
Super User
Fuad Muradov Mərakeş Krallığında görüşlər keçirib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Mərakeş Krallığına səfəri çərçivəsində bir sıra rəsmi qurumların və beynəlxalq təşkilatın rəhbər şəxsləri ilə görüşlər keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, Mərakeş Parlamentinin Nümayəndələr Palatasının sədri Raşid El Alami, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə, həmçinin Xaricdə Yaşayan Mərakeşlilər üzrə II Həsən Fondunda, Xaricdəki Mərakeş İcması Şurasında və Xarici İşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər Nazirliyində keçirilən görüşlərdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri, xaricdə yaşayan azərbaycanlılarla mərakeşlilər arasında əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb.
Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi dövründə iki ölkənin münasibətlərinin daha da inkişaf etdiyini vurğulayıb, həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib.
Mərakeş Krallığının rəsmiləri sədrin səfərini yüksək qiymətləndirib, diaspor fəaliyyəti sahəsində təcrübə mübadiləsinin və birgə əməkdaşlığın vacibliyinə diqqət çəkib, ölkələrimiz arasında münasibətlərin inkişafında diasporun əvəzsiz rolunu qeyd ediblər.
Görüşlərdə Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov iştirak edib.
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)
Axşam meyvə yeməyin! - Həkimlərdən tövsiyə
Meyvə yüngül və kökəltməyən qida sayılır. Bu səbəbdən bir çox arıqlamağa çalışan qadınlar axşamlar daha kalorili qidaları 1 boşqab meyvə ilə əvəz edir. Lakin bu çox böyük səhvdir və nəinki arıqlamağa kömək etmir, əksinə, artıq kiloların yığılmasına səbəb olur.
“Ədəbiyyat və incəsənət”in növbətçisi Könül dietoloqların məlumatlarını ələk-vələk edərək yuxarıdakı qənaətə gəlib.
Məsələ burasındadır ki, təbii şəkərlə zəngin olan meyvələrin istehlakı qanda şəkərin səviyyəsini qaldırır. Orqanizm şəkərin səviyyəsini normaya salmaq üçün insulinin istehlasını artırır. İnsulin piylərin parçalanması prosesini ləngidir və əksinə piylərin yığılmasına səbəb olur. Axşam saatlarında insanın hərəkətliliyi kəskin azalır, insan kalori sərf etmir və yediyimiz 1 boşqab "ziyansız" meyvə orqanizmdə piyə çevrilir.
Bütün bunları nəzərə alaraq mütəxəssislər meyvələri səhər və günorta yeməkləri arasında istehlak etməyi tövsiyə edirlər.
Tərəvəzlər isə həqiqətən arıqlamağa kömək edir. Bu səbəbdən axşam meyvə salatının əvəzinə tərəvəz salatını (yağsız!) yesəniz daha yaxşı olar.
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)
Seçmə şeirlər – SƏMƏD VURĞUN, “DÜNYA”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
SƏMƏD VURĞUN
DÜNYA
Ulduzlar havanın bağrını dəlir,
Qayalı dağlardan duman yüksəlir,
Xəyalım gecəni salama gəlir,
Çapırdır atını birbaşa dünya.
Yerlərə baxıram – bağçalı, bağlı,
Göylərə baxıram – qapısı bağlı.
Kainat ixtiyar, sirli, soraqlı,
Əzəldən yaranıb tamaşa dünya.
Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur;
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya.
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)
GAP Antologiyasında Məryəm Qurbanzadənin “Yazdım və sarıldım...” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xoyda yaşayan Məryəm Qurbanzadədir.
Məryəm Qurbanzadə
Xoy
II
Yazdım
Və
Sarıldım
Qoxusunda torpaq göyərmiş
Yağısın göz bəbəklərinə
Və tanrı
Əlləri ciblərində tikilmiş buludlara
Göy qurşağı ilə
Sehirbazlıq edir.
Özlərim səni
Ölümü özlərcəsinə.
Sevdim səni
Üsyanı sevərcəsinə.
Gözləmək göz bəbəklərimdə tumurcuqlanıb
Savrulmadan öncə
Sənə qayıdacağam.
Bir qırpım göz ver mənə
İşığım
Saçlarının qaranlığında
Gizlən-qaç oynasın.
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)
PORTAL AKADEMİYASINDA - Henri Ford. «Mənim həyatım, mənim nailiyyətlərim»
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla сavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.
Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.
İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luğa nəzər yetirək.
1.Henri Ford. «Mənim həyatım, mənim nailiyyətlərim»
Bu kitab az qala bütün dünyanı dolaşıb. Bir çox dillərə tərcümə olunub, çoxmilyonlu tirajlarla çıxsa da kitab mağazalarının rəflərindən dərhal qeyb olub.
Kitaba bu cür öldürücü maraq heç də uğurlu reklam hay-küyündən doğmayıb, onun məzmununun doğrudan da faydalı olmasından şərtlənib. Burada dünya biznes tarixinə möhürünü vurmuş əfsanəvi şəxsin, avtomobillər kralı Henri Fordun həyatı, yaradıcılığı, milyardlar gətirən biznesinin praktik yolu göstərilir.
Henri Ford kitabında biznesin idarə edilməsi işinə öz baxışını, ideyalarını, menecment teoriyasını, ümumən iqtisadiyyat barədə bilgilərini bölüşür.
Maraqlısı budur ki, XX əsrin əvvəllərinə aid olan biznesin «Ford nəzəriyyəsi» yüz il keçməsinə baxmayaraq hələ də çox aktualdır, bu gün dünyada minlərlə kompaniya Fordun ideyaları əsasında fəaliyyət göstərməkdədir.
Henri Ford dillər əzbəri olan aforizmlərin də müəllifidir. Onlardan bəziləri mənim şüurumda əbədi həkk olunub.
- Əgər mən insanlardan onların nə istədiklərini soruşsaydım, onlar belə cavab verərdilər: «daha sürətli olan atı!»
- İnsan o vaxt ölür ki, dəyişilməsi dayanır. Dəfn isə sadəcə formallıqdır.
- Uğursuzluqlar qorxu, rahatlıqaxtarma, məsuliyyətsizliklər səbəbindən baş verir. Qorxunu dəf etmək özünəinam yaradır!
- Əgər sən odunu öz təşəbbüsünlə doğrasan, onda bu odun səni iki dəfə qızdıracaq.
- Ən yaxşı dost bizə qəlbimizdəki ən yaxşı cəhətləri üzə çıxarmağa kömək eləyəndir.
- Keyfiyyət – hətta heç kim baxmadıqda belə nəyisə düzgün etməkdir.
- Pullu olmaq vacibdir, amma unutmayın ki, pulun məqsədi onu kefə-damağa sərf etmək deyil, onun faydalı xidmət üçün artırılmasıdır. Mənimçün həyatda kef-damaq qədər iyrənc şey yoxdur. Bizim heç birimizin ixtiyarı yoxdur ki, həyatını buna sərf etsin. Sivilizasiyada tüfeylilərə yer yoxdur.
