
Super User
Bütün populyar köhnə filmlərimizdə o vardır
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün bir nəfərin də anım günüdür. Köhnə dövrlərin adamıdır. O dövrdəkilkəri də yada salmaq bizim borcumuzdur.
Könhə filmlərimizə baxın. Əksəriyyətində onu görəcəksiniz. İndi belə aktyor tapmaq olarmı?
Ağahüseyn Cavadov 22 aprel 1894-cü ildə Bakının yaxınlığındakı Xırdalan qəsəbəsində doğulub. Əvvəl mollaxanada təhsil alan Ağahüseyn 1919-cu ildə Səadət məktəbini bitirib, lakin daha sonra Ağahüseyn Cavadov maddi çətinliklər səbəbindən təhsilini davam etdirə bilməyib və ailəsini dolandırmaq üçün tacir yanında işləyib.
Sənətə Tənqid-Təbliğ Teatrında başlayıb. 1920-ci ildən səhnə fəaliyyətinə başlayan aktyor "Çin tanrısı", "Fırtına", "Ovod", "Anamın kitabı", "Qanlı səhra", "Bəxtsiz cavan", "Paris Noterdam kilsəsi", "Romanovların son günləri", "Namus" tamaşalarında oynayıb.
O, 1938-ci ildə yenicə təşkil edilmiş Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunub. Cavadov burada "Ər və arvad", "Əlli yaşında cavan", "Beş manatlıq gəlin", "Arşın mal alan", "Toy kimindir", "Evli ikən subay" tamaşalarında oynayıb. Onun "Bəxtiyar", "O olmasın, bu olsun", "Bir qalanın sirri", "Qızmar günəş altında", "Sehirli xalat", "İstintaq davam edir", "Şərikli çörək", "Əhməd haradadır?" filmlərində yaratdığı rolları kino tarixinin qiymətli obrazlarıdır. Eyni zamanda Ağahüseyn Cavadov bədii əsərlərin bir çoxunun efirdə səsləndirib. O, ömrünün 60 ildən çoxunu səhnəyə verib və 200-dən artıq səhnə obrazı yaradıb.
Teatr sənətinə tələbəlik illərindən maraq göstərən, bəzi tamaşalarda sözsüz və epizodik rollara çıxmış (müxtəlif truppalarda) Ağahüseyn Cavadov 1920-ci ilin iyunundan müəyyən fasilələrlə (arada 1942-ci ilə qədər Bakı Türk İşçi Teatrında və Musiqili Komediya Teatrında aktyorluq edib) Milli Dram Teatrında işləyib.
Filmoqrafiya
1. Bəxtiyar
2. Görüş
3. O olmasın, bu olsun
4. Qızmar günəş altında
5. Kölgələr sürünür
6. Bir qalanın sirri
7. Əhməd haradadır?
8. Sehrli xalat
9. İstintaq davam edir
10. İyirmialtılar
11. Əzim Əzimzadə
12. Mən ki gözəl deyildim
13. Bizim Cəbiş müəllim
14. Şərikli çörək
15. Hörmətli alim yoldaşlar
16. Ağasadıq Gəraybəyli
17. Bakıda küləklər əsir
18. Dörd bazar günü
19. Qərib cinlər diyarında
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Qırmızı Əmək Bayrağı" ordeni
- 2 dəfə "Şərəf nişanı" ordeni
Aktyor 200-dən artıq səhnə obrazı yaradıb, 10-a qədər filmdə komik və ciddi rollar ifa edib.
Ağahüseyn Cavadov 19 iyun 1981-ci ildə Bakıda vəfat edib.
