
Super User
İSTİQLAL ŞAİRİ - Bu gün Əhməd Cavadın anadan olmasının 133-cü ildönümüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
1920-ci ildə Azərbaycan Xalq Cumhuriyyətini rus-bolşevik ordusu devirib Azərbaycanda hakimiyyətə yiyələndi. Sonradan bu irticanı qəbul etməyən, boişevizmə boyun əyməyən tək-tük ədibimiz oldu ki, bu sırada ən birinci Əhməd Cavad dayanırdı.
Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi qalmış Əhməd Cavad bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmışdır. Onun əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir.
Bu gün - mayın 5-də XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Əhməd Cavadın anadan olmasından 133 il ötür.
Ə.Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi, Seyfəli kəndinin Mehrəli tirəsində ruhani ailəsində dünyaya gəlmişdir. Adını axund olan atası Məmmədəli Azərbaycanın görkəmli tarixi simalarından biri kimi tanıdığımız Cavad xanın çərəfinə qoyub. Belə ki, axund Məmmədəlinin atası Cavad xan ilə yaxın olub.
Cavad beş yaşına çatmamış atası dünyasını dəyişmiş, o, anası Yaxşı xanımın ümidinə qalmışdır. İlk təhsilini molla məktəbində almış, üç il orada oxumuşdur. Sonrakı təhsilini Gəncədə Müsəlman Ruhani Seminariyasında almış (1906-1912-ci illər) və oranı müvəffəqiyyətlə bitirmişdir. 1913-cü ildə Zaqafqaziya şeyxülislamı Pişnamazzadənin imzası ilə ona müəllimlik şəhadətnaməsi verilib. Həmin ildə Şəmkir, Gədəbəy, Zaqatala və Gəncədə fasilələrlə dərs demişdir. Birinci Cahan müharibəsi başlayanda müharibəyə getmiş, dörd il cəbhədə müxbir, xeyriyyə cəmiyyətinin üzvü, katibi, bəzən də sədr müavini kimi fəaliyyət göstərmişdir. O, Şimali Qafqazda, Dağıstanda, Batumda, Qarsda, Ərdəhanda, Gürcüstan və Türkiyədə olmuşdur. Ən çox türk xalqları yaşayan bölgələrə gedərək onlara maddi və mənəvi yardım göstərmişdir.
Müharibədən sonra müəllim işləməklə yanaşı, həm yaradıcılıqla məşğul olmuş, həm Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasında yaxından iştirak etmiş, həm də onun fəal üzvlərindən olmuşdur.
Əhməd Cavad 1920-ci ildə Quba qəzasının Xuluq kəndində müəllim təyin olunmuş, 1922-ci ilin yayına kimi burada türk və rus dillərindən dərs demişdir.
O, 1922-ci ildə ali məktəbə daxil olmaq məqsədi ilə Bakıya gəlir. Azərbaycan Ali Pedaqoji İnstitutuna daxil olub, 1926-cı ildə oranı bitirib. Nərimanov adına Texnikumda, Pambıqçılıq İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışır.
Ə.Cavad həyatının 29 ilini müəllimlik kimi müqəddəs peşəyə bağlamışdır. İbtidai sinif müəllimliyindən ali məktəbin kafedra müdirliyinə qədər mürəkkəb bir inkişaf yolu keçmişdir. Azərbaycan Demokratik Respublikası dövründə “Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dərsliyin müəllifi olmuşdur. O, rus dili üzrə professor rütbəsi alan ilk azərbaycanlı alim idi, səkkiz-on dildə sərbəst oxumaq, danışmaq və yazmağı bacarırdı. Gəncə mədrəsəsində H.Cavid kimi filosof-şairdən, Abdulla Sur kimi tənqidçi-ədəbiyyatşünasdan dərs alan Cavad öz təxəllüsünü türkiyəli şair Əhməd Cavadın adından götürmüşdür. Beləliklə, eyni tarixi dövrdə türk dünyasında iki Əhməd Cavad yazıb-yaradırdı.
Əhməd Cavad Azərbaycan Xeyriyyə Cəmiyyətinin məsul katibi və ən fəal üzvlərindən biri idi. Hacı Zeynalabdin Tağıyevin köməyi ilə Seyfəlidə məktəb və uşaq bağçaları açılması Könüllünün tikilməsi Ə.Cavadın adı ilə bağlıdır. Təsadüfi deyil ki, M.Müşfiq Könüllü kəndinə şeir qoşmuş, oranı “Cavadkənd” kimi təsvir etmişdir.
1920-ci ilin bolşevik işğalından sonra Ə.Cavadın hüquqları daim pozulmuş, yaradıcılığının inkişafına imkan verilməmişdir. 1923-cü ildə Müsavat Partiyasının liderlərindən Mirzəbala Məmmədzadənin Türkiyəyə qaçırılmasında Cavadı günahlandırıb həbs edirlər. Xuluq kəndində işləyərkən dostluq etdiyi müəllim yoldaşı H.Musayev M.C.Bağırovun yanına gəlir və şairin azad olunmasını xahiş edir. Bağırov onu eşidir. Ə.Cavad ikinci dəfə “Göygöl” şeirinə görə həbs edilir.
Beş-altı ay çəkən sorğu-sualdan sonra “Göygöl”ə heç bir siyasi rəng verə bilmirlər və şairi həbsdən buraxırlar.
Ə.Cavad 1920-1937-ci illərdə dəfələrlə həbs edilmiş, təqiblərə məruz qalmışdır.
Nəhayət 1937-ci il martın 21-də şairi Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən azad edirlər. Həmin il iyun ayının 4-də onu H.Cavid, M.Müşfiq və V.Xuluflu ilə eyni vaxtda həbsə alırlar. Oktyabrın 12-dən 13-nə keçən gecə 15 dəqiqəlik məhkəmənin qərarı ilə ona güllələnmə kəsilir.
Bəzi mənbələrdə şairin ölümü ilə bağlı fərqli versiyalar mövcuddur. Məsələn, Məhəmməd Əmin Rəsulzadə "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində Ə.Cavadın da H.Cavid kimi Sibirdə öldüyünü ehtimal etmişdi.
Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad 1937-ci il oktyabrın 13-də güllələnir. Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olur. Şükriyyə xanım həyat yoldaşının ölümündən sonra "vətən xaininin arvadı" kimi uşaqları ilə birlikdə həbs edilir. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunur. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alır.
Bax belə bir faciəvi tale!
ƏHMƏD CAVAD
“Göygöl”
Dumanlı dağların yaşıl qoynunda
Bulmuş gözəllikdə kamalı Göygöl.
Yaşıl gərdənbəndi gözəl boynunda:
Əks etmiş dağların camalı Göygöl!
Yayılmış şöhrəti Şərqə, Şimala,
Şairlər heyrandır səndəki hala.
