Super User
Arşın mal alan – musiqi, sevgi və azad seçimin təcəssümü
Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"
“Arşın mal alan” Azərbaycan mədəniyyətinin zirvə əsərlərindən biridir. Əsərin müəllifi, böyük bəstəkar Üzeyir Hacıbəyli 1913-cü ildə yazdığı eyniadlı operetta ilə Şərqdə ilk musiqili komediya ənənəsini yaratmışdı. Bu ölməz əsər bir neçə dəfə ekranlaşdırılıb. Lakin 1965-ci ildə çəkilən rəngli film versiyası xüsusi yer tutur.
1965-ci il ekran işi Tofiq Tağızadənin rejissorluğu ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Ssenari müəllifləri Tofiq Tağızadə və Muxtar Dadaşovdur. Film musiqili komediya janrında çəkilmiş və texniki baxımdan dövrü üçün kifayət qədər mükəmməl ekran həlli ilə seçilmişdir.
Süjet və ideya xətti
Hadisələr XX əsrin əvvəllərində Bakıda cərəyan edir. Varlı gənc Əsgər evlənmək istəyir, lakin dövrün adət-ənənələrinə görə gələcək həyat yoldaşını görmədən ailə qurmalıdır. Bu qayda ilə razılaşmayan Əsgər dostu Süleymanın köməyi ilə arşın mal satan tacir qiyafəsinə girir və evlərə parça satmaq bəhanəsi ilə qızları görməyə başlayır.
Bu sadə və komik süjet əslində köhnə adətlərlə yeni düşüncə arasındakı qarşıdurmanı göstərir. Film sevginin seçim azadlığı üzərində qurulmalı olduğunu yumor və musiqi dili ilə çatdırır.
Aktyor heyəti
Film güclü aktyor ansamblı ilə yadda qalır:
Həsən Məmmədov – Əsgər
Leyla Şıxlinskaya – Gülçöhrə
Ağadadaş Qurbanov – Soltan bəy
Nəcibə Məlikova – Cahan xala
Hacı Murad Yagizarov – Süleyman
Xuraman Hacıyeva – Asya
Aktyor oyunu teatr pafosundan uzaq, daha canlı və təbii təqdim olunur ki, bu da filmi əvvəlki ekran versiyalarından fərqləndirir.
Musiqinin yenidən nəfəs alması
Operettanın musiqi əsasını Üzeyir Hacıbəyli yaratsa da, 1965-ci il filmində musiqi tərtibatı və redaktəsi görkəmli bəstəkar Fikrət Əmirov tərəfindən işlənmişdir. Bu yenilənmə ekran estetikasına uyğunlaşdırılmış, melodiyalara daha zəngin orkestr çaları verilmişdir.
“Sevgili canan”, “Arşın mal alan” və digər məşhur nömrələr film boyu emosional xətti aparan əsas qüvvəyə çevrilir. Musiqi burada sadəcə müşayiət deyil — süjetin hərəkətverici enerjisidir.
Estetik və tarixi əhəmiyyət
1945-ci ildə çəkilmiş ilk film versiyası böyük beynəlxalq uğur qazanmışdı. Lakin 1965-ci il versiyası artıq rəngli formatda, daha müasir kino dili ilə təqdim edildi. Dekorasiyalar, kostyumlar və kadr quruluşu milli koloritlə zəngindir.
Film həm milli kimliyi qoruyur, həm də universal romantik komediya ruhunu saxlayır. Bu isə onu zamanın sınağından çıxaran əsas amillərdəndir.
Sosial və fəlsəfi qat
“Arşın mal alan” zahirən şən və yumoristik filmdir. Lakin dərin qatında qadın azadlığı, fərdi seçim hüququ və sosial stereotiplərin tənqidi dayanır. Əsgərin maska taxaraq azad seçim axtarması cəmiyyətin sərt qaydalarına qarşı simvolik etirazdır.
Film deyir ki, sevgi məcburiyyətlə yox, könüllü seçimlə qurulmalıdır.
Son söz
“Arşın mal alan” sadəcə bir musiqili komediya deyil — o, Azərbaycan mədəniyyətinin vizit kartıdır. 1965-ci il ekran versiyası klassik operettanı yeni nəfəs, yeni vizual dinamika və yeni aktyor enerjisi ilə təqdim etdi.
İllər keçir, dövrlər dəyişir, amma Əsgərin arşını hələ də sevgi ölçür.
Və bu ölçü heç vaxt köhnəlmir.
“Ədəbiyyat və incəsənət”
(06.03.2026)
Desəm öldürərlər, deməsəm ölləm...
Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Bu həyatda insanlar çoxdan susmağı öyrənməyib. Susdurulmağı öyrənib. Çünki hər kəs bilir: bəzi sözlər var ki, dilə gələn kimi insanın taleyi dəyişir. Ona görə də çoxu danışmır yox, danışa bilmir.
Hamı hər şeyi görür. Küçədə də görür, iş yerində də, televizorda da, gündəlik həyatında da. Ədalətin necə ölçüldüyünü, haqqın necə bölündüyünü, yalanın necə bəzədildiyini hamı anlayır. Amma anlayanların səsi eşidilmir. Çünki bu səs ya qorxuya çırpılır, ya da laqeydliyin divarına dəyib geri qayıdır.
Bizə tez-tez deyirlər: “Niyə danışmırsınız?”
Heç soruşan varmı bizi danışmağa qoyurlar ki?
İnsan bir dəfə qorxmur. İkinci dəfə tərəddüd edir. Üçüncü dəfə isə artıq özünü saxlayır. Sonra elə bir gün gəlir ki, susmaq insanın xarakterinə çevrilir. Adam həqiqəti bilir, amma demir. Çünki bilir , sözün qiyməti bəzən çörəkdən, işdən, azadlıqdan, hətta sabahdan baha olur.
Sonda qorxu adiləşəndə cəmiyyət sakit görünür. Hamı öz işi ilə məşğul kimi görünür, hamı gülümsəyir, hamı razı təsiri bağışlayır. Amma bu sakitlik razılıq deyil, bu, yorğun insanların sükutudur.
Bir tərəfdə yalan danışanlar var, digər tərəfdə həqiqəti bilib susanlar. Və zaman keçdikcə susanların sayı artdıqca, yalan daha ucadan danışmağa başlayır.
İnsan bəzən üsyan etmək istəmir, sadəcə haqqın adını çəkmək istəyir. Amma elə bir mühit yaranır ki, adi bir sual belə təhlükəli sayılır. Gülmək yanlış başa düşülür, etiraz düşmənçilik kimi qəbul edilir, fikir isə günah kimi göstərilir.
Beləcə insan öz içində iki yerə bölünür: danışmaq istəyən vicdan və susmağa məcbur qalan ağıl.
Qeyd edim ki, ən ağır həbsxana divarları olan yer deyil. Ən ağır həbsxana insanın öz dilini qorumaq məcburiyyətidir. Ən ağır həbsxana insanın özünə hakim olmağa çalışdığı andır. Hakim var. Sən varsan. Və sən sözlərini həbs edəcəksən. Düşüncəni, gerçəkləri həbs edəcəksən.Sözünü ölçə-ölçə danışmaq, həqiqəti yarım demək, fikrini gizlətmək! insanı yavaş-yavaş içindən yeyir.
Çünki insan yalnız nəfəs aldığı üçün yaşamır. İnsan danışanda yaşayır. Etiraz edəndə yaşayır. Haqsızlığa “yox” deyəndə yaşayır.
Bu gün ən böyük faciə odur ki, insanlar artıq qorxduqlarını belə etiraf etmirlər. Çünki qorxunun özü də adi hala çevrilib.