- Əgər sizdə entuziazm varsa, siz hər şeyə nail ola biləcəksiniz. Entuziazm sizin gözlərinizin parıltısı, addımlarınızın qətiyyəti, ideyalarınızı həyata keçirməkçün bol enerji axınıdır. Entuziazm – bütün tərəqqinin istinad nöqtəsidir. Yalnız onunla uğur mümkündür. Onsuz, sizin sadəcə, imkanlarınız var.
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)
“Kiçik izlər, böyük ümidlər” – IV BÖLÜM
Aynur İsmayılova, “Ədəbiyyatvə incəsənət”
Başqa bir yol lazım idi. Səma anladı ki, burada dayanmaqla anasını ona gətirən olmayacaq. Bir kənara çəkilib yenidən ətrafa göz gəzdirirdi; bəlkə bir tanış sima, bir xoş üz görər deyə...
- “Səma... Səma, mənə bax,” – deyə Ulduz onun qolundan tutaraq səslədi.
- “Nə olub, Ulduz? Niyə təlaşlandın?”
- “Ora bax, Səma.” Əli ilə yolun digər üzündə dayanan polis əməkdaşlarını göstərdi. “O polislər bizə kömək edə bilər. Gəl, yanlarına gedək.”
Səma tərəddüd içində idi. Birdən o polislər onu nənəsinin yanına geri göndərsə? Anasını tapa bilməsələr, o zaman necə olacaqdı? Nənəsi onu qəbul edəcəkdimi? Başqa çıxış yolu da yox idi. Ətrafda ona kömək edəcək kimsə yox idi. Bu böyük şəhər indi onun gözündə böyüklüyü qədər mərhəmət sahibi olmadığını anladırdı. Onun yaşadığı kənd kiçik olsa da, dağ boyda əzəmətli qəlbi vardı. İnsanlar bir-birinə dəstək idi; nə bir maşın yolda qalardı, nə də bir ev işıqsız idi. Hamı varlı olmasa da, var olmağa çalışırdı...Səma Ulduzla əl-ələ verib ehtiyatla küçənin digər tərəfinə keçdi. Qorxa-qorxa polislərin dayandığı yerə yaxınlaşdılar. Polislər işıqforun yanında dayanaraq yol qaydalarına nəzarət edirdilər. İki qızın onların yanında dayandığını hiss etmədilər belə. Bir an Səmanın gözündə bayaqkı hadisələr canlandı. Həmin an da bu düşüncələri silməyə çalışdı. Səma başını qaldırıb polislərə baxdı. Tərəddüd içində olsa da, geriyə yol yox idi. Cəsarətini toplayaraq:
- “Bağışlayın...” – deyə astaca dilləndi.
İki polis nəfəri çevrilib səs gələn tərəfə baxdı. Onlardan biri:
- “Buyurun, sizə necə kömək edə bilərəm?”
Səmanın nəfəsi kəsiləcək kimi idi. Ürəyinin döyüntüsü qulağında səslənirdi. Onu sıxan həyəcan halını tamam dəyişdi. Bayaqdan düşündüyü kəlimələr indi boğazında düyünlənib qalmışdı. Yanağı istidən pörtmüş kimi alışıb-yanırdı. Ulduz onun bu halını görüb əlindən tutaraq:
- “Səma, yaxşısan? ... İndi nə edəcəksən?”
Səma Ulduzun səsini eşidəndə sanki yuxudan oyandı. Özünü ələ alaraq nəsə deməyə çalışırdı. Sanki səs quyunun dibindən gəlirdi. Polis onun dediklərini anlaya bilmədi. Təkrar soruşdu:
- “Sizə necə kömək edə bilərəm? Zəhmət olmasa, aydın danışın. Zamanımız azdır. Biz indi getməliyik.”
Səma bu sözü eşidəndə sanki bütün bədəni titrədi. Necə? Getmək? Yox! Əgər onlar getsə, bizim başqa köməyimiz olmayacaq. Bu mənim son şansımdı. Anamı yalnız onlar tapa bilər. Mən... mən güclü olmalıyam. Bu düşüncələr içində son dəfə var qüvvəsini topladı. Başını qaldırıb onların üzünə baxdı. Və danışmağa başladı:
- “Üzr istəyirəm, cənab. Mən özümü yaxşı hiss etmirdim. Mən... mənim... anam bu şəhərdə yaşayır. Mən... mən kənddən gəlmişəm, anamı axtarıram. Onu mütləq tapmalıyam. Mənim ondan başqa kimsəm yoxdur. Xahiş edirəm, mənə... bizə... kömək edin.”
Səma bu sözləri deyərkən gözlərindən yaş axdı və hönkürtü ilə ağlamağa başladı. Bu, onun özündən asılı olmadan baş verdi. Duyğuları tamam qarışmışdı. Bu göz yaşları bəlkə də illərin sıxılmış, boğulub qalan çarəsizliyinin fəryadı idi. Bu böyük şəhər onu qorxudurdu. Hər nə qədər cəsarətli olmağa çalışsa da, o hələ 12 yaşında balaca bir qızcığaz idi. Yaşadıqları ona ağırlıq edirdi. İndi o, bir uşaq fəryadı ilə səsini duyurmağa çalışırdı. Ulduz da onun bu halına dözə bilməyib göz yaşlarına boğuldu. Bu böyük şəhərdə onları görə bilən yalnız iki polis nəfəri idi. Polislər bir-birinə baxaraq nə baş verdiyini anlamağa çalışırdılar. Onlardan biri aşağı əyilib mehriban səslə soruşdu:
- Qızlar, niyə ağlayırsınız? Biz sizə kömək etməyə çalışarıq. Narahat olmayın, hər şey yaxşı olacaq!
Səma nəsə demək istəsə də, bacarmadı. Sözlər boğazında düyünlənmişdi. Ulduz başını qaldırıb onlara baxdı. Titrək bir səslə dilləndi:
- Biz... biz burda təkik, hara gedəcəyimizi bilmirik. Bizə necə kömək edəcəksiniz?
Bayaqkı polis digər yoldaşına göstəriş verərək vəziyyəti xəbər verməsini tapşırdı. Yenə mülayim səslə dedi:
- Balaca, sizi birlikdə idarəyə aparacağıq. Orada mütləq sizə kömək edəcəklər. Daha ağlamağa dəyməz. İndi əyləşin maşına, sizi polis bölməsinə aparaq. Daha ətraflı hər şeyi idarədə danışarsınız.
Hər ikisi maşına əyləşdi. İndi onların qəlbi bir az da olsa rahatlamışdı. Özlərini güvəndə hiss edirdilər. Bir müddət heç kim danışmadı. Yalnız mühərrikin sakit səsi eşidilirdi və bu onlara xoş təsir bağışlayırdı. Elə burda bütün düşüncələrdən uzaqlaşaraq bir-birinə qısılıb dərin yuxuya daldılar. Onlara göz qoyan polis əməkdaşı bu mənzərəni görüb sakit səslə dedi:
- Axı onların günahı nədir? Hələ bu yaşlarında öz isti yuvalarında valideyinləri ilə yaşayacağı halda bu soyuq küçələrdə sahibsiz qalıblar. İndi ikisi də isti yer tapan kimi yuxuladılar. Onlar necə də məsum görünürlər.