Dumanlı dağlara gələn suala
Bir cavab almamış soralı Göygöl!
Bulunmaz dünyada bənzərin bəlkə,
Zəvvarın olmuşdur bu böyük ölkə.
Olaydı könlümdə bir yaşıl kölgə
Düşəydi sinənə yaralı Göygöl!
Sənin gözəlliyin gəlməz ki, saya,
Qoynunda yer vardır, ulduza, aya.
Oldun sən onlara mehriban daya,
Fələk busatını quralı Göygöl!
Kəsin eyşi-nuşi, gələnlər, susun!
Dumandan yorğanı, döşəyi yosun.
Bir yorğun pəri var: bir az uyusun.
Uyusun dağların maralı Göygöl!
Zümrüd gözlərini görsünlər deyə,
Şamlar boy atmışdir, uzanmış göyə.
Keçmişdir onlara qəzəbin niyə,
Düşmüşlərdir səndən aralı Göygöl!
Dolanır başına göydə buludlar,
Bəzənmiş eşqinlə çiçəklər, otlar,
Öpər ayağından qurbanlar, otlar,
Ayrılıq könlünü qıralı Göygöl!
Bir sözün varmıdır əsən yellərə?-
Sifariş etməyə uzaq ellərə...
Yayılmış şöhrətin bütün dillərə,
Olursa, olsun qoy haralı Göygöl!
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)
MARKSIN DOĞUM, NAPOLEONUN ÖLÜM GÜNÜ - tarixin gülümsədiyi an
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Boş bir otaq. Nə divar var, nə də tavan. Sonsuzluğa açılan bir masa. Üzərində heç nə yoxdur – kağız, qılınc, güzgü və bir köhnə lampa istisna olmaqla. Qaranlığın içindən iki adam gəlir. Biri qılıncının səsini, digəri isə kitablarının ağırlığını gətirir.
Napoleon (ayaq səsləri ilə gəlir): “Mən bu boşluqda nə axtarıram? Dəmirin təntənəsi bitmiş, qılıncın əksi divarlara deyil, sonsuzluğa çarpır.”
Marks (sakitcə oturur, kağızı qaldırır): “Axtardığın şey hakimiyyət deyilsə, bəlkə cavabdır. Amma burda cavablar itaət etməz, sənin kimi hökm gözləməzlər.”
Napoleon (gülümsəyir, oturur): – Deməli, sən Marks olmalısan. Sənin ideyalarınla tanışam. Onlar nə zaman silaha çevrildi?
Marks (sakit və sərt): – O zaman ki, sən öz tacını qanla parıldatdın. Xalqın əlləri artıq çörək üçün deyil, zənciri qırmaq üçün yumulmağa başladı.
Napoleon: – Mən xalqı birləşdirdim. Mən onlara qüdrət verdim!
Marks: – Xalq qüdrətli deyildi, sadəcə sənə itaət edirdi. Sənin "birliyində" fərd yox idi. İnsan yox, əmr vardı.
Napoleon (qılıncı masaya qoyur): – Əmr olmadan nizam da olmaz.
Marks (kitabı açır): – Nizamı nizamlayanlar həmişə bir tərəf olur. Sən “qələbə” dedin, mən “ədalət”. Sən “təslim” dedin, mən “şüur”.
Napoleon: – Mən tarixə düşdüm.
Marks: – Mən tarixi izah etdim.
Bir anlıq sükutdan sonra Napoleon qəmli şəkildə deyir: – Mən də bir zamanlar xalqın içindən çıxmışdım. Amma yüksəldikcə onların səsini eşitmədim. Səssizlik gözəl idi.
Marks: – Səssizlik zalımların nəğməsidir. Mən o səssizliyi sözlərlə deşmək üçün yaşadım.
Napoleon (gözləri uzağa zillənmiş halda): – Bəlkə sən haqlısan… Amma mən yaşayarkən hər şey mənimlə dönürdü. Qorxu belə gözəl görünürdü.
Marks: – Sənin dövründə qorxu ehtişamla maskalanırdı. Mənim dövrümdə isə ümid qaranlıqda yaşayırdı. Bəlkə mən də yanıldım. Amma mənim yalanım azadlıq idi. Sənin həqiqətin – boyunəymə.
Masadakı lampa sönür. İkisi də qalxır. Napoleon qılıncını almır, Marks isə kitabı sinəsinə sıxır.
Napoleon (getdikcə səsi uzaqlaşıraq) : – Tarix bizi yad edəcək, amma fərqli səbəblərlə...
Marks isə cavabında təklikdə deyir: – Biri ölümün sükutu, biri düşüncənin sədası olaraq...
Tarix bəzən sadəcə xatırlamaq deyil – hiss etmək, güzgüdə özünü görməkdir. Bəzən isə... tarix zarafat edir. Həm də tünd yumorla. 5 May, belə bir tarixdir. Bu gün, iki böyük şəxsiyyətin, fərqli ideologiyaların və güc anlayışlarının mübarizəsinin simvolik təzahürüdür. Napoleon Bonapart – imperator, fateh, taxtların sevimlisi – 1821-ci ilin 5 mayında ölür. Bu dəhşətli ölüm, imperiyanın süqutunun son nöqtəsi olur. Başqa bir gələcək inqilabçısı – Karl Marksın isə 5 may doğum günüdür- 1818-ci ilin 5 mayı. Onun doğulması ilə tarixin ən böyük sosial və siyasi dəyişikliklərinin başlanğıcı qoyulur.
İki fərqli zamanın içində sıxışmış bu iki şəxsiyyətin birləşən tarixləri, bəlkə də ən böyük dialoqun başlanğıcıdır.
Napoleon deyirdi: “Tarix, razılaşılmış yalandan ibarətdir.”
Karl Marks isə yazırdı: “Tarix, sinfi mübarizələrin tarixidir.”
Görünür, tarix özü də bu ikisinin arasında qalıb – həm razılaşıb, həm üsyan edib.
Napoleon Bonapart, 15 avqust 1769-cu ildə Korsikada doğulub. İmperatorluq qurmaq üçün saysız-hesabsız döyüşlərə girib, Fransada özünün "Napoleon İmperiyası"nı yaratdı. Nəhayət, 1815-ci ildə Vaterlo döyüşündə məğlubiyyətə uğrayıb, təqib edilməkdən qaçmaq üçün Saint Helena adasına sürgün edilib. 1821-ci ilin 5 mayında isə orada dünyasını dəyişdi. Napoleonun ölüm günü, yalnız bir insanın yox, bir imperiyanın da sonunu işarə edir. O, qılıncı ilə Avropanın sərhədlərini dəyişmişdi, amma geridə qalan irsi, elə də yer üzünün sərhədlərini aşmadı. İmperiyasının dağılması, onun simvolizə etdiyi əzəmətin qısa müddətli olduğunu göstərdi.
