Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Bir şair, bir şeir rubrikasında bu gün sizlərə Nurlana İşığın “Bircə, Allahdan küsmə” şeiri təqdim edilir.

 

BİRCƏ, ALLAHDAN KÜSMƏ...

11- ci sinif şagirdi Romanın əziz xatirəsinə ithaf olunur

 

Ana, bu gün necəsən?

Darıxdınmı mənimçün?

Şəkillərə baxdınmı?

Bəs göy üzünə necə?

Quşları dinlədinmi?

Buludları saydınmı?

Roman olmuşam, ana,

Əbədi yaşamaqçün.

Səsim

quş nəğməsində

yarpaq xışıltısında,

dənizlər dalğasında...

Ana,

saçının hər telinə

qoxumu buraxmışam

onları çox əzizlə...

İnan mənə, anacan!

Ruhum izləyir səni.

Məni axtar Günəşdə

Gecələr Ayda axtar

Yağışın damlasında,

Çiçəyin toxumunda,

Gecənin ulduzunda,

Səhərlərin şehində

Axtar məni...

Roman olmuşam

Həm də...

Dünyanın hər yerindən,

Oxuna bilirəm mən.

Yetər ki sən məni gör!

Görərkən də gülümsə.

Küsmə, ana, Allahdan,

Onu tanıyıram mən.

Söz verib ki, ən gözəl

Barış sonda gələcək.

Mənə qovuşacaqsan

Əlindən tutacağam

Onda roman bitəcək.

Hələ bitməyib heç nə...

Bircə, Allahdan küsmə,

Səmaya bax, gülümsə.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2025)

 

Çərşənbə axşamı, 06 May 2025 14:28

İki səs arasında: Ambivalansla barışmaq - ESSE

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Giriş:

Bəzən bir hiss səni irəli çəkir, digəri isə geri saxlayır. Biri “get” deyir, digəri “qal”. Daxilində sanki iki nəfər danışır və sən hansına qulaq asacağını bilmirsən. Nə istədiyinə qərar verməkdə çətinlik çəkirsən. Özünü zəif, qərarsız hiss edirsən. Bu zidd duyğuların eyni anda mövcudluğu “ambivalans” adlanır. İlk baxışda bu hal zəiflik kimi görünə bilər, amma əslində ambivalans — insan ruhunun səmimiyyətidir.

 

Psixoloji təbəqə: Ambivalans nədir?

Ambivalans — bir şəxsə, hadisəyə və ya qərara qarşı eyni anda iki zidd münasibət bəsləməkdir. Bu, sevgi və nifrət, istək və qorxu, yaxınlıq və uzaq durmaq arzusu şəklində özünü göstərə bilər. Psixoloqlar bunu təbii hal kimi qəbul edirlər, çünki insan birdən çox duyğunu eyni anda yaşamaq qabiliyyətinə malikdir.

Bu halın kökləri çox zaman daxili dəyərlərimiz, keçmiş təcrübələrimiz və gələcəyə dair qeyri-müəyyən ümidlərlə bağlıdır. İnsan həm özündən, həm də ətrafdan gözləntilər arasında sıxışıb qalanda bu ziddiyyətlər daha da güclənir.

 

Gündəlik həyatda ambivalans

Ən sadə gündəlik qərarlardan tutmuş ən önəmli həyat seçimlərinə qədər — ambivalans bizə yol yoldaşı olur. Məsələn, yeni bir iş təklifi alırsan. Bir tərəfin həyəcanlanır: bu yenilikdir! Digər tərəf isə qorxur: bəlkə də alınmayacaq. Münasibətlərdə də eyni dinamika yaşanır — birini həm sevirik, həm də ondan uzaq qalmaq istəyirik. Bu hisslər insanı yorar, amma onları inkar etmək yox, anlamaq və qəbul etmək gərəkdir.

 

Yaradıcılıqda Ambivalans: Sənətin susqun ilhamı

Ambivalans, sənətə yönəlmiş insan üçün zərərli deyil — əksinə, çox vaxt ilham qaynağıdır. Yazıçılar, şairlər, rəssamlar bu ziddiyyətli hissləri ifadə edərək öz əsərlərində dərinlik yaradırlar. Bir yazıçı qəhrəmanının içindəki parçalanmanı nə qədər real göstərə bilirsə, o qədər oxucu özünü onda görür. Çünki oxucu bilir — mən də belə olmuşam, mən də belə hiss etmişəm.

Ambivalans sənətçinin daxili dialoqudur. Bu dialoqla barışan yazar daha dürüst və güclü əsərlər yaradır. Hisslərin bu sükutdakı savaşı çox vaxt sözlərə çevriləndə insan həm özünü, həm də başqasını anlamağa başlayır.

 

Nəticə: Ambivalansla barışmaq

Ambivalansı aradan qaldırmaq deyil, onunla yaşamağı öyrənmək insanın daxili rahatlığını təmin edir. Bu, zəiflik deyil — duyğulara qarşı dürüstlükdür. Ambivalans, həyatın tək bir doğru ilə yox, çoxlu ziddiyyətlərlə dolu olduğunu göstərir.

Əgər içində səslər danışırsa, bu, xəstəlik deyil. Bu, sənin öz səsindir — sadəcə fərqli yönlərindən gələn çağırışlar. Dinlə və yaz. Çünki bəzən ən doğru cümlə, daxilindəki iki zidd hissin ortasından doğur.