Digər polis də onun sözlərini təsdiqlədi. Onları yuxudan oyatmamaq üçün daha danışmadılar. Yol boyu hər ikisi heç oyanmadan yatdı. Artıq çatmışdılar. Polis əməkdaşı onları səsləyən kimi hər ikisi eyni vaxtda ayıldı. Bir müddət ətrafa tərəddüd içində baxdılar. Sanki hər şeyi unutmuş kimi. Bəlkə də bu röyadan heç ayrılmaq istəmirdilər. Onları olmaq istədikləri dünyadan qoparan bu həyat bir kabus kimi qorxu saçırdı. Bu qorxu hər ikisinin gözündə aydın şəkildə görünürdü. İstəksizcə hər ikisi maşından düşdü. Yavaş-yavaş əməkdaşlara birgə idarəyə tərəf addımlayırdılar. Binanın görünüşü onların həyəcanını daha da artırırdı. Heç vaxt belə bir yerə ayaq basmamışdılar. İndi həmin yer onların gözündə hər ikisini udacaq əjdahaya bənzəyirdi. Yanında olan polislərdən təsəlli taparaq bir-birindən ayrılmadan onların arxasınca getməyə davam etdilər. İçərisi bir qədər soyuq və vahiməli görüntü bəxş edirdi. Bura daxil olanda sıxıldığını hiss edirsən. Sanki divarlar səni ağuşuna almaq istəyir. İçəridə eyni geyimdə olan polis nəfərləri var idi. Bir neçə sadə geyimli insanlara da rast gəlmək olurdu. Kimsənin üzündə təbəssüm hiss olunmurdu. Hamının baxışında bir narahatlıq, sıxıntı görünürdü. Demək ki, bura problemi olanların gəldiyi bir yer idi. Səma və Ulduz da sıxıntı içində idi. Onlar üçün belə yerlər yad idi.
İndi nə olacağını dərk etmədən yola davam edirdilər. Polislər onları koridorun başındakı otağın qapısında gözləyərək içəri daxil oldular. Hər ikisi bir-birinə və ətrafa baxaraq səssizcə dayanmışdı. Bir müddət sonra qapı açıldı və polislərdən biri onları içəri çağırdı. İkisi də qorxa-qorxa içəri daxil oldular. İçəridə bir nəfər masasının arxasında oturub onlara taxtama edirdi. Təxminən 45-50 yaşlarında polis geyimində, iri cüssəli, baxışları sərt biri idi. İçəri daxil olan kimi onların üzərində sərt baxışlarını gəzdirdi. Bir anlıq ortalığa dərin sükut çökdü. Nəhayət kişi ağır səslə soruşdu:
- Adınız və soyadınız?
Hər ikisi çaşqınlıqla bir-birinə baxdılar. Qorxuları daha da artmışdı. Səma dərindən udqunub titrək səslə dilləndi:
- Səma Əliyeva.
Ulduz da çəkinərək dedi:
- Ulduz Qasımova.
Rəis müavini önündəki kağızları vərəqləyərək nə isə düşünürdü. Sakitlik aradakı həyəcanı daha da artırırdı. Müavin başını qaldırıb sərt baxışlarını onlara dikdi:
- Anasını axtaran hansınızdı? Mənə nə baş verdiyini qısa olaraq bildirin.
Səma özünü güclə toplayaraq başına gələnləri olduğu kimi danışdı. Təkcə nənəsinin xəstə olduğunu və artıq ona baxa bilməyəcəyini və onu anasını tapmağa göndərdiyini yalan dedi. Qorxurdu ki, qaçıb gəldiyini desə, onu yenidən nənəsinin yanına göndərərlər. Nənəsi isə onu qəbul etməyəcəkdi. Əgər yanında saxlasa belə, həyat onun üçün əvvəlkindən daha da çətin olacaqdı. Və o, bu yaşayışa dözə bilməyəcəkdi.Rəis müavini duruşunu pozmadan baxışlarını bir nöqtəyə zilləyib dinləyirdi. Səma bitirdikdən sonra heç nə demədən sakitcə dayandı. Yenə araya sükut çökdü. Bir neçə dəfə gözlərini Ulduza zilləyib sanki baxışları ilə onun burada nə üçün olduğunu aydınlaşdırmağa çalışırdı.
- Aydındır. Ancaq sən ananın soyadını belə bilmirsən, heç bir şəkli belə yoxdur. Onu tapmaq üçün bizə daha dəqiq məlumatlar lazımdı. Bu çox az ifadədir. Bizə kömək edəcək hansısaqohumun, yaxının varmı?
- Xeyr, cənab. Bizim bir-birimizdən başqa kimsəmiz yoxdur. Mən heç zaman evdən başqa yerdə olmamışam.
- Belə. Bəs bu xanım nə üçün buradadır? – deyə baxışlarını Ulduza tərəf çevirdi. Ulduz söhbətin özünə gəldiyini anlayıb titrək səslə dedi:
- Mən... Mən... Biz küçədə tanış olmuşuq. Mən şəhərə gələndə yolda anam xəstələndi və dünyasını dəyişdi. O gündən mən də şəhərdə küçələrdə qalmışam. Mənim də kimsəm yoxdur. Biz Səma ilə anasını tapsaq, birlikdə yaşayacağıq, bacı kimi.
- Bəs sənin də qohumların, sığınacağın kimsən yoxdur?
Xeyr, cənab. Mən atamı itirdikdən sonra anamla kənddə yaşaya bilmədik. Şəhərə işləmək üçün gəlirdik, ancaq... O artıq bir söz deməyə cəsarət tapmayaraq bir uşaq hönkürtüsü ilə ağlamağa başladı. Səma da onu belə görəndə özünü saxlaya bilmədi. İndi hər ikisinin göz yaşında yaşadıqları həyatın əzablı xatirələri damla-damla ovuclarına tökülürdü. Hələ ana qucağına möhtac olan bu uşaqlıq yaşında həyat onlara adil davranmamışdı. Yaşlarından tez böyüməyə məhkum olaraq öz ayaqları üzərində durmağa məcbur buraxılmışdılar. Bəzən həyat necə də zalım görünür.
Rəisin müavini bir anlıq susdu. Qarşısında dayanan, göz yaşlarına boğulan bu iki qıza baxdı. Əvvəlki sərt baxışlarında bir yumşalma vardı. Bu baxışlarda onlara qarşı bir mərhəmət hissi doğdu, ancaq bu hissi göstərməməyə çalışdı. Başını yana çevirib ah çəkdi və dedi:
- Yaxşı, sakitləşin. Bir yol tapmağa çalışarıq. Sizin kimi küçədə qalan çox uşaq var və biz hamısına kömək edə bilmərik. Ancaq sizin yaxınlarınızıtapa bilsək, ən azından bir sığınacağınız olar, küçələrdə qalmazsınız. Bu gün çalışıb sizi rəisin qəbuluna salacağam və məsələni bir də ona bildirərik. Daha sonra sizi bir sığınacağa yerləşdirib, bu məsələni araşdıracağıq. Narahat olmayın, sizə kömək göstəriləcək.
Uzun müddət sonra onların üzündə bir ümid işığı hiss olundu. Dodaqlarına qonan o gülümsəmə, hər ikisinin xoşbəxtliyə inamının göstəricisi idi.
- Çox sağ olun, - deyə Səma təşəkkür etdi.
