
Super User
Bu gün 3-cü - Yel çərşənbəsidir
Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün Novruzun gəlişini müjdələyən 4 şərşənbədən 3-cüsü - Yel çərşənbəsidir. Bu çərşənbə özündə yazın nəfəsini, təbiətin canlanmasını yelin hərrəti ilə ehtiv edir.. Bu çərşənbyəə xalq arasında “Külək çərşənbəsi”, “Yelli çərşənbə” də deyirlər.
Martın 18-də axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək. Xatırladaq ki, bu il üçün yaz fəsli Azərbaycana martın 20-si saat 13:01-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşir.
Bu günkü Yel çərşənbəsinin özəllikləri bəs nədir? Bu çərşənbədə yerin altındakı sular oyanır, hava isinməyə başlayır və küləklər torpağa can verir. Yel oyanan suyu hərəkətə gətirir, ağacların tumurcuqlanmasına, təbiətin yenidən doğulmasına səbəb olur.
Azərbaycan folklorunda yel mifoloji obraz kimi təqdim olunur. Deyilir ki, Yel baba dağları, çayları, düzləri gəzib, torpağa həyat verir, toxumların cücərməsinə yardım edir.
Yel çərşənbəsi ilə bağlı xalq arasında bir çox maraqlı inanclar və adətlər var. Əgər isti yel əsərsə, yazın tez gələcəyinə, soyuq yel əsərsə, havaların bir müddət də sərt keçəcəyinə inanılır. İnsanlar açıq havaya çıxaraq öz arzularını küləyə pıçıldayır, onun bu istəkləri uzaqlara aparıb Tanrıya çatdıracağına inanırlar.
Folklorumuzda belə bir rəvayət var ki, torpağın altında - “qara nəhrdə” yatmış dörd cür külək Yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir - ağ yel - ağ, qara yel - qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, ərzi gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.
Yel baba qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzilbaşına çatdırır. Yel baba haqqındakı bu təsəvvür sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçib.
Yel çərşənbəsini bölgələrimizdə müxtəlif cür qeyd edərlər. Ümumiliklər də az deyil. Hər yerdə Novruzunəsas atributu olan tonqallar qalanır, evlərdə südlü plov və ya bulqur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıq görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir (müasir dövrümüzdə isə hazırını alırlar). Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.
Şimal bölgəsində Yel çərşənbəsi günü küləyin istiqamətinə xüsusi diqqət yetirilir. Yaşlılar deyirlər ki, isti yel əsərsə, yaz erkən gələcək, soyuq yel isə qışın bir qədər də uzanacağına işarədir.
Qərb bölgəsində xalq arasında belə bir inanc var ki, əgər çərşənbə axşamı külək qapını döyərsə, bu, evə qonaq gələcəyinə işarədir. Həmçinin uşaqların küləyə ürək sözlərini deyib, arzularının çin olmasını istəməsi bu bölgədə məşhur adətlərdəndir. Cənub bölgəsində isə Yel çərşənbəsi daha çox bolluq və ruzi rəmzi kimi qəbul edilir. Burada insanlar bağlarda, bostanlarda küləyin səsini dinləyir və əkinçiliklə bağlı proqnozlar verirlər. Həmçinin bu bölgədə külək duaları etmək və küləyə qovurğa səpmək adəti var. İnanca görə, bu, gələcək məhsulun bol olmasını təmin edir.
Yel çərşənbəsi Naxçıvan bölgəsində xüsusi özəllikləri ilə seçilir. Bazar ertəsi axşamı kəndlərdə uşaqlar qapı pusmaq (qapıya qulaq asmaq) adətini icra edirlər. Eşidilən ilk sözlər uşaqlar üçün bir növ bələdçi olur. Əgər yaxşı sözlər eşidilərsə, həmin il uğurlu keçəcək, əgər pis sözlər eşidilərsə, ehtiyatlı olmaq lazımdır. Həmçinin burada qədimdən külək enerjisinə böyük önəm verilib və insanlar bu çərşənbədə küləyin səsinə diqqətlə qulaq asıblar. Naxçıvan da süfrələr bol çərəzi ilə də seçilir.
Yel çərşənbəsi qədim adət-ənənələrimizin yaşadıldığı, təbiətin oyanışının sevincini hiss etdiyimiz xüsusi gündür. Bu çərşənbədə əsən küləklər hər kəsə ruzi-bərəkət, uğur və xoş xəbərlər gətirsin.
Yel çərşənbəniz mübarək, istəkli oxucularımız!
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
.
Uzaqgörənliklə düşün! – KİTAB BƏLƏDÇİSİNDƏ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Harvard universitetinin sosioloqu doktor Edvard Banfild Amerika sosioiqtisadiyyatinin mobilizə edilməsi məqsədi ilə əlli illik təhqiqat aparmişdır. Və bu təhqiqatdan sonra belə bir nəticə çıxarmışdır ki, böyük uğur əldə etmiş insanların hamısı üçün əsas səciyyəvi cəhət gələcək perspektivi görmək bacarığıdır.
Banfild, “zaman perspektivini”, “şəxsin indiki addımlarını hansı gələcəyə hesablayıb atması” kimi izah etmişdir. Başqa sözlə, ən uğurlu insanlar, uzaqgörənliklə düşünən insanlardır. Onlar necə gələcək istədiklərini, hansı nailiyyətlərə can atdıqlarını müəyyən etmək üçün bacardıqları qədər uzağa baxırlar. Onlar həmin bu məqsədləri nəzərə alaraq bu gün müəyyən işləri görmək, müəyyən işlərdən isə imtina etməyi qərara alırlar.
