Super User
Martın 5-i ilə 14-ü – onun doğum və ölüm günləri
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
İşə baxki, martin 5-də də təqvimdə SabirSarvansəhifəsi var idi, onun doğum günüydü. Bu gün – marıtn 14-də də Sabir Sarvan səhifəsi var. Bu günsə onun vəfatı günüdür.
Martın 5-i ilə 14-ü – onun doğum və ölüm günləri arasında cəmi 9 gün fərq var. Sabir Sarvan da sanki elə bu dünyada cəmi 9 gün yaşadı...
Gözəllərin bir yolu var,
O yolu tutub gedirsən.
Huşumu başımdan alıb,
Gözümdə bitib gedirsən.
Alışır yaxında nə var,
Bilmirəm ahımda nə var,
Oyadıb ruhumda nə var,
Könlümə yatıb gedirsən.
…
Gör hansı fəsildə durub gəlmisən,
Üşüyən budaqlar gün axtaranda.
Quşların hamısı köçüb gedəndə,
Sərçələr soyuqda dən axtaranda.
Buyur, gəl içəri, qapıda durma,
Keçən çoxdan keçib, özünü yorma.
Mən belə oluram, sən fikir vermə,
Bir çətin söhbətə yön axtaranda.
…
Sən mənim acı dilimdə
Bal kimi qərar tutmusan.
Lalə tək yanan qəlbimdə
Xal kimi qərar tutmusan.
…
Sənə məktub yazam təzə görüşçün,
Köhnə araçıya iş düşə yenə.
Dayanaq göz - gözə, nəfəs - nəfəsə,
O fürsət əlimə kaş düşə yenə.
Sabir Sarvan (Məlikov) 1956-cı il mart ayının 5-də Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. Əsil anası Cəmilə xanım olsa da, bir yaşından Sarvan kəndində yaşayan ana nənəsi Səkinə xanım onu övladlığa götürüb, onun himayəsində böyüyüb, təlim-tərbiyə alıb. 1971-ci ildə Sarvan kəndində səkkizillik məktəbi,1973-cü ildə isə Növcü kənd orta məktəbini bitirib.
1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakultəsinin bitirib.1977-1980-ci illərdə N.Vəzirov adına Lənkəran Dövlət Dram teatrında, 1981-1987-ci illərdə isə Bakı Tədris Teatrında aktyor işləyib.
Onun üçün Vətən məvfumu böyük məna kəsb etsə də, doğulduğu yurda, elə-obaya bağlılığı ilə də örnək idi. Hər dəfə Pirhəsənliyə yolu düşəndə ahıl insanlara, kimsəsizlərə baş çəkər, onlarla zarafatlaşar, dərd-sərini öyrənib, əlindən gələn köməyi edərdi. 2014-cü ildə Ağsu rayonunda, 2016-cı ildə Sumqayıt şəhərində, 2017-ci ilin fevral ayında AYB-nin "Natavan" klubunda 60 illik yubileyi geniş şəkildə qeyd olunub.
Yaradıcılığa hələ orta məktəb illərində oxuduğu vaxtlardan maraq göstərib. "Vüqar" adlı ilk şeiri 1970-ci ildə Ağsu rayonunda çıxan "Birlik" qəzetində çap olunub.1983–1993-cü illərdə jurnalist kimi fəaliiyətə başlayıb, demokratik mətbuatın ilk qaranquşu sayılan "Gənclik", "Molodost" jurnalında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini vəzifələrinə qədər yüksəlib.
Zamanında bir çox insanların sosial-psixoloji problemlərinin çözülməsində, bürokratik əngəllərin aradan qaldırılmasında, toz basmış həqiqətlərin üzə çıxarılmasında Sabir Sarvanın müəllif araşdırmaları öz bəhrəsini verib. Onun publisistikasında milli təəssübkeşlik və haqqı nahaqqa verməmək ideyası hakim olub. Bu yazılara görə gələn təhdidlərdən qorxmayıb,öz qələmini, əqidəsini ona yönəlmiş çirkablardan qoruya bilib.
Türkiyədə çıxan "Kardeş Kalemler", "Çağrı", "Çınqı" dərgilərində və "Krımın sesi" qəzetində şeirləri dərc olunub, eyni zamanda Türkiyənin Mersin şəhərində fəaliyyət göstərən "Kanal 42 MSBC–nin "Damla-Damla" şiir proqramında dəfələrlə şeirləri səsləndirilib və geniş tamaşaçı kütləsi tərəfindən bəyənilib.
Türkiyənin tanınmış bəstəkarı Ayzer Büyüker tərəfindən "Qarabağlı uşaq" şeirinə mahnı bəstələnib və dinləyicilər arasında çox böyük əks-səda verib. Sabir Sarvan mütəmadi olatraq Azərbaycan məkanında fəaliyyət göstrən televiziya kanallarında ədəbiyyatımız, onun problemləri və həlli yolları haqqında çıxışlar edib.
