Super User
Attila və macarlar: Hun imperiyasından çağdaş Avropaya türk izləri
Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"
Attila V əsrin sonlarında Avropanı sarsıdan və qorxu içində saxlayan Böyük Hun imperiyasının son hökmdarı idi. Onun adı Roma mənbələrində “Tanrının qəzəbi” kimi çəkilir, Şərq ənənələrində isə dahi sərkərdə və təşkilatçı kimi xatırlanır. Attila yalnız Hunların deyil, həm də sonrakı nəsillərin, o cümlədən Macarların tarixi yaddaşında mühüm rol oynayıb.
Hakimiyyət və imperiya
Attila 434-cü ildə qardaşı Bleda ilə birlikdə Hun taxtına çıxdı, sonra isə təkbaşına hakimiyyəti ələ aldı. Onun dövründə Hun imperiyası Mərkəzi Asiyadan Dunay çayına, Qara dənizdən Reyn çayına qədər uzanırdı. Attila həm hərbi, həm də diplomatik strategiyaları ilə imperiyanı möhkəmləndirdi. Roma imperatorları ona vergi ödəməyə məcbur idi, ordular isə onun hər bir əmrinə tabe olurdular.
Roma üzərinə yürüşlər
451-ci ildə Qalliyada baş verən Katalaun döyüşü və 452-ci ildə İtaliyaya yürüş Attilanın ən məşhur hərbi hərəkətləri idi. Onun ordusu yalnız dağıdıcı qüvvə kimi deyil, həm də siyasi təzyiq və diplomatik üstünlük vasitəsi kimi istifadə olunurdu. Attila ilə qarşılaşan Avropa xalqları onun adını qorxu ilə yad edirdi, amma eyni zamanda onun idarəçilik qabiliyyətini də etiraf edirdilər.
Attila və macarlar
Tarixi mənbələr və folklor göstərir ki, Macarlar özlərini Attilanın soyundan gələnlər kimi qəbul ediblər və Hun irsini özündə yaşadıqlarını vurğulayıblar. Hətta Hun və Macar dilləri arasında bir sıra əlaqələr olduğu, hər iki xalqın Türk köklərindən qaynaqlandığı tarixi araşdırmalarda qeyd edilir.
Macar qəhrəmanlıq dastanlarında Attila “Atilla Király” (Kral Attila) olaraq xatırlanır və o, həm qorxu, həm də hörmət simvoludur. Hun irsi Macarların dövlətçilik ənənələrində, hərbi taktikasında və hətta mədəni yaddaşında yaşayır. Bu baxımdan Attila yalnız tarixi bir fiqur deyil, həm də mədəni və genetik yaddaşda yaşayan simvoldur.
Ölümü və mirası
Attila 453-cü ildə qəfil vəfat etdi. Onun ölümü Hun imperiyasının sürətlə zəifləməsinə və parçalanmasına səbəb oldu. Lakin onun adı və idealları, xüsusilə Macarlarda, əsrlər boyunca yaşamağa davam etdi. Attilanın strategiyası iradəsi və qətiyyəti Macar tarixində və folklorunda qəhrəmanlıq modeli olaraq qorunub saxlanıldı.
Tarixi və mədəni baxış
Attila təkcə barbar və qorxunc sərkərdə deyil; o, həm də Türk irsinin Avropaya çıxış nöqtəsi, mədəniyyət və dövlətçilik ideyalarının daşıyıcısıdır. Hun-Macar əlaqəsi göstərir ki, tarixi fiqurların təsiri yalnız yaşadıqları dövr ilə məhdudlaşmır — onlar gələcək nəsillərin kimliyini, mədəni yaddaşını və hətta dövlətçilik ənənələrini formalaşdırır.
Son söz
Attila sübut etdi ki, bir hökmdarın adı əsrlər keçsə də unudulmur. Hunların gücü, onun iradəsi və Macarlara miras qoyduğu mədəni irs göstərir ki, tarixi fiqurlar yalnız keçmişin şahidləri deyil — onlar gələcək nəsillərin də yol göstəricisidir. Attila həm qorxu, həm də ilham simvolu olaraq tarix səhnəsində yaşayır.
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)
Kaliforniyada Xocalı şəhidlərinin əziz xatirəsi yad edilib
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ACSNC) nəzdindəki Azərbaycan Gənclər Rəqs Ansamblının növbəti dərsləri Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, şagirdlər əvvəlcə Xocalıda şəhid olan günahsız insanların əziz xatirəsini dərin ehtiramla yad edib, xüsusi hazırlanan guşənin önünə güllər düzüblər.
Cəmiyyətin bədii rəhbəri Anar Allahverdov xalqımızın yaddaşına qanla yazılan 1992-ci il 26 fevral tarixinin mahiyyətindən danışıb. Xocalı həqiqətlərinin unudulmamasının, qurbanlarının xatirəsinə hörmət göstərilməsinin və belə faciələrin bir daha təkrarlanmamasının vacibliyini vurğulayıb.
Dərsdə, həmçinin tarixi yaddaşın qorunmasının və onun gənc nəsillərə ötürülməsinin əhəmiyyəti barədə söhbət aparılıb.
Qeyd edək ki, Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyəti (ACSNC) artıq 40 ildən çoxdur fəaliyyət göstərir. Təşkilat Vətəndən uzaqda olan soydaşlarımız üçün mədəni və maarifləndirici tədbirlər təşkil etməklə, mədəniyyətimizi, tariximizi Amerika cəmiyyətində tanıtmaq missiyasını yerinə yetirir. Komitənin dəstəyi ilə Cəmiyyətin tərkibində fəaliyyət göstərən Azərbaycan Gənclər Rəqs Ansamblında milli rəqs dərsləri keçirilir.
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)
“Ulduz” jurnalının “Güney Azərbaycan ədəbiyyatı” sayı çap olunub
“Ulduz” jurnalı ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin birgə layihəsi – “Güney Azərbaycan ədəbiyyatı” çap olunub.
“Ədəbiyyat və incəsənət” portalına “Ulduz”dan verilən məlumata görə, jurnalın xüsusi mart sayı filologiya elmləri doktoru Pərvanə Məmmədlinin “Güney Azərbaycan ədəbiyyatı” yazısı ilə açılır.