 

Bu yazını yazarkən anladım ki, mən də ambivalans hissini tez-tez yaşayıram. Daxilimdəki səslərin qarşıdurmasını çox vaxt qərarsızlıq kimi görürdüm. Amma indi onun bir adı olduğunu və bunun təbii olduğunu bilmək məni özümə bir az daha yaxınlaşdırdı. Bəlkə də bu yazı, həm sizə, həm də mənə bir az da olsun rahatlıq gətirər.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2025)

 

 

Çərşənbə axşamı, 06 May 2025 14:03

Vətənə sədaqət – VƏTƏNPƏRVƏRLİK DƏRSLƏRİ

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

"Vətənə sədaqət" ifadəsi doğma yurda, millətə və dövlətə sadiqlik deməkdir. Bu anlayış insanın öz vətəninə olan sevgisini, ona xidmət etmək istəyini və ehtiyac olduqda onu qorumağa hazır olduğunu ifadə edir. Vətənə sədaqət sadəcə hərbi sahədə deyil, gündəlik həyatda da — dürüst olmaq, qanunlara riayət etmək, xalqın rifahına töhfə vermək kimi davranışlarla göstərilə bilər.

 

Vətən hər bir insan üçün müqəddəs bir anlayışdır. O, insanın doğulub böyüdüyü torpaq, uşaqlıq xatirələrinin beşiyi, ana nəvazişi kimi əzizdir. Vətənə olan sevgi insanın ruhunun dərinliklərindən gəlir və bu sevgi heç bir qarşılıq gözləmədən göstərilir. Vətənə sədaqət isə bu sevginin ən ali formasıdır.

 

Sədaqət yalnız sözlə deyil, əməl ilə sübut olunmalıdır. Vətəninə sadiq insan onu çətin günündə tərk etməz, əksinə, onun müdafiəsinə qalxar. Tariximiz boyunca minlərlə qəhrəman şəhid və qazimiz bu sədaqətin ən parlaq nümunələrini göstərmişdir. Onlar üçün vətən hər şeydən əvvəl gəlib, hər şeydən üstün tutulub. Vətənə sədaqət yalnız müharibə dövründə deyil, sülh zamanında da özünü büruzə verir. Dürüst işləmək, təhsil almaq, xalqın rifahına çalışmaq, mədəniyyətimizi qorumaq və inkişaf etdirmək də vətənə xidmətin bir formasıdır.

 

Unutmayaq ki, vətən bizdən yalnız sevgi deyil, sadiqlik, çalışqanlıq və fədakarlıq da gözləyir. Vətənə sədaqətli olaq ki, gələcək nəsillərə başıuca bir yurd buraxaq.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2025)

 

 

Çərşənbə axşamı, 06 May 2025 13:00

BİRİ İKİSİNDƏ - Adil Həsənoğlunun şeirləri

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri İkisndə layihəsində bu gün şeir vaxtıdır, sizlərə Adil Həsənoğlunun şeirləri təqdim ediləcək.

 

SEVGİNİN DİLİ...

 

Min çiçəkdən toplanan

Baldı sevginin dili.

Çiçəklər soldu getdi,

Qaldı sevginin dili.

 

Yarı pətək, yarı şan,

Gah  küsən, gah barışan,

İrəvanda alışan

Xaldı sevginin dili.

 

Əlifbası bədəndi,

İlk söz Həvva, Adəmdi,

Cənnət qoxulu dəndi,

Kaldı sevginin dili.

 

Mürəkkəbli, adili,

"Qu”dilidir, “qa” dili.

“Bəla”lara Adili

Saldı sevginin dili.

 

 

SƏNƏ VƏ ŞOPENƏ

          (“Yağış" valsını dinləyərkən)

 

Bir yağış yağır ki, hələ bilmirəm,

Ruhum durulacaq, kirlənəcəkmi?

Sevdalar süzülür quş dimdiyindən,

Görən torpaq  bunu heç biləcəkmi?

 

Ömür çardağıma gur yağış yağır,

Payız yağışımı, yaz yağışımı?

Göylərdən gah dua, gah qarğış yağır,

Bu "Yağış" Tanrının son alqışımı?

 

Qurbanlar demişdim yağış adına,

Cadar dodağıma paymı, görəsən?

Belə doğulasan "Yağış" altında,

Beləcə "Yağış”ın altda öləsən.

 

 

QƏHƏTDİR

 

Hanı bu gecənin aydın sabahı,

Niyə gözümüzə səhər qəhətdir?

Ağıllısı yolun azıb, haqq deməz,

Dəlisində doğru xəbər qəhətdir.

 

Sel basmaz dərədə bəndə dönənik,

Hiyləyə, kələyə, fəndə dönənik.

Hərdən darıxanda kəndə dönənik,

Niyə  kənd həyalı şəhər qəhətdir?

 

Bir könül alası söz deyən yoxdu,

“Hər şey düzələcək, döz”, – deyən yoxdu.

Daha ağ atlını gözləyən yoxdu,

Üzəngi qəhətdir, yəhər qəhətdir.

 

Haqqın toxumluğu haqsız talandı,

Sabaha verilən vədlər yalandı,

Maşallah, koramal özü ilandı,

İndi  ilanlarda zəhər qəhətdir.

 

Açıq qapıları bağlayan artıb,

İçində küdurət şaxlayan artıb,

Soğan doğrayanda ağlayan artıb,

Duru könüllərdə qəhər qəhətdir.

 

Çiçək də vaxtında solmur ki daha,

Ağaclar saçını yolmur ki daha,

Birtəhər yaşamaq olmur ki daha,

Bir özü yalqızdı, təhər qəhətdir.

 

 

QONAQ GƏLİMMİ?

(Anamı düşünərək)

 

Birlikdə bölünməz söz olaq deyə,

Yarımçıq hecana qonaq gəlimmi?

Bir ocaq qarsıdan köz olaq deyə,

Tüstüsüz bacana qonaq gəlimmi?

 

Gəlimmi dünyanı bir görmək üçün?