2002-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Almaniyanın Lüdviqshafen şəhərində olub, orada yaşayıb-yaradan türk əsilli şair Hasan Özdemirlə tanış olub, onun şeirlərini Azərbayvcan türkcəsinə uyğunlayaraq "Ulduz" jurnalında dərc etdirib. Vaxtaşırı cəbhə bölgələrinə səfər edib və əsgərlər qarşısında vətənpərvərlik ruhunu gücləndirməyə xidmət edən şeirlərlə çıxış edib.
İstedadlı tənqidçi, çağdaş ədəbiyyatımızda özünəməxsus yeri olan Nərgiz Cabbarlının "Yeni nəsil ədəbiyyatı -2", gənc şairlər Günel Vəfalı və İradə Axundzadənin "İkimiz bir kitabda" "Gülnarə Cəmaləddinin "Qəhvə rəngi" adlı şeirlər kitabının işıq üzü görməsində onun əvəzsiz xidmətləri olub.
Sabir Sarvan Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin yaranması ideyasını irəli sürərək, 1996-cı il dekabr ayının 21-də bölmənin yaranmasına nail olub, həmin ildən 2017-ci ilin mart ayına kimi (20 il müddətində) Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri vəzfəsində çalışıb.
Bölməyə rəhbərlik etdiyi müddətdə "Turan", "Zərif"qadın ədəbi məclisləri, "Tumurcuq" uşaq klubu, hal-hazırda adını daşıyan Sabir Sarvan adına Uşaq Poeziya Teatrını yaradıb və onların fəaliyyət göstərməsində özünün bilavasitə iştirakı olub.
Bölmə tərəfindən "Turan" ədəb məclisinin fəaliyyətindən xəbər verən "Bizdən sizə qalan sözdü" adlı (dörd almanax), "Zərif " qadın ədəbi məclisinin üzvlərinin şeirlərindən ibarət "Bənövşı pıçıltısı" "Tumurcuq" uşaq klubu üzvlərinin şeirlərindən ibarət "Qanadlandıq uçmağa" adlı 13 almanax, məktəblilər üçün nəzərdə tutulan "Vətən deyən şeirlər", "Vətənim, anam, dilim" adlı kitablar çap edilib
Həmçinin Sumqayıtlı yazarların tərcümələrindən və dünyasını dəyişmiş qələm adamlarının yazdıqlarından nümunələr toplanmış almanaxlar işıq üzü görüb. Bundan başqa mərhum yazıçı-publisist Feyzi Mustafayevin bir vaxtlar "Yazıçı" nəşriyyatı tərəfindən çap edilmiş "Dinmə,ey kədər" adlı kitabı bölmə tərəfindən yenidən latın qrafikası ilə çap edilib.
Sumqayıt şəhərinin 60 illiyi ilə əlaqədar Sumqayıt şəhər təhsil şöbəsi və Sumqayıt şəhər Gənclər İdman Baş idarəsi ilə birlikdə I-IV sinif şagirdlərinin oxuması üçün nəzərdə tutulan "Sinifdənxaric oxu", "Təbiət düşünür, düşündürür" kitabı bölmənin təşəbbüsü ilə işıq üzü görüb. Bu kitablarda Sumqayıtlı müəllifləri uşaqlar üçün yazdığı şeirlərdən nümunələr toplanıb.
Bölmənin təşəbbüsü ilə hər il keçirilən "Söz" bayramı, 21 mart Beynəlxalq poeziya günü və 28 may Respublika günü münasibətilə şəhər məktəbliləri arasında keçirilən bədii-qiraət müsabiqəsi artıq Sumqayıtda ənənə halını alıb.
Klassik və müasir ədəbiyyatın təbliği məqsədi ilə şəhərdəki müxtəlif təşkilatlarla işbirliyi qurulmuş və bir sıra tədbirlər keçirilib. Şəhər Təhsil Şöbəsi ilə birlikdə keçirilən Aşıq Ələsgərin yubileyi, M.Müşfiqin, R.Rzanın, Ə.Kərimi şeirlərinin Sumqayıtlı məktəblilər arasında bədii-qiraət müsabiqəsi, dərslik müəlliflərindən T.Hacıyevin, N. Cəfərovun, Z.Əsgərlinin iştirak etdikləri "Müasir ədəbiyyat və onun tədris problemləri" mövzusunda söhbət diskkusiya bu qəbildəndir.
Kitabları
- Gördüyüm göy, baxdığım işıq. Bakı: Yazıçı, 1989
- Çıx qaranlıqdan. Bakı: Ozan, 2001
- Gəldi qürub. Bakı: Adiloğlu, 2007
- Özümü sözə çevirdim. Bakı: Adiloğlu, 2007
- Dərdimi oxusun ney. Sumqayıt, 2011
- Yarandım, yaşadım. Sumqayıt, 2014
Mükafatları
- Gürsüctanda keçirilən Mayakovski günlərində billur güldan və diplomla mükafatlandırılıb.
- Türkiyənin Çorm şəhərində keçirilən "Şiir şölənində" Diploma layiq görülüb.
- 50 illik yubileyi münasibətilə Sumqayıt şəhərinin sabiq İcra başçısı Vaqif Əliyev tərəfindən ikiotaqlı mənzillə mükafatlandırılıb.
