İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində Cəlilabad ədəbi mühitinin xanım yazarları təqdim edilir. Həmin layihə çərçivəsində təqdim edəcəyim digər qələm sahibi Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Reyhan Kənandır.
Qısa təqdimat:
Reyhan Kənan: 1969-cu ilin yanvar ayının 16-da Cəlilabad rayonunun Cəngan kəndində dünyaya göz açıb. Son dövrdə ədəbiyyata gələn istedadli şairlərdəndir. Şeirləri dövrü mətbuatda müntəzəm olaraq çap olunur. Bundan əlavə, həm də onun qələmə aldığı şeirləri müxtəlif antologiya və almanaxlarda dərc edilir. 2003-cü ildə “Həyatdan şirin yuxular”, 2009-cu ildə “Hardasa əsməmiş külək yatır”, 2013-cü ildə "Anamın Göz Yaşı Dəniz", 2019-cu ildə isə "Alova atılan ürək" adlı kitabları işıq üzü görüb.
Reyhan xanım 2010-cu ildən etibarən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2011-2016-cı illər ərzində Naxçıvan Universtetinin pedoqoji fakultəsini bitirərək bakalavr diplomunu almış, hal-hazırda isə Bakı Qızlar Universitetinin Pedaqogika nəzəriyyəsi və tarixi fakultəsinin tələbəsidir. Hal-hazırda Bakı şəhərində yaşayır. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında çalışır. Ailəlidir, 2 oğlu,1 qızı var.
Bədii ədəbiyyat nümunələri:
Reyhan xanımın qələmi ilə yazılmış şeirlərdən bir neçəsi ilə tanış olaq:
"Başqa adam"
Ürəyim o qədər böyük də deyil,
Yalnız öz sevgimə, eşqimə damdır.
Gözlərim özümün, ordansa baxan,
Bəlkə mən deyiləm, başqa adamdır.
Gözümdən boylanıb baxsam da çölə,
Göz yaşı axanda axıb gedərəm.
Ürəyə enməyə izn verməsən
Elə gözlərindən çıxıb gedərəm.
Özüm öz gözümdə gizlənən gündən,
Daha dözümlüyəm kədərə, dərdə.
Hər zaman işığı görmək istədim.
Kirpiyim asıldı günəşə pərdə.
Elə dəyişdim ki, küsdü ürəyim,
Çevrildim xəyalın boş qalığına.
Ya çıxıb gedərəm, ya da bacarsan.
Öyrəş bu Reyhanın başqalığına.
"Sevgililər"
Rənglər həyat rəmzidir,
Dünyamızı bəzəyən
Rənglərin ahəngidir.
Ağ rəngi çox sevirəm,
Sanki parlaq işıqdır,
Hər şeyə yaraşıqdır.
Onun əksi qaradır,
Qara ağ üzərində
Daim kölgə yaradır.
Bir-birinə zidd olan
İki rəngdir ağ-qara
İzləyib bir-birini
Hara gedirlər, hara?
Qara rəngli torpaqdan
Ağ çörəyi tapırıq
Onunçün də əzəldən
Bu torpağa tapındıq.
Əzəl gündən alına
Yazılan yazıdırlar
Görəsən bu iki rəng
Nədən narazıdırlar?
Bu iki rəng həyatın
Hey danışan dilidir.
Ağ kəfən,qara torpaq
Ən gözəl sevgilidir...
Son olaraq doğma elimizin tanınmış şairi Reyhan Kənan xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(01.07.2025)