İkinci Fəxri Xiyabanda dəfn olunub. Ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)
Varlığı ilə bu dünyaya gözəllik qatan Əzizağa Elsevər…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
“Kəndimizin baş tərəfindən bir çay axırdı. Elə indi də axır. Qarayar çayı. Uşaqlıq xatirələrimin sevgisi, beşiyi Qarayar çayı. Yayda dili, topuğu quruyar, sahilləri bir-birinə əl uzadardı. Sıza-sıza, korun-korun axıb gedərdi. Yazda heç üzünü görmə. Kükrəyər, sir-sifətini dəyişdirərdi. Yatağına sığmaz, qarşısına çıxanı yıxıb dağıdardı. Burovar sıra dağlarının ətrini, çöllərin gül qoxulu nəfəsini sinəsinə sığıb gətirərdi. Bulanıq sular köpüklənər, dərədə yığılıb burular, sonra da hirsini-hikkəsini toplayıb üzüaşağı götürülərdi. Darıxanda sahilinə qaçar, danışar, pıçıltısını, nəğməsini dinləyər, ürəyimi doyunca boşaldardım. Sanki çay da məni duyar, içimdən keçəni oxuyardı. Ancaq heç vaxt məndən inciməz, yorulub usanmazdı. İçimdə bir hiss baş qaldırar, bir duyğu göyərərdi. Bu, nə idi bilmirdim. Məni məndən alır, fikrimi, xəyalımı çəkib uzaqlara aparırdı...”- söyləyir.
Çox duyğusal adamdır. Romantik düşüncə tərzi var. Yaşı 70-i ötsə də uşaqlıq xatirələri heç vaxt onu rahat buraxmır. Qarayar çayının ecazkar səsi hələ də qulaqlarından getmir. Unutmadığı çox məqamlar var. Bu, onun mükəmməllik axtarışı və detallara olan diqqətindən irəli gəlir. Hər bir vəziyyəti dərinliklə təhlil edərək, ən yaxşı qərarı qəbul etməyə çalışır...
Deyir ki:- “Anamın sözləri tez-tez yaddaşıma tökülür, sonra qəfil gələn bu xoş, ilıq hissin dumanında əriyirdi. Anam: “Çaya çox yaxın getmə haa! Dilim qurusun, birdən yıxılarsan, götürüb gedər.”-deyərdi. Sonra gözləri ilə məni yeyə-yeyə: “Bəs onda mənim balam kim olar?”- soruşardı. Anam arxayın olmadığını görüb, qulağımı astaca çəkər, yanımı yüngülcə şapalaqlayıb:” Bax, haa... məndən deməkdir.”- söylərdi. Anama:”Yoox, daha getmərəm!..”- desəm də, özümlə bacarmırdım. Elə bil içimdə kimsə məni qıdıqlayır, çağırırdı. O, nagahani səs qulağımda cingildəyir, məni ovsununa, tilsiminə salırdı. Bir səhər yenə getmişdim Qarayarçayın görüşünə. Barmaqlarımı daraqlayıb bulanıq sularında oynatmış, əllərimlə ovuclayıb üzümü yumuşdum. Çay sevinmiş, suları ayağıma döşənib, ayaqqabımı yalamışdı. Qucağında gətirdiyi dağ çiçəyini ərməğan etmişdi. Əyilib çiçəyi götürmək istəyəndə, ehtiyatsızlıq edib, sürüşüb suya düşmüşdüm. Su məni axına itələmiş, oynayırmış kimi dar bir keçiddən keçirib geniş qoynuna salmışdı. Üzməyi bilmədiyimdən əl-qol atır, çırpınır, sahilə can atırdım. Çay dərin və aşağısı burulğanlı olduğundan tez-tez batıb çıxır, “Kömək edin!. Kömək edin!!.”- deyə çığırırdım.”
O qədər saf-təmiz təbiəti var ki, onunla ünsiyyətdə olanda adam uşaqlaşır, durulur. Dünyanın dərd-sərindən, ağrı və əzablarından uzaqlaşıb həyata yenidən başlamaq istəyir. Bununla yanaşı o, çalışqan və çox məsuliyyətli adamdır. Hər zaman öz üzərinə düşən vəzifələri yerinə yetirmək üçün səy göstərir. İşi planlı görməyi xoşlayır və gözəl təşkilatçılıq qabiliyyəti var...