Bu zaman, 1818-ci ilin 5 mayında, Almaniyanın Trier şəhərində Karl Marks dünyaya gəldi. Marks, həm öz dövrünün həm də gələcək əsrlərin ən böyük düşünürlərindən biri olacaq və onun ideyaları “komunizm” adlı inqilabi ideologiyanın təməlini atacaqdı. 1848-ci ildə “Kommunist Manifesti”ni yazaraq, kapitalizmə qarşı şiddətli tənqidlərə başladı. Marksizmin əsas məqsədi, işçi sinfinin mübarizəsi ilə kapitalizmi alt-üst etmək və təbii sərvətlərin ədalətli bölüşdürülməsi ideyasını həyata keçirmək idi. Bu cür ideyalar, hər nə qədər onu qəbul etməsələr də, dünyanı əslində dərin şəkildə dəyişdirəcəkdi.
O zaman, Napoleonun dövründə yüksələn monarxiyalar, aristokratiyalar və işçi təbəqəsinin yuxusuz gözləri, Marksın dövründə inqilabi hərəkatlara çevrildi. Napoleonun qılıncı ilə qurduğu güc, Marksın ideyaları ilə meydan oxuyacaq, bir-birini tamamlayacaq bir nizamın yerini dəyişdirəcəkdi.
Bir nəfəs dayanır, o biri başlayır. Amma bu nəfəs dəyişəcək nəfəs alıb verən milyonların ritmini.
Napoleon deyirdi: “Qılıncın və hökumətin zəhmi, bəzən həqiqətin içini yandırar.”
Marks isə yazırdı: “Əgər bir adamın düşüncəsi haqqındadırsa, o zaman o, sadəcə bir ideya təbliğ edir, amma xalqın içindəki həqiqət, bəzən qanla və üsyanla ölçülər.”
Görünür, tarix özü də bu ikisinin arasında qalıb – həm razılaşıb, həm üsyan edib.
Otaqda kimin üstün olduğunu təsəvvür etmək maraqlıdır:
– Napoleon qılıncını masaya qoyur, gözləri ilə hökm edir.
– Marks isə kitabını açır, sözləri ilə sarsıdır.
İkisi də inamla danışır, amma biri imperator olaraq susmağı öyrənib, digəri isə susqunluqdan danışmağı.
Napoleonun yaşadığı zəfərlər bir gün parladı, sonra sönüb tarix kitablarına çevrildi.
Marksın ideyaları isə uzun müddət kağızda qaldı, sonra parçlar sındırıldı, bayraqlar dəyişdirildi, nizamlar sarsıldı.
Və bu ikisinin ortaq cəhəti nədir?
Qorxuda bilirlər.
Biri ordularla, biri sözlə.
Biri bədəni əyməyə, o biri düşüncəni oyatmağa çalışdı.
Və hər ikisinin izləri bu gün də qarşımızda durub. Biri heykəllərdə, digəri sitatlarda yaşayır.
Bax, tarix bu cür maraqlıdır. 5 mayda biri ölümə imza atır, digəri 3 yaşında niyə "birində var, digərində yoxdur" deyə üsyana başlayır. Bu, tarixin gülümsədiyi andır.
Sanki tarix deyir:
– “Ey insan, unutma! Qılınc bir gün qırılar, amma fikir... fikir ölməz. Amma unutma ki, fikir də qılıncsız yaşaya bilməz.”
Tarix bu gün bizə sadəcə fakt vermir. Həm də sual verir:
-Biri imperiyanı qurdu, digəri imperiyaları şübhəyə saldı. Sən hansının tərəfinəsən?
Yoxsa sənin yerin onların görüşdüyü boş otaqdadır – qılıncın səsi ilə kitab səhifəsinin xışıltısı birləşən yerdə?
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)
Fazil Mustafa Nərgiz Cabbarlını təbrik edib
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa AYB-nin üzvü, DGTYB-nin Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Böyük elmi işçisi Nərgiz Cabbarlını 50 illik yubileyi ilə bağlı təbrik edib.
“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, komitə sədrinin təbrik məktubunda Nərgiz Cabbarlının ictimai və yaradıcı fəaliyyəti, özəlliklə ədəbi qurumlar sahəsində fəal yaradıcı iştirakı, milli-mənəvi dəyərlərə bağlılığı, habelə ictimai həmrəylik prinsiplərinə verdiyi töhfələr vurğulanıb.
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)
5 may - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günüdür
Mayın 5-i 1992-ci ildən BMT Baş Assambleyasının qərarı ilə Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur. Bu günün məqsədi geniş ictimaiyyətin diqqətini əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə bağlı problemlərə cəlb etməkdir.
Milli Kitabxanada əlilliyi olan şəxslərin hüquq və azadlıqları haqqında istifadəçilərin maarifləndirilməsi məqsədilə “5 may - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Bu barədə Milli Kitabxanaya istinadən AzərTAC məlumat verilib.
Sərgilərdə əlilliyi olan şəxslər haqqında dövlət siyasəti, onların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normaları, görülən tədbirlər, sosial müdafiənin hüquqi tənzimi, əlilliyin qarşısının alınması, sağlamlıq imkanları məhdud insanların reabilitasiyası və s. haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, dövri mətbuat məqalələri, fotolar nümayiş olunur.
Ənənəvi sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı mövcuddur. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapmışdır. Əlillərin sosial müdafiəsi isə ildən-ilə daha da gücləndirilir, bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir ki, bu da onların cəmiyyətə inteqrasiyasına xidmət edir.
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)
Uğurlu bir şeir bu dünyanın adamı olmayan şair üçün evə bənzəyər - MÜSAHİBƏ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Adətən ədəbiyyat cameəsinin eyni yazarları gündəmdə qalır, müsahibəyə cəlb edilir. Mənsə şablondan çıxıb sizlərə AYB-in üzvü, şair Gündüz Sevindik ilə söhbəti təqdim edirəm.
-Gündüz bəy, xoş gördük sizi. İlk sualım belə olacaq, söz sizin üçün nədir? O, sadəcə ünsiyyət vasitəsidir, yoxsa bir taleyin qapısı, bir ruhun səsidir?
-Xoş gördük, İnci xanım. Söz olmasa dünyada heç nə mümkün deyil. Söz Tanrının səsidir. Bu səsi onu eşitmək istəyən hər kəsə olduğu kimi çatdırmaq lazımdır. Əlbəttə, elə talelər də var ki, onları söz həll edir. Söz hər biri yaradıcı insanın ruhunun mesajıdır. Hər bir şairin, yazıçının ruhu, daxili aləmi özünün söylədiyi söz boydadır. Ramiz Rövşənin dediyi kimi: şair şeirin keçdiyi yoldur.