Məhəmmədhüseyn Şəhriyarla başlayan “Dövrün aparıcı ədəbi simaları” şair, yazıçı, tərcüməçi Həbib Sahir, tanınmış yazıçı, tənqidçi, memuarçı Gəncəli Sabahi, azərbaycanlı şair, dramaturq, siyasətçi Məhəmməd Biriya Bağırzadə, şair, türkoloq alim, tərcüməçi Həmid Nitqi Aytan, görkəmli yazıçı, şair, tarixçi-filoloq Məhəmmədtağı Zehtabi, türkoloq-alim, publisist Cavad Heyət, şair Bulud Qaraçurlu Səhənd, şair, tərcüməçi Kərim Məşrutəçi Sönməz, şair, yazıçı, naşir Əli Təbrizli, nasir, şair, publisist, ədəbiyyatşünas, tərcüməçi Rza Bərahəni, yazıçı, dramaturq, ssenarist Qulamhüseyn Saidi, alim, publisist, şair, türkoloq Hüseyn Məhəmmədzadə Sədiq Düzgün, yazıçı, folklor toplayıcısı Səməd Behrəngi, modernist şair Əlirza Nabdil Oxtay, şair, yazıçı Mərziyyə Üsküyi, yazıçı, şair, felyetonçu, tərcüməçi Abbas Makulu Pənahi, şair, ədəbiyyatşünas və tərcüməçi Balaş Azəroğlu, şair, yazıçı, siyasi mühacir Əli Tudə, şair, yazıçı, publisist Söhrab Tahir, şair Mədinə Gülgünün həyat və yaradıcılığı ilə davam edir.
“Ulduz” bu sayında Nadir Qüdrətoğlunun şeirlərinə də yer ayırıb.
“Tribuna”da Məti Osmanoğlu Seyran Səxavətin “Ömrün “Ulduz” çağında”n bəhs edir.
“Nəsr”də “Ölümdən güclü” hekayəsi ilə Alpay Azərdir.
Dayandur Sevgin Nəzakət Məmmədlinin “Köhnəlməyən xiffət”ini yada salır.
“Dərgidə kitab” Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (4-cü yazı) yazısını təqdim edir.
“Dərgidə sərgi”də Əliş Məmmədovun rəsm əsərləridir.
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)
AMEA: milli zəka mərkəzi. Elmin gündəmi
Füzuli Qurbanov,
fəlsəfə elmləri doktoru. “Ədəbiyyat və incəsənət”
Sosio-humanitar elmin bəşəriyyət üçün gündəmi insan amili ilə bağlıdır. İnsanın fərd olaraq azadlığı, rifahı, mədəni, sosial, mənəvi-əxlaqi, maliyyə və iş təminatı kimi məsələlər olduqca aktual problemlər hesab olunur.
Müasir qloballaşma elə vəziyyət yaratmışdır ki, elmin gündəmində insanların birgəyaşam forması olan cəmiyyətin tədqiqi də insanın rifahı naminə çox əhəmiyyətli və aktual problem kimi qəbul edilir.
Burada maraqlı olan məqamlardan biri ondan ibarətdir ki, dünyanın elmi baxımdan ən çox inkişaf etmiş ölkələrində belə birdəfəlik elmdən, təhsildən, alimlərdən razılıq yoxdur. Elm və alimlər daim tənqid edilir, onlara çox müxtəlif iradlar tutulur.
Görünür, burada elmin özünün insan həyatına gətirdiyi rasional tənqidi düşüncə tərzi “bumeranq” kimi geri qayıdır. Hər bir halda, elm tənqid edir və tənqid olunur və bu dinamikanın fonunda bəşər övladı yeni-yeni kəşflərə imza atır.
Elmin tənqidi Barak Obamanın 2009-cu ildəki Amerika Milli Elmlər Akademiyasının illik yığıncağında söylədiyi tarixi nitqində, hazırda D.Trampın müxtəlif kontekstlərdə ifadə etdiyi təhsilin tənqidində, Avropa Elm Cəmiyyətinin uzun müddət başçısı olmuş alimin Aİ-də elm və təhsilin digər aparıcı ölkələrdən geridə qaldığı haqqında tənqidi məqaləsində və digər çoxlu sayda yanaşmalarda özünü göstərir. Bir zamanlar Edmund Husserl də Avropa elmində “böhran”dan yazırdı və onu həyati əhəmiyyətli ekzistensial məsələlərə diqqət yetirməməkdə tənqid edirdi.
Başqa nümunələr də kifayət qədərdir. Ancaq bütün bu kimi tənqidlərdə əsas məqsədin elmi yeni səviyyəyə yüksəltməyin yollarını axtarmağa stimullaşdırmaq olduğundan, tənqidçilər qeyri-ciddi davranmır və alimləri yaradıcılığa aidiyyəti olmayan ucuz məsələlərə görə ittiham etmirdilər.
Alimliyi aşağılamağın paparassi üsulu qətiyyən qəbuledilməz bir haldır. Bu, bütövlükdə cəmiyyətin yaradıcı potensialını baltalamaq və onu cahillik bataqlığına sürükləmək cəhdidir. Bunu məhz Amerika və Avropada çox gözəl anlayırlar.
Başqa bir məqam daha önəmlidir. Qərbin inkişaf etmiş ölkələrində elm və təhsili cəmiyyətə daha səmərəli xidmət kontekstində “xeyirxah tənqid” edirlər. Onlar anlayırlar ki, elm mahiyyətcə fəzilətlidir və ona qarşı münasibət də həmin fəzilətlilik çərçivəsində olmalıdır. Alim bütün hallarda cəmiyyətin seçkin, nüfuzlu və dərin sayğıya layiq kəsimi olaraq qəbul edilməlidir.
Burada ulu öndər Heydər Əliyevin Azərbaycan elmi və alimləri haqqında ifadə etdiyi çoxlu sayda müdrik kəlamlarını xatırlaya bilərik. Onlar haqqında elmi ədəbiyyatlarda və KİV-də kifayət qədər informasiya vardır. Heydər Əliyev daim AMEA-ya yüksək elmi qiymət vermiş və ona inamını ifadə etmişdir. Prezident İlham Əliyev bu xətti inkişaf etdirir və AMEA-nı Azərbaycan elminə daha səmərəli töhfə verməsinə səsləyir. AMEA-nın 80 illik yubileyində söylədiyi dərin məzmunlu nitqində verdiyi tövsiyələr bunu sübut edir. Yəni Azərbaycan dövlət başçısı yüksək fəzilət çərçivəsində Azərbaycan alimlərini ölkənin və cəmiyyətin faydası naminə daha fəal çalışmağa, azərbaycançı olmağa dəvət edir.