Uzaqgörənliklə düşünmək praktikası isə karyeraya, şəxsi münasibətlərə, evliliyə və pula tətbiq edilir ki, qarşıdakı hissələrdə bunları ətraflı müzakirə edəcəyik. Uğurlu adamlar, indiki fəaliyyətlərinin gələcəkdə əldə etmək istədikləri nailiyyətlərinə uyğun olmasını təmin edirlər. Onlar daim şəxsi intizama riayət edirlər.Yəqin ki, uzaqgörənliklə düşünmədə ən önəmli söz qurban verməkdir. Uğurlu insanlar ömürləri boyu gələcək böyük nailiyyətlər naminə bugünkü cılız mükafatlardan imtina edirlər.
Qurban vermək bacarığını gunlərlə, aylarla, hətta illərlə kiçik əyləncələri qurban verib vaxtlarını, uğurlu gələcək qurmaq üçün vacib olan şəxsi inkişaflarına və təhsillərinə sərf edən insanlarda görə bilərsiniz.
Lonqfellou bir dəfə yazmışdır:
“Uca zirvələr güclü insanlar tərəfindən,
Edilməmişdir fəth qəfil sıçrayışlarla.
Yatarkən digərləri şirin yuxuda,
İrəliləyirdilər onlar gecələri də.”
Sizin bu gün planlaşdırmaq və zəhmət çəkmək bacarığınız əyləncəli olmasa da, lazım olan işləri görmək intizamınız uğurlu gələcəyinizin açarıdır. Uzaqgörənliklə düşünmək bacarığı inkişaf etdirilə bilən xüsusiyyətdir. Bu bacarığınızı inkişaf etdirdikcə, bugünkü hərəkətlərinizə tam nəzarət edə bildiyinizdən, gələcəyinizin nə qədər uğurlu olacağını daha dəqiqliklə deyə biləcəksiniz. Bu fərqli düşünənlərin xüsusiyyətidir.
Brayan Treysi/ Bəhanələrə yox (Daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Tarixin tozlu səhifələri - adı dəyişdirilən Qərbi Azərbaycan rayonları
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Bir məsəl var. Deyir ki, “Qonşu, qonşu olsa kor qız ərə gedər”. Həqiqətən də insanın yaxşı və etibarlı bir qonşusunun olması bəxtəvərliliyin yarısıdır. Lakin dövlət olaraq qonşu sarıdan bəxtimizin gətirdiyini demək çətindir. Bu gün ermənilərin işğalı nəticəsində adı dəyişdirilən Qərbi Azərbaycan rayonları barədə danışmaq istəyirəm.
Ağbaba mahalı, Amasiya rayonu (Şirak). 1930-cu ildə yaradılan rayonun sahəsi 608 kv.km-dir. Rayonun mərkəzi Amasiya şəhər tipli qəsəbəsidir. Rayon mərkəzindən İrəvana olan məsafə 148 km-dir. Ağbaba və Şörəyel mahallarının tərkibi kimi indiki Amasiya rayonunun ərazisi də Şərqi Anadoluya aid olub. Sovet dönəminə qədər rayonda yerləşən 40 kənddən cəmi 3-də: Çələb, Bəndivan və İyli Qarakilsə kəndlərində ermənilər yaşayıb. Bölgənin Ermənistana qatılması fikri ilə razılaşmayan Sınıx, Mumuxan, Qonçalı, Ördəkli, Seldixan, Mustoğlu, Bağçalı və Söyüdlü kəndlərinin əhalisi 1920-ci illərdə Türkiyəyə köçüblər.
Qızıl Qoç rayonu (Qukasyan). 1937-ci ildə yaradılan Qızıl Qoç rayonunun sahəsi 547 kv.km-dir. Rayon mərkəzi Qızıl Qoç qəsəbəsidir. Rayon mərkəzindən İrəvana olan məsafə 165 km-dir.
Şörəyel mahalı, Ağin rayonu. 1937-ci ildə yaradılmışdır. Sahəsi 429 kv.km-dir. Rayon mərkəzi şəhər tipli qəsəbə olan Molla Göyçə idi. Rayon mərkəzindən İrəvana olan məsafə 100 km-dir.
Düzkənd (Axuryan) rayonu. Bu rayon da Şörəyel mahalına aid olub, 1937-ci ildə yaradılmışdır. Sahəsi 576 kv.km-dir. Rayon mərkəzi Düzkənd qəsəbəsidir. Rayon mərkəzindən İrəvana olan məsafə 126 km-dir. Rayon ərazisinin böyük bir hissəsini qədim türk tayfalarından olan Şirakların adını daşıyan Şirək düzənliyi təşkil edir. Şirək sıra dağları isə rayonun Qızıl Qoç rayonu ilə sərhəddən keçir. Rayon boyu Arpaçay axır.
Ərtik rayonu (Şirak). 1930-cu ildə yaradılmışdır. Sahəsi 533 kv.km-dir. Rayonun mərkəzi respublika tabeli Ərtik şəhəridir. Rayon mərkəzindən İrəvana olan məsafə 122 km-dir. Ərtik şəhəri yaxınlığında e.ə XIV-XI əsrlərə aid katakombalar aşkar edilmişdir. Alagöz dağının böyük bir hissəsi və ən hündür zirvəsi Ərtik rayonunun, digər hissələri isə Düzkənd və Talin rayonu ərazisinə düşür.
Loru Mahalı, Allahverdi (Tumanyan) rayonu. Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra isə Tiflis quberniyasının Borçalı qəzasının tərkibinə daxil olunmuşdur. Allahverdi rayonu 1930-cu ildə yaradılmışdır. Ərazisi 1111 kv.km-dir. Rayon mərkəzi Allahverdi şəhəridir. Rayon mərkəzindən İrəvana qədər olan məsafə 191 km-dir. Rayon mərkəzindən Tona çayı axır.