-Sizcə, şair keçmişin şərhçisidir, yoxsa gələcəyin xəbərçisi?
-Əsl şair öz xalqının tarixidir, mədəniyyətidir. Şair öz sözü ilə keçmişə işıq tutub onu işıqlandırmalı, həm də dövrün, əsrin irəliləyən zamanları üçün bütün proseslərlə ayaqlaşan, ictimai dəyərini heç vaxt itirməyən fikirlər söyləməlidir. Yalnız o zaman Söz şairi həmişə ucaldır, yaşadır. Mirzə Ələkbər Sabirin simasında digər böyük şairlərimiz kimi...
-Ədəbiyyatda orijinal olmaq şərtdirmi? Yoxsa bəzən köhnə səsin təkrarında da yeni bir nəfəs tapmaq mümkündür?
-Orijinal olmaq mütləq şərtdir. İzlə gedənin izi olmaz, deyiblər. Ədəbi uğurun kökündə həm də özünəməxsusluq durur. Amma köhnə səslərin içində də bəzən solo oxumaq, köhnə mövzulara yeni yanaşmalar mümkündür. Klassik Şərq şeirinin imperatoru İmadəddin Nəsiminin təbirinicə desək, hər bir tazə yaranış köhnənin cəsədləri üzərində pərvəriş tapır... Ədəbiyyatda özünütəsdiq ən əsas məsələdir.
-Poeziya bir həyat tərzidirmi, yoxsa içdə yaşadılan gizli bir aləm? Gündüz Sevindik real həyatda, ya şeirlərindəki dünyada daha çox var olub?
-Şairlik sənət, peşə deyil. Zənnimcə şairlik tale məsələsidir və bu taleni heç vaxt gizli bir aləm kimi hər kəsdən pünhan tutmaq olmaz. Bu heç mümkün də deyil. Düzü, yaradıcı insan real həyatda bir başqadır, öz şeirlərində, rəsm əsərlərində, musiqi bəstələrində isə bir başqa. Düşünürəm ki, real həyatda özünü tapmalısan ki, yaradıcılıqda da özün olasan. Mən şeirlərimdə daha həssas, daha çox müşahidə etməyi sevən biri oluram. Uğurlu bir şeir bu dünyanın adamı olmayan şair üçün evə bənzəyər:
Uçar səmalara, itər dərində,
“Alar qadasını” xeyrin, şərin də,
Yatıb gecələyər öz şeirində,
Şairlərin evi yoxdur... (G.Sevindik)
-Bir şairin böyüməsi necə baş verir? Zamanla, yoxsa ağrıyla?
-Mənə görə zaman anlayışı burda nisbidir. Hər zamanın, hər dövrün öz şairləri olub. Şairin böyüməsi üçün isə ağrı mütləqdir. Böyük Füzuli fars divanının dibaçəsində deyir: sən Dərddən danış ki, söz meydanında Dərd topunu daşıya biləsən... Yaradıcı insan heç vaxt məişət çərçivəsində olan öz şəxsi qəmini Dərd obrazına çevirib şeirə gətirməməlidir. Bu uğursuzluqdan başqa bir şey deyil. Hər bir əsərin ictimai dəyəri, bəşəri yükü olmalıdır. Bunun üçün şair dərdi, ağrını bütün varlığı ilə hiss eləməlidir.
-Ədəbi tənqid haqqında fikirləriniz...
-Ciddi sənətdə tənqid mütləqdir, həm də həssas tərəfdir. Tənqid ədəbi müstəvidə, qərəzsiz olmalıdır. Bir yazıçını, bir şairi elə tənqid edərsən ki, gələcəyin doğrudan da böyük Söz adamını yetişdirə bilərsən. Yaxud da əksinə, elə tənqid edərsən ki, özünə bir düşmən qazanarsan, üstəlik də ədəbiyyata gələn istedadlı bir qələm əhlinin yolunu doğrudan kəsmiş olarsan. Tənqidçi dostlara həmişə deyirəm ki, gənc yazarların əsərlərini tənqid edərkən onlara öz şəxsi istəklərinizi, mülahizələrinizi diktə etməyin. Onlara ədəbiyyatın tələblərini anladın, Sözə gedən yolu göstərin. Ədəbi tənqidin metodiki tərəfləri olmalıdır.
-Nəhayət sonda, poeziya dünyanı dəyişə bilərmi?
-İnsanlığa xidmət edən poeziya zaman-zaman İnsanoğluna çox şey öyrədib. Özü boyda işıq, gözəllik və azadlıq olan poeziya əslində dünyanı özünü də çox şeydən xilas edib. Həqiqət isə budur ki, dəyişən dünyanın taleyi indi poeziyanın əlində deyil. İndi dünyanı baxışlar və silklənən barmaqlar idarə edir... Bütün hallarda gözləyək, həm də ümid edərək gözləyək!
-Çox sağ olun, şair. Təşəkkür edirəm.
-Mən təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)
PORTAL AKADEMİYASINDA - Sevgi hisslərinin yaranmasında dörd hormonun dominantlığı
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Sevginin növləri var: sevgi-ehtiras, sevgi-dostluq, romantik sevgi, platonik sevgi, praqmatik sevgi, rəqabətli sevgi, özünü fədaetmə sevgisi və s. və i.
Adətən sevgi növlərini insanın hormonal balansının xüsusiyyətləri ilə izah edirlər.
Professor R.Sternberqə görə sevgidə romantik hisslər, yaxınlıq ehtirası, habelə ikitərəfli münasibət yaratmaq, sonradan da onu qoruyub saxlamaq qərarvericiliyi – ümumilikdə üç hissə olur. Professorun fikrincə, sevgi aşiq olmaq mərhələsindən başlayaraq üç mərhələ keçir (Yeri gəlmişkən, bu cür təsnifatı ilə R.Sternberq Y.Ryurikovdan tam fərqlənir): Bu mərhələlər ideallaşdırma, dəyərsizləşdirmə və inteqrasiyadan ibarətdir.
İdeallaşdırmada sevdiyini tam olaraq ideallaşdırır, onu simaca və bədəncə gözəllərin gözəli hesab edir, xasiyyətcə, xaraktercə yaxşıların yaxşısı sanırsan. Biz azərbaycanlıların məşhur bir deyimi də var, könül sevən göyçək olar. İdeallaşdırma mərhələsində sevən sevdiyinin pozitiv cəhətlərini daha da şişirdirsə də, əksinə, neqativ cəhətlərini görməməyə çalışır.
