MARAQLI SÖHBƏTLƏR - Bismarka sosiska ilə duel təklifi Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bir dəfə Prussiyanın baş naziri və Almaniya İmperiyasının gələcək “dəmir kansleri” Otto fon Bismark siyasi rəqibi, Prussiya parlamentinin üzvü, siyasətçi və alim Rudolf Virxovu duelə çağırır…

 

Gerisi inanılmazdır, özü də çox. 

Onların arasında alman torpaqlarının birləşdirilməsi metodu ilə bağlı fikir ayrılığı yaranmışdı. Bismark bunu "güc və qanla" etmək istəyirdi. liberal Virxov isə aqressiv xarici siyasətin qəti əleyhdarı idi və büdcədən hərbi ehtiyaclar üçün səmərəsiz istifadə edilməsinə etiraz edirdi.

Təcrübəli duelçi Bismark sekundantlarını Virxovun yanına  göndərir. Sadə vətəndaş olan Virxovun təcrübəli hərbçi və duel həvəskarı olan Bismarka qarşı dueldən sağ çıxmaq şansı yox idi. Lakin tibbi fizioloq və ümumi patologiya professoru olan Rudolf Virxov  özü üçün son dərəcə çətin vəziyyətdən çıxış yolu tapır: o, sekundatlara  silah seçiminin onun olduğunu söyləyir və dueli ...sosiska ilə təklif edir. Alim, zahirən tamamilə eyni olan iki böyük sosiska götürür və deyir: - “Bu sosiskaların birində insan həyatı üçün ölümcül təhlükəli olan trixinella var. Digəri isə təmizdir. Zahirən, onlar heç də fərqlənmirlər. Qoy zati-aliləri  mənə bu şərəfi nəsib edən seçimini etsin: sosiskalardan  birini seçib yesin. Digərini isə mən yeyəcəyəm”. 

Bismarkın şoka düşmüş sekundatları belə qeyri-adi və dəhşətli duel silahından imtina edirlər. Duel baş tutmayır və eyni zamanda heç kim professor Virxovu qorxaqlıqda ittiham edə bilməyir.

Buna oxşar hadisə başqa bir görkəmli alim - fransız kimyaçısı və mikrobioloqu Lui Pasterin də başına gəlmişdir. Pasterin yoluxmuş sosiska ilə dueldən xəbəri olub-olmadığı məlum deyil. Amma məlum olan odur ki, yaranan münaqişə vəziyyətində alim son dərəcə müdrik davranaraq, münaqişənin həlli  yolunu tapır.

Bir gün tanımadığı biri Lui Pasterin yanına gəlir və özünü  bir qrafın sekundatı kimi təqdim edir. Məlum olur ki, qraf  alimin onu təhqir etdiyini güman edərək, alimi  qətiyyətlə duelə çağırırdı. Paster sakitliklə sekundanta qulaq asıb deyir: - “Məni duelə çağırırlarsa, ona görə də silah seçmək hüququ mənə məxsusdur. Burada iki kolba var: birində çiçək xəstəliyinin törədicisi, digərində isə təmiz su var. Əgər sizi göndərən şəxs öz istəyi ilə onlardan birini içməyə razı olarsa, o birini dərhal mən içəcəyəm”.

Bunu eşidə qraf şoka düşür. Beləliklə, duel baş tutmayır.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.