“1 şeir, 1 şair”də Şəhla Rəvan və “Kainata sığmayan qadın" Featured

 

“Ədəbiyyat və incəsənət” portalının 1 şair, 1 şeir rubrikasında bu gün Şəhla Rəvanın "Kainata sığmayan qadın” adlı şeiri təqdim edilir.

 

Şəhla Rəvan Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, "Ziyadar" Mükafatı, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları laureatı, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən biri, ədəbiyyatçı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şairdir.

 

Bu gün həm də Şəhla xanımın doğum günüdür. Onu bu münasibətlə səmimi qəlbdən təbrik edirik.

 

KAİNATA SIĞMAYAN QADIN

 

Sən sevib-sevilməyi çoxdan unutdun, qadın!

Sən bir ömür yaşadın, amma məmnun olmadın.

Dərdlərini bilmədi, nə qohumun, nə yadın,

Fikrin, düşüncən oldu tez böyüsün övladın.

 

Sən xoşbəxt yaşamağın dadını da bilmədin,

Təbəssümün az oldu, heç ürəkdən gülmədin.

Qəlbdə olan ağrını sən hamıdan gizlədin,

Artdı, anbaan artdı qəm yükün taleh dərdin.

 

Qəlbindəki həsrətin öz köksünə sığmadı,

Bulud kimi dolaraq yağıştəki çağladın.

Kədərini, qəmini gizli tutdun saxladın,

Dərdini pünhan edib, eşq qapısın bağladın.

 

Düz amalla yaşadın, ifrata da varmadın,

Gündüzləri ovunub, gecələri ağladın.

Duyğunla, hisslərinlə bu cahana sığmadın,

Dünya çox kiçik oldu, sənsə kainat, qadın!

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.