O, 1952-ci ilin sentyabr ayının 10-da Cəlilabad rayonunun Sabirabad kəndində dünyaya gəlib. Tam orta təhsilini Cəlilabad şəhər 7 saylı məktəbdə fərqlənmə ilə bitirərək həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul olunub və 1975-ci ildə həmin universitetin tarix fakültəsində ali təhsilə yiyələnib. 1975-1984-cü illərdə Sabirabad kənd orta məktəbində tarix və ictimaiyyat müəllimi vəzifəsində çalışıb. 1984-cü ildən 1997-ci ilədək indiki AMEA-nın “ Elm” nəşriyyatında redaktor, böyük redaktor və 1-ci dərəcəli redaktor vəzifələrində işləyib. 1997-ci ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın Böyük Vətən müharibəsi və müharibədən sonrakı dövr tarixi” şöbəsinə elmi işçi vəzifəsinə köçürülüb. 2001-ci ildə “Azərbaycan avtomobil nəqliyyatının bərpa və inkişaf etdirilməsi tarixi (1946-1960-cı illər)” mövzusunda tarix üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib. O, akademik nəşr olan çoxcildlik “Azərbaycan tarixi”nin VII cildinin müəlliflərindən biridir. Hazırda “Azərbaycan SSR-nin Qazaxıstan və Mərkəzi Asiya respublikaları ilə əlaqələri tarixi (1946-1991-ci illər)” adlı doktorluq dissertasiyasını tamamlamaq üzrədir...
Onun ən böyük güclərindən biri analitik düşüncə tərzidir. O, problemləri tez bir zamanda müəyyənləşdirə və bu problemləri həll etmək üçün effektiv yollar tapa bilir. Həmçinin, səmimi və etibarlı dost və əməkdaşdır. Başqalarına kömək etməkdən xoşlanır və bu səbəbdən də tez-tez etibarlı adam kimi tanınır...
Şair, jurnalist, gəmi kapitanı Faiq Balabəyli onu belə xarakterizə edir: “Kifayət qədər təəssübkeş adamdır, alimdir, yazıçıdır. Orta məktəbdə müəllimim olub və yaddaşımın heç vaxt silinməyəcək yerində adını saxlamışam. Deyim ki, müəllimimin sevimli şagirdlərindən biri olmuşam, çətinlik çəkərəm, amma onun mənim haqqımda yazdığı məqaləsində fikirlərini oxumuşam və mənə çox xoş olub. Sən demə müəlimim mənim heç də sıradan bir şagird olmamağım qənaətində olub. Hələ biz orta məktəbdə oxuyarkən onun- gənc müəllimimizin hekayələri dövrü mətbuatda dərc olunurdu, kitabı çıxmışdı və bu həqiqətən də bütün kəndin, biz şagirdlərin ürəyincə olan hadisələr idi...”
O, 1990-1991-ci illərdə “Azadlıq” qəzetində korrektor, 1992-1995-ci illərdə Qərb Universitetinin “Menecer” litseyində müəllim, sonra direktor, 1995-1996-cı illərdə “Savalan”, 1996-1997-ci illərdə “Şəhriyar” qəzetlərində ədəbiyyat şöbəsinin müdiri, 1998-1999-cu illərdə “Respublika” qəzetinin əməkdaşı, 1999-2001-ci illərdə “Təzə həyat” qəzetinin redaktoru, 2001-2003-cü illərdə Bakı şəhəri Yasamal rayon 21 saylı tam orta məktəbdə fəaliyyət göstərən gecə məktəbində tarix müəllimi, Xətai rayonundakı 147 saylı texniki humanitar litseydə tarix-ictimaiyyat müəllimi, 2003-2005-ci illərdə Kooperasiya Universitetində müəllim, 2003-2008-ci illərdə Lənkəran Dövlət Universitetində müəllim işləyib. Hazırda Bakı Qızlar Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində dosent kimi pedaqoji fəaliyyət göstərməkdədir...
Deyir ki:- “Ömrümdən illər yarpaq-yarpaq düşürdü. Məktəbi də, institutu da bitirdim. Qardaşlarımın hərəsi bir tərəfdə, uzaq-uzaq şəhərlərdə oxudu, bacılarım nişanlandı. Valideyinlərim yaşlıydı. Daha əlləri də iş tutmurdu. Ehtiyac, sıxıntı da elə bil ki, bir tərəfdən bizi tanımışdı, heç gözləyib eləmədən də, utanmadan tez-tez qapımızı döyürdü. Aldıqlarımız da qapıdan girməmiş, sanki pəncərədən çıxırdı. Qayğılar qayğıları üstələyirdi. İçimdən keçəni dilimə gətirə bilmirdim. Bir də, danışmağa nə üzlə danışacaqdım ki?! Qarayarçayın yuxusuna şirin layla çaldığı kənddə müəllim işləyirdim. Gəncliyimin ucalığından sadəlövh uşaqlığımın qayğısız günlərinə hərdən həsrətlə baxırdım. Öz-özümə gülümsəyir, arxada qalan o təmiz, bəmbəyaz günlərimin şirinliyinə bürünmək, ovsununda itmək istəyirdim. Günlər atını çapıb gedirdi, mənimsə əllərim həsrətimin ünvanında uzanıb qalırdı...”