Alimliyin və elmiliyin saxta tənqidi
AMEA da daxil olmaqla, indi Azərbaycanda müəyyən dairələrin alimlərə və elmiliyə münasibətində bir xüsusiyyət hiss olunur. Onlar Azərbaycan alimlərinin yaradıcılığı ilə minimum səviyyədə tanış olmaq fonunda onu maksimal səviyyədə nələrdəsə ittiham etməyə cəhdlər edirlər. Bu zaman Azərbaycanın artıq həyatda olmayan və bu baxımdan kimsəyə rəqib ola bilməyəcək ziyalılarımızın yaradıcılığını nümunə kimi göstərməyə çalışırlar. Onlar Xudu Məmmədovun, Azad Mirzəcanzadənin, Yusif Məmmədəliyevin və digər tanınmış Azərbaycan alimlərinin adlarını çəkirlər (onlardan AMEA həmişə öyrənmiş və bununla qürur duymuşdur).
Ancaq indi tənqidlə kükrəyənlər sırasında olanlardan elə bir nümunəyə rast gəlinmir ki, böyük alimliklərindən danışdıqları ziyalılarımızın yaradıcılığı haqqında tutarlı təhlil aparsınlar. Bu olmasa, alimliyin böyüklüyü və ya kiçikliyi haqqında keçərli fikir bildirmək mümkün deyildir.
Bəs niyə bu əlamət yoxdur? Çünki Azərbaycan alimlərini oxumurlar və kütləvi bilməməzliyin fonunda hay-küy salırlar. Nəticədə, alimlər üçün çox vacib olan obyektiv tənqid kasadlığı yaranır. Bu tendensiya inkişaf etdikcə və şəxsi qərəzlik motivi yeni səviyyəyə qalxıb, daha kütləvi olduqca nəinki elm və təhsil, hətta bütövlükdə cəmiyyət itirməyə başlayır. Cəmiyyət öz-özünü nüfuzdan salmaq kimi təhlükəli psixoloji deqradasiyaya uğrayır. Çünki hər bir cəmiyyəti yaşadan və inkişaf etdirən dəyərlər sistemi ciddi zərər görür.
Sosial, etik və intellektual dəyərlər
Dəyərlər, ümumiyyətlə, hər bir cəmiyyət üçün çox aktual mövzudur. O cümlədən müasir cəmiyyət üçün sosial, etik və intellektual dəyərlərin bir-birini tamamlaması, dəstək verməsi və birgə inkişaf etməsi həyati əhəmiyyətli məsələdir. Problemin özəlliyi onunla əlaqəlidir ki, müasir dövrdə intellektual dəyərlərini qiymətləndirə bilməyən toplumsal dayanıqlı və müsbət funksiyalı sosial və etik dəyərlər oturuşa bilmir.
Yəni intellektin milli sərvətə çevrilməsi üçün yalnız rəsmi münasibət kifayət etmir, cəmiyyətin bunu özlüyündə dərk etməsi çox vacibdir. Cəmiyyət intellekti özünün inkişaf mənbəyi kimi görə bilirsə, intellektual dəyələr avtomatik olaraq sosial və etik dəyərlərin aparıcı meminə çevrilir. Bu baş verənə “intellekt incimir”, əksinə, bütövlükdə cəmiyyət üçün nümunə olmağa can atır. İntellekt bununla özünə dəyər verir, özünütəsdiq baş tutur. Buna görə də toplumun intellektə münasibəti səthi və keçici hal deyildir – o daim çox dərin sosial-psixoloji qatlarda cəmiyyəti stimullaşdırır.
Nümunələrə baxaq. Əgər hər hansı cəmiyyətdə alimliyi və alimləri şəxsi münasibətlər fonunda “qiymətləndirmə” tendensiyası davamlı olursa, bu, gec və ya tez şəxsi təhqir müstəvisinə keçir. Təhqir obyektinə çevrilmiş alimlik və elmilik heç bir ölkədə inkişaf edib milli sərvətə çevrilə bilməz. Bu, sosial dəyərlər kontekstidir.
Əgər biri alimə edilmiş fəzilətli etik davranışı yaltaqlıq və ya alimin tələbi kimi təqdim edirsə, həm Azərbaycan milli ənənəsinə, həm də ümumiyyətlə, müsbət davranış qaydalarına zərər verir. Xüsusilə, Azərbaycanda özündən böyükləri tənqid etmək qadağan deyildir, lakin həm də onlara hörmət ciddi tələbdir!
Açıq danışaq: hansı ailədə müəllimə, alimə, özündən yaşlı olana hörmətlə yanaşmağın pis olduğu deyilir? Çox nadir hallarda belə hal ola bilər. Lakin orta azərbaycanlı ailəsində dəqiq fəzilət təsəvvürü vardır: özündən böyüyə hörmət et!
Belə isə bir gənc əməkdaşın özündən böyük alimə hörmət əlaməti olaraq hansısa davranışını mənfi anlamda kütləvi tirajlamağın adı nədir? Və ya AMEA-nın illik yığıncağında deyilən fikirləri zərrə qədər də təhlil etmədən (və ya buna intellektual gücü çatmayan) kiminsə alimin oturuşu, duruşu, baxışı üzərində antidəyər ruhunda spekulyasiyalar etməyi necə qiymətləndirmək olar? Bəziləri hətta təbdir zalındakı “tozların ruhuna müdrikcəsinə baş vurur” və belə qənaətə gəlirlər ki, iclas maraqsız keçmişdir!
İnciməyin, lakin insafən deyin: AMEA-da işləyən hansı akademikin yaradıcılığı ilə əməlli-başlı tanışsınız? Ünvan da göstərə bilərik: Nizami Cəfərovun azərbaycanşünaslıq haqqında yazdıqlarını sistemli oxuyursunuzmu? Ümumiyyətlə, bir Azərbaycan vətəndaşı kimi azərbaycançılıq və azərbaycanşünaslıqla bağlı ciddi elmi təsəvvürə maliksinizmi? Və ya İsa Həbibbəylinin bədii təfəkkürün dövrüləşdirilməsi konsepsiyası ilə tanışlığınız varmı? Akademik İ.Həbibbəylinin azərbaycançılıq və azərbaycanşünaslıq haqqında fikirləri ilə elmi səviyyədə tanışlığınız varmı?