Barana (Noyemberyan) rayonu. 1937-ci ildə yaradılmışdır. Rayon mərkəzi Barana şəhəridir. Rayon mərkəzindən İrəvana olan məsafə 187 km-dir.
Cəlaloğlu (Stepenavan) rayonu. 1930-cu ildə yaradılmışdır. Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. 7 Noyabr 1995-ci ildə Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikası Prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi Ermənistan Respublikası inzibati-ərazi bölgüsü haqqında qanuna əsasən ləğv edilən rayonun ərazisi yeni təşkil edilmiş Loru mərzinə qatılmışdır.
Abaran mahalında yerləşən eyni adlı Abaran (Araqçotn) rayonu. 1930-cu ildə yaradılmışdır. 1935-ci ilə qədər Abaran adlanan rayon daha sonra Aparan adlandırılmışdır. Ərazisi 816 kv.km-dir. Rayon mərkəzi şəhər tipli Baş Abaran qəsəbəsidir. Rayon mərkəzindən İrəvana qədər olan məsafə 59 km-dir. Rayon ərazisinin əsas hissəsini Abaran düzənliyi təşkil edir.
Dərəçiçək mahalı, Dərəçiçək (Axta) rayonu. Dərəçiçək rayonu 1930-cu ildə yaradılmışdır. Rayon mərkəzi Hrazdan şəhəridir. Rayon mərkəzindən İrəvana qədər olan məsafə 50 km-dir. Dərəçiçək rayonu ərazisindən Zəngiçay və onun sol qolu olan Böyükçay axıb gedir. Dərəçiçək rayonunun aid olduğu Dərəçiçək mahalının adı Aşağı Dərəçiçəkdən şərqə doğru uzanan meşənin içərisində, Əlibəy dağının ətəyində yerləşən Dərəçiçək kəndinin adından götürülüb.
Göyçə mahalı. Aşağı Qaranlıq rayonu. 1930-cu ildə yaradılıb. Ərazisi 1185 kv.km-dir. Rayon mərkəzi Aşağı Qaranlıq şəhəridir. Rayon mərkəzindən İrəvana qədər olan məsafə 130 km-dir. Bir tərəfdən Göyçə gölünə söykənən rayon, digər tərəflərdən Basarkeçər və Göyçə yaylaları ilə dövrələnmişdir. Soylan rayonu ərazisində Arpaçayın üzərindəki Keçid su anbarından başlanan Arpa-Göyçə kanalı Martuni rayonunun ərazisindən keçərək rayonun Aşağı Alçalı kəndi yaxınlığında Göyçə gölünə tökülür.
Basarkeçər rayonu. 1930-cu ildə yaradılıb. 1969-cu ilə qədər Basarkeçər adlanan rayon, sonradan Vardenis olaraq dəyişdirilib. Ərazisi 1151 kv.km-dir. Rayon mərkəzi Basarkeçər şəhəridir. Rayon mərkəzindən İrəvana qədər olan məsafə 168 km-dir. Rayon ərazisində irili-xırdalı olan çoxlu dağ zirvələri və çaylar vardır. Onlardan ən böyüyü Məzrə çayıdır. Çaxırlı yaylası da bu rayonda yerləşir. 1948-1951-ci illərdə rayon əhalisinin bir qismi Azərbaycan SSR-in ərazisinə köçürülmüşdür. Təkcə Zod kəndindən Xanlar (indiki Göygöl) rayonuna 100 ailə məskunlaşdırılmışdır. Bu vaxt Basarkeçərin 37 kəndindən 30-u azərbaycanlı, 5-i erməni, 2-si isə qarışıq kəndlər idi. Basarkeçər rayonu həmçinin məhşur el sənətkarı Aşıq Ələsgərin vətənidir. Aşığın məzarı və büstü onun doğma Ağkilsə kəndində idi. Azərbaycanın Milli Qəhrəmanı 1-ci Qarabağ müharibəsi şəhidi Mehman Sayadov da məhz burda doğulmuşdur. 28 noyabr 1988-ci ildə erməni daşnaklarının Basarkeçər rayonunun Çaxırlı, Qanlı, Kərkibaş, Şişqaya və Zod kəndinə etdiyi basqınlar nəticəsində nəqliyyat vasitələri olmayan, əliyalın əhalidən 34 nəfər əsir götürülüb, vəhşicəsinə döyülərək qətlə yetirilmişdir. Sağ qalanlar Gədəbəyə, Kəlbəcərə adlamaq üçün Sarınər, Urumbasar gədiklərindən keçməli olublar.
Nəticədə borana düşən 12 nəfər donvurmadan vəfat edib.
Şəkildə: Azərbaycanlılar qondarma Ermənistandan deportasiya olunurlar.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
“Qızdırmalı xəstənin dodaqarı tək, çatlayan "şoran torpağam"
Nəsib Abid, filoloq, Ucar rayonu. “Ədəbiyyat və incəsənət” üçün
Fikir duyğusallığı insanın könül dünyasının həyat axtarışını gücləndirir.
Duyğuların həyat tablosu, insanın həyat qayğılarının duyğu analizini üzə çıxardır.
Hisslərin yaratdığı həyati ümiddən doğan fikirlər düşüncəyə çevriləndə, insan ruhunun həyata dyğusal münasibəti yaranır.
Gənc şairə Ülviyyə Əbülfəzqızının lirikasının həyati dərinliyindəki hikmətin ecazkarlığı insani münasibətlərin dərin təması ilə seçilir..
Şairənin "Xərçəngxəstəliyi" şeritam mənası iləruhun ağrı-acısını bəlli edir.
Qızdırmalı xəstənin
- dodaqarı tək,
çatlayan,"şoran torpağam"!
Yorğun Göylərin,
- alın təri tək.