Gəlimmi hər yeri pir görmək üçün?

Gəlimmi dağılan yer görmək üçün?

Ruhu itkin cana qonaq gəlimmi?

 

Gəlimmi bir zurna, qaval səsinə?

Gəlimmi bir nişan, toy həvəsinə?

Gəlimmi bəxtimin gənclik  dərsinə?

Əllərimdə həna qonaq gəlimmi?

 

Gəlimmi "Şuşanı aldıq!", – deməyə?

Gəlimmi "Bir zəfər çaldıq!", – deməyə?

Gəlimmi "Biz millət olduq!", – deməyə?

Yazılan dastana qonaq gəlimmi?

 

Otuz il yolumu gözlədin orda,

Otuz il ağrılar izlədin orda,

Otuz il "Ay oğul, döz" – dedin, orda,

Ana, Mincivana qonaq gəlimmi?

Ana, Zəngilana qonaq gəlimmi?

 

 

TƏRƏFİ VAR

 

Ömür təkcə zəhər deyil, 

Bal, şəkər, qənd tərəfi var,

Hər qapalı ev-eşiyin

Bir aynabənd tərəfi var.

 

Çalan bilmə hər ilanı,

Ocaq bilmə hər yananı.

Seldə, suda qərq olanı

Saxlayan bənd tərəfi var.

 

Nazını çəksən qəhərin,

Gec açılar hər səhərin.

Havası yox hər şəhərin,

Şükür ki, kənd tərəfi var.

 

 

BƏNZƏMİR  

 

Bu qış yenə yaylayıbdı,

Qarı da qara bənzəmir.

Payızından sovqat qalan

Narı da nara bənzəmir.

 

Tumarlayır hey Ələddin,

Çırağından çıxmayır cin.

"Davaxor"du ağ göyərçin,

Sarı da  sara bənzəmir.

 

Yuvalar yox, qısılasan,

Ərənlər yox, basılasan,

Ağaclar yox, asılasan,

Darı da dara bənzəmir!

 

Çirkabı bol yağışında,

İlməsi yox naxışında,

Buzdu Məcnun baxışı da,

Yarı da yara bənzəmir.

 

Şəlalənin donub səsi,

Gəlmir çayın zümzüməsi,

Daha yanmır pərvanəsi,

Qoru da qora bənzəmir.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2025)

Çərşənbə axşamı, 06 May 2025 13:36

MİLLİ KİNO - Müharibə cinayətləri ilə dolu “Dolu”

Murad Vəlixanov,  “Ədəbiyyat və İncəsənət” 

 

Rejissor Elxan Cəfərovun 2012-ci ildə ekranlaşdırdığı “Dolu” filmi barədə danışmaq istəyirəm. Dolu təbiət hadisəsidir, yağışdan, qardan fərqli olaraq, qəfildən yağır və qarşısına çıxan hər nə varsa, zərər yetirir. Cəmiyyətin də öz dolusu var. Bu müharibə adlı fəlakətdir. Yazıçı-publisist Aqil Abbasın eyniadlı romanı əsasında çəkilən “Dolu” bədii filmi Qarabağ mövzusunu yenidən gündəmə gətirməklə yanaşı, müharibə, insan və ümid haqqında ən yaxşı ekran əsəri kimi yadda qaldı. 

 

Film barədə təəssüratlarıma keçməzdən əvvəl xatırlatmalıyam ki, “Dolu” Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilib və ilk dəfə avqustun 2-də - Milli Kino Günündə - Nizami Kino Mərkəzində nümayiş olunub.

Ekran əsərinin quruluşçu rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğludur. Filmdə Fuad Poladov, Məmməd Səfa, Fərhad İsrafilov kimi tanınmış aktyorlarla yanaşı, kinoda ilk addımlarını atan gənclər də çəkiliblər.

  

 “Dolu” başlayır

  

Filmə ikinci baxış.  Bu filmi göz yaşlarsız seyr etmək mümkün deyil.…Çaşqın, qarışıq, qorxulu bir tarix - 1991-ci il. Sovet imperiyası çöküb, bu dağıntılar altında Mərkəz idarəetmə qabiliyyətini itirib. Düşmən qapı ağzındadır. Sadə, əliyalın xalq ümidini “yuxarılara” bağlayıb. Vətənin bu başında torpaq davası, o başında kreslo davası gedir. İki cəbhənin fərqli insanları, iki döyüşün fərqli qəhrəmanları...

Mərmilər, güllələr vətənə yağır, bu vəziyyətdə düşmən qarşısına kim çıxa bilər, kim sinəsini vətənə sipər edər? Min illərin sınağıdır, sadə xalqın qeyrətli oğulları. Hərbiçilərdən və könüllülərdən ibarət batalyon təpədən dırnağacan müasir silahlarla silahlanmış düşmənlə üz-üzə dayanır. Ölüm qaçılmazdır, amma ölümə məhəl qoyan kimdir. Oğullar zəmi kimi biçilir, qocalar, qadınlar, uşaqlar süngülərə keçirilir. Qarabağ müharibəsinin gerçək səhnələri “Dolu”da yenidən canlanır.