Bəlkə, keçmişə baxaq? Xudu Məmmədovun naxışlarıla bağlı dərin elmi mənası olan nəzəriyyəsi haqqında nələri bilirsiniz? X.Məmmədov hər bir cəmiyyət üçün qürur mənbəyi olan alimlərdən idi! Onun qiymətini ümumi məclis tostları və səthi jurnalist təsəvvürlərindən o tərəfə verə bilənlərin sayı, görəsən nə qədərdir?
Bəlkə, Azad Mirzəcanzadənin ciddi elmi səviyyədə yaradıcılığı ilə tanış olanlarımız çoxdur? Bu böyük Azərbaycan alimi haqqında kimsənin ordan-burdan söhbət səviyyəsində eşitdikləri əsasında digərləri ilə müqayisəli şəkildə fikir bildirməsi etikanın və məsuliyyətin hansı tərəfindədir?
Akademik Rasim Əliquliyevin apardığı tədqiqatlardan xəbəri olan “tənqidçi” varmı? Hələ keçən əsrin 90-cı illərində R.Əliquliyevin həmkarı ilə Azərbaycan müdafiə sənayesi üçün böyük əhəmiyyəti olan ixtirasının qarşısının xarici dövlətlərdən biri tərəfindən necə alındığını araşdıran mövcuddurmu?
Çətin dönüş
Bəli, indi Azərbaycanda faydalı tədqiqatla məşğul olmaq və mənsub olduğun qövmə xidmət etmək asan məsələ deyildir. Xüsusilə bunu bir təşkilat kimi həyata keçirmək yalnız savad və çalışqanlıq deyil, həm də iradə və azərbaycanlılığa dərin inam tələb edir. Azərbaycan rəhbərliyi bu mənada yüksək nümunədir.
Dövlətin başçısı müxtəlif istiqamətlərdən atılan şər-böhtana, sayğısız deyimlərə, səviyyəsiz hay-küylərə böyük qətiyyət və iradə ilə təmkinli yanaşır və həm də seçdiyi kursu inamla davam etdirir! Prezident İlham Əliyevin tarixi xidmətlərini bu millət və cəmiyyət heç zaman unutmayacaq. İşğal altında olan torpaqları kişi kimi və siyasi-hərbi müdrikliklə azad edən liderə qarşı belə davranışı heç zaman qəbul etməyəcəyik!
Azərbaycan Prezidenti alimlər üçün elə bir nümunədir ki, ən yüksək elmi məqsədlərə belə çatmağa yetər! O cümlədən AMEA seçdiyi yeniləşmə yoluna mütləq davam etməlidir! Qarşıda azərbaycançılıq və azərbaycanşünaslıqla, dünya elminə daha dərindən və geniş inteqrasiya ilə, Türk dövlətlərinin elmi mərkəzləri ilə, gənclərin daha fəal surətdə elmi yaradıcılığa cəlb edilmələri ilə, ən yeni informasiya texnologiyaları rəqəmsallaşma, kibertəhlükəsizliklə mübarizəylə bağlı görülməli çox işlər vardır! Alimlər ucuz şər-böhtana görə bu yoldan dönməzlər!
Ancaq bunların həyata keçirilməsinin nə qədər çətin olduğunu da anlayırıq. Çünki əsrlərlə Azərbaycan elmini və alimlərini başqa istiqamətə yönəltməyə çalışmışlar. Cəmiyyətə görünməyən o qədər saxta dəyərlər, memlər, maneələr yeritmişlər ki, onlardan təmizlənmək asan deyildir. Bir sıra sosial kəsimlərdə milli məsələlərə laqeydlik yaranmışdır. Bəziləri hansısa “kalonçu” olmuşdur. Bir başqaları şəxsi maraq əsasında intriqalar izindədirlər. Buna görə də fərdi təşkilati təşəbbüslərə qısqanclıq, hirs, gözü götürməzlik və müxtəlif üsullarla onların qarsısını almaq kimi cəhdlərə rast gəlinir. Onu hətta “Qarabağ” futbol klubuna bəzilərinin münasibətində gördük.
Nə etməli, bu, bizim taleyimizdir! Hətta qardaşların atdığı daşları “öpüb göz üstünə qoymağa” məhkumuq! Nəyin naminə? Vətən, müstəqillik, dövlətçilik, inkişaf naminə! Alimlər və elmi təşkilatlar üçün bu fəzilətliliyə “elm naminə” ifadəsini əlavə edə bilərik!
Bunların yeniləşmə kursunu müəyyən etmiş AMEA-ya, onun 25 fevral iclasına və bütövlükdə alimliyə birbaşa aidiyyəti vardır. Bunu həmin iclasda haqqında danışılan elmi məsələlərin məzmun və məqsədinə bir daha aydınlıq gətirməklə sübut etmək çətin deyildir. Bura azərbaycançılıq, azərbaycanşünaslıq, rəqəmsallıq, yeni informasiya texnologiyaları, kibertəhlükəsizliklə mübarizə, Azərbaycan tibb və biologiya elmlərinin nailiyyətləri, AMEA-nın tədqiqat institutlarını fəaliyyətlərinin elmmetrik təhlili kimi aktual və maraqlı mövzular daxildir! Əgər KİV konkret bu məsələlərdən yazsaydı, şübhəsiz, oxucu nəticə çıxarardı: yola davam, AMEA!
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)
Azad Qaradərəli ömrünün 72-ci baharı
Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün 72-ci doğum gününü qeyd edən Azad Qaradərəlinin "Kuma-Manıç çökəkliyi" romanını belə bir fikirlə ifadə etmək olar: Yaddaşa doğru, irəli!
Onun bütün yaradıcılığından milli yaddaş qırmızı xətt kimi keçir.
Azad Qaradərəli 1954-cü ilin 5 martında Zəngilan rayonunun Qaradərə kəndində doğulub. APİ-nin filologiya fakültəsini bitirib. Bir müddət müəllim işləyib. 1993-cü ildə Zəngilanın ermənilər tərəfindən işğalından sonra ailəsilə birgə Bakıda yaşayır. 1996-cı ildən 2012-ci ilin iyun ayına qədər Azərbaycan Teleradio Verilişləri QSC-də - radioda çalışıb.
