Super User

Super User

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

“Nə var, nə yox?” da bugünkü müsahib qonağımız xanımdır. Məlumdur ki, qadınlar cəmiyyətin inkişafında mühüm rol oynayırlar. Hər bir qadın ilk növbədə bir anadır, övladının tərbiyəsində, mənəvi inkişafında, təhsilində əsas rol oynayır. Ana sevgisi bütün ağrıları yox etmə gücündədir. Qadınlar həm də müxtəlif sahələrdə uğur qazanıblar. Bu gün cəmiyyətimizdə həkim, şair, siyasətçi kimi tanınan bir çox xanımlarımız var. Beləliklə, bugünkü qonağımız Cəmiyyətin İnkişafında Vətəndaş Məsuliyyəti İctimai Birliyinin sədr müavini-icraçı direktor Turanə Orucovadır.

 

-Xoş gördük, Turanə xanım, oxucularımıza fəaliyyətiniz haqqında hansı məlumatları vermək istərdiniz?

 

- Məlumat üçün bildirirəm ki, mən işgüzar fəaliyyətə mədəniyyət sahəsində başlamışam. Mədəniyyət Mərkəzində, kitabxana sistemində topladığım təcrübəni bu gün vətəndaş cəmiyyətinin inkişafına töhfə verməklə davam etdirirəm. Müxtəlif qeyri-hökumət təşkilatlarında könüllü kimi göstərdiyim fəaliyyət nəticəsində bir çox layihələrin həyata keçirilməsində layihə rəhbəri, ekspert və s. kimi iştirak etmişəm. Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının Qərbi Azərbaycanlı gənclərlə iş mərkəzinin rəhbəri kimi Dövlətimizin bu sahədə həyata keçirdiyi siyasətə dəstək vermək, Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, milli adət və ən-ənələrininin təbliği istiqamətində müxtəlif layihələri həyata keçirtmək, öz tarixi dədə-baba torpaqlarımıza ləyaqətlə qayıtmağımıza çalışmaq əsas məqsəd və hədəflərimizdəndir. Hazırda Cəmiyyətin İnkişafında Vətəndaş Məsuliyyəti ictimai birliyində sədr müavini və icraçı direktor vəzifəsində çalışıram. Fəaliyyətimizi yeni tələblərə və çağırışlara uyğun qurmaqla cəmiyyətimizi narahat edən mövzularda layihələrin hazırlanıb həyata keçirilməsini əsas prioritet kimi müəyyənləşdirmişik.

 

-Turanə xanım, heç kimə sirr deyil ki, müasir texnologiyaların, sosial medianın hakim olduğu bir cəmiyyətdə yaşayırıq. Belə bir dövrdə gənc nəslin milli və vətənpərvərlik ruhunda tərbiyə olunmasında çətinliklər də az deyil. Bu məsələdə vətəndaş məsuliyyətini səfərbər etmək üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?

 

 - Doğrudan da, filosoflardan birinin dediyi kimi “cəmiyyətdə yaşayıb, ondan asılı olmamaq mümkün deyil” kəlamı müasir dövrdə daha qabarıq formada özünü göstərir. Facebook, Instagram, TikTok və s. sosial şəbəkələrdə milli adət ən-ənələrdən, milli dəyərlərdən, milli mentalitetdən uzaq paylaşımları görəndə ən azı təəssüflənməmək mümkün deyil. Buna baxmayaraq sosial platformalardan istifadə etməklə biz də milli adət ən-ənələrimizin, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, pis vərdişlərdən uzaq durmalarının vətəndaş məsuliyyətinin əsas məqsədi kimi qəbul etməli və bu istiqamətdə ciddi təbliğat aparmalıyıq. Onu da qeyd etmək lazımdır ki, 44 gün davam edən Vətən Müharibəsində düşmən üzərində qazandığımız möhtəşəm qələbə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında da əsas ideoloji bir xəttin formalaşmasını təmin etmiş oldu. Bu baxımdan ailələrdən, uşaq bağçalarından, orta ümumtəhsil müəssisələrindən tutmuş ali təhsil ocaqlarına qədər gənclərimizin milli ruhda yetişdirilməsi əsas prioritet olaraq müəyyən olunmalıdır. Milli klassik musiqilərimizin, muğamlarımızın və s. təbliğinə ciddi yanaşmalı, Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə tanıdılması istiqamədində diaspor təkilatlarının, milli QHT-lərin və s. imkanlarından istifadə edilməlidir.

 

- Fəaliyyətinizdə uğurlar diləyirik, Turanə xanım, Sizi " Ədəbiyyat və İncəsənət" portalının qonaq kürsüsündə görmək çox xoş oldu.

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2025)

Çərşənbə, 12 Mart 2025 15:03

Səmanın Dünyası – HEKAYƏ, 1-Cİ BÖLÜM

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Əziz oxucum! Səni Səmanın dünyasına aparacaq bir hekayə gözləyir. Onun həyatına toxunmaq, hisslərini anlamaq istəyirsənsə sən də bu yolçuluqda mənə qoşul. Hekayə 4 hissədə təqdim olunacaq. Xoş mütaliələr!                                      

 

Səmanın acı həyatı

İyul ayının ortaları idi. Göy üzü yavaş-yavaş aydınlanır, səma mavi gözləri ilə öz dünyasına tamaşa edirdi. Yüksəkdən baxanda hər şey o qədər estetik görünüşə sahib idi ki, bu gözəllikləri yaradan Allahın varlığına inanmamaq cahillik olardı. Bu gözəlliklərin əhatəsində insan həyatına daldıqda isə hər kəsin eyni olmadığının, eyni dəyərlərə sahib olmadığının şahidi olurdu. Kimi xoşbəxt, kimi bədbəxt, kimisi də xoşbəxt bədbəxt idi.

