Super User

Super User

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın Xalq şairi Fikrət Qocanın 90 illiyi münasibətilə "Adında müdriklik, sözündə əbədiyyət" adlı ədəbi-bədii tədbir keçirilib.

 

Tədbirdə Oğuz rayon Heydər Əliyev Mərkəzinin, Oğuz rayon Uşaq Musiqi məktəbinin, Oğuz rayon Mərkəzi Kitabxanasının, Oğuz rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, Oğuz Şəhər H.Babayev adına 1 saylı orta məktəbin şagirdləri və rayon içtimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanın Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı"nı diqqətə çatdırıb. Daha sonra Mərkəzin əməkdaşı Sevinc Rəsulova və Oğuz rayon Mərkəzi Kitabxananın əməkdaşı Ləman Babayeva Fikrət Qocanın həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

Tədbirin bədii hissəsində Oğuz Şəhər H.Babayev adına 1 saylı orta məktəbin şagirdləri Xalq şairi Fikrət Qocanın şerlərini səsləndirib, Oğuz rayon Uşaq Musiqi məktəbinin müəllimi Hikmət Malıyevin və şagirdləri Süleyman İsmayılov, Dünyamin Rəsulov, Əli Qədimalızadə, Ayxan Əhmədzadənin ifasında Fikrət Qocanın şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2025)

 

 

                                                                                          

 

 

 

Fazil Mustafa Kamal Abdullanı təbrik edib

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa 

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Birinci dərəcəli dövlət müşaviri, Əməkdar elm xadimi, Xalq yazıçısı Kamal Abdullanı 75 illik yubileyi ilə bağlı təbrik edib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda deyilir:

 

“Hörmətli Kamal müəllim,

Sizi 75 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycan elminə, ictimai fikrinə, multikulturalizm siyasətinə, ədəbiyyatına və ali təhsil sisteminə verdiyiniz töhfələrə görə sayğılarımı bildirirəm.

Siz Azərbaycan Mədəniyyət Fondunun sədri, Türk Dil Qurumunun həqiqi fəxri üzvü, AMEA-nın həqiqi üzvüsünüz və nüfuzlu ictimai, elm və ədəbiyyat xadimi kimi ün qazanmışsınız.

Sizin çoxşaxəli yaradıcılığınız – həm ədəbiyyatşünas-alim, həm yazıçı, həm də çağdaş düşüncəli ictimai xadim və rektor olaraq fəaliyyətiniz – ölkəmizin intellektual, ictimai-mədəni həyatında xüsusi yer tutur. Əsərləriniz, eyni zamanda klassik irsimizin yeni fəlsəfi yozumlara qovuşduğu araşdırmalarınız Sizi çağdaş ədəbiyyatımızın ən nüfuzlu simalarından birinə çevirib.

Sizin elmi-fəlsəfi baxışlarla ədəbi-estetik təfəkkürü birləşdirən yaradıcılığınız həm ölkə içində, həm də beynəlxalq müstəvidə Azərbaycan bədii-fəlsəfi, kulturoloji sözünün nüfuzunu artırıb. Ədəbiyyat araşdırmalarınız, dilçilik və mətnşünaslıq sahəsindəki yenilikçi yanaşmalarınız bu sahələrin inkişafına önəmli töhfədir.

Rektor kimi yüksək idarəçilik mədəniyyətiniz, yeni təhsil fəlsəfəsinin formalaşdırılmasına yönəlmiş baxışlarınız, gənc nəsildə əsl vətəndaşlıq düşüncəsinin, analitik təfəkkürün və dünyəvi mədəniyyət duyumunun inkişafına xüsusi təsir göstərib. Bu gün ADU çağdaş təhsil modelinin uğurlu örnəyi kimi tanınırsa, bunda Sizin şəffaf idarəetmə prinsipinizin və intellektual məktəb yaratmaq iradənizin payı danılmazdır.

Əziz Kamal müəllim,

75 illik yubileyiniz bir aydının, dövlətçilik missiyasını daşıyan bir mütəfəkkirin illərlə formalaşan zəngin yaradıcılıq yolu örnəyidir.

Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, yeni elmi və ədəbi uğurlar, Azərbaycan ictimai fikrinin inkişafı naminə davamlı fəaliyyət arzulayıram!”

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2025)

 

Hər bir cəmiyyətin gücü onun ən həssas üzvlərinə göstərdiyi qayğı ilə ölçülür. Əlilliyi olan uşaqlar – autizmli balalar, eşitmə məhdudiyyətli övladlar – bizim gələcəyimizin bir parçası, humanist dəyərlərimizin ən aydın göstəriciləridir. Onlara diqqət və sevgi göstərmək təkcə sosial öhdəlik deyil, hər birimizin mənəvi borcu, insanlıq missiyasıdır.

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, bu fikirləri Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi Beynəlxalq Əlilliyi olan Şəxslər Günü çərçivəsində keçirdiyi görüşlərdə xüsusi vurğulayıb. Partiya sədri və təmsilçiləri əvvəlcə “Orvita” Autizm Evində reabilitasiya alan autizmli uşaqlarla görüşüblər. Mərkəzin rəhbəri Ramidə Oktayqızı uşaqların reabilitasiya prosesləri, xüsusi təhsil proqramları, yaradıcılıq qabiliyyətlərinin inkişafına yönəlmiş dərslər haqqında məlumat verib. Qeyd edib ki, autizm spektrlı uşaqlarda idmanyönümlü bacarıqların formalaşdırılması onlara müsbət təsir göstərir.

Sədr Adəm İsmayıl Bakuvi qeyd edib ki, bu uşaqların dünyası başqa bir dərinlik, başqa bir rəng daşıyır və bu rəngləri görmək, onların potensialını üzə çıxarmaq üçün cəmiyyət daha çox məsuliyyət, daha çox anlayış nümayiş etdirməlidir: “Onların əlindən tutduğumuzda güclənirik. Xüsusi qayğıya ehtiyacı olan hər bir övlad bu ölkənin sərvətidir və onların rahatlığı, təhsili, inkişafı üçün çalışmaq yalnız dövlətin deyil, bütün cəmiyyətin borcudur”.

Partiya sədri Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən dövlət dəstəyinin son illər daha da gücləndirildiyini bildirib. Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, hökumət bu uşaqların təhsilə, sağlamlıq xidmətlərinə və sosial müdafiəyə bərabər çıxışını təmin edən xüsusi proqramlar həyata keçirir.

Eyni zamanda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə xüsusi diqqət yetirdiyi vurğulanıb. Fond tərəfindən Daun, autizm, talassemiya, əqli və fiziki qüsurlu, müxtəlif xəstəlikləri olan uşaqlar üçün müalicə və reabilitasiya mərkəzləri yaradılıb. Mehriban xanım və Fondun vitse-prezidenti Leyla xanım Əliyeva uşaqlara baş çəkir, onların inkişafına dəstək göstərir, əlamətdar günlərdə və bayramlarda onlarla birgə olur, istedadlarını üzə çıxarmağa kömək edirlər.

Ziyarətdə Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi ilə yanaşı, yazıçı-publisist Varis Yolçuyev, Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin koordinatoru Qəmər Əliyarova və Vəhdət Partiyasının rəsmi nümayəndəsi Natavan Arifqızı da iştirak ediblər. Görüş zamanı autizmli uşaqların sosial inteqrasiyası, təhsil və reabilitasiya imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin, qonaqlar  mərkəzdə reabilitasiya alan uşaqların gündəlik məşğələləri, inkişaf proqramları və psixoloji dəstək modelləri ilə yaxından tanış olub. Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Daha sonra Vəhdət Partiyasının qərargahında Azərbaycan Karlar Cəmiyyətinin üzvləri ilə görüş keçirilib. Sinxron tərcüməçinin köməyi ilə keçirilən görüşdə cəmiyyətin sədri Bəhram Hüseynov və üzvləri göstərilən diqqətə görə təşəkkürlərini çatdırıblar. Eşitmə məhdudiyyəti olan qonaqlar öz gündəlik çətinlikləri, əlçatanlıq, informasiya bərabərliyi və məşğulluq imkanları ilə bağlı problemləri qaldırıblar.  