Karyerasına nəzər yetirək. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifəsində işləyib. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində dərs deyib. İlk nəsr kitabı 1987-ci ildə çap olunub. 2011-ci ildə nəşrə başlayan "Yazı" ədəbiyyat dərgisinin baş redaktorudur.
İlk hekayələrindən bu yana insanın ən ağır durumda belə mənəvi gücünü itirməməsini, humanizmin, insani duyğuların aşınmaya məruz qalsa da, sonda dirçəlib ayaqda olmasını göstərməyə çalışmışdır. Hekayələri rus, türk, polyak, ərəb və ingilis dillərinə çevrilərək Rusiya, Türkiyə, İran, Polşa, Misir və ABŞ-da saytlarda, jurnallarda, antologiyalarda yayımlanıb.
Yazıçı Azadlıq radiosunun hekayə müsabiqəsinin (2011-ci il) qaliblərindən olmuş və Polşa haqqında hekayələr müsabiqəsində xüsusi diploma layiq görülmüşdür.
On iki roman müəllifi olan A. Qaradərəli bu janrın imkanlarından istifadə edərək, daha da irəli getmiş, insanlığın anti-bəşəri meyillərə yenilmədiyini, bəşəriyyətin nicatının bir sıra mənəvi bağlardan asılı olduğunu obrazların dili ilə əks etdirmişdir. Müəllif müharibə qoxulu yazılarında da insanlığı hərbin üstünə getməyə, qeyri-insani əməllərdən çəkinməyə çağırır.
Onun kitabları:
1. Dumduru su (hekayələr)
2. Ulartı (hekayələr, radiopyeslər)
3. Dəhrə (hekayələr, nağıllar — uşaqlar üçün)
4. Qar ağlığı (hekayələr)
5. Burda yer fırlanmırdı (hekayələr, roman)
6. İrəvan qalası (iki hissəli tarixi faciə)
7. Aşiqlər (elmi-tənqidi oçerk)
8. Qaçaq Fərzalı (bədii-tarixi oçerk)
Bu arada onun “İrəvan qalası” tarixi faciəsinin kinematoqraf üçün gözəl xammal olmasını da söyləmək istəyirəm. Mövzu tapa bilməyən teleserial industriyamız, buyurun.
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)
Emma, sevimli Emma - DİALOQ
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
Ədəbiyyatda hər obrazın qasırğa olduğunu deməkdə haqlıyıq... Feysbukda #yazmaqeşqdir, #oxumaqvəfadır həştəqləriylə paylaşdıqlarımı toplasam, elə bu adda bir kitab olar. Hərçənd, müasir Azərbaycanda naşir, nəşriyyat problemi yaşayan yazıçıyam, yenə də, general olmağı arzulamayan əsgərə inanılmadığı kimi, kitabının nəşr edilməyini arzulamayan yazıçı da mənimçün qeyri-səmimidir.
Oxumağı vəfa sayanlardandır həmsöhbətim. Şəfiqə Şirəliyeva Bakı Slavyan Universitetinin tələbəsidir. Bu dəfə onunla romantik ədəbiyyatın şah obrazlarından saydığım Emmadan danışdıq. Biləndə ki, Şəfiqə də Emmanı sevir, çox sevindim... Ceyn Eyrin kölgəsində qalmış Emma... Mükəmməl işlənmiş obraz... Əsl qadın obrazı...
Ceyn Austen “Emma”nı yazanda nə düşünüb, yazı masasının baxdığı aynalardan eşikdə hansı kəpənək uçub, soyuyan çayı hansı fincanda olub, bunlarla maraqlanmağa ayaq yeri qoymur Emma. 1815-ci ildə nəşr olunan kitabın ilk oxucusunun kim olmağı mənimçün daha maraqlıdır. Və həmin oxucunun Emmanı mənim baxdığım yerdən görüb-görməməyi...
Bəlkə də, elə bu maraq idi Emmanı sevən başqa bir oxucunu söylətməyimin səbəbi. Emma Vudhaus kimi bir obrazı yaratmaq yerinə, kiminsə romanında, lap elə hekayəsində olsun, həmin obrazın özü olmaq necə möhtəşəm olardı!
***
-Emma obrazını anlamaq çətindirmi?
-Düşünürəm ki, Emma anlaşılması çətin obraz deyil, tam əksinə, onun daxili inkişafı realdır. Əsərin əvvəlində Emma təcrübəsiz, bir az da özündən razı kimi tanıdılır bizə. Lakin əsərdə zaman irəlilədikcə, biz onun öz səhvlərindən nəticələr çıxardaraq “böyüdüyünü” görürük.
-Bəlkə də, onun “böyüməyi” Ceyn bacının arzusu idi...
-Məncə, bu əsərdə müəlliflə obraz arasında arzudan çox inam hiss olunur. Bir gənc qadının özünütanıma prosesinin haradan başlayıb-haradan bitdiyini kimsə deyə bilməz. Amma bu prosesin qısamüddətli hissəsinə belə, şahidlik etmək, fikrimcə, bütün qadınlara lazımdır. Xüsusilə, gəncliyin yaşıl çəmənində hansı gülü ən çox sevdiyinə dair qəti qərar verə bilməyənlərçün Emma işıq gələn tərəf ola bilər. Emmanı tanıdıqca, öz səhvlərimizi xatırlayırıq... Əlbəttə, bu xatırlama kifayət edir ki, deyək: “Emma, səni elə gözəl anlayıram...”
-Harriet Smitə öz fikrincə etdiyi yaxşılıqlarla Emma kimə nəyi sübut etmək istəyirdi?
-Emmanın sübut etməyə çalışdığı sosial baxımdan ətrafdakılardan üstünlüyü, bir də, insanlar haqqında yetərincə məlumatlılığı idi. Və biz əsər boyunca görürük ki, onun bu cəhdləri boşuna imiş... Hayberidə hamı Emma Vudhausun sosial üstünlüyünü qəbul edir, ona ehtiram göstərir, hətta sevirlər. Harrieti Robert Martinə layiq görməməsi Emmanın həyat və insanlar haqqındakı təcrübəsizliyinin göstəricisidir. Müəllif bunu hadisələrin və Harrietlə Emmanın söhbətlərinin fonunda elə gözəl anladır ki! Yəni insan taleyi üzərində eksperiment aparmaq olmaz...