İnsan üçün həyatda ən önəmli olan şey öz mövqeyini bilməsidir. Onlar həyatda kim olduqlarını və nəyə sahib olduqlarını bilən, buna uyğun olaraq həyatlarına davam edən insanlardır. Bir də, bunun əksinə olan insanlar var. Həmin insanlar “xoşbəxt bədbəxtlər”dir. Xoşbəxt bədbəxtlər həyatda hər şeyə sahib olan, ancaq özlərinə sahib olmayan insanlardır. Həyat onlar üçün əsl faciədir, hər nə qədər fərqində olmasalar belə...

Kəndin sakinləri hələ yuxudan oyanmamışdı. Şirin yuxusundan ayrılmaq istəməyən balaca Səma gözlərini ovuşdura-ovuşdura istəksizcə yerindən qalxdı. Hər səhər olduğu kimi, bu gün də səbətini götürüb kəndin ucqar dağlarına, dağ ətəklərinə yollandı. O, buraya müxtəlif meyvələr, giləmeyvələr, yabanı bitkilər (yemişan, itburnu, böyürtkən, qarağat, kəklikotu, nanə, moruq) toplamaq üçün gəlirdi. Bu, onun gündəlik həyatının ayrılmaz hissəsi idi. Əliboş qayıtmaq isə onun günlərcə ac qalması və daha çox əzaba düçar olması demək idi. Ona görə də kənd hələ yuxudan oyanmadan o, hamıdan tez qalxaraq yola düzəldi.Quşların nəğməsi ətrafa yayıldıqca Səma da dodağının altında arabir mırıldanır, sanki quşların səsi ilə öz ruhunu birləşdirirdi. Təbiət qoynunda zaman keçirməyi çox sevən Səma böyük həvəslə gün çıxana qədər səbətini doldurdu. Burada o, bütün insanlardan, hər şeydən uzaq, dərdsiz, şıltaq bir qızcığaz idi. Xoşbəxt idi. Çünki tək sirdaşı olan səmaya baxaraq uzun-uzadı dərdləşir, rahatlıq tapırdı. Hər ikisi eyni dünyanın sakini idi: biri haqq dünyasında yaşayan, yerdəki haqsızlıqlara göz yaşı tökən səma, digəri isə haqsızlıqların qurbanı olmuş, ancaq ümidlə yaşayan, yaşadıqlarına rəğmən ümidini itirməyən yer sakini idi.

Hələ 12 yaşı olan bu balaca qız həyatın ən sərt sınaqları ilə üz-üzə idi. Yeni doğulanda atası dünyasını dəyişmişdi. Anası isə onu ataraq çıxıb getmişdi. O gündən sonra nə onu görən, nə də harada olduğunu bilən vardı. Elə o gündən Səma ata nənəsinin himayəsində qalmışdı. Körpə vaxtında nənəsinin onu necə böyütdüyünü bilməyən Səma 6 yaşından nənəsinin ona yaşatdığı hər əzaba dözərək həyatın acı və sərt sınaqları ilə üzləşmişdi. Kənddə yaşıdları məktəbə gedərkən, ən böyük arzusu məktəbə getmək olan Səma bu arzusuna çata bilmirdi. O, oxumaq istəyirdi, ancaq bircə kitabı belə yox idi. Bəlkə bir kitabı olsaydı, o da bunun öhdəsindən gələ bilərdi. Axı hər şey istəməkdən başlayır! Səma həyatın ona verdiyi sərt dərslərə qarşı hər gün arzularını bir az daha itirirdi. Oxumaq onun arzusu idi. İndi isə bu arzunun nə vaxtsa gerçəkləşib-gerçəkləşməyəcəyini bilmirdi.

Kəndə çatanda artıq hər tərəf işıqlanmış, kənd sakinləri yuxudan oyanaraq öz işləri ilə məşğul olurdular. Səma gətirdiklərini nənəsinə verib üst-başını təmizləməyə getdi. Birlikdə səhər yeməyi yedikdən sonra digər işlərlə məşğul olmağa başladı.Nənəsi onu heç boş qoymazdı; gün ərzində yeni işlər tapar, eyni işləri yenidən gördürər, istirahət verməzdi. Yalnız axşamlar bütün günün yorğunluğunu üzərində hiss edərək yatağına uzanardı. Həmin anlarda öz düşüncələri ilə təkbaşına qalardı. Həyatdan, öz bəxtindən heç zaman şikayət etməzdi. Bir gün hər şeyin yaxşı olacağına, düzələcəyinə ümid edirdi.Nənəsinə də nifrət etmirdi. Hələ 12 yaşı olsa da, düşüncələri çox dərin, anlamlı idi. Onun bu hərəkətlərinə haqq qazandırmağı da bacarırdı. Oğlunu itirmiş, gəlini körpə uşağı başsız qoyub getmiş, bu qocalan xəstə yaşında tənha qalmışdı. Səma bilirdi ki, nənəsi başına gələnlərə görə həmişə anasını günahkar hesab edərdi. Atası ilə evlənən gündən ailəmizə bədbəxtlik gətirdiyini deyərdi. Anası onunla heç vaxt yola getməzdi, ona görə də atası öləndən sonra burada qala bilməyəcəyini bildiyi üçün onları tərk etmişdi. Nənəsi də bu yaşananlara görə balaca Səmanı günahlandırır, sanki ona verdiyi əzablarla təsəlli tapırdı. Ətrafında onun acılarını, dərdini danışacaq kimsəsi yox idi. O da bu yolla hər şeyə, hər kəsə qalib gəldiyini düşünürdü. İnsan təbiəti gərəyi özünü üstün görmə, meydan oxuma, xor baxmaq sanki qarşısındakını haqsız olduğunu ya da haqsız duruma düşdüyünü görmək bir üstünlük, qalibiyyət hesab olunur. İnsan öz acizliyini qəbul etməyən yeganə varlıqdır. Və insanlar unudurlar ki, dünya sonsuz yaşam üçün yaranmadı; ölüm bir nəfəs qədər yaxın, yaşananlar bir o qədər saxta...