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi çıxışında qeyd edib ki, yeni nəslin sağlam və hərtərəfli inkişafı dövlətin prioritet vəzifələrindən biridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uşaq hüquqlarının qorunması, sağlamlığı, təhsili və layiqli vətəndaş kimi inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirilməkdədir. Partiya sədri bildirib ki, xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması və təhsil imkanlarının genişləndirilməsi məqsədilə həmçinin Heydər Əliyev Fondu tərəfindən genişmiqyaslı layihələr həyata keçirilir. Fondun prezidenti Mehriban Əliyeva və onun qızları Leyla Əliyeva və Arzu Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla mütəmadi olaraq görüşür, onların təhsil səviyyəsinin yüksəldilməsi və gündəlik ehtiyaclarının təmin olunmasına xüsusi diqqət yetirirlər.

Partiyanın sədri Adəm İsmayıl Bakuvi görüşdə qaldırılan məsələlərin hər birini dinləyərək birgə sosial layihələrin hazırlanacağını qeyd edib: “Bizim üçün  hər biriniz əvəzsizsiniz. Biz bir yerdə olanda güclüyük, bir yerdə olanda cəmiyyət daha bütöv olur.  Bu gün keçirdiyimiz görüşlər bir daha göstərdi ki, cəmiyyətin ən incə nöqtəsinə toxunmaq, onların yanında olmaq, onlarla birgə addımlamaq həm mənəvi borcumuzdur, həm də daha ədalətli və birləşdirici gələcəyə yönəlmiş çağırışdır”.

Sədr bildirib ki, Vəhdət Partiyası bundan sonra da həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, inklüziv cəmiyyətin qurulması və bərabər imkanların təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2025)

 

ABŞ-nin Şimali Karolina Universitetinin professoru, əslən Qərbi Azərbaycandan olan Əli Əsgərovun XX əsrdə azərbaycanlıların Ermənistandan deportasiyası və orada yaşayan Azərbaycan icmasının həyatı haqqında iki yeni kitabı işıq üzü görüb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Əli Əsgərovun Tenessi Texnologiya Universitetinin professoru Maykl Gunterlə birgə qələmə aldığı “Forgotten Exile: The Deportations of Azerbaijanis by the Armenians in the Caucasus during the Twentieth Century” (“Unudulmuş sürgün: XX əsrdə Qafqazda azərbaycanlıların ermənilər tərəfindən deportasiyası”) adlı kitab bu ilin oktyabr ayında “Brill” nəşriyyatında buraxılıb. Nəşrdə XX əsr boyunca Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi deportasiyalar arxiv sənədləri, müsahibələr və geniş elmi mənbələr əsasında araşdırılıb. Kitabın mühüm özəlliyi müəllifin 1988-ci ildə öz ailəsi ilə birlikdə doğma yurdundan məcburi köçürülməsinə dair xatirələrə də yer verməsidir. Əsər bölgədə azərbaycanlıların etnik tərkibinin dəyişdirilməsi proseslərini faktlarla təqdim edir. Kitabın ərsəyə gəlməsinə Diasporla İş üzrə Dövlət Komitəsi də dəstək göstərib.

 “Roots and Ruins: Life in a Lost Village and Twenty-One Years of Soviet Citizenship” (“Köklər və xarabalıqlar: İtirilmiş kənddə həyat və Sovet vətəndaşlığının iyirmi bir ili”) adlı ikinci kitabda müəllif doğulduğu Qarabağ kəndinin və Ermənistanda yaşayan azərbaycanlıların gündəlik həyatından, sosial quruluşundan, təhsilindən, təsərrüfat fəaliyyətindən və etnik gərginliklərin yüksəldiyi dövrdə baş verən hadisələrdən bəhs edib. Nəşr sovet dövründə azərbaycanlıların öz yurdlarından çıxarılması və mədəni irsin məhvi ilə bağlı dəyərli məlumatlarla zəngindir.

Hər iki kitab Qərbi Azərbaycanda tarixi, demoqrafik və sosial proseslərin elmi tədqiqi baxımından dəyərli mənbə hesab oluna bilər.

Kitabları aşağıdakı linklər vasitəsilə əldə etmək mümkündür:

https://brill.com/display/title/72640

Amazon.com: Roots and Ruins: Life in a Lost Village and Twenty-One Years of Soviet Citizenship: 9798275414219: Askerov, Ali: Books

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cümə axşamı, 04 Dekabr 2025 11:13

Noyabrla dekabrın “Ulduz”u bir arada

 

İlin son “Ulduz”u son iki ayın birləşmiş buraxılışıdır. Bu barədə “Ədəbiyyat və incəsənət”ə “Ulduz”dan məlumat verilib.

 

Buraxılış Məhsəti Musanın “Özüylə söhbəti və reportajı” ilə açılır.

“Şeir vaxtı”nda Elşən Mehdi, Vasif Zöhraboğlu, Təranə Dəmir, Pərviz Arif, Elvin Paşa, Süleyman Abdulladır.

“Nəsr”də Orxan İsmayılovun “Keçib gedənlər”, Xatirə Salahzadənin “Qırmızı saat”,  Səma Muğannanın “Kabusların bulud parçası” hekayələri yer alır.

Qulu Ağsəs ““Altı və sıfır”dan sonra extra time”  essesi ilə  oxucularını salamlayır.

Şahanə Müşfiq  “Zəfər yolları” kitabının müəllifi Zemfira Məhərrəmlinin yaradıcılıq dünyasından söz açır.

“Tərcümə saatı” Marina Svetayevanın  şeirlərini və  Məmməd Məmmədlinin ispan dilindən tərcüməsində  “Heminqueyə görə həyat” yazısını təqdim edir.

“Tribuna”da Cəlil Nağıyev “Bir Bosniya Sevdalinkası: “Həsən Ağaının Xanımı”,  Şəbnəm Məmmədova “Ömrünü elmə və nəzəri tənqidə həsr etmiş atam”, Babək Abbaszadə “Məsud Pənahi yaradıcılığı və Azərbaycan animasiyasının intiharı” yazıları yer alır.

Elxan Zalın “Sevgilər fontanı”,  Narıngül Nadirin, Cavid Fərzəlinin, Elçin Səlimlinin şeirləri, Mina Rəşidin hekayələri, Nəvai Mətnin “Dünya bir ev kimidir” yazısı da bu sayda yer alır.

“Dərgidə kitab”da İmir Məmmədli “Sazlı-sözlü Sibir: Simusid” əsəri ilə görüşünüzə gəlib.

         “Dərgidə sərgi”də rəssam Anar Zahirovun “Ulduz”a həsr etdiyi dostluq şarjları təqdim olunur.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı görkəmli Azərbaycan şairi Məhəmməd Füzuli barədə məqalələri təqdim edir.

 

Molla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Ona binaən, Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi məqamında olan Füzulinin ismi-şəriflərini zikr etməmək bir növ haqqı və əməyi itirmək kimidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının tə’siri bu əsrdəki şüəramızın asar və əş’arında dəxi müşahidə olunmaqdadır.

Məşhur qövlə görə, Molla Məhəmməd ibn Süleyman Kərbəlada və Bağdadın həvalisində Hillə adlı balaca bir qəsəbədə, Sultan Süleymanın əsrində – hicrətin 900-сü tarixində təvəllüd etmişdir. Bə’zi rəvayətə görə, yetmiş sənəyə qədər ömür edibdir. Tarixi-vəfatı dürüst mə’lum deyil isə də, ömrünün müsinn çağında dari-bəqaya rəhlət eləməyi öz kəlamından dəxi anlaşılır. Necə ki, deyibdir:

 

Ey Füzuli, qədimiz qıldı fələk xəm, yə'ni

Vəqtdir çıxmağa dünya qapısından, əyilin.

 

Füzuli kimi məşhur və mö’təbər şairin tərcümeyi-halına dair mə'lumat, heyfa ki, çox azdır. Bu barədə özgə bir mə’xəz və mənbədən əhvalat götürməkdə aciz qalıb, ol dürri-yeganənin öz əsərlərinə rücu etməkdən başqa bir çarə bulmadıq. Divani-bəlağət ünvanının dibaçəsində ol fəsahət bustanının əndəlibindən və ibarət çəməninin bülbülündən, yə’ni Füzulinin öz lisani-bolağətsəncindən halına dair bir para mə’lumat verilir, xüsusən onun türk lisanında yazmağına səbəb nə olduğu filcümlə bəyan edilir.

