İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”
Həmsöhbətimi Sumqayıtda çox adam tanıyır. O, iş adamıdır, naşirdir, kitabı daim təbliğ edir, həm də filantropdur, xeyirxah əməllərdən əsla vaz keçməz. Akif Şahbazovla müsahibəmi təqdim edirəm:
- Akif müəllim, sizi ictimaiyyət daha çox bir neçə sahədə tanıyır. “Tərəqqi” medallı, Sumqayıt şəhər Bələdiyyəsinin üzvü, “Məktəbli” mağazalarının müdiri, həm naşir, filantropsunuz, həm aforizmlər yazır, məktəblilərə hər il mağazalarınızdan minlərlə kitab hədiyyə verirsiniz. Özünüzü ilk növbədə necə təqdim edərdiniz?
- Yuxarıda qeyd etdiyiniz çoxşaxəli fəaliyyət istiqamətimi nəzərə alaraq sadəcə Akif Şahbazovam.
- Sumqayıt şəhər Bələdiyyəsinin üzvü kimi əsas prioritetləriniz nələrdir? Gələcəkdə Sumqayıt üçün hansı layihələri görmək istərdiniz?
- Bu yaxınlarda Sumqayıt Bələddyyəsi ötən ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirdi. Burada maliyyə mənbələrindən şəffaflıqla istifadə etmək, verginin yığılması, sosial layihələr və bir çox digər məsələlər qeyd olundu. Bu, təkcə bələdiyyənin bir il ərzində hesabatı deyil, eyni zamanda seçicilərlə, vətəndaşlarla bələdiyyə arasında güvən bağının təməli kimi də qiymətləndirildi. Həm də bildiyiniz kimi, Sumqayıt Bələdiyyəsi respublika bələdiyyələri sırasında qabaqcıldır, birinci yeri tutur. Növbəti illərdə sosial layihələri davam etdirmək, dayanıqlığı qorumaq məqsədilə Sumqayıt Bələdiyyəsinə güclü maliyyə bazası lazımdır. Bunu əldə etmək üçün, bir sahibkar kimi deyim ki, bələdiyyə əmlakı olmalıdır. Yəni bələdiyyədə kiçik və orta müəssisələr yaradılmalıdır. Xırda kapital qoyuluşu ilə, çevik maliyyə sistemi vasitəsilə bələdiyyənin büdcəsini daha da genişləndirmək olar. Bu, həm də sosial gərginliyi azaldar. Çünki həmin müəssisələrdə işçilərin sayı çox, işin səmərəliliyi məhsuldar olur. Eyni zamanda, Sumqayıt Bələdiyyəsində turizm, bələdiyyə çimərliyi və s. bu kimi xidmət sahələrinin yaradılması da nəzərdə tutulur. Bunun üçün şəhərimizdə münbit şərait var, həm də müxtəlif ixtisaslara malik, düzgün, operativ qərarlar qəbul edən, nizam-intizamlı, Sumqayıta dərindən bələd olan bələdiyyə komandası mövcuddur. Ümid edirəm ki, Sumqayıt Bələdiyyəsi bütün işlərin öhdəsindən gəlib, uğurlara imza ataraq respublika üzrə bələdiyyələr arasında öz yerini həmişə zirvədə qoruyub saxlayacaqdır.
- Bələdiyyə üzvü olmaqla yanaşı, sahibkarlıq və xeyriyyəçiliklə məşğul olmaq çətin deyil ki? Sizi bu qədər fərqli sahədə fəal olmağa nə motivasiya edir?
- Təbii, çətinliklərlə yanaşı, məsuliyyət də vardır. Mənim eyni vaxtda fəaliyyət göstərdiyim sahələrdə, ictimai işlərdə çalışmağımın hər biri motivasiyadan asılıdır. Motivasiya əslində nəticədir. Zəhmət çəkirsən, başlayırsan işə, onu sonlandıranda nailiyyətlərə, uğurlara imza atırsan. Bu, nəticə etibarilə motivasiya, işləmək üçün stimul, enerji yaradır, insanı istər-istəməz irəli aparır, gücləndirir.