Səma dünyasını özü kimi təmiz, günahsız, sevgi dolu görmək arzusuyla oyanırdı hər səhər. Ancaq dünya onun arzuladığı kimi bir yer deyildi. Gördüyü haqsızlıqlar qarşısında səsini duyurmaq üçün gah ağlayır, gah gurlayır, gah da alovlar yağdırırdı, lakin heç kəs onun səsini eşitmir, fəryadını duymur, dərdini anlamırdı. Səmadan başqa. Səmanın yeganə dostu, sirdaşı mavi səma idi. Hansı ki, hər səhər ona baxaraq günə başlar və ona tamaşa edərək yuxuya dalardı. Bu dostluq öz adının anlamını bildiyi gündən başlamış və sonsuzadək davam edəcəyini deyərək əhd etmişdi. Səma əzab çəkəndə, özünü pis hiss edəndə başını qaldırıb səmaya baxardı və bilirdi ki, ədalət yüksəklərdə də olsa var. Beləcə təsəlli tapardı.Bir də ona təsəlli verən başqa bir şey vardı. Bir gün anasını axtarıb tapacaqdı... Anası ilə bağlı cavab tapmadığı sualları vardı. O, anası haqqında çox şey bilmirdi. Nənəsindən onun haqqında soruşanda çox qəddar görünərdi. Hər şeyə görə onu günahkar hesab edir, yaxşı biri olmadığını, əgər yaxşı ana olsa, övladını atıb getməzdi deyərdi. Səma isə susub bir söz belə deməzdi. Heç olmasa bircə dəfə onu görmək istəyirdi. Əgər görə bilsə, necə biri olduğunu biləcəkdi. Nənəsinin dedikləri öz doğruları idi, yoxsa doğrudan da hər şey onun dediyi kimi idi? Deyilənlər həqiqətdirsə, anasına sadəcə bir sual verəcəkdi: “Ana, məni nə üçün tərk edib getdin?” Və bununla da bütün suallarına cavab tapacaqdı. Bu suallar onu hər zaman düşündürürdü. Cavab isə anasında gizli idi. Nə zaman olsa da, onu axtarıb tapacaqdı. Bunu hər gün düşünürdü.

Son zamanlarda nənəsi ona daha çox əziyyət verməyə başlamışdı. Gördüyü iş xoşuna gəlməsə (bəzən yaxşı olsa belə, qəsdən edirdi), onu saçından tutaraq ev boyu sürüyər, günlərlə ac saxlayar, sadəcə su verərdi. Səma da dağa gedən zaman oradan tapdığı giləmeyvələrlə qarnını doyurmağa çalışardı. Bir gündə yediyi sadəcə bundan ibarət idi. Artıq qış yaxınlaşırdı. Havalar demək olar ki, soyumuşdu. Artıq dağa çıxmaq mümkün deyildi, həm də toplayacaq bir şey də demək olar ki, yox idi. Nənəsi onu yenə də dağa getməyə məcbur edirdi.Səmanın əyninə geyinəcək qış paltosu belə yox idi. Əynində hər tərəfi sökülmüş, uşaq əli ilə yamaq vurulmuş köhnəlmiş köynək, ayağında cırıq ayaqqabı, köhnəlmiş papaq və qəhvəyi rəngli bir ətəyi var idi. Kənardan baxanda üstü çox pis görünürdü. Yoxsul yaşadığı hər halından hiss olunurdu. Bu qışı belə keçirməli idi. Başqa paltarı yox idi. Bu paltarları da qonşu kənddən göndərmişdilər. Paltarların hamısı geyinilmişdi. Səmanın heç zaman yeni paltarı olmamışdı. Dünyaya gələn zaman atası ona işlədiyi puluna bir cüt ayaqqabı almışdı. Bu, onun aldığı ilk və son hədiyyəsi idi. Həmişə başqa uşaqların paltarlarını geyinərək böyümüşdü. Bu ayaqqabını o, indi də saxlayırdı. Atasını xatırlayanda həmişə ayaqqabıları çıxarıb öpər, hönkür-hönkür ağlayardı. Bu, onu biraz da olsa rahatladardı. Atasının onu sevdiyini bilirdi. Ondan sonra kimsə ona sevgi, qayğı, xoş münasibət göstərmədi. Bütün bu haqsızlıqları görən Səma dostunun halına çox yanırdı, ancaq ona köməklik edə bilmirdi. Məsafələr uzaq olsa da, dostluqları bir o qədər yaxın idi. Səma öz dostuna söz vermişdi: “Bir gün mütləq biz görüşəcəyik...”

Son zamanlarda yaşadıqları onu demək olar ki, usandırmışdı. Cavabını bilmədiyi suallar daha tez-tez təkrar olunmağa başlayırdı. Qəti bir fikrə gələ bilməsə də, artıq belə yaşaya bilməyəcəyini qət etmişdi. O, hər zaman özündə bu gücü hiss edirdi, ancaq biraz qorxu, həyəcan və ətraf haqqında məlumatsız olması onu qəti qərara gəlməsinə mane olurdu. Heç zaman kənddən qırağa çıxmamış olması, ona dəstək olacaq, yol göstərəcək bir rəfiqəsinin, dostunun olmaması bu düşüncələri doğururdu. Hər nə olur olsun, getməyə qərarlı idi. Bu gediş ona bəlkə xoşbəxtlik, yeni həyat bəxş edəcəkdi?Çox zaman Yeni il öncəsi qonşu kəndlərdən ya da ətrafdakı qonşulardan Səmaya geyim, biraz da pul gətirərdilər. Hər kəs onun necə həyat keçirdiyini bilirdi. Ona görə də kömək etməyə çalışırdılar. Nənəsi ilə nə qədər dil tapmağa çalışsalar da, bir xeyri olmamışdı. O, çox sərt və rəhimsiz idi. Səmaya verilən pulu da özü mənimsəyərək ona heç nə verməzdi. Səma isə bəzən çox meyvə toplayanda onu gizlin sataraq pul yığardı. Bəzən də onu kənardan görüb halına acıyan kəndlilər yolda ona bir neçə manat verərdilər. Səma bu pulları xərcləməz, yatağının altındakı ayaqqabıları olan balaca mavi qutuda saxlayardı. İndi düşünürdü ki, həmin pulun bir hissəsinə bilet alaraq şəhərə gedər, qalanı isə anasını tapana qədər az-az xərcləyər. Sonra da özünə bir iş tapar, həmişəlik şəhərdə yaşayar və bir daha kəndə qayıtmazdı. Səma bilirdi ki, nənəsi onu heç vaxt bağışlamaz, qayıtsa belə, indikindən daha çox əzab çəkər. Bu geri dönüşü olmayan bir yol idi...