-Ümid vermək günahdır, yoxsa ümidi qırmaq?
-Düşünürəm ki, hər iki hal da pisdir. Hər nə qədər Nitsşe ümidi işgəncə sayırdısa da, ümidin insanların “yaşamağa dəyər” tutanağı olduğunu bilirik. Ümid öləndə ruh da ölür... Ruhunda dirilik olmayan insan isə, artıq yoxdur. Ümid işıqdır.
-Emmanın Harrietin ruhunda yandırdığı işıqları tale bir-bir söndürdü.
-Burda yenə Ceyn Austen möhtəşəmliyini dilə gətirməliyik. Hərçənd, deyirlər ki, ədəbiyyatın cinsi yoxdur, amma bəzən mükəmməl qadın obrazları üçün mütəşəkkir olduqlarımızın elə qadın yazarlar olduğunu da görürük. Harriet obrazının hər şeyə razı təbiətinə onun doğulması və böyüməsinin təsirini Austen oxuculara ustalıqla, elə obrazın öz diliylə anladır. Bir daha görürük ki, o dövrün İngiltərəsində sosial statuslar taleyin palitrasında da öz sözünü deyir.
-Sosial statuslar həmişə olub, var və olacaq. Olmasa, dünya elə mifologiyadakı kimi, ya kiminsə çiyinlərində, ya da kiminsə sehrli güzgüsünün içində olardı... Bəlkə də, Emma həmdövrümüz olsaydı, o qız olmazdı.
-Ailə mühitindən kənarda heç nə görməyən bir qızdır Emma Vudhaus. Müasirimiz olsaydı, təhsil alardı, özünə karyera qurardı, həyata yalnız evlilikdən ibarətmiş kimi yanaşmazdı. Daxili baxımdan isə, fikrimcə, elə eyni qalardı; hamıya yol göstərməyə çalışan, hamı üçün ən yaxşısını arzulayan, öz sevgisinin və sevildiyinin fərqində olmayan Emma.
-Amma Frenk Çörçill var...
-Həm də, yoxdur. Emma üçün Frenk yenə sosial status baxımından ona uyğun olan adam idi, vəssalam! Daxilən isə o, heç vaxt Frenki öz duyğu aləminin mərkəzində tapmadı.
-Axtardı...
-Yenə qadın psixologiyası və yenə qadının sevilmək istəyi... Məncə, bu, instinktivdir. İnstinktivlik özünütənqidlə aşılmalıdır. Ceyn Austen bizə bunu əsərin sonlarına yaxın deyir.
-Razıyam. Müəllif bu romanda öznütənqidin fərqli formalarını verir. Sizcə, müasir qızlar bu özünütənqidin hansı formasına möhtacdır?
-Vacib olan forma başqaları ilə müqayisə etmədən özünü analiz etməkdir. Çağdaşlarımız özlərini daim başqaları ilə ölçürlər. Fizikən də, ruhən də yaralanır insan başqasından geri qaldığını görəndə. Bir gənc, bir tələbə kimi həmişə özümdən soruşuram: “Dünənki Şəfiqədən nə öyrəndim?” Bu sualın cavabını özümüz tapdığımız kimi, hesabatımızı da özümüzə verməli, qərarlarımızın məsuliyyətini dərk etməliyik.
-Emmanı sevməmək olarmı?
-Emmanın Harrietin həyatında yandırıb-söndürdüyü ümidlər, Naytlinin öyüdlərinə və iradlarına etinasız yanaşması oxucuya çox da xoş gəlməyə bilər. Bununla belə, ilk oxunuşdan anlayırıq ki, o, qərəzsiz, səmimi və hər şeydə ədalət axtarandır. Təbii, burada onu da nəzərə almalıyıq ki, hər kəsin ədalət ölçüsü də fərqlidir, o ölçüyə uymaq metodları da... Emma insan kimi mükəmməl deyil. Ki, heç bir insana “o, mükəmməldir!” deyə bilmərik. Amma sizin də dediyiniz kimi, Emma mükəmməl ədəbi obrazdır! Ceyn Austen Emmanı sevib-sevməməyi belə, oxucunun öhdəliyinə buraxır. Bu, onun yazıçı manevridir. Və Emma bu gün hələ də sevilirsə, demək, uğurlu manevrdir.
-Təşəkkürlər, Şəfiqə! Ədəbiyyatın Ceyn Austen fəslində görüşdük bu dəfə də... Yolumuz bir də hansı ədəbi fəsildə, hansı obrazın ruh dənizində kəsişəcək, bilmirəm.
-Siz sağ olun! O fəsildə, o dənizdə yenidən görüşənədək!
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)
Enerji təhlükəsizliyi: öncə güvən, sonra resurs məsələsi…
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının nazirlərin 4-cü iclası, qərarlarla yanaşı bir sıra önəmli məqamlarla yadda qalacaq. Bəli, tarix yalnız tribunada elan edilmir – o, masa arxasında, müzakirə mühitində yazılır. Ayrıca, bəzən boru kəmərləri tankdan-topdan irəlidə – dəyişim gücünə malik ola bilir... Prezident İlham Əliyevin çıxışında səslənən fikirlər yalnız enerji siyasətinin texniki konturları kimi götürülməməlidir; o çıxış həm də XXI yüzilin yeni geosiyasi gerçəkliyinin fəlsəfəsini ifadə edir.
On iki il öncə başlanmış təşəbbüs bu gün artıq böyük bir enerji platformuna çevrilib. O vaxtlar bir layihə kimi görünən Cənub Qaz Dəhlizi indi Avrasiya məkanında işbirliyinin gerçək, işlək bir arteriyasıdır. Prezidentin sözləri ilə desək, “birlikdə toplaşmağın və mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə qədər vacib olduğunu” indi daha aydın görürük. Çünki son on iki il dünya üçün asan keçmədi: pandemiyalar, müharibələr, enerji böhranları və geosiyasi gərginliklər yaşandı... Lakin bütün bu sınaqlara baxmayaraq, Azərbaycan və tərəfdaşları enerji təhlükəsizliyini bir ideyadan gündəlik həyatın hiss olunan gerçəkliyinə çevirməyi bacardı.