- İndi siz çöldə əyləşib gözləyin. Əməkdaşlar sizə yer göstərər. Rəis hazırda burada deyil. Gələn zaman mən məsələni bildirib sizi çağıracam. O vaxta qədər bir qədər gözləməli olacaqsınız.
- Biz gözləyərik, hə, gözləyirik, - deyə hər ikisi dilləndi.
- Gedə bilərsiniz.
Polislərdən biri qapını açıb qızları çölə çıxardı və sağollaşaraq qapını örtdü. Koridorun sol küncündə bir neçə oturacaq vardı. Ulduz və Səma göstərilən yerdə oturdular. Polislərdən biri:
- Siz burda əyləşib gözləyin. Mən sizi çağıranda içəri gələrsiniz, - dedi.
Hər ikisi başı ilə təsdiq edərək sakitcə oturdu. Nə baş verəcəyini bilmədən, həyəcan və narahatlıqla gözləməyə başladılar. Bir müddət səssizcə belə dayandıqdan sonra, Səma ayağa qalxıb yanlarındakıpəncərəyə tərəf yaxınlaşdı. Çöldə hava soyumuşdu. Artıq qar yağmağa başlamışdı. Küləyin əsməsi ilə qar dənəcikləri bir-birinə toxunaraq sanki rəqs edirdilər. Bu, Səmanın çox xoşuna gəldi. O, belə bir mənzərəni heç vaxt görməmişdi. Burada külək həddindən artıq sərt idi. Kənddə isə qar sakitcə yağardı. Ulduz da qalxıb Səmanın yanına gəldi. Hər ikisi mənzərənin gözəlliyinə heyran olmuşdu. Bir-birinə baxıb gülümsədilər.
- Bax, Səma, görürsən qarlar necə də uçuşur?
- Hə, Ulduz, çox gözəldir. Sanki rəqs edirlər. Mən bu qədər gözəl yağan qar heç vaxt görməmişəm.
- Elə mən də. Bəlkə biz də çıxıb onlarla bərabər rəqs edək? Nə deyirsən?
- Yox, Ulduz, olmaz. Axı bizə dedilər ki, burda gözləyin. Biz getsək, bizi burda tapmasalar necə olacaq? Hava da qaralmağa başlayır. Çox soyuq olar. Bizim isə əynimiz çox qalın deyil.
Ulduz bir anlıq düşündü, sonra küsmüş halda pəncərəyə daha da yaxınlaşdı. Həqiqətən də qar dənəcikləri bir-biri ilə oynayır, küləyin ritmi ilə rəqs edirdilər.
- Amma bu çox gözəldir. Kaş bu anı biz də çölə çıxaraq yaşaya bilərdik, - deyə dodaqaltı dilləndi.
- Mən də sənin kimi orda olmaq istəyirəm. Ancaq başa düş, biz başımıza gələcəklərdən xəbərsizik. Ona görə ən yaxşısı burda qalıb gözləməkdir. Bizə bir yer versələr, ora gedən zaman bu mənzərəni görmüş olarıq. Bəlkə o vaxta qədər qar yerə oturacaq. Biz də bir-birimizi qara basarıq. Bu, daha əyləncəli olmazmı?
- Düzdü, əyləncəli olar, ancaq mən indi orda olmaq istərdim. Sanki bu mənzərə bir daha olmayacaq kimi hiss edirəm.
Onlara uşaqlıq hisslərini yaşadan bu mənzərə, sanki bir uşağın əlindən alınmış sevimli oyuncağına bənzəyirdi. Qovuşmaq üçün hər şeyini verə biləcək qədər dəyərli idi. Ancaq indi mümkünsüz kimi görünürdü. Ulduz vaz keçmək istəmirdi. Bu görüntü sanki onu başqa yerlərə aparırdı. Gözlərindəki dərinlik bunun sübutu idi. Səma da bunu hiss etmişdi. Hətta Səmadan daha çox arzulayırdı. Səma hələ özünü belə çarəsiz hiss etməmişdi. Ulduzun istəyi, baxışlarındakı yalvarış onu daha da sarsıdırdı. O, bu hissin nə demək olduğunu çox yaxşı bilirdi. Və istəmirdi ki, Ulduzun bu arzusuna çata bilməməsininsəbəbkarı özü olsun. Bu, Səmanı çox incidirdi. Ətrafa göz gəzdirdi. Ortalıqda gəzişən bir neçə polis nəfərindən başqa kimsə yox idi. Onlar da çoxdan burada olanlardı. Yeni gələn gözə dəymirdi. Səma bir qədər düşündükdən sonra üzünü Ulduza tutaraq:
- Ulduz, mən sənin üzülməyini istəmirəm. Düşündüm ki, hələ ətrafda yeni gələn kimsə yoxdur. Gəl, beş dəqiqəlik aşağı düşüb mənzərəni seyr edək, sonra tez geri qayıdarıq.
Ulduzun sevincdən gözləri parlayırdı. Səmanı qucaqlayıb dedi:
- Çox sağ ol, Səma. Əlbəttə, biz tez qayıdarıq. Mən sadəcə bu mənzərənin içində olmaq istəyirəm. Gəl gedək.
Hər ikisi əl-ələ tutaraq pilləkənlərdən aşağı düşdülər. Qapının önündə bu mənzərə daha aydın görünürdü. Onlar qapıya yaxınlaşıb çölə çıxdılar. Ulduz Səmanın əlini buraxaraq qapının önündəki pilləkənlərdən cəld düşərək özünü rəqs edən qar dənəciklərinin ağuşuna atdı. Kənarda durub onu təəccüblə seyr edən Səma, onun bu xoşbəxtliyi qarşısında gülümsədi və o da addımlarını qar dənəciklərinə tərəf yönəltdi. Sanki hər üçü birləşərək birlikdə rəqs edirdi – Ulduzun sevinc dolu coşğusu, Səmanın utancaq addımları və qarın ahəngi bir-birinə qarışaraq bənzərsiz harmoniya yaradırdı. Sanki dünyada ən xoşbəxt varlıqlar bu iki qızcığaz idi. İndi onlar bütün dərdlərini unudaraq, öz uşaq məsumluqlarının saf sevinci ilə bu anın dadını çıxarırdılar. Onlar bəlkə də bu yaşlarına qədər heç bu qədər azad və xoşbəxt olmamışdılar. Həyat insana bəzən yalnız bir dəfə belə xoşbəxtlik bəxş edir. Və bu xoşbəxtliyi dadan insan, bu anın heç bitməməsiniarzulayır. İndi də bu iki qızcığazın gözlərində o anın parıltılısı vardı.Küçədə bir neçə uşaq da görünməyə başladı. Onlar da bu mənzərəni seyr etmək üçün öz valideyinləri ilə küçəyə çıxmışdılar. Hamının üzündə qarın yağması ilə yaranan sevinc ətrafı bürümüşdü. Sanki qar dənəcikləri həyatın bütün kədərini örtmüş, hər kəs saf, sevgi dolu uşaqlıq illərinə qayıtmışdı.Uşaqlar bir-birinə qarışaraq oynayırdı. Səma, Ulduz və digər bir neçə uşaq bir-birinin əlindən tutaraq dairə yaradıb, uşaq şıltaqlığı ilə gülərək fırlanırdılar. İndi onlar üçün keçən zamanın heç bir əhəmiyyəti yox idiÇünki onlar bu anın xoşbəxtliyi içində itib getmişdilər. Qarın yerə oturması ilə oyun oynamaq həvəsi daha da artmışdı. Onlar artıq idarədən get-gedə uzaqlaşmışdılar, amma bunun fərqində belə deyildilər. Artıq hava qaralmış, soyuq daha da hiss olunmağa başlamışdı. Ancaq Səma və Ulduz hələ də bu anın sehrindən çıxa bilməmişdilər.Birdən ətrafa yayılan səssizlik və qaranlıq onları ayıltdı. Səma əllərini üzündə gəzdirərək Ulduza baxdı.
