İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Aşıq musiqisini sevənlər. Bu xitabım sizədir. Bu gün ustad aşıq İsfəndiyar Rüstəmovun doğum günüdür.
İsfəndiyar Rüstəmov 1 iyul 1937-ci il tarixində Gədəbəy rayonunun Gərgər kəndində doğulub. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra aşıq sənəti ilə məşğul olmağa başlayıb. Lap erkən yaşlarından aşıq sənəti ilə məşğul olan İsfəndiyarın da ilk ustadı atası Ədil kişi olub. O, atasının yanında 5 il sənət öyrəndikdən sonra müstəqil sənətkar kimi fəaliyyətə başlayıb.
İsfəndiyar Rüstəmov SSRİ-nin 50 illik yubileyi münasibətilə keçirilmiş festivalda birinci dərəcəli diplom və döş nişanına layiq görülüb. 1964-cü ildə 9 nəfər gənc aşığı ətrafına toplayaraq ansambl yaradıb, bu ansambl tezliklə Azərbaycanda məşhurlaşmağa başlayıb.
1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyi münasibətilə Moskvada keçirilən tədbirdə Azərbaycandan olan nümayəndə heyətinə Aşıq İsfəndiyarın rəhbərlik etdiyi ansambl da daxil idi. Ansambl orada uğurla çıxış edərək Aşıq Ələsgərin yubiley medalına layiq görülüb.
1975–1977-ci illərdə keçirilən Ümumittifaq Festivalında da bu ansambl məharətlə çıxış edib, 9 nəfər aşığın hər biri "Qızıl medal"a layiq görülüb. Aşıq İsfəndiyar isə ansamblı yüksək səviyyədə təşkil etdiyinə görə "Qızıl medal"la yanaşı birinci dərəcəli diplom və Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.
Heydər Əliyev aşıq sənətini istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində həmişə diqqət mərkəzində saxlayardı. Təsadüfi deyil ki, hələ 1981-ci ildə bir çox sənət adamları kimi Aşıq İsfəndiyar da Heydər Əliyevin qayğısını görüb, onun təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyasının 30-cu qurultayında yaxşı iştirakına görə aşığın rəhbərlik etdiyi ansambl "Xalq aşığı ansamblı" adlanmağa başlayıb.
Aşıq İsfəndiyar bir sıra xarici ölkələrdə qastrol səfərlərində olub və keçirilən yüksək səviyyəli tədbirlərdə iştirak edərək mükafatlarla doğma vətəninə qayıdıb.
Mükafatları
- 25 yanvar 1991-ci ildə aşıq musiqi-ifaçılıq sənətinin təbliğində xidmətlərinə görə ona "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı verilib.
- Prezident təqaüdünə layiq görülüb.
- 2010-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.
2007-ci ildə Aşıq İsfəndiyar haqqında "Ustad nəfəsi" sənədli filmi çəkilib. 2018-ci il fevralın 9-da, 80 yaşında İsfəndiyar Rüstəmov dünyaya gözlərini qapayıb. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(01.07.2025)