Bu gün Azərbaycan qazı 16 ölkəyə çatır və bu göstəriciyə görə ölkəmiz boru kəmərləri ilə qaz tədarük edən ölkələrin sayı baxımından dünyada birinci yerdədir. Bu fakt, əlbəttə, sadəcə statistika kimi götürülməməlidir; bu, yeni enerji diplomatiyasının göstəricisidir. Azərbaycanın qazı artıq Avropanın enerji xəritəsində önəmli yer tutur və coğrafiya genişlənməkdə davam edir. Almaniya, Avstriya kimi ölkələrin də bu siyahıya qoşulması Avropa enerji bazarında Azərbaycanın rolunun artdığını göstərir. Eyni zamanda Suriyaya qaz tədarükünün başlanması enerji siyasətinin humanitar ölçüsünü də ortaya qoyur – yəni enerji yalnız iqtisadi resurs kimi qəbul edilmir, necə deyərlər, bir baxıma həyatın özünə çevrilir.
Enerji siyasətində digər önəmli xəttin şaxələndirmə olduğu istər rəsmi istər ictimai platformlarda dəfələrlə vurğulanıb. Azərbaycan Prezidentinin vurğuladığı kimi, şaxələndirmə yalnız istehlakçılar üçün deyil, istehsalçılar üçün də həyati əhəmiyyət daşıyır. Azərbaycan bu baxımdan yeni yataqların – “Abşeron”, “Ümid”, “Azəri-Çıraq-Günəşli”nin dərin qaz layları və “Şahdəniz”in növbəti mərhələsinin – işlənməsi ilə hasilatı artırmağı planlaşdırır; habelə mövcud boru kəmərləri sisteminin genişləndirilməsi üzərində düşünüldüyü də bəllidir. Çünki Cənub Qaz Dəhlizi, demək olar, tam gücü ilə işləyir və gələcək tələbat yeni infrastruktur tələb edir.
Ancaq Bakı yalnız qaz haqqında danışmır. Bakı artıq enerji keçidi haqqında danışır. Külək və Günəş elektrik stansiyaları, Qara dənizin dibi ilə Avropaya uzanacaq enerji kabeli, Mərkəzi Asiyadan gələcək yeni enerji bağlantıları… – bütün bunlar Azərbaycanın enerji siyasətinin gələcək konturlarını müəyyən edir. 2032-ci ilə qədər 6–8 giqavat bərpaolunan enerji gücü əldə etmək planı isə bu strategiyanın miqyasını göstərir. Biz artıq, təkcə ekologiya məsələsinə vurğu etmirik; söhbət, iqtisadiyyatın, sənayenin və yeni texnoloji sahələrin – süni intellekt və data mərkəzlərinin enerji təminatından gedir.
Prezidentin çıxışında özəlliklə diqqət çəkən məqam isə praqmatik yanaşmadır. O, açıq şəkildə bildirdi ki, bərpaolunan enerji vacibdir, lakin qazıntı yanacaqlarını tamamilə nəzərə almamaq reallıqdan uzaqdır. Bəli, bu ideoloji yanaşmadan daha irəli – real siyasətin ifadəsidir. Bəli, enerji təhlükəsizliyi romantik şüarlardan uzaqda – balanslı və ağıllı strategiyadan doğur.
Bu gün Azərbaycan enerji göndərən ölkə olmaqla yanaşı, həm də enerji körpüsü rolunu oynayır. Qazaxıstan və Türkmənistan neftinin tranziti, Türkiyə və Avropada enerji infrastrukturlarına yatırımlar, Aralıq və Egey dənizlərində neftayırma güclərinin genişləndirilməsi – bütün bunlar Azərbaycanın qlobal enerji zəncirində mövqeyini gücləndirir.
Budur, Bakıdan dünyaya verilən ismarıc sadədir, amma dərin anlam daşıyır:
enerji təhlükəsizliyi ilk sırada güvən məsələsidir və yalnız resurs məsələsi kimi yorumlanmamalıdır.
Görünür ki, XXI yüzilin enerji xəritəsində həmin güvən mərkəzlərindən biri Azərbaycan olacaq. Bəs niyə də olmasın?..
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)
“Maraqlı söhbətlər”də mobil telefonların atası Kuper
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
3 aprel 1973-cü ildə Martin Kuper Nyu Yorkun küçələri ilə gedərkən mobil telefonu ilə zəng etdi. Bu, o vaxt üçün heyrətamiz və mobil telefonla edilən ilk zəng idi.
Kuper “Motorola” adlı kiçik bir elektronika şirkətində işləyirdi. Şirkət əsasən radio məhsulları istehsal edirdi. Lakin 1970-ci illərdə eyni zamanda “Motorola” mobil telefon sistemi üzərində də çalışmağa başladı. AT&T adlı nəhəng bir şirkət də eyni zamanda mobil telefon sistemi yaratmaq üzərində çalışırdı.
Kuper insanların hər yerdə istifadə edə biləcəyi telefon hazırlamaq istəyirdi. Beləliklə, o və komandası işə başladı. Onlar ilk mobil telefonun dizaynı və yaradılması üçün cəmi 90 gün sərf etdilər. Bu, əl ilə yığılmış böyük, ağır bir şey idi. Rəsmi olaraq telefon “Dynamic Adaptive Total Area Coverage” mənasmı verən DynaTAC adlanırdı. Ancaq bu çox ağır olduğu üçün onu “Kərpic” adlandırdılar. Onun çəkisi 1,1 kiloqram idi.
Telefonun təqdimatmda Kuper həqiqətən onun hər yerdə istifadə oluna biləcəyini göstərmək üçün çölə çıxdı. O, ilk zəngi 1973-cü ildə Nyu Yorkun küçələrindən etdi. Bəs kimə zəng etdi? AT&Tnin (yəni rəqib şirkət) mobil telefon proqramma cavabdeh olan doktor Coel Engelə zəng etdi. İkisi salamlaşdıqdan sonra Kuper doktor Engelə dedi: “Mən sizə mobil telefondan zəng edirəm. Əsl mobil telefon. Şəxsi, əl, portativ mobil telefon”. Kuper bildirdi ki, xəttin o biri ucunda səssizlik hökm sürürdü. Düşünürəm ki, o, dişlərini qıcayırdı.
Doktor Engels isə özünü sındırmadı, zəngi xatırlamadığını söylədi.
Bu zəng nəhəng bir şeyin başlanğıcı olsa da, hər şey dərhal dəyişmədi. İnsanlarm ala biləcəyi DynaTAC versiyasmı yaratmaq üçün “Motorola” on ildən çox vaxt sərf etdi.