Və nəticədə hamı eyni sualın içində qalır: Danışsaq öldürərlər, danışmasaq içimizdə ölürük.
Bəlkə də məsələ heç danışmaq cəsarətində deyil. Məsələ insanın sözünə yaşamaq haqqı verilməsindədir.
Yazını bitirirəm…
Amma dilimin ucunda qalan sözü bir şair çoxdan deyib:
“Desəm öldürərlər, deməsəm ölləm”.
“Ədəbiyyat və incəsənət”
(06.03.2026)
Gürcüstanın işgüzar azərbaycanlı qadınlarının görüşü keçirilib
Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə işgüzar xanımların “Uğura gedən yol” adlı görüşü keçirilib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, eləcə də həmin ölkədə müxtəlif sahələrdə uğur qazanan azərbaycanlı qadınlar iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, “Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova tədbirin məqsədinin uğurlu qadınların fəaliyyətini işıqlandırmaq, onların nailiyyətlərini geniş ictimaiyyətə təqdim etmək və qarşılıqlı fikir mübadiləsi üçün platforma yaratmaq olduğunu deyib.
Görüş çərçivəsində tibb, mədəniyyət, idman, kosmetologiya, psixologiya, təhsil və digər sahələrdə çalışan xanımlar öz uğur hekayələrini bölüşüb. Eyni zamanda qadınların ictimai və peşəkar həyatda rolu ətrafında müzakirələr aparılıb.
Səfirliyin müşaviri Samir Əbdürəhimov Gürcüstanda müxtəlif sahələrdə uğur qazanan qadın soydaşlarımızın fəaliyyətinin qürurverici olduğunu bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Şəfəq Binnətova qurumun xaricdə yaşayan soydaşlarımıza göstərdiyi dəstək barədə məlumat verib, Gürcüstandakı azərbaycanlı qadınların nailiyyətlərinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
“Ədəbiyyat və incəsənət”
(06.03.2026)
Respublika Uşaq Kitabxanasında “Müəllif saatı” layihəsinə başlanılıb
F.Köçərli adına Respublika Uşaq Kitabxansında “Müəllif saatı” adlı yeni layihəyə başlanılıb. Layihənin əsas məqsədi uşaqların ədəbiyyata marağını artırmaq, oxu mədəniyyətini zənginləşdirmək və onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, layihə çərçivəsində martın 4-də kitabxanada Bakı şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına liseyin 2-ci sinif şagirdlərinin uşaq yazarı Mehriban Nağıyeva ilə görüşü təşkil edilib.
Görüşdə Mehriban Nağıyeva müəllifi olduğu kitablar haqqında uşaqlara ətraflı məlumat verib və yaradıcılıq prosesindən bəhs edib. Müəllif həmçinin yaradıcılığı ilə bağlı oxucuların suallarını cavablandırıb.
“Müəllif saatı” uşaqların ədəbiyyatla interaktiv şəkildə tanışlığı və onların şəxsi inkişafı baxımından yaddaqalan olub.
“Ədəbiyyat və incəsənət”
(06.03.2026)
Polad Bülbüloğlu Nərgiz Cabbarlıya təbrik məktubu ünvanlayıb
4 mart 2026-cı ildə Xalq artisti, Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət Komitəsinin sədri, millət vəkili Polad Bülbüloğlu Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü, tənqidçi-ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlıya təbrik məktubu ünvanlayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məktubda Nərgiz xanımın müəllifliyi ilə bu yaxınlarda işıq üzü görmüş “Mirzə Qədim İrəvani. Parlaq rənglərin işığında” kitabına görə məmnunluq və minnətdarlıq ifadə olunur.
Əsərdə tarixi sənət örnəklərinə elmi-mədəni-estetik baxış vurğulanaraq müəllifin böyük şəxsiyyətin həyat və yaradıcılıq yolunu çox incə bir peşəkarlıqla əks etdirməsi yüksək qiymətləndirilir. Həmçinin belə dəyərli və zəngin elmi-nəzəri işlərin ölkəmizdə və onun hüdudlarından kənarda təsviri sənət tarixi tədqiqatlarının inkişafına töhfə verdiyinə dərin inam ifadə olunur.
Böyük sənətkar məktubda Nərgiz xanıma tarixi irsimizə, mədəniyyətimizə belə bir ləyaqətli xidmət müqabilində həm Mədəniyyət Komitəsinin sədri kimi, həm də şəxsi olaraq öz adından dərin minnətdarlığını bildirərək bu cür şərəfli işlərdə yeni-yeni uğurlar arzulayır.
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)
Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazaxıstanın aparıcı qurumları arasında Anlaşma Memorandumu imzalanıb
3 Mart 2026-cı il tarixində Astana şəhərində Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazaxıstan Respublikasının aparıcı elmi, innovasiya və texnoloji qurumları – NITEC QSC (AO «НИТ») Astana Beynəlxalq Universiteti və Astana HUB arasında Anlaşma Memorandumu imzalanıb.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, memorandumu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, Astana Beynəlxalq Universitetinin prezidenti Serik İrsaliyev, NITEC QSC-nin İdarə Heyəti sədrinin e-Gov inkişafı üzrə müavini Şınğıs Orazalimov və Astana Hub baş icraçı direktorunun müşaviri İlyas Makaşev imzalayıblar.
Memorandum çərçivəsində tərəflər təhsil, innovasiya və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin Türk dünyasının zəngin mədəni irsinin araşdırılması, qorunması və tanıdılması istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarını nəzərdən keçirəcəklər.
İmzalanmış Memorandum Türk dünyasının texnoloji və mədəni potensialının birləşdirilməsi, həmçinin tərəflər arasında institusional əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)
Adəm İsmayıl Bakuvi: “Bakı əməkdaşlıq və real hədəflərə əsaslanan inkişaf və sabitlik modelini təqdim edir”
“Martın 3-də Bakı daha bir mühüm beynəlxalq enerji platformasına ev sahibliyi etdi. Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının növbəti iclasları dəyişən qlobal enerji gündəminin fonunda xüsusi əhəmiyyət kəsb etdi. Tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətində əldə olunan nəticələri və qarşıdakı dövr üçün prioritetləri diqqətə çatdırdı. Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlıq illər ərzində genişlənərək çoxşaxəli platformaya çevrilib. Bu gün Azərbaycan qazı 16 ölkəyə çatdırılır. Bu göstərici ixracın yalnız miqyasını deyil, həm də beynəlxalq etimadı əks etdirir. Cənab Prezident çıxışında vurğuladı: “Ötən il Bakıda sonuncu görüşümüzdən bəri görülən işlərə nəzər yetirdikdə yenə də irəliləyişin şahidi oluruq.” Yeni bazarlara çıxış və mövcud tərəfdaşlarla əlaqələrin dərinləşdirilməsi enerji sahəsində davamlı strategiyanın göstəricisidir.”
Bu sözləri “Ədəbiyyat və incəsənət” portalına verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.