Damlaya çevrilib,
hopmusan ta..
- dərinliyə kimi !
Əsrin bəlasına çevrilmiş "Xərçəng xəstəliyi" insanlığın həyat faciəsi kimi öz qorxunc xisləti ilə bəşəriyyəti təhdid edir.
Xərçəng xəstəliyinin qarşısını almaq, onu bəşəriyyətin "baş bəlası" olmasından çıxarmaq olduqca ciddi problemlərə üzləşdirir bəşəriyyəti.
Elmi biliklərin əldə olunması hələ kifayət etmir Xərçəng xəstəliyinin qarşının alınması üçün .
Ülviyyə Əbülfəzqızının şerində şairənin könül duyğularının həyat ahəngi, bu xəstəliyə qarşı duyğuların həssaslığı ilə oxucunu qayğılandırır..
Yarpaqları tərəfindən,
-tərk edilmiş ..
soyuqdan üşüyən
bağdakı nar ağacının
əlçatmaz budaqda
bir barı olan ,
Od kimi qırmızı ...
nara həsrət qalanam ,
- Ta sağalana kimi...
Xəstəliyi idrak etmək, insanoğlunun düşüncəsinin ruhaniyyətinə bağlılığını göstərir.
Hər bir kəsin yaşam döngüsünün həyati sıxıntılarını üzə çıxardan xəstəliyin ağırlığı və yüngüllüyü ilə yaranan ümid yolçuluğudur.
Tale yolçuluğu ilə, həyat yolçuluğunun kəsişdiyi yerdə, xəstəliklər insanı sınağa çəkir.
Ülviyyə Əbülfəzqızının şerində düşüncənin fikir kamilliyi oxucu üçün olduqca kövrəldici ruh dünyasını inşa edir.
Sevginin atəşini
- sala bilməyən təbibin !
Ağxalatlı həkimim qara üzündən
Oxudum, analizin cavablarını.
Sağalmaz "sən" adlı,"məni " yeyən
"Xərçəng" tək,xəstəliyim var !
Vücuduma aşiq, ta ölənə kimi!
İnsanın özünüdərki , həyatın məğzini üzə çıxardır.
Qəlbin həyat nuru, insanın həyat ruhununun daşıyıcısı kimi insanın mənəvi aləmini tənzimləyir.
Həyata şüurlu münasibətin alqoritması, insanın səyi ilə öz həllini tapır.
Ülviyyə Əbülfəzqızı nın lirikasının həyati dərinliyindəki duyğusallığın könül körpüsü, insanın mənəvi cəhətdən sağlam əqidəyə götürür.
Ölümdən sonra,nə var ?
Niyə, tez-tez soruşursan?!
Sarılıdığın "əsir"in ,dilindəki,-
Son misraları dinlə:
- Ruhuma hopmusan,
Əgər sonu varsa,
- Ta , sonuna kimi !
Mənəvi düşüncə aləminin gözəlliyinə rəng qatan, insanın kövrək duyğularıdır.
Qəlb evinin işığının axtarışı, insanın yaşam duyğularını ifadəsidir.
Həyatın ağır yükünü daşımaq, insanın könül sevgisinin həyat üzündəki saflığıdır .
Ülviyyə Əbülfəzqızının lirikasının həyati-ruhi düşüncədəki üstünlüyü oxucunu düşünməyə kökləməsidir.
Şairənin könül duyğularının həyat ahəngi olduqca mükəmməl duyğuların həyat enerjisini artırır.
Uğurlar arzulayıram gənc şairəyə.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
..
PORTAL AKADEMİYASINDA - Mənbələr və tələb olunan vəsaitin həcmi
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Planlaşdırma nədir? Biznesdə ən vacib elementlərdən biri barədə söhbətimizi davam etdiririk.
Mənbələr və tələb olunan vəsaitin həcmi
Bu bölümdə siz aşağıdakı məqamlarla bağlı mülahizələrinizi təqdim etməlisiniz:
· Tələb olunan vəsaitlərin həcmi;
· Bu vəsaitləri haradan, hansı şəkildə və hansı müddətə almaq ehtimalı;
· Vəsaitin qaytarılma müddəti.
Maliyyə planı və risklərin analizi
Biznes-planın bu bölümünün vəzifəsi əvvəlki materialları ümumiləşdirmək və onların rəqəmli, daha doğrusu, dəyər ifadəsini təqdim etməkdir. Rəqəmlərdə sehrli və təhlükəli heç nə yoxdur. Onlar əvvəlki bölümlərdə yazılı ifadə etdiyiniz qərarları əks etdirir. Əgər siz hər həftə əmtəənizin reklamını yerli KİV-də yerləşdirmək qərarına gəlmisinizsə, sizin maliyyə planınızda bu qərarı əks etdirən rəqəm mütləq olmalıdır. Əgər siz əmtəənin bir hissəsini ucuz qiymətə satmaq istəyirsinizsə, müvafiq rəqəm bunu biznes-planda əks etdirəcək.
Hər bir işgüzar qərar rəqəmlə müşayiət olunur. Bir yerdə götürülmüş bu rəqəmlər isə sizin maliyyə planınızın əsasını təşkil edir. Bu rəqəmləri «havadan» götürmək olmaz. Çünki bütün maliyyə formaları bir-biri ilə əlaqədardır və buraxılmış bir səhv digərini doğurur. Buna görə də sizin rəqəmlər həmişə dəqiq hesablamaların nəticəsi olmalıdır.
Növbədə: Müfəssəl maliyyə planı
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Sənin qədər yalan, ölüm kimi acı və günah qədər şirin - HEKAYƏ
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
I hissə – Qəfil başlayan sonsuzluq
— Əyləşmək olar?