Məzkur müqəddimədən mə’lum olur ki. Füzuli uşaqlıqdan şe'r və qəzəl deməyə ziyada həvəsnak imiş və ol dürri-yeganənin hənuz səbi ikən üfüqi-tə'binə hilali-mövzuniyyət tülu etmişdir və xurşidvəşlərdən iqtibasi-nuri-şövq qılmışdır və onun əş’arının şöhrəti çox yerlərə dağılmışdır. Necə ki, özü deyir:

 

Seyti-fəsahət ilə sözüm tutdu aləmi,

Mən mehdi-etibardə tlfli-zəbun hənuz,

Buyi-xoşumla oldu müəttər dimağlər,

Mən nafeyi-vücuddə bir qətrə xun hənuz.

 

Və lakin şair öz əsərlərinə diqqət yetirib, onları hülyeyi-elmdən müərra görüb, bir ınüddət nəqdi-həyatın ülumi-əqliyyə və nəqliyyə kəsbinə sərf edibdir və öz əsrində müt’ədavil fünun və ulumun cümləsinə malik olmuşdur. Əgərçi şair türk lisanında şe’r və qəzəl yazmağına ümdə bunu səbəb göstərir ki, türk tayfalarının sahibi-şövq və məzaqları dəxi onun bustani-kəlamından şükufələr dərib bəhrəmənd olalar və bu təklifi ona guya bir nigari-mişkinxətt etmişdir və lakin həqirin anladığına görə, Füzuli özü türk oğlu olmağa binaən, öz ana dilini artıcıq sevib də, ona rövnəq verməyi baş vəzifələrindən birisi hesab edirmiş. Və insafən demək olur ki, türk ədəbiyyatının banisi Molla Məhəmməd Bağdadi olubdur. Əgərçi ondan müqəddəm türklərdən də bə’zi mö’təbər şairlər olubdur, vəli onun kimi müqtədir və cəm’i lisana malik və came’i-fünuni-nəzm və nəsr olmayıbdır. Və həqiqətdə demək olur ki, türk dilinə rövnəq verən və onu xarü xaşakdan təmizləyib bir göyçək və səfalı çəmənə bənzədən Füzuli olubdur. Və bununla biz türklərin üstə ümumən və Azərbaycan türklərinin boynuna xüsusən böyük bir minnət qoyubdur. Türk dilinin üstündə sərfi-himmət və qeyrət göstərdiyini şair özü bir məqamda bəyan etmişdir:

 

Ol səbəbdən farsı ləfzilə çoxdur nəzm kim,

Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.

Ləhceyi-türki qəbuli-nəzmi-tərkib eyləsə,

Əksəri-əlfazi namərbut, nahəmvar olur.

Məndə tövfıq olsa, bu düşvarı asan eylərəm,

Novbahar olğac tikandan bərgi-gül izhar olur.

 

Burada bunu dəxi əlavə etmək lazımdır ki, Füzuli özündən müqəddəm və ya öz dövründə olan ali və rəqiq bir şair bulub da, onun əsərlərinə təqlidən bir şey vücuda gətirməmişdir. Nəsr və nəzmdə bir şəxs onun ustadı olmayıbdır. Əazimi-üdəbadan bir nəfərinin asarını sərməşq və ittixaz etməyibdir. Necə ki, bu barədə Məhəmməd Cəlal “Osmanlı ədəbiyyatı nümunələri” nam məcmuəsində buyurubdur: “Bağdadi-gülzar ədəbiyyatının əndəlibi-xoşəlhanı olan Füzuli Osmanlı şairlərindən əsərlərinə ətba olunacaq bir şair və yaxud nasir görmədiyi halda bu gün ədəbiyyati-səhihəyi əhya edəcək bədaye’ vücuda gətirmiş. Bu bədaye’i bir şairdən deyil, bəlkə, dərələrin cuşeşindən, ruzigarın iniltisindən, bir ahunigahın suzişindən, bir təbəssümün tə’sirindən, bir bədəvi qızın hüsni-mə’sumanəsindən iqtibas eyləmişdir. Bu cəhətlə ən birinci şair mütləq Füzulidir”.

Onun müqəllid olmadığı xüsusda Məhəmməd Cəlal belə yazır: “Əgər bir şəxs bizə bu günə sual versə: “Bəlkə, Füzulidən əvvəl ərəblər, əcəmlər “Leyli və Məcnun”u, “Yusif və Züleyxa”nı, “Xosrov və Şirin”i yazmış olsunlar da Füzuli də təqlid etmiş olsun?”

Biz cavab veririz: “Xeyr! Hətta mərhumun ruhi-lətifi nitqə gəlib bizə bu babdə: “Bən də müqəllidəm!” – demiş olsa, inanmayız. Ehtimal ki, bu böyük şairin zehninə fikri-təqlid gəlmiş olsun. Fəqət “Leyli və Məcnun” təqlid olmaq üzrə yazılan asardan deyil.

Bəs nədir?

Bütün göz yaşlandır. Lakin burasını düşünməli: iqtibas başqa, təqlid yenə başqadır. Bünaünileyh “Leyli və Məcnun” bütün-bütün Füzuliyə aiddir. Bu xəzineyi-qiymətdara heç bir əcnəbi müdaxilə edəməz!”

Divani-əş’arını cəm etdikdən sonra Füzuli kəmali-inkisar ilə ərbabi-bəlağət və əshabi-fəsahətə üz çöndərib, onlardan təvəqqe eləyir ki, onun divani-kelamını mütaliə etdikdə deməsinlər ki, Füzuli tamami-ömrünü bir məhəldə, yə’ni İraqi-Ərəbdə keçirib, qeyri bir məmləkətə səyahət etməyibdir və lazimeyi-təcrübə və kəmali-təhsil qılmayıbdır. Bu illəti mucibi-süquti-e’tibar bulmasınlar və məhəlli-məqamına görə rütbeyi-iste’dadına həqarətlə baxmasınlar. Zira, qızıl torpaqda yatmaqla ciladan düşməz...

Bundan sonra şair dərgahi-ilahiyə üz tutub deyir: “İlahi! Bu məhəbbət-nameyi-nami və bu fərzəndi-dilbəndi-girami ki, zadeyi-təb’i-fusunsaz və nəticeyi-idraki-sehrpərdazımdır, nə diyara getsə və nə vilayətə yetsə, məqdəmi-şərifin mübarək və meymun və mətlə’i-lətifm xücəstə və hümayun edəsən”. Doğruluqla demək olur ki, Füzulinin bu duası dərgahi-həqqdə dəreceyi-qəbula irişdi və onun təb’i-füsunsazından vücuda gələn fərzəndi-dilbəndi, yə’ni divani-əş’arı hər ölkə və diyarda əziz və möhtərəm oldu...

Füzuli türklər ədəbiyyatında “Ustadi-şüəra" ləqəbini alıbdır və bu zati-şərif məzkur ləqəbdən səva Azərbaycan vilayətində “Ustadül-məkatib” ismilə dəxi şöhrətlənmişdir. Füzulinin məşhur əsərləri bunlardır: 1) “Külliyyati-divani-Füzuli”, 2) "Hədiqətüs-süəda”, 3) “Şikayətnamə” ki, nəsr ilə yazılmışdır...

Bu “Külliyat"ın ən mö’təbər çapı sabiqdə İstanbulda fars dilində təb’ olunan “Əxtər” cəridəsinin mətbəəsində 1308-ci sənədə çap olunanıdır...

“Hədiqətüs-süəda” dəxi türk dilində inşa olunubdur.

Əgərçi “Hədiqətüs-süəda” nəsr ilə təhrir olunubdur və bə’zi məqamlarda münasibi-hal və müvafiqi-məqal gözəl şe’rlər vasitəsilə şərhi-mə’na qılınıbdır və lakin bu nəsrdə Füzuli o qədər məharət və fəsahət göstərmiş ki, və əhvali-keyfiyyəti-şühədanı elə bir gözəl və şirin dil ilə yazmış ki, əhli-zövq və ərbabi-mə’rifət indində onun dərəcə və mənziləti çox nəzmlərdən artıqraqdır. Bu vaxta kimi füsəhayi-türk və əcəmdən bir kəs belə bir xoş ibarəli və şirin ləhcəli və gözəl şivəli əsər vücuda gətirməyibdir – desək, səhv etməmiş olarıq.