Fikirlərini davam etdirən partiya sədri son illər Azərbaycanın yalnız xammal tədarükçüsü kimi deyil, həm də enerji aktivlərinə sərmayə yatıran ölkə kimi çıxış etdiyini xüsusi olaraq vurğulayıb: “Xarici bazarlarda elektrik istehsalı və emal güclərinin əldə olunması enerji təhlükəsizliyinə daha geniş baxışın formalaşdığını göstərir. Bu yanaşma enerji zəncirinin müxtəlif mərhələlərində iştirak etməyə, gəlirləri şaxələndirməyə və regional bazarlarda mövqeni möhkəmləndirməyə imkan verir. Qarşıdakı illərdə bir sıra yataqlarda qaz hasilatının artımı gözlənilir. Bu artım daxili tələbatın ödənilməsi ilə yanaşı, ixrac potensialının genişlənməsinə də şərait yaradacaq. Dövlət başçısının qeyd etdiyi kimi: “Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur.” Bu isə infrastrukturun müasirləşdirilməsi və ötürücü xətlərin gücləndirilməsi zərurətini gündəmə gətirir. Enerji siyasətində mühüm istiqamətlərdən biri də bərpaolunan mənbələrin inkişafıdır. Artıq iri külək və günəş elektrik stansiyaları istifadəyə verilib, hidroenerji potensialının artırılması istiqamətində işlər aparılır. Cənab Prezident alternativ enerji ilə bağlı planları konkret rəqəmlərlə ifadə etdi: “Biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik.” Bu hədəf həm ekoloji öhdəliklərin yerinə yetirilməsinə, həm də daxili enerji balansının optimallaşdırılmasına xidmət edir.
Eyni zamanda, gələcəkdə elektrik enerjisinin ixracı perspektivləri də nəzərdən keçirilir. Çıxışda enerji keçidinə münasibət aydın şəkildə ifadə olundu. Dövlət başçısı qeyd etdi: “Qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti hesab edirəm ki, iş məhz belə aparılmalıdır.” Bu mövqe göstərir ki, enerji strategiyası tarazlı yanaşma üzərində qurulub: mövcud resurslardan səmərəli istifadə və paralel şəkildə yeni texnologiyalara sərmayə qoyuluşu. Cənab Prezident onu da bildirdi ki: “Biz hidroelektrik stansiyalarına sərmayə yatırırıq. Bu layihələr Ermənistanın işğalından azad edilmiş ərazilərdə icra olunur. Hələ ki, 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq sistemimizə qoşulub. Planlarımız bunu 2-3 ilə təqribən ikiqat artırmaqdır. Bu, bizə əlavə potensial və ucuz enerji verəcək”. Bakıda keçirilən iclaslar bir daha nümayiş etdirdi ki, Azərbaycan enerji sahəsində uzunmüddətli və ardıcıl siyasət həyata keçirir. İxracın genişlənməsi, infrastrukturun gücləndirilməsi, alternativ enerji layihələrinin icrası və beynəlxalq tərəfdaşlığın dərinləşdirilməsi bu siyasətin əsas istiqamətlərini təşkil edir. Enerji bazarlarında qeyri-müəyyənliyin davam etdiyi bir dövrdə Bakıdan verilən mesaj sabitlik, əməkdaşlıq və real hədəflərə əsaslanan inkişaf modelidir.
Eyni zamanda, bu yanaşma Azərbaycanın qlobal enerji arxitekturasında mövqeyini daha da möhkəmləndirir, ölkəni yalnız resurs təchizatçısı deyil, həm də strateji planlaşdırma və enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaş kimi təqdim edir. Qarşıdakı mərhələdə həm ənənəvi enerji resurslarının səmərəli idarə olunması, həm də yaşıl transformasiyanın sürətləndirilməsi iqtisadi dayanıqlığın əsas dayaqlarından biri olacaq. Beləliklə, formalaşan yeni mərhələ Azərbaycanın enerji siyasətini regional çərçivədən çıxararaq daha geniş geoiqtisadi kontekstdə qiymətləndirməyə əsas verir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)
Uşaqlar oruc tuta bilər? İlahiyyatçıdan açıqlama
Fatimə Məmmədova, “Ədəbiyyat və İncəsənət“
Ramazan ayında bəzi uşaqlar da böyüklərə qoşularaq oruc tutur. Onlar bu ibadəti həm dini inanclarına görə, həm də ailə mühitinin təsiri ilə yerinə yetirirlər. Mütəxəssislər isə uşaqların sağlamlığının hər zaman nəzərə alınmasının vacib olduğunu bildirirlər. Xüsusilə azyaşlıların uzun müddət ac və susuz qalması müəyyən risklər yarada bilər. Bu baxımdan valideynlərin qərar verərkən diqqətli olması tövsiyə olunur.
Bu barədə “Ədəbiyyat və İncəsənət” portalına açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov qeyd edib ki, ümumiyətlə islam dininə görə həddi buluğa çatmayana qədər uşaqlara hansısa ibadəti məcbur eləmək doğru hesab edilmir:
"Qurani Kərimdə də dində məcburiyətin olmadığı deyilir. Ancaq Ramazan ayı yaxınlaşanda bəzi valideynlər tərəddüd yaşayır. Uşağa oruc tutdurmaq savabdırmı, yoxsa bu, ona ağır yük olar? Hətta bəzi valideynlər bilmədən uşaqlarını buna məcbur edirlər. Biz bilirik ki, din uşağa yük qoymaq üçün yox, onu həyata və imana hazırlamaq üçündür.
Qurani Kərimdə oruc Bəqərə surəsi 183-cü ayədə iman gətirənlərə fərz buyurulur. Lakin şəriət baxımdan məsuliyyət həddi-buluğa çatmaqla başlayır. Uşaq isə hələ mükəlləf deyil. Bəqərə 286-cı ayədə Allah buyurur ki, heç kəsə gücü çatmadığı yük yüklənməz. Bu prinsip fiqhin əsas sütunlarından biridir. İslam alimləri arasında ittifaq var ki, həddi-buluğa çatmayan uşağa oruc vacib deyil.
Bununla yanaşı, hədislərdə tərbiyəvi məşq anlayışı var. Peyğəmbərimiz Məhəmməd sallallahu aleyhi və səlləm dövründə səhabələr uşaqlara Aşura günü oruc tutdurur, acanda onları oyuncaqlarla məşğul edirdilər. Bu rəvayət həm Buxaridə, həm Müslimdə var. Burada incə bir məqam var. Uşağa ibadət məcburi öhdəlik kimi yox, mərhələli öyrədilən dəyər kimi təqdim olunurdu. İmam Nəvəvi bu hədisi şərh edərkən bildirir ki, məqsəd uşağı alışdırmaqdır, əziyyətə salmaq deyil. İbn Qudamə də qeyd edir ki, uşaq gücü çatdığı qədər təşviq edilə bilər, amma zərər ehtimalı varsa bu doğru deyil.
Burada dini prinsip ilə müasir elmi baxış bir nöqtədə birləşir. Uşağın orqanizmi inkişaf mərhələsindədir. Uzun müddət susuz qalmaq xüsusilə isti havada su-duz balansını poza bilər. Uşaq həkimlərinin müşahidələrinə görə, azyaşlı uşaqlar uzun müddət susuz qalanda bu hal onlarda böyüklərə nisbətən daha tez yaranır və diqqətinin dağılmasına, halsızlığa, hətta davranışında dəyişikliklərə səbəb ola bilər. Bu, hər uşaq üçün eyni deyil, amma ümumi həqiqət budur ki, böyüklə uşaq eyni fizioloji gücə malik deyil. İslamın zərər verməmək prinsipi də məhz bunu qoruyur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, nə özünə zərər ver, nə də başqasına.
Burada əsas sual budur. Biz uşağa orucu necə təqdim edirik? Əgər Ramazan onun yaddaşında halsızlıq, məcburiyyət, danlaq və müqayisə ilə qalacaqsa, bu, ibadət şüuru formalaşdırmayacaq".
İlahiyyatçı bildirib ki, əgər Ramazan evdə paylaşma, dua, iftar sevinci, birlik ruhu ilə yaşanacaqsa, uşaq özü bu atmosferin içində böyüyəcək:
"Mənim fikrimcə, yarım gün tutmaq, bir neçə saat sınaq etmək, iftara qədər deyil, məsələn günortaya qədər davam etdirmək daha sağlam yanaşmadır. Uşaq özünü məcbur edilmiş yox, dəyərli hiss etməlidir.