- Azərbaycan Respublikasının Prezidentinin təqaüdünə layiq görülüb
- Ədəbiyyatın inkişafına göstərdiyi xidmətlərə görə müxtəlif vaxtlarda Azərbaycan Yazıçılar Brliyi və Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən gördüyü işlər yüksək dəyərləndirilib və müxtəlif vaxtlarda diplom və fəxri-fərmanlarla təltif edilib
2017-ci il, fevral ayının 28-də onu çoxdan narahat edən kəskin ağrılar ucbatından Sumqayıt 1 saylı xəstəxanaya yerləşdirilib, lakin həkimlər Bakı şəhərində yerləşən "Neftçilər" xəstəxanasına yerləşdirməyi məsləhət görüblər. 2017-ci il mart ayının 14-də saat 03. 30 radələrində həmin xəstəxanada ürək çatışmazlığından vəfat edib. Vəsiyyətinə əsasən doğulduğu Ağsu rayonunun Pirhəsənli kəndindəki kənd qəbristanlığında dəfn edilib.
Bu gün Sumqayıtda, Muğam Mərkəzində ölümününü 9-cu ildönümündə dünyaya gəlməsinin 70 illiyi münasibətilə tədbir düzənlənəcəkdir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(14.03.2026)
ŞEİR SAATInda Xəyalə Sevilin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün sizlərə Xəyalə Sevilin şeirləri təqdim ediləcək.
Durum yır-yığış edim,
Əllərimi, ayaqlarımı...
Özümə gəlim daha.
Gedənlərin arasına qarışmısan,
Bilim daha.
Gözəldir, deyilmi?
BU GECƏ OYAQ YAT, TANRI
Bu cəza mənimdi, Tanrı,
Mən bu səhvi tək elədim...
Eh! Nahaq yerə özümə
Ürəyimi yük elədim.
Suya düşən xəyallarım
Suda kök atarmı, görən?
Bu soyuq ayrılıqların
Ah! Ürəyi varmı, görən?
Durub yanına gəlirəm,
Bu gecə oyaq yat, Tanrı.
Bir az oxşa saçlarımı,
Bir az başımı qat, Tanrı...
İÇİMİN QOCA QARISI...
Bilirdim ki, solub bu gül,
Bundan çiçək açan olmaz.
Bir ümiddi
Ürəyimdə ehtiyata saxladım,
Haçan olar... Haçan olmaz!
İndi gecənin yarısı,
Qanayır könül yarası.
İçimin qoca qarısı
Deyinir...
"Ondan sənə can olmaz..."
Tale necə? Yaşamalı yerdimi?
Həsrətini yanağıma sərdimi?
Kimə deyim ürəyimin dərdini?
De – deyirsən,
Gəl – deyirsən
Tanrı,
Sənin qapın, bacan olmaz.
BİR DƏ TƏRS ÜZÜNƏ ÇEVİR ÜRƏYİ...
Bir də tərs üzünə çevir ürəyi,
Bir də görünməyən üzünü gör, get.
Göy göydən tullayır, yer yerdən atır,
Bir də içimdəki bu hüznü gör, get.
Gör harda qalmışam, yığ, gətir məni,
Yığ, gətir qırılmış hissələrimi.
Səni and verirəm, sağ gətir məni,
Sağ gətir, heç kimə demə yerimi.
Cəzamı, töhmətmi, qoy özüm verim...
Onsuz da bu eşqə dərsdi ayrılıq.
Boynuma sarılan qoldu, ya ipdi?
...Yerdən ayağımı kəsdi ayrılıq.
QARŞIDA AYRILIQ VAR
Qurunun oduna
Yaş yanır indi,
Su vurmuşam
Ürəyimin üzünə,
Oyanır indi.
Oyanır canımdakı
Şübhələr, ehtimallar,
Bu mənəm, bu boş masa,
Bu bir yığın suallar...
Fikrim tamam dağılıb,
Fikrim küləyə düşüb.
Ağlıma ən sonuncu,
Ən təzə qayə düşüb.
Axıb gedir hisslərim,
Ürəyimdə qırıq var.
Qarşıda ayrılıq var...
DURUM YIR-YIĞIŞ EDİM
Durum yır-yığış edim,
Əllərimi, ayaqlarımı...
Özümə gəlim daha.
Gedənlərin arasına qarışmısan,
Bilim daha.
Gözlərimdə böyütdüyüm,
Səhv də, cəza da mənimdi.
Sevgi yoxmuş bu dünyada...
Yoxdu, cəhənnəm, olmasın.
Hərə bir dərddən ölür dəə,
Bilirəm!
...Mənimki səndən olmasın.
“Ədəbiyyat və incəsənət”
(14.03.2026)
İlber Ortaylının vəfatına sözardı
Fatimə Məmmədova, “Ədəbiyyat və İncəsənət” portalınn Xəbərlər və Təqvim şöbəsi
Dünən Türkiyənin tanınmış tarixçi alimi və professoru İlber Ortaylı haqqında yayılan ölüm xəbərini aldıq. Belə xəbərlər insanı istər-istəməz düşündürür. Çünki bəzi insanlar təkcə yaşadıqları dövrdə deyil, fikirləri və yazdıqları ilə uzun illər yadda qalırlar.