Füzulinin asari-qələmiyyəsindən nümunələr göstərməyi lazım görmədik. Bu cəhətə ki, Azərbaycan türklərinin handa azacıq savadlısı varsa, onun əsərləri ilə az-çox tanışdır. Hətta bu axır vaxtlara kimi onun divani-qəzəliyyatı və “Leyli və Məcnun” hekayəsi məktəblərdə tə’lim kitabı olub, uşaqlara ondan dərs verilirdi, indi də köhnə məktəblərdə tə’lim almış adamlardan hər birisini dindirsən, “Leyli və Məcnun” hekayəsinin ibtidasını... başlayıb əzbərdən oxuyacaqdır...

Füzulinin asari-qələmiyyəsinin hələ daha da çox zamanlar həyat üzrə davam edib, tərü-təzə qalmağına iki ümdə səbəb vardır. Onlardan birisi budur ki, haman əsərlərin tamamisi pak, həqiqi və təbii hissiyyatdan nəş’ət etmiş əsərlərdir ki, eşqi-həqiqidən bəhs edir. Füzulinin özü həqiqi aşiq olduğu üçün kəlamı dəxi başdan-ayağa aşiqanədir. O pakizəlik və lətafət və o naziklik və nəzakət ki, Füzulinin şe’rlərində hiss olunur, heç bir şairin kəlamında o dərəcədə məhsus deyildir. Bilafərq Füzulinin hansı qisim kəlamını mütaliə etmək istəsəniz, mütaliə buyurun, onun hüsni-tə’sirini oxuduqda öz vücudunuzda dərk edəcəksiniz. Və bu tə’sirdən içəri aləminiz bir növ təmizlənib paka çıxacaqdır, vicdanınız uyqudan ayılan kimi olacaqdır. Fikir və xəyalınız sizi başqa bir ali məqama – mənəviyyat aləminə tərəf çəkəcəkdir...

...Füzulinin əş’ar və kəlamının bəqasına ikinci səbəb onların elm və təcrübə üzü ilə təb’i-səlimdən doğub vüqua gəlmələridir. Necə ki, şair özü deyir ki, şairliyim təsdiq olub, avazeyi-nəzmim ilə aləmlər dolub şöhrət tapdımsa da, məşşateyi-himmətim rəva görmədi ki, müxəddəreyi-hüsni-nəzmim pirayeyi-maarifdən xali və rişteyi-silki-şe’rim cəvahiri-elmdən ari qalsın. Zira ki, elmsiz şe’r əsası yox divar kimi olur və əsassız divar qayətdə bie’tibar olur (Bu irada bizim şüəra diqqət yetirməlidir və elm və maariflə öz şe’rlərinə möhkəm bina və əsas saz etməlidir). Pəs, Füzulinin qələmi-gövhərrizindən vücuda gələn lö’lö və cəvahir ilə tikilmiş imarətin divarları elm və maarifin möhkəm bünövrəsi üstündə qərar tutmuşdur və afəti-zəmanədən ona bir xövfü xətər yoxdur, zira bir xanənin binası nə qədər möhkəm olsa, bir o qədər onun daimi və əbədi olması yəqindir. Bu cəhətə, Füzulinin təb’i-gövhərbarından zühur etmiş və ülum və maarifin ələyindən ələnmiş və əqli-səlimin tərəzisində müvazinə olunmuş əş’ari-hakimanə və asari-fəlsəfanə onun ismi-şəriflərini, necə ki, dünya vardır və türk tayfaları sağdır, baqi saxlayacaqdır. Ol dürri-yeganənin uşaqlar əlinə tə’lim üçün verilən "Leyli və Məcnun” dastanında o qədər hikmətamiz sözlər, dərin fikirlər, nazik imalar və rəqiq işarələr, şairanə nəzmlər və fəlsəfanə şe’rlər vardır ki, cümləsini burada zikr etməyə və şərh qılmağa nə xamədə qüdrət və nə lisanda bir o qədər təlaqət və fəsahət vardır. Avropa hükəma və fəlasifəsindən məşhur Şopenhauer “Məhəbbət nədən ibarətdir” sərlövhəsilə yazdığı bir əsərində bəst verdiyi şərh və bəyanatın çoxunu Füzulinin abdar şe’rlərində tapırıq. O fikirlər ki alman filosofu əlli sənə bundan irəli bəyan etmişdir, onları Molla Məhəmməd Bağdadi üç–dörd yüz sənə bundan müqəddəm xeyli ədibanə və mərğub surətdə rişteyi-nəzmə çəkmişdir...

...Füzuli, demək olur ki, möhnət yükünün barkeşi olub aləmi-insaniyyətdə tamam qəmzədələrin və möhnətkeşlərin yüklərini götürmək və məzlumların halına yanmaq üçün xəlq olunmuşdur. Füzulinin ahü-nalələri qarelərə dəxi sirayət edib onları da özü ilə atəş və hüzn və ələmə yandırır. Amma bu yanmaqda bir feyz və səadət və ülviyyət vardır ki, o atəşə yanan istər ki, bir də yansın. Bu cansuzluq pərvanənin şam başına dolanıb yanmağına bənzəyir...

 

(Firudin bəy Köçərli. Azərbaycan ədəbiyyatı,

 İki cilddə, I cild. Bakı, “Elm”, 1978, s.84–98)

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2025)

Cümə axşamı, 04 Dekabr 2025 11:04

Nizami Cəfərov - “Katarsis”

 

“Ədəbiyyat və incəsənət” portalı akademik Nizami Cəfərovun “Katarsis” məqaləsini təqdim edir. Məqalə Varisin və Əlibala Məhərrəmzadənin birgə qələmə aldıqları “AMİN” romanı barədədir. Bu roman 2021-ci ildə Moskvada, İSP nəşriyyatında 5000 nüsxə çap edilib və Moskvada dərc edilən Qarabağ müharibəsi barədə azərbaycanlı yazıçının yazdığı ilk roman kimi tarixə düşüb. Roman hələ Azərbaycan dilində çap edilməyib.

 

Yazıçılar Varislə Əlibala Məhərrəmzadənin birgə yaradıcılıq axtarışlarının son dərəcə uğurlu məhsulu olan “A.M.İ.N.” romanı zəmanəmiz üçün olduqca aktual problemlərə nüfuz etməklə yanaşı, zəngin həyat hadisələrini eyni bir məcraya gətirərək onlara məhz arxaik (və əbədi!) mənəvi- əxlaqi prinsiplər əsasında geniş şərh vermək cəhdləri ilə böyük maraq doğurur. Roman həm birnəfəsə oxunur, həm də elə ilk oxunuşdan oxucunun bütün  varlığına hakim kəsilmək iqtidarında olan güclü bədii- estetik aura yaradır ki, bunu təsvir edilən hadisələrin gur işıq altında verilməsi, xarakterlərin təqdiminin istər mənfi, istərsə də müsbət “poza”lardakı sadəlövhlüyə varacaq qədər səmimiliyi, təhkiyənin nağıl- dastan plastikası konteksində yeri gəldikcə baş qaldıran, ümumi ideyanın açılmasına təkan verən  psixoloji dramatizmi şərtləndirir.

Əsərdə biri digərinin ideyaca davamı olan iki süjetdən birincisinin qısa məzmumu bundan ibarətdir ki, Bakının məşhur Kubinka məhəlləsində müxtəlif  taleli ailələrdə dünyaya gəlmiş, eyni məktəbin eyni sinfində təhsil almış, dostlaşmış dörd yeniyetmə 80- ci illərin sonu, 90- cı illərin əvvəllərində baş verən mürəkkəb ictimai- siyasi hadisələrin, xüsusilə Ermənistanın Azərbaycana hərbi təcavüzünün təsiri altında belə bir təbii arzu ilə yaşayırlar ki, məqam düşən kimi cəbhəyə gedib Qarabağ torpaqlarını  müdafiə etsinlər. Və cəbhəyə  getmək zamanının gəlib çatdığı günlərdə dostlardan biri – Mərdan Moskvaya, bazarda alver edən dayılarının yanına gedir... “Həmin ərəfədə ölkədən çıxmaq müşkül idi, səfərbərlik elan edilmişdi, vağzallar, aeroport nəzarət altındaydı, bir qatar bələdçisi tapıb ona pul verərək gizli yolla Moskvaya gələ bildi. Qəti qərarı vardı, mütləq geri dönəcəkdi, dostlarından ayrılmayacaq, birlikdə, ölkəsinə qarşı müharibəyə başlamış, torpaqlarını işğal etmiş erməni qəsbkarları ilə vuruşacaqdı. Amma  bir həftə ərzində fikri tam  dəyişdi. Əlinə pul gəldikcə, yeyib- içmək məclislərindən ləzzət aldıqca, sarışın gözəllərlə yaxın olduqca  Bakıya qayıdıb müharibəyə yollanmaq, cavan canını qurban vermək fikri onu qorxutmağa başıadı”.

