Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Salam əziz izləyicilərimiz!
Ədəbiyyat xalqın şüurudur, onun mənəvi həyatının diriliyidir deyib V.Q.Belinski. "Ədəbiyyat və İncəsənət" portalı ədəbiyyatımızın gözəl nümunələrini yayımlamaqla oxucuların zövqünü oxşamaqdadır.
Sevilən "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasında bu dəfə yay mövsümü boyunca bir müddət öz əməkdaşlarımıza müraciət edəcəyik. İlk olaraq qonağımız portalımızın Oğuz rayonu təmsilçisi İmran Allahverdi oğlu Verdiyevdir. İmran bəy Əməkdar müəllim, dörd kitab müəllifidir.
İMRAN VERDİYEV:
Ülviyyə xanım, salam. Ən çox xoşuma gələn şeir Qabilin “Səhv düşəndə yerimiz” şeiridir. Bu, bəlkə də, mənim müşahidələrimə, onlardan çıxardığım nəticələrə uyğun gəldiyinə görədir. Yerləri səhv düşənləri gördükcə hər dəfə bu şeiri xatırlayıram. Onların bir günahı özlərindədirsə, digər günahı onları səhv salanlardadır. Hər iki halda səbəb nə olur olsun, insanların cəmiyyətdəki yerlərinin səhv düşməsi və ya səhv salınması təbiətdəki zaman və məkan dəyişikliklərindən doğan fəlakətlərlə uzlaşır.
Bu şeir düz 56 il öncə çap olunub. Amma yerlərimizin səhv düşməsi hələ da davam edir. Hətta bəzilərimiz yerlərimizin səhv düşməyindən sevinir, qürrələnir və lovğalanırıq. Bu da məni çox incidir, qəribə gəlir.
Niyə başa düşməyirik ki, “səhv düşəndə yerimiz” müsibət, dözümsüz, gərəksiz, qeyrətsiz olur, korşalır və xaric səslənirik biz. Bu bizə lazımdırmı?! Başımıza gələn fəlakətlərin mənbəyi, əsas səbəbi də elə yerlərimizin səhv düşməyidir, məncə. Ona görə də hər dəfə yeri səhv düşənləri gördükcə 6 bəndlik həmin şeirin bəndlərini ya kimlərəsə söyləyib, ya da öz-özümə pıçıldayıb təsəlli tapıram sanki.
QABİL,
”SƏHV DÜŞƏNDƏ YERİMİZ”
Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.
Ümman gəmisi çayda
Oturar, üzməz!
Çay gəmisi, dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.
Muğan həsrət yağışa,
Buludlar xəsis...
Yağış tökür Talışa,
Hey-hey gərəksiz...
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında korşalıb...
Heyf... korşalırıq biz,
Səhv düşəndə yerimiz.
Ağ biləklər, gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızılgül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.
“Ədəbiyyat və incəsənət”
(26.06.2025)