Onun həmçinin, özünütəkmilləşdirmə və öyrənmə səriştəsi var. Yeni biliklər əldə etmək və öz bacarıqlarını inkişaf etdirmək üçün daim çalışır. Eyni zamanda sağlam həyat tərzinə və fiziki rifaha böyük önəm verir.O, elmi-tədqiqat və pedaqoji fəaliyyətlə bərabər, həm də bədii-publisistik fəaliyyətlə də məşğul olur. Onun 70-dən çox hekayəsi, 300-dən çox bədii-publisistik yazıları müxtəlif qəzet və jurnallarda, almanaxlarda çap edilib. Povest və hekayələrdən ibarət- “ İki kölgə”, “ Əbədiyyət yolçusu” və “ Anam üçün darıxmışam” kitablarının müəllifidir...
Bəli, söhbət ədəbi aləmdə Əzizağa Elsevər kimi tanınan, Əzizağa Bəhrəm oğlu Ələkbərovdan gedir. Varlığı ilə bu dünyaya gözəllik qatan insanlardan birindən...
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)
Məşhur türk aktrisası Bircə Akalay – tanıdınız yəqin!
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Məşhur türk aktrisası Bircə Akalay!
O, 19 iyun 1984-cü ildə istanbulda dünyaya göz açıb. 2003-də Pera Gözəl Sənətlər Liseyi Teatr bölümündə lisey təhsil alıb. Həmin il qəbul olduğu İstanbul Universiteti teatr aktrisalığı və dramaturgiya bölümündəki təhsilini tamamlamayıb, Xaliç Universiteti Konservatoriya Teatr bölümündən məzun olub. 2004-cü ildə Türkiyə Gözəllik yarışmasında üçüncü olduqdan sonra Avropa Gözəllik yarışmasında Türkiyəni təmsil edib və yarımfinala çıxıb. 2004–2007-ci illər arasında Star TV və TV8-də idman spikerliyi, həm də Çempionlar liqası və 8-ci Pillə kimi verilişlərdə aparıcılıq edib.
2007-ci ildə yayımlanan "Kader" və "Sənin Üçün" seriallarında baş rolda oynayıb. 2008-ci ildə "Asi" adında serialda qonaq aktrisa olaraq qatılıb. Bundan başqa 2008-də vizyona girən "Son Ders" və 2009-un oktyabr ayında vizyona girən "Nefes: Vatan sağolsun" filmində rol alıb. 2009-cu ildə TRT 1-də yayımlanan "Alayına İsyan" serialında Sevtap rolunda, 2009-cu ilin sentyabr ayında "Sizi seviyorum" filmində Emre Altuğ ilə baş rolları paylaşıb.
2009-da ATV-də yayımlanan "Bir kış masalı" serialında Zişan rolunda oynayıb. Həmin il TRT Müzik kanalında başlayan və TV8-də davam edən verilişi Sinema dünyası bir yayın mövsümü davam edib. 2010-cu ildə Murad Ünalmış ilə birliktə Ürgübdə bir eşqi anlatan Yer gök aşk serialında Həvva rolunu canlandırmışdır. 2013-cü ildə ATV-də Baş Nazir Adnan Menderesin həyatından bəhs edən Ben onu çok sevdim adlı serialda opera sənətçisi Ayxan Aydan rolunu canlandırıb.
2013-cü ildə TRT 1-də yayımlanan Böyle Bitmesin adlı seriala qonaq aktrisa olaraq qatılıb. Sonra isə Kanal D-də yayımlanan Kiçik Ağa adlı serialda Sinəm rolunu, 2015-ci ildə ATV-də yayımlanan Evli ve Öfkeli adlı serialda isə 4 baş roldan birini canlandırıb. Bircə Akalay Star TV-də yayımlanan Hayat Bazen Tatlıdır serialındada baş rolda oynayıb.