- Ulduz, biz çox uzaqlaşmışıq, hava da çoxdan qaralıb, deyə titrək və yavaş səslə dilləndi.
Ulduzun qəlbindəki sevinc hissi indi qorxmuş və həyəcanlı bir şəkildə çırpınmağa başlamışdı.
- Səma, indi biz nə edəcəyik? Mən heç bu qədər uzaqlaşdığımızın fərqində belə deyildim. Üzr istəyirəm, bütün günahlar məndədir. Əgər mən səni məcbur etməsəydim, bunların heç biri olmazdı, deyə hönkürtü ilə ağlamağa başladı.
Səma da ağlayacaq hala çatmışdı, ancaq özünü toplayaraq Ulduzu qucaqlayıb dedi:
- Ağlama, Ulduz. Bu hər ikimizin səhvidir. Gərək tez geri dönərdik. Heç mən də zamanın necə keçdiyini bilmədim. İndi ağlamaq zamanı deyil. Hava çox soyuqdur, külək də artıb. Tez zamanda idarəni tapmalıyıq. Bəlkə çox uzaqda deyilik. Gəl, yolumuzu xatırlayıb geri dönək.
- Yaxşı, Səma, deyərək Ulduz göz yaşlarını silib ətrafa göz gəzdirdi. Hər şey o qədər yeni idi ki, bura gəldikləri yolu belə xatırlamaq mümkün deyildi. Ətrafda gözə çarpacaq bir kimsə də yox idi. Bu qaranlıq və qarlı havada küçədə yalnız bu iki qızcığaz var idi. Bu mənzərə onları daha da qorxutmuşdu. Bir-birinə hiss etdirməsələr də, hər ikisi çox qorxurdu. Sığınacaq bir yer də yox idi. Sanki dar, çıxılmaz bir yola girmişdilər. Ətrafda nə bir insan, nə açıq bir mağaza, nə də bir maşın görünürdü. Təbiətin coşğusu kainata hökm edərək onu özünə tabe edirdi. Səma və Ulduz təbiətə təslim olmaq istəmirdilər, ona qarşı mübarizə aparırdılar. Bir yol tapmağa çalışırdılar.
- Səma, biz hansı tərəfə getməliyik? Külək şiddətli əsməyə başlayır, tələsməliyik. Bu havada irəliləmək çətindi. Tez zamanda bir yer tapmalıyıq. Gəl, bir yer tapıb səhərin açılmağınıgözləyək. Səhər idarəni insanlardan soruşub taparıq.
- Yox, Ulduz. Biz dayana bilmərik. Biz idarəni tapıb orda gözləyərik. Burda qalacaq yer tapa bilmərik, çox soyuqdur. Gəl, dayanmadan gəzib yolu tapaq. Mən inanıram ki, biz tapa biləcəyik, - deyə Səma Ulduzun əlini daha bərk sıxaraq yola davam etdi. Hara getməli olduğunu bilməsə də, o, dayanmaq istəmirdi. Hər nə olursa olsun, idarənin yolunu tapacaqdılar.
- Sən haqlısan, Səma... Biz mütləq yolu tapacağıq, - deyə pıçıldadı.
Küçələr boş, səssiz və soyuq idi. Ancaq onlar dayanmaq istəmirdilər. Hər addımda idarəyə daha da yaxınlaşdıqlarını hiss edirdilər. Ancaq görünən bir şey yox idi. Hər ikisi içindəki qorxu və həyəcanı hiss etdirməməyə çalışırdı. Hava çox soyuq idi. Artan külək və qarın şiddətli yağması onların hərəkətini daha da yavaşıdırdı. Ulduz titrəməyə başlamışdı. Ayaqları soyuqdan buz bağlamış, yeriyəcək gücü qalmamışdı. Səma onun yavaşıdığını görüb dedi:
- İndi dayanmaq vaxtı deyil, Ulduz. Güclü ol. Az qalıb, biz birazdan yolu tapacağıq. Biraz daha səbir et, nə olar.
- Artıq gücüm qalmır, Səma. Ayaqlarım getmək istəmir. Gəl, mən bir yerdə oturub səni gözləyim. Sən kömək tapıb gələnə qədər mən bir kənarda dayananam.
- Dayanmaq... Yox, Ulduz, dayanmaq olmaz. Biz gərək dayanmayaq, hərəkət etmək lazımdır. Yoxsa burda donub qalacağıq.
- Ulduz, yaxşı, gedək, – deyə pıçıldadı.
Səma Ulduzun əlindən bərk tutaraq addımlarını daha da sürətləndirdi. Onların qarda görünən ayaq izləri – iki kiçik iz, böyük ümidlərin ardınca irəliləyirdi. Külək şiddətini artırmışdı. Küləyin təsirindən o yan bu yana çırpılan qar dənəcikləri gözlərini açmağa imkan vermirdi. Səma gözlərini qıyıb güclə olsa da yola baxmağa çalışırdı. Birdən Səma uzaqdan idarənin solğun işıqlarının zəif parıltısını gördü. İçindəki ümidi daha da artmağa başladı.:
- Ulduz, bax! Orada işıq var. Biz idarənin yolunu tapdıq, - deyə Səma ümid dolu gözlərini Ulduza sarı çevirib titrək səslə pıçıldadı.
Ulduz başını qaldırıb işığa tərəf baxdı. Artıq bədəni ona itaət etmirdi. Ancaq içindəki ümidi hələ də sönməmişdi.
- Ulduz, bir az qaldı. Sadəcə döz, biz çatacağıq.
Ulduz var gücünü taplayaraq ayağa qalxdı. Səma onun əlindən bərk-bərk yapışıb irəli getdi. Külək sanki onların var gücü ilə mübarizə aparmalarınamane olurdu. Hər ikisi taqətdən düşmüşdü. Səma Ulduza güclü hiss etdirmək üçün öz gücsüzlüyünüiçində boğmuşdu. Soyuqdan titrəyən bədəni artıq ona tabe olmurdu. Ancaq onun qurtarmalı olduğu bir can vardı. Ulduz ona görə burada idi. İndi Səma Ulduzun ona görə əzab çəkməsinə dözə bilmirdi. Öz acısını içində boğaraq, Ulduzun yaşaması üçün mübarizə aparırdı.İdarənin işıqları yaxınlaşırdı. Ancaq yol bitmək bilmirdi. Hər ikisi son güclərini toplayaraq biraz daha addımladılar. İdarənin qara hasarlarına çatdılar. Onlar bir anlıq dayandılar. Dərin nəfəs alaraq qapıya tərəf yaxınlaşdılar.