Nazlı gözlərini qaldırıb baxdı. Qarşısında ciddi sifətli, dərin baxışlı bir oğlan dayanmışdı. Səsi sakit, amma qəribə şəkildə təsirli idi.
— Buyurun.
Aras stulu çəkib əyləşdi. Əslində, bu görüş planlı deyildi. Nə o burada Nazlını görəcəyini bilirdi, nə də Nazlı onun gələcəyindən xəbərdar idi. Amma həyat bəzən elə anlar yaşadır ki, ən təsadüfi görüşlər ən dərin izlər buraxır.
— Burada darıxdırıcıdır, elə deyil? – Aras əlindəki qəhvə fincanını masaya qoydu.
Nazlı gülümsədi.
— İnsan harda olmaq istəyirsə, ora darıxdırıcı olmur.
Aras bir anlıq susdu. Cavab xoşuna gəlmişdi. Bu qız fərqli idi.
— Bəs indi olmaq istədiyin yerdəsən?
Nazlı gözlərini qaçırdı. Bu sualı özü-özünə çox vermişdi, amma cavabı heç vaxt dəqiq olmamışdı.
— Bilmirəm… Bəlkə də.
Aras ona baxdı. Onun baxışlarında qəribə bir sakitlik vardı. Sanki çox şey danışmadan hiss etdirirdi. Nazlı isə içində ilk dəfə bir qorxu hiss etdi. Bu baxışlar tanış idi… Çox tanış. Amma hələ bilmirdi ki, bu tanışlıq onu hansı sona aparacaq.
Bu, bir başlanğıc idi. Amma necə bir başlanğıc, onu zaman göstərəcəkdi.
II hissə – Tanımadığın birini unuda bilməzsən
Nazlı düşünürdü ki, bəzi insanlar qapını döymədən həyatına daxil olur. Aras da onlardan biri idi. Onun gəlişi gözlənilməz, təsiri isə qaçılmaz olmuşdu.
O, həmin gün Nazlının qarşısında oturub sakitcə çayını qarışdıranda belə, sanki çox şey danışırdı. Baxışları, üz cizgiləri, hərəkətlərindəki sakitlik – hər şey Nazlıya tanış gəlirdi. Amma o, bu tanışlığın nədən qaynaqlandığını bilmirdi.
— Sən əvvəlcə insanı tanıyırsan, yoxsa hiss edirsən? – Aras qəfil soruşdu.
Nazlı gülümsədi.
— İnsan hər şeyi hiss edir, amma həmişə tanıdığına inanır.
Aras bir anlıq düşündü. Onun bu cavabı xoşuna gəlmişdi.
— Bəs mən? Məni tanıyırsan, yoxsa hiss edirsən?
Nazlı bu dəfə susdu. Bəzən insan verdiyi cavabın onu hara aparacağını bilmədiyi üçün danışmır. O da bilirdi ki, bu suala verəcəyi cavab hər şeyi dəyişə bilər.
— Əgər tanımasam, bura əyləşməyinə icazə verməzdim. Əgər hiss etməsəm, bu sualı cavabsız qoymazdım.
Aras gülümsədi. İlk dəfə idi ki, o, Nazlının gözlərinin dərinliyində özünü axtarmaq istəyirdi.
— Deməli, bir az tanıyırsan, bir az hiss edirsən… Maraqlıdır.
Nazlı əllərini birləşdirib, masanın üzərində kiçik dairələr cızdı.
— Bəs sən?
— Nə mən?
— Məni tanıyırsan, yoxsa hiss edirsən?
Aras dodaqlarını bir az büzdü.
— Mən səni unuda bilməyəcəyimi bilirəm. İnsan tanımadığı birini unuda bilməz.
Bu cümlə havada asılı qaldı. Bəzən sözlər yuxarı qalxıb bir az düşünməyə vaxt tapır. Nazlı da, Aras da bu sözləri bir az havada saxlayıb sonra qəbul etdilər.
Bu, sevginin başladığı an idi. Amma sevgi həmişə belə başlayır – adicə bir dialoqla, adicə bir baxışla.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
QISA FİKİRLƏR XƏZİNƏSİndə Ali İzzətbeqoviç
“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə Ali İzzətbeqoviçin fikirlərinə yer ayırıb. Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.
Tanrısız bir dünya cənnəti qurmaq xülyasına qapılanlar bu xülyalarının xarabalıqları altında qalmağa məhkumdurlar.
***
Şükürlər olsun ki, tarixə Allah hökm edir.
***
Uca Yaradana and içirik ki, kölə olmayacağıq.
***
Biz savaşda öldüyümüz vaxt deyil, düşmənlərimizə bənzədiyimiz vaxt uduzuruq.
***
...Bu günədək insanlığın böyük simaları daim eyni əxlaqı aşılamışlar. Əxlaqi- həqiqətlər ...əbədidir.
***
Mən Avropaya başım önə əyili getmirəm. Çünki uşaq, qadın və qoca öldürmədik. Çünki heç hansı müqəddəs yerə soxulmadıq. Ancaq onlar bunun hamısını elədilər...
***
Mən hər zaman ölkəmi sevdim və sevərəm... Mən bütün sevgimi azadlığa qurban dedim.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Dünyanı yaşadan qadın - ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Hərdən susmaq, hərdən danışmaq, hərdən isə həm susub, həm də danışmaq istər bir qadın. Qadın olmaq nə asandır, nə də çətin. Qadın olmaq – var olmaqdır. Həyatverən, yaradan, ilham bəxş edən bir qüvvədir.
Hərdən sükuta qərq olar, hərdən isə sözləri ilə dünyanı silkələyər. O, sadəcə qadın deyil – bəzən ana, bəzən bacı, bəzən də bir dost, bir yoldaşdır.
