Şərəf Cəlilli, filolgiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Tarixin bütün dönəmlərində yetirdiyi qüdrətli sərkərdə-xaqanlarla dünyaya meydan oxuyan Azərbaycanın Şirvanşah İbrahim, Qaraqoyunlu Qara Yusif, Ağqoyunlu Həsən bəy, Şah İsmayıl Səfəvi, Cahan şah Həqiqi, Qazi Bürhanəddin, Nadir şah Əfşar, Ağaməhəmməd şah Qacar, Qubalı Fətəli xan, Gəncəli Cavad xan, Abbas Mirzə Qacar kimi qüdrətli sərkərdə-xaqanları olub. Onların adı çəkiləndə yer yerindən oynayıb.
Adı dünyanın hərb tarixinə həkk olunan belə qüdrətli sərkərdələrdən biri də general Əliağa Şıxlinskidi. Azərbaycan Xalq Cümhuriyyətinin məzarı olan yeganə generalı, “Artilleriyanın Allahı!” titulunu alan general Əliağa Şıxlinski hələ sağlığında əfsanəyə dönmüş sərkərdə kimi təkcə Çar Rusiyasında deyil, Avropada da məşhur sərkərdələrdən idi. Əliağa Şıxlinski yeganə Azərbaycanlı sərkərdə, türk və müsəlmandır ki, tarixdə ilk dəfə Fransanın generallara məxsus “Fəxri Legion” ordeni və zabitlərə təqdim olunan “Legion xaçı” ilə təltif olunub. Əliağa Şıxlinski generallar arasında ən yaxşı artilleriya generalı, məşhur hərb tarixi alimi olub.
Əliağa İsmayıl ağa oğlu Şıxlinski 1865-ci il aprelin 23-də Yelizavatpol (Gəncə – Ş.C.) quberniyasının Qazax qəzasının Aşağı Salahlı kəndində anadan olub. Anası Şahyəmən xanım Qazaxda məşhur şair Molla Vəli Vidadinin nəvəsidir. Əliağa Şıxlinski 1883-cü ildə Çar Rusiyası ordusunda hərbi xidmətə başlamış, 1886-cı ildə Peterburq Artilleriya Məktəbini əla qiymətlərlə başa vurmuşdu. 1904-1905-ci illərdəki Rus-Yapon müharibəsində batalyon komandiri kimi savaşan Əliağa Şıxlinski Port-Artur qalasının xilası zamanı xüsusi şücaətə görə “Qızıl qıılınc” və “Müqəddəs Georgi” ordenləri ilə təltif olunmuşdu.
Hərb tarixi ilə bağlı nəzəriyyələrin müəllifi
Müharibədən sonra Topçu Zabitlər Məktəbində yüksək ixtisaslı hərbçi kimi dərs deməyə başlayan Əliağa Şıxlinski, 1908-ci ildə polkovnik rütbəsini alır, 1910-cu ildə “Səhra toplarının cəbhədə işlədilməsi” əsəri çapdan çıxır. Hərb tarixi ilə bağlı bu gün də qiymətli mənbələrdən olan əsər hərb elmini dərindən mənimsənilməsi üçün ilk dərs vəsaitlərindən hesab olunur. I Pyotr, Kutuzov, Suvarov, Patyamkin, Yermolov, Sisianov kimi məşhur sərkərdələri olan Çar Rusiyasında ali məqamlardan birinə ucalan, “Artelleriya Allahı!” kimi şöhrətlənən Əliağa Şıxlinskinin “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” adlı hərbi nəzəriyyələri topçu zabitlər üçün hazırlanmış dərsliklərin əsaslarından sayılır. Bu tarixi xidmətlərinə görə Əliağa Şıxlinski 1912-ci ildə, 49 yaşında general-mayor rütbəsinə layiq görülür. Çar Rusiyası ordusunun aparıcı silahlarından biri kimi dünyada məşhur olan Əliağa Şıxlinskiyə Birinci Dünya müharibəsi cəbhənin ən ağır istiqaməti etibar edilir. Petroqradın Artilleriya Müdafiəsi məhz general Əliağa Şıxlinskiyə tapşırılır. Müharibənin ağır aylarında Qərb cəbhəsinin Artilleriya qoşunlarının sərkərdəsi, 1917-ci ilin sentyabrından isə X Ordunun komandanı təyin edilir. Artilleriya sahəsindəki xüsusi xidmətlərinə və I Dünya müharibəsində qazandığı nailiyyətlərə görə tez-tez qürurla vurğuladığımız “Artilleriyanın Allahı!” fəxri adına layiq görülür. Onu da qeyd edəki ki, bu titulu ilk dəfə Sosializmin banisi, Kommunizmin bayraqdarı, Şura hökumətinin qurucusu Vladimir İliç Lenin tərəfindən səslənib.