- Biz çatdıq, – deyə Səma titrək səslə dedi.
- Hə, çatdıq, – Ulduz yorğun səslə cavab verdi.
Hər ikisi bir-birini qucaqlayıb qapıdan içəri daxil oldular. Bir neçə addım atdıqdan sonra Səma dizləri üstə çökdü. Soyuğun təsirindən donmuş bədəni artıq ona tabe olmurdu. Nəfəsini güclə alırdı. Ulduz onu qaldırmağa çalışsa da bacara bilmədi. Bədənini idarə edə bilmirdi. Ulduz da diz üstə çökərək soyuqdan donmuş əlləri ilə Səmaya sarıldı. Səma bir söz demədən başını Ulduzun çiyninə qoydu. Gözlərini yavaşca açdı və qarşısındakı işığa baxdı. Həmin işıq onları qurtuluşa aparan ümidin işığı idi. Ulduz Səmanın işığa baxdığını görəndə ruhən də tükəndiyini hiss etdi.
- Səma... Səma, – deyə bildi sadəcə. Nəfəsi daraldı. Kəlimələr boğazında düyünlənib qaldı. Nə bir söz, nə də bir səs eşidildi. Hərəkətsiz qalmış bədənini daha hiss etmirdi. Bədəni artıq ona aid deyildi.
Səma isə gözlərini işıqdan çəkmədən, sanki hələ də hərəkət etdiyini hiss edirdi. Onun bədəni də ruhu ilə əlaqəsini kəsmişdi. Ancaq gözləri hələ də nəsəaxtarırdı. Hər ikisi bir-birinə söykənib son mübarizəsini aparırdı. Onlar bir yerdə mübarizə apardılar. Səma son dəfə baxışlarını Ulduza tərəf çevirib onun hərəkətsiz qalmış bədəninə baxdı:
- Məni bağışla, Ulduz, – deyə bildi son dəfə. Sözləri titrək və eşidilməyəcək qədər zəif idi.
Amma Ulduz artıq onu eşitmirdi. Hər şeyin sonu gəlib çatmışdı. Onlar bu mübarizədə bir-birinə güc verərək sona qədər gəlib çatmışdılar. Bu onlar üçün əzabın sonu, xoşbəxtliyin başlanğıcı idi. Səma son dəfə işığa baxaraq rahatlıqla gözlərini yumdu. İndi Səma verdiyi sözə əməl edərək mavi səmasına qovuşmuşdu. Artıq o da ən çox sevdiyi dostu ilə səmanın qoynunda, buludların arasından, günəşin isti qucağında, ulduzların və ayın işığında dünyaya baxacaqdı.
Onları tapan zaman hər ikisinin bədəni bir-birinə söykənmiş halda donmuşdu. Bu dəhşətli mənzərə qarşısında baxanlar bir anlıq sükut içində qaldılar. Qan donduran hadisə insanların içində dərin kədər hissi doğurdu. Onları bura gətirən iki polis nəfəri göz yaşlarını saxlaya bilmədilər. Tək qoyduqları üçün peşman olmuşdular. Bu iki qızcığazın faciəsi hər kəsin qəlbində dərin yaralar açmışdı. Qızcığazları ən son xoşbəxt halda qarda rəqs edən görmüşdülər. Yaşam dolu gülüşləri ilə soyuğun sərtliyini isti nəfəsləri ilə yumşaldırdılar. İndi isə həmin soyuq qarlı qış gecəsi onların bu xoşbəxtliyinə səssizcə örtük çəkmişdi. Həyat dolu gülüşlərdən geriyə dərin bir səssizlik qalmışdı.
Bir müddət sonra Polis idarəsinin qabağında iki ağac əkildi. Bu ağacların önünə bir lövhə qoyuldu:
“Kiçik izlər, böyük ümidlər”
Bəzi hekayələr yaddaşlardan silinsə də, ruhunu yaşatmağa davam edər...
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)
UNESCO: Azərbaycan rəhbərliyinin mədəniyyət və iqlim dəyişikliyi təşəbbüsünü yüksək qiymətləndiririk
Martın 14-15-də Bakıda keçirilən “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfransda çıxış edən UNESCO-nun mədəniyyət sektorunun mədəniyyət və fövqəladə hallar bölməsinin direktoru, 1954-cü il Konvensiyası və 1970-ci il Konvensiyasının katibi xanım Kristi Pikkat Azərbaycanın COP29-a sədrliyi zamanı irəli sürdüyü “İqlim üçün mədəniyyət” (Culture for Climate – C4C) təşəbbüsünü yüksək qiymətləndirib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yaymışdır.
Kristi Pikkat bildirib ki, UNESCO ötən ilin noyabr ayında COP29 çərçivəsində keçirilmiş mədəniyyət nazirləri dialoqunda iştirak etməkdən qürur duymaqla yanaşı, ölkəmiz tərəfindən konfrans zamanı irəli sürülən “İqlim üçün mədəniyyət” təşəbbüsünün iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasında mühüm addım hesab edir. İqlim fəaliyyətlərinə mədəniyyətin inteqrasiya edilməsi iqlim dəyişikliyinin fəsadlarının azaldılmasında ictimaiyyətin səfərbər olunmasına xidmət edəcək.
Qeyd edək ki, Azərbaycan tərəfindən COP29 çərçivəsində irəli sürülən “İqlim üçün mədəniyyət” təşəbbüsü iqlim dəyişikliyinə həssas davranış mədəniyyəti normalarının tətbiqi vasitəsilə bu sahədə müsbət gündəlik formalaşdırmaq məqsədi daşıyır. “C4C” ənənələrin, incəsənətin və irsin təbliği və təqdimatı yolu ilə mədəniyyəti müsbət iqlim fəaliyyəti üçün təsirli qüvvəyə çevirməyi hədəfləyir.
“Ədəbiyyat və incəsənət”
(16.03.2025)
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti qədim insan məskənlərinin mühafizəsi mövzulu beynəlxalq konfransın açılışında çıxış edib
14 mart 2024-cü il tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
Beynəlxalq konfransın iştirakçılarını salamlayan mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycanın zəngin mədəni irsinin ən qiymətli elementini ölkəmizdə yerləşən tarixəqədərki insan məskənləri təşkil edir. Belə ki, ibtidai insanların yaşadıqları çoxsaylı qədim məskənlər, xüsusilə də Azıx, Tağlar və Damcılı kimi mağara düşərgələri, həmçinin Qobustan qayaüstü rəsmləri bəşər sivilizasiyasının inkişaf mərhələlərinin öyrənilməsində mühüm rol oynayır: “Bu abidələr sivilizasiya və mədəniyyətin beşiyi hesab edilməklə yanaşı, insanların fiziki və mənəvi inkişaf mərhələlərinin, kamilləşmə yolunun, əmək vərdişləri və yaşam tərzlərinin, həmçinin onların miqrasiya yollarının tədqiqi baxımından müstəsna əhəmiyyət kəsb edir”.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, açılış mərasimində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qədim yaşayış məskənlərinin keçmişin mənəvi, tarixi və mədəni mənbələr olduğunu və onların qorunub saxlanılmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. O, bu abidələrin qorunmasının arxeologiya və bərpa sahəsində yeni metodların tətbiqini tələb etdiyini vurğulayıb.
