Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏFİQƏM MƏNİM
Cənazəni qürbətdən
təyyarəylə gətirdilər.
Qapalı dəmir yatağında
vətən torpağına
yetirdilər.
Soyuq barmaqlarıyla
yapışdı ürəyimdən –
bu dərd mənim, bu qəm mənim,
Nəzakət, Nəzakət,
əziz, mehriban
rəfiqəm mənim.
İllərin arxasından
xatirələr aləminə
səsləyir məni
məlahətli səsin,
xoş gülüşün,
incə rəftarın...
Düşünən başın,
zəhmət sevən
əllərin idi dövlətin, varın.
Uşaqlıq illərimiz
Yetimliklə, möhnətlə keçdi...
Gəncliyimiz
qayğıyla, zəhmətlə keçdi...
Nə dövlətli qohumların
kölgəsinə sığındıq,
nə şöhrətli dostların.
Yetim böyüdük,
dünyanın bütün
yetim uşaqları kimi –
cəfakeş, çətin...
Yaxşı adamlar da gördük –
xeyirxah, nəcib.
Əlimizdən yapışdılar
dar gündə,
büdrəməyə qoymadılar.
Bədxahlar da gördük,
fənalıqdan, yamanlıqdan
doymadılar.
Yetimliyin hər yerdə
birdir dadı...
Bu xalqın balasıydıq –
vətən övladı.
Nə ata çörəyi yedik,
nə gördük qardaş sovqatı...
Qamçıladı bizi
acı-acı
sərt üzlü yetimlik həyatı.
Tabutu qürbətdən
təyyarəylə gələn,
Soyuq, dəmir yatağında
Ömür yorğunluğundan
dincələn
Nəzakətim, rəfiqəm mənim, –
yıxdı könlüm evini
bu dərd, bu ələm mənim...
Sən həyatı sevirdin,
Sevirdin insanları...
Sevindirirdi səni
Qürbətdən uçub gələn
durna qatarı...
Gecələr göy üzünə
səpələnmiş
ulduzlara baxar,
gülümsərdin...
Elə bil yox idi
Bu dünyada kədərin, dərdin.
Alman dilində
şeirlər oxuyardın
heyran-heyran...
Şeirlə nəfəs alar,
şeirlə yaşayardıq hər zaman.
Səni valeh etmişdi
alman dahisi
Hötenin romantik qanadı...
Məni “məhəbbət və iztirab” ustadı
Füzulinin səssiz fəryadı...
Toy günündə mənə
Füzuli divanını gətirdin hədiyyə.
Elə bil dünyanı
bəxş etdin mənə;
oxudum, doymadım,
içdim, doymadım yenə...
Ömrün çətin yollarında
bizə yar oldu Əli, Rəsul.
Onlar açıqürəkli,
qaynar məhəbbətli
gənclər idi.
O zamanlar bizimlə
ünsiyyət bağlamaq,
Sadə sevgi deyil –
böyük hünər idi...
Xatirələr aləminə səsləyir yenə
Bu ayrılıq, bu qəm məni,
Nəzakət, Nəzakət,
Əziz, mehriban rəfiqəm mənim.
“Ədəbiyyat və incəsənət”
(01.07.2025)