət edə bilməməsini – ortaya qoyur.

Hadisənin kulminasiya nöqtəsi isə üçüncü misrada, sındırılmış kuzənin qəfildən “dilə gəlməsi” anıdır. Bu fövqəltəbii və möcüzəvi an süjeti adi məişət səviyyəsindən birbaşa fəlsəfi-metafizik səviyyəyə qaldırır. Artıq qarşımızda sadəcə sındırılmış bir əşya deyil, keçmişi, yaddaşı və taleyi olan bir varlıq dayanır. Məişət səviyyəsindən metafizik səviyyəyə bu qəfil keçid bizi bir sual üzərində düşünməyə vadar edir: bu sadə görünüşlü obyektlər – kuzə, daş və sərxoşluq halı – əslində nəyi təmsil edir? Cavab onların zəngin simvolik yükünü deşifrə etməkdə gizlidir.

 

3. Simvolizmin Dərin Təhlili: Kuzə, Daş və Sərxoşluq

Bu bölmə təhlilin ürəyini təşkil edir, çünki rübainin əsl poetik gücü onun zahiri mətnində deyil, obrazların daşıdığı çoxqatlı simvolik mənalarda gizlidir. Burada şairin istifadə etdiyi üç əsas simvol – kuzə, sərxoşluq və daş – deşifrə edilərək əsərin fəlsəfi konsepsiyası aydınlaşdırılır.

 

3.1. Kuzə Simvolu: İnsan Taleyinin Maddi Təcəssümü

Klassik Şərq poeziyasında kuzə (və ya səhəng, bardaq) insan bədəninin və ümumilikdə insan taleyinin ənənəvi alleqoriyasıdır. Onun torpaqdan, yəni gildən yoğrularaq yaradılması ilə insanın palçıqdan, torpaqdan xəlq edilməsi haqqındakı dini-fəlsəfi təsəvvürlər arasında dərin bir paralellik mövcuddur. Məhsəti bu ənənəvi obrazı daha da dərinləşdirir. Kuzənin son misradakı “Sənin kimi idim” etirafı, onun sadəcə cansız bir obyekt olmadığını, keçmişdə insan olmuş bir varlığın maddi transformasiyası olduğunu göstərir. Bu, zamanın dövri hərəkəti, materiyanın bir formadan digərinə keçməsi, həyat və ölümün əbədi dövranı haqqındakı panteist və ya tənasüx (reinkarnasiya) motivlərini oyadan güclü bir fəlsəfi işarədir. Kuzə, dünən insan olan, bu gün isə cansız bir əşyaya çevrilən, sabah isə yenidən torpağa qarışacaq bir varlığın simvoludur. Bu maddi təcəssümün taleyi isə onun yaradılışındakı kövrəklikdə və qarşılaşacağı sərt reallıqda gizlidir.

 

3.2. Sərxoşluq Simvolu: Qəflət və ya İlahi Eşq Vəcdi

Rübaidəki “Sərxosdum” ifadəsi zahirən sadə bir səbəb-nəticə əlaqəsi yaratsa da, onun fəlsəfi-poetik dərinliyi bir-birindən kəskin fərqlənən iki fundamental yozuma yol açır:

1.     Qəflət Sərxoşluğu: Birinci mənada sərxoşluq, insanın öz taleyindən, əməllərinin nəticələrindən və varlığının mənasından xəbərsiz olduğu “qəflət” yuxusunu simvolizə edir. İnsan bu dünyada sərxoş kimi yaşayır, həyatının kövrəkliyini (“kuzə”) unudur və bir gün tale zərbəsi (“daş”) ilə ayılır. Bu, insanın öz mövcudiyyətinə qarşı məsuliyyətsizliyinin və biganəliyinin poetik ifadəsidir.

2.     İlahi Eşq Sərxoşluğu: Sufi poeziyası kontekstində isə bu obraz tamamilə fərqli bir məna qazanır. Burada sərxoşluq maddi dünyadan uzaqlaşaraq ilahi eşqin vəcdinə qapılmaq, həqiqəti dərk etmə anıdır. Bu yozumda lirik qəhrəman ilahi eşqdən sərxoş olaraq maddi varlığa – bədənə (“kuzə”) – olan bağlılığını qırır və onu həqiqətin “daşına” çırparaq əbədi olana qovuşur.

Beləliklə, sərxoşluq insanın (kuzə) tale (daş) ilə toqquşmasını şərtləndirən həm bəhanə, həm də katalizator rolunu oynayır. Hər iki yozum rübainin fəlsəfi dərinliyini zənginləşdirir.