O, zərifdir, amma zəif deyil. Bəzən coşğun dəniz kimi sərtdir, bəzən də sakit axan bir çay. Qadın olmaq sadəcə var olmaq, yaşamaq deyil, eyni zamanda yaşada bilməkdir.
Qadın varsa, məna var, ümid var, gələcək var.
Hər qadın sadəcə sevgi, dəyər və azadlıq istər. Bu dəyərlərə sahib olan qadının bacarmadığı heç nə yoxdur. Ancaq bu dəyərlərdən məhrum olan qadın heç bir gələcək inşa edə bilməz. Qadınlar inşa edər, yaradar, gələcək bəxş edər. Bu dünyanı onların əlindən almayın, çünki dünya bir qadının əsəri olarsa, çiçək açar və daha da gözəlləşər.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Siyasi oyunlar, gizli sövdələşmələr: Putin vaxt qazanır, Tramp tərəf dəyişir
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Son zamanlar dünyada qlobal gərginliyin artması, siyasi çaxnaşmalar, tez-tez tərəf dəyişmələr, təhdidlər, manevrlər, manipulyasiyalar, gizli sövdələşmələr yaşamı daha da çətinləşdirir. Kim tətiyi çəkir, kim mərmini doldurur bilinmir. Tarix sanki təkrarlanır. Dünya sanki lidersizlikdən əziyyət çəkir...
Sözü ilə imzası bir olmayan
Uzun yola çıxan ölkələr tez-tez U dönüşü edərək yön dəyişir. Bir-birlərinin ərazisini zəbt etmək, günahsız insanları öldürmək, yurd-yuvalarından didərgin salmaq dəb halını alıb. Ən pisi isə odur ki, bu ərazilər uğrunda o insanların heç birnin fikri nəzərə alınmır.
Görünən odur ki, dünya düzəni sarsılır, həmrəylik süstləşir, sabit görünən alyanslar sınaqlarla imtahan olunur, iqtisadi, siyasi və müdafiə sahələrində ABŞ və Avropa münasibətlərində pərdəarxası gərginlik müşahidə olunur.
Fransa və Almaniya kimi müstəqil xarici siyasət yürütməyə çalışan güclü ölkələrlə ABŞ və Rusiya arasında ziddiyyətlər daha da dərinləşir. Bu xüsusda Fransa-Rusiya münasibətlərində isə soyuq müharibənin soyuq küləkləri əsməkdə davam edir. Rusiya-Ukrayna savaşı, Qərbin tədbiq etdiyi sanksiyalar artıq Moskva-Paris arasında körpüləri çoxdan yandırıb. Bu körpülər arasında Qərbin Afrikada qurduğu körpülərdə yanmaqda davam edir.
Digər tərəfdən, Rusiya-Ukrayna savaşında Rusiya Qərbin yorulacağını hesab edərək uzunmüddətli strategiya yürüdür. Beləliklə ABŞ-da Prezident seçkilərində Trampın qalib gəlməsi və yeni istiqamətin təyin edilməsi müharibənin siyasi nəticələrini çılpaqlığı ilə ortaya qoyur.
Dünya həqiqətən lidersizlik böhranı yaşayır. İndiki şəraitdə qlobal sabitlik üçün vahid baxış, düzgün siyasət, həmrəylik və dostluq nümayiş etdirmək tələb olunur. Tarix sübut edir ki, belə dönəmlər adətən yeni güc mərkəzlərinin meydana gəlməsi ilə nəticələnir. İndi isə əsas sual budur: Mövcud nizam pozulacaqsa Rusiyanın təhdidi, Fransanın təlaşı işə yarayacaqmı?
Yeni dünya nizamı yoxsa nizamsızlıq? Toqquşan maraqlar, rus təhdidi, Fransanın təlaşı
“Ədəbiyyat və incəsənət” portalına müsahibəsində Naxçıvan MR Ali Məclisinin deputatı, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev bildirib ki, Rusiya-Ukrayna müharibəsi, Tramp öncəsi kollektiv Qərb-Rusiya münasibətləri, Ukraynanın işğalı ilə əlaqədar kollektiv Qərbin anti-Rusiya siyasət yeritməsi və ona qarşı tətbiq olunan sanksiyalar, Ukraynanın dəstəklənməsi, Trampın prezident seçilməsindən sonra ABŞ siyasətinin kəskin U dönüşü etməsi, ABŞ-Ukrayna danışıqları və münasibətlərin kəskinləşməsi, ABŞ-Rusiya münasibətlərinin bundan sonra necə olacağı, Avropanın mövcud vəziyyəti, Avropa ilə ABŞ arasında yaşanan gərginliklər, yaradılan və dağılan ittifaqlar və başqa bu kimi məsələlər son günlərdə sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində, dəyirmi masalarda, elmi dairələrdə, beynəlxalq arenada daha çox müzakirə olunan mövzulara çevrilib. Ayrı-ayrı dövlətlərin rəsmi nümayəndələri, politoloqları, analitikləri və elm adamlarının məsələyə yanaşmaları, böyük güclərin bir-birilərinə qarşı açıq-aşkar təhdid yağdırmaları məsələnin son dərəcə ciddi olduğundan xəbər verir. Lakin bunu da xüsusilə qeyd etmək lazım gəlir ki, bəzən bu maneələr böyük güclər tərəfindən bir-birlərinə qarşı siyasi, iqtisadi, hərbi vasitə kimi planlı şəkildə yaradılaraq geosiyasi səhnəyə çıxarılır.