Klassik alimlər də uşağın tərbiyəsində mərhələliliyi əsas götürüblər. Necə ki, namaz yeddi yaşdan öyrədilir, on yaşda daha ciddi tapşırılır, oruc da eyni şəkildə alışdırma ilə formalaşır. Bu, hüquqi məcburiyyət deyil, əxlaqi tərbiyədir.
Unutmamalıyıq ki, ibadətin məqsədi insanı təqvaya çatdırmaqdır. Təqva isə qorxu üzərindən yox, şüur və sevgi üzərindən qurulur. Uşaq Ramazanı Allahın onu sevdiyi bir ay kimi tanımalıdır. Əgər biz bu ayı onun həyatına sevgi ilə daxil etsək, gələcəkdə o ibadəti özü qoruyacaq. Məcburiyyətlə böyüyən iman isə çox zaman ilk fürsətdə tərk edilir.
Bir sözlə belə demək olar ki, həddi-buluğa çatmamış uşağa oruc vacib deyil. Sağlamlığı imkan verirsə və özü istək göstərirsə, mərhələli şəkildə təşviq edilə bilər. Amma hər şeydən əvvəl uşağın sağlamlığı və psixoloji rahatlığı qorunmalıdır. Din insanı yormaq üçün deyil, onu kamilləşdirmək üçündür. Ramazan uşağın qəlbində sevgi izi buraxmalıdır, qorxu izi yox".
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)
Ədəbi incimiz olan Səməd Vurğun
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə Xalq şairi, tanınmış dramaturq və ictimai xadim Səməd Vurğunun “Şair, nə tez qocaldın sən!” şeiri təqdim olunur. Nu narədə “Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan məlumat verilmişdir.
Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri Səməd Vurğunun bu il 120 illiyi tamam olur. Xalq şairinin yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
Kino tariximizin ən məhşur kinofilmlərindən olan “Yeddi oğul istərəm”, “Aygün” filmləri, “Talıstan” və “Muğan” poemaları, “Vaqif” və “Fərhad və Şirin” dramları kimi ölməz əsərlər, sevdiyimiz bir çox seirlər cəmi 50 il ömr sürmüş Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun qələminə aiddir. S.Vurğun Nizaminin “Leyli və Məcnun”, Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, A.S.Puşkinin “Yevgeni Onegin”, M.Qorkinin “Qız və ölüm” poemalarını da tərcümə etmişdir.
S.Vurğun irsinə çoxsaylı poema və tərcümələr, dörd pyes, xalq tərəfindən çox sevilən şeirlər aiddir.
Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan SSR-i Elmlər Akademiyasının akademiki və vitse-prezidenti olan S.Vurğun bir çox mükafatlara layiq görülmüşdür.
Böyük şairin xatirəsinə heykəl ucaldılmış və kantata yazılmış, onun adı Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına və küçələrə verilmiş, Bakıda ev-muzeyi yaradılmışdır.
S.Vurğun şeirləri bu gün də dillər əzbəridirsə, demək o yaşayır, sevilir, oxunur.
Mərkəzi Kitabxananın Fəxri oxucusu, yazıçı Şahzadə İldırım hazırladığı maraqlı videoçarxda Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin S.Vurğunun “Azərbaycan” şeirindən səsləndirdiyi bir parça təqdim edilir. Videoçarxda şairin ömrünün sonlarında xəstə yatağında ikən yazdığı “Şair, nə tez qocaldın sən!” şeirini Şahzadə İldırım səsləndirir. Bu şeir S.Vurğunun fiziki qocalığı ilə ruhunun cavanlığı arasındakı təzadı, ömrünü xalqına həsr etməsinin qürurunu və ömrünün sonuna yaxınlaşan şairin kövrək, lakin məğrur etirafını əks etdirir.
Videoçarx aşağıdakı keçiddə təqdim olunur:https://www.youtube.com/watch?v=Rb4GSNYV87A
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)
Yumruq boyda ürəyin problemləri və... - Portret cizgiləri
Ağalar İdrisoğlu,
yazıçı-rejissor, Əməkdar incəsənət xadimi. “Ədəbiyyat və incəsənət”
“Mən onu vurğulamaq istəyirəm ki, tibb aləmində həkim düşünən beyindir. Amma bu işin icraçıları, sağ və sol əllərimiz tibb bacılarıdır”. (Vəfa Əliyeva)
Vəfa xanım Əliyeva bu gün təkcə Sumqayıtda yox, respublikada ən peşəkar kardioloq-həkimlərdən biridir. Bunu təkcə mən demirəm, ona müraciət edən bütün xəstələr, onların yaxınları da belə deyir. Təkcə xəstələr, onların yaxınları yox, işlədiyi 1 nömrəli Sumqayıt şəhər Xəstəxanasının da bütün işçiləri və rəhbərlik etdiyi kardiologiya şöbəsində çalışanlar da onun haqqında həmişə yaxşı, səmimi fikirdə olublar.
Mən bir müddət idi ki, onunla bağlı bir yazı yazmaq və Vəfa həkimi respublika oxucularına daha yaxından tanıtmaq istəyirdim, amma o, çox təvazökar olduğundan razılıq vermirdi. Axır ki, onu öz inadından döndərib, Vəfa həkim Əliyeva ilə bu müsahibəni-portret cizgilərini hazırladım. İlk öncə ona çox sevindim ki, belə savadlı hakimin maraqlı tövsiyyələrini, fikirlərini, məsləhətlərini oxuculara çatdıra bildim. Çünki gəlin danmayaq ki, bu gün səhiyyə sahəsində və onun təbliğatında boşluqlar çoxdur. Yəni insanlarımızın tibbi biliklərdən, tibbi maarifdən məlumatı çox azdır. Amma əslində tibb sahəsi haqqında həddindən artıq çox yazılmalı və hər bir oxucu yeri gələndə bütün bunları oxumaqla özlərinin həkimləri olmalıdırlar. Çünki dünyanın ən aparıcı ölkələrində belədir. Azərbaycanda da səhiyyə sahəsinə dövlət tərəfindən kifayət qədər xərc çəkilir, amma onun təbliğatı, səhiyyə maarifi aşağı səviyyədədir. Bu sahədə işləri də biz yazarlar etməliyik və həkimlərimiz haqqında tez-tez yazmalı, onların maraqlı fikirlərinin oxuculara çatdırılmasına çalışmalıyıq. Bəlkə bu yolla tibbi maarifi artıra bilərik. İlk öncə Vəfa həkim haqqında çoxminli oxucularımıza qısa məlumat vermək istəyirəm.