 

3.3. Daş Simvolu: Tale və Həyatın Sərt Gerçəkliyi

Əgər kuzə kövrək, zərif və fani insan ömrünü təmsil edirsə, daş onun tam əksidir. Daş – sərt, amansız, dəyişməz və soyuq bir qüvvədir. O, tale və qədərin, həyatın qaçılmaz sərt reallıqlarının və ölümün simvoludur. Kuzənin daşa çırpılması, fani insanın dəyişməz tale qanunları ilə toqquşmasının, həyatın zərifliyinin reallığın sərtliyi qarşısında məğlubiyyətinin poetik təsviridir. Daş, sual verməyən, mərhəmət göstərməyən, sadəcə mövcud olan və son nöqtəni qoyan ali bir qüvvə kimi təqdim olunur.

Bu üç simvolun – fani insan (kuzə), onun qəfləti (sərxoşluq) və amansız tale (daş) – bir-biri ilə qarşılıqlı əlaqəsi rübainin fəlsəfi gücünü formalaşdıraraq onu insan varlığı haqqında dərin bir düşüncəyə çevirir.

 

4. Fəlsəfi Çatdırılma: Tale, Zaman və Keçmişin Səsi

Simvolların təhlili, onların bir araya gələrək yaratdığı bütöv fəlsəfi konsepsiyaları – xüsusilə insanın tale, zaman və keçmişlə münasibətini – araşdırmaq üçün zəmin yaradır. Məhsəti bu rübaidə insan varlığının ən fundamental suallarını poetik dillə gündəmə gətirir.

Rübaidəki “kuzənin danışması” aktı sadəcə bir bədii təsvir vasitəsi deyil, dərin fəlsəfi məna daşıyır. Bu, cansız materiyanın daxilində keçmişin, yaddaşın və tarixin saxlanması ideyasının təcəssümüdür. Şair demək istəyir ki, kainatdakı hər bir zərrənin bir hekayəsi, bir keçmişi var. Dünən insan olan bir varlıq bu gün kuzəyə, sabah isə toza çevrilə bilər, lakin onun səsi və yaddaşı materiyanın dərinliklərində yaşamağa davam edir.

Əsərdəki zaman anlayışı xüsusilə diqqətəlayiqdir. Hadisə “Dünən” baş versə də, kuzənin sözləri bu hadisəni zaman çərçivəsindən çıxararaq universal bir həqiqətə çevirir. Kuzənin “mən də sənin kimi idim” deməsi ilə keçmiş (kuzənin insan olduğu dövr), indi (lirik qəhrəmanın yaşadığı an) və gələcək (lirik qəhrəmanın da bir gün “kuzəyə” çevriləcəyi ehtimalı) arasındakı sərhədlər simvolik olaraq aradan qalxır. Zaman artıq xətti deyil, dövri bir proses kimi təqdim olunur: insan-kuzə-torpaq-insan.

Bu dövran fonunda insanın öz taleyinə təsir edib-bilməməsi (determinizm) məsələsi də ortaya çıxır. “Sərxosdum, bilmədim” ifadəsi bu iki qütbü özündə birləşdirən mürəkkəb bir psixoloji vəziyyəti əks etdirir. Bu, sadəcə məsuliyyətdən yayınma cəhdi və ya acizlik etirafı deyil, hər ikisinin eyni anda təzahürüdür. Bu, insanın tale qarşısındakı dəhşətli gücsüzlüyünü etiraf etməkdən qorunmaq üçün qurduğu bir müdafiə mexanizmidir – qaçılmaz olan hadisə üçün günahkar olmayan bir hekayə yaratmaq cəhdidir.

Bu fəlsəfi təhlil, insanı öz varlığının mahiyyəti, həyatının məqsədi və tale qarşısındakı mövqeyi haqqında dərin düşüncələrə sövq edir.

 

5. Yekun: Məhsəti Rübaisinin Universal və Zamanüstü Dəyəri

Məhsəti Gəncəvinin “Danışan Kuzə” rübaisinin təhlili göstərir ki, dörd misralıq lakonik bir şeir özündə nə qədər dərin məna qatları ehtiva edə bilər. Əsərdəki sadə zahiri süjet, zəngin simvolik dünya, dərin fəlsəfi məzmun və incə psixoloji dramatizm bir-birini mükəmməl şəkildə tamamlayır. Şair bir neçə sözlə insan həyatının faciəsini – onun kövrəkliyini, faniliyini, tale qarşısındakı acizliyini və zamanın amansız dövranını təsvir etməyi bacarmışdır.

Bu kiçik əsər, insan varlığı, həyatın mənası, tale və zaman kimi universal mövzulara toxunaraq əsrlər boyu öz aktuallığını qoruyur. Hər dövrün oxucusu bu rübaidə öz həyat təcrübəsinin, qorxularının və suallarının əks-sədasını tapa bilir. Məhz buna görə Məhsəti Gəncəvinin bu ölməz rübaisi təkcə Azərbaycan poeziyasının deyil, həm də bəşəriyyətin ortaq mədəni irsinə daxil olan dünya ədəbiyyatının fəlsəfi incilərindən biri sayılmağa tam layiqdir.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2025)

 

 

97 -dən səhifə 2681

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.