Xəbəri eşidəndən sonra internetdə onun yazılarını axtarmaq istədim. “İlber Ortaylı yazıları” sözlərini yazıb axtarış etdim. Qarşıma professorun illər ərzində qələmə aldığı çoxsaylı köşə yazıları çıxdı.
Mövzular da müxtəlif idi: təhsil sistemi, tarix, cəmiyyət, Türkiyə ilə Azərbaycanın qardaşlığı, dövlətçilik ənənələri, Türkiyə Cümhuriyyətinin qurulması kimi mühüm tarixi hadisələr və həyat haqqında düşüncələr. Yazılarının hər biri oxucunu düşündürən, maarifləndirən və tarixə fərqli baxış təqdim edən məqalələr idi. Lakin bu yazılar arasında biri xüsusilə diqqətimi çəkdi və məni kövrəltdi. Professorun ölümündən cəmi bir neçə gün əvvəl qələmə aldığı köşə yazısı idi. O yazıda əməliyyatdan yenicə çıxdığını qeyd edir, həkimlərin əməyini yüksək qiymətləndirdiyini vurğulayırdı. Sətirlərdə həm həyatın dəyərini hiss etmək, həm də insanın yaşadığı çətinliklərə baxmayaraq minnətdar qalmağı bacarması duyulurdu. Bu səmimi və sadə ifadələr yazını daha da təsirli edirdi.
Əslində böyük və dəyərli insanların həyat yolu çox vaxt onların əsərlərində yaşayır. Onlar dünyadan köçsələr də, fikirləri, kitabları, yazıları və elmi irsləri gələcək nəsillərə qalır. İlber Ortaylı da məhz belə insanlardan biridir. Onun tarixə dair araşdırmaları, publisistik yazıları və çıxışları uzun müddət oxunacaq, öyrəniləcək və xatırlanacaq.
İnsan ömrü isə keçicidir. Heç kim bu dünyada əbədi qalmır. Bu gün birinin, sabah isə başqasının həyat yolu başa çatır. Amma insanın arxasında qoyduğu iz – yazdığı sözlər, öyrətdiyi biliklər, yaratdığı dəyərlər onu yaşadan ən böyük xatirəyə çevrilir. Belə iz qoyan insanlardan biri kimi İlber Ortaylınin yazıları və fikirləri də oxunmağa, xatırlanmağa və dəyərləndirilməyə layiqdir.
Qeyd etdiyim köşə yazısı budur:
Əməliyyatlarım və səhiyyə işçilərimiz
"Keçən həftə əməliyyatın uğurla keçdiyini demişdim. Bu bazar gecəsi isə birdən halım pisləşdi. Xəstə baxıcılar və tibb bacıları dərhal köməyə gəldilər. Məni yenidən əməliyyata apardılar və qəfil başlayan qanaxmanı dayandırdılar. Belə anlarda insan bu ölkədə hələ də işini ciddi görən, vicdanla çalışan insanların varlığına şükür edir. Heç bir xalqın qadınları türk qadınları qədər birlik ola bilməz, belə çətin anlarda bu qədər soyuqqanlı və bacarıqlı davranmaz. Keçən həftə bazar ertəsi günü professor doktor Yakup Kordan müəllimlə birlikdə Koç Universiteti xəstəxanasının uzun dəhlizlərindən keçərək anesteziya üçün əməliyyat otağına doğru irəliləyirdik. İnsan belə anlarda istər-istəməz ətrafına baxır. Müasir tibbin intizamlı səssizliyi, dəhlizlərdə eşidilən addım səsləri və insanların üzündəki ciddilik bu işin nə qədər böyük bir təşkilat olduğunu xatırladır. Uzun əməliyyatdan sonra daha bir neçə müdaxilə edildi və hamısı çox tez başa çatdı.
Türkiyə möcüzələr ölkəsidir. Bəziləri möcüzələr yaradır, digərləri isə heç nəyi vecinə almır. Başqa hansı cəmiyyətdə bu qədər keyfiyyətli insanlar digərlərini daşıyır? Bu, ciddi sualdır. Ümidlərini Almaniyaya, Amerikaya bağlayanlara demək lazımdır ki, Almaniya bu gün Hindistanın yüz milyonlarla yoxsul, bacarıqlı və hər işi görməyə hazır insanları ilə üz-üzədir. Almanlar yeni müttəfiq və yeni işçi qüvvəsi tapdıqlarını düşünürlər. Bu onların problemidir. Amma bizim də onlardan uzaq durmağımız lazımdır. Çünki məsələ yalnız işçi qüvvəsi deyil, mədəniyyət və insanlıq məsələsidir".
