Unudulanlardan olan Balacaağanın böyük-böyük işləri... Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Ədəbiyyatımız və elmimizə töhfələr verib unudulanlar sırasında bir ad da var.

Balacaağa adı ilə el arasında çağırılan Həsənəliağa xan Qaradaği.

 

O, 1848-ci il 28 yanvar tarixində Şuşada hərbi xidmətçi ailəsində anadan olub. 8–9 yaşa çatdıqda Şuşaya gələn əmisi Məhəmmədhüseynağa xan Qaradağski Balacaağanı Şuşada fəaliyyət göstərən rus Qəza məktəbinə qoyub Tiflisə qayıdıb. Həsənəliağa 1866-cı ildə Qəza məktəbini bitirib. Əmisinin göndərdiyi maddi vəsait hesabına o, Şuşanın Tazə məhəllə adlanan yerində ev tutub, tək yaşamağa başlayıb.

 

 Rus təhsilli Balacaağa ərəb, fars dillərini, islamın əsaslarını öyrənmək üçün qonşuluğunda yaşayan Mirzə Bəşir Yusifzadənin atası Mirzə Ələkbər Yusifzadədən dərs almaq qərarına gəlib. Mirzə Ələkbər Yusifzadə ərəb, fars dillərini Həsənəliağaya öyrədib, Sədi, Firdovsi, Nizami, Xaqani, Füzuli və sair şairlərin əsərlərini orijinalda mənimsəməyə kömək edib. Şeiriyyata böyük həvəs göstərərək özü də qəzəl, müxəmməs yazmağa başlayıb.

1882-ci ildə I hissəsi, 1888-ci ildə isə II hissəsi çapdan çıxan "Vətən dili" dərsliyində Həsənəliağa Xan Qaradağskinin müəllifi olduğu 11, tərcümə etdiyi 23 nəzm əsəri özünə yer tapıb. Bu həmin "Vətən dili" dərsliyidir ki, 40 ilə yaxın bir dövrdə Azərbaycan uşaqlarının əsas dərs vəsaiti olub.

Həsənəli ağa Xan Qaradağskinin bizə gəlib çatan şeiriyyatı sırasında 50-dən çox qəzəl, müxəmməslər, növhələr, onlarla məktub vardır. "Məclisi-fəramuşan" poetik məclisinin ən fəal iştirakçılarından biri Həsənəliağa olub. Şair kimi təxəllüsü Qaradağidir. Əsərləri əsasən Azərbaycan dilindədir. Bununla yanaşı fars dilində yazmış olduğu bir neçə qəzəl müəllifidir.

Həsənəliağa Xan Qaradağski İ. A. Krılovun 60-dan artıq təmsillərinin tərcüməçisi, K. D. Uşinskinin (1824–1870/71), A. Y. İzmaylovun (1779–1831), A. A. Pçelnikova adı ilə şeir və hekayələrinə imza atan A. A. Seydlerin (1830–1891), L. N. Modzalevskinin (1837–1896) hekayə, şeir və təmsillərinin Azərbaycan dilinə ilk tərcüməçisi olub:

 

"Uşaqları məktəbə şövqləndirmək"

 

Uşaqlar, hazırlaşın, durun, gedin məktəbə,

Tə’lim alıb oxuyun, adət edin ədəbə.

 

Gün çıxıbdır, qalxıbdır, xoruz çoxdan banlıyır.

Tez geyinin, gün, xoruz sizi tənbəl anlıyır.

 

Adam, xoruz, yırtıcı – hamıları gedirlər

İş dalınca, hər biri durub bir şey edirlər.

 

Qanadlı qarışqalar şələ çəkir, arılar

Bal çəkməyə gedirlər çiçəklərdən hər nə var.

 

Çöllər çəmən olubdur, ayılıbdır meşələr,

Ağacdələn taqu-tuq eyləyibdir peşələr.

 

Qəmu çaylar da axır, şırıldıyubən gedir,

Torçu balıq ovlayır, oraq biçir, səs edir.

 

Həmd eyləyin Allaha, dərs oxuyun, bəhs edin,

Allah tənbəl kimsəni sevməz, məktəbə gedin

 

Qaradaği tərəfindən rus dilindən roman, "Körpə uşağı necə saxlamaq", "Göz ağrısı və onun müalicəsi" və sairə bu kimi həkim məsləhətləri tərcümə edilib. Əlyazmaları Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılır.

 

Həsənəliağa Xan Qaradağski Şuşaya həsr etmiş "Qarabağ şəhəri" adlı əsərin də müəllifidir. Bu əsərdən bir neçə sətir:

 

Bu Şuşa qəl’əsinin üç yanı hündür qayadır,

Bir yanı açıq olan yerləri də müstəhsər .

 

Gün doğanı, batanı, cənubu vardır qayalı,

Şimalı bircə açıq dağ-təpəlidir bu şəhər.

 

İrəvan, Gəncə, Ağoğlan adı ilə məşhur

Qəl’ənin üç qapısı var dəxi möhkəm bürclər.

 

Həsənəliağa Xan Qaradağski "Təzkireyi-Qaradaği"nin müəllifidir. Burada qədim Qarabağ şairlərinin tərcümeyi-halı yazılıb, əsərlərindən seçmələr daxil edilib.

Azərbaycan ədəbiyyatşünaslığı Xan-Qaradağskiyə ən azı bizim günlərə gəlib çatdırdığı öz həmyerlisi, əsli Qaradağdan olub Zəngəzurun Güləbird kəndinə köçmüş Sarı Aşıq haqqında verdiyi məlumata, Sarı Aşığın bayatı və qoşmalarına görə borcludur: "Sarı Aşıq haqqında ilk məlumatı XIX əsrdə yaşamış Qaradaği vermişdir".

Hələ 1878-ci ildə 250-dən artıq atalar sözünü toplayıb tərtib edən də Həsənəliağa Xan Qaradağskidir. Onu ilk folklorşünas adlandırmış olsaq yanılmarıq.

O, gözəl xəttat olub. Bir misal olaraq onu qeyd etmək olar ki, o, Mir Mehdi Xəzaninin "Kitabi-tarixi-Qarabağ" əsərini şikəstə-nəstəliq xətti ilə köçürərək bu qiymətli tarixi abidəni günlərimizə gəlib çatmasına xidmət göstərib.

1929-cu ildə Həsənəliağa Xan Qaradağski xəstələnib, dekabr ayının 2-də Şuşa şəhərində vəfat edib və hörmətlə şəhər qəbiristanlığında (Böyük qəbiristanlığın şəhərə ən yaxın hissəsində) dəfn edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(28.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.