Müşahidə Nərimanova "Qələm tutan incə əllər"də... Featured

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində  Cəlilabad ədəbi mühitinin xanım yazarları təqdim edir. Həmin layihə çərçivəsində tanış olacağınız növbəti qələm adamı şair Müşahidə Nərimanovadır.

 

Qısa təqdimat:

Nərimanova Müşahidə İsgəndər qızı: 1967-ci ilin dekabr ayının 17-də Cəlilabad rayonun Seyidbazar kəndində bir zəhmətkeş ailədə dünyaya göz açıb. İbtidai və orta təhsilini doğulduğu kənddə alıb. Onun ilk müəllimi doğma diyarımızın tanınmış tarixçi-tədqiqatçı və toponimist alimi Mahmudağa Qasımov olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1988-ci ildə sabiq Nadejda Konstantinovna Krupskaya adına Bakı Mədəni-Maarif Məktəbinə (Kitabxanaçılıq Texnikumu) daxil olmuş və 1990-cı ildə həmin məktəbi qırmızı diplomla bitirmişdir.

Bir müddət Cəlilabad rayonun Seyidbazar kəndində fəaliyyət göstərən Mədəniyyət Evində metodist vəzifəsində işləsə də ailə həyatı qurduqdan sonra Sərhədəbad kənd Klubunun müdirəsi vəzifəsinə keçmişdir. 2017-ci ildən etibarən isə Cəlilabad Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində metodist vəzifəsində çalışır. Ailəlidir, 2 övladı (bir qızı və bir oğlu) var.

Müşahidə xanımın şeir və poeziya sahəsinə gəlişi orta məktəb illərinə (VII-VIII siniflərdə oxuyan illərə) təsadüf edir. Onun ilk iki şeiri o vaxtlar Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, şair mərhum Abbasağa Azərtürkün dəstəyi ilə "Yeni gün" qəzetində işıq üzü görmüşdür. Sonrakı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində tanınmış şair Məmməd İsmayıl tərəfindən onun haqqında böüyk həcmli məqalə çap olunmuş və həmin məqalədə Müşahidə xanımın şeirlərindən birinə də istinad edilmişdir.

Müşahidə xanım hal-hazırda Cəlilabad MKS-də metodist vəzifəsində çalışsa da,  poeziya sahəsini tərk etməmiş və mərkəzdə təşkil edilən müxtəlif mədəni, ədəbi və ictimai tədbirlərin aparıcılığı ilə yanaşı, həm də müxtəlif şeirlərin bacarıqlı qiraətçisi kimi tanınır.

 

Bədii ədəbiyyat nümunələri:

Müşahidə Nərimanova Cəlilabad ədəbi mühitinin bacarıqlı şairlərindən və şeir qiraətçilərindən biri olsa da təvazökarlıq göstərərək özünü kənara çəkir və başqalarının ona şair deyə müraciət etməməsini xahiş edir. Onun bu barədə nəzmə çəkdiyi məşhur şeiri belədir:

 

Nə olar siz mənə şair deməyin,

Məhsəti inciyər, Natəvan küsər.

Nə olar siz mənə şair deməyin,

Böyuk Nizaminin xətrinə dəyər...

 

Lakin hər şeyə rəğmən o, Cəlilabad ədəbi mühitinin bacarıqlı xanım şairlərindən biridir. Müşahidə xanım qələmə aldığı "Dindirmə" adlı mənalı və təsirli şeirində belə deyir:

 

Dindirmə aglaram mən zarı-zarı,

Simləri qırılmış kaman kimiyəm.

Əriyib tökülləm mən yarı-yarı,

Daglardan sürünən duman kimiyəm.

 

Açmadan tez solan çiçək olmuşam,

Bir çiçək ömrünə həsrət qalmışam.

Yağışlı buludam, yaman dolmuşam,

Yanan umidlərə yağan kimiyəm.

 

Dindirmə açılar qasnaq yaralar,

İçimdə hamısı qan verər indi.

Cücərmək istəyən körpə arzular,

Yanaraq büzüşər can verər indi…

 

Son olaraq doğma elimizin dəyərli şairi Müşahidə xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.