Milli Ordunun əsas memarlarından biri
1918-ci il mayın 28-də Şərqin ilk Demokratik Cümhuriyyəti Tiflisdə elan olunduqdan iki gün sonra Əliağa Şıxlinski Vətənə Azərbaycana döndü. Cümhuriyyətin ongünlük Tiflis mərhələsi başa çatıb Gəncəyə köçəndə general Əliağa Şıxlinski Ordum var, Yurdum var, nidası ilə Cümhuriyyət qurucularını Xan bağında – Cavad xanın, Difai Partiyasının üç qurucusundan biri – Ələkbər bəy Rəfibəylinin, “İstiqlal bəyannaməsi”nə imza atan Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Əhməd bəy Ağayevin, Xəlil bəy Xasməmmədovun, Xudadat bəy Rəfibəylinin diyarında, Cümhuriyyətin ilk paytaxtında idi. Zabit şərəfi, sərkərdə ucalığı ilə süngüsünə söykənmişdi. Hər tərəfdən basqıya məruz qalan, Bakıya, əsas paytaxta yolu bağlanan Cümhuriyyətin ona, onun təcrübəsinə, sonsuz Vətən sevgisinə ehtiyacı vardı. 1918-ci ildə Cümhuriyyətin Gəncə mərhələsində ilk Hərbi Nazirlik qurularkən ona rəhbərlik edən general Əliağa Şıxlinski öncə Sultan bəy Sultanzadənin, sonra isə Hərbi nazir Səməd bəy Mehmandarovun baş ideoloq kimi tarix yaratmış, 1918-ci ilin dekabrında isə nazir müavini kimi ölkənin həssas dönəmində mühüm nailiyyətə imza atmışdı.
Cümhuriyyət Qızıl Ordunun Qırmızı terroruna məruz qaldığı dəhşətli günlərdən sonra da general Əliağa Şıxlinski peşəkar hərbçi kimi fəaliyyətini davam etdirmişdir. Öncə o, Moskvada Hərbi İnqilab Sovetinin Səhra qərargahında çalışmışdır. 1921-ci ilin yayında isə Azərbaycan Sovet Qoşunları Qərargahında çalışmışdır. 1929-cu ildə istefaya çıxan general Əliağa Şıxlinski İkinci Dünya müharibəsinin göydən yerə od ələdiyi 1943-cü il avqustun 18-də Bakı şəhərində dünyaya vida nəğməsi oxumuşdur.
Milli dövlətçilik tariximizdə qüdrətli sərkərdə-xaqanlar çox olub. Metenin, Atillanın, Alp Arslanın, Məlikşahın, Qəznəli Mahmudun, Osman Qazinin, Fateh Mehmetin, Yavuz Sultan Səlimin, Sultan Süleymanın, Əmir Teymurun, Şah İsmayıl Səfəvinin, Nadir şah Əfşarın adı gələndə dünyanın düzəni, mizanı dəyişmişdir.
Çar Rusiyası ordusunda xidmət etdi, türklüyünü danmadı
General Əliağa Şıxlinski qüdrətli sərkərdə, hərb tarixçisi, eyni zamanda hərbi məktəblərin Artilleriya bölmələrinin qurucusu, hərbi təlimlərlə bağlı ciddi əsərlərin müəllifi kimi tarixdə qaldı. Adını Cümhuriyyət qurucularının sırasına yazdı.
“Artilleriyanın Allahı” kimi şöhrətlənən, dünya hərb tarixində “Şıxlinski üçbucağı” və “Şıxlinski formulu” nəzəriyyələri ilə qalan Əliağa Şıxlinski Çar Rusiyasının nüfuzlu sərkərdələrindən olsa da, Rusiya-Türkiyə müharibəsində, I Dünya müharibəsində Osmanlı Türkiyəsinin müdafiəçisi kimi çıxış etməkdən çəkinməmiş, ömür-gün yoldaşı Nigar xanım Şıxlinskaya ilə birlikdə Sarıqamış hadisələri zamanı Çar Rusiyası tərəfindən Azərbaycana, Nargin adasına əsir olaraq gətirilən türk əsirlərin müalicəsinə bilavasitə nəzarət etmiş, Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Həbib bəy Mahmudbəyov, Ağa Əlizadə kimi tarixi şəxsiyyətlərin sırasında yer almışdır.
Məzar daşına ölüm tarixini yazmayın...