Qısa arayış: O, 1981-ci ilin aprel ayının 14-də anadan olub. Atası, məşhur tarixçi Zəbərxan müəllim əslən Masallıdandır. Uzun illər Bakı Dövlət Universitetinin professoru və tələbələrin sevimli müəllimi olub. Anası Tinatin müəllimə də Ağstafada anadan olub və uzun illər Sumqayıtdakı məktəblərdə riyaziyyatdan dərs deyib. Riyaziyyət sahəsində çox savadlı şagirdlər yetişdirib. Vəfa həkim deyir ki, “mən müəllim ailəsində anadan olmağımla fəxr edirəm. Hətta məndən əvvəlki şöbə müdirimiz olan, çox savadlı, yüksək peşəkar həkim Cabir həkim mənə həmişə müəllim qızı deyib. Mən də bununla qürrəlanmışam ki, müəllim çörəyi ilə böyümüşəm”. Beləliklə, Vəfa həkim Sumqayıtda doğulub və burada böyüyüb. Sumqayıt şəhərini də bütün şəhərlərin tacı hesab edir. O, 1997-2003- cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2003-2004-cü illərdə internaturanı Azərbaycan Respublikasının Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda keçib. 2004-cü ilin avqust ayından artıq Sumqayıt şəhərindəki 1 nömrəli xəstəxanada kardiologiya şöbəsində həkim-kardioloq kimi əmək fəaliyyətinə başlayıb. İyirmi il bu şöbədə həkim kimi şalışdıqdan sonra, 2024-cü ildən bu şöbənin müdiri kimi öz işini davam etdirir. Əslində Vəfa həkim öz işini bir həkim kimi davam etdirməyi daha üstün tuturdu. Amma 2024-cü ildən Sumqayıt Səhiyyə Şöbəsinə çox istedadlı, təcrübəli kardioloq-həkim, səhiyyə sahəsində böyük təşkilatı işlərə imza atan, respublikada ən sonuncu yerlərdən birini tutan Cəlilabadın səhiyyəsini məmləkətimizdə yüksək səviyyəyə qaldıran Elnur həkim Azadxanov təyin olunandan sonra o, Sumqayıt Səhiyyəsində də çoxlu lazımlı, layiqli dəyişikliklər edib, bacarıqlı, yaxşı təşkilatçı, savadlı həkimləri vəzifələrə gətirdi. Elnur həkimin təkidi ilə Vəfa xanım Əliyeva da kardiologiya şöbəsinə müdir təyin olundu. Vəfa həkim az bir vaxtda Elnur həkimin bütün ümidlərini doğrultdu və bu şöbədə çoxlu istalahatlar apardı. Əsl peşəkar həkim-kardioloqlara lazım olan bütün şəraitləri yaratdı. Xəstələrə diqqət daha çox artdı. Və xəstələr bura böyük həvəslə, Vəfa həkimi ümid qapısı bilməklə daha həvəslə gəlməyə başladılar. Mən özüm də, yaxınlarım da ürək xəstəsi olduğumuza görə tez-tez bu şöbəyə müraciət edirik və həmişə də Vəfa həkimin mehrubanlığını, böyük diqqətini görürük. Mənə elə gəlir ki, Vəfa həkim elə səhiyyə sahəsində çalışmaq, insanlara şəfa vermək üçün doğulub. Yəni Ulu Yaradan ona doğulanda özünün Yer üzərində elçisi olan müqəddəs həkimlik kodunu verib. Çünki apardığım müsahibədə də, ondan aldığım cavablarda da mən bunu gördüm, hiss etdim, duydum. Ona ilk öncə bu sualla müraciət etdim.
-Vəfa həkim, bu gün dünyada ən çox insan ölümü infarkt və
xərçəng xəstəlikləri sayəsində olur. Bunun əsas səbəbi nədir? Niyə bu iki sahə insan ölümünə görə dünyada əsas göstəricidir?
-Əslində infarkt təkcə bu gün yox, hər zaman ölüm sahəsində birinci yerdə olub. Belə ki, qəfləti ölümlər, infarktdan ölmək son iki əsrdə streslə bağlı aktiv olub və birinci yerdə durur. Amma son vaxtlar xərçəng xəstəliyi də ölüm sahəsində ikinci yerdə durur. Əfsuslar olsun ki, yenə də biricilik ürək xəstəliyi ilə bağlı ölümdür. Ürək xəstəliyində də ən çox qəfləti ölümlər daha çoxdur. Digər tərəfdən də infarktın özü ciddi ağırlaşmaları, erkən və gecikmiş ağrıları olan xəstəlikdir. Bu ağırlaşmaların da ilk üçlüyü- kardiogen şokudur, ani ölümdür, mədəcik fibirilyasiyası, ağ ciyər ödemi və letal sonluqla nəticələn ağırlaşmalardır. Son vaxtlar biz bunlarla çox tez-tez rastlaşırıq. Ən dəhşətli şey budur ki, son vaxtlar infarktın gəncləşməsi baş verir. Yəni çox vaxt gənc insanlar infarkt olurlar. Mənə elə gəlir ki, bunun da əsas səbəbi insanların hərəkət etməyi sevməmələridir. Yediyimiz qidalarda zərərli yağları daha çox qəbul etməyimiz və bu yağların da bizim maddidələr mübadiləmizi pozması və beləliklə də damarlarımız, əzasən də tac damarımızın sıradan çıxması sayəsində olur. Bu damarların da tıxanması nəticəsində infarkt baş verir. Yuxarıda dediyim kimi bu xəstəlik gənclərədə də son vaxtlar çoxalıb. Bu da enerji içkilərinin sayəsində xəstəliyi artırır. Bir da yanlış qidalanma və hərəkətin azlığı -hipodinamiya nəticəsində olur. Ürək xəstəliklərinin koviddən sonra çoxalmasını da dünya alimləri sübut ediblər ki, bu xəstəlikdən sonra damarların daxili qişasının iltihablanması çox sürətlənib. Əfsuslar olsun ki, bu da kovidin bizə qoyduğu “yadigardır”. Ona görə də mənim insanlara ən böyük tövsiyyəm budur ki, əgər istəmirlər ki, infarkt olsunlar, ilk öncə zərərli vərşilərdən uzaq olmalıdırlar. Çox hərəkət etməlidirlər və yedikləri yeməklərə daha çox fikir verməlidirlər. Ən əsası isə heç olmasa ildə iki dəfə əsaslı formada həkim müayinsindən keçməlidirlər. Belə olanda elə bil hər insan özünün həkimi olur və orqanizmindəki zəif yerləri görür. Bununla dağlı tez həkimə müraciət edir.
-Deməli, belə bir nəticəyə gələ bilərik ki, kovid xəstəliyini bilərəkdən yaratmaqla və bu yolla daha çox insanları öldürə bilmədilərsə, bu xəstəliyin fəsadlarını insanların orqanizminə yeritməklə, heç olmasa ayrı-ayrı xəstəliklərlə onları haqq dünyasına daha tez aparsınlar. Elədirmi?
- Düzü mən bunun bu dərəcədə dərinliyini bilmirəm, amma şübhələrim də çoxdur ki, koviddən sonra xəstəliklər daha çox artıb. Belə ki, koviddən sonra insanların orqanizmində ağırlaşmalar özünü daha çox göstərir. Bunların da qarşısını almaq elə də asan deyil. Yəni həkimlər də koviddən sonrakı ağırlaşmaların qarşısını almaqda çox acizdirlər.
-İnfarktan qaçmaq, yəni infarkt olmamaq üçün insanlar nə etməlidirlər? Öz sağlamlıqlarını necə qorumalıdırlar? Bu haqda bir həkim kimi sizin hansı fikirləriniz, məsləhətləriniz var?