Dəyərsizləşdirmə mərhələsi ideallaşdırmanın tam əksidir. Bu dəfə, artıq sevdiyinin müsbət yox, mənfi cəhətləri sənin diqqət mərkəzində olur. Mənfilikləri şişirdir, necə deyərlər, qarışqanı böyüdüb fil eldirsən. Bu mərhələdə sevgi adlı möcüzə anidən səni tərk etdiyindən sevdiyini yüksəltdtyin ucalıqdan yerə endirirsən.
İnteqrasiya mərhələsi isə sevgi münasibətlərinin tam yetkinlik dövrüdür, buna yetişkənlik dövrü də demək olar. İlk iki mərhələdən fərqli olaraq burada sevən düzü düz, əyrini əyri görür. Yəni, sevdiyini real insan prizmasından baxaraq bütün müsbət və mənfi cəhətləri ilə birgə qəbul edir. Çox təəssüf ki, sevgi münasibətlərində biz əksər halda bu mərhələyə çata bilmir, öncə ideallaşdırıb sonra dəyərsizləşdiririk.
Motivasiya etdiyim elə sevən gənclər var ki, bir-birlərini durmadan ittiham etməkdə, «öz aralarında yaxşı və pisi müəyyənləşdirmək» mübarizəsinə rəvac verməkdədirlər. Necə ki, uğursuz sevgi cavabsız sevgidən yaranır, eləcə də qarşılıqlı sevginin növbəti dəyərsizləşdirmə mərhələsi də uğursuz sevgi istehsal etməkdədir. Hətta bir-birini şiddətlə sevib, ailə qurub, sonradan ayrılan gənclərimiz məgər azdır? Demək, uğursuz sevgi anlayışının birtərəfli, cavabsız sevgi kimi, adi, bəsit forması ilə yanaşı bax bu, sonradan «bizimki tutmur», «xasiyyətimiz uyğun gəlmir» xarakteristikası ilə ayrılmağa rəvac verən mürəkkəb forması da sonucda eyni anlama gətirib çıxarır – cəmiyyətdə narazı və bədbin insanların sayı artır.
Biz sevgini həyatdan almaq istədiyimiz ən böyük hədiyyədən, mükafatdan biri hesab edirik. Bu mükafatdan ötrü əksərən istənilən şücaətə, qəhrəmanlığa hazırıq, istənilən məhrumiyyətlərə, çətinliklərə sinə gərməkdəyik.
Bu yaxınlarda çox sarsıdıcı bir hadisənin şahidi olmuşduq. Sevgilərinə valideyinləri tərəfindən qadağa qoyulan iki sevən gənc aləmə meydan oxuyaraq özlərini avtomobilin içində yandıraraq işıqlı dünyaya əlvida demişdilər. Sevgi – qanda olan xoşbəxtlik hormonlarının səviyyəsini artırmaqla yanaşı, həm də qorxu hissini yox edən feniletilaminin səviyyəsini də qaldırır.
Bəs «sevgi uğursuzluğu» sindromundan necə qurtulmalı? Əlbəttə ki, bunun yolları mümkündür. İlk növbədə, uğursuz sevgiyə mübtəla olub bunun acılarını çəkəndə bu dərddən qurtulmağa istəyin də olmalıdır. Həmin şəxs əmin olmalıdır ki:
Birincisi: Qarşılıqlı, adekvat olmayan sevginin fəsadları bu gün müalicə olunur, məsələn, antidepressantların köməyi ilə. Ona görə də, Məcnunluq etməkdənsə mütəxəssisə müraciət eləmək, çarəsizlik komplekslərini yığışdırmaq lazımdır. Sevgi azarına tutulmaq da bir xəstəlikdir, xəstəlik gələndə isə mütləq təbibə müraciət eləmək lazımdır.
İkincisi: İnsan özündə güc, iradə tapmaqla sevgi azarından özbaşına da qurtula bilər, yəni ki, tibbin digər xəstəliklərindən fərqli olaraq sevgidə özünümüalicə olduqca effektiv təsir bağışlayır.
Bəs bunu necə həyata keçirmək olar? Təbii ki, möhkəm iradə, güclü xarakter vasitəsi ilə. Sevgi xəstəliyindən qurtulmaqçün sizə sevgi acısı yaşadan kəsdən hər gün bir qədər də uzaqlaşın, onun mənfi xüsusiyyətlərini xatırlayıb bunlara önəm verin, özlüyünüzdə onu pisləyin. Bu, olduqca müsbət effekt verəcək. Unutmayın, sevgi ağrısını dərhal, yerində kəsmək xeyli rahatdır, sizi az ziyanla ötüşdürən prosedurdur. Amma elə ki, bu ağrı tam gücü ilə tüğyan etdi, ağrıkəsicilər artıq kömək edə bilməyəcək.
Ani olaraq yanaşı qoyulan iki gözəl dibçək çiçəyini nəzərdən keçirin. Onlar bir-birinə sarı böyüyürlər, sanki bir-birilərindən güc alırlar, bir-birilərindən gözəllik alırlar. Qəfildən onları ayırın. Nə olacaq? Eyni kökdən böyümürlər ki, məhv olsunlar? Yenə də yaşayacaqlar. Nə olsun, bir müddət təklikləri təəssüfverici olacaq?
Hər bir insanın həyatından sevdiyi şəxs gedə bilər. Əfsus ki, bəzən bunu həyatın sonu adlandırır, dünyamızın uçub dağıldığını zənn edirik.
Əslində isə, heç nə dağılmayıb. Bir az tərpənib. Onu da bərpa etmək öz əlimizdədir.
Bəs sevgidə uğur qazanmağın yolu nədən keçir?
Biz bu söhbətimizə necə, nədən başladıq? Ondan başladıq ki, ilk öncə sevən gənc sevginin elmi əsasını bilməlidir, kor-koranə sevməyin gətirəcəyi fəsadlardan xəbərdar olmalıdır. Kitabımızın bu bölümü də məhz ona xidmət edir. İlk öncə hər bir sevən gənc öz sevgisinin növünü, xarakterini müəyyənləşdirməlidir, sevgisinin bütün xüsusiyyətlərinə bələd olmalıdır. Bayaq bir neçə sevgi təsnifatı ilə sizləri tanış etdim. Sevginin «ipini tam əlinə almaq», onu idarə etməkçün ən vacib olanı bədəndəki hormonlara uyğun olaraq müəyyənləşdirilmiş sevgi tipləridir ki, bu müəyyənləşdirmə də ABŞ antropoloqu X.Fişerə məxsusdur.
Sevgi hisslərinin yaranmasında dörd hormon dominantlıq edir ki, bunlar da haqqında artıq bəhs etdiyimiz testosteronla yanaşı serotonin, estrogen və dofamindir. Beləliklə, X.Fişerin tipləri bunlardır:
1. Testosteron həcmi yüksək olanlar.
Belələrini X.Fişer sevgidə idarə edənlər adlandırır.