  

Uğur

  

Uğurilk növbədə “Dolu” romanından başlayır. Son illərdə, sözün yaxşı mənasında, böyük səs-küyə səbəb olan bu roman Qarabağ mövzusunda yazılan ən yaxşı əsər kimi dəyərləndirilir. Çünki Qarabağ hadisələrinin və döyüşlərinin şahidi olan müəllif “Dolu”da müharibənin içində baş verən reallıqları əks etdirir. Aqil Abbas özü bu barədə belə deyir: “Roman dünyanın ən varlı şəhərinin erməni işğalçılarına qarşı dirimsiz ölüm savaşı apardığı dövrdə orada yaşayan, döyüşən insanların yaşantılarını, həmin dövrdə ölkəyə rəhbərlik edən məmurların faciələrini əks etdirir. Əslində bu qiyamət günü idi, sağlığımızda gördük. Romandakı obrazlar real insanlardır. Mən onların heç birini özümdən qondarmamışam. Bizim Qarabağ müharibəsində Komandir kimi oğullarımız azmı olub? O qədər Pələnglər özlərini tankın altına atıb ki... Mən müharibə vaxtı olduğum cəbhə bölgələrinin demək olar ki, hamısında Drakona rast gəlmişəm. Onları bir-birindən heç nə ilə fərqləndirmək olmurdu. Əslində bütün mərdlər əkiz doğulurlar, elə əkiz də ölürlər”.

 

Rejissor işi

 

“Dolu”nun ekran həllini çiyninə götürən Elxan Cəfərov da rejissor yozumu ilə “Dolu”nu dolğunlaşdırır. Bu səbəbdən Aqil Abbas: “Bu film rejissorundur, amma əgər tamaşaçı bəyənsə, deyəcəm ki, mənim də payım var” - söyləməklə rejissorun zəhmətini yüksək dəyərləndirir. Elxan Cəfərov filmdə böyük döyüş səhnələrini, xüsusilə zirehli texnika ilə hücum səhnəsini uğurla səhnələşdirməyi bacarıb. “Dolu” müasir kino estetikasının tələblərinə cavab verən formatda araya-ərsəyə gətirilib.

Rejissor film barədə belə deyir: “Son söz həmişə tamaşaçının olub, bunu hər kəs bilir. Təkcə onu deyə bilərəm ki, bu sadə, klassik üslubda çəkilmiş yarıdöyüş, yarıpsixoloji bir dramdır. Birinci növbədə məqsəd və vəzifəmiz nəinki bu mövzuda, digər mövzularda da istehsal etdiyimiz bütün filmlərlə Azərbaycan tamaşaçısını inandırmaq, onu yenidən kinoteatrlara cəlb etmək, həmişə olduğu kimi, cəmiyyətin aparıcı mədəniyyət qüvvələrindən birinə çevirməkdən ibarətdir. İnanıram ki, bu məqsədimizə nail olacağıq”.

Rejissorun düzgün aktyor seçimi də “Dolu”nun daha bir uğurudur. Əməkdar artist Məmməd Səfanın oyandığı Komandir rolu şübhəsiz ki, kino salnaməmizdə yeni səhifə kimi yadda qalacaq. İndiyədək kinoda müxtəlif obrazlar yaradan Məmməd Səfa bu rolu şərəfli bir rol kimi dəyərləndirir. Şərəfli rolu qeyri-adi oyun tərzi ilə sevdirən isə Məmməd Səfanın oyunudur.

Müharibə gedən şəhərin katibi rolunu oynayan Xalq artisti Fuad Poladovun ifası da, həmişə olduğu kimi, yüksək sənətkarlığı ilə yadda qalır. Məğlub olan şəhərin başçısı sonda öz faciəsini yaşayır. Əməkdar artist Fərhad İsrafilov milis rəisi, Rza Rzayev Drakon, Elvin Əhmədov Pələng, Oqtay Quliyev baza müdiri, Vaqif Səmədzadə Polyaniçko, Vüsal Murtuzəliyev Jurnalist, Gülzar Cəfərova Pələngin anası, Əməkdar artist Şamil Süleymanov Müəllim - bir sözlə, filmdə yer alan hər bir aktyor öz rolunu məharətlə oynayır. Pələng və Drakon obrazları Vətəninə, torpağına bağlı olan iki gəncdir. Qeyri-bərabər döyüşdə onların yaşantıları, göstərdikləri fədakarlıq yüksək vətənpərvərlik nümunəsi kimi yeni nəsillərə təqdim olunur. Filmdəki yeganə qadın obrazı isə bütün şəhid analarının ümumiləşdirilmiş simasıdır.

  

 “Dolu”nun mükəmməl musiqisi

  

Qarabağ həm də musiqi beşiyidir. Bu torpağın adamlarına hava, su kimi musiqi də lazımdır. Özü də zövqlü musiqi. Deyəsən, filmin yaradıcıları bunu məxsusi olaraq nəzərə alıblar. “Dolu”ya məhz görkəmli bəstəkar, Xalq artisti Polad Bülbüloğlu musiqi yaza bilərdi. Necə ki, yazdı və film həm də dərdlərimizi ifadə edən musiqisi ilə yadda qaldı. Polad Bülbüloğlu «Dolu»nu belə dəyərləndirir: “Çox mükəmməl bir filmdir, həyəcan içərisində izlədim. Filmi güclü yaradıcılıq məhsulu kimi qiymətləndirmək olar. Burada hər şey mükəmməldir: ssenari, rejissor işi, aktyor oyunu. Mən «Dolu» filmini Azərbaycan kinematoqrafiyasında hadisə kimi qiymətləndirirəm. Böyük uğurdur”.

Bəstəkar filmdəki qonorarından da imtina edib: “Mən Qarabağ mövzusunda olan “Dolu” filminə bəstələdiyim musiqiyə görə qonorar ala bilməzdim. Vətən uğrunda son damla qanına qədər döyüşən igidlərimizin qəhrəmanlıqlarından bəhs edən əsərə musiqi yazmaq mənim borcum idi”.