-Məktəbli mağazalarının müdiri kimi fəaliyyətinizin əsas məqsədi nədir?
-Orta məktəbdə əlaçı oxumuşam. Tale elə gətirdi ki, qaçqınlıq, dədə-baba ocağımızı tərk etmək qismətim oldu. Qərbi Azərbaycanın Dərələyəz mahalından düşmənlər ucbatından Sumqayıta pənah gətirdim və çətinliklərlə üzləşdim. Həmin dövrlərdə, 90-cı illərdə Voznezsenki adına Leninqrad İqtisad Universitetinə daxil oldum.Tələbəlik illərində oxumaqda əziyyət çəkirdik, kitab olmurdu, maliyyə imkanımız yox idi. Sonra bir çox sahələrdə işlədim. Boruyayma zavodunda çilingər, Kimya Sənaye Birliyinin nəzdində olan metal-qab zavodunda kadrların hazırlanması, qəbulu üzrə təlimatçı, baş mühasib, Vergilər Nazirliyinin vergi xidmətində, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində mütəxəssis kimi çalışdım. Və nəhayət, mən rahatlığımı sahibkarlıqda, kitab ticarətində tapdım. Bu sahəni ona görə seçdim ki, çinlilərin bir atalar sözü var, deyirlər, yarım saat ərzində xoşbəxt olmaq istəyirsənsə, ac olanda bəyəndiyin bir yeməyi hazırla, ye, xoşbəxt olacaqsan. Üç saat xoşbəxt olmaq istəyirsənsə, bəyəndiyin bir paltarı geyin, bir tədbirə və ya bir görüşə get, musiqili, əyləncəli vaxt keçirt, xoşbəxt olacaqsan və sonra evə qayıtmaq istəyəcəksən. Üç aylıq xoşbəxt olmaq istəyirsənsə, sevdiyinlə ailə qur, sevdiyinə ərə get. Bir ömür xoşbəxt olmaq istəyirsənsə, sevdiyin bir ixtisasdan, işdən yapış, Bax, mən də ömürlük xoşbəxtliyimi sevdiyim kitab ticarəti sahəsində tapmışam.
- Qərbi Azərbaycanda qaçqın kimi gəlmişsiniz, deyirsiniz…
- Bəli. Mən, eyni zamanda, Qərbi Azərbaycan icmasının Sumqayıt şəhər nümayəndəliyinin İdarə heyətinin üzvü kimi də fəaliyyət göstərirəm. Cənab Prezidentimizin qeyd etdiyi kimi, biz ləyaqətli şəkildə, müharibəsiz dədə-baba yurdumuza mütləq gedəcəyik. Ölkə başçımızın Qərbi Azərbaycan icmasına öz ad günündə getməyi və buradan verdiyi mesajlar ürəyimizdən xəbər verdi. Həmin gündən artıq bu yolla irəliləyirik. Bizim əvvəllər Qarabağ dərdimiz var idi. 44 günlük müharibədə hamımız qarabağlı olduq, birliyimiz yarandı, qələbə qazandıq. Bax, istəyirəm ki, indi hər birimiz Qərbi azərbaycanlı olaq. Bizim savadlı, fədakar gənclərimizə, təəssübkeş ziyalılarımıza ehtiyacımız var. Onlar Qərbi Azərbaycanla bağlı mütləq araşdırma aparmalı, bütün tariximizdən, toponimlərimizdən, niyə dədə-baba yurdumuzu qoyub gəlməyimizdən, dörd dəfə deportasiyaya məruz qalmağımızın səbəblərindən yazmalı, təbliğat və təşviğat aparmalıdırlar. Düzdür, ermənilər həmişə tarixi şəraitdən istifadə edirlər. Amma inanıram ki, inşaallah, biz dədə-baba ocağımıza hökmən qayıdacağıq. Çünki bu istiqamətdə işlər gedir, cənab Prezidentin dəstəyi ilə məqsədimiz planlı şəkildə reallaşacaqdır. Necə ki, bu gün dövlət sərhədimiz daxilində müqəddəs bayrağımız qaldırılır, arzu edirəm, tarixi torpaqlarımız olan Qərbi və Cənubi Azərbaycanın da hər bir nöqtəsində üçrəngli bayrağımız dalğalansın.