Filmoqrafiya
Deliormanlı
Dışarda
Senin Uğruna
Şefkat Tepe
Böyle Bitmesin
Ağlama Anne
Hazırladığı və ya aparıcılığını etdiyi televerilişlər
Çempionlar liqası final Aparıcı
Çempionlar liqası özəl Aparıcı
İdman gecəsi
8-ci pillə
Sinema dünyası
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)
"İNSAN HÜQUQLARI AYLIĞI" - Bülbülün Memorial Muzeyində
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Bülbülün Memorial Muzeyində “İnsan hüquqlarının qorunmasında cəmiyyətin rolu” mövzusunda görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Muzeydən verilən məlumata görə, muzeyin elmi işçisi Aytac Əhmədli “Müasir dövrdə insan hüquqlarının aktual problemləri” adlı məruzə ilə çıxış edərək bu mövzuda mühüm problemlərə toxunub.
Həmçinin görüşdə Azərbaycan Universitetinin tələbələri mövzu ilə bağlı çıxış ediblər.
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)
Komitə sədri tanınmış rəssamın yubileyini təbrik edib
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Fikrət İbrahimlini 70 illik yubileyi ilə bağlı təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli Fikrət müəllim, Sizi - Azərbaycan təsviri sənətinin inkişafında özünəməxsus dəsti-xətti, duyum və duruşu ilə seçilən ictimai və sənət xadimini 70 illik yubileyiniz ilə bağlı ürəkdən təbrik edirəm!
Sizin təbiət və tarix, insan və ruh, məkan və zaman, eləcə də mənəvi dəyərlər kontekstində yaratdığınız əsərlər bir tərəfdən sənət estetikasına, digər tərəfdən milli-mənəvi yaddaşa xidmət edir. Azərbaycan təsviri sənətində seçilən rəssam kimi Siz, həm də milli mədəniyyətimizin fədakar daşıyıcılarındansınız.
Neftçalanın Xıllı qəsəbəsindən başlayan həyat yolunuz, ustad Adil Hacıyevdən aldığınız ilkin sənət dərsləri, sonradan Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, ardınca Mədəniyyət və İncəsənət Universitetində qazandığınız peşəkarlıqla birlikdə Sizi bu gün Azərbaycan sənət cameəsində sayılıb-seçilən bir şəxsiyyətə çevirmişdir.
Əminəm ki, əsərləriniz bundan sonra da Azərbaycan rəssamlıq məktəbinin zəngin xəzinəsinə töhfələr verəcək, gələcək nəslin estetik zövqünün formalaşmasında öz təsirini göstərəcəkdir.
Sizə yeni yaradıcılıq uğurları, möhkəm cansağlığı, uzun ömür və tükənməz sənət eşqi arzulayıram”!
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)
Türklər üçün canavar (bozqurd) anlamı
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsində bu gün də maraqlı mövzuya toxunacağıq: türklər üçün canavar (bozqurd) anlamı nədir?
Türk mifologiyası, minillər boyu türk toplumlarının kollektiv yaddaşında formalaşmış və özündə mədəni, siyasi və dini dəyərləri ehtiva edən zəngin bir irsdir. Bu mifoloji sistemdə canavar, xüsusilə bozqurd, sadəcə bir heyvan deyil, ilahi mənşə, yolgöstərən ruh, qəhrəmanlıq və milli birlik simvoludur. Bozqurd həm miflərdə, həm dastanlarda, həm də tarixi hadisələrin simvolik yozumlarında mərkəzi yer tutur. Bu araşdırmada bozqurdun türklər üçün daşıdığı dərin mənalar sistematik şəkildə təhlil edilir.
1. Bozqurdun mənşə əfsanəsi – Türklərin əcdadı kimi
Qədim Çin salnamələrində (XIII əsr, Bei shi və Zhou Shu) türklərin mənşəyini izah edən məşhur Aşina əfsanəsi yer alır:
“Bir türk boyunun bütün üzvləri qırılır, yalnız bir oğlan sağ qalır. Dişi bir bozqurd onu dağa aparıb sağaldır və onunla birlikdə yaşayır. Bu birliyin nəticəsində on oğul dünyaya gəlir və onların soyundan türk boyları yaranır.”
Bu əfsanə bozqurdu soy saxlayan ana, qurtuluş və başlanğıc rəmzi kimi təqdim edir.