Quruluşçu operatoru Nadir Mehdiyevin, quruluşçu rəssam Rafiq Nəsirovun, geyim rəssamı Elfira Hüseynovanın, rejissorlar - Əməkdar artist Ənvər Həsənov, Əliqulu Səmədovun, redaktor Ramiz Fətəliyev və icraçı prodüser Nadir Əliyevin də xidmətlərini qeyd etməliyik. Bütövlükdə, “Dolu”nun yaradıcı heyəti filmdə, sözün əsl mənasında, fədakarlıqları ilə milli kinomuzun inkişafına öz töhfələrini verdilər.

  

Və filmin sonu haqqında son söz

  

...İllər keçib. Yaşa dolmuş komandir yenidən məğlub olmuş şəhərə qayıdır. Heç bir qadağa onu dayandıra bilməz. O, Vətəni ikiyə bölən sərhədi keçir. Ruhlar Vətənə qayıdır...

...Qarabağa həmişə dolu yağmayacaq, gec-tez hava açılacaq, gün çıxacaq, biz də o torpağa qayıdacağıq. “Dolu” tək müharibə haqqında deyil, həm də ümid haqqında filmdir. Kinoşünas Aydın Kazımzadənin dediyi kimi: “Gözəl filmdir. Finalda böyük bir ümid işığı var”.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2025)

 

 

 

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Stepan  Aleksandr oğlu Paçikov. O, Azərbaycandandır. İllik 2 milyard dollar dövriyyəsi olan və çoxumuzun smartfonlarında yüklü olan "EverNote"nin yaradıcısıdır. Lakin Azərbaycanda çox az adam tanıyır Paçikovu. Bu yazı da onun haqqında oxucularımıza məlumat vermək məqsədi ilə qələmə alınıb.

 

S.Paçikov Vartaşen (indiki Oğuz) udilərindəndir. 01 fevral 1950-ci ildə Azərbaycan Respublikasının keçmiş Vartaşen kəndində (indi şəhərdir) anadan olmuşdur.  Atası Aleksandr Paçikov milliyyətcə udin, anası Yekaterina Pankova isə milliyyətcə rus olub. Uşaqlığı və ilk məktəb illəri də Vartaşendə keçmişdir. Sonralar Mingəçevir məktəbində oxuduğu qeyd olunur. 

Novosibirsk Dövlət Universitetində, Tbilisi Dövlət Universitetində və Moskva Dövlət Universitetində oxumuş, burada riyazi metodların iqtisadi tətbiqi üzrə fəxri magistr dərəcəsi almışdır. SSRİ Elmlər Akademiyasında qeyri-səlis məntiq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

1986-cı ildə  Moskvada ölkənin ilk kompüter klubunu qurub və Moskva Uşaq Kompüter Klubunun prezidenti olub. Burada uşaqlara kompüter proqramlaşdırması, veb dizaynı və s. öyrədilirdi. O dövrdə bu mərkəz Moskvada adi insanların kompüterdən istifadə edə biləcəyi yeganə yer idi.

S.Paçikov az sonra "ParaGraph" şirkətini qurur. Paçikovun ideyası onun "Apple" şirkəti ilə əməkdaşlığına səbəb olur. Şirkət ondan "Newton" noutbukları üçün əlyazmaların tanınması ilə bağlı proqram hazırlamağı xahiş edir. "Apple" Stepana bu proqramı hazırlamaq üçün 6 milyon dollar təklif edir. Ancaq bunun əvəzində Paçikov və komandası ABŞ-a köçməli idi.

O, 1992-cü ildə ABŞ-nın Kaliforniya əyalətindəki Kupertinoya köçür. Lakin "Newton" layihəsi uğursuz olur. Onun şirkəti "Alter Ego" adlı virtual vaxt maşını hazırlamağa başlayır. Məqsəd uşaqları olduqları tarixdən geriyə qaytarmaq və o dövrlə tanış etmək olur. O deyirdi: "Biz virtual reallığın qabaqcılları kimi virtual reallıq modelləşdirmə dili yaratdıq. Bu texnologiyanın köməyi ilə uşaqların Qədim Romaya və ya Qədim Yunanıstana qayıtmalarına, məsələn, Arximedlə görüşmələrinə imkan yaratdıq". 

1990-cı illərin ortalarında Paçikov ABŞ-da "ParaScript"ın filialını açır. Burada planşetlərdə və sensor ekranlarda əl yazısı daxil edilməsi üçün Calligrapher adlı proqram təminatı yaradır. Sonralar həmin şirkət "Silicon Graphics" tərəfindən 81 milyon dollar ödənilərək alınır. Daha sonra o müasir planşetlərin babası sayılan "Apple Newton" üçün əllə yazılan mətinləri oxuyan "Calligrapher" proqramını hazırlayır. Apple bu proqrama görə Paçikova 6 milyon dollar ödəyir.

Bu gün minlərlə insanın istifadə etdiyi "EverNote" konsepsiyasının yaranmasına (2002-ci ildə) səbəb isə insanların unutqanlığıdır. Bir çox insan kimi Stepan da "EverNote"u sözün əsl mənasında insan beyninin davamı hesab edirdi. 2002-ci ildə  Paçikov "EverNote"da işə başlayır. Məhsulun ilk prototipi və "Windows" üçün ilk beta versiyası iki il sonra buraxılır. "EverNote"un orijinal versiyası bulud hesablama və məlumat sinxronizasiyasından uzaq olur. Bununla da, Paçikov "Apple"da, "Newton"da heç vaxt tam tətbiq olunmayan əlyazmanın tanınması ideyasını reallaşdıra bilir. Paçikov "EverNote"u ilk növbədə özü üçün lazımlı hesab edərək deyirdi: "Bu hər şeydən əvvəl mənim özümə lazım olan bir məhsuldur". Bu tətbiqin yaradılmasından bir müddət sonra Paçikov parkinson xəstəliyinə tutulur və xəstəliyin xarakteri kimi də bu onda yaddaş itkisinə səbəb olur.