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist, Milli Məclisin eksperti Əkbər Qoşalının görkəmli Azərbaycan şairi Davud Nəsib barədə yazısını təqdim edir. Müəllif yazını “Ədəbiyyat və incəsənət” portalında gedən “Poeziya antologiyası”nda “Davud Nəsib həftəsi”ni izlədikdən sonra qələmə alıb.

 

Azərbaycan poeziyasının nəcib simalarından biri olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov; 25.08.1942, Qazax – 26.032003, Bakı) 22 il bundan öncə gözlərini bu dünyaya yumdu. Ruhuna şadlıq dilədiyimiz şair, şeiri yalnız sənət üçün yox, həm də insan ruhunun, milli kimliyin, mənəvi borcun ifadəsi kimi yaşadan şairlərdən idi. Şairin yaradıcılığı, təsirli duyğularla yoğrulmuş misraları, vətən sevgisi və insani dəyərlərə sadiqliyi onun poeziyasını təkcə bədii örnəklər yox, həm də bir şəxsiyyətin iç dünyasının poetik kodları kimi təqdim edir.

 

Örnəyi,

Davud Nəsibin “Ata”, “Ata laylası” və “Əkizlər” şeirlərində atasızlıq, ata itkisi və ataya mənəvi bağlılıq motivləri özəl yer tutur. Onun atası 2-ci Dünya Müharibəsi zamanı Mozdok uğrunda gedən döyüşlərdə həlak olduğuna görə, şairin yaşamında ata obrazı daim bir nisgil, eyni zamanda, ruhani bələdçi kimi qalıb...

 

“Əkizlər” şeirində atasız böyüyən övladın özündə ata izlərini axtarması və ona bənzəmək istəyi ifadə edilir. Bu, necə deyərlər, bir növ, ruhun məkan axtarışıdır – ata obrazı yalnız fiziki yox, mənəvi bir dayağa çevrilir. Davud Nəsib ata mövzusuna həm fərdi, həm də ümumi bir prizmadan yanaşır. Onun şeirlərində ata – yalnız bioloji varlıq deyil, həm də insan ruhunun aynası, yaşamın mənəvi qütbü kimi təsvir olunur.

 

Şairin poeziyasında vətən sevgisi, belə demək mümkünsə, gözlənilən hiss-həyəcan, ovqat kimi deyil, insanın yaşam fəlsəfəsi, yığvalı kimi ifadə olunur. Onun “Azərbaycan” və “Mənim andım” şeirləri bu baxımdan özəlliklə vurğulanmalıdır. Bəli, burada Azərbaycan yalnız coğrafi məkan deyil, tarix, yaddaş və ruhun tamlığı kimi təqdim edilir.

 

“Mənim andım” şeirində şairin vətənə bağlılığı hamılaşmış, normalaşmış sevgi olmaqdan çıxıb, bir ömürlük borc və and olaraq təcalla edir. Burada fədakarlıq, milli ruh və şərəf motivləri açıq-aydın görünür. Bu şeirlər, özəlliklə müstəqillik dönəmində yazılmış əsərləri, onun yalnız lirik deyil, həm də vətəndaş şair missiyası daşıdığını göstərir.

 

Davud Nəsibin “Ümid” və “Nəsihət” şeirləri onun poeziyasının təkcə keçmişə və indiyə yox, həm də gələcəyə yönəlik olduğunu sübut edir. Onun nəsihətləri öyüd vermək xatirinə deyil, insanın həyatında əsas prinsipləri formalaşdırmaq üçün yazılıb. Şairin poetik dünyasında ümid insanın yaşamaq, mübarizə aparmaq və öz yolunu tapmaq üçün başlıca mayak kimi çıxış edir.

 

Bəli, şairin poetik yaradıcılığı yalnız gözəlliyin, lirizmin yox, həm də vicdanın poeziyasıdır. 

Bəli, Davud Nəsib nəinki hisslərin, həm də düşüncənin, milli ruhun və insani dəyərlərin şairidir. Bəli, onun şeirlərində sevgi romantik təlatümlər deyil, sədaqət, vəfa və dərin insanilik üzərində qurulur və işıq seli kimi yayılır, yüksəlir.

 

Davud Nəsibin misraları bizi hələ də düşündürür, duyğulandırır, ruhlandırır. Onun poeziyası, sanki bir vicdan aynası kimi, oxucusuna öz könlünə göz atmaq, vətən, el-oba, şenlik və ev-eşik qarşısında öhdəliklərini yenidən dəyərləndirmək üçün fürsət yaradır. Şairin poetik yaradıcılığı güncəlliyini bundan sonra da qoruyacaq - biz buna inanırıq - çün o, yalnız bir dönəmin mövzuları içində qalmayıb, şeirin, ədəbiyyatın əzəli-əbədi mövzularına üz tutub, qələm çalıb, kitab yazıb...

 

Mənə doğma “Ədəbiyyat və incəsənət” portalının “Poeziya antologiyası”nda “Davud Nəsib həftəsi”ni izləmək xoş oldu.