Orxon yazılarında (VIII əsr) bozqurd birbaşa qeyd olunmasa da, “gök tengri”, “yer-sub” anlayışları ilə birgə xalqın göydən, ilahi mənşədən gəldiyi ideyası mövcuddur:
“Türük bodun, özüm qop qara bodun erti. Üze kök Tengri, asra yağız yer kılındukda, ikin ara kişi oglı kılınmış.”
(Türk xalqı, mən özüm qara xalq idim. Yuxarıda Göy Tanrı, aşağıda torpaq yaradıldıqda, onların arasında insan oğlu yaradılmış.)
Bu fraqmentdə insanın və xalqın ilahi sistemin bir parçası olduğu vurğulanır. Bozqurd da bu sistemdə ilahi təbiətə malik bir yolgöstərən obrazdır.
2. Ergenekon dastanı: Azadlıq və yenidən doğuluş
Türklər düşmənlər tərəfindən təqib edilir, dağlarla əhatələnmiş Ergenekon vadisinə sığınırlar. Burada dörd yüz il yaşayırlar. Nəhayət, dağları əridərək çıxmaq istəyirlər, lakin yol tapa bilmirlər. Bu zaman göydən enmiş bir bozqurd ortaya çıxır və onlara çıxış yolunu göstərir.
“Ol boz kurt boldı yul körsätgüçi, xalq añlap bardı arqasınca.”
(O bozqurd yolgöstərən oldu, xalq onun arxasınca getdi.)
Bu mif türklərin yenidən doğuluşunu, azadlıq mübarizəsini və bozqurdun müqəddəs peyğəmbərvari rolunu simvollaşdırır.
3. Oğuznamə və Oğuz Kağan dastanında canavar
“Oğuz Kağan dastanı”nda Oğuzun bir çox yürüş və zəfərlərində göy bir qurd Oğuz Kağana bələdçilik edir. Bu qurd Tanrı tərəfindən göndərilən ruhani bir varlıqdır:
“Gökdən bir mavi kurt geldi, yürüyin, ben önden gideyim dedi.”
Bu obraz ilahi rəhbərlik, haqq yoluna yönəlmə və dövlət quruculuğu kimi dəyərlərlə birləşir.
4. Dədə Qorqud Kitabında canavar
Dədə Qorqud dastanlarında "canavar" obrazı düşmən, vəhşi, təhlükə kimi də göstərilir. Lakin bu “canavar” obrazı bozqurddan fərqlidir və daha çox real heyvani qorxuya işarə edir:
“Oğuz elinə bir qaplan çıxdı, canavar oldu, mal qırar, can alar.”
Bu baxımdan Dədə Qorqudda bozqurd yox, “canavar” konkret vəhşi heyvan mənasındadır. Lakin bu da göstərir ki, türklər arasında "canavar" – düşmən, "bozqurd" – dost, müqəddəs" qarşılaşdırması olmuşdur.
5. Simvolik anlamlar: Bozqurdun çoxqatlı simvolikası
Anlam |
Açıqlama |
İlahi mənşə |
Türk soyunun bozqurddan doğduğu inancı |
Yolgöstərən |
Ergenekon və Oğuznamədəki rəhbər rol |
Azadlıq |
Həbsdən qurtulma və yenidən doğuluş |
Milli kimlik |
Bozqurd türk millətinin simvolu kimi |
Döyüş ruhu |
Bozqurd döyüşkənlik, cəsarət və qorxmamaq simvoludur |
6. Müasir dövrdə bozqurd simvolunun davamı
- Bozqurd bu gün bir çox türk dövlətlərində milli kimlik simvolu kimi yaşamaqdadır.
- Azərbaycan və Türkiyədə bu simvol həm ədəbiyyatda, həm ideologiyada, həm də hərbi rəmzlərdə öz yerini qoruyur.
- Müasir türkçülük və turançılıq ideologiyaları bozqurdu birlik və gücün əbədi rəmzi kimi qəbul edir.
Bozqurd – türklərin soy yaddaşını daşıyan, ilahi mənşəyə işarə edən, azadlıq və mübarizə ruhunu yaşadan müqəddəs bir simvoldur. Qədim türk dastanlarından müasir ideoloji düşüncəyə qədər bozqurd türkün kimliyində öz yerini qoruyub saxlamışdır. Bu simvol türkün öz keçmişi ilə bu günü arasında qurduğu mifik körpü, həm də gələcəyə ümidlə baxdığı ideoloji güzgüdür.