Mərdan evlənir, dayılarının nəzarətindən çıxıb daha nüfuzlu bir himayəyə- imkanlı qaynanasının nəzarətinə düşür, ev- eşik, biznes sahibi olur,  uşaqları dünyaya gəlir... Həmin illərdə isə Mərdanın dostları cəbhəyə gedir, Qarabağ uğrunda döyüşüb qəhrəmanlıqla həlak olurlar, əvvəl anası, sonra isə atası vəfat edirlər...

Əslində, Mərdanın “qayğısız”, hər cür “uğur” və “zirvələr” vəd eləyən Moskva həyatı elə bu cür də davam edə bilərdi. Lakin bu nə müəlliflərin, nə də Zamanın maraqlarına (yaxşı olar deyək, fəlsəfəsinə!) uyğun gəlməzdi. Və yeni evə köçmək üçün yır- yığış edərkən oğlu Kolya bir vərəq kağız tapır. Bu, o kağız idi ki, Mərdan on doqquz il qabaq Bakıdan Moskvaya gələndə ata- anasına, sevdiyi qıza, dostlarına, onların valideynlərinə hansı hədiyyələr alıb aparacağını yazmışdı.

Əlbəttə, bir həyat ukladından digərinə adlamaq, psixoloji maneələri yarıb keçmək, müqavimətlərə sinə gərmək elə də asan deyildi... “Mərdan od- alov püskürürdü, əvvəlki sakit təbiətli, fağır adama əsla bənzəmirdi. Sən bir işə bax. Hətta valideynləri rəhmətə gedəndə belə bu adamı Bakıya getməkdən çəkindirmək mümkün olmuşdu, indi hansısa bir vərəq parçasından onun doxsan dərəcə dönməsi əsla ağlasığan deyildi”. Hansısa  izahedilməz (və qarşısıalınmaz)  bir hissin təsiri ilə Mərdan kağıza- siyahıya yazmış olduğu şeyləri alıb Bakıya yollanır... Lakin məlum idi ki, Bakıda onu daha güclü, daha amansız müqavimət gözləyir... “O təhrik etdi dostlarını... Uşaqlar cəbhəyə yollandılar, gedib qəhrəmancasına vuruşdular, şəhid oldular, o özü isə arvad kimi qaçıb gizləndi...

Özünün bu cür aşağılanması ürəyincə olmadı, yerə tüpürüb daha kəskinini dedi, dedi, “gedib Anastasiya Sergeyevnanın yubkasının altında gizləndim...”

...İndi ha rola girsin, ha reallığı təhrif etsin, ha gerçəkliyə müxtəlif  bəhanələrlə əyrilik donu geydirməyə çalışsın, özünü ha aldatsın, hamısı boşunaydı, otuz yeddi illik həyat salnaməsində o ata, ana və üç dost qatiliydi”. Və əmin idi ki,  “vəfasızlıq, etibarsızlıq, dönüklük, satqınlıq”dan ibarət bu cür qatilliyi heş kim ona bağışlamayacaq.

Əvvəl Şəhidlər Xiyabanına gedib dostlarını ziyarət eləyir, onların gecikmiş hədiyyələrini məzarlarının üzərinə qoyur, sonra vəfasızlıq elədiyi Arzugilə baş çəkir, sonra isə dostlarının valideynlərinə... Onu  təmkinlə, anlaşıqlı qarşılayan yalnız Naumun artıq Qubanın Qırmızı qəsəbəsinə köçmüş valideynləri – Yakov dayı ilə Liza xala olurlar... “Naumun əşyalarına, ondan qalan yadigarlara baxdı. Birdən yerindəcə quruyub qaldı. Sanki bir cərəyan keçdi içindən. Üstündə qırmızı hərflərlə AMİN yazılmış albom vərəqi”.

Mərdanı oğlu Kolyannın təsadüfən tapdığı birinci vərəq bütün maneələrə rəğmən vətənə qayıtmağa məcbur etdiyi kimi, ikinci vərəq də Şahdağın  zirvəsinə qalxmağa, düşdüyü  hazırki rəzil vəziyyətdən qurtarmaq üçün ağlasığmaz hərəkətə təhrik eləyir... Xatırlayır ki, Xocalı faciəsi barədə eşitdikdə yeniyetmə dostlar qərar qəbul etmişdilər  ki, “Azərbaycanın Qarabağ savaşında qələbəsini niyyət edərək Şahdağın zirvəsinə çıxacaqlar... Naum albomdan bir vərəq cırdı, Şahdağa çıxmağa and içib dördü də sıra ilə baş barmaqlarını çərtdilər, qanları ilə vərəqə hərə öz adının baş hərfini yazdı:

AMİN

Vərəqi sinəsinə lap bərk sıxdı, gözləri yenidən yaşardı”...

Hadisələrin elə bu məqamından etibarən birinci süjet bitib ikincisi başlayır. Lakin romanın bədii konstruksiyası elə düşünülmüşdür ki, bunu ancaq həssas oxucu dərk edə bilər. Və əslində, hər iki süjetin elə əvvəldən paralel təqdimi birinin bitib digərinin isə davam etdiyini xüsusi fərqləndirməyə imkan vermir.

Mərdan düşdüyü vəziyyətdən xilas yolunu onda tapır ki, “Yakov dayını dilə tutsun, onunla dördlüyün ən müqəddəs arzusunun həyata keçməsini – Qarabağın işğaldan azad edilməsi diləyi ilə Şahdağın zirvəsinə ucalmağı həyata keçirsin, zirvəyə dörd hərfi həkk etsin. Qoy AMİN kəlməsi orada həkk edilərək qələbəni yaxınlaşdırsın, qələbə üçün canlarını fəda edən dostlarının qanı yerdə qalmasın”.

Yakov dayı əvvəl- əvvəl təklifi etirazla qarşılayır ki, əslində. buna onun haqqı da vardı: “...Dovşan kimi qaçıb gizləndin, üstəlik, dostlarını güdaza verdin. İndi də hoppana- hoppana durub gəlmisən ki, Yakov kişi, gəl mənimlə Şahdağa çıx, mənə rahat  olsun”. Və buna haqqı da var idi. Əslində, Mərdan elə uşaqlıq illərindən bütöv bir xarakter sahibi deyildi... “Dörd dostun hərəsinin bir ayaması var idi. Anar Vurubyıxan, Naum Oxumuş, İnam Çoxbilmiş idi. Mərdanı isə qeyri- müəyyənliklərinin, müəmmalarının qarşısında “nə ət, nə balıq” kimi tərcümə olunan rusca “Ne rıbo, ne myaso” deyə çağırırdılar”.

Mərdanın Şahdağ səyahəti nə qədər dostlarının, xüsusilə Naumun təşəbbüsü ilə olsa da və bu təşəbbüsü həyata keçirmək imkanı neçə illər (özü də necə illər!) sonra yaransa da, heç bir şübhə yoxdur ki, məsələ xronologiyada deyil, “əbədi zaman” deyilən bir şey var ki, hər bir mübhəmin açarı onun əlindədir... “Yenə nə qədərsə vaxt keçdi. Ani olaraq gözləri qapandı, gözlərinin qarşısında upuzun ağ saqqalı olan, başı fəsli bir qoca peyda oldu, soruşdu, dağlara hansı niyyətlə çıxmısan?

...Bütün bədəni, bədəniylə qarışıq ruhu tir- tir titrəyirdi.

Bəlkə, hər halda xilas olunacaq?

Bəlkə, çağırsın o zalımları?

...Yakov dayı, Yakov dayı” deyə qışqırdı”.