- Maraqlı sualdır. Gəlin ilk öncə risk faktorlarından başlayaq. Bizim bir professorumuz vardı və onun dediyi sözləri mənim yaddaşımda qalmaqla, qulağımda sırğadır: “ Ən yaxşı müalicə profilaktikadır. Əgər xəstəni yaxşı müalicə etmək istəyirsinizsə ona həmin xəstəliklərdən uzaq olmağın yollarını, prafilkatikasını öyrədin”. Profilaktika da başlayır risk faktorlarından uzaq durmaqla. Risk faktorları ilk öncə siqaret çəkməkdir. Spirtli içkilər içməkdir. Bu, kişilərimizə daha çox aiddir. Tütün birbaşa damarın daxili təbəqəsini zəhərləyən əsas faktorlardan biridir. Ona görə də əgər sağlam olmaq istəyiriksə siqaret çəkməməliyik. Spirtli içkidən uzaq olmalıyıq. İkinci qidalanma rejiminə çox diqqət etməliyik. Bu ən çox fasfod yeməklərində olur. Deməli, hökmən fasfod yeməklərini məhdudlaşdırmaq lazımdır. Qida rasionunda xeyirli yağlar, əsasən də bitki yağlarına üstünlük vermək, heyvani yağlarından daha az istifadə etmək lazımdır. İstifadə etdiyimiz yeməklərin də yağa çevrilməməsi üçün az yeməli və bu yağların da bədəndə çox toplanmaması üçün ən mühüm şərtlərdən biri də yeməkdən sonra hərəkət etmək çox vacibdir.
Ümumiyyətlə, yaponlar deyir ki, “az hərəkət etmək özü bir xəstəlikdir. İnsan orqanizminin ilk və vacib dərmanı da hərəkətdir”. Hələ keçən əsrdə belə bir məlumat vermişdilər ki, “atereskleroz XXI ərin ən böyük bəlasına çevriləcək. Çünki bu əsrdə hər şey o qədər asanlaşacaq ki, televizorları da insanlar elə yerlərində oturmaqla əldəki düymə ilə idarə edəcəklər. İnsanlar saatalarla uzanıb, əllərindəki mobil telefonda nələrəsə baxacaqlar. Həm də insanlar ən çox avtomobillərlə gəzməyə üstünlük verəcəklər. Yəni hipodinamiya XXI əsrin bəlası olacaq”. Artıq insanlar bunu gördükcə, çoxlu xəstəliklərlə üz-üzə qaldıqca, indi-indi yürüşlərə başlayırlar, trinajor zallarına gedirlər. Hətta yadımdadır ki, bu əsrin əvvəlində belə bir deyim vardı: “Vərəm kasıbın, atereskleroz varlının xəstəliyidir”. Yəni çox yeyib az hərəkət eləyən adamlar, hər cürə şəraiti olan adamlar olur və daha çox xəstəliyə də məhz onlar tutulur”. Hətta Böyük Britaniyada alimlər sübut ediblər ki, evində pişik və it saxlayan adamlar arasında it saxlayanların ateresklerozu gec başlayır. Səbəb də budur ki, həmin adamlar məcburən itləri gəzintiyə çıxarırlar və özlərindən asılı olmayaraq çox hərəkət edirlər.
-Siz Sumqayıt şəhərindəki 1 nömrəli xəstəxananın kardiologiya şöbəsinin rəhbərisiniz. Bu şöbə xəstəxananın ən əsas şöbəsi və döyüyən ürəyidir. Xəstələrin müalicəsi üçün hansı əsas işləri görürsünüz?
- Bizim xəstəxana mən işə qəbul olunduğum gündən və hətta ondan da daha çox əvvəl Sumqayıt, Sumqayıta yaxın Bakı kəndləri və Azərbaycanın Şimal bölgəsində olan həmvətənlərimiz üçün kəskin koranar, yəni ürək xəstəlikləri üçün, infarktlar, infarkt öncəsi, hətta xroniki xəstəliklərin terminal mərhələsində Təcili Yardımın tanıdığı tək ünvan olub. Bu gün də bu iş davam eləyir. Çünki ürək xəstəlikləri həmişə bura yönləndirilib. Həm də bizim xəstəxananın yerləşmə ərazisi də hamı üçün tez əlçatan yerdir. Çünki 1 nömrəli xəstəxana Sumqayıt şəhərinin tam ortasında, mərkəzində yerləşir. Artıq iki ildir ki, burada işlər daha intensiz gedir. Belə ki, biz əvvəllər xəstələri anju etmək üçün Bakıya yönləndirirdik. Amma iki ildir ki, Sumqayıt Hospitalda və artıq Ubikal Hospitalda da xəstələr anju oluna bilir. Yəni invaziv müayinə olunurlar. El arasında da buna invazir müdaxilə, yəni damardaxili müayinə, anju deyirlər. Bizim xəstəxanada koranar angioqrafiya xidmətimiz var. Və xəstələrin erkən saatlarda, ilk qızıl standartlarda altı-yeddi saat müddətində ürək tutmasının, infarktın ilk başlanması vaxtında artıq anju olunub, stent qoyulması, ya da əməliyyata aparılması arasında dövlət və özəl xəstəxanalar arasında sıx körpü yaratmışıq. Ona görə də qətiyyətlə deyə bilərəm ki, əhalinin sağlamlığı yolunda bir neçə pillə irəli getmişik. Digər tərəfdən də mən vurğulamaq istəyirəm bizim poliklinika və stosionarın sinxronik, birlikdə sıx işləmələrini. Bu yaxınlarda illik təqdimatla bağlı Sumqayıt Səhiyyə Şöbəsində hesabatlar oldu. Və orada məndən son bir ildə niyə xəstələrin az olması soruşuldu. Mən də vurğuladım ki, biz poliklinika ilə daha sıx birlikdə işləyirik. Belə ki, poliklinikada xəstələrin normal dispanserizasiyası aparılırsa, onlara lazım olan kimi yüksək xidmət göstərilirsə, onlar üzərində dinamik izləmlər lazım olan səviyyədə aparlırsa, intensiv izləmlər qaydasında gedirsə, bu yolla xəstələr sağalırsa, onda onlar stosionara az müraciət edirlər. Bu özü elə Sumqayıt Səhiyyəsi üçün çox böyük göstəricidir. Çünki Sumqayıt Səhiyyə Şöbəsinin müdiri cənab Elnur Azadxanov özü peşəkar həkim-kardioloqdur. Respublikada bu sahənin ən yaxşı bilicilərindən biridir. Xəstəxana ilə poliklinika arasında bu müştərk işi də məhz o qurub və bu da özünün müsbət nəticələrini verir.
-Sizin şöbə bu xəstəxananın döyünən ürəyidir desək daha düzgün olar. Burada çalışan həkimlər, tibb bacıları, hətta xidmətçilər xəstələrə çox böyük diqqətlə yanaşırlar. Mən özüm və yaxınlarım da burada müalicə olunanda bunun tam şahidi olmuşuq. Onlar haqqında nə deyə bilərsiniz?