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)
Onu çox tez itirdik
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
22 mart 2023-cü il tarixində Bakı-Novxanı yolunun Saray qəsəbəsi ərasizində ağır yol qəzası baş verdi. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Oqtay Əliyev idarə etdiyi "Lexus Lx470" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşdı. Avtomobildə olan xalq artisti Mehriban Zəki və əməkdar artist Dilarə Əliyeva yüngül xəsarətlər aldılar. O özü isə 54 yaşında ikən vəfat etdi. Nə qədər işləri yarımçıq qaldı...
Oqtay Əliyev 19 iyun 1968-ci ildə İrəvan şəhərində doğulub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun "kino və dram rejissoru" fakültəsində təhsil alıb. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor köməkçisi işləyib. Bakı şəhər Mədəniyyət idarəsində rejissor vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycan televiziyasında "Virtuoz" adlı layihənin prodüseri olub.
"Ər və arvad" (Mar Bayciyev), "Molla Nəsirəddin və Əzrayıl", "Gəlin, açıq danışaq, lap açıq", "Əkizlərin nağılı" (Panço Pançiyev) pyeslərinin və bir sıra əlamətdar bayram proqramlarının quruluşçu rejissoru olub, ssenarilərini yazıb. A. P. Çexovun "Məmurun ölümü" əsəri əsasında çəkilmiş "Kiçik leytenant" filminin baş prodüseri olub. Space TV-də yayımlanan "Korifey", "Həftə çal-çağırı", "İşdən sonra" verlişlərinin müəllifi və baş prodüseri olub.
Müəllif və Baş prodüser kimi çalışmaları:
1. Həftə çal-çağırı
2. İşdən sonra
3. Zarafatyana
4. Çal-çağır
5. Qırmızı xətt
6. Qərib filmlər
7. Yeni ulduz (Pop idol) beynəlxalq musiqi yarışması
8. Xalq ulduzu milli musiqi yarışması
9. Kim kimdir? (İntuition) beynəlxalq layihə
10. Çal-çağır şou
11. Burada və indi
12. Yalan doğru (Detector show) beynəlxalq layihə
13. Zəhmətkeş ulduzlar
14. Gülmək qadağandır
15. Yuxunuz şirin olsun
16. Cehiz
1998-ci ilin oktyabr ayının 5-də yaradılan "SOY production" şirkətinin təsisçisi və prezidenti olub. "Ən yaxşı ssenariyə görə" I Audiovizual festival, Bakı- 2001, "Ən yaxşı animasiya işinə görə" III Beynəlxalq Audiovizual festival Bakı- 2003 mükafatlarını qazanıb.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)
Və bəzən gözləmək, yaşamaq qədər cəsarət istəyir - ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bəzən sadəcə gözləyirəm: zamanı, arzularımı, bir gün hər şeyin düzələcəyini.
Baxmayaraq ki, heç nə dəyişmir, ancaq yenə də gözləyirəm. Çünki içimdə bir ümid var – səssiz, amma inadkar. Hər dəfəsində məni ayaqda tutan, tükənməyə imkan verməyən bir inad. Və bəzən gözləmək, yaşamaq qədər cəsarət istəyir.
Gözləmək asan deyil. O, səndən çox şey istəyir, çox şey alır – səbrini, zamanını, inamını, bəzən də göz yaşlarını. Sən isə sadəcə bir şey istəyirsən – qovuşmaq.
Bir arzuya, bir hissəyə, bir insana, ya da sadəcə özünə.
Bəlkə də gözlədiyin heç vaxt gerçək olmayacaq. Ancaq yenə də içindəki o ümid, o istək hələ də susmayıb.
Ən son ölən ümidlərdir deyirlər. Bəs sona qədər yaşayan nədir?
Bəlkə də sevgi.
Ya da xatirələr.
Bəlkə də ruhun gücü.
Ya da insan!
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)
Bir şair var idi, Taleh Həmid adında...
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Ulduzu göylərdən enən görmüşük,
Yanan ocaqları sönən görmüşük,
Biz hansı gedəni dönən görmüşük? –
Bir də bu dünyaya gəlməyəcəyik.
Ağın ağ rəngi var, qaranın qara,
Əbəs aldatmasın şirin xülyalar.