Şahdağ zirvəsinə qalxan yolda baş verən hadisələr, xüsusilə Mərdanın keçirdiyi az qala hər biri ölüm qorxusu ilə müqayisə oluna biləcək həyəcanlar onu ruhən söküb yenidən yığır desək, elə də romantik səslənməz. Keçilən hər bir mərhələ ona təskinlik verir, seyr etdiyi qeyri- adi gözəlliklərdən aldığı zövqlə canın elə həmin qeyri- adilikdəki ağrıları ilə  qarşı- qarşıya gəlir:

“Şəlalənin öncə səsi, sonra möhtəşəm görünüşü gələndə qeyri- ixtiyari gözünün yaşardığını hiss elədi. Buraya kimi gəlmişdisə, burada düşərgə salıb istirahət edəcəkdilərsə, demək artıq ilk qəhrəmanlığını etmişdı... Düşmək çıxmaqdan yüz dəfə rahatdır. Tam olmasa belə, artıq qismən borcundan çıxmış olacaqdı ən azı. Nəticə olmayanda belə cəhd təqdirəlayiq hesab edilir”.

Lakin həyat (tale!) onu nə qədər əzab- əziyyətə düçar etməli olsa da arzusunda  olduğu zirvəyə qədər çıxacaqdı. Hər şeydən əvvəl ona görə ki, bu, təkcə onun deyil,  ürəyi vətənpərvərlik, humanizm hissləri  ilə dolu dörd yeniyetmənin birlikdə arzusu idi. Və sadəcə  sağ qaldığı üçün bütün məsuliyyət onun üzərinə düşürdü... “Mərdanın ürəyi ağzının içinə gəlmişdi, başının zoqqultusu, gözlərinin qaralması artmışdı, qan- tərə batdığından başına  bürmələnmiş dəsmalı, əynindəki alt paltarını suyun içində hiss edirdi, bədəni alışıb yanırdı, dodağının qan tamını hər dəfə onları dili ilə yaladıqda daha kəskin hiss edirdi...

Amma bu dəfə şikayətlənmədi, arxadan məğrur siluetinə göz qoyaraq Yakov dayıya ürək- dirək verəsi oldu:

˗ Allah Nauma rəhmət eləsin, Allah hər üçünə rəhmət eləsin. Nauma da, Azərə də, İnama da.

Ardınca özü üçün pıçıldadı:

˗ Allah mənə də lənət eləsin ki, indi onların yanında deyiləm”.

Mərdanın çəkdiyi həm fiziki, həm də  mənəvi əzablar bir- birini əvəz etdikcə Yakov dayının “Tovrat”dan dediyi ayələr səslənir ki, bu həmahənglik məlum katarsis – günahın yuyulması prosesini həm dərinləşdirir, həm də ona ilahi məzmun, ruhi enerji verir.

Şahdağa qalxmazdan bir gün əvvəl Mərdan Qırmızı qəsəbədəki sinaqoqda olmuş, Allahın Musa peyğəmbərə və İsrail övladlarına ünvanlanmış on buyruğu dinləmiş, ravvindən xeyir- dua da almışdı.

Zirvə fəth olunandan sonra “əllərini göyə açıb həyatında ilk dəfə Allaha pıçıltı ilə yox, qışqırtı ilə” dua edən “Allahım, sən mənim darda olan vətənimi düşmən tapdağından xilas et” deyə yalvaran Mərdan qaya üzərində dörd yeniyetmə dostun adlarının baş hərflərini – A.M.İ.N. yazmağı da unutmur.

Dünya xali deyilmiş. Həm yəhudi sinaqoqunun, həm xristian kilsəsinin, həm də islam məscidinin təbliğ etdiyi kimi, bu dünyada haqq- ədalət deyilən müqəddəs bir gözləntinin həyata keçməsi, gerçəkləşməsi, haqsızlığın, ədalətsizliyin isə məhşər ayağına çəkilməsi varmış.

Roman ona sonralar – bizim günlərdə əlavə edilmiş bir epizodla bitir... Şuşanın erməni işğalçılarından geri alınmasında bir döyüşcü olaraq iştirak edən Mərdan Gövhər ağa məscidində yenə ağ saqqallı, başında fəs olan qoca ilə rastlaşır. Qoca ona “Şahdağın ətəyində xudahafizləşərkən yadındaır nə demişdim? Demişdim ki, dağlar ora xoş niyyətlə gedən adama qucaq açar, bəd niyyətlə gedənə də məzar olar” deyib gözdən itir. Və Mərdan  əmin olur ki, niyyəti yerinə yetdisə, deməli, günahını artıq bütünlüklə yumuşdur.

Əsərin qəhramanının keçirdiyi katarsisin əsası, əslində, Bakıya ilk səfərindən sonra Moskvaya qayıdanda “ailəsindən yüz ildir ayrıldığı təəssüratı var idi. Ondan qopa bilməyən uşaqlara Bakıdan, Qubadan danışdı, azərbaycanlıların necə qonaqpərvər, mehriban xalq olmalarından bəhs etdi. Yurdsuz- yuvasız ermənilərə ürəkləri yanıb yaşamaları üçün torpaq vermələrindən, sonradan da ermənilərin bu torpaqlara sahib çıxmaq üçün müharibəyə başlamalarından danışdı, bu müharibənin nə qədər canlar aldığını, Azərbaycanın hər bölgəsində Şəhidlər xiyabanlarının yarandığını, biri yəhudi  millətindən olan üç dostunun da,   o dostlarının ki, Kolya tapan siyahıda adları var idi, müharibədə qəhrəmanlıqla vuruşub həmin Şəhidlər Xiyabanında  uyuduğunu söylədi”.

Vətənində baş verən hadisələrə illər uzunu laqeyd qalan Mərdan birdən- birə öz vətəndaşlıq  məsuliyyətini anlayır, dünyanın müxtəlif yerlərinə səpələnmiş yəhudilərin Qırmızı qəsəbəyə göstərdikləri  köməyin  həm maddi, həm də mənəvi təsirini  görür və dərk etməyə başıayır ki, harada  yaşayırsansa yaşa, çox zərif mənəvi tellərlə bağlı olduğun bir məkan var ki, onun taleyi üçün cavabdehsən.

Azərbaycan nəsrində Bakı koloritini təsvir edən nümunələr az deyil, lakin “A.M.İ.N.” dəki təsvirlər də özünəməxsusluğu ilə həmin təsvirləri zənginləşdirir:

“Görən, hanı indi Zerkalo Klara, Aydınçik?

Köhnə Bakının yastı- yapalaq evləri, həyətlərə atılmış kilim, gəbələr, pırıltıyla uçan göyərçinlər, starıveş (işlənmiş əşyalar – red.) satanların səs- küyü, çığıraraq oynaşan uşaqlar, kətil qoyub əyləşən əlitəsbehli ağsaqqallar, tinlərdə dayanan “aerodrom kepkalı” cavanlar...

Kim kimi görürdüsə tanıyıb tanımamasından asılı olmayaraq salamlaşırdı, cavanlar yaşlıları görcək siqaretlərini gizləyərdilər... Böyüyə hədsiz hörmət vardı...”

Və təkrarolunmaz Kubinkanın təkrarolunmaz mənzərələri...

Romanda Azərbaycan yəhudilərinin həyat tərzi, istedadı, zəhmətkeşliyi, başlıcası isə vətənpərvərliyi böyük ehtiramla tərənnüm olunur ki, bunu ilk növbədə Yakovun timsalında görürük.

Yakov dayının müdrikliyi, yəqin ki, bir şeyə yaramazdı, əgər onun humanizmi, yıxılana əl uzatması, vətəninə məhəbbəti olmasaydı. Və bu sözlər də ona aid olmaqla yanaşı, yaşı altmışı adlamış adi bir dağ yəhudisinin idrak- təfəkkür səviyyəsini göstərir: “Mayası məğlubiyyətdən yoğrulmuş heç bir qələbə sonadək davam edə bilməz, qələbənin süqutu deyilən bir anlayış da var. O vaxt ermənilər Şuşanı alanda onların tank alayının  flaqman tankını bizim yəhudimiz Albert Aqarunov vurmuşdu. Albert ermənilərin komandirləri Qaqik Avşaryanı da, mexaniki, atıcı arteleristi də gəbərtmişdi. Amma ermənilər yanmış həmin o T- 72 tankını bərpa edib, tünd yaşıl rəngə boyayıb 442  nömrəsini də ağ rənglə gövdəsinə yazıb təpənin başında, Şuşaya tuşlanmış vəziyyətdə, bir abidə kimi qoyublar. Bu nadanlar  anlamırlar ki, ölünü diriltmək, yıxılanı yıxan kimi qələmə vermək heç vaxt uğur gətirməz”.