-Bizim şöbədə kifayət qədər təcrübəsi olan həkimlərimiz çox olub və bu gün də onlar çoxdur. Onlardan əlavə cavan həkimlərimiz də var. Sevindirici haldır ki, köhnə kadrlarımız yeni tələblərlə də yaxşı ayaqlaşırlar və öz təcrübələrini, biliklərini cavan həkimlərlə böyük həvəslə bölüşürlər. Bizim şöbədə məndən əlavə on dörd kardioloq-həkim var. Onlardan dördü sırf poliklink xidməti, digərləri isə kardioloji xidməti dəstəkləyirlər. Amma biz bir komanda kimi işləyirik. Bunu xəstələr özləri də görürlər. Bizdə xəstələr arasında heç vaxt ayrı-seçkilik olmayıb. Hamısına öz əzizlərimiz, doğmalarımız kimi baxırıq. Amma bizim şöbədə elə həkimlər var ki, mən onların adlarını çəkməyə bilmərəm. Bunlar- Sevinc xanım Əliyeva, Cabir həkim Məcidovdur. Dahi Üzeyir Hacıbəyov deyən kimi “hər ikisi min cavana dəyərlər”. Hər ikisinin çox dərin cavadı, böyük təcrübəsi var. Cabir həkim uzun illər bizim şöbə müdiri olub və mənim, eləcə də başqa həkimlərin də yetişməsində xidməti çoxdur. Şahverdi həkim Verdiyev sonralar kollektivimizə qoşulsa da az bir vaxtda böyük hörmət qazanıb. Onun bir neçə sahədə təcrübəsi var. Həmçinin təcili yardımda, hərbi həkimlik sahəsində təcrübəsi çoxdur. Biz bunlardan da yararlanırıq. Xəstələrlə sorğu-sualda və başqa sahələrdə bizə yardımçı olur. Eləcə də şəhər üzrə keçirilən kardioloji məşvərətlərin, məsləhətləşmələrin hamısını biz aparırıq. Və digər xəstəxanalarda da kardiologiya ilə bağlı məsləhətlər almaq istəyəndə bizə müraciət edirlər. Bütün bunların da öhdəsindən Şahverdi həkim yaxşı gəlir. Lətafət xanım Orucova çox yüksək savadı və təcrübəsi olan həkimimizdir. Aida xanım Məmmədova məndən əvvəl gələn və çox təcrübəli, savadlı həkimdir. Xəstələr Lətafət həkimdən, Aida həkimdən çox razıdırlar. Bizim şöbədə işləyən və Təcili Tibbi Yardımdan bizə gələn Vüsalə xanım Mikayılova da öz işinin yaxşı mütəxəssisdir. Gülbəniz xanım Xəlilova Dəmiryolu xəstəxanasından bizə işləməyə gəlib. Ayaz həkim Əliyev yüksək təcrübəli, bacarıqlı həkimdir. Onun sayəsində exo kardioqramma yüksək səviyyədə çəkilir. O, öz peşəsinin respublikada ən yaxşı həkimlərdindən biridir. Yaxşı təcrübəli həkimdir. Bu xəstəxananın bütün stasionar müayinəsi məhz ondadır. Belə ki, xəstəxanamıza gələn bütün xəstələrin xəstəliklərindən asılı olmayaraq, exokardioqrammasını məhz Ayaz həkim aparır. Ayaz həkim spesifik stasionar həkimin bildiyi, bacardığı bütün təcrübələrə sahibdir. Yeni həkimlərimiz Təranə xanım Sultanova, Fidan xanım Allahyarova bizə rezidenturadan sonra gəliblər. Tibb bacılarımız və xidmətçilərimiz də birlikdə çox yaxşı buketdirlər. Hamısı öz işinin yaxşı mütəxəssiləridirlər. Mən onu vurğulayıram ki, tibb aləmində həkim düşünən beyindir. Amma bu işin icraçıları, sağ və sol əllərimiz tibb bacılarıdır. Hətta xəstənin ağır vəziyyətində, elektroşok verəndə də yanımızda, bizə dəstək verənlər də məhz tibb bacıları olurlar.
-Sumqayıt səhiyyəsi əvvəllər də respublikanın ən aparıcı səhiyyə şöbələrindən biri olub. Amma son illər ona böyük uğurla rəhbərlik edən, çox peşəkar həkim, yüksək təşkilatçı insan, dəyərli ziyalı Elnur həkim Azadxanovun sayəsində respublikanın əsas səhiyyə ocağlarından birinə çevrilib. Bu, çox sevindirici haldır. Biz sumqayıtlılar buna sevinirik. Bu haqda siz nə deyə bilərsiniz?
-Mən doktor Elnur Azadxanovu hələ Azərbaycan Kardioloji Cəmiyyətindən tanıyıram. O, Kardiologiya Cəmiyyətinin illik hesabatlarında çıxış edib, özünün təcrübələri haqqında çox peşəkar səviyyədə danışırdı. Onun çıxışları da maraqla dinlənilirdi. Sonra onu Cəlilabad rayonunun Səhiyyə Şöbəsinin müdiri göndərdiər. Bu Səhiyyə Şöbəsi respublikanın ən geri qalmış şöbələrindən biri idi. Elnur həkim az bir vaxtda orada çox böyük işlər gördü. Bu geri qalmış şöbəni respublikanın ən aparıcı şöbələrindən birinə çevirdi. Hətta onun sayəsində Cəlilabad səhiyyəsi Cənub bölgəsinin ən aparıcı səhiyyə ocağı oldu. Qonşu rayonlardan da xəstələr daha Bakıya gəlmirdilər və müayinə, müalicə olunmaq üçün məhz Cəlilabada gedirdilər. Əsasən də orada Elnur həkimin vaxtında kardiologiya daha çox inkişaf etdi. Mən əslən Masallıdan olduğuma görə eşidirdim ki, qohumlarımız müayinə, müalicə olunmaq üçün Bakıya, Sumqayıta gəlmirdilər, məhz Cəlilabada gedirdilər. Hərdən mən də ona zəng vurub, öz qohumlarımın müayinəsi, müalicəsi üçün Elnur həkimdən xahişlər edirdim. Elnur həkim Azadxanov Sumqayıt Səhiyyə Şöbəsinin müdiri gləndə mən daha çox sevindim. Və bildim ki, burada kardiologiya sahəsində işlər daha yaxşı gedəcək. Çünki Elnur həkim bizə daha yaxşı dəstək olacaq. Elə də oldu. Cəlilabadda necə böyük işlər görürdüsə, bu üç ildə də burada böyük işlər görməyə başladı. Sumqayıtda işə başladığı ilk günlərdə, şəhərin bütün kardioloqlarını ayrıca yığıb söhbət edirdi. Həmin toplantıda belə bir maraqlı fikir dedi: “Mən zamanla ayaqlaşan həkimlərlə işləmək istəyirəm. Və zamana uyğun tibb mərkəzi qurmaq fikirindəyəm”. Əlbəttə, zamanın tələbləri deyəndə Elnur həkim Avropa, Amerika, dünya praktikasının tələblərini nəzərdə tuturdu. Bununla bağlı qarşımıza ciddi göstərişlər, tələblər qoydu. Biz də bunlara bacardığımız qədər əməl eləməyə çalışdıq. Hətta Elnur həkimdən və onun kömkçilərindən də yaxşı dəstəklər aldıq. Respublika üzrə son iki ilin hesabatlarında da vurğulanır ki, Sumqayıt Səhiyyəsi ölkədə ilk üç yerlərdən birində dayanır. Bu da respublikada çox böyük göstəricidir. Bu işində başında məhz Elnur həkim Azadxanov kimi böyük, savadlı mütəxəssis dayanır.
-Bu gün Azərbaycan səhiyyəsində çoxlu cavan həkimlər çalışır. Belə həkimlər sizin şöbədə də işləyir. Onların işləri haqqında sizin fikirlərinizi bilmək maraqlı olardı.
-Birincisi sevindirici haldır ki, bizim şöbəyə gələnlər öz işlərinə- həm işləməyə, həm də yeniliklərə həvəslidirlər. Qoyulan tələblərə uyğunlaşırlar. Həqiqətən də əllərindən gələni edirlər ki, müsbət nəticə alsınlar. Onlardan biri görüntülər üzrə mütəxəssis olmaq istəyir. O birisi isə xəstə ilə işləməyi, onu müalicə etməyi əsas götürür. Mən onlara lazım olan şərait yaradıram. Həm də onların müsbət enerjisini bəyənirəm. Nə deyiriksə onu həvəslə icra eləyirlər. Buna görə də mən özümü şanslı şöbə müdiri hesab edirəm.