Gözlər dikilməsin sonsuz yollara,
Hər şeyin əvvəli, bir də sonu var.
Birin bir təkrarı, onun onu var,
Bir də bu dünyaya gəlməyəcəyik.
Eşqin alovunda biz kül olarıq,
Ömrün sehirində bir gül olarıq,
Deyirik, gülürük, nə qədər varıq,
Onsuz da yoxluğun üzü qaradı,
Bir də bu dünyaya gəlməyəcəyik.
SSRİ Yazıçılar Birliyinin üzvü Taleh Həmid 19 iyun 1952-ci ildə Şəmkir rayonunun Dəllər Cəyir kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra sovxozda əmək fəaliyyətinə başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin baş idarəsində kadrlar şöbəsində xüsusi işlər üzrə müfəttiş, daha sonra isə (təhsildən ayrılmadan) təsərrüfat müdiri vəzifəsində çalışıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Yaradıcılığının ilk illərində Respublika "Lenin komsomolu" mükafatına layiq görülüb.
1980-ci ildə Gənc Jurnalistlərin II Ümumittifaq, 1984-cü ildə Gənc yazıçıların VIII Ümumittifaq müşavirələrində iştirak edib. Şeirləri və publisistik yazıları təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da işıq üzü görüb. Bir sıra mətbu orqanlarında — "Ulduz" jurnalında şöbə müdiri, "Yeni fikir" qəzetində baş redaktor, "Müstəqil qəzet"in təsisçisi və baş redaktoru vəzifələrində, Regionların Inkişafı İctimai Birliyində sədr müavini işləyib.
Kitabları
1. Qapımı bahar döyür
2. Məni gözləyən olsa (şeirlər və poema)
3. Dünya yaxşıdı hələ...
4. Yaz çiçəklərinə qar yağır.
5. Bu gündən sabaha (şeirlər)
6. Mənə ürəyində yaz yeri saxla (şeirlər)
7. Günəşdən gizlənir yay çiçəkləri (şeir və poemalar)
8. Ömrün payız sovqatı (publisistika)
9. Qarlı axşamların işığı (məqalələr)
10. Sənə məktublar yazıram
2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülübdür. 2012-ci ilin noyabrında "VI Uluslararası Canakkala Seir axşamları" festivalında Azərbaycan poeziyasını təmsil edib.
2015-ci ildə "Yəhya bəy Dilqəm" adlı ikihissəli lirik psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub.
1 noyabr 2016-cı ildə Bakıda vəfat edib, 2 noyabrda doğulduğu kənddə dəfn olunub. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)
Mina Rəşidin “Əziz Peyğəmbərimiz” adlı kitabı çap edilib
Günel Quliyeva, “Ədəbiyyat və incəsənət” üçün
Bu günlərdə “Vətən səsi”nin əməkdaşı, AYB-nin üzvü, Prezident mükafatçısı Mina Rəşidin “Əziz Peyğəmbərimiz” adlı uşaq və gənclər üçün nəzərdə tutulan kitabı çap edilib.
Kitab “AVE print” nəşriyyatında işıq üzü görüb.
Yazıçı, “Ulduz” jurnalının şöbə redaktoru Hicran Hüseynovanın kitabda yer alan yazısında qeyd edilir ki, nəşrdə sonuncu peyğəmbərimiz olan Muhəmməd (s.a.s) peyğəmbərin həyatından, ümumən İslam dininin gözəlliklərindən, üstünlüklərindən bəhs edilir.
Ən başlıcası isə odur ki, müəllif bütün bu bilgiləri həm gözəl, axıcı poeziya dilində, həm də məktəb yaşlı uşaqların başa düşəcəyi qədər sadə, anlaşıqlı bir dildə qələmə alıb.
İmanlı, inamlı övlad yetişdirmək istəyən valideynlər, bu kitab gözəl məqsədinizə çatmaq yolunda ən böyük yardımçınız olacaq. İnşəAllah!
Qeyd edək ki, kitabın redaktorları tanınmış yazıçılar - Sevinc Nuruqızı, Hicran Hüseynova və Ayişə Nəbidir. Tərtibatçı isə Elşən Şıxlıdır.
Onu da əlavə edək ki, bu Mina Rəşidin sayca 9-cu kitabıdır.
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)