Mənə elə gəldi, Davud Nəsibin poeziyası, sanki zamanın yaddaşında həkk olunmuş şairanə bir anddır. And içmək, andlı olmaq və anda tanıqlıq sıradan olaylar deyil… 

Öz gənclik illərinin ən nüfuzlu gənclik ödüllərini almış şairin ömrünün son illərində gün üzü görən “Cavanşir” tarixi romanı sübut edir ki, onun nasir kimliyi şair kimliyindən heç də geri qalmayıb…

Ocağı sönməsin, ruhu şad olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2025)

 

1988-ci ilin qarlı 28 noyabr gecəsində öz doğma yurdunu məcburən tərk edən şair Güldərən Vəli, hələ də, Göyçə dərdi, Göyçə həsrəti ilə yazır... Bu həsrət, bu boyatlamayan dərd  ruhunda  daim çağlayır. 

 

“Ədəbiyyat və İncəsənət” portalının oxucularına şairin 2007-ci ildə  qələmə aldığı şeir-xəritəni təqdim edirik. Oxucular bu şeir-xəritəni oxuyaraq Göyçə  mahalı Basarkeçər rayonu Dərə kəndini “ziyarət edəcək”, milli toponimlərlə də tanış olacaqlar.

 

Ay vətən oğlu

 

Dünyanı seyr edən, ay vətən oğlu,

Öz ana yurduna, gəlsənə, gedək.

“Gədölən” dərədən çıxaq yuxarı,

“Qatarqaya”dan da bu yana enək.

 

“Mamalı yolu”ndan keç “Rusqırılan”a,

“Zirnicli bulaq”dan qalxaq “Qısır”a.

Oradan enəndə “Oruc oğlu”na,

“Piyalə bulaq”dan doyunca içək.

 

“Qısırın boynu”nda bir ayaq saxla,

“İsgəndər ocağı”na bir nəzir bağla.

Daşına üz sürtüb pirin qucaqla,

Çöküb diz üstünə torpağın öpək.

 

“Qaraçı yurdu”dur dağın ayağı,

“Sudəyən qaya”dan bir az aşağı.

Bax, “Bərə yeri”dir çayın qırağı,

Doqquzdəni yeyək, çiyələk dərək.

 

“Saqqızlı dərə”də gəzənlər hanı?

“Tüklü təpə”dədir futbol meydanı.

“Palıdlı meşə”si sorur halını,

Gəzdəyin başını gedək, bir görək.

 

Elə ki, düşmüşük yolun ağına,

Gəl qonaq olaq “Qızlar bulağı”na.

Dodağını söykə buz dodağına,

Göynəyə-göynəyə biz sərinləyək.

 

“Danalıq” bəzəkli cehiz xalısı,

“Qoç qoruğu” onun bəylik xonçası.

“Nazlı bulağı”nda üzən sonası,

“Lilparlı dərə”dən gəl bir də keçək.

 

Dolama yollarda durmur ayağım,

Nə gözəl qaynayır “Çoban  bulağı”m.

“Qara quzeyin başı” sərin yaylağım,

Əl-ələ verək biz, ürəklə gəzək...

 

“Ağ qaya”dan  kəsə çıxa biləydim,

“Koroğlu” qayasından baxa biləydim.

“Gur bulaq”tək coşub, axa biləydim,

Dərəni, təpəni gəl bir-bir gəzək.

 

“Gur bulaq”dan aşdı el “məntəqə”yə,

Hərə bir tərəfdə qurubdur dəyə.

Artıq ehtiyac yox bir söz deməyə,

Obada oturub duz-çörək kəsək.

 

“Məntəqə”dən bəri, “Xınna”ya aşdım,

Gördüm gözəlliyi, düzü, mən çaşdım.

Elə bil sehirli qapılar açdım,

Qırmızı lalədən donunu biçək.

 

Xaşxaşı yeyirsən təzə bal  kimi,

Baxırsan bu yurda nitqi lal kimi.

İstərəm, başına atıb şal kimi,

Laləyə qarışıb bu çöldə bitək.

 

“Məntəqə” olubdur elin yaylağı,

Çalxanır nehrəsi, tutulur yağı.

Pendiri, motalı, təzə qaymağı,

Köpüklü südündən gəl biz də içək.

 

Şəlalə dərədə düşübdür səsə,

Üzünə bir sərin dağ yeli əsə.

Bu yerdə çiçəklər düşübdür bəhsə,

“Solmaz çiçəyi”ni çəməndə seçək.

 

Güldərən, xəyalın yolları aşdı,

Fikrin ana yurdu yenə dolaşdı.

Göyçəni tərk edib elləri, qaçdı,

Kaş “Göyçə gölü”ndə bir dəfə üzək.

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2025)

 

 

 

 

 

 

Cahangir Namazov, Özbəkistan, “Ədəbiyyat və incəsənət” üçün

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondünün “Türk Mədəniyyəti ünlüləri” layihəsində budəfəki söhbətdaşımız tanınmış türk şairi, jurnalisti  və tərcüməçi Cöşkun Karabulutdur.

Söhbətimiz ədəbiyyat, şeir, şəxsi baxışlar və bu günkü gündə şair və yazıçıların cəmiyyətdəki yeri haqqındadır.

 

—Şeir yazma prosesində ilham və zehni vəziyyət arasında necə bir əlaqə görürsünüz?

 

—Şeir yazma prosesində ilhamın, bir kəlmə belə olsa qulağa pıçıldanması mənim fikrimcə, şeirin varoluşunun əsasını təşkil edir. İlham, şeirə Tanrısal bir toxunuş kimidir. Şeirin ruhu da məhz bu ilhamda gizlidir. Təcrübə və bilik yığımı ilə də şeir yazanlar var, əlbəttə. Amma məncə, bu cür şeirlər ruhsuz olur.  Şeir, insan kimidir, həm ruhu, həm də bədəni olmalıdır.

İlham, ruhun dərinliklərindən gələn bir səsi eşitməkdir, o səsin varlığı şeirin mənasını təşkil edir. 

Şeir, bir ürəyin izində var olmalıdır, yalnız ağıl ilə deyil, ürəyinin səsi ilə.

 

—Yaradıcı prosesinizdə ən çox qarşılaşdığınız maneələr nələrdir?