-Siz uzun illərdir ki, səhiyyə sahəsində çalışırsızınız. Həkimlik sahəsində böyük təcrübəniz var. Həm də mən bilirəm ki, müasir səhiyyə haqqında çoxlu kitablar, jurnallar oxuyursunuz. İnternet kanallarına baxıb, oradan çoxlu məlumatlar toplayırsınız. Yəni dünya səhiyyəsindən yaxşı xəbəriniz var. Xəstələr də deyir ki, Vəfa həkim özünün danışığı, düşüncəsi və bizə münasibət ilə əsl həkim-təbibdir. Ona görə də tibb sahəsində böyük təcrübəsi olan həkim kimi Azərbaycan səhiyyəsinin bugünkü durumu haqqında nə deyə bilərsiniz?
-Azərbaycan səhiyyəsi inkişaf etməkdə olan səhiyyədir. Və həqiqətən də çox yaxşı kadrlarımız var. Bir az zaman məsələsi var. Belə ki, istəklərimizlə təchizatımız uyğunlaşmalıdır. İnanıram ki, Azərbaycan səhiyyəsi tezliklə çox inkişaf edəcək. Çünki çox savadlı, dünya səhiyyəsi səviyyəsində olan həkimlərimiz var. Son iki-üç ildə icbari tibbi sığorta da daha çox inkişaf edib. Görün tibbi sığortadan insanlarımız necə yüksək səviyyədə yararlanırlar. Elə götürək bizim kardiologiyanı. Son illərdə bu sahə daha çox inkişaf edib. Görün ürəklə bağlı necə çətin cərrahiyyə əməliyyatları aparılır. Hətta xaricdən Azərbaycana gələn mütəxəssilər də bunu təsdiqləyirlər. Bu son iki-üç ildə ürək cərrahiyyəsi ilə bağlı xaricdən də çoxlu xəstələr Azərbaycana gəlir. Həm də tibbi sığortanın nəticəsində xarici ölkələrə müalicəyə gedən xəstə həmvətənlərimizin sayı çox azalıb. Onlar tibbi sığırta ilə Azərbaycanda müalicə olunmağa daha böyük üstünlük verirlər. Bu, elə özü tibb sahəsində böyük inqilab deməkdir. Buna görə gərək hamımız ölkə başçımız cənab İlham Əliyevə minnəttdar olmalıyıq. Əvvəllər insanlarımız xəstəxanaya müalicə və müayinə üçün çox az gedirdilər. Amma indi tibbi sığortanın sayəsində hamı xəstəxanaya gedir və müayinə, müalicə olunurlar. Bu da tibb işçilərinin işini yüngülləşdirir. Belə ki, artıq hər bir xəstə bu müayinələri keçəndən sonra xəstəliyinin diaqnozunu bilir və həkim də bu diaqnozla onu asanlıqla müalicə edir.
-Ömrünün artıq iyirmi üç ilini həkim kimi xalqımıza xidmət edən bir mütəxəssis və yüksək səviyyəli vətənpərvər, ziyalı insan olaraq, xalqımıza sonda nə deyərdinuz?
-Mən tarixçi qızıyam. Burada bir sentimental fikir deyəcəm. Biz bir dəfə Astaraya getmişdik. Bir nəhəng palıd ağacı Cənub Astarada bitmişdi, amma onun budaqları sərhəddin məftillərindən keçmişdi Şimali Astaraya, buzim Azərbaycana. Atam həmin ağaca baxıb dedi: “Cənubu Astara da Azərbaycan torpağıdır. Çox əfsus ki, bu ağac da iki yerə bölünüb. Millətimiz kimi”. Atamın dediyi bu sözlər əbədi yaddaşıma həkk olundu. Mən iliyimə qədər azərbaycanlı olmağımla qürur duyuram. Bunun da əsl səbəkarı tarixçi atamdır. O, mənim ilk həyat müəllimim olub. Atam Cənub bölgəsindən olsa da, anam Ağstafalı qızı olduğundan o, saz musiqilərini anamdan daha çox sevirdi. Şah İsmayıl atamın aldığı nəfəs idi desəm daha doğru olar. Onun həyatını və şeirlərini mükəmməl bilirdi. Mən keçid dövrünü də görmüşəm. Orkyabrat nişanını zorla taxan şagirdlərdən olsam da, rusların Azərbaycanda törətdikləri faşist hərəkətlərinə görə pioner qalstukunu ürəklə cıran ilk şagirdlərdən də biri olmuşam. Azərbaycanı həmişə müstəqil görəmək istəyən bir kişinin qızı olduğuma görə, mən də məmləkətimizin azad, müstəqil olmasını istəmişəm. Birinci Qarabağ müharibəsində bir qədər başımız aşağı dikilmişdi və fikirləşirdim ki, mən Şah İsmayılın törəməsiyəm və niyə torpaqlarımız işğal olunub və biz onu niyə geri ala bilmirik. Axı Şah İsmayılın vaxtında Azərbaycan torpaqlarının ərazisi iki milyon səkkiz yüz min kvadrat kilometr olub. Hindistanın böyük bir hissəsi, Pakistan, Əfqanıstan, Orta Asiya, Türkiyənin Anadollu, İqdır bölgələri, Ərəbistanın çox yarısı Azərbaycanın torpaqları olub. Dünyanın yeddi möcüzəsindən biri olan Tacmalahlı azərbaycanlı Cahan şah tikdirib. Hətta XVIII əsrə kimi, yəni ingilislər ora gələnə kimi Hindistanın dövlət dili Azərbaycan türkcəsi olub. Deməli, biz fəxr etməliyik ki, belə qüdrətli dövlət olmuşuq Qızılbaşların- Səfəvilərin dövründə.
Ali Baş Komandanımız cənab İlham Əliyevin sayəsində torpaqlarımızi gavur erməni düşmənlərindən təmizləyəndən sonra indi qürur duyuram. Hər gün də kabinetimdə, başımın üstündə asılan ölkə başçımız cənab İlham Əliyevin portretinə böyük qürurla baxıram. O, bizi otuz illik xəcalətdən qurtarmaqla, Nadir Şahdan sonra iki yüz otuz ildən sonra cəsur əsgərlərimizin sayəsində böyük və tarixi qələbə qazandıq. Azərbaycanın son illərdə belə çiçəklənməsi sayəsində bir xalq olaraq biz cənab İlham Əliyevə borcluyuq. Bunu başa düşməyən, millətimizin düşmənidir. Hamımız imzasını qanı ilə yazan şəhidlərimizə, qazilərimizə borcluyuq. Onlar bizim Qarabağ kimi yaralı yerimizin məlhəmi oldular. Şəhidlərlə bağlı belə bir maraqlı deyim var: “Şəhid ölümlə yox, əbədiyaşarlıqla tanınır; o, torpağa deyil, millətin qəlbinə tapşırılır”. Bəli. Bizim şəhidlər də hər bir azərbaycanlının qəlbində özlərinə əbədi və müqəddəs yuvar qurublar. Bizə müraciət edən şəhid ailələri, qazilərimiz həmişə bizim böyük həvəslə qulluq, xidmət etdiyimiz insanlardır. Onu da vurğulayım ki, mənim atamın ad günü 7 noyabr tarixidir. 8 noyabr tarixi, Qələbə-Zəfər günümüz isə həm atam və həm də bizim üçün ən böyük bayram oldu. Əbədiyaşar prezidentimiz, ulu öndər Heydər Əliyevin bu sözləri isə hər bir azərbaycanlının qürur verici müqəddəs kəlamıdır: “Mən həmişə fəxr edirəm ki, azərbaycanlıyam”. Bu söğzləri indi hər bir azərbaycanlı bütün dünyada şəstlə, qürurla deyə bilər. Və həmişə də başını qürurla tutub, gəzə bilər. Və bu sözləri də şəstlə deyə bilər: “Biz dünyanın ən qədim və qoçaq, igid xalqlarındanıq”.
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)