Paçikov "EverNote"u 2007-ci ildə Fil Libin adlı Rusiyada doğulan və ondan 20 yaş kiçik olan bir amerikalıya təslim edir. O, Filin işgüzarlığındən çox razı idi və bu onun diqqətini cəlb etmişdi. S.Paçikov deyirdi ki, "Mən, Libinin məndən daha yaxşı bir rejissor olacağına tamamilə əmin idim".

Lakin o, evernote xidmət xəttinin arxasındakı tətbiqin, xidmətlərin və baxışın əsas memarı oldu və olaraq qalır. Paçikov hələ də təsis etdiyi "EverNote" şirkətinin idarə heyətinin fəal üzvü kimi qurduğu şirkətə gəlir və şirkətin gələcəyi ilə bağlı rəhbərliklə fikirlərini bölüşür.

S.Paçikov çıxışlarının birində deyir: “Mən Azərbaycanda yerləşən Vartaşen (Oğuz) kəndində anadan olmuşam... Mən Qafqaz mədəniyyətində, Qafqaz musiqisi, rəqsləri arasında, Qafqaz mentalitetinin əhatəsində böyümüşəm... və Azərbaycan musiqilərini bəyənirəm. Mən onu dinləməkdən zövq alıram”.

Uzun illər öz doğma Vətənindən ayrı düşən S.Paçikov anadan olduğu yerləri bir daha görmək həsrəti ilə yaşayır. Oğuzun tanınmış ziyalılarından, Paçikovla son vaxtlara qədər əlaqə saxlayan və yazışan hörmətli Tahir müəllim Musayev söyləyir ki, onunla hər dəfə əlaqə saxlayanda keçmiş Vartaşenə (indiki Oğuza) gəlmək, oraları bir daha görmək, uşaqlıq dostları ilə görüşmək, atasının qəbrini ziyarət etmək istədiyini bildirir. Lakin parkinson xəstəliyinə tutulduğuna görə istəklərini həyata keçirməsi mümkün olmur.

Nə deyək, Allah şəfasını versin, arsuzu gerçəkləşçsin.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2025)

 

 

                                                                 

 

 

 

 

 

Çərşənbə axşamı, 06 May 2025 12:00

DÜNYA ƏDƏBİYYATI - Müesser Yeniayın şeirləri

“Ədəbiyyat və incəsənət” portalı Dünya Ədəbiyyatı bölümündə sizlərə türk şairi Müesser Yeniayın şeirlərini təqdim edir. Şeirləri dilimizə Ümid Nəccari uyğunlaşdırıb.

 

Müesser Yeniay1984-cü ildə İzmirdə anadan olub. Ege Universitetinin İngilis Dili və Ədəbiyyatı və Bilkent Universitetinin Türk Ədəbiyyatı fakültələrini bitirib. Müesser Homeros Atilla İlhan (2007), Ali Rıza Ertan (2009) və Enver Gökçe (2013) kimi tanınmış ədəbi mükafatların lauratıdır.

Dibine düşür qaranlıq da”, “Yeniden çəkdim göyü”, “Mən Olmadan Çöllər Vardı” adlı kitabların müəllifidir. O, bir çox tanınmış dünya şairlərinin kitablarını türk dilinə tərcümə edib.  O, şeir festivallarının iştirakçısı, ABŞ, Honq Konq və Belçikada qonaq yazıçı olaraq ədəbiyyat festivallarında ölkəsini təmsil edib.

Müesser hazırda “Şiirdən” jurnalının redaktorlarından biri kimi fəaliyyət göstərir.

 

 

Bətnə dönüş

 

Orada dünya

Burda mən varam

damlayan kəzzab kimi

 

Gözlərimdə görüntülər var

Baxıram.

 

İndi bıçaq dedikləri

anlatır sümüklərimə dayanmadan

kor dili ilə

 

Mən bu dünyanı sevmədim

Təbiətdə bir çiçəyin bətninə

geri dönməliyəm.

 

 

Yerdən kənar

 

İt səsləri, şüşə qırıqları

kimi yağdı gecəyə

Öz-özümün ətrafında dönüb durdum

günlər boyumdan qısa

Şeiri qılınc kimi tutdum

güllə yağışı altında

 

Səslər meşəni gecə

yaramı ortaya sərirəm

 

İçimdəki qəbilələr hələ də

yanğın ətrafında

 

Dünyaya düşərkən

Bir ulduzdan asılı qalmalıyam.

 

 

 

Çəhrayi

 

Ağlım beş qarış havada

özümü tutub ayaqlarımdan

yerə enirəm

 

Bir pişiyim var

Məndən üstün xüsusiyyətləri var.

 

Bilirəm quyruqlu ulduzda yaşamırıq

-bəlkə kömür qazanında.

 

yer yağlı pendir kimi yapışqan

insanlardan sanki insan deyildim

qaçıram...

 

Çünki tozum çəhrayı rəngdə səpələnmişdi

gözlərimi yumanda hər gün.

 

 

Nərgiz

 

Nərgiz mövsümüdür İzmirdə

amansız, ağlasığmaz.

 

Vaxt, keçdi

İndi zamanın xam halıdır.

 

Qoxlayınca yaxşılaşdırdı

ürəyim hardasa qırılan yerini

 

Çiçəklər içində sözü keçən biri

itkilərin də qoxusu var.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2025)

 

 

 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında oxu və yazı vərdişlərində çətinlikləri olan uşaqlara dəstək olmaq, onlarda özünə inamı artırmaq və sosial inkişafını təmin etmək məqsədilə “Sağlamlıq körpəlikdən başlayır” adlı layihənin davamı olaraq növbəti maarifləndirici təlim keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, təlimdə psixopedaqoq Bülül Quliyeva, 177 nömrəli tam orta məktəbin psixoloqları və kitabxana əməkdaşları iştirak edib.