Günümüzdə böyük güclər arasında dünyanın strateji baxımdan əhəmiyyət daşıyan bölgələrinə nəzarət uğrunda rəqabət və “nüfuz savaşı” gedir. Bu mübarizədə uğrunda rəqabət aparılan bölgələrin rəyi belə nəzərə alınmır. Belə vəziyyətdə milli dövlətlərin gücü və suverenliyi, beynəlxalq münasibətlər sistemindəki yeri getdikcə zəifləyir ki, nəticədə ölkələr xaosa sürüklənir. Bu baxımdan tarixin təkərar olunduğu, yəni geosiyasi maraqların toqquşduğu bu dövrdə sülh, beynəlxalq hüquq və ədalət haqqında nikbin fikir söyləmək qeyri-mümkündür.
Ümumiyyətlə hər kəsi düşündürən belə bir sual var: müharibələr niyə baş verir? Cavab son dərəcə sadədir: ədalətin bitdiyi yerdə müharibələr baş verir. Ədaləti tənzimləyən sistem nədir? – beynəlxalq hüquq. İşə yarayıbmı? – Xeyr! Beynəlxalq hüquq dünyanın aparıcı dövlətləri üçün həmişə arxa planda olub. Böyük güclər üçün sadəcə geosiyasi maraqlar var.
Nizam, yoxsa nizamsızlıq?!
Beynəlxalq siyasətdəki hansısa davranış və ya hərəkət super güclərin xeyrinə və ya zərərinədirsə, onun beynəlxalq hüquqa uyğun olub-olmaması arxa plana keçir. Yəni böyük güclər “istisna faktor”u rolunu oynayır. Bu, böyük güclərin “Dünya Nizamı”dır. Nizam, yoxsa nizamsızlıq?! Amerikanın məşhur diplomat və siyasi xadimlərindən mərhum Henri Kissincerin təbirincə desək, heç vaxt Dünya Nizamı olmayıb.
Amerikalı strateq Paraq Xanna haqlı olaraq qeyd edir ki, Dünya Nizamı özünü qloballaşma, demokratiya, insan hüquqları və başqa adlar altında gizlətsə də, geosiyasətlər həmişə qarşı-qarşıya gəlib və toqquşub. Bu baxımdan sülh haqqında müsbət mənada düşünmək və o fikrə qapılmaq nədənsə məntiqə uymur. Bilirik ki, müharibələrdə sülh olmaz, uzlaşma olar. Digər tərəfdən, strategiyada sülh anlayış yoxdur. Bu anlayışa ədəbiyyatlarda daha çox rast gəlinir. Sülh anlayışı hərbi terminologiyada müharibəyə hazırlıq dövrüdür. Sülh anlayışı beynəlxalq arenada masaya əyləşən zaman uzlaşılan sazişin adıdır. Beləliklə, müharibəni başladan və sülhü təmin edən millətlər deyil, dövlətlərdir.
Günümüzdə beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi, insan hüquqlarına hörmətlə yanaşılan bir qrum kimi BMT fəaliyyət göstərsə də, Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər istənilən ölkəyə bu təşkilatın icazəsi olmadan istədiyi miqdarda hərbi qüvvə göndərə və orada müharibəni körükləyə bilər. Bu da təbii ki, beynəlxalq hüquqa və liberal dəyərlərə uyğun gəlməyərək insan haqlarının və dövlətlərin ərazi bütövlüyünün kobud surətdə pozulmasına gətirib çıxarır. Buna görə də bir çox ölkələrdə ajitasiyaların, oyunların, iğtişaşların və müharibələrin sonu görünmür.
Qlobal miqyasda baş verən hadisələrin təhlili onu deməyə əsas verir ki, dövlətlərin ərazi bütövlüyünün pozulması, təzyiqlər, müdaxilələr, xaos, geosiyasi rəqabət, güc nümayişi ilə “sülh ideyası” carçısı olmaq arasında böyük paradoks vardır. Hal-hazırda yüksək tonla “dünyada sülh və əmin-amanlığın təmini”, “regionlarda sabitliyin yaranmasına xidmət” kimi səslənən şüarların arxasında şübhəsiz ki, müəyyən məqsədlər durur. Çox maraqlıdır ki, dünyanın bütün böyük dövlətlərinin şüarlarında həmin prinsiplər səslənir. Gündəmə gətirilən şüarlar əlbəttə ki, real məqsədləri ört-basdır etmək üçündür.
“Downing street 10” hələ son sözü deməyib!
Rusiyanın geosiyasi prioritetləri analiz edildiyində çox önəmli məqamlar ortaya çıxır: BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Rusiya ona qarşı çıxan və meydan oxuyan dövlətlərin ərazi bütövlüyünü pozur və ya təhdid edir. Artıq Avropada Putinin rus imperializmini yenidən canlandırdığına dair ciddi şəkildə fikirlər səsləndirilir, Rusiyanın təhdidə çevrildiyi qeyd olunur. Xüsusilə Fransanın bu məsələdə aktivlik nümayiş etdirdiyi vurğulanmalıdır. Təsadüfi deyil ki, martın 5-də prezident Makron Rusiyanın Fransa və bütün Avropa üçün təhlükə yaratdığını bildirərək, Avropa Birliyini müdafiə etmək üçün Fransanın nüvə silahından istifadə imkanlarını müzakirə etməyə çalışıb. Rusiya prezidenti Vladimir Putin isə fransalı həmkarına sərt cavab verərək, Makronun timsalında hələ də Napoleonun dövrünə qayıtmaq istəyənlərin olduğunu və bunun ağır nəticələrini unutmalarının vacibliyini bildirib.