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş  romanda onun haqqında olduqca hərarətli sətirlərin olması tamamilə təbiidir: “Onun hərb tarixinə gətirdiyi yeni bir tank döyüşü metodu da var idi ki, bu metod “yəhudi buterbrodu” adını almışdı. Düşmənin tanklarını nişangahda saxlayan Albert bir müddət atəş açmadan onların bir- birinə yaxınlaşmasını gözləyirmiş. Elə ki yaxınlaşdılar, bir mərmi ilə ikisini birdən vururmuş”.

Və Albertə qəhrəmanlıq şöhrəti gətirən bir də o idi ki, düşmən  gülləsinə tuş gələn döyüş yoldaşının  cəsədini kənara çəkmək üçün yolda tankı saxlayıb düşəndə erməni snayperi  tərəfindən vurulmuşdu.

Hadisələr romanda o dərəcədə iç- içə, yerli- yataqlı, bir- birilə əlaqədə, biri digərini şərtləndirərək təsvir olunur ki,  sanki sənədli bir kino- filmin ssenarisini oxuyursan. Hansı hadisənin, hansı şəxsin adı çəkilirsə, onun haqqında müfəssəl təsəvvür yaratmaq cəhdləri, demək olar ki, hər məqamda hiss olunur. Ən təqdirəlayiq də odur ki, hər nə qədər təfsilata, təfərrüata varılsa da, əsərin (və müəlliflərin) ideya-estetik qayəsi, izlənilən strateji mətləb heç zaman dumanlanmır.

Və şübhə etmirəm ki, istedadlı qələm adamlarımızın  bu birgə yaradıcılıq uğuru yalnız onların vətənində deyil, onun hüdudlarından uzaqlarda da məmnunluqla qarşılanacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazıçı Muğanda yaşayan Hümmət Şahbazidir.

 

Hümmət Şahbazi

Muğan

 

ŞEİRİMİZDƏ TANRININ HALLARI

 

Fridrix Nitsşe «Tanrını öldürür». «Tanrının ölümü» ilə «İnsanın dirilməsi»-nə imza atır. Beləliklə, yer üzü tanrısız qalmır, bu dəfə, «insan» tanrı olur. Demək «insan» yeni əsrin həyat fəlsəfəsinə çevrilirdi. Bunun nümunəvi fəlsəfəsini böyük miqyasda «var-oluşculuq» [egzistansiyalizm] da görürük. Bu axımın düşüncəsində insan hətta özündən öncəki fəlsəfədə ən zirvələrdə duran «Tanrı» anlayışıından da yüksəklərə ucalır. Bu, Nitsşenin anlayışında fövqəl-insan (üst-insan) adlanırdı.

Qəza-qədərçi məzmunlu şeirlərimiz daha çox divan şeirindəözünü göstərir. Bu kimi şeirlərin başında «Tanrı» anlayışı durur. Divan şeirində, bugünkü ortalıq anlayışda olduğu kimi, hər bir şey taleyi, tanrıya bağlı qəza-qədərçiliklə

dəyərləndirmə aktuallıq daşıyır.

Tanrıya müraciət etmək dörd istiqamətdə nəticələnir şeirimizdə ümumiyətlə:

 

A) Tanrı ilə barışmaq

B) Tanrıdan asılı olmaq

C) Tanrıya qəzəblənmək

D) Tanrıya üsyan.

 

Ara vermədən deyim ki, ilk iki xüsusiyyət ümumiyətlə divan şeirinə aiddir. Hərçənd onun çalarlarını yeni çağ şeirimizdə də görürük. Üçüncü və dördüncü keyfiyyət isə, daha çox yeni çağ şeirimizdə özünü göstərir. Yeni çağda tanrıya qəzəblənmə məsələsi, tanrıdan üz döndərmə məsələsi ilə əvəz olunur. Nəticədə isə «tanrıya üsyan» məsələsi yaranır və «tanrı ilə barışmaq» məsələsi qəza qədərçi anlayışla eyni qapıya çıxır. Bunun əsas motivini insanların əlacsız qalaraq, tanrı qapısına gedib onunla tamami ilə barışmaq təşkil edir. Poetiknümunələr buna göstərmək istəriksə, divan şeirində olan «münacat»ları göstərə bilərik. Bu kimi janrlarda, şair əlacsız qaldığı məqamı duyduqda sanki tanrı tərəfindən ona yazılan hər bir yazını bir qəza-qədər olaraq qəbul edir və bununlatanrı ilə barışığa çıxır.

İkinci məsələ isə: Sofizmdə özünü göstərir. Sofilər, hər bir şeyi tanrıdan asılı bilirlər. İnsana aid olan dərd-kədər, həyat-ölüm, qüssə-şən, və... Tanrının bəxş etdiyi gözəlliklərdir. Doğru oxudunuz: Gözəlliklər. Bu məqamda, dərd, ölüm, kədər kimi üzücü hallar insan üçün xoş anlardır. Naqis insan, tanrıdan asılı olan bu sınaqlardan uğurcasına keçdikdə «kamil insan» olur. Bu isə insanın tanrısal məqamı deməkdir. Tanrısal məqam isə, insanı tanrıdan asılı edir. Tanrıya qəzəblənmək isə, şeirimizin bütün hallarında özünü göstərir. Tanrıya asılı olduqda, hər şey şirindir. Ona görə tanrıya şikayətlənmə yoxdur. Tanrıya qəzəblənmək isə kökü şikayətlənmə ilə başlayır. Özünü yalqız görən, mənəvi tənhalıqda heç bir nəticə ala bilməyən insan, ya özünü qınayır ya da tanrını. Bunların hər ikisinin çıxış yolu isə tanrıya qəzəblənmə ilə nəticələnir. Buhallar bəzən yalvarışlı münacatlarda, bəzən zarıltılı sofizmdə, bəzən dünyanın gedişatından narazı qalan bunların hər ikisində və hətta tanrıya üsyan zamanında baş verir.

Tanrıya üsyan etmək isə, ümumiyətlə «aydınlanma» dönəmindən başlayaraq daha çox real faktları məniməsəyərək özünü göstərir. Bu dönəmdə insan nə özünə qapılır, nə yalvarır, nə də qəzəblənir. Sadəcə özünü haqlı bilərək

mövhümatı kanara vurur; və real faktlar üzərində davranmağa çalışır. Bu isə onu çox zamanda tanrının həyatda rolu olmadığı nəticəsinə gətirib çıxarır. Bu, onun dünyaya obyektiv baxışından irəli gəlirdi. Beləliklə dünyanı yenidən qurmaq məqsədi ilə, bütün tarix boyu kökləndiyi özül inancları sındırmağa qəsd etdiyi anda, tanrıya olan özül inancı da sarsıtmağa başladı.

İxtisarla divan-çağdaş şeirimizin dünya görüşlərinin fərqlərini səsləndirmək istəsək belə bir ümumi nəticəyə çata bilərik.

Dünyanı fani sanan şairin son sığınacaq yeri tanrıya üz tutmaqdır. Belə olmadıqda onun əhvalını yalnız ümidsizlik çulğayaraq fərdi duyğularının içinə yuvarlanacaqdır. Bu əski şeir düşüncəsinin özəyi sayılırdı. Dünyanı, həyatı fani sanmaq, ona görə də yalnız tanrının ətəyindən yapışmaq. Çağdaş dönəmdə də xüsusi ilə modernizmin bəzi qollarında səslənən mənəviyyatsızlıq ön sıraya keçir. Ancaq onlar bu bucaqdan həyatı, dünyanı fani bilmirdilər. Elə bu mövqelərinə görə də insanın mənəvi həyatının çökməsinin carçısı olaraqyaşatmaq istəyirdilər. Daha doğrusu, insana maddi həyatın gərəkli olmasını vurğuladıqları halda, mənəvi həyatın da insan bütövlüyünün yetkinləşməsində önəmli rolu olduğunu da vurğulayırdılar.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2025)

 

Cümə axşamı, 04 Dekabr 2025 13:03

Qəhvəyi ayaqqabı, hepard və Tixonov

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Hər vaxtınız xeyir. Beləcə, tədricən bu ayı və bu ili də gün-gün xırdalamaqdayıq.

 

4 dekabr.

Qəhvəyi ayaqqabı gəzdirmə günü

Nəyi qoyub nəyi axtarırsınız, ay şimali avropalılar. Bir gün öncədən kimdə bu rəng ayaqqabı yoxdursa alır, 4 dekabrda hamı ancaq qəhvəyi ayaqqabı geyinir. Gözəl mənzərədir, bütün ayaqlarda eyni rəngdə ayaqqabılar. Əsatirə görə, dəridən düzəlmiş ilk ayaqqabı məhz qəhvəyi olub, ona görə də ilin bir günü həmin o ilk ayaqqabı yad edilir.