- Hər il minlərlə kitabı məktəblilərə hədiyyə edirsiniz. Bu təşəbbüs sizdə necə yarandı? Sizcə, bu gün uşaqların, gənclərin kitaba marağı yetərlidirmi?
- Əvvəldə söylədiyim kimi, erkən yaşlarımdan kitab alıb oxumaqda maddi çətinliklə üzləşmişəm. Buna görə də çalışıram ehtiyacı olan, mütaliəyə həvəsli insanlarımızı sevindirəm. Artıq uzun illərdir şagirdlərə, müştərilərimizə hədiyyə olaraq kitablar verirəm və bu təşəbbüsümdən əl çəkmirəm. Qeyd edim ki, şəhərimizdə fəaliyyət göstərən 21 nəfərdən ibarət Dostlar Klubunun üzvüyəm. Qərara gəlmişik ki, kitabxanalarda görüşlər keçirəndə fəal oxuculara kitablar hədiyyə edək. Gənclərimiz, uşaqlarımız asudə vaxtlarında istədikləri kitabı əldə edib oxusun deyə, şəxsən özüm Mərkəzi kitabxanamıza və filiallarına 1500-dən çox kitab vermişəm. Hətta elə ailələr var ki, onların bahalı xarici ədəbiyyatları almaq imkanı yoxdur. Həmin kitabları da onlara əlçatan etmişəm. Bu xeyirxah təşəbbüsümü ənənəvi şəkildə, tez-tez həyata keçirirəm. Bildiyiniz kimi, artıq gənclər kitab oxumaq istəmir, kitabxanalara üz tutmur, hamı elektron vasitələrdən istifadə edir. Təəssüf ki, uşaqlar, gənclər kitab oxumağa maraqlı deyil. Bu, bizim ağrılı, acılı yerimizdir. Alimlərin qənaətinə görə, uşaqlar 9 yaşınadək mütaliə qabiliyyətinə yiyələnməsə, gələcəkdə kitab oxumayacaqlar. Uşaqlar üçün xüsusi vərəqələrdə kitablar var ki, onları alıb uşağa vərdiş etdirmək lazımdır. Bəzisi səsli, şəkil tərtibatlı olur və bunları uşaq istifadə etdikcə kitaba meyllənir, yönlənir, artıq onda sonsuz maraq yaranır. Bunu nəzərə alaraq məsləhət görürəm ki, valideynlər uşaqlarına hətta bir-iki yaşından kitab oxumağı öyrətsinlər.
Son vaxtlar beynəlxalq monitorinqlər keçirilir. Respublikamız bu monitorinqlərdə orta məktəblər üzrə lazımi səviyyədə yerlər tuta bilmir. Buna səbəb isə kifayət qədər kitab oxumamaqdır. Bizdə oxucu sayı çox azdır, yetərli deyil. Əksər valideyn universitetə daxil olmaq, yüksək bal toplamaq üçün övladına mütaliə məhdudiyyəti qoyur, seçim azadlığı vermir. Nəticə etibarilə, kitaba maraq azalır.
Mən çox xarici ölkədə oluram. Müxtəlif yerlərdə, ictimai nəqliyyat vasitələrində görürəm ki, insanlar bardaş qurub kitab oxuyurlar, amma bizdə təəssüf ki, belə deyildir, əksəriyyət telefonla məşğuldur...