Maarifləndirici təlimin bu dəfəki mövzusu “Məktəb dövründə yaranan öyrənmə çətinliyi” olub. Psixopedaqoq Bülül Quliyeva öyrənmə çətinliyinin diaqnoz və aşkar olunması, müalicə və müdaxilə yolları haqqında danışıb, bu dövr ərzində valideyn dəstəyinin əhəmiyyətini vurğulayıb. Həmçinin qeyd edib ki, öyrənmə çətinliyi ömür boyu davam etsədə müalicə və müdaxilə ilə yaxşılaşa bilər. Müalicə və müdaxilə öyrənmə çətinliyində ən effektiv üsullardan biridir. Xüsusi təhsil proqramı, loqoped terapiyası (xüsusən disleksiya və disqrafiyada), psixoloji və texnoloji dəstək bu problemi maksimum səviyyədə korreksiya edir.

Təlimdə bu qrupa aid olan uşaqlar üçün individual yanaşmanın və müntəzəm məşqlərin rolu da geniş müzakirə edilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, uşaqların inkişafına necə dəstək olmağı, onların emosional və sosial ehtiyaclarını necə qarşılamaları barədə praktiki məsləhətlər verilib.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2025)

 

Çərşənbə axşamı, 06 May 2025 11:35

TƏLƏBƏ YARADICILIĞI – Rəqsanə Mehtiyevanın hekayəsi

Ad soyad: Rəqsanə Mehtiyeva

Təhsil ocağı: Ağdam Ssosial İqtisadi Kolleci 

İxtisas: Məktəbəqədər təhsil 2A

Mövzu: "Sənə yazılmamış məktub"

 

Hər şey bir baxışla başladı — o təsadüfi, amma içində min mənanı gizlədən baxışla. Elə bil zaman o anda dayanmışdı, hər kəs yox olmuşdu, yalnız biz var idik. Nə qədər fərqli olsaq da, ürəklərimiz bir ritmlə döyünürdü. Amma heç bir nağıl sonsuza qədər davam etmir. Bizim nağıl da elə başladığı kimi – qəfil və səssiz – sona çatdı. Sevgi idi, amma xoşbəxt son yox idi…

 

Həmişəki kimi ayın ilk günü ev üçün bazarlıq günü idi. Anam, mən və qardaşım hər zaman bazarlıq etdiyimiz marketə gedirdik. Anam evə lazım olanları seçirdi, mən də həmişəki kimi sevdiyim şokoladdan almaq üçün şokoladlar olan tərəfə getdim. Bir anda üzümdəki gülüş getdi-sevdiyim şokoladlar bitmişdi. Deyinə-deyinə digər şokoladlara baxırdım. Bir anda həmin marketin yeni işçisi - o şokoladlar burdadır gəl bax- dedi. Tanış siması vardı. Üzündəki təbəssüm, gözlərinin rəngi bu çox tanış idi axı...

 

Hə bu şokoladları deyirdim, demək ki bitməyib-dedim. Mənə baxıb gülərək- mən göstərməsəm tapmayacaqdın- dedi. Mən heçnə demədim, rəflərin arasından anam məni səslədi. Şokoladları götürüb getdim. Gün boyu gördüyüm bütün insanların o olduğunu sandım. Anam - nolub yenə nə fikirdəsən- dedi. Adını belə bilmədiyim o oğlanı düşünməkdən anamın səsini eşitməmişdim. Hara getsəm onu görür, onun səsini eşidirdim. Ağlımdan çıxmaz hala gəlmişdi o. Növbəti günlərdə də bu hiss məni tərk etmədi.

 

Hər gün dərsə gedəndə yolumu uzadıb o marketin yanından keçirdim. Oda gediş-gəliş saatlarımı bilirdi artıq. Mən ordan keçdikdə çıxıb baxırdı. Hələ bir dəfə düz yanından keçdim "Sabahın xeyir" dedi. Bütün gün qulağımda onun səsi ilə gəzdim. İkimiz də bir-birimiz haqqında heçnə bilmirdik - nə adlarımızı, nə yaşımızı, nə də başqa bir məlumat...

Ancaq hər gün bir-birimizi görmək üçün can atırdıq, gördükdə isə sadəcə gülürdük. Ancaq bu gülüşlər çox qısa oldu...

 

Qohum toyunda ilk dəfə gördüyüm uzaq qohumlar sən demə məni kiçik oğulları üçün bəyənib, bunu da nənəmə deyiblər. Bu söhbət 3-4 ay çəkdi. Heç vaxt razı olmayacağımı bilirdilər. Amma mən razı olmasam da razı olmuş kimi görünməyə məcbur qaldım. "Qohumdu", "Yaxşı oğlandı", "vaxt keçdikcə- tanıdıqca sevərsən" hər gün bu sözləri eşidirdim. Ancaq onu heç vaxt ürəkdən sevməyəcəyimi bilirdim. Hər söhbətdə "başqa qız tapmadılar elə bil" deyirdim. Bu sözümə görə də çox danlanırdım. Amma vecimə deyildi, mən onu sevmirdim axı. Ağlımda da, ürəyimdə də adını bilmədiyim o oğlan var idi.

Bəlkə də, hər şey gözəl olardı, ancaq həyat hər kəsin istədiyi kimi irəliləmir. Bədbəxt bir həyat içində hər kəsin xoşbəxt gördüyü biri olmaq çətin gəlir bəzən.