General Əliağa Şıxlinski qüdrətli sərkərdə, peşəkar hərbçi idi. Bütün həyatı artilleriya generalı kimi səhralarda keçmişdi. İlk və son məhəbbəti də, səhra ilə bağlı olmuşdu. Onun könlünün sultanı Nigar xanım Şıxlinskaya Çar Rusiyası zamanı hərb tarixinə qədəm qoyan ilk türk, müsəlman, Azərbaycanlı qadın idi. Nigar xanım I Dünya müharibəsi zamanı ordu sıralarında yaralılara tibbi yardım göstərən Qadın Komitəsinin sədri idi. İlk tanışlıqları sənəd üzərində olmuşdu. X Ordunun komandanı Əliağa Şıxlinski masasının üzərində yer alan tibbi arayışlarda Azərbaycanlı qadın imzasını görən zaman heyrətini ancaq, ona eşq elan etməsi ilə dilə gətirmişdi. Tiflisin məşhur əsilzadələrindən, Ali Gildiyalı tacirlərindən olan atası Əiağa Şıxlinskinin elçilərinə “Hərbiçiyə qız verə bilmərəm” deyib yox cavabı vermişdir. Qızını ondan ayırmaq üçün onu yaşlı tacirlə evləndirmişdi. İlk övladı dünyaya gələndən sonra dul qalan Nigar xanımın bu xəbəri Şıxlinskaya çatanda o, özü şəxsən elçi gəlmiş, onunla evlənmişdi. Onların bu nigahdan övladları olmamışdır. General Şıxlinskinin həyatına bahar çiçəyi, həm də bahar nəsimi kimi gələn Nigar xanım onu bivaxt tərk etmişdi.
General Əliağa Şıxlinski “Artilleriyanın Allahı”, Fransanın “Fəxri legion”, “Legion xaçı” Çar Rusiyasının “Qızıl Qılınc” və “Müqəddəs Goergi” odenləri ilə təltif edildi. Çox saylı orden və medallara layiq görüldü.
Onun qüdrətli sərkərdə, tarixi şəxsiyyət Milli Ordunun memarlarından biri kimi vüqarına, qüruruna, qeyrətinə, şərəfli ömür yoluna və sonsuz, hüdudları məlum olmayan sevgisinə ucaldığı bir abidə var: “Xatirələrim” memuarı.
Nigar xanımın ruhuna ithaf olunan kitabında general Şıxlinski onu bivaxt tərk edən, daha doğrusu 13 il öncə tərk edən Nigarına sevgisini son məqamda da heyrət doğuracaq əzəmətlə ifadə edib: “Mən öləndə məzarıma ölüm tariximi yazmayın. Onu sevimli Nigar xanımın dünyasını dəyişdiyi gündən hesab edin!” Bu bir qüdrətli sərkərdənin cənnəti ayaqlarının altında, sevgi dolu qəlbində saxladan Qadına verdiyi dəyər idi. Əmir Teymur sevgili xatunu Bibixanımın şərəfinə göy mərmərdən abidə ucaltdı, Babur şah Mümtaz Mahalın eşqinə Tac Mahala ruhundan qida verdi. Atabəy Məhəmmədlə Şəmsəddin Eldəniz Möminə xatun türbəsini tikdirdi.
General Şıxlinski isə Molla Vəli Vidadi müqəddəsliyinə bağlı olan sərkərdə ucalığı, əzəməti ilə min abidəyə bərabər tarixi bir kəlam işlətdi: “Mən öləndə məzar daşıma ölüm tarximi yazmayın. Onu sevimli Nigar xanımın dünyasını dəyişdiyi gündən hesab edin!” Şükriyyə xanım Əhməd Cavadın, Müşgünaz xanım Hüseyn Cavidin, Ümmügülsüm Seyid Hüseynin, Badisəba xanım Firudin bəy Köçərlinin, Məhbubə xanım Mahmudbəyova Şamil bəyin, Cəvahir xanım Xudat bəyin, general Əliağa Şıxlinski isə Nigar xanımın eşqinə şama pərvanə odu. Bu il Şıxlinskinin 160 illik yubileyidi. Bu il alman faşizmi üzərində qələbənin 80, erməni faşizmi üzərində tarixi zəfərin beşinci ildönümüdür. Hansı yöndən baxsaq oradan general Əliağa Şıxlinski görünür. Qüdrətli sərkərdə, “Artireliyanın Allahı”, eyni zamanda bir türk, Azərbaycan kişisinə xas cəsarətin, ləyaqətin, əbədi sevginin rəmzi olan general Əliağa Şıxlinski!
“Ədəbiyyat və incəsənət”
(01.07.2025)