1983-cü ildə DynaTAC 8000X təxminən 4000 dollara satışa çıxdı. Telefonu enerji ilə doldurmaq 10 saat çəkirdi və siz onunla yalnız 30 dəqiqə danışa bilərdiniz. Kuper daha sonra zarafatla dedi ki, qısa batareya ömrünün heç bir əhəmiyyəti yoxdur: Çünki siz o telefonu bu qədər uzun müddət qulağmızda saxlaya bilməzsiniz!
Kuper ilk zəng edəndən bəri mobil telefonları çox dəyişdi. İndi onlar daha kiçikdirlər və şəkil çəkmək, oyun oynamaq və internetdə axtarış etmək kimi daha çox şey edə bilərlər. Hazırda 94 yaşı olan Kuper mobil telefonların bu gün etdiklərindən təsirlənir, lakin o, onların hələ də yaxşılaşa biləcəyini düşünür.
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)
Qız qalasının ətəyində şəhidlik izi – Müqəddəs Varfolomey kilsəsinin hekayəsi
Xanım Aydın, “Ədəbiyyat və incəsənət”
Qız qalası yaxınlığında, İçərişəhərin qədim küçələrindən birində bu gün yalnız özülləri görünən bir ibadət məkanı var. Bu yer vaxtilə Bakının ən müqəddəs xristian ziyarətgahlarından biri – Müqəddəs Varfolomey kilsəsi idi. İndi isə o, həm dini inancın, həm də şəhərin çoxqatlı tarixinin şahididir.
Şəhidlik məkanı üzərində ucaldılan kilsə
Rəvayətə görə, miladın 71-ci ilində Həzrət İsa Məsihin 12 həvarisindən biri – Həvari Varfolomey məhz Qız qalasının ətəyində bütpərəstlər tərəfindən ağır işgəncələrlə qətlə yetirilib. Deyilənlərə görə, o, Kiçik Asiyadan başlayaraq Hindistana, oradan isə Xəzər dənizi sahillərinə qədər İncil təlimini yayıb, nəhayət indiki Bakı əraizində çarmıxa çəkilib, dərisi soyulub və başı kəsilib.
Bu faciəli hadisənin baş verdiyinə inanılan ərazidə əsrlər boyu müqəddəs yer kimi ehtiram göstərilib.

1892–1936: Kiçik kapella, böyük mənəvi məna
Kilsə 1892-ci ildə İçərişəhərdə “qaranlıq sıralar” adlanan ərazidə, yerli xristian icmasının ianələri hesabına inşa edilib. Tikinti xərci təxminən 2000 rubl olub. Layihənin müəllifi memar İ.V.Edel idi və bina rus pravoslav kilsə memarlığı üslubunda tikilmişdi.
14 sentyabr 1892-ci ildə – Müqəddəs Xaçın ucaldılması bayramı günü – Bakıda möhtəşəm təqdis mərasimi keçirilib. Liturgiyada qubernator V.P.Roggen, ruhanilər və çoxsaylı dindarlar iştirak edib, kilsəyə doğru təntənəli yürüş təşkil olunub. Kilsənin üzərinə güzgülü xaç qoyulub, divarında isə belə bir mərmər lövhə yerləşdirilib:
“Bu yerdə Məsihin 12 şagirdindən biri, müqəddəs Həvari Varfolomey Məsih üçün canını verdi.”
Kiçik kapella formasında olan ibadətgahın interyeri Varfolomeyin və digər müqəddəslərin ikonaları ilə bəzədilib. Burada həmçinin ikonalar və dini broşuralar üçün anbar mövcud idi. Kilsə hər gün səhərdən axşama qədər açıq olurdu.
Maraqlıdır ki, bu məbəd Bakının ilk və ən qədim kilsəsinin özülləri üzərində inşa edilmişdi. Hətta əvvəlki kilsənin ikonostasından üç təsvir də burada qorunub saxlanılmışdı.

Dağıdılma və yaddaş
Kilsə 1936-cı ilə qədər fəaliyyət göstərdi. Lakin sovet dövründə aparılan dinlə mübarizə kampaniyası çərçivəsində bina söküldü. Ondan yalnız bünövrə qaldı.
Bu gün həmin özüllər 2015-ci ildən etibarən arxeoloji abidə kimi qeydə alınıb və qorunur. İçərişəhərin qədim ruhunu yaşadan bu qalıqlar Bakının dini və mədəni müxtəlifliyini xatırladan mühüm tarix izidir.
Müasir dövrdə anım mərasimləri
Hər il iyunun 24-də – Müqəddəs Varfolomeyin anım günündə – Bakı yeparxiyası kilsənin qalıqları üzərində dua mərasimi (moleben) keçirir. Bu ənənə, dağıdılmış məbədin mənəvi varlığının yaşadığını göstərir.
2003-cü ildə isə Konstantinopol patriarxı I Varfolomey Müqəddəs Varfolomeyin qalıqlarının bir hissəsini Azərbaycan xristian icmasına hədiyyə etmişdi. Həmin müqəddəs əmanət hazırda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında saxlanılır.

Tarix və inancın kəsişdiyi məkan
Müqəddəs Varfolomey kilsəsi artıq mövcud olmasa da, onun hekayəsi yaşayır. Qız qalasının kölgəsində qalan bu özüllər Bakının çoxmillətli, çoxdinli tarixinin bir parçasıdır. Burada bir vaxtlar dua səsləri yüksəlir, zəvvarlar toplaşır, şamlar yanırdı. İndi isə tarix həmin bu qalıq daşlarda yaşayır.
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ADA tələbələri kibertəhlükəsizlik mövzusunda tədbir keçirib
4 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ADA tələbələri - Hacı Zeynalabdin Tağıyev müsabiqəsi çərçivəsində iştirak edən CyberEye komandası kibertəhlükəsizlik mövzusunda tədbir keçirib.
Maarifləndirmə xarakterli tədbirdə Nuray Cəfərova, Fərid Xəlilov, Rza Ağarzazadə, İlkin Bayramlı, Hafiz Bəylərli çıxış edərək kibertəhlükəsizlik mövzusunda aktual problemlərə toxunublar.
Tədbirdə gənclər, veteranlar, media nümayəndələri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)