 

— Yazma prosesində heç bir maneə mənə əngəl ola bilməz. Yeter ki, düşünmə qabiliyyətim, ağlım və ürəyim sağlam olsun. Lakin kitab hazırlama prosesi tamamilə fərqli bir hekayədir. Kitab çap etmək həqiqətən çox bahalı bir işdir. Bir də oxuyanların sayı çox azdır, xüsusən şeir və düşüncə yazıları kimi janrlara maraq daha da azdır. 

Populyar kitablar çox satılır, amma şeir, dərin düşüncələr və ya insanın ruhuna toxunan mətnlər çox az maraq doğurur. 

Yenə də, bu prosesin çətinliklərinə baxmayaraq, yazmağa davam etmək, içimdəki həqiqəti xaricə çıxarmağın bir yoludur. 

Yazmaq, bəzən yalnız özünü tapmaq üçün də edilir.

 

—Şair olaraq insanlıq və əxlaq anlayışlarını necə təyin edərdiniz? Bunları şeirlərinizə necə daxil edirsiniz?

 

—Mənim ən böyük prinsipim əvvəlcə insan olmaqdır. Erdemli olmaq, vicdanla və doğru ilə yaşamaq, sonra şair, yazıçı, rəssam və ya başqa bir peşə sahibi olmaq nə olursa olsun. İnsan, ilk növbədə insan olmalıdır. 

Əgər bir şair yazdıqlarına inanmır və həyatını buna uyğun şəkildə yaşamırsa, o zaman yazdıqlarının heç bir əhəmiyyəti yoxdur. Bir şairin sözləri, ruhunun əks-sədasıdır; əgər o ruh həqiqi və səmimi deyilsə, oxucusu da bunu hiss edər. Bir insanın səmimiyyəti, onun yazılarında ən çox önə çıxmalı olan xüsusiyyətdir. Yazmaq, yalnız sözlərin rəqsi deyil, bir ruhun ifadəsidir.

 

—Özünüz üçün ən yüksək insani fəzilət nədir və bunu necə qorumağa çalışırsınız?

 

—Səmimiyyət, mənim üçün ən vacib şeydir. Yazılarımda, düşüncələrimdə və ya həyatımda heç vaxt heç kimi istifadə etmək, çıxar üçün hərəkət etmək istəmirəm. Səmimi olmaq, içdənliklə və dürüstlük ilə bir şeylər ifadə etmək çox önəmlidir. 

Həqiqi səmimiyyət, maddiyyatın və ya çıxarın kölgəsindən uzaq bir həyat sürməyi tələb edir. Yalnızca həqiqi şəxsiyyətimi əks etdirərək, həm insan olaraq, həm də bir sənətkar olaraq doğru yolu izlədiyimi düşünürəm. Səmimiyyət, mənim üçün yazının ən vacib xüsusiyyətidir.

 

—Yaradıcı ruh halına müsbət təsir edən amilləri necə təyin edərdiniz? Bir yaradıcı olaraq dostlar və ailənin rolu nə dərəcədə əhəmiyyətlidir?

 

—Yaradıcı ruh halını təsir edən əsas amillərdən biri, insanın öz daxili harmoniyasını tapmasıdır. Fiziki mühitin rahat olması, düşüncələrin sərbəst axmasını təmin edir. Yaradıcı şəxs üçün ailə və dostların rolu böyükdür; onlar yalnız dəstək verməkdə deyil, həm də ilham mənbəyi olurlar. 

Ailə mühiti, yaradıcı insanın özünü ifadə etməsi və daxili sükunətini tapması üçün vacibdir. Huzurlu bir ailə, yaradıcı ruhu qidalandıran ilk mənbədir . Beləliklə, yaradıcı düşüncənin inkişafı, yalnız xarici mühitlə deyil, ətrafınızdakı insanlarla da sıx bağlıdır.

 

—Şairin daxili dünyası və ruh halı şeirlərinə necə əks olunur? Belə ruh hallar şeirlərinizi necə formalaşdırır?

 

—Şair ruh halini yoluna qoymadan yazmamalıdır, çünki şair əvvəlcə özü nümunə olacaq bir ruh halına sahib olmalıdır. Fani və keçici olanın içindən əbədi və daimi olana, mütləq olana, sonsuza necə gediləcəyini özündə həll etmiş olmalıdır ki, əsərlərinə yansıtabilsin və yol göstərən ola bilsin. Əks halda, şairin param-parça ruh halı ilə məşğul olmağa heç kəsin vaxtı yoxdur.

 

—Sizi ən çox ilhamlandıran Türk ədəbiyyatı təmsilçiləri kimlərdir? Onların əsərləri sizin yaradıcı prosesinizə necə təsir etdi?

 

—Əskilərdən Yunus Əmrə, Əli Şir Nəvai və Ahmət Yəsəvi, həyatın müvəqqəti deyil, əbədi gözəlliklərini və həqiqətini kəşf etməyimdə mənə ilham verib. Onların hikmət dolu sözləri, insan ruhunun dərinliklərinə toxunur. Yenilərə gəldikdə isə, Nazim Hikmətin sosial şeirləri, Özdemir Asafın insanın iç dünyasına işarələri, Məlix Cevdət Andayın müasir dünyanın çətinliklərinə dair düşüncələri və Sunay Akının təbəssüm yaratmaqla həyatın mənasını axtarışları mənim şeir tərzimi formalaşdırıb. Bu şairlər, həm dil, həm də məna baxımından mənə böyük təsir göstərib.

 

—Ədəbiyyatda şəxsi fikirlərinizi ifadə edərkən sizin üçün ən vacib şey nədir?

 

—Şeir, həyatın gizli qatlarını ortaya çıxarmağa çalışan bir işıq arayışıdır. Görünənin arxasında gizlənən həqiqətləri tapmaq, zamanın sonsuzluğunda bir iz qoymaq istəyidir. Şair, yalnız öz iç dünyasında deyil, oxucunun ruhunda da bu işığı yandırmaq istəyir. Sözlər, qanadlarını bərpa edib uçmaq üçün hazırlanmış birer arzusudur; hər biri bir yola, bir gerçəkliliyə açılan pəncərədir. Həyatın dərinliklərini sevmək, o dərinliklərə göz açmaq və onları insanlara göstərmək, bir növ varoluşun özüdür.