Bəzən həyat sənə sevdiyini yox, uyğun olanı verir. Amma uyğun olanla xoşbəxtlik eyni şey deyil. Mən indi hamının xoşbəxt saydığı, amma içində hər gün biraz daha solan bir qadınam. Və hələ də hər ayın ilk günü marketə gedəndə, şokolad rəfinə baxıram... Bəlkə bir gün, o yenə " şokoladlar burdadır, gəl bax" deyər deyə.

 

Səni tanımadan tanımışdım, adını bilmədən adını içimdə çağırmışdım. Bir şokolad rəfinin kənarında başlayan baxışlarla başlayan hekayəmizdə nə bir başlanğıcımız oldu, nə də sonumuz. Amma bu "yox"lar içində elə çox şey yaşadım ki...

 

Sənin sadə bir “sabahın xeyir”inlə bəzən bütün günüm işıqlanırdı. Gözlərinlə gülüşün qarışar, məni heç bilmədiyim duyğulara qərq edərdi. Hər gün səni görmək üçün yolumu dəyişmək bir vərdiş oldu, amma sən heç bilmədin içimdə nələr olduğunu.

 

Məni birinə verdilər. Hər kəs “xoşbəxtsən” dedi, amma mən yalnız sənin yoxluğunda necə darıxdığımı bilirdim. Ən çox da heç bir zaman "səni sevirəm" deyə bilmədiyim üçün yandı içim. Səninlə yaşaya bilmədiyim gələcəyi, hər gün yaşadığım bu gerçəklikdə boğuram indi.

 

Bu məktub sənə heç vaxt çatmayacaq. Bəlkə də oxusan belə tanımazsan. Amma bilməyini istədiyim bir şey var: mən səni sevdim. Səssiz, imkansız və adını bilmədən. Bu sevgi nə acı idi, nə də peşmanlıq — bu sevgi sadəcə mənim idi.

 

İndi isə sənə yox, özümə deyirəm: bəsdir. Artıq onu içində daşıyaraq yox, azad buraxaraq yaşa. O bir xatirədir. Güclü və gözəl bir xatirə. Amma sənin həyatın davam edir. Hələ çox şey gözləyir səni. Və sən, sevilməyə layiqsən — tam, dolu və həqiqi bir sevgi ilə.

 

Hələlik...

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2025)

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Son günlərdə sosial şəbəkələrdə yayılan bir küçə reportajı ətrafında aparılan müzakirələr təkcə bir gəncin söylədiyi fikirlərlə məhdudlaşmır. Məsələ çox daha dərin və sistematik bir problemin əlamətidir.

 

Reportajda bir azərbaycanlı gənc Polşada yaşamağı seçdiyini bildirir və bunu Azərbaycandakı qızların oğlanlarla danışmaması ilə əsaslandırır. Əslində, bu cümlə təkcə fərdi deyil, cəmiyyətin içində kök salmış bir yanaşmanın təzahürüdür.

Məsələ sadəcə "qızlarla danışmaq" deyil. Məsələ, gənc bir insanın yaşamaq istədiyi ölkəni cinsi münasibətlərin asanlığı ilə ölçməsi və bunu ictimai şəkildə ifadə etməyə utanmamasıdır. Bu isə bizi daha vacib bir sualın qarşısında qoyur: Bu düşüncə tərzi haradan qaynaqlanır?

Azərbaycanda cinsi maarifləndirmə demək olar ki, mövcud deyil. Ailələr övladlarını uzun müddət qarşı cinsdən uzaq tutmağa çalışır. Məktəblər duyğular, münasibətlər, cinsi kimlik və hörmət mövzularında susqundur. Cəmiyyət isə öz övladına nə hiss etməyi, nə də hissləri ifadə etməyi öyrətmir. Bunun əvəzinə oğlana "kişi ol", qıza isə "ağlı başında ol" deyilir. Amma bu şablon ifadələrin arxasında, nə hiss, nə dəyər, nə də düşüncə aşılanır.

 

Bunun nəticəsində yetişən nəsil qarşı cinsi ya idealizə edir, ya da obyektə çevirir. Qızlar üçün oğlan qorxulu düşmənə, oğlanlar üçünsə qız əldə olunmalı hədəfə çevrilir. Ortada nə empatiya var, nə qarşılıqlı anlaşma, nə də dostluğa əsaslanan münasibətlər.

Həmin reportajda danışan gəncin dedikləri isə, cəmiyyətin bu təlimlərinin səmərəsidir. Bəlkə də o, Azərbaycanda qarşı cinslə ünsiyyət qura bilməyib, çünki onun yanaşması bəlkə də təkəbbürlü və obyektləşdirici olub. Bəlkə də Polşada sadəcə biri onunla nəzakətlə danışdığı üçün bunu münasibət hesab edib. Əslində isə o, münasibətin nə olduğunu, qarşılıqlı ünsiyyətin nə demək olduğunu heç vaxt öyrənməyib.

Bu biabırçı çıxışlara reaksiya göstərmək doğrudur. Amma daha doğrusunu etmək üçün məsələyə dərin baxmaq lazımdır. Biz bu təfəkkürün haradan doğduğunu, necə formalaşdığını anlamağa çalışmalıyıq. Problemi dəyişmək üçün gənci deyil, onu formalaşdıran sistemi dəyişmək lazımdır.

Əgər cəmiyyət olaraq həqiqətən dəyişmək istəyiriksə, ailədə və məktəbdə münasibətlərin sağlam əsaslarla qurulması üçün maarifləndirmə aparılmalı, medianın qadın və kişi obrazlarına yanaşması dəyişməli, gənclərə empatiya və hörmət dəyərləri aşılanmalıdır. Cinsiyyət fərqini düşmənlik yox, zənginlik kimi başa düşən bir nəsil yetişdirmədən, bu cür utancverici fikirlərin qarşısını almaq mümkün deyil.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.