“Tələbə yaradıcılığı”nda Nərmin Əlizadənin “Bəlkə”si Featured

 

Təqdim edir: Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Şeirini təqdim etdiyimiz tələbəmiz Nərmin Əlizadə Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi fakültəsində, 1-ci kursda oxuyur. Boş vaxtlarında bədii yaradıcılıq nümunələri yaratmağı çox sevir.

 

Nəyi gözləyirəm vaxt uzadaraq?

Belə eşq ocağı qalanmır axı.

Düzü,utanıram ona yazmağa

Amma yazmasam da alınmır axı.

 

Tərəddüd edirəm yazım,yazmayım

Yazaramgörəsən, yanlış anlamaz?

Qəlbimin verdiyi qərara görə

Ağlım əsəbiləşib məni danlamaz?

 

Yazsam da yaxşısı, yerində yazım,

Gərək ,yandırmayım kababı, şişi.

Xırda bir şeirdən başladı hər şey

Haradan haraya gətirdim işi.

 

Yazdıqca söhbəti sözə calayım,

Hansısa kitabdan sonra bir sitat.

İlahi, bu işi tək bacarmaram

İlahi, sən özün köməyimə çat!

 

Sonra da bir şeir yazmışam deyim,

Fikrini öyrənim, görüm bəyənər?

Bir az da sevgidən suallar verim,

Görəsən, haçansa sevər, güvənər?

 

Nəysə bir salamla başlayım sözə,

Sonra da “necəsən”, hal-əhval tutum!

Ona yazmaq ağır məsuliyyətdir,

Amandır, bu yerdə düz addım atım!

 

Ya da ki yazmayım o kəsə bir də

Ölsə də xəyalım, arzum, ümidim…

Mənə ədəbindən cavab verir o

Mən niyə kimisə narahat edim?

 

Nə bilmək olar ki, məndən deyil də

Kimdənsə bir salam gözlədiyi var?

Nə bilmək olar ki, bəlkə, o qızın

Qəlbində başqa bir istədiyi var?

 

Bilirəm, həmişə yad olacağam,

Qəlbi başqasına aid olan qız!

Ürəyim də artıq məni dinləmir,

Günah səndə deyil, mən isə yalqız.

 

Neyləmək olar ki, mən də beləyəm!

Xoşbəxtsən, demək ki, xoşbəxtəm mən də.

Qəmginsən, qəmginəm, bu ruh halımdır,

Həm uzağım, həm də yaxınım mənim!

 

Fikirlər sonsuzdur, ürək qərarsız

Yazım ya yazmayım, sorum, sormayım.

Bəlkə, bir gün yenə görərəm onu,

Ürək sözlərimi deyərəm ona!

 

“Ədəbiyyat və incəsənət”

(28.01.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.