İnsan ömrü isə keçicidir. Heç kim bu dünyada əbədi qalmır. Bu gün birinin, sabah isə başqasının həyat yolu başa çatır. Amma insanın arxasında qoyduğu iz – yazdığı sözlər, öyrətdiyi biliklər, yaratdığı dəyərlər onu yaşadan ən böyük xatirəyə çevrilir. Belə iz qoyan insanlardan biri kimi İlber Ortaylının yazıları və fikirləri də oxunmağa, xatırlanmağa və dəyərləndirilməyə layiqdir. Ən əsası da belə hallarda onu tanımayan insanlar belə tanımağa başlayır.
“Ədəbiyyat və incəsənət”
(14.03.2026)
“Teatr 2.0: Ruh və kod” adlı Beynəlxalq tələbə elmi konfransı keçirilib
Şahanə Müşfiq,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi. “Ədəbiyyat və incəsənət”
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konfransı keçirilib. Konfrans ADMİU-nun əsas tədris binasında yerləşən Elmi Şura otağında hibrid formatda təşkil olunub.
10 Mart Milli Teatr Günü və 27 Mart Beynəlxalq Teatr Gününə həsr olunmuş konfransda universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Konfransa ümumilikdə dörd fərqli ölkədən 30-dan artıq müraciət daxil olub. Təşkilat komitəsi tərəfindən seçilmiş 19 məruzə proqrama daxil edilib.
Tədbiri giriş nitqi ilə açan ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru sənətşünaslıq üzrə elmlər doktoru, dosent Sədaqət Əliyeva rektor, professor Ceyran Mahmudovanın adından tədbir iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb. S.Əliyeva qeyd edib ki, mühüm strateji sənəd kimi ölkədə mədəniyyət və incəsənət sahəsinin inkişaf prioritetlərini müəyyənləşdirən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının həyata keçirilməsi baxımından mədəniyyət və incəsənət sahəsində beynəlxalq elmi konfransların keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu kimi beynəlxalq tələbə konfransları gənc tədqiqatçıların inkişafına, beynəlxalq akademik əlaqələrin genişlənməsinə və mədəniyyət sahəsində elmi müzakirələrin aparılmasına mühüm töhfə verir.
Natiq qeyd edib ki, “Teatr 2.0” anlayışı Web 2.0 düşüncə modelinin teatr sənətindəki analoqu kimi nəzərdə tutulur. Veb 2.0 internet mühitində istifadəçini passiv informasiya istehlakçısından aktiv məzmun yaradıcısına çevirdiyi kimi, Teatr 2.0 klassik teatr modelini yenidən quraraq, tamaşaçı, performer və texnologiya arasında interaktiv münasibət yaradır.
Giriş sözündən sonra Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilovun moderatorluğu ilə məruzələrin dinlənilməsinə başlanılıb. Konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə yanaşı, Qazaxıstan, Moldova, Ukrayna, Türkiyə və digər ölkələrin ali təhsil müəssisələrindən olan tələbələr müxtəlif mövzular üzrə məruzələrlə çıxış ediblər.
Məruzələrdə teatrın müasir inkişaf tendensiyaları, rəqəmsal texnologiyaların teatr sənətinə təsiri, teatr və yeni media münasibətləri, hibrid səhnə modelləri, interaktiv teatr, rəqəmsal dramaturgiya, teatr və yeni media, teatr və süni intellekt, çağdaş teatr estetikasının xüsusiyyətləri kimi aktual mövzular müzakirə olunub.
Tədbirin sonunda məruzələr ətrafında fikir mübadiləsi aparılıb və belə elmi konfransların fənlərarası inteqrasiyanı təşviq etmək, tələbələrin elmi-nəzəri təfəkkürünü və yaradıcı düşüncəsini inkişaf etdirmək, onların tədqiqat bacarıqlarını inkişaf etdirmək baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
“Ədəbiyyat və incəsənət”
(14.03.2026)
Azərbaycan nəsrinin Anar möhürü
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
O, Azərbaycan nəsrində təkbaşına bütöv bir dövrdür. Bu dövrdə istər “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Dantenin tubileyi”, “Gürcü familiyası” kimi insan dramları, Həm “Sizsiz”, “2=3+4” kimi memuar ədəbiyyatı, həm “Yasxşı padşahın nağılı” kimi dissident ədəbiyyatı yer alıbdır, “Təhminə”, “Gün keçdi”, “Dədə Qorqud”, “Otel otağı” kimi filmlər vitrinə düzülübdür.
Bu gün sevimli yazıçımızın 88 yaşı tamam olur. Qışa səkkizlərini mübarək, dəyərli Anar müəllim!
Azərbaycan Respublikasının xalq yazıçısı Anar Rzayev 14 mart 1938-ci ildə dünyaya göz açıb. Atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir.
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirib. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxuyublar. 1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmayıb, evləniblər.
Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparıb. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikasının Milli Məclisinin deputatı seçilib.