Aktotı Raimkulova çıxışında, belə tədbirlərin dünya mədəni irsinin ayrılmaz bir hissəsi olan tarixi abidələrin qorunması məsələlərini müzakirə etmək üçün vacib imkanlar yaratdığını bildirib.
O, dünya mədəniyyətinin zənginliyinin gələcək nəsillərə ötürülməsindəki rolunu da diqqətə çatdıraraq, Türk Mədəniyyəti və İrsi Fondunun Türk dövlətlərinin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində faəliyyəti haqqında geniş məlumat verib.
Tədbirdə həmçinin AMEA-nın prezidenti İsa Həbibbəyli, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, TÜRKSOY-un Baş katibi Sultan Raev, UNESCO-nun mədəniyyət və fövqəladə hallar üzrə direktoru Krista Pikkat və İƏT Mədəniyyət İnstitutunun prezidenti Saad S.Xan çıxış ediblər.
“Ədəbiyyat və incəsənət”
(15.03.2025)
Türk xalqlarında Novruz bayramı - QAZAXISTAN
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalında gerçəkləşdirdiyi daha bir tanıtım layıhəsindəyik: Türk xalqlarında Novruz bayramı. İlk olaraq qardaş Qazaxıstan barədə danışacağıq.
Layihəni təqdim edir: Aida Eyvazlı Göytürk
Hələ lap qədimlərdən Qazaxıstanda da Novruzun gəlişini elliklə 10 gün bayram edirlər. Bizdə 4 çərşənbəni ehtiva etdiyi halda, qazax ellərində bayrama hazırlıq martın 14-dən başlayır.
Dünən Qazaxıstanda Körisi kuni Görüş günü idi. Buna Amal günü də deyirlər indi.
Martın 14-dən başlayaraq əsasən Qərbi Qazaxıstan yurdlarında yaşayan insanlar martın 23-nə qədər (tarixlər təqvim il ilə əlaqədar, eləcə də həftənin şənbə və bazar günlərinə görə geri və ya irəli çəkilə bilir) hər gün böyüklərin, yaşlıların, qohumların evinə gedib, pay-parça ilə, şirniyyatla onların qapısını döyüb, sevindirirlər.
Qazaxıstandan olan yazıçı dostumuz Madi Raimov deyir ki, Amal bizim ən sevincli, ən səmimi bayramlarımızdan biridir. Bu təkcə baharı qarşılamaq əyyamı deyil, eyni zamanda qədim ənənələrin dirçəldilməsi, birliyin, böyüklərə hörmətin gücü və qışdan yaza çıxmağın, eyni zamanda qışda baş tutmayan görüşlərin yenilənməsi bayramıdır.
Baharda oyanan torpağın hənirtisi, təbiətin oyanışı yeni həyatın başlamasından xəbər verir. Bu həm də yaxında-uzaqda yaşayan qohum-qonşuların evinə gedib onları şad etmək, dərdlərinə şərik olmaq, sevincləri bölüşmək üçün bir bəhanədir. Bu görüşlərdən sonra isə Novruz bayramına hazırlıqlar başlayır. Ta qədim zamanlarda Qərbi və Şimali Qazaxıstanda olan sərt qış səbəbindən insanlar qış aylarında bir-birindən xəbər tutmazdılar, torpaq oyanan kimi, günəş bir azca nəfəsini yayan kimi insanlar nigaran olduqları doğmaların evinə gedib, onların qışdan sağ-salamat çıxıb-çıxmadığını öyrənir, mal-qarası tələf olan qohumuna yardım edirdilər.
Qazax xalqının əziz qonağını qarşılamaq üçün hazırladığı ən baş yemək beşbarmaqdır. Novruzu qarşılamağa hazırlaşan ev sahibi də gələn qonağı üçün dəstərxana evindəki bayramı qarşılamaq üçün saxladığı ən dadlı nemətləri düzür, baursak, beşbarmaq bişirir, kumıs süzür. O vaxtlar qəzet, informasiya daşıyıcıları olmadılğından qonağı gələn evə ətrafdakılar da yığılır, gələn qonaqdan təzə xəbərləri öyrənir, özləri də qonağa bildikləri xəbərləri danışırdılar. Ən əsası da bir- birini təbrik edəndə deyirdilər ki, «Bir jasınızben!” Бір жасыңызбен!»- Bir yaşınız mübarək!”. Yəni ki, bir ili tələfatsız yola vermişik.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova xanım da bu bayramı xüsusi qeyd edir. Deyir ki, hələ lap qədimlərdən Mangistau vilayətindəki ən uca Otpan tau dağında bu bahar günlərində ilk tonqal qalanar, bu tonqalın işığı bütün ətrafdan görünərdi. Həmin tonqalı görən digər el-oba, yurdlar da baharın gəlişini bayram etmək üçün tonqal qalayar və uzaqlara tonqalın işığı ilə xəəbər ötürırdilər. Sonra da doğmalarını yad etmək üçün xurcunlarını doldurub, onları yoluxmağa gedərdilər. İndi Qazaxıstanda Körisu küni yenə də elliklə, hər yerdə, hətta dövlət səviyyəsində qeyd olunur. Bu münasibətlə Qazaxıstanın Prezidenti Kasım Comard Tokayev “Novruznamə” adlı bir proqram təsdiq edib. Bu proqramda 14 martdan -23 marta kimi olan hər gündə ölkənin hər yerində uyğun tədbir keçirilir. Novruznamədə vətəndaşlarımızın həyatının bütün sahələri əks olunub. Bu proqramda xeyriyyəçilik tədbirlərindən başlayaraq, mədəni tədbirlər , eləcə də milli –mədəni irsimiz, ekologiyaya aid aksiyalar da nəzərdə tutulub. Bütün ölkə boyu 10 gün ərzində 10 mindən artıq müxtəlif adlı, müxtıəlif formalı tədbirlər, eləcə də sərgilər, festivallar keçiriləcək.
14 mart- Həmin proqramın ilk günü Korisü künu- Amal merekəsidir. Bu görüş günüdür. Qazaxlar lap qədimlərdən baharın gəlişini 14 martdan etibarən qeyd etməyə başlayardılar. Belə ki, Novruzun gəlişinə bir həftə qalmış həyət-bacalarının, mülklərinin, heyvan-davarını sayar, qışdan zərər və ya xeyirlə çıxdıqlarını hesabalayardılar.
15 mart- Kayırımdılık küni- Xeyirləşmə günüdür. Həmin günü də insnalar bir-birini hədiyyələrlə sevindirir, kasıba-, yetimə, kimsəsizə, aztəminatlıya pay paylayırlar. Bu artıq dövılət səviyyəsində də qeyd olunur.
16 mart- Mədəniyyət və milli ənənələr günü. Adından göründüyü kimi, belə gündə yarmarkalar, bazarlar təşkil olunur, insanlar öz zəhmətləri ilə düzəltdikləri əl işlərini, toxuduqları keçə xalçaları, yurta qurmaq üçün quramaları satışa çıxarırır, nümayiş etdirirlər. Kinoteatrlarda isə milli kinonun məhsulu olan “Qız Jibek”, “Jay Jurek mın bala” və “Tomiris” filmləri bir həftə ərzində pulsuz nümayiş olunur.