- Kitab hədiyyə etdiyiniz uşaqlardan aldığınız ən yaddaqalan reaksiya hansı olub?
- Çox gözəl sualdır. Ümumiyyətlə, uşaqların sevinci mənə rahatlıq, xoşbəxtlik gətirir. Uzun illərdir kitab aləmindəyəm, onlara hansı yaşda hansı kitabı hədiyyə etməyi bilirəm. Məsələn, hiss etmişəm ki, uşaq qiyabi də olsa qəhrəmanla tanışdır. Kitabı vərəqləyir, qəhrəmanın şəklini görəndə, inanın, ya əlini alnına tutur, ya da əlini qəlbinə qoyaraq qəhqəhə ilə gülür. O anı hər adam tuta bilmir. Bax, uşağın bu cür reaksiyasında mən özümü çox yaxşı hiss edirəm. Ümumiyyətlə, kitab ən gözəl hədiyyədir. Bütün uğurların təməli isə oxumaqdadır.
- Naşir kimi də gənc müəlliflərə dəstək göstərirsinizmi? Azərbaycanda nəşriyyat sahəsində sizi ən çox narahat edən məqamlar hansılardır?
- Hazırda bir çox kitablarımız işıq üzü görür, yeniləri üzərində işlər gedir. Ən qabaqcıl, sertifikasiyadan yüksək bal toplayan 32 nəfər sumqayıtlı müəllimlə bərabər, rəhbəri olduğum layihənin məqsədi isə orta məktəblərin aşağı siniflərində ədəbiyyat vəsaitlərinin tərtibatı, istehsalı, çatdırılmasıdır. Son vaxtlar hər kəs istəyir övladı yaxşı ixtisas sahibi olsun, oxusun, repititor yanına getsin. Lakin indiki çətin vaxtda bəzi ailələrin vəziyyəti buna yol vermir. Həmin vəsaiti çıxartmaqla repititorluğa, əlavə müəllim yanına getməyə ehtiyac qalmır. Müəllifi olduğumuz layihə məktəb proqramını, dərsliyi birbaşa tamamlayır. Nəşr etdiyimiz vəsaiti respublika səviyyəsində müəllimlər və məktəblilər sevə-sevə istifadə edirlər. Gələcəkdə bu uğurlu layihəmizi daha da genişləndirəcəyik.
Bundan əlavə, gənc müəlliflərin kitablarını xüsusi güzəştlərlə çap edirik. Bəzən elə olur ki, yazarlara imkanımız daxilində maliyyə dəstəyi göstərik. Son vaxtlar naşirlik işində məni narahat edən odur ki, oxucu sayı azdır. Kitabı müəlliflər 100-200 ədəd tirajla çap edirlər. Qohum-əqrəbaya, yaxınlarına verirlər. Lakin xüsusi vurğulayım ki, məsələn, yazıçı Varisin kitabları ən azı beş-on min tirajla çap olunur. Əlbəttə, müasir dövrlə ayaqlaşmaq, zamanın nəbzini tutmaq lazımdır. Elə kitablar yazılmalıdır ki, daha geniş oxucu kütləsi sevə-sevə alıb oxusun.\
-Xeyriyyəçilik sizin üçün nə ifadə edir? Bu gün cəmiyyətimizdə xeyirxahlığın rolu haqqında nə düşünürsünüz?