O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olub. Bu komissiyanın mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilib. 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olub. Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib
Povestləri
- Ağ liman (1965)
- Dantenin yubileyi
- Macal
- Dədə Qorqud
- Əlaqə
- Ömür yolu. Yaradıcılığı
- Otel otağı
Romanları
- Beşmərtəbəli evin altıncı mərtəbəsi
- Kərəm kimi (sənədli roman)
- Söz dünyası (5 cilddə)
Hekayələr və pyesləri
- Sənin nəğmən yaxşıdır (pyes)
- Keçən ilin son gecəsi
- Bayram həsrətində
- Asqılıqda işləyən qadının söhbəti
- Sabah ayıq olacayıq
- Yağışlı gecə
- Taksi və vaxt
- Vahimə
Molla Nəsrəddin — 66
- Zarafatsız
- Məlumat
- Gülməşəkər kəndinin sabahı
- Zəncir
- Rəng
- Başımızın ağası
- Əl əli yuyar və yaxud bozbaş dəstgahı
- Sayların sərgüzəşti
"Molla Nəsrəddin" yüz on il sonra
- "Molla Nəsrəddin" yüz on il sonra
- Heç məni demirsən…
- Futbol reportajı
- Bir güllə bahar olmaz
- Naqqal Nağı və Əzizənin ərizəsi
- Burda… Orda… Burda…
Mükafatları
- Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan SSR əməkdar incəsənət xadimi
- Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan SSR Dövlət mükafatı
- Azərbaycan Azərbaycan Respublikasının Xalq yazıçısı
- Azərbaycan "İstiqlal" ordeni
- Azərbaycan "Şöhrət" ordeni
- Azərbaycan "Şərəf" ordeni
- Azərbaycan Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
- Azərbaycan "Heydər Əliyev Mükafatı"
- Azərbaycan "Humay" mükafatı
- Azərbaycan Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
- Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) "Şərəf" medalı
- "Üzeyir Hacıbəyli" medalı
- "Nizami Gəncəvinin 880 illiyi (1141–2021)" xatirə nişanı
- Azərbaycan "Əmək" ordeni
- Özbəkistan "Dostluq" ordeni
- Azərbaycan "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı.
Xalq yazıçısı yenə də iş başındadır, AYB kimi mürəkkəb bir qurumu idarə edir, yazıb-yaradır. Son 2 ildə 2 kitabının çıxması, əlbəttə ki, böyük hünərdir. Üstəlik, mediada məqalələri çıxır, tədbirlərə qatılır, çıxışlar edir, yorulmaq bilmir. Amma çox təəssüf ki, qızıl kimi vaxtını bəzən hansısa bir ədalətsiz, vicdansız insanın atdığı çamuru təmizləməyə sərf edir.
Anarın bir əsəsri var, “Anlamaq dərdi”. Bəli, bu gün ən pi solan odur ki, çoxusu Anarı anlaya bilmir. Buna dərrakələri çatmır.
“Ədəbiyyat və incəsənət”
(14.03.2026)
Tiflis Kommersiya Bankının Bakıdakı Binası: Neft bumu dövrünün memarlıq simvolu
Xanım Aydın, “Ədəbiyyat və incəsənət”
XIX əsrin sonu – XX əsrin əvvəlləri Bakı şəhərinin tarixində iqtisadi yüksəliş və memarlıq canlanması ilə yadda qalıb. Neft sənayesinin sürətli inkişafı nəticəsində şəhərdə iri kapital toplanıb, bu da bankçılıq sektorunun genişlənməsinə və yeni maliyyə institutlarının yaranmasına səbəb olub.
Məhz bu tarixi dövrdə inşa edilən Tiflis Kommersiya Bankının Bakıdakı binası həmin iqtisadi yüksəlişin və Avropa memarlıq təsirlərinin parlaq nümunələrindən biridir.
Tiflis Kommersiya Bankının nizamnaməsi 21 may 1871-ci ildə Ali Hökmdar tərəfindən təsdiq edilib, bankın fəaliyyətə isə 24 yanvar 1872-ci ildə başlayıb. İdarə Heyəti Tiflisdə yerləşən bankın Bakı, Batumi, İrəvan və Qroznıda şöbələri mövcud idi. Bakının iqtisadi potensialını düzgün qiymətləndirən bank rəhbərliyi 1885-ci ilin sonunda burada filial açmaq qərarına gəlib. “Kaspi” qəzeti həmin ilin sentyabrında bu barədə məlumat verib, dekabr ayında isə bankın İdarə Heyətinin üzvü A.Mantaşev şöbənin təşkili məqsədilə Bakıya gəlib.
Tiflis Kommersiya Bankının Bakı filialı rəsmi olaraq 9 fevral 1886-cı ildə fəaliyyətə başlayıb. İlk illərdə filial Qorçakov küçəsində (indiki H.Z. Tağıyev küçəsi) Tsaturova məxsus evdə yerləşirdi. Müasir tələblərə cavab verən, işıqlı otaqlardan, ayrıca kassa bölməsindən və yanğından mühafizə vasitələrindən ibarət olan bu məkan bank əməliyyatları üçün kifayət qədər əlverişli idi. Bankın çevik fəaliyyəti, artıq formal prosedurların olmaması və personalın nəzakətli münasibəti Bakı tacirləri və sənayeçiləri arasında ona böyük etibar qazandırmışdı.