17 mart – Şanırak küni- Şanırak günüdür. Bu tarixdə isə evlənmək istəyənlərin əksəriyyəti milli geyimdə kəbin kəsdirir, ağsaqqallardan, ağbirçəklərdən xeyir-dua alırlar. 50 və 25 il birlikdə yaşayan ər-arvada xüsusi hədiyyələr bəxş olunur. Onlara Gümüş toy və Qızıl toy çalınır. Tələbələrə və gənclərə ailə təməli və möhkəmliyi haqqında məruzlərlər oxunur, yaradıcılıq gecələri keçirilir, tədbirlərdə qalib gələnlərə yaddaqalan hədiyyələr verilir.
18 mart - Ülıttık kiiim küni- Milli geyim günüdür. Adından göründüyü kimi, kiçikdən böyüyə bu gündə , ümumiyyətlə 10 gün ərizndə hətta rəsmi iş yerlərində belə milli geyimlərini geyinib gəlirlər. Qazaxıstanlı milli geyim dizaynerlərinin müsabiqələri, konkursları, eləcə də geyim və moda təqdimatları keçirilir. Buna görə də Qazaxıstanda hər bir özünü qazax sayan insanın qarderobunda milli geyimi vardır.
19 mart –Janaru küni- Yenilənmə günü kimi qedy olunur. Bu gün hər bir qazaxıstanlının yeni həyatının başlanmasının ilk dövrünü ehtiva edir. Bu gündən etibarən ölkənin hər yerində ağacəkmə kompaniyasına start verilir, ağaclar əkilir, bağ-bağçalara qulluq edirlir. Vətənin yenidən çiçəklənmə dövrü başlayır.
20 mart -Ülıttık sport küni- Milli idman növləri günü. Bütün türk xalqlarında olduğu kimi Qazaxıstanda da bütün bayram və mərəkələrdə güləşçilər meydana çıxıb, qollarının gücünü sınayıblar. Müxtəlif milli yarışlar keçirilib. Qazaxlar lap qədim idman oyunlarını kaka bəyge, kökpar, audarıspak, jambı atu, tenge ilü, kuşbegilik, toğuz kumalak, asık atu, sadak tartu kimi yarış oyunlarını bu günə kimi qoruyub saxlaya biliblər. Bu oyunlarda köçəri həyatının gücü, ruhu və özəlliyi vardır.
21 mart- Inıtmak küni- Həmrəylik günü. Bu bayramda da qazaxıların əsrlərdən bəri qoruyub saxladıqları milli və ənənəvi könül həmrəyliyi və dost, qardaş həmrəyliyi adəti özünü büruzə verir. Bu bayramda isə ədalət, haqq, insanlıq, xeyirxahlıq ənənələrinin yaşamasına aid tədbirlər keçirilir.
22 mart- Jıl bası- İlin başlanğıcı. Ölkənin hər yerində qurulan etno kəndlərdə milli və mədəni bayramlar keçirilir, hər yerdə qazax və bu ölkədə yaşayan xalqların musiqiləri səslənir, Qazaxıstanda yaşayan xalqlar öz çadırılarında milli-mədəni adət-ənənələrini, yeməklərini gələn qonaqlara təqdim edirlər. Aullarda, obalarda, ellərdə, yurtalarda, şəhərlərdə Novruzun rəngləri könül oxşayır.
23 mart Tazaru küni- Təmzilənmə, arınma günü. Bu günün mənası isə həm daxilən, həm də zahirən təmzilənməni ehtiva edir. Ölkənin hər yerində ekoloji aksiyalar keçirirlir, insanlar təbiət anaya qulluq edir, ağac əkir, torpağı belləyir, həyət-bacasını sahmana salır, bacardıqları qədər təmzilik işləri aparırlar.
Бір жасыңызбен! Жақсылық, амандық, береке болсын! Барлық түркі халықтарын осы ұлы мерекемен құттықтаймыз.
“Ədəbiyyat və incəsənət”
(15.03.2025)
CƏLİL XƏLİLOV: “XII Qlobal Bakı Forumu daha təhlükəsiz və ədalətli dünya nizamına tarixi çağırışdır”
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu dünyamızın gələcəyi, planetimizin təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir”.
Bunu “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında” Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dünyanın nüfuzlu siyasətçilərinin, hökumət nümayəndələrinin təmsil olunduğu Forumda gələcək dünya nizami, sülh və humanizm, habelə qlobal problem və təhdidlərlə mübarizə kimi vacib məqamlara diqqət çəkilib:
“Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu ümumdünya əhəmiyyətinə malik son dərəcə önəmli beynəlxalq tədbir, səmərəli müzakirə platformasıdır. Dünyamızın üzləşdiyi problemlər, planetimizin qarşılaşdığı təhdidlər bu bəlalardan birlikdə mübarizəni zəruri edir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı xüsusi əhəmiyyətə malikdir. Cənab Prezidentimiz öz çıxışında bir sıra nüanslara diqqət çəkdi ki, bunların sırasında COP 29, ekoloji və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, sülh və təhlükəsizlik səylərinin artırılması və s. kimi məsələlər yer alır.
Prezidentimiz öz çıxışında bütün dünyaya planetimizin xilası, sülh və həmrəylik baxımından mühüm mesajlar verdi, vacib çağırışlar səsləndirdi. Hansı ki, bu çağırışlar yeni, daha ədalətli və təhlükəsiz dünya düzəninin formalaşması baxımından həyati əhəmiyyətə malikdir.
Prezidentimiz Forumdakı çıxışında Avropa İttifaqının monitorinq missiyasına, bu missiyanın faktiki olaraq kəşfiyyat missiyasına çevrildiyinə diqqət çəkdi. Fransa və digər qüvvələrin Ermənistanı silahlandırmaq, yeni müharibəyə hazırlamaq cəhdləri bir daha dünya siyasilərinin gözü önündə ifşa olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ortaya qoyduğu çoxaylı faktlar və dəmir arqumentlərlə bütün dünyaya sübut etdi ki, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən qüvvələr var və bu qüvvələrin başında Fransa, eləcə də erməni diasporu gəlir.
Prezidentimizin çıxışında Qərbin korrupsioner məmurları, onların erməni diasporu tərəfindən maliyyələşdirilməsi ilə bağlı həqiqətlər də açıq şəkildə ortaya qoydu. Cənab İlham Əliyev Ermənistanın havadarı qismində çıxış edən korrupsioner məmurları adbad ifşa etdi. Göstərdi ki, Azərbaycan bütün bu faktlar haqqında məlumatlıdır və hər zaman olduğu kimi bu gün də həqqiəti dilə gətirməkdən çəkinmir.
XII Qlobal Bakı Forumu həm yeni dünya düzənin formalaşması, həm də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından tarixi əhəmiyyətə malikdir. Yüksək səviyyədə təşkil edilən bu Forum ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artıracaq, dünyadakı hər kəsə sadəcə Cənubi Qafqazda deyil, planetimizdəki reallıqları daha aydın dərk etməkdə kömək edəcək”.
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)