-Təmənnasız yaxşılıq etmək məni həmişə rahatlandırır. Ümumiyyətlə, xeyirxahlıq ruhun qidasıdır, deyirlər. Xeyirxahlıq təkcə maddiyyatla ölçülmür. Mənəvi dəstək də bir xeyirxahlıqdır. Təbəssümün, xoş ünsiyyətin özü bir xeyirxahlıqdır. Cəmiyyət müxtəlif xarakterli, müxtəlif təbəqəli, maddi və mənəvi cəhətdən fərqlənən insanlar toplusudur. Və tarixən xeyir şərə həmişə qalib gəlib. Yazarlarımız da xeyirin şər üzərində qələbəsindən yazıblar. Xeyirxahlıq həm xoşxassəli xəstəlik, həm pandemiya xarakterli olmalıdır. Biz bu xəstəliyə yoluxmalıyıq, yoluxdurmalıyıq. Mütləqdir ki, insanlar öz-özünə hesabat versin ki, mən gün ərzində hansı xeyirxahlığı etdim. Şərt deyil ki, cibindən götürüb kiməsə nəsə verəsən. Yol göstərməyin, təsəlli verməyin, mənəvi dayaq olmağın özü də bir xeyirxahlıqdır.
-Gənclərə, xüsusilə məktəblilərə əsas tövsiyəniz nədir?
- Öz üzərlərində çoxlu çalışsınlar, cəmiyyətimizə yararlı olsunlar. Yaxşı oxusunlar. İnanın ki, savad insanı ucaltdığı qədər heç nə ucaltmır. Səmimi olsunlar. Bir-birinin uğuruna sevinməyi bacarsınlar. Paxıllıq deyilən xəstəlikdən uzaq olsunlar. Uğurlu insanların yanında çalışsınlar. Hər kəsə yaxşılıq etsinlər. Bundan yorulmasınlar. Öz kökümüzə, milli dəyərlərimizə söykənərək cəmiyyətimizə xidmət eləsinlər. Adət-ənənələrimizi yaşatsınlar. Milli kimliyimizi qorusunlar. Azərbaycanlı olmağımızla fəxr etsinlər, kökümüzdən qopmasınlar. Öz tariximizi, mədəniyyətimizi öyrənsinlər. Uğursuzluqdan qorxmasınlar, çəkinməsinlər. Bəzən valideynlər gəncləri çərçivəyə salırlar, olmaz. Bilirsiniz, körpə dəfələrlə yıxıla-yıxıla ayaqüstə yeriməyi öyrənir. Gənclərimiz də səhv edə-edə, uğursuzluğa düçar ola-ola uğur qazanırlar. Körpəni yıxılmaq böyütdüyü kimi, gəncləri də səhvlər, uğursuzluqlar böyüdür. Çox, yekə-yekə danışmaqdan çəkinmək, sadə olmaq gərəkdir. Həmçinin gözəl danışdıqları qədər də gözəl qulaq asmağı öyrənsinlər. Sosial şəbəkələrdən az, məqsədli şəkildə istifadə etsinlər. Virtual aləmdə geyimlərini, özlərini nümayiş etdirməsinlər. Ağıllarının məhsulunu, dəyərlərini nümayiş etdirsinlər. Həyat heç də göründüyü kimi deyil. Şahidiyik ki, dənizdən ovcumuza aldığımız su gömgöy deyil, şəffaf olur. Bir sözlə, gənclərimiz hər bir tənqiddən nəticə çıxarmalı, sadə, gözəl tərbiyəli,dürüst olmalı, hüquqa, ədalətə söykənməlidir.
-Sonda portalımızın oxucularına nə demək istərdiniz?
- Prtalınızı mütəmadi izləyirəm. Oxucularına da həmişə doğru, düzgün mənbələrdən qidalanmağı, milli dəyərlərimizi təbliğ edən məlumatları oxumağı məsləhət edərdim. Bəzi saytlarda bayağı yazılara rast gəlinir, bu, isə insanları çaşdırır. Lakin cəmiyyətin tərbiyəsi, gələcəyi üçün çalışan yaxşı yazarları dəstəkləməli, onlara layk vurmalı, sayını çoxaltmalıyıq. Dəyərli oxuculara sonsuz təşəkkürümü bildirirəm.
-Maraqlı müsahibəyə görə biz də sizə dərin təşəkkür edirik.
-Çox sağ olun.
“Ədəbiyyat və incəsənət”
(26.01.2026)