Daha çox kişilərdə olan, qadınlarda isə böyrəküstü vəzlərdə az həcmdə yaranan bu hormon tələbkar, eqoist, bir qədər sərt, kobud sevən obrazı yaradır. Belələri, sevgilərini asan idarə edir, qurduqları ailədə əsl ailə başçısı olurlar. (X.Fişer belələrini tiran adlandırmaqdan da vaz keçmir). Bu tip insanların sevgilisi olanlar öncədən «ağır otur batman gəl» prinsipi ilə qapalı bir ailə həyatı keçirəcəklərinə hazır olmalıdırlar;
2. Dofaminin həcmi yüksək olanlar.
Belələrini X.Fişer sevgidə tədqiqatçılar adlandırır.
Dofamin hormonu emosiya və liderlik keyfiyyətlərinə cavab verir. Bu tip sevənlər həm də dəyişkən xarakterli sevənlərdir. Sevginin ilk fazasında sevdiklərinə bol hədiyyələr, sürprizlər edən belələrinin emosiyaları aşıb-daşırsa da sevginin ikinci fazasında onlar darıxmağa başlayırlar, əvvəlki sevgi dəyərlərinin gözlərində düşməsini müşahidə edirlər. Bu tip insanların sevgililəri münasibətlərini qoruyub saxlamaq üçün onları daim nələrləsə də təəccübləndirməli, daim sevginin yeni-yeni çalarlarını ortaya qoymalıdırlar.
3. Serotoninin həcmi yüksək olanlar.
Belələrini X.Fişer sevgidə inşaatçılar adlandırır.
Belələri sadiq, etibarlı olurlar, təsərrüfatcıl, ailəcanlı olurlar, xəyanət nə olduğunu bilməzlər. Amma bu tip sevənlərdə romantika, fantaziya görmək mümkün deyil, onlarçün sevgi – sadəcə ailə həyatı qurmağın ilk addımıdır.
Təsəvvür edin, inşaatçılar tədqiqatçılarla sevişsələr axırı nə olar?
Bu cür sevgi dərhal uğursuzluqla nəticələnər. Amma, inşaatçılar
qarşı tərəfdən heç bir təşəbbüs gözləmədən tam idarəetmə
diktaturasına riayət edən idarəedənlərlə normal münasibətlər qura
bilərlər.
Ən nəhayət, gəlib çatdıq dördüncü tipə:
4. Estrogenin həcmi yüksək olanlar.
Belələrini isə X.Fişer sevgidə danışıq aparanlar adlandırır.
Daha çox duyğusal olan, hiss adamı olan belələri mehribandırlar, qayğıkeşdirlər. Daim nəvaziş göstərirlər, sevgidə yaradıcıdırlar. Amma xeyli müdafiəsiz, köməksizdirlər, münasibətə aydınlıq gətirməyi, yerli-yersiz mübahisə etməyi, inciməyi, küsməyi çox sevirlər. Amma sonda da barışan tərəf özləri olurlar. X.Fişerə görə, belələri ilə bütün digər tiplər uyğunlaşa bilir. Bizim təbirimizcə desək, dördüncü tipin nümayəndələri «adam yolaverənlər»dir.
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)
Türk dünyasının coğrafi sərhədləri: Mərkəzi Asiyadan Balkanlara
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə Türk xalqları tarixi layihəsindəyik. Mövzumuz Türk dünyasının coğrafi sərhədləridir.
1. Mərkəzi Asiya – Türk dünyasının beşiyi:
Türk xalqlarının ilkin vətəni Mərkəzi Asiyadır. Bu bölgədə yerləşən əsas türk ölkələri və topluluqları:
- Qazaxıstan
- Qırğızıstan
- Özbəkistan
- Türkmənistan
- Türkiyə türkləri ilə yaxın əlaqəli olan Uyğurlar (Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonu)
- Altay, Tuva, Xakasiya, Başqırdıstan, Tatarıstan kimi Rusiyanın daxilindəki türk topluluqları
2. Qafqaz və Xəzər bölgəsi:
- Azərbaycan Respublikası
- Dağıstan, Qaracay-Çərkəz, Balkar, Kumık, Avar türkləri – Rusiyanın Cənubi bölgəsində
- Qafqaz Albaniyası və tarixi türk izləri bu bölgədə mühüm yer tutur.
3. Şərqi Avropa – Volqa bölgəsi və Krım:
- Tatarlar (Volqa Tatarları)
- Başqırdlar
- Krım Tatarları
- Nogaılar Bu bölgələrdə əsrlərlə davam edən Qızıl Orda (Ordu), Xəzər, və Krım xanlıqları türk tarixi baxımından önəmlidir.
4. Balkanlar:
Türk fəthləri nəticəsində Balkanlara çoxlu sayda türklər köç etmiş və orada Osmanlı dönəmindən bəri yaşayan türk icmaları formalaşmışdır:
- Rumeli Türkləri (Bolqarıstan, Yunanıstan, Makedoniya, Kosova, Albaniya)
- Bosniya, Serbiya, və digər bölgələrdə yaşayan türk və müsəlman icmaları
5. Anadoludan Avropaya – Türkiyə və diasporda yaşayan türklər:
- Türkiyə – Müasir türk dünyasının siyasi və mədəni liderlərindən biri sayılır.
- Avropa ölkələrində (Almaniya, Fransa, Avstriya və s.) milyonlarla türk diasporası mövcuddur.
Türk dünyasının xəritəsi (vizual təsvir):
Xəritədə Türk dünyasının əhatə etdiyi sahələr belə sıralana bilər:
- Şərqdən Qərbə: Çin (Sincan/Uyğur bölgəsi) → Monqolustan (Altaylar) → Qazaxıstan → Qırğızıstan → Özbəkistan → Türkmənistan → Xəzər dənizi → Azərbaycan → Dağıstan → Volqa bölgəsi → Krım → Ukrayna → Balkanlar → Türkiyə
- Bu geniş coğrafiyada təqribən 300 milyondan çox türk mənşəli insan yaşayır.
Mədəni və siyasi inteqrasiya:
Türk dünyasını birləşdirən əsas təsisatlar:
- Türk Dövlətləri Təşkilatı (TDT) – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti və müşahidəçi olaraq Macarıstan.
- TÜRKSOY – Türk mədəniyyətinin qorunması və təşviqi üçün fəaliyyət göstərir.
Türk dünyası nəyi ifadə edir?
- Ortaq dil qrupları (Oğuz, Qıpçaq, Karluk, Sibir, Çuvaş və s.)
- Ortaq tarix və mifologiya
- Oxşar adət-ənənə və mədəniyyət
- İqtisadi və strateji əməkdaşlıq potensialı.
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)
“Yarı can qalmışdı, o yerlər sənsiz…” – DUYĞU HƏSƏNZADƏ
Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi
Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Duyğu Həsənzadənin şeirlərini təqdim edəcəyik.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir.