 

— Qarşılaşdığınız ən böyük sınaqlar və çətinliklər nələrdi? Bu təcrübələr yaradıcı prosesinizə necə təsir etdi?

 

— Həyatımda qarşılaşdığım ən böyük problem, dünyanın keçici olduğunu ən yaxşı bilməli olan din adamlarının belə, bu dünyada əbədi qalacaqlarını düşünərək mal-dövlət toplama həyəcanıdır. Halbuki, hər şeyin bir sonu var. Bu dünyadakı varlıq bir nağıl kimi qısa, bir anlıqdır. Əsl zənginlik, əbədi olanı bu fani dünyada tapmaqdadır. Şairin ən böyük vəzifəsi, fani bədənlə sonsuzluğa gedən yolu axtarmaq və öz oxucularını da bu yola dəvət etməkdir. Həyat keçicidir, amma bu keçici dünyada hər anın içində ölümsüzlük gizlidir. Şair, oxucularına bir məna tapmağa çağırır:

 "Fani olanı dərk edərək, əbədi olanı hiss etmək."

Ona görə də hər şair, öz varlığını yalnız keçici dünyada deyil, zamanın ötesindəki həqiqətləri tapmaq üçün qoyur.  Hər bir kəlmə, bir addım, bir qanad, sonsuzluğa gedən yolda atılan bir addımdır.

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2025)

 

 

Çərşənbə axşamı, 11 Mart 2025 19:55

Gürcüstanda azərbaycanlılar şahmat turniri keçiriblər

 

Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Evində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qızlararası şahmat turniri keçirilib.

Turnirin məqsədi gənc şahmatçılar arasında intellektual bacarıqları inkişaf etdirmək və dostluq əlaqələrini gücləndirmək olub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə yarışda GAİM, İnkişaf və Təhsil Mərkəzi, Saral İnkişaf və Təhsil Mərkəzi, Qaraçöp Parlaq Gələcək Tədris Mərkəzi (Saqareco), Marneuli bələdiyyəsi şahmat məktəbinin yetirmələri iştirak ediblər.

Parlaq Gələcək Tədris Mərkəzindən Nuray Hacıyeva birinci, Yetər Əliyeva üçüncü, GAİM-dən Zəhra Allahverdiyeva ikinci, Alina Yaqubova isə üçüncü yerə çıxıblar.

Sonda qaliblər medallarla mükafatlandırılıb, iştirakçılara isə diplomlar təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2025)

 

Bugün Azərbaycan səhnəsinin böyük sənətkarı, Xalq artisti, komediya ustası Bəşir Səfəroğlunun anadan olmasının 100 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq artistinin həyat və səhnə fəaliyyətindən bəhs edən “Güldürən və düşündürən komediya ustası” adlı material hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, Kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilən biblioqrafik icmalda Bəşir Səfəroğlunun biblioqrafiyası, həyat və fəaliyyətinin əsas tarixləri haqda məlumatlarla yanaşı, “Bəşir Səfəroğlu sizin üçün kimdir?” başlığı altında mədəniyyət, incəsənət xadimlərinin, yazıçı və jurnalistlərin Xalq artisti haqqında söylədikləri dəyərli fikirlər, maraqlı faktlar yer alır. Materialda Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin “Güldürən və düşündürən komediya ustası”, tanınmış jurnalist, yazıçı Tahir Abbaslının “Bir aktyorun “PORTRET”ləri..Və onların cəmindən törəmiş “Bəşir Səfəroğlu AvtoPORTRETİ”...” kimi məqalələrin tam mətni təqdim edilir.  Kitabxana əməkdaşları tərəfindən hazırlanan biblioqrafik icmalda Bəşir Səfəroğlu haqqında məlumatların yer aldığı “Azərbaycan teatr tarixi”, “Azərbaycan Teatr Ensiklopediyası”, “Səhnə fədailəri”, “Həzin ömrun nağılı”, “Bəşir Səfəroğlu: sənətdə keçən ömür”, “Güldürərək düşündürən teatr” kimi 10-dan çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövrü mətbuat nümunələri sərgilənir.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2025)

 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Polşaya rəsmi səfəri çərçivəsində Polşa Respublikasının Senatının vitse-marşalı Mixal Kaminski ilə görüşüb. 

 

“Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən xəbər verir ki, görüş zamanı Türk dünyası və Polşa arasında mədəni əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və mədəni irsin qorunması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.

Xanım Raimkulova Fondun Türk dünyasının mədəni və tarixi irsinin qorunması və təşviqi sahəsində gördüyü işlər, eləcə də Polşa ilə bu istiqamətdə mümkün əməkdaşlıq perspektivləri barədə məlumat verib. 

O, Polşada yaşayan türk mənşəli icmaların – tatarların və karaimlərin mədəni irsinin qorunması və öyrənilməsi sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Senatın vitse-marşalı cənab Kaminski Polşanın tarixi və mədəni irsin qorunmasına böyük önəm verdiyini qeyd edərək, Türk dünyası ilə mədəni mübadilənin inkişaf etdirilməsinin əhəmiyyətini bildirib.

Görüşdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova və Qazaxıstan Respublikasının Polşa Respublikasındakı səfiri Alim Kirabayev iştirak ediblər.

Görüş tərəfləri maraqlandıran digər məsələlər üzərində müzakirələrlə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2025)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Yadınızdadırsa Nobel mükafatçısı, tanınmış Türkiyə yazıçısı Orxan Pamukun “Mənim adım qırmızı” romanında Nizami “Xəmsə”sinin rəngkarlıqda təsvirindən də söz açılır. 

Bunu elə-belə xatırlatmadım. 