 

İd-il-Burbara günü

Böyük bir təzad: Helloun bayramına bənzəyən bu gün xristian müqəddəsi Varvaranın şərəfinə qeyd edilir, amma gördüyünüz kimi, ad özü ərəbcədir, xristianlı müqəddəsin adına bayramı əsasən islam dünyasında - İordaniyada, Livanda, Suriyada, Fələstində, hətta qardaş Türkiyədə bayram edirlər.

 

Beynəlxalq hepard günü

Afrika savannalarının ən görkəmli sakini olan hepardlar (dilimizə çita kimi tərcümə edilsə də mən nədənsə bu çita variantını qəbul edə bilmirəm) bir də İranın Xorasan bölgəsində yaşayırlar. Bir vaxtlar Azərbaycanda da yaşayırdılar, amma kökləri kəsilib. Onların sürəti hətta saatda 135 km-ə çatır. Bu, bir rekord. Həmçinin, 120 km/saat sürəti sadəcə 3,1 saniyəyə yığırlar. Bu, digər rekord. Əgər hepard bu sürətlə uzun müddət qaçarsa bədən hərarəti 460 C-ni keçər (bu, növbəti rekord), bu isə onun beyin fəaliyyətinə ciddi zərər verə bilər, buna görə də onun ov vaxtı 1 dəqiqədən çox çəkmir. Ən çox 20 il yaşayan hepardların maksimal sürətdə qaçarkən addımlarının arasındakı məsafə bəzən 15 m-ə çata bilir. Bu da daha bir rekord. Bu qeyri-adi canlının kökünün kəsilməməsi naminə bu gün onun günüdür, onları qorumaq cəmiyyətə ismarıc ediləcək.

 

Görkəmli rus yazıçısı Nikolay Tixonovun doğum günü

Bu Azərbaycan sevdalısını xatırlamaq borcumuzdur. 1914-1918-ci illər Birinci Dünya müharibəsi, 1918-1920-ci illər Rusiyanın Vətən müharibəsi və 1941-1945-ci illər II Dünya müharibəsinin iştirakçısı olmuş Nikolay Tixonov üçün həyat ən böyük müəllim olub, üstəlik, ona gen-bol material verib. Görkəmli yazıçının yaradıcılığında sülh, şərq xalqlarının milli azadlıq və istiqlaliyyət uğrunda mübarizəsi, Sovet xalqlarının dostluğunun tərənnümü başlıca yer tutub. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə, o cümlədən Azərbaycan dilinə və bir çox xarici dillərə tərcümə edilib. Tixonov 1941-ci ildə Sankt-Peterburqda - Ermitrajda Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinin təşkilatçılarından olub. Blokada şəraitində, aclıq və ölümlə üzbəüz qalmış bir şəhərdə azərbaycanlı şairin anılması kitablara düşən, yaddaşlardan silinməyən bir hadisədir əlbəttə. Tixonov dəfələrlə Azərbaycana gəlib, ölkəmiz haqqında bır sıra şeirlər, Azərbaycan ədəbiyyatı, onun görkəmli simaları haqqında məqalə və xatirələr yazıb. Azərbaycan xalqını ilk dəfə  “şair xalq” adlandıran da məhz o olub.

Sadalamıram, Nikolay Tixonov SSRİ-nin bütün mükafatlarına layiq görülüb, 40 il dalbadal deputat olub. Bizimkilər də ona “Xalq şairi” fəxri adını veriblər. O, 1979-cu il fevral ayının 8-də Moskva şəhərində vəfat edib. Xaçpərəst də olsa,  Allah rəhmət eləsin deyək ona.

 

Kamal Abdulla, Pol Elüar və Ömər Xəyyam

İnformatika günü. Məktəblərdə artıq belə bir fənn keçilir. Bu gün kimin informatika dərsi varsa ikiqat səylə çalışsın. Barburka günü. Şaxtaçılar günü bayramıdır, təşəbbüs polyaklardan gəlib. Kaberne-fran günü. Şərabsevənlərə sübut edilir ki, bu növ şərab adi qarışıq növ deyil, daha artığıdır. ABŞ-da isə milli peçenye günüdür. Düzdür, ABŞ-ın Qazaxla heç bir əlaqəsi yoxdur, amma nədənsə məndə məhz indi bir sual doğuldu, görəsən niyə Qazaxda peçenyeyə qəlet deyirlər?

1987-ci ildə krım tatarları SSRİ-dən növbəti zərbə alıblar, onlara öz ana vətənləri olan Krımda və Krasnodarda qeydiyyata alınma məhdudiyyəti qoyulub. Həmin gün qəzadan sonra Çernobıl AES-in 3-cü enerji bloku fəaliyyətini davam etdirib. 1982-ci ildə tetraamelya sindromu ilə doğulmuş, əlsiz-ayaqsız olan dünyaca məşhur motivasiya məşqçisi, missioner Nik Vuiçiç dünyaya gəlib. 1950-ci ildə Azərbaycanın xalq yazıçısı, “Yarımşıq əlyazma” romanı ilə adını ədəbiyyat tariximizə yazmış Kamal Abdullanın doğum günüdür. 1946-cı ildə Moskvada ilk “Moskviç – 400” avtomobili yığılıb. 1922-ci ildə ünlü fransız aktyoru, “Fanfan tülpan” filmi ilə adını tarixə yazmış Jerar Filipp dünyaya gəlib. 1913-cü ildə televiziya pultunu kəşf etmiş amerika ixtiraçısı Robert Adler doğulub. 1895-ci ildə dünya poeziyasının ən görkəmli nümayəndələrindən olan fransız Pol Elüar doğulub. 1808-ci ildə Napoleon nəcib iş görərək əsarətdə saxladığı İspaniyada inkvizisiyanı ləğv edib. 1791-ci ildə Britaniyanın “Observer” qəzetinin ilk sayı işıq üzü görüb. 1674-cü ildə fransız yezuitləri ABŞ ərazisində Çikaqo adlı şəhər salıblar. 1131-ci ildə dahi fars-tacik şairi, dünyanın bütün sirlərini şərab üzərindən açan filosof Ömər Xəyyam dünyadan köçüb.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2025)

 

 

 

 

Cümə axşamı, 04 Dekabr 2025 14:09

ANAR, “Dost zarafatları”

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 “Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 HƏMİŞƏ CİDDİ OLMAQ OLMAZ

Yaxud DOST ZARAFATLARI

 

Yusif Səmədoğlu bir neçə məsul və çətin vəzifələrdə işləmişdi. Kinostudiyanın baş redaktoru, “Ulduz” və “Azərbaycan” jurnallarının baş redaktoru. Bu vəzifələrin çətinliyi ondaydı ki, istedadlı müəlliflərlə bərabər növ-növ cızmaqaraçılarla da rastlaşmalı olursan və onlara yazılarının dəyərsizliyini heç cür isbat etmək mümkün deyil. İllah da Yusif kimi mülayim insan, heç kəsin ürəyini qırmaq istəməyən, son dərəcə həssas bir şəxs. Odur ki, Yusif çox vaxt “yox” cavabını məsələni uzatmaqla əvəz edirdi, elə düşünürdü ki, çızmaqaraçı axır təngə gəlib əl çəkər. Amma çifayda… Belə birisi kinostudiyada hər gün Yusifin zəhləsini tökürmüş. Yusif də “Darıxma, bu yaxınlarda məsələ həll olunacaq” deyirmiş. Yaxud “bir neçə gündən sonra məsələyə baxılacaq”. Axır bir gün Yusifi divara dirəyən adama “sabah gəl” deyib. Səhərisi, təbii ki, bu vədini unudan Yusif kinostudiyaya gələndə görür ki, laboratoriyada yanğın olub. Laboratoriya kinostudiyanın həyətində Yusifin iş otağından uzaqda başqa bir binada yerləşirdi. Elə qapıda Yusifi haqlayan qrafoman “Demişdiniz bu gün həll olunacaq” deyə xatırladanda qoçağım Yusif də özünü itirmir: “Görmürsən bəs, yanğın oldu, sənin ssenarin də yandı”, – cavabını verir.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.