I.
Mən onu sevirdim vətənim kimi,
Təpədən-dırnağa zərrə-zərrəsin.
Kimsə bu vətənə addım atmasın,
Deyirdim kimsənin əli dəyməsin.
Amma sinəsində neçə saç teli,
Gördüm, əllərində yal əli, izi.
Müqəddəs bildiyim baxışlarında
Gördüyüm gün öldüm, iki yad gözü.
Bir an etirazlı inqilab oldum,
Küskünlük sanırdın, giley sanırdın.
Gözlərinlə elə döyürdün məni,
Natanış sanırdın, ögey sanırdın.
Səbrimi qınayıb, sınayıb dedin
Vətən kimi sevən heç belə etməz!
Bilirsən, çarəsiz gedirəm, sən qal
Vətəndaşlar gedər, vətən ki, getməz.
Bölünmüş vətəndə yerim yoxdur, yox,
Qanlı bir savaşa avara girdim.
Aclıqla birlikdə savaş sonrası
Yaralı sevgimi yolda yeyirdim.
Sudan, torpağından qopan kökümü
Bir qürbət tapıb da əkərəm inan.
Hər yerdə günəş var, ay var, ulduz var
Bircə həsrət qalar, çəkərəm inan.
Çətinlik çəkmərəm, daşlar çatlasa,
Bir az gülüşlərim hüzünlü olar.
Ya da yuxularım qara basmalı,
Qarışıq, pırtlaşıq, pis, cinli olar.
Boş ver indi yoxsan, ürək də yoxdur,
Sənə keşik çəksin bir əsgər kimi.
Qanımdan da çıxdın, qorxu içində
Alnımdan süzüldün soyuq tər kimi.
II.
Gecə bir yuxu görürdüm,
İnsanlar kor baxırdılar.
İçləri cinli, şeytanlı,
Üzə tanrı yaxırdılar.
Şəhər düşmüşdü bir dərdə,
Ac gəzirdi, əl xəmirdə,
İçki yasaq olan yerdə,
Qədəhə qan sıxırdılar.
Gizlədirdi hər nəyi meh,
Key dolanırdı, hamı key,
Həyatlar bir qəbir kimi,
Girirdilər, çıxırdılar.
Baxdıqca yaşarırdı göz,
Yuxum diksinirdi tez-tez,
İnsanlar əllərilə öz,
Evlərini yıxırdılar.
YETİM XATİRƏLƏR
İlk görüş yerinə getdiyim o gün,
Sınıxmış xəyalım mənə baxırdı.
Yarıcan qalmışdı, o yerlər sənsiz,
Mən addım atanda canı çıxırdı.
Baş sağlığı verdim mən bu sevgiyə,
Əyilib öpəndə öz nisgilimdən.
Qayıtmaq istədim yolun boyunu,
Yetim xatirələr tutdu əlimdən.
Dayandım, bilmirəm necə dayandım,
Sınan qürurumla tir-tir əsirdim.
Qan çanağı gözlər bəlli edirdi,
İçimi yeyirdim, ümid kəsirdim.
İçməmiş kefliydim, ayıqlığımda,
Bir haldan min hala mən düşüm o gün.
Bir xəyanət borcum var idi sənə,
Sevgi izlərinlə öpüşdüm o gün.
IV.
Mən qəbir daşıyam, tərpətmə məni,
İçimdən ölülər xortlayar ancaq.
Bax, vərəm bağlamış ürəyimə get,
Dərdə dəyməz, dəysən partlayar ancaq.
Bir fatihə çevir, tez ol, get burdan,
Sonudur hər nəyin, sən də it burdan,
Qup-quru canıma bir kibrit burdan,
Çəksələr hər nəyi odlayar ancaq.
Düşər-düşməzi var demə hər nəyin,
Sevgi mənə düşmür, yeyim çörəyin,
Daşa dönsün görüm bağrım, ürəyim,
Harda sevgi görsə atlayar ancaq.
Sonrası fəlakət, sonrası boşdur,
Sonrası oturub, qalxan bir quşdur,
Get, qal arasında qorxulu işdir,
Zamanla belimi qatlayar ancaq.
Boşlamaz, asılı saxlayar darda
Çatı da üzülməz, can çıxmaz orda,
Avara dolanar ölüm də gorda,
Ürəyim bir yalan qutlayar ancaq.
Dünyanın hikkəsi belə boşalır,
Göz oyub çıxardır, belə qaş alır,
Demə ki, halıma gözü yaşarır,
Bu səhnəyə toxum çırtlayar ancaq.
V.
Belimin incəliyi
Qollarının gücündən yarandı.
Bağrına basarkən məni
Qan tər içində idim.
Palçığım qurumamışdı yəni
Günortasında idikmi yoxsa
Od qalxırdı tənindən tənimə.
Ah deyə bir səs yüksəlirdi göyə
Dodaqlarından dodaqlarıma nəm dəyən zaman
Yaranışın ilk nəfəsi yəni
Bəlkə də ilk səsi
Palçığım qurumamışdı hələ
Gözlərimə şəkil verdin əllərinlə oxşarkən üzümü
Sonrası yuxudurmu, düzmü?!
Göz-gözə gəldik
Bir quş vuruldu sinəmdə, çırpına-çırpına qaldı.
Və üzümdə qaldı barmaqlarının izi.
Hər güldükcə batar yanaqlarım
Palçığım qurumamışdı yəni
Sənin toxunduğun zaman
Əllərinin izindən saçlarım uzandı kürəyimə doğru
Ürəyimə doğru yol aldı fısıldadığın kəlmələr
Deyirdin: “Səni sevirəm”
Qulaqlarım açıldı.
Qan çilədi öpüşlərin
Qan gəlmiş damarlarıma yəni
Palçığım qurumamışdı hələ
Ovuclarınla sıxdın köksümü
Yüksəldi təpələr
Beynindən dağlar, dərələr keçirdi
Süd içirdi dişlərin
Yaranışın iksiri yəni
İlk sirri bəlkə.
Yaratdığın əsər üstə tir-tir titrəyirsən indi
Sıx məni qucağına
Sıxdıqca qollarım uzanır, əllərim yaranır.
Ürəyim çırpınır, dayanır
Yarat məni
Göbək bağımı kəsirsən, dayan, əsirsən
Ehtirasmı?!
Sevgimi?!
Günahmı?!
Cır at bütün qanunları
Boşalt bütün dustaqları
Yasaq bölgələri yarat
Yar
At bir az su
Qanı su təmizləyər ancaq.
Ayaqlarımı hiss edirəm yeri deşərkən
Düşərkən səndən mənə bir parça
Qadın oluram
Bir kişi tanrının əsəri yəni.