Türkiyədə dahi Azərbaycan şairi, Türk dünyası ədəbiyyatının zirvəsi Nizami Gəncəviyə həsr olunmuş layihələr reallaşdırılır. O cümlədən də rəngkarlığa aid bir layihə. 

 

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Ankara şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birgə, il ərzində Türkiyədə “Nizami Gəncəvi əsərləri miniatürlərdə” adlı rəsm müsabiqəsi və sözügedən əsərlərin sərgisini açacaq. Və bu barədə də AzərTAC xəbər yayıb.

Layihəyə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi də müvafiq dəstək göstərəcək. 

Bu barədə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Ankara şəhər Mədəniyyət və Turizm müdiri Erhan Karakaya arasında keçirilən görüşdə razılıq əldə olunub.

Qeyd edək ki, müsabiqə məqsədilə Azərbaycan Mədəniyyət Mərkəzi, Ankara Etnoqrafiya Muzeyi və Rəsm, heykəllər Muzeyinin mütəxəssislərindən ibarət Təşkilat Komitəsi yaradılacaq. Bu ilin mart ayında Nizami Gəncəvinin anım günlərindən başlayacaq müsabiqəyə dahi şairin doğum günlərində - sentyabr ayında yekun vurulacaq. 

Türkiyəli rəssamlar arasında elan olunan müsabiqəyə əsasən Nizami Gəncəvinin “Xəmsə” personajlarının motivləri əsasında işlənən miniatürlər - rəsm əsərləri təqdim olunacaq və əsərlər hazırlanarkən Azərbaycan-Türk təsviri sənət ənənələri əsas götürüləcək. 

Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyə Simfonik Orkestrinin iştirakı ilə dahi Nizami Gəncəvinin əsərlərindən ibarət “Şan-şöhrəti cahana sığmaz Türklərin” adlı Azərbaycan və Türkiyə vokalçılarının ifasında Ankarada möhtəşəm konsert proqramının keçirilməsi nəzərdə tutulur.

Əlbəttə ki, Nizami yaradıcılığı istənilən incəsənət sahəsi üçün geniş bəhrələnmək və ilhamlanmaq mənbəyidir.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2025)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Uşaqlıqdan onun tamaşalarından fraqmentləri müxtəlif proqramlardan seyr edirdim, həmişə də atam deyirdi ki, “bu rəhmətlik kimi indi aktyorlar nə gəzir”.

Xüsusən. Əliağa Ağayevlə olan “yavaş-yavaş yandı” səhnəsi, yaxud da, guya arağı tərgitdiyi məhşur səhnə... Bunlar yaddaşlardan əsla silinməz. 

Və bir də o, hazırda komediya səhnəmizdə aparıcı yer tutmuş, məşhur Söylü obrazını yaratmış Afaq Bəşirqızının atasıdır.

 

Bəli, cəmi 44 il ömür yaşamış böyük komediya akytoru Bəşir Səfəroğlunun bu gün anadan olmasının 100-cü ildönümü tamam olur.

Azərbaycan Dövlət Musiqili Teatrında ciddi yumorun sənət keşikçilərindən olan Bəşir Səfəroğlu Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli rollarda çıxış edib. Aktyorun yaradıcılığında xüsusi yer tutan Möhsün (“Beş manatlıq gəlin”, Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qaradavoy və Çiko (“Keto və Kote”, Vladimir Dolidze), Qoçu Əsgər və Məşədi İbad (“Məşədi İbad”, Üzeyir Hacıbəyli), Uzun və Nəcəf (“Durna”, Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov (“Ulduz”, Sabit Rəhman və Süleyman Ələsgərov), Salyanski və Qəhrəman (“Gözün aydın”, Məhərrəm Əlizadə və Fikrət Əmirov) və başqa obrazlar tamaşaçı qəlbinə yol tapıb.

 

Bəşir Səfəroğlu 1925-ci il martın 11-də Bakıda dünyaya göz açıb. Yeddiillik təhsilini Bakıda aldıqdan sonra ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşıb.

Sənətkar heç bir xüsusi peşə təhsili almayıb. Heç teatr təhsili də olmayıb. İlk dəfə səhnəyə 14 yaşında çıxıb və “Sevil” tamaşasında Gündüzü oynayıb. Bir il sonra Azərbaycan Dövlət Musiqili Teatrına gələrək, tamaşalarda sözsüz rollarda çıxış edib. 1941-ci ilin noyabrında yaşı çatmasa da könüllü cəbhəyə gedib. 1942-ci ildə kontuziya alaraq eşitmə və danışma qabiliyyətini itirib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifovun məsləhəti ilə müntəzəm olaraq teatrın tamaşalarına baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər.

 

Yaradıcılıq ehtirası ilə çırpınan Bəşir Səfəroğlu tez-tez həyəcanlanır, daxili iztirablar keçirirdi. Ömrünün bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanır və bununla da dili açılır. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.

Bəşir Səfəroğlu cəmi 7 filmə çəkilib. “Aygün”, (Əmirxanın dostu), “Qəribə əhvalat” (Cəmil), “Əhməd haradadır?” (Sərxoş), “Ulduz” (Gülümsərov), “Xoca Nəsrəddinin 12 qəbri” (Nəsrəddin), “Yun şal” (Kişi) və “Yaşamaq gözəldir, qardaşım” (Səfər) bu yeddiliyi təşkil edir.

Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan “Gəlməli, görməli, gülməli” miniatür teatrında Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.

Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyniadlı bədii-sənədli televiziya filmi çəkib.

 

Bəşir Səfəroğlunun sənəti daim yüksək qiymətləndirilib və o, 1964-cü ildə Əməkdar artist, 1968-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Tanınmış sənətkar 1969-cu il martın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Mən başlığı əbəs yerə belə qoymadım. Həqiqətən də, böyük aktyorun üzü gülsə də gözləri həmişə qəmli olardı. O, keçirdiyi sarsıntı dolu həyatın acılarını gözlərində daşıyırdı. Olsun ki, həm də vaxtsız öləcəyinin kədəri də gözlərinə çökmüşdü.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.