Təbii ki, bunun müəyyən səbəbləri var. Vaxtilə Napoleonun Rusiyadan böyük itkilər hesabına geri qayıtması, bununla yanaşı, İkinci Dünya müharibəsi dövründə Hitler Almaniyasının cəmi bir həftə ərzində Fransa üzərində qələbə qazanması fransızların şüuraltında psixoloji vahimə yaradıb. Bu baxımdan fransızlarda rusofobiyanın olduğunu qeyd etmək yerinə düşər.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə Avropa təhlükəsizliyi üçün Fransanın nüvə potensialından istifadə planını Rusiyaya qarşı təhdid kimi qiymətləndirib. Makron fikirlərində və təlaşında haqlıdırmı? Sözün həqiqi mənasında Fransa güc itirib, müstəmləkələrində mövqeyi zəifləyib. Bəs, Qoca qitə – Avropanın taleyi necə olacaq? Onun taleyi özündən asılı olacaq, yoxsa kənar dövlətlərdən? Rusiya necə? Avropa üçün bir təhdiddirmi? Bu da sual olaraq qalır, amma onun da tükəndiyi istisna olunmamalıdır. Qənaətimizcə, bu kimi qarşıdurmalar fonunda unutmamalı olduğumuz bir xüsus var: “Downing street 10” hələ son sözü deməyib!
Putinin Makron haqqında son açıqlamaları və realizm prizmasından dünya nizamı böhranı
Naxçıvan Dövlət Universiteti Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Bayram Əliyev vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makronun açıqlamaları şəxsi intriqadan və iki ölkə arasında konfliktdən daha çox beynəlxalq münasibətlərin sistemik çərçivəsi içində güc transformasiyasının və güc rəqabətinin göstəricisi idi. Eyni zamanda, Putin ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı vasitəçiliyini xüsusi qeyd edərək, Makronun Avropa sülh təkliflərini arxa plana keçirməyə çalışır. Bu, Rusiya liderinin Qərbə, xüsusilə də Avropaya qarşı üstünlük vurğusunun, Amerikasız Avropanı ciddiyə almadığının da göstəricisidir. Bu qarşıdurma iki lider arasındakı şəxsi gərginlikdən daha çox, dünya nizamında dərinləşən böhranı əks etdirir.
Beynəlxalq münasibətlərin nəzəri çərçivəsindən bu hadisələr beynəlxalq sistemin anarxik təbiətini və güc mübarizəsini vurğulayır. Hans Morqentau və ya Con Merşaymer kimi nəzəriyyəçilər dünya nizamını mərkəzi hakimiyyətin olmaması ilə izah edirlər—dövlətlər öz maraqlarını və təhlükəsizliyini təmin etmək üçün rəqabət aparırlar. Rusiya-Ukrayna müharibəsi və Putinin Qərblə qarşıdurması bu prinsipi təsdiqləyir. Putin üçün Ukrayna, Rusiyanın geosiyasi bufer zonasıdır və NATO-nun genişlənməsi birbaşa təhlükə kimi qəbul edilir. Makronun nüvə çətiri təklifi və Avropa birliyi çağırışı isə Fransanın öz gücünü və təsirini artırmaq cəhdidir. Bu xüsusən Trampın ABŞ-ın Avropaya dəstəyini zəiflətməsi fonunda mühüm əhəmiyyət kəsb edir.
Dünya nizamı hazırda böhran içindədir, çünki birqütblü hegemonluq (ABŞ-ın liderliyi) çoxqütblü beynəlxalq sistemə transformasiya olur. Rusiya və Çin kimi dövlətlər öz regional hökmranlıqlarını gücləndirir, Qərb isə parçalanma ilə üzləşir. Beynəlxalq münasibətlərin aparıcı nəzəriyyələrinə görə bu keçid stabillikdən çox münaqişə doğurur, çünki sistemin hegemonu gücsüzləşəndə beynəlxalq münasibətlərin digər aktorları bu boşluğu doldurmağa çalışır. Putinin Trampa yönəlməsi və Makronu kənara atması, ABŞ-ın hələ də əsas güc kimi qaldığını, lakin Avropanın özünü təsdiq etməkdə çətinlik çəkdiyini göstərir.
Bu böhran güc balansının yenidən formalaşması ilə nəticələnə bilər. Rusiya öz “yaxın çevrəsini” saxlamağa çalışır, Makron isə Avropanı birləşdirməyə cəhd edir. Beynəlxalq münasibətlərin nəzəri kontekstində yaxın gələcəkdə əməkdaşlıqdan çox rəqabət üstünlük təşkil edəcək. Çünki XXI-ci əsrdə hələ də XIX-cu əsrin sistemik xüsusiyyətləri özünü qoruyur və dövlətlər bir-birinə etibar etmir. Bu mənada bu dövlətlərin hər biri öz gücünü maksimallaşdırmağı və təhlükəsizlik məsələsini prioritetləşdirir.
Nəticə olaraq isə iki regional güc hesab edilən dövlətlərin prezidentləri Putin və Makronun bir-birinə qarşı sözləri sadəcə şəxsi tənqid deyil, dünya nizamında dəyişən güc dinamikasının əksidir.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
GAP Antologiyasında Məryəm Gözəlinin “Qisas” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Məryəm Gözəlidir.
Məryəm Gözəli
Təbriz
QİSAS
Ürəyim dağ, gözüm bulud,
Güləm, şaxta kəsir məni.
Duy məni sən təbiətdən,
Dinlə, lalə əsir məni.
Hər insanın həyatının,
Bənzəri var təbiətə.
Sanki mənəm sarı yarpaq,
Pay olmuşam bu dəhşətə.
Dondurduqca buzu şaxta,
Daş ürəklər gözdən keçir.
Arı güldən şəhd əmən tək,
Qanımı bu yaşam içir.
Gülüşlərim yaz çiçəyi,
Göz yaşlarım gül üstə nəm.
Həyat gündür, ömrümsə qar,
Gün dəydikcə yanır sinəm.
Şimşəklərdir hönkürməyim,
Ağlayarkən için çalar.
Xəzan mənim yaşamımdır,
Qisasını yazdan alar.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)