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)
ABİDƏLƏRİMİZ – Xocavənddə Katarovəng monastırı
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndləri arasında, Ziyarət dağının zirvəsində yerləşən tarix-memarlıq abidəsi - Katarovəng monastırı barədə danışacağıq bu gün. Düşmən istila vaxtı “qədim erməni abidəsi” deyib car çəkirdi, halbuki, bu abidənin ermənilərlə heç bir əlaqəsi yoxdur, ola da bilməzdi. Bu, bir qədim alban məbədidir.
Monastrın adı mənbələrdə Qafqaz Albaniyasında IV əsrə aid hadisələrlə bağlı xatırlansa da, dövrümüzə çatmış tikili XVII əsrə aiddir.
Moisey Kalankatlı “Alban ölkəsinin tarixi”ndə Müqəddəs Qriqorisin fəaliyyətindən bəhs edərkən qeyd edir ki, xristianlığı təbliğ etməsi Massaget çarı Sanesanın xoşuna gəlmir. Çarın əmri ilə Müqəddəs Qriqoris Xəzər dənizi sahilindəki Vatnean düzündə vəhşi atın quyruğuna bağlanaraq şəhid edilir. Sanesanın xristianlığı qəbul etmiş oğlanları Massaget ölkəsinin digər xristianları ilə birlikdə Müqəddəsin cəsədini götürərək Alban Katolikosluğunun mərkəzi Çolaya qaçırlar. Oğlanlarını təqib edən Saneasan Çolaya girərək şəhəri dağıdır, kilsələri və müqəddəs kitabları yandırır.
Qaçqın xristianlar Qafqaz Albaniyasının içlərinə doğru irəliləyərək Haband vilayətində sığınırlar. Ter Abbasın Alban Həvari Kilsəsinin katolikos taxtına seçilməsindən əvvəl qaçqınları izləyən massaget ordusu Saneasın rəhbərliyində Haband vilayətinə kimi irəliləyərək qaçqınların gizləndiyi Katarovəng monastırını oda verir.
V əsrdə yaşamış erməni tarixçisi Favstos Buzand eyni hadisələri təsvir edərkən, onları massagetlərin Ermənistana yürüşü ilə əlaqələndirir. Bəli, saxtakarlıq qonşularımızda bütün əsrlərdə olub və onlar öz tarixlərini zorla Qafqaza sırıyaraq buranın aborogen xalqı olduqlarını isbatlamağa çalışıblar.
Kilsə, planda düzbucaqlı formaya malik birnefli bazilika olmaqla, ikitərəfli damla örtülmüşdür. Tikilinin inşasında kobud yonulmuş yerli daşlardan istifadə edilmişdir. Kilsə divarlarının birnövlü hörgüsünü kiçik və dar pəncərə yerləri pozur. Kilsənin qərbdə yerləşən yeganə qapısı yaxşı yonulmuş daşlardan hazırlanmış çərçivə və kitabəli plitə istisna olmaqla bütün dekor elementlərindən məhrumdur. Şimal divarı yarıya qədər yerin altındadır, cənub divarı isə çılpaq qaya üzərində tikilmişdir.
2015-2016-cı illərdə abidədə ermənilər tərəfindən təmir işləri aparılmış, dam örtüyü tamamilə yeni və müasir materiallarla qurulmuşdur. Halbuki bu, tarixiliyə kobud müdaxilə idi.
İkinci Qarabağ müharibəsi zamanı Katarovəng monastırının yerləşdiyi ərazi işğaldan azad edilmişdir. Tək bura da yox, bütün Azərbaycan torpaqları murdar düşmən ayaqlarından qurtulmuşdur.
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)
XARİCİ FİLMLƏR – İran kinosu şedevri "Güzgü"
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Rejissor Cəfər Pənahinin ekranlaşdırdığı və İran filmi olan "Güzgü" filmi barədə danışmaq istəyirəm. 1997-ci ildə çəkilmiş “Güzgü” filmində dərsdən çıxanda həmişə onu qarşılayan anasını gözləməyə səbiri çatmayan balaca məktəbli Minanın (Ayda Məmmədxani) sərgüzəştləri diqqət mərkəzinə gətirilir.
Sonuncu rəfiqəsi də arxasınca gələn atasının avtomaşınına oturub getdikdən sonra, bir əli gipsdə olsa da, evlərinə təkbaşına yola düşməklə tərsliyini, müstəqilliyini, yaşından böyük görünmək istəyini ortaya qoyan Minanın səs-küylə şığıyıb keçən iri avtomaşınların təkərləri fonunda olduqca köməksiz görünməsi xırda adamı böyük şəhərlə qarşılaşdırır. İlk baxışdan inamlı görünən Minanın qara çadralı bir qadının ətəyindən tutaraq yolu keçməsi maneənin dəf olunması yolunda ilkin qələbəyə çevrilsə də, motosikldəki müəllimlə dostunun avtomobil qəzasına düşməsinin şahidinə çevrilməsi psixoloji gərginliyi artırır. Səhvən mindiyi növbəti avtobusda oğlu ilə münaqişəsindən gileylənən çarşablı qadının, ərlərin xəyanətini çözən qadınların söhbətini, İranla Cənubi Koreyanın söhbəti fonunda balaca Minanın kiminsə verdiyi pulu akkordeon çalıb oxuyan atasını dəfdə müşayiət edən balaca oğlana ötürməsi kimi uzun planda kameranın sevdiyi Aida Məmmədxaninin daxili monoloqunun bir an belə səngimədiyini təsdiqləyir.
Nəhayət ki, kameraya baxmasıyla rejissorun iradını eşitməklə səbir kasası daşaraq oynamaqdan cana doyub yaylığını, əlinin gipsini çıxarıb, paltosunu soyunan Minanın evlərini özü tapmaq istədiyini birbaşa kinokameraya deməsi ilə ekran personajının, ifaçı Aidə Məmmədxaniyə çevrilməsi ilə kinolentin bitməsi, digər kameranın başqa rakursundan Cəfər Pənahi də daxil olmaqla çəkiliş qrupunun ekrana gəlişi filmin gedişatını dəyişir. Bu epizod bədii təxəyyüllə real həyatın sərhədlərini şəffaflaşdırmaqla saxtalıqla, gerçəklik güzgüsünü üzləşdirən rejissorun daxili azadlığını önə çəkir.
Bundan sonra çarşablı qadının evdə münaqişəsinin olmadığını Aidaya bildirməsindən sonra bədii-oyun filminin estetikasının durdurulması, “dördüncü divar”ın dağılması ilə gerçək zaman-məkan parametrlərinin önə keçməsi, müəllifin sufi təbiətinə uyğun təəssürat üzərində qurulan, anilikdə yaranan impessionizmə meydan verilir.
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)