İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Məşhur "Qara gözlər" və "Badam çiçəyi" adlı fars mahnılarının müəllifi Leyla Şəripovanın doğum günüdür. Onu sovetlər dönəmində milliyyətcə tacik hesab edirdilər. Amma belə deyilmiş. Tacikistanla bağlı dönəmi olmuşdusa da, milliyyəti gedib qardaş Türkiyəyə çıxırdı...
Leyla Şəripova 1930-cu il yanvarın 28-də Bakıda anadan olub. Atası İzmir türkü, anası isə azərbaycanlıdır. Bir müddət Sədrəddin Əyni adına Tacikistan Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. 1978-ci ildə Bakıya köçüb və 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin aparıcı solisti işləyib.
Yevgeni Jıvayevin rəhbərliyi ilə Özbəkistan Televiziya və Radio xalq çalğı alətləri ansamblının, Adil Bağırovun rəhbərliyi ilə "Xatirə" xalq çalğı alətləri ansamblının və Gülarə Əliyevanın rəhbərliyi ilə "Dan ulduzu" instrumental ansamblının müşayiəti ilə çıxış edib. 1988-ci ildən Almaniyanın Düsseldorf şəhərində yaşayıb.
Onun repertuarında türk, əfqan, azərbaycan, erməni, türkmən, ərəb, fars, özbək və ispan mahnıları olub. Müğənninin ifaları nüfüzedici lirizim ilə, şeriyyətlə fərqlənir. Leyla Şəripovanın ustalığı və zərif vokal mədəniyyəti dinləyicilərin məhəbbətini qazanıb. Həm də bəstəkar və nəğməkar şair olub, 10 mahnının sözlərini yazıb, "Qara gözlər" və "Badam çiçəyi" adlı fars mahnılarının müəllifi olub.
Mükafatları
- Tacikistan SSR əməkdar artisti
- Tacikistan SSR xalq artisti
- Azərbaycan SSR xalq artisti
Leyla Şəripova 2024-cü il fevral ayının 24-də Almaniyanın Düsseldorf şəhərində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.01.2026)
İnci Məmmədzadə