Lakin XX əsrin əvvəllərində Bakının maliyyə həyatında artan rol bank üçün daha möhtəşəm və funksional binaya ehtiyac yaratdı. Bu məqsədlə 1901-ci ildə Tiflis Kommersiya Bankının Bakı filialı üçün xüsusi bina inşa edildi. Bina Tərlan Əliyarbəyov (keçmiş Milyutinskaya) və Əbdülkərim Əlizadə (keçmiş Baryatinskaya) küçələrinin kəsişməsində, şəhərin mərkəzi və strateji hissəsində yerləşirdi. Bank filialı 1905-ci ilin mart ayında bu binaya köçdü.
Binanın layihəsinin müəllifləri dövrün tanınmış memarları A.N.Kalqin və Q.M.Termikelov olub. Tikili Avropa memarlıq ənənələrinə əsaslanan Bakı moderni üslubunda inşa edilib. Künc mövqedə yerləşməsi binaya güclü şəhərsilüeti qazandıb, onu tarixi mərkəzin həcmi-məkan və planlaşdırma strukturunun aktiv elementinə çevirib. Fasadın plastikliyi, dərim asma tağlar, incə daş oyma ornamentləri və proporsiyaların dəqiqliyi memarların yüksək peşəkarlığını əks etdirir.
Binanın eksteryeri xüsusilə diqqətəlayiqdir. Neft bumu dövrü Bakısına xas olan zəngin dekorativlik burada özünü təmkinli, lakin ifadəli formada göstərir. Bitki motivləri, yumşaq xətli elementlər və fasadın ritmik bölgüsü binaya həm monumental, həm də estetik baxımdan cəlbedici görkəm verir. Bu xüsusiyyətlər onu Bakıda inşa edilmiş möhtəşəm bank binaları sırasında önəmli mövqeyə çıxarır.
Keçmiş Tiflis Kommersiya Bankının binası sonrakı dövrlərdə də müxtəlif funksiyalar daşıyıb, lakin memarlıq keyfiyyətlərini qoruyub saxlayıb. Bu gün bina Bakı Atatürk Mərkəzi kimi fəaliyyət göstərir və ictimai-mədəni həyatın mühüm məkanlarından biri hesab olunur. Tarixi və memarlıq əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli sərəncamı ilə bina dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.
Beləliklə, Tiflis Kommersiya Bankının Bakıdakı binası yalnız bir maliyyə müəssisəsinin keçmiş iqamətgahı deyil, eyni zamanda neft bumu dövrünün iqtisadi gücünü, Avropa memarlıq təsirlərini və Bakının urbanistik inkişaf mərhələsini özündə birləşdirən dəyərli tarixi-memarlıq irs nümunəsidir.
“Ədəbiyyat və incəsənət”
(14.03.2026)
Bakı Konqress Mərkəzində müsabiqə qalibi olan QHT rəhbərləri ilə görüş keçirilib
2026-cı ilin martın 13-də Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqələrinin, eləcə də Agentliyin bp və Qarabağ Dirçəliş Fondu ilə birlikdə elan etdiyi müsabiqələrin qalibi olan QHT-lərin rəhbərləri ilə görüş keçirilib.
Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli, QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva və digər məsul şəxslər iştirak ediblər.
Tədbirə QHT Agentliyinin Müşahidə Şurasının üzvləri, 300-ə yaxın QHT rəhbəri qatılıb. Görüşdə müsabiqələrdə qalib olan QHT-lərdən layihələrin icra prosesindəki gözləntilər diqqətə çatdırılıb, suallar cavablandırılıb, müvafiq izahlar verilib.
Qeyd edək ki, qalib QHT-lər arasında Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu da vardır.
“Ədəbiyyat və incəsənət”
(13.03.2026)
Polkovnik Cəlil Xəlilov Azərbaycan diasporunun inkşafındakı xidmətlərinə görə medalla təltif edilib
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan diasporunun inkşafındakı xidmətlərinə, o cümlədən, onların fəaliyyətinə verdiyi dəstəyə görə “Benilüks” Azərbaycanlıları Konqresi tərəfindən medalla təltif edilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından məlumat verilib.
Medal “Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov tərəfindən Bakıda keçirilən təntənəli tədbir çərçivəsində təqdim olunub.
Qeyd edək ki, polkovnik Cəlil Xəlilov uzun illərdir ki, Azərbaycan həqiqətlərinin təbliği, milli maraqlarımızın müdafiəsi istiqamətində beynəlxalq veteran təşkilatları ilə yanaşı, xaricdəki Azərbaycan disporu ilə də geniş əməkdaşlıq edir, onların fəaliyyətinə dəstək verir.
“Ədəbiyyat və incəsənət”
(13.03.2026)
Tarixi sevdirən alim: İlber Ortaylıya vida
Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Bu gün Türk və ümumilikdə türk dünyası elmi böyük bir tarixçisini itirdi. Tanınmış tarixçi, professor və publisist İlber Ortaylı 78 yaşında vəfat etdi. Onun ölümü yalnız akademik dairələr üçün deyil, tarixə maraq göstərən milyonlarla insan üçün böyük bir itkidir. İlber Ortaylı təkcə universitet auditoriyalarında dərs deyən bir alim deyildi. O, tarixi kitabların dar çərçivəsindən çıxararaq geniş kütlələrə sevdirən, keçmişi canlı və maraqlı şəkildə izah etməyi bacaran nadir ziyalılardan biri idi.
Tarixlə yaşayan insan
1947-ci ildə Avstriyanın Bregenz şəhərində dünyaya gələn İlber Ortaylı Kırım tatarı ailəsindən idi. Ailəsi sonradan Türkiyəyə köçdü və onun bütün həyat yolu məhz burada formalaşdı. O, Ankara Universitetində təhsil aldı, daha sonra isə dünyanın nüfuzlu elm mərkəzlərindən biri olan Çikaqo Universitetində magistr təhsili aldı. Elmi fəaliyyətində ona məşhur tarixçi Halil İnalcık kimi böyük alimlər təsir göstərmişdi.
Ortaylı əsasən Osmanlı imperiyasının tarixi, diplomatiya və mədəniyyət tarixi üzrə araşdırmaları ilə tanınırdı. Onun kitabları və mühazirələri tarixə marağı olan insanlar üçün bir məktəbə çevrilmişdi.
Tarixi sevdirən müəllim
Bir çox alimlər tarix yazır, lakin az sayda alim tarixi insanlara sevdirə bilir. İlber Ortaylı məhz bu nadir xüsusiyyətə sahib idi.
Onun mühazirələri yalnız akademik auditoriyalarda deyil, televiziya proqramlarında, ictimai tədbirlərdə və müxtəlif ölkələrdə keçirilən konfranslarda böyük maraqla dinlənirdi. O, tarixi quru faktlar toplusu kimi deyil, insan talelərinin, dövlətlərin və mədəniyyətlərin böyük hekayəsi kimi təqdim edirdi.
Bu səbəbdən İlber Ortaylı təkcə tarixçi deyil, həm də ictimai ziyalı kimi qəbul olunurdu.
Tarixin qoruyucusu
2005–2012-ci illərdə o, İstanbulun ən mühüm tarixi məkanlarından biri olan Topkapı Sarayı Muzeyinin direktoru vəzifəsində çalışmışdı. Bu illərdə muzeyin elmi və mədəni fəaliyyətinin inkişafına ciddi töhfələr vermişdi. Onun fəaliyyəti yalnız akademik məqalələr və kitablarla məhdudlaşmırdı. Ortaylı tarix irsinin qorunmasının, şəhərlərin mədəni yaddaşının saxlanılmasının və tarixi şüurun formalaşmasının fəal tərəfdarlarından idi.
Bir dövrün siması
İlber Ortaylı yalnız kitabların müəllifi deyil, həm də bir intellektual sima idi. Onun nitqində tarix, siyasət, mədəniyyət və cəmiyyət haqqında dərin müşahidələr yer alırdı. Bu səbəbdən o, uzun illər ərzində türk dünyasının ən tanınmış tarixçilərindən biri kimi qəbul olunurdu.
Onun vəfatı ilə bir nəsli tarixlə tanış edən böyük bir müəllimin səsi susdu.
Son söz
Tarixçilər dövlətlərin taleyini yazırlar, amma bəzən özləri də tarixə çevrilirlər.
İlber Ortaylı məhz belə alimlərdən idi. O, keçmişi araşdıraraq gələcək nəsillərə yaddaş mirası qoydu.
Tarix onun kitablarında yaşayacaq.
Onun yetişdirdiyi tələbələrdə yaşayacaq.
Və ən əsası — tarixə maraq duyan insanların yaddaşında yaşayacaq.
Ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(13.03.2026)
“YAŞAT” Fondu “Tufandağ”da növbəti qış düşərgəsi reallaşdırıb
10–13 mart 2026-cı il tarixində “YAŞAT” Fondunun təşkilatçılığı ilə Qəbələdə, “Tufandağ” Qış-Yay İstirahət Kompleksində şəhidlərimizin övladları üçün III qış düşərgəsi reallaşdırılıb.
Məqsəd iştirakçılar arasında qış mövsümünə uyğun idman növlərinə marağın artırılması, onların asudə vaxtlarının səmərəli təşkili, eləcə də yeni dostluq münasibətlərinin formalaşdırılması üçün şərait yaratmaqdır.
Düşərgədə Sumqayıt və Abşeron ərazilərində yaşayan 13–15 yaş aralığındakı şəhid övladları iştirak ediblər.
Proqram çərçivəsində iştirakçılar “Tufandağ” Qış-Yay İstirahət Kompleksində xizək təlimləri və dağ kosteri, dağ yelləncəyi kimi müxtəlif fəaliyyətlərdən istifadə edərək vaxtlarını səmərəli və maraqlı keçiriblər.
Həmçinin iştirakçılar Yel çərşənbəsini tonqal ətrafında birlikdə qeyd ediblər.
Layihənin sponsoru “AMO Group”, tərəfdaşı isə “Tufandağ” Qış-Yay İstirahət Kompleksidir.
Media tərəfdaş: ASAN TV/Radio
“Ədəbiyyat və incəsənət”
(12.03.2026)


